Tərlan QULİYEV
Ədəbiyyat tariximizdə elə şəxsiyyətlər, elə abidələr var ki, yadımıza ancaq yubileydən-yubileyə düşür. Amma elə abidələr də vardır ki, yubiley oldu-olmadı heç vaxt yadımızdan çıxmır, həmişə tədqiqat müstəvimizdədir. Bunun səbəbi isə həmin abidənin xalqımızın dilinin, ədəbiyyatının, təfəkkürünün, mədəniyyətinin, mənəviyyatının tarixində misilsiz əhəmiyyətə malik olması ilə əlaqədardır. Və belə abidələrdən də biri və birincisi heç şübhəsiz ki, ədəbi sevgimizin əbədi ünvanı olan "Kitabi-Dədə Qorqud" abidəsidir.
"Vətəni sevmək imandandır" öyrədir dinimiz. Biz 44 günlük Vətən müharibəsində böyüyümüzdən - Müzəffər Ordumuzun Ali Baş Komandanı, sevimli Prezidentimiz cənab İlham Əliyevdən tutmuş, ən kiçiyimizə, müharibədə qəhrəmancasına həlak olmuş, məqamları həmişə başımızın üstündə olacaq ən kiçik yaşlı şəhidimizə, vətənini sevən hər bir vətəndaşımıza qədər Vətən sevgimizin, imanımızın necə güclü olduğunu bütün dünyaya nümayiş etdirdik. Və bu sevgi əslində o qədər böyük, əzəmətli, qüdrətli, çoxcəhətli, coxistiqamətli bir sevgidir ki, onu sözlə ifadə etmək belə olmur, söz belə bu sevginin tərənnümündə acizdir.
Mən deyərdim ki, xalqımızın ən böyük mənəvi abidələrindən biri olan "Dədə Qorqud" eposuna olan sevgimiz də belə bir sevgidir. Çünki bu eposda canımız qədər sevdiyimiz Vətənimizin dili, tarixi, mənəviyyatı öz əksini tapır...
İnsan daima özünə həmfikir, həmməslək axtarır. Xüsusilə elm adamları. Bu mənada, təbii ki, mən də istisna deyiləm. Mən də illərlə sevə-sevə məşğul olduğum "Dədə Qorqud kitabı" ilə bağlı fikirlərimin elmi ictimaiyyətimiz tərəfindən necə qarşılanğını bilmək istəyir, "Dədə Qorqud kitabı"nın yaşı, tarixi, əlyazma nüsxələri və s. problemləri haqqında dediyim fikirlərin cəmiyyətdə necə əks-səda doğurduğunu görmək istəyirəm. Bu baxımdan, akademik İsa Həbibbəylinin bu yaxınlarda çapdan çıxmış "Kitabi-Dədə Qorqud": yazılı epos və ya epopeya" ("Kitabi-Dədə Qorqud": yazılı epos və ya epopeya" Bakı, "Elm", 2020) adlı kitabında mənim haqqımda dediyi dəyərli fikirlərə görə ilk növbədə İsa müəllimə minnətdarlığımı bildirirəm. Daha sonra isə bu kitabın çapına görə ürəkdən sevinirəm. Çünki akademik İsa Həbibbəyli də "Dədə Qorqud kitabı"nın yaşını, tarixini, janrını, poetikasını, onun yazılı ədəbiyyat, yoxsa xalq ədəbiyyatı nümunəsimi olduğunu bir qədər yuxarıda qeyd etdiyim Vətən sevgisi ilə araşdırır. Və bu sevgi bizi birləşdirir, bizim həmfikir olduğumuzu deyir. Bu mənada, mən akademik İsa Həbibbəylinin fikirlərinə hörmətlə yanaşır, bu fikirlərin böyük bir sevgidən qaynaqlandığını görürəm.
Məlumdur ki, bu gün Azərbaycan Respublikası Milli Məclisinin millət vəkili olmaqdan əlavə, akademik İsa Həbibbəyli həm də Azərbaycan Milli Elmlər Akademiyasının humanitar elmlər üzrə vitse-prezidentidir. Lakin o, eyni zamanda Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun da direktorudur. Həqiqətən də, bu vəzifələr olduqca məsuliyyətli, gərgin zəhmət tələb edən vəzifələrdir. Lakin bu vəzifələr inzibati baxımdan nə qədər çətin olsalar da, eyni zamanda elmi baxımdan da bir o qədər mürəkkəb, rəhbərdən hərtərəfli bilik, savad, geniş təfəkkür tələb edən sahələrdir. Bu mənada, hələ vitse-prezident kimi digər humanitar elm sahələrinə rəhbərliyi demirəm, ancaq elə Ədəbiyyat İnstitutuna rəhbərlik etmək, ən qədim abidəmiz olan "Kitabi-Dədə Qorqud"dan tutmuş, müasir ədəbiyyatımızdakı müxtəlif cərəyanlara qədər ədəbi prosesdən baş çıxarmaq olduqca çətin işdir. Lakin ürəklə, inamla deyə bilərik ki, akademik İsa Həbibbəyli, həqiqətən də, bu gün bu vəzifələrin öhdəsindən bacarıqla gəlir. Və bu gün akademik İsa Həbibbəylinin Ədəbiyyat İnstitutuna rəhbərlik etməsi, ədəbiyyatşünaslıq elmimizi istiqamətləndirməsi, ədəbiyyat tariximizə yeni təfəkkürlə yanaşması olduqca diqqətəlayiq haldır. Çünki ən azından ədəbiyyat tariximizə yanaşmada olan ənənəvi baxışlara son qoymaq, illərlə daşlaşmış stereotipləri qırmaq, bu sahədə yeni söz söyləmək, yeni üfüqlər açmaq, yeni tədqiqatlara rəvac vermək heç də asan məsələ deyildir. Lakin qeyd edək ki, bu qədər gərgin işin içində akademik İsa Həbibbəyli məhz bunu bacarır, bütün təfəkkür genişliyi ilə ədəbiyyat tariximizə nəzər salıb, onun ayrı-ayrı mərhələlərinin tipologiya, genezis məsələlərini öyrənir.
Həqiqətən də, ədəbiyyat tariximizə nəzər salanda çaşıb qalırıq: ədəbiyyat tariximizi haradan, hansı tarixdən başlamalıyıq? Doğrudur, bu sual üzü Firidun bəy Köçərlidən tutmuş, əksər ədəbiyyatşünaslarımızı düşündürmüşdür. Təəssüf ki, bu günə qədər hələ də öz qəti həllini tapmamış və bir sual olaraq da qalırdı. Amma akademik İsa Həbibbəylinin "Kitabi-Dədə Qorqud": yazılı epos və ya epopeya" adlı kitabı ilə tanış olduqdan sonra bu suala cavab tapıldığını inamla söyləmək olar. Çünki akademik İsa Həbibbəyli bu monoqrafiyasında ardıcıl, inamlı, elmi tədqiqatları ilə bizi "Kitabi-Dədə Qorqud"un yazılı ədəbiyyat nümunəsi olduğuna inandıraraq, məhz onun yazılı ədəbiyyat nümunəsi kimi ədəbiyyat tariximizin başında durmalı olduğunu söyləyir. Bu isə ədəbiyyat tariximizə yanaşmada artıq, həqiqətən də, akademik təfəkkürün təzahürüdür.
Qeyd edək ki, akademik İsa Həbibbəylinin qələminə məxsus "Kitabi-Dədə Qorqud": yazılı epos və ya epopeya" kitabı qorqudşünaşlıqda yeni sözdür, yeni mərhələdir və yəqin ki, yeni təfəkkür tərzi ilə yazıldığı üçün özündən sonra yaranacaq tədqiqatlara da təsir edərək, onların da mahiyyətini, məğzini dəyişəcəkdir. Əsərin bütövlükdə ideyası, məzmunu, qayəsi yenidir: "Kitabi-Dədə Qorqud" yazılı ədəbiyyat nümunəsidir!". Bizcə, adıçəkilən kitabda sübut edilməsi üçün qarşıya qoyulmuş bu məqsəd alınmış və müəllif istəyinə nail olaraq bu tezisi sübut etməyi bacarmışdır. Çünki məhz müəllifin dediyi kimi, üzərində "kitab" sözü olan, ayrı-ayrı boyları "oğuznamə", "namə" adlandırılan, "boy boylayan"ı, "soy soylayan"ı olan, bir müəllif tərəfindən bir üslubda, bir təhkiyədə, bir leksik qatda yazılan, qəhrəmanlarının əksəriyyətinin xalq ədəbiyyatında variantı olmayan, ümumiyyətlə təkvariantlı yaradıcılıq məhsulu kimi meydana çıxan, obrazlarının, xarakterlərinin təsvirində, ayrı-ayrı boylarının kompozisiya və süjet quruluşlarında daha çox yazılı təfəkkürün xüsusiyyətləri özünü göstərən, epik təsvirlər baxımından roman, epos, epopeya janrlarının tələblərini ödəyə bilən, demək olar ki, dövrümüzə qədər bir-birinin eyni olan cəmi iki əlyazma nüsxəsində gəlib çatan abidə, təbii ki, həqiqətən də, ilk növbədə, yazılı ədəbiyyat nümunəsidir. Akademik İsa Həbibbəylinin isə bir alim kimi böyüklüyü bu faktı Azərbaycan ədəbiyyatşünaslığında ilk dəfə görməsi, qələmə alması və fundamental bir tədqiqatla geniş elmi ictimaiyyətə təqdim etməsindədir.
Bəri başdan bir daha onu deyim ki, kitabda əsas bir tezis tədqiqat müstəvisinə çıxarılır: "Kitabi-Dədə Qorqud" eposu yazılı ədəbiyyat nümunəsidir" və kitabın digər tezis və fəsilləri bu ideyanın sübut və təsdiq olunmasına yönəldilir. Əslində bu tezisin təsdiq olunacağı təqdirdə qorqudşünaslıqda, ədəbiyyat tariximizdə çox şey dəyişir: ilk növbədə, tariximiz daha da qədimləşir. Yəni yazılı ədəbiyyat tariximiz nə qədər qədimdirsə, deməli, ümumiyyətlə tariximiz, xüsusilə də bədii təfəkkür tariximiz də bir o qədər qədimdir. Bu isə o qədər də kiçik məsələ deyildir. Xalqı xalq edən, onu digər xalqlar sırasında hörmətə mindirən amillərdən biri onun bədii təfəkkürünün qədimliyidir. Və üstəlik, bu bədii təfəkkür yazılı şəkildə meydana çıxırsa, deməli, o xalqın tarixi, həqiqətən də, qədimdir və o xalq yazı mədəniyyətinə gəlib çatana qədər neçə-neçə minillikləri arxada qoymuşdur.
Məlum olduğu kimi, "Dədə Qorqud"un yaşını bu və ya digər mənada VII əsrlə, başqa sözlə desək, Məhəmməd Peyğəmbər (s.ə.s.) dövrü ilə bağlayırıq. Əslində, Dədə Qorqud eposunun ən geci VII əsrdə yazılı şəkildə meydana çıxması bizə o qədər də qədim tarix kimi görünməməlidir. Cünki VI-VIII əsrlərdə artıq türk xalqlarının daş kitabələr üzərinə yazdığı Orxon-Yenisey abidələri var idi. Bu mənada, "Dədə Qorqud eposunun" VII əsrdə yazılı şəkildə meydana çıxması tamamilə təbii idi. Və bir də eposun sonuncu boyunda "İç Oğuza Taş Oğuz asi olub Beyrək öldügi boy"da da Aruz Qazana asi olarkən, Beyrəgi yanına çağıran zaman, ona "kağıd" göndərir. Deməli, Dədə Qorqud qəhrəmanlarının yazı mədəniyyətindən də xəbərləri var imiş. Eyni zamanda, bizim bəzi qorqudşünasların görməzdən gəldikləri, amma akademik İsa Həbibbəylinin çox doğru olaraq diqqət mərkəzində saxladığı XIV əsr müəllifi əd-Dəvadarinin "Dürlər xəzinəsi..." əsərində verdiyi məlumata görə "türklərin qutsal kitabı olan, tarixdə yaşamış bir şəxsiyyət kimi Dədə Qorqud haqqında ilk məlumatların yer aldığı "Ulu xan Ata Bitik" əsərinin olduğunu, onun 580-ci ildən qabaq yazıldığını və Bozorgmehr əl-Bahtixan tərəfindən türkcədən farscaya, sonra isə 826-cı ildə Cibril bin Bühtişü əl-Təbibin fars dilindən ərəbcəyə çevirdiyini" də nəzərə almaq lazımdır. Bu mənada, eposun özünün yazıya alınması ideyası da təbii, adi bir proses ola bilərdi. Və diqqətəlayiqdir ki, bu təbii prosesi də kitabda akademik İsa Həbibbəyli olduqca elmi şəkildə sübuta yetirir. Akademik İsa Həbibbəylinin mülahizəsinin elmiliyi ondan ibarətdir ki, müəllif eposun yazıya alınan vaxta qədər onun folklor köklərinin olduğunu heç də inkar etmir və "şifahi xalq ədəbiyyatı "Kitabi-Dədə Qorqud"un yaranması üçün əsas başlanğıc və mühüm hərəkətverici qüvvə funksiyasını yerinə yetirmişdir" dedikdən sonra "lakin şifahi xalq ədəbiyyatı materiallarına istinad edilməsi vasitəsilə yaradılmasına baxmayaraq, "Kitabi-Dədə Qorqud" tam folklor abidəsi deyildir" fikrini söyləyir. Və fikirlərini davam etdirərək "ən yaxşı halda "Dədə Qorqud kitabı" Azərbaycan ədəbiyyatında şifahi ənənədən yazılı ədəbiyyata keçid dövrünün ilk möhtəşəm ədəbiyyat nümunəsi" olduğu fikrini deyir.
Eposdan yazılı ədəbiyyat nümunəsi kimi danışarkən isə müəllif ilk növbədə elə eposun adında "kitab", ayrı-ayrı boyların sonunda "namə" sözünün də iştirak etdiyi "oğuznamə" sözlərinin əksini tapmalarını, "Dədəm Qorqud gəlibən şadlıq çaldı, boy boyladı, soy soyladı. Bu oğuznaməyi düzdü-qoşdu" kimi eposun yazıya alınma prosesini, eposun təkvariantlı olmasının onun yazılı ədəbiyyat nümunəsi kimi qəbul edilməsi arqumentlərini nümunə gətirir. Həqiqətən də, eposun yazılı ədəbiyyat nümunəsi olduğu barədə akademikin söylədiyi arqumentlər inkarolunmaz faktlardır. Cünki müəllifin özünün də dediyi kimi, məsələn, hələ orta əsrlərdə hər yazı nümunəsinə "kitab" deyilməmiş, bu söz ancaq, həqiqətən də, bu ünvanı tamamilə doğrulda bilən, hər hansı bir xalqın, etnosun tarixində, mədəniyyətində, mənəviyyatında mühüm rol oynayan əsərlərə, abidələrə ünvanlanmışdır. Bu mənada, orta əsrlərdə "kitab" sözünün ünvanlandığı belə abidələrdən biri, mənim tərəfimdən "Dədə Qorqud"la, bəlkə də, müqayisəsi caiz olmasa da, amma hər halda adını deyəcəyim kitab - müqəddəs "Qurani-Kərim"dir. Məlumdur ki, müqəddəs "Qurani-Kərim" də düzülmüş-qoşulmuş və nəticədə "Kitab", "Müqəddəs Kitab" adlanmışdır.
Məsələ burasındadır ki, bu vaxta, yəni akademik İsa Həbibbəylinin adıçəkilən kitabına qədər biz "Dədə Qorqud" abidəsinə, adətən daha çox dastan kimi yanaşsaq da, əslində, bu əsərlə tanış olduqdan sonra mövqeyimizi dəyişməliyik. Çünki akademik İsa Həbibbəylinin doğru olaraq dediyi və sübut etdiyi kimi "Kitabi-Dədə Qorqud" müəllif tərəfindən elə ilk yaradılışından, yarandığı gündən birbaşa kitab şəklində düşünülmüş, tərtib olunmuşdur. Bu mənada, akademik İsa Həbibbəyli deyir: "Kitabi-Dədə Qorqud" Azərbaycan yazılı ədəbiyyatının hələlik bizə məlum olan ilk nümunəsidir. Bu, Azərbaycan yazılı ədəbiyyatının xalqımızın ana dilində yazılmış ilk kitabıdır... Dədə Qorqud boyları toplusunun "Kitab" adlandırılması təqdim olunan əlyazmanın sadəcə üzü köçürülmüş bir mətn, yaxud toplanaraq yazıya alınmış əlyazma deyil, məhz "Kitab" olduğunu, kitab şəklində düşünülərək müstəqil bədii əsər şəklində yaradıldığını təsəvvür etməyə əsas verən arqumentlərdən biridir".
Həqiqətən də bu fikirlərin heç birinin ciddi-cəhdlə sübuta ehtiyacı yoxdur. Qorqudşünaslar hamısı, aşağı-yuxarı, demək olar ki, bu fikirləri qəbul edir. Yəni akademik İsa Həbibbəylinin dediyi kimi, "Kitabi-Dədə Qorqud"un adındakı "kitab" sözünün daşıdığı funksiya Azərbaycan xalqı üçün o qədər aydındır ki, bu söz birləşməsindəki "kitabi" sözünün fars dilində izafət bildirən söz olmasına baxmayaraq, son illərə qədər həmin söz abidənin adında həmişə olduğu kimi işlədilmiş, hər kəs tərəfindən anlaşıqlı şəkildə qəbul edilmişdir". Yəni başqa sözlə desək, "kitab" sözü ən qədim zamanlardan bəri Azərbaycan dilində hansı semantikada işlənmişsə, abidənin adında da həmin mənanı ifadə etmişdir. Beləliklə, akademik gəldiyi nəticədə tamamilə haqlıdır ki, "abidə daşıdığı xüsusiyyətlərə görə üzərində yazılan "kitab" sözünün bütün funksiyalarını doğruldur". Və yenə də haqlı olaraq, eyni zamanda böyük təvazökarlıqla, bu fikrin qorqudşünaslıqda ilk dəfə qəti şəkildə onun tərəfindən söyləndiyini vurğulayır: "Bütün bunlara baxmayaraq, ayrı-ayrı tədqiqatlarda "Kitabi-Dədə Qorqud"un yazılı ədəbiyyata aid olması haqqındakı fikirlər epizodik xarakter daşımış, xüsusi bir araşdırmaya çevrilməmişdir. Abidənin tam olaraq yazılı bədii əsər olduğuna dair qəti hökm çıxarılmamışdır. Lakin diqqətlə nəzər yetirdikdə "Kitabi-Dədə Qorqud"da şifahi başlanğıcla yanaşı, yazılı ədəbiyyata aid xüsusiyyətlərin daha çox olduğu aşkar görünür". Bu məqamda akademik İsa Həbibbəylinin bir iradı da qəbulolunandır. Belə ki, son zamanlar qorqudşünaslıqda, "Kitabi-Dədə Qorqud" adı "Dədə Qorqud kitabı" ifadəsi ilə əvəz olunur ki, bu da müəllifin fikrincə, bu abidə dünya miqyasında "Kitabi-Dədə Qorqud" adı ilə tanındığı üçün məqbul sayıla bilməz.
Eposun yazılı ədəbiyyat nümunəsi kimi qəbul olunması yolunda bu arqumentlərdən başqa, akademik İsa Həbibbəylinin daha iki mülahizəsi də vardır: onlardan birincisi Dədə Qorqudun eposun müəllifi olması, digəri isə abidənin əslində demək olar ki, yazılı ədəbiyyatın bütün tələblərinə cavab verməsi ilə əlaqədardır.
Sonuncu mülahizəsinə münasibət bildirsək, onu deyə bilərik ki, İsa müəllim kitabın sonrakı fəsillərində bu arqumenti güclü şəkildə əsaslandırır və abidənin bütün ideya-məzmun, poetik xüsusuyyətləri ilə roman, epos, epopeya janrının xüsusiyyətlərinə cavab verdiyini söyləyir və "folklor materiallarından, seçilmiş oğuznamə motivlərindən başqa, "Kitab"ın dili və üslubunda Azərbaycan dastan poetikasının müəyyən xüsusiyyətlərinin mövcudluğu "Kitabi-Dədə Qorqud"dan folklor abidəsi kimi danışmağı şərtləndirsə də, ardıcıl və sistemli bədii mətnin, fərqli süjetlərin, dolğun bədii obrazların, çoxsaylı orijinal bədii təsvir vasitələrinin, bənzərsiz bir təhkiyənin özünə yer alması bu oğuznamədən yazılı ədəbiyyat nümunəsi kimi bəhs etməyə əsas verir" fikrini deyərək, eposun yazılı ədəbiyyat nümunəsi olduğunu vurğulayır, eposun yazılı ədəbiyyat nümunəsi kimi əsas cizgilərini göstərir. Həqiqətən də, abidəyə İsa müəllimin yanaşdığı bucaqdan baxdıqda, onun tamamilə haqlı olduğunu görürsən. Və eposun doğrudan da, süjet, kompozisiya, konflikt, xarakterlər, obrazlar, epik vüsət, bədii ifadə vasitələri, dil, təhkiyə, üslub və sairə baxımından nə qədər mükəmməl bir əsər, abidə olduğunu görüb, istər-istəməz akademik İsa Həbibbəylinin bir tezisini təsdiq etmiş olursan: "Kitabi-Dədə Qorqud" əvvəldən axıra, başdan-başa konkret bir yaradıcı dühanın sabit təhkiyəsi və obrazlı bədii düşüncəsi ilə yaradılmış orijinal sənət abidəsidir... Buradakı məcazlar ümumxalq bədii təfəkküründən çox, konkret bir yaradıcı şəxsiyyət tərəfindən düşünülüb tapılmış, kəşf edilmiş nadir və bənzərsiz sənətkarlıq nümunələridir" və həqiqətən də yazılı ədəbiyyat abidəsidir.
Akademik İsa Həbibbəyli əslində kitabının hər bölməsində araşdırmağı qarşısına məqsəd qoyduğu bu problemi - abidənin, həqiqətən də, yazılı ədəbiyyat abidəsi olduğu fikrini təsdiq etməyə çalışır və böyük inamla, demək olar ki, buna nail olur. Belə ki, o, abidənin bir çox obrazlarının və süjetlərinin xalq ədəbiyyatında, folklorda, hətta əgər belə demək mümkünsə, yazılı ədəbiyyatda da sələflərinin olmamasını əsas gətirərək, onların məhz ilk dəfə abidənin yaradıcısının - Dədə Qorqudun təxəyyülünün məhsulu olduğunu sübut edir. Bu isə artıq bir daha danılmaz yazılı ədəbiyyat faktıdır: "Folklorla əlaqəsi olmayıb və ya az olub, ilk dəfə Dədə Qorqud tərəfindən yaradılıb əlavə edilmiş obrazlar və onlarla bağlı süjetlər "Kitabi-Dədə Qorqud"un yazılı ədəbiyyat abidəsi olduğunu müəyyən edən mühüm dəlillərdəndir". Akademik İsa Həbibbəylinin bu obrazların xarakterik cizgiləri haqqındakı fikirlərinə nəzər saldıqda, onların, həqiqətən də, təkcə şifahi ədəbiyyat faktı olmayıb, eyni zamanda yazılı təfəkkürün məhsulu olduğunu da görürsən.
İsa Həbibbəylinin Dədə Qorqudu "yazıçı-rəssam" adlandırması da inandırıcı səslənir. Məsələn, bu baxımdan akademikin abidədən Qaraca Çobanın təsviri ilə bağlı gətirdiyi sitatdan sonra dediyi fikirlər bu həqiqəti bir daha təsdiq edir: "Həyati müşahidələrinin incəliklərinə və obrazlı vasitələrlə təqdim olunmasına görə Dədə Qorqudun yaratdığı Qaraca Çoban obrazı dünya ədəbiyyatı və təsviri sənətinin şah əsərlərindən biri hesab oluna bilər". Və bu parçada Qaraca Çoban obrazı o qədər canlı və əsas etibarilə o qədər yazılı ədəbiyyat təfəkkürü ilə təsvir olunub ki, istər-istəməz müəllifin gəldiyi nəticə ilə razılaşırsan: "Bədii obraz yaratmaq sənətkarlığı etibarilə "Kitabi-Dədə Qorqud" şifahi xalq ədəbiyyatından yaradıcı şəkildə istifadə etməklə yaradılmış mükəmməl yazılı bədii ədəbiyyat nümunəsidir".
Beləliklə, abidənin "namə", "kitab" olduğu, onun bir müəllif tərəfindən yaradıldığı inkarolunmaz dəlillərlə əsaslandırıldıqdan və sən də ona inandıqdan sonra istər-istəməz bir nəticəyə də gəlirsən: deməli, bu abidənin bir yaradıcısı, müəllifi də olmalıdır. Uzun illər biz abidəyə yalnız folklor abidəsi kimi yanaşdığımızdan, bu məsələyə geniş şəkildə baxmamış və demək olar ki, onun müəllifi haqqında həvəssiz şəkildə bəhs etməklə ötüb keçmişik. Akademik İsa Həbibbəyli isə abidənin verdiyi poetik imkanlar və məntiqin gücü ilə tamamilə haqlı olaraq, bu məqamda abidənin bir müəllifi və bu müəllifin də Dədə Qorqud olduğunu söyləyir. Abidədə isə kitabın müəllifinin də dediyi kimi, abidənin yazılı ədəbiyyat nümunəsi olduğunu sübut edən digər faktlardan sonra, "Dədə Qorqudun boy boylaması, soy soylaması", "Dirsə xan oğlu Buğac boyu"nda isə axırda gəlib oğuznaməni düzüb-qoşması, onun həqiqətən də, abidənin müəllifi olduğunu göstərir. Bu mənada, akademik İsa Həbibbəylinin "Kitabi-Dədə Qorqud"un yazılı epos və ya epopeya olduğu barədə dediyi fikirlərin hamısını tədqiqat müstəvisinə çıxarmadan da onun gəldiyi nəticə ilə və qorqudşünaslıqda dediyi təzə söz ilə yenə də istər-istəməz razılaşırsan: "Beləliklə, bizim fikrimizcə, əsrlər boyu oğuz tayfaları içərisində gəzib-dolaşmış Dədə Qorqud süjetləri Rəsul əleyhissəlamın zamanında, yəni islamın qəbul olunmaqda olduğu VII əsrin birinci yarısında, Bayat boyundan çıxmış Qorqud Ata adlı bir ər, Dədə Ozan tərəfindən "kitab" kimi formalaşdırılmışdır. İslamın qəbul edildiyi zamanda isə Dədə Qorqud boyları ustad ozanın özü, müasirləri və davamçıları olan alp ozanlar tərəfindən el-oba içərisində geniş şəkildə söylənərək daha da təkmilləşdirilmiş və yaddaşlarda möhkəmləndirilmişdir. İslama aid motivlər, söz və ifadələr "Kitabi-Dədə Qorqud"un məhz həmin təkmilləşdirilmə mərhələsində və sonrakı dövrlərdə katiblər tərəfindən müxtəlif əlyazma nüsxələrinin üzü köçürülərkən boylara əlavə edilmişdir".
"Kitabi-Dədə Qorqud" unikal abidədir. Bu abidənin unikallığı onun təkcə bədii və tarixi dəyərinin möhtəşəmliyi ilə şərtlənmir, eyni zamanda bu oğuznamənin yaranma prosesi ilə də səciyyələnir. Belə ki, bu abidənin yaranma prosesi o qədər əlahiddə bir hal daşıyır ki, bu prosesi biz Azərbaycan yazılı ədəbiyyatının ilk dövrlərində meydana çıxan digər əsərlərdə, demək olar ki, görmürük. Bu mənada, bu unikallığı, bu yaranma prosesini tədqiqatının əsas məğzinə çevirən, onu tədqiq edən və beləliklə, bu vaxta qədər Dədə Qorquda olan ənənəvi baxışlardan fərqli bir baxış ortaya qoyan, yəni Dədə Qorqudun təkcə məzmun və poetik xüsusiyyətlərini tədqiqat müstəvisinə çıxaran müəlliflərdən fərqli olaraq, onun yaranma prosesini araşdıran akademik İsa Həbibbəylinin adıçəkilən əsəri də məhz bu xüsusiyyətinə görə Azərbaycan qorqudşünaslığında özünə ayrıca bir yer tutan unikal tədqiqat əsəridir. Həqiqətən də, akademik İsa Həbibbəyli qorqudşünaslıqda bu abidəyə onun yaranma prosesi ilə də bağlı yeni bir bucaqdan yanaşmış, "Kitabi-Dədə Qorqud"un yaranma prosesi baxımından da sıradan bir əsər olmadığını, məhz bu yaradıcılıq prosesinin də abidənin yazılı ədəbiyyat nümunəsi olduğunu sübut edən bir fakt olduğunu aşkara çıxarmışdır. Bu mənada, "Kitabi-Dədə Qorqud"un yaranma prosesi baxımından akademik İsa Həbibbəylinin formulu belədir: "Xalq rəvayətlərindən - Dədə Ozan düşüncəsinə və oradan da xalqa çatdırılmağa doğru gedən yaradıcılıq prosesi "Kitabi-Dədə Qorqud"un yaranmasının əsasını təşkil etmişdir". Akademik İsa Həbibbəylinin təbirincə, bu formulu açası olsaq, abidənin ilk növbədə aşıq-alp ozanlar tərəfindən qopuzun müşayiəti ilə xan-sultan məclislərində xan və sultanlara ünvanlanaraq söyləndiyini və bu ifalardan-canlı qiraətdən birbaşa yazıya alındığını söyləmək olar: "...Kitabi-Dədə Qorqud" klassik mənada düşündüyümüz kimi, yazı masası arxasında vərəqlərə köçürülməklə yox, şifahi şəkildə qoşulub-düzülmüş bir oğuznamənin aşıq-ozan məclislərində, xan-sultan yaradcılıqlarına söykənərək təkmilləşdirilməsi əsasında yaradılmışdır". Maraqlıdır ki, akademik İsa Həbibbəyli "Kitabi-Dədə Qorqud"un yaranma prosesi haqqında təkcə bu nəzəri formulanı təqdim etmək və onu qısa şəkildə şərh etməklə kifayətlənmir. Fikirlərini davam etdirərək, bu mülahizələrində daha israrlı olduğunu əsaslandırmaq üçün abidənin söyləyici tərəfindən söylənilən strukturunu təqdim edir və yalnız bu təqdimatdan sonra yuxarıda dediyimiz, etdiyimiz kimi abidənin birbaşa bu qiraətdən yazıya köçürüldüyü qənaətinə gəlir: "Kitabi-Dədə Qorqud" el-oba məclislərində Dədə Qorqudun özünün qoşub-düzdüyü və əzbər söylədiyi, qopuz havaları üstündə ifa etdiyi bədii ədəbiyyat nümunəsidir. Bu, şifahi şəkildə yaradılmış yazılı ədəbiyyat örnəyidir. "Kitabi-Dədə Qorqud" boyları kağız-qələm əməliyyatları ilə, yazılma üsulu ilə yox, ustad Dədə Ozanın özünün düşündüyü, quraşdırdığı süjetləri el məclislərində əzbərdən söyləməsi, nağıl etməsi, qiraəti, boylaması, qopuzun müşayiəti ilə soylaması əsasında formalaşdırılmışdır". Bu mənada "Kitabi-Dədə Qorqud"un yaranma prosesi bu vaxtadək bizdə bir qədər dumanlı şəkildə təsəvvür yaratsa və bizi müxtəlif suallarla üz-üzə qoysa da (yəni bu əsər ilk növbədə şifahimi, yoxsa yazılı ədəbiyyat nümunəsi kimi yaranıb?, əgər şıfahi ədəbiyyat nümunəsi kimi yaranıbsa, dilindəki, təhkiyəsindəki bu qədər səlistlik hardandır, obrazlarının bu qədər dolğunluğu haradan qidalanır? və s.), müəllifin bu fikirlərindən sonra abidənin yaranma prosesi ilə bağlı təsəvvürümüzdə müəyyən aydınlıq yaranır. Və biz abidənin yaranma prosesini aydın şəkildə təsəvvür edərək, onun bir daha məhz yazılı ədəbiyyat nümunəsi olduğunu qəbul edirik.
Akademik İsa Həbibbəylinin müəllifi olduğu "Kitabi-Dədə Qorqud" yazılı epos və ya epopeya" adlı kitabından danışarkən bir məsələni, yəni bu monoqrafiyanın strukturu haqqında bir fikrimi də qısa şəkildə deyib keçmək istəyirəm. Belə ki, monoqrafiya struktur baxımından o qədər mükəmməl şəkildə qurulub ki, bir mövzu, bir tezis sanki digərinə ayaq verir. Belə ki, biz tədqiqatın sonrakı səhifələrində əvvəllərdə deyilmiş fikirlərin inkişafını görürük. Bu mənada, müəllifin bir qədər aşağıda bəhs etdiyi "Xan-sultan əlyazma nüsxəsi" barədə dediyi fikirləri bir qədər yuxarıda abidənin "Xan-sultan qiraəti haqqında" olan fikirlərinin davamı kimi də qəbul etmək olar. Bu mənada, abidənin əlyazmaları bütövlükdə abidənin taleyində mühüm rol oynadıqları kimi, onun yazılı ədəbiyyat nümunəsi kimi qəbul edilməsində də mühüm rol oynayır.
"Kitabi-Dədə Qorqud"un yazılı abidə olduğunu sübut edən amillərdən biri də, təbii ki, dediyimiz kimi, bu abidənin əlyazma nüsxələridir. Bu mənada, akademik İsa Həbibbəylinin "Kitabi-Dədə Qorqud"un yazılı abidə olduğunu sübut etmək üçün müraciət etdiyi, tədqiqat müstəvisinə çıxartdığı tezislərdən birinin eposun əlyazma nüsxələrinin olması tamamilə anlaşılandır. Belə ki, bu əlyazmalar bizə eposun digər xüsusiyyətləri haqqında geniş danışmağa imkan verməklə yanaşı, eyni zamanda ondan yazılı ədəbiyyat nümunəsi kimi bəhs etməyə də əsas verir. Bu səbəbdən də müəllif eposun hamıya daha çox bəlli olan Drezden və Vatikan nüsxələri ilə yanaşı, onun bu nüsxələrdən daha öncə yaranmış, bu gün bizim əlimizdə olmayan, amma məntiqin, elmin gücü ilə olduqlarına inandığımız nüsxələrindən də geniş şəkildə bəhs edir. Buna inanmağa gəldikdə isə, Drezden və Vatikan nüsxələrinin ən sadə şəkildə tutuşdurulması bizi bu nüsxələrdən əvvəl ən azı bir nüsxənin olmasına inandırır. Bu mənada, akademik İsa Həbibbəylinin eposun digər qədim əlyazma nüsxələri haqqında fərziyyə kimi elmi dövriyyəyə təqdim etdiyi nüsxələr haqqında da düşünmək olar. Bu mənada, akademik İsa Həbibbəylinin eposun əlyazma nüsxələri haqqında dediyi mülahizələr tamamliə inandırıcıdır və eposun hələ qədim zamanlardan yazılı ədəbiyyat, "kitab" olduğu faktına xidmət edir.
Akademik İsa Həbibbəyli abidənin əlyazma xüsusiyyətlərindən danışarkən bütövlükdə abidənin səkkiz əlyazma nüsxəsindən bəhs edir: 1. Dədə Qorqud - alp ozan qiraəti, yaxud Xan-sultan əlyazması; 2. XI əsr əlyazma nüsxəsi (Həmid Araslı versiyası); 3. Naməlum XV əsr əlyazması; 4. Drezden nüsxəsi; 5. Vatikan nüsxəsi; 6. Berlin nüsxəsi; 7. Türkmən Səhra əlyazması; 8. Sankt-Peterburq əlyazması (Bəkir Çobanzadə versiyası). Amma onun abidənin bu gün əlimizdə olmayan, lakin elmin, məntiqin gücü ilə bizi olduqlarına inandırdığı iki əlyazma nüsxəsi haqqında dediyi mülahizələr daha maraqlıdır. Belə ki, onlardan biri müəllifin "Xan-sultan əlyazması" adlandırdığı nüsxə, digəri isə "Akademik Həmid Araslı versiyası: XI əsr əlyazma nüsxəsi"dir. Bəri başdan bir daha qeyd edək ki, bu gün bu nüsxələrin hec biri elm aləminə məlum deyildir. Lakin akademik İsa Həbibbəyli bu nüsxələr haqqında o qədər canlı, dolğun şəkildə danışır ki, onların bu gün əldə olmadıqlarına inana bilmirsən. Və inanırsan ki, bu nüsxələr, həqiqətən də, haçansa mövcud olmuşlar. Ən azından ona görə inanırsan ki, həqiqətən də Drezden və Vatikan nüsxələrindən əvvəl heç olmasa bir nüsxə mövcud olmuş və bu nüsxələr mütləq ondan köçürülmüşdür. Bu, aksiomadır. Akademik İsa Həbibbəylinin abidənin yuxarıda adlarını çəkdiyimiz iki əlyazma nüsxəsinə olan fikirlərinə gəldikdə isə o, "Xan-sultan əlyazması" adlandırdığı nüsxəni abidənin ilk əlyazma nüsxəsi sayaraq, onun elə canlı ifa zamanı köçürüldüyünü deyir və sonrakı əlyazmalarda "Xan-sultan" sözlərinin işləndiyini də əsas gətirərək fikrini əsaslandırır. Eyni zamanda, onun tədqiqatın bir qədər əvvəlki səhifələrində abidənin "Xan-sultan" qiraəti haqqında dediyi mülahizələri də yada saldıqda istər-istəməz akademiklə razılaşır və abidənin belə bir əlyazma nüsxəsinin olduğuna inanırsan: "Dədə Qorqud - alp ozan qiraəti, yaxud Xan-sultan əlyazma nüsxəsi" təxminən VII əsrdə - Dədə Qorqudun, onun davamçıları olan alp ozanların dilindən el-oba şənliklərində və ya dövrün rəsmi şəxslərinin iştirak etdiyi məclislərdə mirzələr tərəfindən canlı ifadan yazıya alınmışdır. "Kitabi-Dədə Qorqud" - alp ozan qiraətinin yazıya köçürülmüş nüsxəsidir".
Akademik İsa Həbibbəylinin abidənin əlyazma nüsxələrinə münasibəti həqiqətən də olduqca maraqlıdır. Çünki o, qorqudşünaslıqda demək olar ki, heç kimin diqqət yetirmədiyi və əlyazma nüsxələrini "Dədə Qorqud"un yazıya alınma prosesi ilə əlaqələndirmədiyi bir sahəyə ilk dəfə diqqət yetirmiş, bu mövzunu tədqiqat müstəvisinə çıxarmışdır. Bu mənada, onun fərziyyə kimi irəli sürdüyü "Akademik Həmid Araslı versiyası: XI əsr əlyazma nüsxəsi" barədə dediyi fikirlər də diqqət çəkir. Belə ki, akademik İsa Həbibbəylinin verdiyi bilgiyə əsasən akademik Həmid Araslı əsərlərinin birində Dədə Qorqudun XI əsrə aid olduğunu, daha doğrusu, bu əsrdə yazıya köçürüldüyünü deyir. Maraqlıdır ki, akademik İsa Həbibbəylinin də dediyi kimi, akademik Həmid Araslı nə üçün belə bir müddəanı irəli sürdüyünü əsaslandırmır. Amma akademik Həmid Araslıdan fərqli olaraq akademik İsa Həbibbəyli onun fikirlərini əsaslandırır və bizi də öz müddəalarına inandırır. Belə ki, akademik İsa Həbibbəyli XI əsr əlyazma nüsxəsinin var olması barədə əsasən beş ağlabatan, inkar edilməsi mümkün olmayan müddəa irəli sürür: 1. XI əsr əlyazma nüsxəsi XI-XII əsrlər intibah mədəniyyətinin təzahürüdür və "çox ehtimal ki, XI əsr əlyazması orijinalın əsas xüsusiyyətlərini əks etdirən VII əsrdə yaranmış Dədə Qorqud - alp ozan qiraətinə, yaxud "Xan-sultan əlyazması"na intibah dalğasında yenidən qayıdış əsasında meydana çıxmışdır". 2. XI əsrdə xəttatların daha mükəmməl şəkildə mənimsədikləri ərəb əlifbası ilə abidənin yeni əlyazmasına ehtiyac duyulmuşdur. 3. Mahmud Kaşğarinin "Divanü lüğat-it-türk" əsərinin ortaya çıxması fonunda türk mənəvi dalğasının yüksəlməsi ilə əlaqədar olaraq bu abidə də yenidən köçürülmüşdür. 4. Abidənin dili XI-XII əsrlər Azərbaycan dilinə daha çox uyğundur. 5. "XI əsrdə Dədə Qorqud - alp ozanlar məktəbi ənənəsi hələ yaşamaqda idi. Bu zaman Dədə Qorqud boylarının ustad ozanların repertuarında yaşaması da mümkün idi. Ona görə də "Dədə Qorqud"un XI əsr əlyazmasının ozan məclislərində yenidən canlı ifadan da yazıya alınması və ya hətta "Xan-sultan əlyazması"nın gerçək ifa ilə tutuşdurulub müqayisə edilməsi hadisəsi də baş verə bilərdi". Beləliklə, bu müddəalarla tanış olduqdan sonra abidənin həqiqətən də, XI əsr əlyazma nüsxəsi olduğunu güman edir və onun özündən əvvəl "Xan-sultan əlyazması"ndan köçürüldüyünə inanırsan.
Abidənin Drezden və Vatikan nüsxələrinə gəldikdə isə onu demək olar ki, bu nüsxələrin ən sadə şəkildə tutuşdurulması belə maraqlı faktları və fərziyyələri ortaya çıxarır. Bu mənada, həqiqətən də qorqudşünaslıqda deyildiyi kimi, hər iki nüsxə mütləq bir ana nüsxədən köçürülmüşdür. Deməli, ana nüsxə daha qədim dövrlərin yadigarıdır. Bu mənada, Vatikan nüsxəsinin sözbəsöz öyrənilməsi və onun Drezden nüsxəsi ilə tutuşdurulması yəqin ki, akademik İsa Həbibbəylinin mülahizələrini doğruldacaq və abidənin əlyazmaları haqqında mütləq yeni fikirlərin meydana çıxacağını şərtləndirəcəkdir. Bu mənada, Vatikan nüsxəsinin geniş şəkildə tədqiqat müstəvisinə çıxarılması və onun araşdırılması olduqca vacibdir.
Bizcə, eposun əlyazma nüsxələrinin bu qədər geniş şəkildə tədqiqi və onun eposun qədimliyinə dəlalət etməsi, eyni zamanda abidənin XIV-XVI əsrlərin məhsulu olduğunu söyləyən tədqiqatçıların da tərəddüdlərinə son qoymalıdır.
"Kitabi-Dədə Qorqud" yazılı epos və ya epopeya" monoqrafiyası bir məsələni daha da aktuallaşdırır və tədqiqat müstəvisinə çıxarır: abidənin poetik xüsusiyyətlərinə də yeni bucaqdan baxmaq lazımdır. Doğrudur, son illər bu haqda müxtəlif tədqiqat işləri qələmə alınsa da, akademik İsa Həbibbəyli də məsələyə dair fikirlərini qorqudşünaslarla bölüşməyi özünə borc bilib. Və məni də ilk növbədə "Kitabi-Dədə Qorqud"un poetik xüsusiyyətləri maraqlandırdığı üçün, mən də bu barədə yazılan kitabları, adətən, bu fəsildən oxumağa başlayıram. Nə gizlədim, bu dəfə də belə oldu və mən İsa müəllimin "Kitabi-Dədə Qorqud": yazılı epos və ya epopeya" adlı kitabının yalnız poetika ilə bağlı fəslini oxuyandan sonra bu kitabı yenidən və başdan oxumağa başladım. Bu mənada, təbii ki, mən kitabın bu fəsli və akademik İsa Həbibbəylinin "Kitabi-Dədə Qorqud" poetikası haqqında dediyi fikirlər haqqında cox danışa bilərəm. Lakin əgər hələlik burada fikrimi qısa şəkildə bildirməli olsam, məsələni uzatmadan, sadəcə olaraq bircə onu deyə bilərəm ki, akademik İsa Həbibbəylinin "Kitabi-Dədə Qorqud"un poetikası haqqında dediyi fikirlər qorqudşünaslıqda yenidir, təzə sözdür. Və məlumdur ki, təzə söz, təzə fikir də illərlə formalaşmış stereotipləri qırdığı üçün həmişə çətinliklə qəbul olunur...
Qorqudşünaslıqda Dədə Qorqud şeirlərinin xarakterik xüsusiyyətlərinin hansılar olduğu bütün təfərrüatı ilə demək olar ki, ilk dəfə akademik İsa Həbibbəylinin bu kitabında və onun qələmi ilə qarşımıza çıxır. Belə ki, akademik İsa Həbibbəylinin tədqiqlərinə görə Dədə Qorqud şeirlərinin xarakterik xüsusiyyətləri aşağıdakılardır: 1. Şeirlər sırasında on iki-on dörd hecalı şeirlərin daha çox yer alması; 2. Bu şeirlərin vəznli sərbəst şeirlər olması; 3. Bu şeirlərin bənd quruluşlarında dörd misradan tutmuş otuz iki misrayadək misraların yer alması; 4. Bu şeirlərdə epik ünsürlərin yer tutması və bu səbəbdən də onların məsnəvi janrında olduğu kimi qafiyələnməsi.
Şeirlərin bu xarakterik xüsusiyyətlərini qeyd etdikdən sonra abidənin şeirləri haqqındakı fikirlərini davam etdirərkən akademik İsa Həbibbəyli şeirlərin daha bir neçə cizgisinə toxunur və bu barədə yazır: "Kitabi-Dədə Qorqud"dakı soylamalar quruluşuna, strukturuna görə xalq şeiri şəkillərindən tamamilə fərqlidir". Həqiqətən də müəllif oxucunu bu tezisinə inandırır. Və onun sonrakı təhlilləri göstərir ki, doğrudan da, bu şeirlərin xalq şeirindəki gəraylılarda, qoşmalarda olduğu kimi azhecalı deyil, coxhecalı olmaları, misralardakı sərbəstlik, bənd quruluşları, məzmunlarında abidənin süjet xətti ilə bağlı epik ünsürlərin olması bu şeirlərin həqiqətən də tamamilə orijinal poetik nümunələr olduğunu göstərir və Dədə Qorqud şeirlərinin, həqiqətən də, akademik İsa Həbibbəylinin dediyi kimi qətiyyən toplama, folklor materialı olmayıb, orijinal yazılı ədəbiyyat nümunələri olduğunu təsdiq edir. Həqiqətən də, abidənin soylamalarında üslub və poetik xüsusiyyətlər o qədər güclüdür ki, bu şeirləri yazılı ədəbiyyat nümunəsi kimi qəbul etməmək qeyri-mümkündür. Və bu fikirlər istər-istəməz bir nəticəyə gətirir. "Kitabi-Dədə Qorqud" şeirləri eyni müəllifin obrazlı bədii düşüncəsindən doğulmuş, vahid dil və üslub xüsusiyyətlərinə malik olan bənzərsiz şeirlərdir... "Kitabi-Dədə Qorqud"dakı şeirlərin hamısının bir müəllifi vardır: Dədə Qorqud... "Dədə Qorqud Azərbaycan ədəbiyyatı tarixində ilk və mükəmməl şairdir".
Lakin bütün bunlarla bərabər, "Dədə Qorqud"dan, onun poetikasından danışarkən, bu abidənin təhkiyəsindən, sintaksisindən danışmamaq olmur. "Dədə Qorqud"un görkəmli tədqiqatçısı, Xalq yazıçısı Anar "Dədə Qorqud"dan bəhs edərkən, təqribən hər yaşda bu abidəyə yenidən vurulmağın möcüzəsindən danışır. Bu mənada, mən də bu abidənin dilinə, təhkiyəsinə, sintaksisinə təzədən vurulmuşam. Akademik İsa Həbibbəyli də abidənin qeyd etdiyim bu xüsusiyyətlərindən kifayət qədər elmi, həm də sevgi ilə, məhəbbətlə söhbət açıb və kitabının leytmotivinə sadiq qalaraq, abidədə bu xüsusiyyətlərin də abidənin yazılı ədəbiyyat nümunəsi olduğuna qulluq etdiyini göstərir. Məsələn, akademik İsa Həbibbəyli abidənin leksik xüsusiyyətləri, üslub və sintaksisindən danışarkən, bunların bütün əsər boyu sabit qalıb, demək olar ki, dəyişmədiyini dedikdə əsərin, həqiqətən də, "əvvəldən axıra, başdan-başa konkret bir yaradıcı dühanın sabit təhkiyəsi və obrazlı bədii düşüncəsi ilə yaradılmış orijinal sənət abidəsi" olduğunu söyləyərək, eyni zamanda yenə də bu abidənin yazılı ədəbiyyat nümunəsi olduğunu vurğulayır. Abidənin təhkiyəsindən danışarkən isə nağıl təhkiyəsinin bu əsərin təhkiyəsinin əsasında dayandığını söyləyən müəllif sonda çox dəqiq elmi bir nəticəyə gəlir: "Nağıl təhkiyə modelinin ümumədəbiyyat faktına çevrilməsində "Dədə Qorqud kitabı"nın mühüm rolu olmuşdur". Və bu faktı sübut etmək üçün elə bir nümunəni misal gətirir ki, onu inkar etmək mümkün deyildir. Və əgər bu cümlələrdən biri folklor nümunəsidirsə, digəri yüzdəyüz yazılı ədəbiyyat faktıdır: "Fikrimizcə, "Dədə Qorqud kitabı"nın müqəddiməsindəki - "Rəsul əleyhissəlam zamanına yaxın, Qorqud Ata derlər, bir ər qopdu" ilk cümləsi Azərbaycan nağıllarının başlanğıcındakı "Biri vardı, biri yoxdu" təhkiyəsi üstündə qurulmuşdur".
Abidənin təhkiyəsindən bəhs olunarkən, kitabda rast gəldiyimiz ən maraqlı elmi məqamlardan biri də akademik İsa Həbibbəylinin abidədə işlənən "boylama" və "soylama" sözləri ilə bağlı verdiyi açıqlamalardır. Belə ki, müəllif bu sözlərin terminoloji mənalarını şərh etməklə, semantik yüklərini də izah edir və abidədə bu yaradıcı missiyanın demək olar ki, yalnız bir nəfərə məxsus olduğunu söyləyir: "Boy" sözü geniş anlayış olub, bir neçə mənada işlədilir. "Boy" - dastan, dastanın bir qolu, bədii nəsr, təhkiyə, nağıl etmək və sair mənaları bildirir... "Dədə Qorqud kitabı"ndakı bütün boylamalarda... "boy boylamaq" söz birləşməsi-nağıl etmək, təsvir etmək, danışmaq mənalarında işlədilmişdir". "Soy soylamaq-şeir qoşub-düzmək mənasını daşıyır. Eyni zamanda, "soy soyladı" ifadəsi, həm də soyu, nəsil-kökü tərif etmək mənasında da işlədilir". Abidədə isə "boy boylayan" yalnız Dədə Qorqud, "soy soylayan" isə əksər hallarda yenə də abidənin müəllifi olan Dədə Qorquddur.
Təbii ki, kitabın elmi xüsusiyyətlərindən çox danışmaq olar. Və bizim də bu kiçik yazımızda kitabın toxunmadığımız bir çox elmi məziyyətləri kənarda qaldı. Çünki bu elmi dəyərlərin hamısına toxunmaq, onları təhlilə, şərhə çəkmək həm asandır, həm çətin. Asandır ona görə ki, sevdiyin, əzbər bildiyin bir mövzudur. Çətindir ona görə ki, əvvəla, müəllif o qədər maraqlı və çoxsaylı problemlərə toxunub ki, onların hamısını əhatə etmək, münasibət bildirmək, ümumiləşdirmək o qədər də asan deyildir. Daha sonra isə müəllif bu böyük problemləri o qədər elmi, gözəl və sadə şəkildə şərh edir ki, heç bir müdaxiləyə, şərhə ehtiyac qalmır və müəllifin fikirlərini aksioma kimi qəbul edirsən. Bu mənada, akademik İsa Həbibbəylinin "Kitabi-Dədə Qorqud": yazılı epos və ya epopeya" adlı kitabı səmimiliyinə, sadəliyinə, yəni ən böyük həqiqətləri sadə şəkildə dediyinə və səni bunlara inandırdığına görə də unikal kitabdır, qorqudşünaslıqda hadisədir.
Və beləliklə, akademik İsa Həbibbəylinin "Kitabi-Dədə Qorqud": yazılı epos və ya epopeya" adlı kitabını oxuyub qurtararkən sonda onun gəldiyi nəticələrə istər-istəməz inanmaya bilmirsən. "Dədə Qorqud kitabı" - şifahi yolla yaradılan Azərbaycan yazılı ədəbiyyatının möhkəm ideya-bədii əsaslara malik təməl kitabı, mükəmməl bünövrəsidir. "Kitabi-Dədə Qorqud" - Beyrəyin, Uruzun, Basatın və Təpəgözün romanı, Dədə Qorqud və Qazan xanın epopeyasıdır. Janr baxımından "Kitabi-Dədə Qorqud" roman-epopeyadır. "Kitabi-Dədə Qorqud" - Böyük Oğuznamə kitabıdır. "Dədə Qorqud kitabı" - özündən sonrakı dövrlərin Azərbaycan ədəbiyyatında bədii nəsrin, milli şeirin, dramaturgiyanın və incəsənətin bütün sahələrin inkişafına gur işıq salan, təkan verən ölməz sənət abidəsidir. "Kitabi-Dədə Qorqud" - Azərbaycan xalqının Ata kitabıdır. Dədə Qorqud - Azərbaycan xalqının və Azərbaycan ədəbiyyatının Atasıdır. "Dədə Qorqud kitabı" - azərbaycançılıq ideyasının beşiyi və alınmaz qalasıdır, milli-mənəvi özünüdərk və vətənpərvərlik dərsliyidir".
İndi isə biz akademik İsa Həbibbəylinin "Kitabi-Dədə Qorqud": yazılı epos və ya epopeya" adlı qorqudşünaslıqda yeni söz olan kitabı haqqında bu qısa fikirlərimizə yekun vurarkən, demək istəyirik ki, kitabının sonunda İsa müəllimin də doğru olaraq tutuşdurduğu Füzuli siqləti ilə "Dədə Qorqud" əzəməti arasında, həqiqətən də, bir varislik əlaqəsi vardır. Və akademik Tofiq Hacıyev Azərbaycan milli ədəbi dilinin tarixini Füzuli dilindən başlayır. Mən isə Azərbaycan milli ədəbi dilinin tarixinin bəlkə də elə "Dədə Qorqud"un dilindən başlandığını deyərdim. Nə deyim, bəlkə də yanılıram. Amma bircə onu bilirəm ki, bu yanılma dilimizə, tariximizə, mənəviyyatımıza olan sevgidən irəli gəlir. Və mən bu sevgini akademik İsa Həbibbəylinin "Kitabi-Dədə Qorqud": yazılı epos və ya epopeya" adlı kitabında da gördüm.
İnsanıq, hamımızın şəxsi, ictimai arzuları var. Təbii ki, bir tədqiqatçı kimi "Kitabi-Dədə Qorqud" abidəsi də arzularımız sırasındadır. Bu mənada, bu abidə barədə olan çoxsaylı arzularımdan biri ilə bu yazımı yekunlaşdırmaq istəyirəm: deyirəm, kaş gələcək nəsillər də "Kitabi-Dədə Qorqud" eposunu biz sevən kimi sevsin və ədəbi sevgimizin əbədi ünvanı gələcəkdə də dəyişməsin... Və mən buna tam yəqinliklə inanıram... Nə qədər ki, bu Vətən var, belə də olacaqdır...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!