Əsrlər boyu Şərqin döyüşkən, at belində cəngavərlik edən, dövlətinin diplomatik siyasətində əsas qərarlar qəbul edən, xanımlığın mərdlik simvolu sayılan qadın personajlar ədəbi səhifələrdə yer tutmuşdur. XIX əsrdə Qafqazın müxtəlif bölgələrinə, xüsusilə Azərbaycana, Türkiyəyə (Ərzuruma) səyahət etmiş rus yazıçılarının "Yol qeydləri"ndə, şeirlərində, povestlərində bu qadınlar xüsusi sevgi ilə təsvir olunmuşdur. B.A.Marlinskinin, A.S.Puşkinin, M.Y.Lermontovun, L.N.Tolstoyun əsərlərində müharibələrin qadın psixologiyasında törətdiyi fəsadlar böyük sənətkarlıqla təsvir olunmuşdur. Z.N.Tolstoyun "Hacı Murad" əsərində Hacı Muradın anası Fatimatın, Sadonun anasının, M.Y.Lermontovun "Aşıq Qərib dastanı"nda Qəribin, "Qaçqın" poemasında Harunun anasının obrazları qeyd etdiklərimizin bariz nümunəsidir. Bütün bu obrazlarda Şərq qadını mərdlik, cəsarət, dözümlülük simvolu kim təcəssüm olunur. Maraqlı fakt ondan ibarətdir ki, xüsusi məhəbbətlə yaradılmış, bu personajların hər biri həyatın ən ağır sınağına çəkilərkən, övladları döyüş meydanında həlak olarkən qürur mücəssəməsinə çevrilən xanımlardır. Onların hər birinin övladı haqq yolunda döyüşərək həyatını itirmiş, yəni şəhid olmuşlar. "Qaçqın" poemasında M.Y.Lermantovun qəhrəmanı oğullarını, həyat yoldaşını, bütün əzizlərini itirmiş qadın qanlı döyüş meydanından ona qara xəbəri gətirən kiçik oğlu Harunu dinlədikdən sonra onun döyüş meydanından qaçdığını anlayır. Əsərlə tanış olduqda Ana və oğulun dialoqunu oxuyarkən maraq və heyrəti gizlətmək olmur.
"Bəs, atan, qardaşların hardadı?"
"Öldürdülər" ...
"Sən intiqam aldınmı?"
"Almadım... vara-vara
Yaydan çıxan ox kimi,
Qaçdım uca dağlara"...
"Sus-sus, hiyləgər gavur,
Danışma yetər, yetər.
Sən şərəflə ölməyi bacarmadınsa əgər,
Gözlərimin önündən, rədd ol gedib tək yaşa"
Həqiqətən, şairin yaratdığı bu tükürpədici səhnədə dağlı qadınının necə böyük ürək sahibi olduğuna şahidlik edirik. Bir ana olaraq nə qədər ağır olsa da, ocağında yeganə sağ qalan oğlunu rədd edərək, qapını üzünə bağlayır. O şəhid övladlarının və ərinin ölümünü şərəflə qəbul edir, qorxaq övladı isə sağ ikən ürəyində basdırır.
Övladını qəhrəmanlıqla şəhid verən analar göz yaşlarını qürurlarına sığınıb boğarlar. Təsadüfi deyil ki, görkəmli rus şairi A.S.Puşkin elə bu səbəbdən "Bağçasaray çeşməsi" poemasında Gəray xanın sevgilisi Mariya üçün tikdirdiyi abidəni və bu abidənin çeşməsindən axan damcıları "döyüş meydanında ölən oğluna ağlayan ana"ya bənzədir:
Altında mərmərdən su sızıb axır
Dərdli göz yaşları halında əlan
O büllur damcılar axır hər zaman
Sanki matəm günü ağlar bir ana,
Döyüş meydanında ölən oğluna;
Keçmişin bu həzin əfsanəsini
Zaman nəsillərə vermiş yadigar.
Bu ələm,bu kədər nişanəsini
Göz yaşı çeşməsi adlandırmışlar.
Ümumiyyətlə, A.S.Puşkin cəmiyyət arasında qadın psixologiyasının mahir bilicisi kimi tanınırdı. Düşünürük ki, məhz Qafqaz, Ərzurum, Krım səfərlərində bu ərazilərdə yaşayan qadınları diqqətlə müşahidə edib, həyat tərzləri, xarakterik xüsusiyyətləri ilə tanış olmuş və təfəkküründə canlandırdığı personajların prototiplərini hərtərəfli öyrənməyə çalışaraq, ümumiləşdirib qələmə almışdır.
30 il ürəyinə qaralar bağlamış Azərbaycan qadınının adı 44 günlük Vətən savaşında, dünyada mövcud olan ən ali, müqəddəs adlar arasında çəkildi. Şünki 44 günlük müharibədə şücaət göstərən əsgəri dünyaya gətirən, ona tərbiyə verən, Vətən sevgisi aşılayan, sevinclə döyüşə göndərən və qürurla tabutunu qarşılayan Azərbaycan qadını oldu. Balasını el ilə bərabər oxşayan, şəhadətinə mübarək deyən, dərdini içində qovuran göz yaşlarını kirpiklərində donduran və şəninə neçə-neçə şeirlər vəsf edilən O oldu. Lakin ona xitab olunan bu bədii nümunələrin hər birində ağır kədərlə bərabər nikbin hisslər, Qələbə notları səsləndi. I Qarabağ müharibəsində yazılmış əsərlərdən fərqli bir əhvali-ruhiyyədə və fərqli üslubda. 90-cı illərdə şairə Minəxanım yeganə oğlunu Şuşada şəhid vermiş anaya:
İnciyər Tanrının özündən belə,
Köz olar ocaqlar gözündən belə.
Döz, anam, bu dərdə, döz indən belə,
Oğullar itirdik ellər arxası,
Sənə qurban olum, şəhid anası,
- yazırdısa, 2020-ci ilin Vətən müharibəsində Amir Mustafadan fərqli ovqatda "Salam" eşidirik:
Salam, şəhid anası!
Mən də sənin bir balan.
Olmasam da qəhrəman
Şuşa, Kəlbəcər alan.
Sənin oğlun tapşırıb,
Səni mənə yol aldı.
Məhz onun sayəsində
Ordumuz Zəfər çaldı.
Göründüyü kimi, müxtəlif zamanlarda yazılmış bu iki şeirin ovqat fərqini duymamaq mümkün deyil. "Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turan haqlı olaraq 90-cı illər ədəbiyyatı haqqında yazır: "Təəssüf ki, 1990-cı illərin əvvəllərindən etibarən bizim ədəbiyyatımızda daha çox məhz çöküş ruhu, pessimizm, pasifist ovqat önə keçdi".
Bəs bu çöküş ruhunun səbəbi nə idi? Əlbəttə ki, itirdiklərimizin varlığımıza təsiri. Ən başlıcası isə hərtərəfli gücsüzlüyümüz, tənhalığımız, intiqam hissi ilə döyüşə atılıb məğlubiyyətə baş əymədən məhv olmağımız, yenicə müstəqillik qazanmış, iqtisadiyyatı zəif, ordusuz, silahsız özünümüdafiəmiz.
Filologiya elmləri doktoru, tənqidçi-ədəbiyyatşünas alim Elnarə Akimova qeyd edir ki, "əslində, yaradıcılıq prosesi heş vaxt adi, sakit ahəngdə təzahür etmir, onun yolu həmişə əzablı və ağrılı ovqatla müşayiət olunur. Sadəcə, cəmiyyətin öz durumu dəyişəndə, millət tarixi sınaqla üz-üzə qalanda ədəbiyyatın məsuliyyət yükü daha da ağırlaşır. O, bütünlüklə özünü hakim olaylara kökləməyə, vətəndaşlıq, ziyalılıq pafosunu mühiti sarmış olan neqativ hallar, faci gerçəkliklər əleyhinə qaldırmağa səfərbər edir. Yəni xalqla, millətlə bahəm ədəbiyyatın özü də bir növ tarixi sınaq, imtahan qarşısında qalır."
Qadın qəhrəmanlarından bəhs edərkən hər iki müharibədə Azərbaycan poeziyasında şəhidlərin həyat yoldaşları olan xanımlara da ithaf olunmuş poetik nümunələrə nəzər salmaq yerinə düşərdi. Onlardan biri Abbasağa Azərtürkün "Laçın ağlatdı məni", digəri isə A.Mustafanın "Qayıdacam, gözlə məni" şeirləridir. 90-cı illərin əvvəllərində döyüşdə şəhid olmuş oğulların həyat yoldaşlarına müraciət edən Azərtürk yazırdı:
Qara örpəkli gəlin, itkin ağırdır, qanıram,
Çəkdiyin dərdlərə mən özümü ortaq sanıram.
Qara örpəkdə səni hər görəndə odlanıram,
Qara örpəkdən əzəl ağ saçın ağlatdı məni.
Bu misralar sanki kədərdən qurulmuş qəsrdir. Lirik qəhramanın keçirdiyi hiss-həyəcan gənc gəlinin dərdləri ilə bərabər biçimdə əks olunur. Şairin yaratdığı möhtəşəm antiteza, yəni "qara yaylıq", "ağ saçlar" ifadəsində, bu rənglərin simvolikasında insan taleyinin dərdi-kədəri yaşanır. Şeir nə qədər pessimist olsa da, öz dövrünün reallıqlarını ehtiva edir, yaşanmışları unutmamağa səsləyir:
Xisləti yırtıcı düşmən üzünü qan ilə yu,
Həmişə qanlar içibsən, nə gərəkdir sənə su.
Ağdamı odlara yaxdın, məni yandırsa da bu,
Şəhid alnında çəkilmiş xaçın ağlatdı məni.
Bəlkə də o dövrün şairlərində ruh düşkünlüyünü görən yazıçı Seyran Səxavət Qarabağ alınmayana qədər Qarabağ haqqında yazmamağı tövsiyyə edirdi. Lakin 30 ilə yaxın həsrət hissi, xalqımızın mübarizlik əzmi Qarabağ uğrunda döyüşlərə canatmanı bir gün də olsun soyumağa imkan vermədi. 20 faizdən artıq işğal olunmuş torpaqlarımız, nigaran ruhlu şəhidlərmiz unudulmadı. Azərbaycan xalqı öz döyüş ruhunu sınmağa qoymadı, bir gün mütləq Qələbəyə inamını itirmədi. Rüstəm Behrudinin qeyd etdiyi kimi:
"Biz müharibəni yox, savaşı uduzmuşuq. Son döyüş qabaqdadır".
Həqiqətən də, son döyüş və tarixi qayıdış oldu. Hər yazılan sətirdə işıq-nur, gələcəyə ümid, əbədiyyət səsləri ifadə olundu, eyni mövzu Zəfər əhvalı, Qələbə sevinci misralarda şəhadətə qovuşanın da, şəhid verənin də dilində xoş nəğməyə döndü. Qələbə müjdəli şeirlər yarandı. Ürəyi sevincli, gözləri yaşlı sətirlər dillər əzbəri oldu.
Məsələn, Mahirə Nağıqızının "Şəhid anasına məktub" şeiri iki qadının iç duyğularının harmoniyasından ibarət sənət nümunəsidir. Burada nə təəccüb, nə heyranlıq var. Başdan ayağa doğma, tanış hisslərin tərənnümü hökm sürür. "Şəhid anasına məktub" şeiri məktubdan çox dünyagörmüş, bir ağbirçəyin şəhid anasını oxşamasıdır. Şeirin ilk misralarından ana dərdini duyan, kədərini onunla birgə çəkən, taleyini öz taleyi ilə eyniləşdirən lirik qəhramanı eşidirik. Bu lirik qəhrəmanın dərd yükü şəhid anasının yükü qədər ağırdır.
Duyuram ağrını, çəkilənləri,
Hansı yük düşübdür zərif çiyninə.
Bir ana qəlbinə əkilənləri,
Ancaq qəlbin bilər, danışar sənə.
Şair "qəlbin bilər, danışar sənə" deyərkən özünü də o qəlbin bir parçası hesab edir. Bütün olanları elə təsvir edir ki, sanki hadisələrin içində ana ilə bərabər addımlayır və hələ bundan sonra çəkəcəyi dərdlərdan öncədən xəbərdar edir. Mahirə Nağıqızının lirik qəhrəmanı taleyinin sınaqlarından çıxmış, bu gün ananın çəkdiyi acıların bütün sirrlərinə bələd müdrik bir obrazdır. O, bilir ki, ananın tutduğu yas el yasından fərqlidir. Ona görə də "şəhid balası ilə tək danışmağı", "gizli tutduğu oğul yasını", "ürəyindəki qoşduğu balasına yaraşan oxşamasını" özünəməxsus tərzdə əzizləyir:
Yadına salarsan ağri, sızıyla
Dönüb, keçənlərin hər saatına
Gözaltı etdiyin qonşu qızıyla,
Tamaşa edərsən toy-büsatına.
Burada şəhidin özü yox, onun anasının çəkdiyi iztirablar səslənir. Bu toy-büsatda şairin yaratdığı bəy portreti imaqinasiya termininin canlı nümunəsidir. O, sətirdən-sətirə şəhid övladı ilğımlar içindən alaraq ona real həyatda əbədiyaşarlıq statusu verir və irrasionallığı rasionallıqla paralel təqdim edir. Hər şey ana xəyallarının içində çövlan edir:
Arzular dillənər gələn savaşda,
Nəğmə istəyərlər, nəğmələr xası.
Oturur məclisdə, yuxarı başda,
O balan əynində şəhid libası.
Mahiyyətcə böyük olan bu şeiri bədii məna strukturuna görə iki hissəyə ayırsaq səhv etmərik. Şeirin ilk dörd misrasında ana bir el ağbirçəyinin dili ilə oxşanır, dərdi, xəyalları, arzuları əzizlənir. Növbəti üç misrada isə həmin el ağbirçəyinin dili ilə təsəlli verilir:
İllər dəyişəcək, zaman keçəcək,
An ana calanar dönər keçmişə.
Nəsillər dəyişər, vaxt dəyişəcək,
Dəyişməz qalacaq balan həmişə.
Azərbaycan mentalitetinin nəsillərdən-nəsillərə ötürülən yazılmayan qanunları var. O qanunladan biri ağsaqqalın, ağbirçəyin məsləhətinə qulaq asıb əməl etməkdir. Bu şeirdə də ağbirçək təsəllisi və məsləhəti bütün şəhid analarının yanan ürəyinə səpilən su kimidir:
Bu cavan yaşında ağaclar əkdi,
Qanıyla suvardı-bitən göyərsin.
Xalqın namusunu, arını çəkdi.
Təkim, üzü gülsün,Vətən göyərsin.
"Vətən göyərdən" oğulların analarına verilən ən böyük təsəlli bu misralarda Mahirə Nağıqızının dilindən səmimiyyətlə səslənir.
44 günlük müharibə bizə tək Qələbə sevincini yaşatmadı, həm də müharibə mövzusuna daha həssas münasibət göstərməyi, müharibə qəhrəmanlarının həyatını təcəssüm etməyi qarşımıza borc kimi qoydu. Yəqin ki, bundan sonra yaranacaq "Zəfər ədəbiyyatı"nın səhifələrində möhtəşəm Qələbəni bizə yaşadan nur üzlü şəhidlərimizin və qazi olmuş oğullarımızın, eləcə də bu oğulları dünyaya gətirən Anaların obrazları da yer alacaq.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!