Ədəbiyyatda Ali Baş Komandan - Tehran ƏLİŞANOĞLU

Tehran ƏLİŞANOĞLU

 

Bu gün şeirim, sözüm,

hecam, qafiyəm - İlhamdır!

Qarabağ - Azərbaycandır!

"Qarabağnamə"m - İlhamdır!

(Nəriman Həsənzadə, Ədəbiyyat qəzeti, 27 fevral, 2021)

 

"Deyirlər, Qələbənin çoxlu atası olur, məğlubiyyət yetimdir. Bizim otuz il bundan qabaqkı məğlubiyyətimizin "ataları" çox idi, amma bugünkü şanlı zəfərimizin atası birdir - İlham Heydər oğlu Əliyev". (Azərbaycan Yazıçılar Birliyinin "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına" ünvanladığı 1 dekabr 2020-ci il tarixli təbriknaməsindən. - Ədəbiyyat qəzeti, 5 dekabr 2020)

 

"Azərbaycanı bəlalardan qurtaran ulu öndərin oğlu, Qarabağ zəfərinin atası, qəhrəman ordumuzun Ali Baş Komandanı, ərazi bütövlüyü bərpa olunmuş Vətənimizin hörmətli Prezidenti, böyük, tarixi qələbəmiz münasibətilə Sizi təbrik edir və təşəkkürümüzü bildiririk.

Biz sözlə işləyən yazıçılar bu gün sevincimizi, fərəhimizi ifadə etməyə söz tapmırıq. Eşq olsun Müzəffər Ordumuza! Var olsun xalqımız. Qarabağ bizimdir, bizim qalacaq. Qarabağ Azərbaycandır!

Hörmətlə,

Yazıçılar Birliyinin sədri: Anar

I katib: Fikrət Qoca

Katiblər: Çingiz Abdullayev, Rəşad Məcid, İlqar Fəhmi. 10 noyabr 2020"

(Ədəbiyyat qəzeti, 14 noyabr 2020)

 

***

Ali Baş Komandan obrazı ədəbiyyatımıza 2016-cı ilin Aprel döyüşləri ilə gəldi:

 

Milyonlar ayaqdadır, milyonlar hazır durub,

Milyonlar qurban gedir o günün gəlməsinə.

Azərbaycan - çırpınan əlli milyon Nidadır

Ali Baş Komandanın bir "Hücum" kəlməsinə!

(Arzu Əsəd, "Və Nida". Bakı, "Elm və təhsil", 2020, s. 6)

 

Gəldi və tüm Millət, Cəmiyyət, o cümlədən Ədəbiyyat əmrinə müntəzir oldu:

 

Ali Baş Komandanım!

Əmrinə müntəzirik...

(Ənvər Əhməd, ƏQ, 10 oktyabr 2020)

 

Şairlər səf-səf düzüldü:

 

...hücum əmri eşidirəm

"Vur" əmri verdi Komutanım -

"Gedək Qarabağa!"

(Mahirə Abdulla, ƏQ, 10 oktyabr 2020)

Yer üzünə sığa bilməz

Qarabağsız dərdim mənim,

Artıq Ali Baş Komandan

Əmr eləyib,

Onu dərddən qurtarmağa...

(Zeynal Vəfa, ƏQ,17 oktyabr 2020)

 

Baş Komandan verdi hücum əmrini,

Döyüşə qaldırdı öz ləşgərini...

(Şöhlət Əfşar, ƏQ, 31 oktyabr 2020)

 

Dur ayağa, yetər artıq,

Dur, Azərbaycan əsgəri.

Baş Komandan əmr verdi,

"Vur, Azərbaycan əsgəri!"...

(Elşad Barat, ƏQ, 18 sentyabr, 2021)

 

Əmrindən güc aldın Baş Komandanın,

Zəfərin mübarək, komandir oğlum!

(Nəzakət Məmmədli, ƏQ, 31 oktyabr 2020)

 

Vur əmrin dur əmri əvəz etməsin,

Haqçün axan qanlar hədər getməsin...

(Elnur Uğur, ƏQ, 24 oktyabr 2020)

 

Və Ali Baş Komandan komutan oldu:

 

Vur, əsgərim, vur! - deyə

                        əmr eləyir Komandan...

(Sabir Rüstəmxanlı, "Qarabağa dönüş" poemasından - ƏQ, 24 dekabr 2020)

 

Hər sözünə deyirik: "Bəli!" Baş Komandanım!

Hər əmrinə hazırıq Ali Baş Komandanım!

(Barat Vüsal, "Ali Baş Komandana" - ƏQ, 13 mart 2021)

 

...Zabitlər çıxmaz əmrdən,

Yumruğun var dəmirdən,

Ali Baş Komandanım!

(Abuzər Turan, "Zəfər nəğməsi"

poemasından - ƏQ, 24 dekabr 2020)

 

Əmrinə müntəzirdir Azərbaycan Ordusu,

Halal olsun deyirəm Sənə bu torpaq, bu su,

Ananın südü kimi, atanın çörəyitək

Qarabağ üzərində dalğalansın bayrağın

Ana Azərbaycanın, Ata Azərbaycanın

                        döyünən ürəyitək

Ali Baş Komandanım...

(Vaqif Aslan, ƏQ, 10 oktyabr 2020)

 

Müharibə dövrlərində, görünür ki, elə belə də olur: "Prezident çıxışları da Ədəbiyyatdır. Sözün gur səsləndiyi, özü olduğu Ədəbiyyat. İctimai şüuru bir nöqtəyə cəmləyən, səfərbər və ifadə edən Ədəbiyyat..."

(T.Əlişanoğlu, "Qalibiyyət və ədəbiyyatın dərsləri" - ƏQ, 12 dekabr 2020)

 

27 sentyabr - 10 noyabr 2020, 44 günlük Vətən müharibəsi zamanı, Ali Baş Komandan Obrazını topluma, millətə və dünyaya səslənən çıxışlarında Ali Komutanın özündən gözəl, özəl, əzəl göstərən, təqdim edən, yaradan olmadı; həm ingilis, ərəb, fransız, alman, ispan, italyan, türk və rus dillərində, Dünya və Millət dilində. "Həmişə vaxtında deyilmiş, kifayət qədər mürəkkəb hadisələrin, gərgin, qaynar, hər cəhətdən sürəkli (və ideoloji ehtiraslarla zəngin) proseslərin mahiyyətini böyük analitik istedad (və intellektlə) şərh edən, başlıcası isə Azərbaycan xalqının iradəsini bütün təfsilatı ilə əks etdirməyin parlaq ifadəsi olaraq ortaya çıxan bu möhtəşəm Söz..." Bu Sözü "tarixi qələbəmizi heç kimin təsəvvür edə bilməyəcəyi layihə gücündə həyata keçirən bir Lider işlətdi - Sözümüzün Ali Baş Komandanı!.."

(Nizami Cəfərov, "Sözümüzün Ali Baş Komandanı" - ƏQ, 14 noyabr 2020)

 

Millət bu dövrdə rəhbərini heç olmadığı qədər məğrur görür, tanıyır: "Müstəqillik mentaliteti və statusunu həmişə uca tutub qoruyan Ali Baş Komandan İlham Əliyevin bu gün dünyanın gözü qarşısında nümayiş etdirdiyi məğrur lider obrazı isə onun məqsəd və mövqeyinə real-əməli mündəricə qazandıran əsas rəmzlərdən oldu..."

(Elnarə Akimova, "Yalnız Qarabağ uğrunda". - ƏQ, 3 oktyabr 2020)

 

Çün: "Ötən əsrin 90-cı illərində ona görə uduzmuşduq ki, Qarabağ savaşını Vətən və xalq müharibəsinə çevirə bilməmişdik. Ali Baş Komandan İlham Əliyevin gücü onda oldu ki, məhz bu amili nəzərə aldı, milləti milli-diplomatik səriştə, peşəkar və ali mənəvi-əxlaqi təməllər üzərində savaş hərəkatına hazırladı..."

(Elnarə Akimova, "Şuşada azan səsi". - ƏQ, 14 noyabr 2020)

 

"Dünya şahmat taxtasıdır. Azərbaycan dünyada öz gedişini etdi. Azərbaycan gedişi! Bunun adı xalq, ordu, rəhbər birliyidir!"

(Nərgiz İsmayılova, "Doğma Qarabağımıza qayıdırıq!". -  ƏQ, 14 noyabr 2020)

 

"Bir sözlə, Qarabağ uğrunda böyük qələbə Prezident, Ali Baş Komandan İlham Əliyevin planetar miqyaslı informasiya cəbhəsində, siyasət meydanında qazandığı böyük uğurdan, ciddi taktiki və strateji qələbədən başladı..."

(Sadıq Elcanlı, "Müqəddəs qələbəyə and içirəm". - ƏQ, 31 oktyabr 2020)

 

"Gerçəkdən də Ali Baş Komandanın parlaq strategiyası - onun şəhər və kəndlərimiz işğaldan azad edildikcə, hər bir qələbə aktını tarix və müasirliyin vəhdətində, regional və beynəlxalq siyasətin kontekstində, real proseslərin axarında, əldə olunmuş nəticənin əsl dəyərində, hər cür polemikanın "alfa" mövqeyində qiymətləndirərək yüksək məntiq və siyasi-diplomatik məharətlə şərh etməsi bu müharibəni ermənilər üçün xaos, azərbaycanlılar üçün harmoniya başlanğıcına çevirirdi..."

(Rahid Ulusel, "Vətən müharibəsi və ədəbiyyatımız". - ƏQ, 25 sentyabr 2021)

 

Şair deyir:

 

Birləşdik ən ağır dərdi-sərdə biz,

Birlikdə güclüyük xeyir-şərdə biz.

Ali rəhbərimiz, Baş sərkərdəmiz

sadiqdi andına, sözünə şükür...

(Kəmaləddin Qədim, ƏQ, 12 dekabr 2020)

 

Ədəbiyyata Ali Baş Komandan Vətən müharibəsinin ilk günündən, təbii-stixiyalı, qədəmbəqədəm yeriyir; hisslərə-emosiyalara, coşqu və şüurlara hakim kəsilir. Şairlər hər şeydən ziyadə bu missiyanı əzilmiş ruhun oyanışında, təbii, stixiyalı Kişilik kultunun, qətiyyət, cəsarət, ərənlik keyfiyyətlərinin, "kişilik istedadı"nın baş qaldırmasında, özünü-ifadəsində görür, arayırlar: 

Sən kişilik qeyrəti

Göstərdin millətinə.

Qovuşdun elə bil ki,

Yurd-yuva cənnətinə

Ali Baş Komandanım...

(Ənvər Əhməd, ƏQ, 10 oktyabr 2020)

 

Ali Baş Komandan dəmir yumruğun

düşmənin başına vuran kişidi,

millət, Prezidentin - arxan, dayağın,

Sözünün üstündə duran kişidi!

(Vahid Əziz, ƏQ 16 yanvar 2021)

 

"Dəmir yumruq" - bu gözəl söz

El-obanın dilindədir.

Dəmir yumruq dəmir kimi

Bir kişinin əlindədir..."

(Zahid Xəlil, ƏQ, 21 noyabr 2020)

 

Ali Baş Komandan, Heydərin oğlu!

Əsrin savaşını aparan kişi,

Yurdunu dünyaya tanıdan kişi...

(Şahnaz Şahin, ƏQ, 28 may 2021)

 

"Fərqindəyəm, Cəsarət və Kişilik istedadının bütün dünyaya görk edəcəyi müjdəni bəkləyirəm. Fərqindəyəm, o müjdə xəbəri bax elə bu saat, bu dəqiqə, bu saniyə Ali Baş Komandanımızın dilindən səslənəcək!.. Ruhu şad olacaq Qoç Koroğlunun! Babək qılıncına xəbər yetəcək..."

(Sərvaz Hüseynoğlu, "Gəlsin gəlməli Müjdə, yaxud eşq olsun Cəsarət istedadına". - ƏQ, 7 noyabr 2020)

 

Abuzər Turanın oynaq xalq ruhunda qələmə aldığı lirik poemada "kişilik" məfhumu iki fərqli çalarda səslənir. Adi xalq müraciəti forması kimi, dağı dağdan endirir:

 

Sağ olsun Putin kişi,

Ağılla tutdu işi...

 

Və əksinə, ərənlik keyfiyyəti kimi, ucaldır:

 

Erməniyə dağ basan,

Üç Kişiyə can qurban,

Abuzər sizə heyran:

İlham, Tayyib, İmran Xan!"

(Abuzər Turan, "Zəfər nəğməsi" - ƏQ, 13 fevral 2021)

 

Ədiblər bu yüksəlişi milli-tarixi enerjinin oyanışına yozur və yazır: "Qədim türk dilində gözəl bir ifadə var - Eltəriş. Bu adı səpələnmiş yurdları bir mərkəz ətrafında birləşdirib dövlət quran xaqanlara verərdilər. Didilib-dağılmış Azərbaycan yurdlarını bir dəfə dərləyib dövlət qurmaq missiyası Şah İsmayılın üzərinə düşmüşdü. O bunu elədi. Mən həmişə belə hesab etmişəm ki, özünü 50 milyon azərbaycanlının Başqanı sayan İlham Əliyev də belə bir missiya ilə görəvlidir...

 

Bizim İlham xaqanımız eltəriş,

Türk elini toplamağa gəlmişik

Qızıl alma Bakıdadır, bunu bil,

Tanrı eli ülkümüzdən doğacaq.

Qəhrəmanlıq göydən gələr Qurd ilən,

Pozulmayan ülkümüz var yurd ilən..."

(Elxan Zal Qaraxanlı, "Ülkümüzün Qarabağ səhifəsi". - ƏQ, 3 oktyabr 2020)

Elxan Zal Qaraxanlının Qələbə ilində bir-birinin ardınca düzdüyü Qarabağ oçerklərində ("Ülkümüzün Qarabağ səhifəsi". - ƏQ, 3 oktyabr 2020; "Qarabağda Səlcuq şikəstəsi". - ƏQ, 31 oktyabr 2020; "Yolunuz açıq olsun, cənab İlham Əliyev!". - ƏQ, 24 dekabr 2020; "Şuşa - Pənahəlidən İlham Əliyevə qədər". - ƏQ, 19 iyun 2021; "Şuşa düşüncələri". - ƏQ, 4 sentyabr 2021) Ali Baş Komandanımız tarixin "2200 il dərini, Xaqan Metedən", "Göy Türk, Xəzər, Səlcuq, Osmanlı ənənələri"ndən, "Şah İsmayıl qutu", "Səlcuq şikəstəsi", "Koroğlu cəngisi", "Qarabağ şikəstəsi"ndən keçərək, gəlib "Turan qapısı"nı açır:

"Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev - iki böyük öndər. Tanrının inayəti ilə onlar hər ikisi demək olar ki, eyni zamanda, Türk əsrinin lap əvvəlində dövlət başına gəldilər. Əsrin Türk əsrinə dönməsinin təməlini qoymaq üçün gəldilər. Aram-aram, türk hökmdarlarına layiq bir hövsələ ilə məmləkətlərini gəlişdirdilər, camaatlarını hazırladılar və böyük zəfərlərin təməlini qoydular. Bu zəfər böyük bir yolun başlanğıcıdır, Turan yolunun!"

(E.Z.Qaraxanlı, "Qarabağda Səlcuq şikəstəsi". - ƏQ, 31 oktyabr 2020)

 

Bu ki:

 

Allahın nəzərləri üzərinə enibdir,

Səndə qədim türklərin ruhu təzələnibdir,

Millətimin dilində adın əzizlənibdir,

Dünyaya tarix dərsin yenidən oxudanım,

Ali Baş Komandanım!

(Cavidə Məmmədova, "Ali Baş Komandanım". - ƏQ, 21 noyabr 2020)

 

"Turan qapısı" anısını Əlibəy Hüseynzadənin 1915-ci ildə Çanakkala döyüşünə ithafən yazdığı şeirdən günümüzə Azər Turan iqtibas edir və ardıcıl Qarabağ esselərində ("Burası Turan qapısı" - ƏQ, 3 oktyabr 2020; "Salam Türkün Bayrağına və yaxud dağılan erməni mifi" - ƏQ, 24 oktyabr 2020; "Tanrının evi - Türk Qarabağ və Bir hilal uğruna batan günəşlər". - ƏQ, 14 noyabr 2020; "Zəfər paradı və Nihal Atsız". - ƏQ, 12 dekabr 2020; "9-luq". - ƏQ, 24 dekabr 2020; "Görmədim"dən başlayan estetik qürub". -ƏQ, 3 aprel 2021; "İstanbulun fəthi, Amerikanın kəşfi, qızıldərililərin soyqırımı..." - ƏQ, 1 may 2021) Ali Baş Komandanın Zəfər dastanı səhifələrinə Türkün ulu tarixindən dürüst, hər dəfə hədəfi vuran sərrast analogiyalar gətirir:

"Bu mənada İlham Əliyevi yalnız Alparslan, Fateh, Ənvər paşa və Atatürklə müqayisə etmək olar. Hətta savaş üslubları, savaş ritorikaları da bəzən üst-üstə düşür. Sakarya müharibəsi zamanı "Səddi-müdafiə yoxdur, səddi-vətən vardır" deyən Atatürk kimi, İlham Əliyev də "status-kvo yoxdur, təmas xətti yoxdur, onu biz ləğv etdik" deyir"

(Azər Turan, "Salam Türkün Bayrağına və yaxud dağılan erməni mifi" - ƏQ, 24 oktyabr 2020)

Həm "ilkləri" vurğulamaqla: "Üçrəngli bayrağımız nə 1918-ci ildə, nə də 1992-ci ilə qədər Qarabağda dalğalanmayıb. Buna tarixi fürsətimiz olmayıb. İndi o ilk dəfədir ki, Qarabağ səmasında dalğalanır. Bəlkə də yüz ildən çoxdur ki, Şuşa məscidinin minarəsində azan verilmirdi. İlk dəfədir ki, Gövhər Ağa məscidinin minarəsindən azan səsi eşidilir..."

(Azər Turan, "Tanrının evi - Türk Qarabağ və Bir hilal uğruna batan günəşlər". - ƏQ, 14 noyabr 2020)

 

Tarixi analogiyalardan poeziya da qaçınmır. Hünəri göstərməyin ən bariz, əyani üsulu, görünür ki, elə budur:

 

...İlbilgə xatun Mehriban,

Bilgə kağanımız İlham olsun!

Qazilərimizə ehtiram,

Dost ellərə salam olsun!

(Əsəd Cahangir, "Xarıgülnar". - ƏQ, 22 may 2021)

 

Siz olduz tarix yazan

İlham ilə Ərdoğan.

Sizinlədi ruhları

Atatürklə Heydərin

Türkün uğurlarına

Gök üzündə sevinir.

Gürşad, Mete, Oğuz xan

İlham ilə Ərdoğan.

(Seymur Şeydayev, ƏQ, 14 noyabr 2020)

 

Xətai amalı bu gün oyaqdır,

Nadirin əməli bu gün dayaqdır,

İlhamın təməli bu gün mayakdır!

Yeni çağ başladır xan Azərbaycan!

Türkiyə, Pakistan, can Azərbaycan!

(Zaur Ustac, ƏQ, 25 sentyabr 2021)

 

Şah İsmayıl - Sultan Səlimdən ən nəhayət itələnib, Ali Baş Komandan yeni tarix başlatır: "Və gün gəldi. Heydər oğlu İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan türk törəsinin və ümmət qayəsinin Sultan Səlim və Şah İsmayıldan başlayan pozğunluğuna son qoydular. Qəflət yuxusunda yağı pəncəsi altında inləyən İslam ümmətinə örnək göstərdilər..."

(Elxan Zal Qaraxanlı, "Ülkümüzün

Qarabağ səhifəsi". - ƏQ, 3 oktyabr, 2020)

 

Ali Baş Komandan Tarix yazır: "Bizim günlərdə yalnız Ordumuzun deyil, Milli ruhumuzun da Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə bütün dünyanın gözləri qarşısında Azərbaycan xalqının yeni tarixi yaradılır..."

(Nizami Cəfərov, "İrəvan". - ƏQ,

7 noyabr 2020)

 

...Tarixin yaddaşına

Tarix yazan sərkərdəmiz!

Hər sözündə, kəlməsində

Ümid var, qətiyyət var,

Məğrur baxışlarında

Sevgi var, ləyaqət var.

Düz yolu - Heydər yolu,

Öz yolu - Heydər yolu.

Ulu öndərin oğlu

Ucaldır hürr səsini.

(Adil Şirin, ƏQ, 17 oktyabr 2020)

Bu, başqa bir yol deyildir, həmincə tarixi analogiyaların davamında gələn "Ulu Öndər yolu"dur.

 

Qəlbən xəbərdaram el sevgisindən -

millət "Heydər" deyib, "İlham" eşidib,

ruhu bağışlayar Öndərin, desəm:

"Atadan bir addım da irəli gedib!"

(Vahid Əziz,"Ali Baş Komandan". - ƏQ, 21 noyabr 2020)

 

Tarixi yaddaşla yanaşı, poetik ilham da ekzistensial "Öndər oğlu - Heydər yolu" motivi-ideyası-qafiyəsi üzərində məxsusən israrlı, yekdildir. Belə:

 

O hər kəsin dostudu,

Xalqın qəhrəmanıdır.

Hər kəsin Prezidenti

İlham Heydər oğludu!

Ulu öndər oğludu!..

...Yolu öndər yoludu!"

(Fikrət Qoca, "İlham Heydər oğludu!" - ƏQ, 24 oktyabr 2020)

 

Ulu öndər balası,

Elin qeyrət qalası,

Yağıdan öc alası,

Tarixə ad salası

Ali Baş Komandanım!

(Abuzər Turan, "Ali Baş

Komandanım". - ƏQ, 24 dekabr 2020)

 

...Sən oğlu deyilsənmiş təkcə ulu öndərin,

Ey bu xalqın, millətin oğlu -

                        Baş Komandanım,

Hər əmrinə hazırıq, Ali Baş Komandanım!

(Barat Vüsal, "Ali Baş Komandana". - ƏQ, 13 mart 2021)

 

Bu yol Heydər yoludur, ona bayraqdar oldun,

Həm oğul, həm vətəndaş,

            həm də Komandan oldun,

Qələbəylə, zəfərlə bu əsrə imza qoydun.

Dünyanın tarixində yeni səhifə açanım,

Ali Baş Komandanım!

(Cavidə Məmmədova,"Ali Baş

Komandanım". -  ƏQ, 21 noyabr 2020)

 

Yaxud belə, hamılıqla:

 

Ali Baş Komandanım,

İndi sən hamınınsan.

Rəssam fırçasınınsan,

Şair ilhamınınsan...

(Musa Ələkbərli - ƏQ,

24 aprel 2021)

 

Sən göyün oğlusan, sən yerin oğlu,

Xoş xəbər gətirən səhərin oğlu.

Sınmaz Ulu Öndər Heydərin oğlu,

Ali Baş Komandan, var ol, min yaşa...

(Fəxrəddin Teyyub, ƏQ,

7 noyabr 2020)

 

Adınla başlanır qeyrət dastanım,

Min yaşa, müzəffər Baş Komandanım!..

 

Sərkərdə oğlusan Dədə Heydərin,

Cürətin yenilməz, hikmətin dərin...

...Arzu yollarımda ümid sarvanım...

Tanıtdın cahana öz ünvanını,

Yaşatdın millətə zəfər anını.

Üçrəngli bayrağım öpür alnını,

Adınla öyünür Azərbaycanım,

Min yaşa, müzəffər Baş Komandanım!

(Balayar Sadiq, ƏQ,

7 noyabr 2020)

 

Baş Komandan - Heydəroğlu

Qarabağa cızıb yolu.

Bayrağımız sağı-solu,

Yollar nura boyanıbdı...

(Əbülfəz Muxtaroğlu, ƏQ,

24 oktyabr 2020)

 

Ali Baş Komandanım, yaşa var ol, yüz yaşa!

Saldığın zəfər yolu tamaşadır, tamaşa,

Bu yolu tutmalıyıq başdan-başa qumaşa,

Bu yol ata arzusu - bu yol Öndər yoludur,

Bu yol Şuşaya gedir, bu yol Zəfər yoludur!

(Asim Yadigar, ƏQ,

18 sentyabr 2021)

 

***

Ali Baş Komandanın 2020-ci ilin sentyabr-noyabrında başlatdığı Vətən müharibəsi - Müqəddəs savaşımızdır. "30 ildir Qarabağda savaş gedir. Amma bu savaş Vətən müharibəsi - Qurtuluş savaşı müstəvisinə indi keçdi. Ali Baş Komandan İlham Əliyev savaş əmrini "Qarabağ Azərbaycandır və nida!" hökmü ilə verdi. Millətimizin ruhunu bayraq kimi dalğalandıran bu sözlər müqəddəs Azərbaycan kitabının son savaş ayəsidir: "Qarabağ Azərbaycandır və nida!"

(Azər Turan, "Burası Turan qapısı". - ƏQ, 3 oktyabr 2020)

 

Biz nöqtə yox, nida qoyduq,

Bu, Qələbə nişanıdır!!!

(Musa Ələkbərli, ƏQ,

10 oktyabr 2020)

 

"Ayə" sözünün özü müqəddəsliyə işarədir. Elxan Zal Qaraxanlı bir silsilə şeirini "Savaş ayələri" adlandırır. ("Qarabağda yeni tarix yazılır. Savaş ayələrindən seçmələr". - ƏQ, 17 oktyabr 2020):

 

Gözəldir savaş tamı,

Bu yurdun var İlhamı... 

 

Rüstəm Kamal "xalqımızın Qarabağla bağlı ekzistensial təcrübəsi"ndən söz açan məqaləsini "Müqəddəs savaşımız və sözümüz" adlandırır; başqa bir yazıda müqəddəsliyə dalır və arzu edir: "Bu gün Ali Baş Komandan, Prezident İlham Əliyev müqəddəs savaşımızla yalnız torpaqlarımızı deyil, adlarımızı da azad edir, yerinə qaytarır. - Suqovuşan, Çinarlı... Ümid edirəm ki, Pənah xanın müqəddəs adı da qayıdacaq və şəhər əbədi xoşbəxt taleyinə qovuşacaqdır..."

(Rüstəm Kamal, "Pənah xanın ruhu". - ƏQ, 24 oktyabr 2020)

 

Abuzər Turan "Zəfər nəğməsi" lirik poemasında "müqəddəs qalib üçlük" ifadəsini işlətdi və populyarlaşdırdı:

 

Abuzərəm, dastanım

Sona çatdı, ay canım,

Var olun, qəhrəmanım:

İlham, Tayyib, İmranım,

Müqəddəs Qalib Üçlük!

(Abuzər Turan, "Müqəddəs Qalib

Üçlük". - ƏQ, 6 mart 2021)

 

Akademik İsa Həbibbəylinin fikrincə: "Müqəddəs Qalib Üçlük" anlayışı Abuzər Turanın bədii kəşfi, xalqlar və dövlətlərarası qarşılıqlı etimadın poetik düsturudur..."

(İsa Həbibbəyli, "Böyük Zəfərin poetik dastanı". - ƏQ, 24 aprel 2021)

 

Ali Baş Komandan məqamının və məramının özü müqəddəsdir, qutludur:

 

...dözməzdi Türk dünyası,

                        Türk qeyrəti, Türk övkəsi,

dözməzdi Azərbaycan ordusu,

                        Azərbaycan ölkəsi,

dözməzdi bu elin adı-sanı,

müqəddəs bir ad daşıyan

Ali Baş Komandanı!

(Əhməd Qəşəmoğlu, ƏQ,

5 dekabr 2020)

 

Müqəddəs savaşımızda ədəbiyyat Ali Baş Komandanı fateh kimi tanıdı; doğma torpaqların yox ki, qəlblərin, arzuların, xəyalların fatehi, türk ruhunun fatehi:

"Qarabağda yeni tarix yazılır. Şanlı ordu qorxu yeyən düşməni döyə-döyə, xınca-xınca yürüyür. Bu ordu nə böyük ordudur, bu Komandan nə böyük Komandandır..."

(E.Z.Qaraxanlı, "Qarabağda yeni tarix yazılır. Savaş ayələrindən".- ƏQ,

17 oktyabr 2020)

 

...Əmr varmı olmasın sənin əmrinə bağlı,

Sərkərdəlik elmindən hali, Baş Komandanım!

Hər əmrinə hazırıq Ali Baş Komandanım!

(Barat Vüsal, "Ali Baş Komandana" - ƏQ, 13 mart 2021)

 

Bu mübarək yerişin, bu duruşun mübarək,

Bu ləngərin, səngərin, bu vuruşun mübarək,

Ali Baş Komandanım...

(Vaqif  Aslan, ƏQ,

10 oktyabr 2020)

 

Ali Baş Komandan vuran qolumuz,

Amalımız bəlli, haqdır yolumuz...

(Şövkət Zərin Horovlu, ƏQ,

10 oktyabr 2020)

 

Allah güc-qüvvət versin, mənim haqq savaşıma,

Ali Baş Komandanım "irəli" deyir ancaq...

(Ağacəfər Həsənli, ƏQ,

31 oktyabr 2020)

 

Arxanda dayanıbdı o Ali Baş Komandan,

Hər addımı qətiyyət, hər addımı cəsarət!

Millətin ruh bayrağı, bayraqdarı da odur,

Odur Haqqın haqq səsi, o səsdə ulu qeyrət...

(Xanəli Kərimli, ƏQ,

10 oktyabr 2020)

 

Ali Baş Komandanım elin bayraqdarıdır!

Yolumuz haqqa doğru, zəfərlərə sarıdır!

Bayrağım millətimin, ölkəmin vüqarıdır!..

(Güləmail Murad, ƏQ,

10 iyul 2021)

 

Ali Baş Komandan qürurla bu dəm

Çevrilib üz tutdu Xudafərinə.

Bizim gözümüzdə dəyişdi aləm

Dilimiz çevrildi min afərinə...

(Vaqif Aslan, ƏQ,

12 dekabr 2020)

 

Sən başdan-ayağa qürursan, qürur,

Sən ey komutanı Tanrıkut əsgər!

(İbrahim İlyaslı, ƏQ,

24 dekabr 2020)

 

Vətən müharibəsinin hər var günü, haqq günü Ali Baş Komandan alqış yiyəsidir:

...Alqışlar, alqışlar, alqışlar ona!..

(Vaqif Aslan, ƏQ,

12 dekabr 2020)

 

Alqış qazilərin, ordumuzun,

Dağ titrədən gur səsinə.

Alqış xalqımızın, yurdumun

Alov saçan nəğməsinə, nəfəsinə,

Bu xalqın sərkərdəsinə.

İlham sənə, alqış sənə!

Böyük Azərbaycan

Qalxıb ilk pilləsinə.

Azərbaycan alqış sənə!

(Fikrət Qoca, ƏQ,

24 dekabr 2020)

 

Ramiz Duyğunun "Böyük qələbəmizin Ali Baş Komandanı" şeiri başdan-başa alqışlar üzərində köklənmişdir: "Mənim, sənin və onun Ali Baş Komandanı / Azərbaycan Ordusunun Ali Baş Komandanı!.."; "Basılmaz dövlətimin, / Minnətdar millətimin / Ali Baş Komandanı..."; "Yenilməyən xalqımın, / hüququmun, haqqımın / Ali Baş Komandanı..."; "Üçrəngli Bayrağımın, / Əbədi növrağımın / Ali Baş Komandanı..."; "Hər sözümün, şeirimin / Ali Baş Komandanı..."; "Şuşa, Laçın həsrətli sevdalı qəlbimizin / Ali Baş Qəhrəmanı! / Böyük qələbəmizin Ali Baş Komandanı!"

(Ramiz Duyğun, "Böyük qələbəmizin Ali Baş Komandanı". - ƏQ,

10 oktyabr 2020)

 

Şair "Qalibiyyət dastanı"nda yazır:

 

Nə qədər tərif yazsaq

Ali Baş Komandana,

Yenə, yenə də azdı!

Xalqımın canı, qanı!

O bu əsrin qəhrəmanı!

Şanlı tariximizdə

Yeni tarix yaratdı,

Yeni tarix də yazdı! 

(Ramiz Duyğun, "Qalibiyyət dastanı". - ƏQ, 14 noyabr 2020)

 

***

Ali Baş Komandan obrazının təntənə Zirvəsi, Zirvə görüntüsü, şəksiz ki,  Qarabağın xilaskarı, Şuşanın fatehi məqamıdır. Bu yerdə hər hansı Söz, 2020-ci il 8 noyabr günü, Şəhidlər xiyabanı, Üçrəngli bayraq, Dövlət himni, Azadlıq, müstəqillik mücahidlərinə "Əbədi məşəl" abidəsi önündə, hərbi geyimli Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandanın mücəssəm obrazı, qürur, əzəmət, qalibiyyət dolu nitqinin yanında solğun, aciz görünə bilər:

"Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir.

Əziz Şuşa, sən azadsan!

Əziz Şuşa, biz qayıtmışıq!

Əziz Şuşa, biz səni dirçəldəcəyik!

Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!"

(ƏQ, 14 noyabr 2020)

 

Bütün patetik, möhtəşəm, ictimai-siyasi məzmunlu notlarla birgə, Ali Baş Komandanın çıxışında lirik-həzin, riqqətli məqamlar da yer alır: "Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!"

(ƏQ, 14 noyabr 2020)

Ali Baş Komandanın obrazında qalib akkordlar, məğrur tonallıq, sevinc-şadyanalıq kultu hakim Səsi təmsil edir, affekt və effektlərini ədəbiyyata da sızdırır. 

 

Bükülmüşdü qəddimiz,

Ayrılığın əlindən,

Bir şad xəbər eşitdik

Komandanın dilindən...

(Rafiq Yusifoğlu, "Gözlərin aydın,

Şuşa!". - ƏQ, 5 dekabr 2020)

 

"30 ildən sonra Ali Baş Komandanın "Şuşa, sən bizimsən. Şuşa, biz qayıtdıq. Şuşa, biz səni yenidən dirçəldəcəyik" nidaları Azərbaycan poeziyasının baş mövzularından biri oldu. Misralarımızı azad Şuşa nəğmələri bəzədi..."

(Mərziyyə Nəcəfova, "Azad Şuşanın poetik ifadəsi". - ƏQ, 25 sentyabr 2021)

 

Ulu Öndər "Şuşa", - deyə

nitq eləyirdi,

- Vətən Ana həsrətidi,

Şuşa həsrəti.

- Xoşbəxtəm ki, - oğlu İlham

belə deyirdi:

- Mən yerinə yetirmişəm

bu vəsiyyəti.

Cənab Baş Komandan,

halaldı Sizə...

(Nəriman Həsənzadə, "Cənab Baş

Komandan, halaldı Sizə". - ƏQ,

15 iyun 2021)

 

Otuz ildən bir az çox

Ali Baş Komandanın nigaran ürəyində

Baharlayıb, qışlayıb.

Bu yol otuz il əvvəl,

Ali Baş Komandanın ürəyindən başlayıb,

Ürəyində yatıbdır...

(Ramiz Duyğun, ƏQ,

4 sentyabr 2021)

 

Ali Baş Komandan söylədi özü:

Salam, əziz Şuşa, biz qayıtmışıq...

(Hüseyn Bağıroğlu, ƏQ,

3 dekabr 2020)

 

Bitdi Qələbəylə hicranın sonu,

Xəbərdən bülbüllər gəldilər cuşa,

Gənclik illərində görmüşdü onu -

Səsindən tanıdı İlhamı Şuşa...

(Vahid Əziz, "Heyrət səcdəsi", ƏQ,

16 yanvar 2021)

 

Qarabağ bizim yerimiz,

Meydandayıq hər birimiz.

Baş Komandan öndərimiz,

Gəlmişəm, Şuşam, gəlmişəm,

Gəlmişik, Şuşam, gəlmişik.

(Orxan Paşa, 4 sentyabr 2021)

 

II Qarabağ müharibəsində tarixi qələbənin hüdudları işğal altındakı torpaqların yenidən-fəthi ilə bitmir, Ali Baş Komandanın mənəvi xilaskarlıq missiyası üzərinə, ikiqat dəyərlənir:

"Eyni vaxtda paytaxtda alman jurnalist ordumuzun sərkərdəsinə: -Şuşa sizin üçün bu qədərmi qiymətlidir? - deyəndə Ali Baş Komandan əsgərlərin cəbhədə düşmənə verdiyi eyni cavabı verdi: -Bəli, Şuşa bizim üçün heysiyyat, qürur məsələsidir..."

(Aygün Bağırlı, "Möcüzəli və saf Şuşa". - ƏQ, 14 oktyabr 2020)

 

Cənab İlham Əliyev...

Geydi döyüş paltarın

Sıyrıldı qılınc kimi.

Qoymadı Qarabağı

Qalsın bir qaxınc kimi...

(Zahid Xəlil, ƏQ,

21 noyabr 2020)

Müharibənin ilk çağlarında düşünürdüm: "1990-cılardan, Ulu Öndər Heydər Əliyevdən sonra bir daha "Xilaskar!" missiyası, Azərbaycan torpaqlarının azad olunması, Qarabağın xilası şansı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adına yazıldı. Həm də daha böyük miqyasda, daha gərgin cəbhələrdə..."

(T.Əlişanoğlu, "Tarixin fürsəti". - ƏQ,

3 oktyabr 2020)

 

Fazil Güney, "Xilaskar!" məqaləsində yazır: "Ümummilli lider Heydər Əliyev müstəqilliyini bərpa etmiş dövlətimizi dağıdılmaqdan qurtarmışdı, İlham Əliyev isə itirilmiş torpaqlarımızı döyüşlə aldı, milləti töhmətdən qurtardı. Son 30 ildə bütün azərbaycanlılar ilk kərə 10 noyabr 2020-ci ildə dərindən nəfəs alıb içərilərindəki acıları, "məğlub xalq" duyğularını sevinc göz yaşları ilə boşaltdılar..."

(Fazil Güney, "Xilaskar!" - ƏQ,

24 dekabr 2020)

 

Zülmət getdi Qarabağdan,

ömrünü çıraq elədin,

var ol, Ali Baş Komandan -

çox günahkar nəsillərin

üzlərini ağ elədin!

(Vahid Əziz, ƏQ,

31 dekabr 2020)

 

Odur ki, Ali Baş Komandanımız şairlərin rübabında şeirləşir, heykəlləşir, bayraqlaşır:

 

Ən gözəl şeiri sən yazdın,

Ali Baş Komandanım!

Mübtədası, təyini, xəbəri öz yerində...

(Şahnaz Şahin, ƏQ,

28 may 2021)

 

"İkinci Vətən müharibəsinin simvolları xalqımızın düşüncələrinin, ümidlərinin, nəhayət varlığının dünyaya çatdırılma vasitəsi idi, ümummilli ideyaların təsdiqi idi. Rəhbər və Sərkərdə kimi İlham Əliyev şəxsiyyətinin simvolikası həmin simvol sistemində haqlı və möhtəşəm yerini tutur..."

(Rüstəm Kamal, "Ali Baş Komandan, müqəddəs savaşımız və simvollarımız". - ƏQ, 8 may 2021)

 

Ürəkdən sevir bu millət Səni.

Milli Qəhrəmansan - Baş Komandansan,

Heykəlin qoyulub ürəyimizdə.

Canlı simvolusan Azərbaycanın,

Sən tarix yaratdın, zəfər tarixi,

Millət tarixi, bəşər tarixi.

Adın qızıl xətlə yazılacaqdır:

İlham tarixi - Heydər tarixi.

(Nizaməddin Şəmsizadə, "Erməni 

faşizmi". - ƏQ, 31 oktyabr 2020)

 

Nərsən, kim deyər ki, nər axtarıram,

Pirsən, heç kəs deməz pir axtarıram.

Sənin heykəlinə yer axtarıram,

Ali Baş Komandan, var ol, min yaşa!

(Fəxrəddin Teyyub, ƏQ,

7 noyabr 2020)

 

Ərdoğanla İlhamımız bir oldular,

Şirdən doğub törəyənlər şir oldular,

Xəzər, Egey, Dəclə, Fərat, Kür oldular,

Birlikdə əl qoydu onlar qırx dörd günə,

Qızıl heykəl qoydu onlar qırx dörd günə.

(Əjdər Ol, ƏQ,

14 noyabr 2020)

 

Azad nəfəs alır torpaqlarımız,

Göylərə ucalır bayraqlarımız!

Öndə yol göstərən Baş Komandandır,

Qarabağ bizimdir - Azərbaycandır!

(Nizami Muradoğlu, ƏQ,

24 dekabr 2020)

Ey Ulu məmləkətin Ali Baş Komandanı!

Şücaətin, qeyrətin dünyaya dastan oldu.

Sən bu xalqın qəlbində elə heykələ döndün,

Tarix unuda bilməz, tarixə dastan oldun...

(Rəqibə Qəvvas, ƏQ,

16 oktyabr 2021)

 

Ali Baş Komandan adına bugün ədəbiyyatda duyğu və düşüncələrin hər çalarını görürük.

Mötəbər alim sözünü də: "Azərbaycan Respublikasının Prezidenti, qalib Ali Baş Komandan kimi İlham Əliyevin qədim Azərbaycan torpağı olan Qarabağı erməni işğalından azad etməsi ölkəmizin çoxəsrlik tarixinin misilsiz və nadir tarixi hadisəsidir..."

(İsa Həbibbəyli, "Böyük qayıdışın

ədəbi və əbədi təntənəsi". - ƏQ,

4 sentyabr 2021)

 

Ağsaqqal yazıçı ərki, dərki, dua-sənasını da: "82 yaşım var, Allaha, taleyimə, ordumuza, Ali Baş Komandana dua edirəm ki, uşaqlığımın, yeniyetməlik çağımın, ahıl illərimin şəhəri Şuşanın azad olunduğu günü görə bildim. Gözün aydın..."

(Anar, "Gözün aydın, Şuşam,

gözün aydın!" - ƏQ, 14 noyabr 2020)

 

Xoş günlərin xatirə notları, şükranlığını da: "...çünki bu otuz illik erməni işğalının təcrübəsi göstərdi ki, dünyanı ikili standartlar idarə edir və İlham Əliyev həm Prezident, həm də Ali Baş Komandan kimi məhz bu ikili standartlar dünyasında ortaya son dərəcə ciddi və son dərəcə də cəsarətli iradə qoydu. Bu iradə nəticəsində Azərbaycan əsgəri Şuşanı və adlarını bir-bir yazacağam: Cəbrayılı, Füzulini, Qubadlını, Zəngilanı, Hadrutu, Laçını, Ağdamı, Kəlbəcəri işğaldan azad etdi"

(Elçin, "Şuşanın dağları başı dumanlı". - ƏQ, 20 mart 2021)

 

Müdrik şair xəyalatını da:

Şuşa yolu, Zəfər yolu,

Otuz illik səfər yolu!

Cənab Ali Baş Komandan,

Səfərdəsən sən o vaxtdan...

 

Uzaq-yaxın o yollarda!

Yol içindən yol seçirsən,

Keçilməz yollar keçirsən -

Fikrin-zehnin yollarını,

44 günün yollarını.

(Nəriman Həsənzadə, "Zəfər yolu". - ƏQ, 18 sentyabr 2021)

 

Ədəbi tənqidçi qətiyyətini də: "Hörmətli Prezidentin təmirdən sonra Vaqif məqbərəsi önündəki çıxışı Şuşaya və oraya toplaşan Azərbaycan ziyalılarına bir qətiyyət, bir əminlik çağırışı idi. Heydər Əliyev Fondunun, onun prezidenti Mehriban xanımın Şuşa ilə bağlı gördüyü işlər isə göz qabağında idi. Şuşa öz tarixinin, əgər belə demək mümkünsə, pleyada mərhələsinə qədəm qoyur..."

(Vaqif Yusifli, "Şuşa".- ƏQ,

4 sentyabr 2021)

 

Tüm qələm əhlinin minnətdar səcdəsini də: "Mümkünsüz" olanı mümkün edən müdrik Prezidentimiz, qüdrətli sərkərdəmiz İlham Əliyevin, torpaqlarımızın erməni murdarlarından təmizlənməsində qanlı döyüşlərə alp-ərənlər kimi atılan əsgər və zabitlərimizin rəşadəti önündə diz çökürəm..."

(Adil Cəmil, "Dünya belə qalmaz"

demişdik". - ƏQ, 14 noyabr 2020)

Bir neçə şairlər sözünü əruzda da deyir:

 

Artıq Qarabağ ərşinəcən dalğalı bayraq

İlham deyir, İlham deyir, İlham deyir ancaq!

(Akif Azalp, ƏQ, 14 noyabr 2020)

 

Hecada da:

 

Nə qədər qəlbləri sevgisi sarmış,

Ali Baş Komandan bəxtini yazmış...

(İbrahim Yusifoğlu, "Şuşa", ƏQ,

14 noyabr 2020)

 

Həm sərbəst də:

 

Ali Baş Komandan,

Əzminlə tarixi yaz sən yenidən,

Ali Baş Komandan, şanlı sərkərdə!

(Elnur Uğur, ƏQ,

24 oktyabr 2020)

 

Yeni "Qarabağnamə"də düşmənə qarşı həcviyyat da yer alır:

 

Alçaqdır Nikol tula,

Satılıb "yaşıl" pula,

Çevirdin onu qula,

Qoy getsin çala-çala,

Ali Baş Komandanım!

(Abuzər Turan, "Ali Baş

Komandanım". - ƏQ, 24 dekabr 2020)

 

Hərbə-zorba da:

 

...Sonun gəlib, az qalıbdı,

                        göməcəyik səni gora

Gəl, İlhamdan üzür istə,

                        günahların çoxdur sənin!

Ağ bayrağı qaldır, Nikol,

                        başqa yolun yoxdur sənin!

(Şöhlət Əfşar, ƏQ,

14 noyabr 2020)

 

Həcv dili də:

 

Qovur öz yuvasına quduzlaşan itləri

Ali Baş Komandanın qələbə tvitləri!

(Sabir Rüstəmxanlı, "Qarabağa dönüş". - ƏQ, 24 dekabr 2020)

 

Qəzəb də güclüdür: "Onun içindəki qəzəb və hirs gücləndikcə, mübarizə əzmi bir az da artırdı, Dəmir Yumruq ağırlaşırdı, sərtləşirdi. Sarkisyanlar, Paşinyanlar başa düşmürdülər ki, onu daha çox qəzəbləndirməklə, öz başlarına enəcək Dəmir Yumruğu bir az da ağırlaşdırırlar..."

(İlqar Fəhmi, "Xarıbülbül

metamorfozası". - ƏQ, 22 may 2021)

 

Qarğış da yerindədir:

 

Xankəndi, Laçın yolu,

İgidlər olsun dolu,

Möhkəmlət sağı-solu,

Düşmənin sınsın qolu,

Ali Baş Komandanım!

(Abuzər Turan, "Ali Baş

Komandanım". - ƏQ, 24 dekabr 2020)

Rüstəm Kamal Vətən müharibəsinin ilk günlərində yazırdı: "Əsgər həyatının, səngər məişətinin xalq yumoru ilə süslənmiş əsərlərə ehtiyacı var. Belə deyirlər ki, A.Tvardovskinin məşhur Vasili Tyorkin obrazının bədii təxəyyül məhsulu olmasına uzun müddət inanmayıblar. İnanırıq ki, sıravi Əhmədin də folklor qəhrəmanı kimi obrazı yaradılacaq və seviləcək".

(Rüstəm Kamal, "Müqəddəs savaşımız və sözümüz". - ƏQ, 3 oktyabr 2020)

 

Bizdə sihalar, pualar, dronların şücaəti haqqında əsərlər yazılmadı; amma xalq ruhu ilə süslənmiş "Zəfər nəğməsi" yarandı. Sanki birnəfəsə yazılan İthafda Abuzər Turan deyir: "Qırx dörd günlük Vətən müharibəsində poladdan da sərt iradə, vətənpərvərliklə yoğrulmuş əzmkarlıq, mənfur düşmənlə mərdanə döyüş aparmaq nümunəsi, ağılasığmaz qəhrəmanlıq örnəyi, dünyanı heyrətə salan qeyri-adi sərkərdəlik və siyasətçi etalonu nümayiş etdirən, halal torpaqlarımızı yağı tapdağından qurtaran, xalqımızın təhqir edilmiş qeyrətini cənnətməkan şəhidlərimizin müqəddəs qanı ilə arındırıb paklandıran, millətimizin aşağılanmış heysiyyətini xilas edən, Azərbaycanımızın yeni şanlı tarixini yaradan, bu misilsiz qələbələrlə yanaşı, özünün və atasının - ustadının mübarək adlarını əbədi olaraq tarixin silinməz səhifələrinə qızıl hərflərlə həkk edən dəmir yumruqlu, ulu öndər yadigarı, xalqımızın güvənc ünvanı, pənah yeri, istəkli lideri, sərkərdəmiz, Ali Baş Komandanımız İlham Heydər oğlu Əliyevin, həmçinin vahid bir yumruq kimi onun ətrafında birləşən müdrik millətimizin və Vətən yolunda varlığını əsirgəməyən Qalib Ordumuzun şəninə min-min alqışlar və səcdələrlə Moskvadan, xalq ruhunda qələmə alınmış qırx dörd bəndlik kiçik bir Zəfər nəğməsi" (Abuzər Turan, "Ali Baş Komandan". - ƏQ, 24 dekabr 2020) Fevrən hiss olunur ki, şairi böyük coşqu, ilham danışdırır.

Poema, lirik tonalllıqda, təbii ki, epika ilə ayaq alır:

 

Otuz il yasa batdıq,

Qəm alıb, qüssə satdıq,

Gecələr sərsəm yatdıq,

Sayəndə kama çatdıq,

Ali Baş Komandanım.

 

Nikol lap ağ eylədi,

Bizə hədyan söylədi,

Xox gəldi, bərk küylədi,

Gör yağıya neylədi

Ali Baş Komandanım...

 

Liro-epik başlanğıc gəlişdikcə tədricən xalq duyğuları üstünlük qazanır, vəcdə gəlir və mətni bütünlüklə ələ alır. Məqalənin irəlisində də sitatlar gətirdiyim kimi, Vətən müharibəsi gedişatında daha hansı duyğu seli, ürək mizacı, söz məcazları yoxdur ki: Ali Baş Komandana xitabən, ricət, əzizləmə, alqış, inam, heyrət, heyranlıq, şəninə tərif, fəxarət, qürur, dua-səna, həmd, nisgil, qisas, müdrik ovqat, öyüd, arzu, dilək, mədət; eyni zamanda düşmənə nifrət, qəzəb, acığ, həcv, qarğış, söyüş, lağ, şəbədə... - şair təbi, xalq danışıq ədasında "Zəfər nəğməsi"ndə təcəssüm olunmasın?! Gərək ki, tamdır. Poemanın bayatı təqtində, yeddilikdə, oynaq müxəmməs ladında ərsəyə gəlməsi də təsadüf deyil. Özümüzü-sözümüzü, bildiyimiz-gördüyümüz- yaşadıqlarımızı, münasibət və müdaxiləmizi, haşa 44 günlük ovqatımızda nə varsa da, gözlənilməz tərzdə deyir, içimizi-çölümüzü bədahətən faş edir, "rüsva"edir. Poemada Qalib Xalq ədası üstün, aparıcıdır:

 

Yar olsun Yaradanım!

Mədət, şahi-mərdanım!

Möhkəm dur, gözüm,canım!

Ey Türk oğlu, İlhamım!

Ali Baş Komandanım!

 

Abuzər Turanın "Zəfər nəğməsi" lirik poeması üç ölkə başçısı - İlham Əliyev ("Ali Baş Komandanım!" - ƏQ, 24 dekabr 2020), Rəcəb Tayyib Ərdoğan ("Sayın Cümhur Başqanım"- 23 yanvar 2021) və İmran Xanın ("Əziz Vəziri Əzəm"- ƏQ, 13 fevral 2021) parlaq obrazlarına işıq salmaqla, zamandan doğulan və zamanı yaddaşlara köçürməyə səy edən poetik məqam kimi  ("Müqəddəs qalib üçlük" - ƏQ, 6 mart 2021) önəmlidir. Fəsillərin ayrı-ayrı qəhrəmanları, xitabları olsa da, hər birində xalq ruhu, qalib xalq ədası qalır, ötüb-gedən zamana Sözünü deyir.

Ümumxalq sevgisindən doğulan "Zəfər nəğməsi" Ali Baş Komandana bir növ ədəbiyyatın hesabatıdır.

 

***

"Ədəbiyyatda Ali Baş Komandan" məqaləsi başlıcası "Ədəbiyyat qəzeti"nin materialları əsasında qələmə alınmışdır. Yazını mənimcə qəzetin baş yazarı Azər Turanın narahat düşüncələri ilə sonuclamaq da daha doğru olar:

"...Ədəbiyyatımız millətimizi dünyada tanıda bilməsə də, qırx dörd gündə ordumuz onu dünyaya təqdim etdi. Kaş ki, müzəffər Ali Baş Komandanımızın yanında da Atatürkün çevrəsində olduğu kimi, azərbaycanlı bir Mehmet Akif Ərsoy olaydı..."

(Azər Turan, "Tanrının evi - Türk

Qarabağ və Bir hilal uğruna batan

günəşlər". - ƏQ, 14 noyabr 2020)

 

Nə qəm, bəlkə eynisi olmasa da əvəzində, müntəzir Obrazı vardır:

 

Gəldi o müqəddəs an,

sən Ali Baş Komandan!

Əmrindədir bu yurdun,

bu torpağın ərləri,

Ver, ver bizə zəfəri!

(Arzu Əsəd,"Və Nida". Bakı, "Elm və təhsil", 2020, s. 125)


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!