Bədirxan ƏHMƏDLİ
Pakistan xalqının böyük siyasət və fikir adamı, istiqlal mücahidi Məhəmməd İqbalın (1877-1938) "Seçilmiş əsərləri" (Bakı, Elm və təhsil, 2021, 250 s.) işıq üzü görüb. Onun yaradıcılığı ilk dəfə deyil ki, Azərbaycanda araşdırılır və nəşr edilir. Zaman-zaman bu görkəmli fikir adamının yaradıcılığı Azərbaycanda tədqiqata cəlb edilib, şeirləri dərc olunub. Lakin bu dəfə Məhəmməd İqbalın əsərləri tamamilə yeni bir atmosferdə təqdim olunur. Bu ədəbi, mədəni hadisə üç qardaş - Azərbaycan-Türkiyə-Pakistanın ortaq mənəvi, siyasi gücüylə qazanılan Qarabağ zəfəri fonunda baş verir, necə deyərlər, Pakistan xalqının mənəvi ruhu, ortaq dəyərləri ilə Azərbaycan xalqının ruhu birləşir. Çağdaş qlobal və regional hadisələr fonunda Azərbaycan və Pakistanı təkcə mövcud ikitərəfli münasibətlər deyil, həm də keçmişə dayalı milli, etnik, islami dəyərlər birləşdirir. Azərbaycanı Türkiyədən sonra tanıyan ikinci ölkə Pakistan həm də Ermənistanı bir dövlət kimi tanımayan ölkə kimi də Azərbaycanın hər zaman yanında olmuşdur. Bu kontekstdən baxdıqda Pakistanın təkcə varlığı və duruşu Azərbaycana dayaq, düşmənə göz dağıdır. Pakistan yalnız hərbi, siyasi gücü ilə deyil, mənəvi ruhu, bədii düşüncəsi, dövlətçilik və islamçılıq fəlsəfəsi ilə də hər zaman Azərbaycanın yanındadır. Azərbaycanın Pakistan sevgisi Türkiyə bayraqları ilə yanaşı, Bakı küçələrində dalğalanan Pakistan bayraqlarında da özünü bir daha göstərdi.
Bu gün isə Azərbaycanın Pakistana sevgi estafetinin gerçək ünvanı Pakistan ədəbiyyatının görkəmli nümayəndəsi Məhəmməd İqbalın bədii düşüncəsidir. Onun "Seçilmiş əsərləri"nin nəşr edilməsi bu mənəvi güclərin birləşməsinin gələcəyə ünvanlanmış maddi sübutudur. Bu hadisə Azərbaycan-Pakistan ədəbi əlaqələrində yeni bir səhifədir, keçmişdən bu günə və gələcəyə uzanan şərəfli bir yoldur. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Azərbaycan Yazıçılar Birliyi və Mahmud Kaşğari adına Beynəlxalq Fond bizi Məhəmməd İqbal irsi ilə tanış edir. Burada şairin əsərlərini ilk dəfə dilimizə çevirən və Azərbaycan oxucularını fenomenal səciyyəli bu irslə tanış edən Elxan Zal Qaraxanlının əziyyət və məsuliyyətini, eyni zamanda kitabı nəşr edən və ona "Pakistanın mütəfəkkir şairi və azadlıq carçısı" adlı ön söz yazan akademik İsa Həbibbəylinin bu layihəni reallaşdırmasını xüsusi qeyd etmək istəyirəm. Yeri gəlmişkən onu da qeyd etmək istəyirəm ki, akademik İsa Həbibbəyli Pakistan bədii düşüncəsinin dilimizə çevrilməsi və araşdırılması yönündə Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsində yaratdığı "Pakistan ədəbiyyatı mərkəzi"ni iki xalqın ədəbi əlaqələrində yeni bir mərhələnin başlanğıcı hesab etmək olar.
Məhəmməd İqbalın "Seçilmiş əsərləri"nin təqdimatının Qarabağ zəfərinin ildönümündə qeyd edilməsi təsadüfi deyil. Həmişə Pakistanı düşünəndə Məhəmməd İqbal yada düşür. Bu zəfərdə qardaş Pakistan xalqının da payı vardır. Bununla vaxtilə qardaş Türkiyənin Çanaqqala savaşı zamanı yardım və dualarını göndərən Məhəmməd İqbalın həmvətənləri bu gün Qarabağ üçün də eyni şeyi etdi. Bu cəhətdən Azərbaycanın qardaş Pakistanın fikir və dövlət adamının yaradıcılığına müraciət etməsi kimi təbii nə ola bilər?! Məhəmməd İqbalın fəaliyyətində yeni bir Pakistanın - bu gün dünyada insanlığın, islamın və Azərbaycanın yanında duran bir ölkənin təməli qoyulmuşdur. İlk dəfə Pakistan ideyası və Pakistan dövlətinin yaranması fikrinin müəllifi də Məhəmməd İqbaldır. Dünyada elə insanlar vardır ki, o, xalqının tarixində öz əməli ilə əbədi yaşamaq haqqına sahib olur. Məhəmməd İqbal xalqının tarixində onun qədərini dəyişən insanlardandır.
Burada Məhəmməd İqbal irsini yaşadan faktorlar üzərində bir qədər geniş dayanmaq lazım gəlir. Ona görə ki, Məhəmməd İqbal bir siyasət və dövlət adamı, islam islahatçısı, hüquqçu olmaqla yanaşı, həm də bir ədəbiyyat və fikir adamı, görkəmli şair, filosof idi. Onun yaradıcılığında islam cəmiyyətinin dünəni, bugünü və sabahı yeni meyarlar əsasında müəyyənləşir və qiymətləndirilir. Onu yaşadan amillər içərisində Qərb və Şərq bədii düşüncəsinə verdiyi təkrarolunmaz şeirləri idi. Ədəbiyyat və ictimai fikir onun fəaliyyətinin qoşa qanadları idi. XX əsrin əvvəllərindən başlayaraq şairin yazdığı "Əsrar-i-Hodi" (1915), "Rumuz-i-Bi-hodi" (1918), "Peyami-Maşrik" (1924), "Bangi-Dera" (1924), "Zebur-i-Acem" (1927), "Cavidnam" (1932), "Müsafir" (1934), "Zarb-i-Kelim" (1936), "Armağan-i-Hicaz" (1938) və s. əsərlərində milli düşüncəni, müasirləşməni və islami dəyərləri önə çəkmiş, ictimai proseslərə yetərincə nüfuz edə bilmişdir.
Məhəmməd İqbalı xalq düşüncəsini təmsil edən, onun gələcəyini bəlirləyən bir fikir və ideya adamı kimi görürük. Onun əsərləri yeni və gələcək Pakistanı şəkilləndirir, onu bu ideya ətrafında düşünməyə və oyanmağa sövq edir. Yeni Pakistanın siyasi varlığı, mövcudluğu isə, hər şeydən əvvəl, insanlarının, vətəndaşlarının hansı istiqamətdə formalaşdırmasından asılı idi. Yəni ingilis müstəmləkəsi altında əzilən Hindistanın bətnində yeni dövlətin təməllərinin əxlaqi, etnik, islami və mənəvi tərbiyəsi onun yaradıcılığı ilə baş verir. Çünki bədii yaradıcılığın təsir gücü böyük idi. Siyasi düşüncənin hələ kifayət qədər formalaşmadığı bir zamanda insanların düşüncəsində yeni vətən anlayışının inşasına bədii düşüncə vasitəsilə təsir göstərmək lazım gəlirdi. Bunun üçün əvvəlcə insanların üzərindən köləlik zəncirini atmaq, daha sonra isə yeni bir mücadilə başlatmaq zəruri idi. M.İqbal XX əsrin əvvəllərindəki Azərbaycan maarifçiləri və tənqidi realistləri kimi ilk şeirlərindən başlayaraq vətən və millət yolunda mücadilə verir. Şeirlərini "Müsəlman hind mücahidləri" imzası ilə dərc etdirməsinin özü onun başlatdığı mücadiləyə yeni bir məzmun verirdi. Bununla şair həm ingilis müstəmləkəçiliyinə qarşı mübarizənin yönünü dəyişmiş, həm də gələcək Hindistandan ayrılmanın əsasını qoymuşdur. Şair üçün köləlik hər hansı bir xalq, eləcə də müsəlmanlar üçün yolverilməzdir. "Bəndəginamə" - qulluq kitabında köləliyin bir xalq, toplum üçün nə qədər yolverilməz olduğunu bədii şəkildə əks etdirirdi. İngilis müstəmləkəçiliyinin ən qızğın çağında şairin bu mücadiləsi bədii düşüncədə cəmiyyətə daha tez çatır və böyük etki yaradırdı. Şairin fikrincə, "Köləlik bədəndəki könülə vərəm gətirir, // Ruh bədən üzərində bir yük halına gəlir, // Köləlik gənc adamı qoca halına salır, // Köləlik meşədəki aslanı dişsiz qoyur". Şair mövcud cəmiyyətə uyğun olaraq xalqı gələcək milli mücadiləyə səsləyən yeni mesajlar ötürür. Mövcud Hindistanda xalqların kölə olduğu müddətdə onlar azadlıq haqqında deyil, bir-birilə uğraşmaq, çəkişmək haqqında düşünürlər. Nə qədər onlar bir-birinə də düşmən kəsiləcəklər, o zaman kölə olmaqda davam edəcəklər. Şair bu düşüncəsini bəzən islami baxımdan da izah edir; çünki islama inamın böyük olması yeni cəmiyyətin inşasında mühüm yer tuturdu. Köləlik "Allah adamına zünnar bağladar, onun cövhərini tarü-mar edər" poetik düşüncəsində Allah adamının köləliklə barışmazlığı ideyası təlqin olunur. "Kölələrin dini" şeirində onun dinlə tərs mütənasib olduğunun bədii-poetik düsturunu verir: köləliyin iç üzündə yalandan başqa bir şey yoxdur. Şair köləliyə aid silsilə şeirlərində çağdaşlarına üz tutaraq köləliyi ruhdan qoparıb atmasını, köləlik nəğmələrini dinləməməsini istəyir. Çünki nə qədər canımızda köləlik var, ruhumuzla qəm həmişə yoldaşlıq edəcək:
Kölə ruhu incə sənətlərdə ölümlərlə təcəlli edər,
Köləlik, nə deyim insanı ovsunlayan bir şeydir.
Nəğməsində tapammazsan həyat atəşini sən,
O ruh həyat atəşinə bir seltək çökər.
Məhəmməd İqbal insanları kölə ruhundan uzaq və azad olmağa çağırır; çünki köləliyin sifəti qəlbi kimi qaradır. Kölənin nəğmələri təbiəti kimi cılızdır, ona görə də bu cür nəğmələrə qulaq asmaq lazım deyil:
Sən əsla dinləmə onun nəğmələrini,
Onlarda bir ölüm mahiyyəti var.
O, səs paltarına bürünmüş varlıq,
Orda Zəmzəm yoxdur susuzlasa da.
Mizrabı hər insanın ölümünü vəsf edir,
Könüldəki atəşi məhv edir və qəm verir.
Məhəmməd İqbal bu şeirləri ilə sanki Pakistan xalqının mənəvi ruhunun alt yapısını şəkilləndirir, onu gələcək siyasi proseslərə hazırlayır. Onun fikrincə, ürəyi yetkin inanclardan məhrum olan bir millətin sözündə hərarət və atəş olmaz, o millətin fəaliyyəti də, işi də qüdrətsiz və təsirsiz olar. "Azad insanlarda memarlıq" şeirində köləlikdən azadlığa doğru gedən yolun bədii xəritəsini cızır. Şair "Tac Mahal" memarlıq abidəsinə möhtəşəm bir sənət abidəsi olaraq baxır və bu cür əsəri yalnız azad insan ruhunun yaratdığını düşünür. Demək lazımdır ki, şairin türklüyə məhəbbəti yalnız bu şeirində deyil, bütün yaradıcılığında əks olunur. Cəlaləddin Rumi yaradıcılığına marağı da buradan irəli gəlirdi. O, çağdaşlarına müraciət edərək "cəsarətin varsa bu sənət əsərinə tamaşa etməyi" məsləhət görür. Çünki burada azad insanların sənəti var. M.İqbal bu sənət əsərində azad insanların öz varlıqlarından kənara çıxıb özlərinə tamaşa etdiyini, daşı-daşla bağlayıb uzun bir zamanı bir ana sığışdırdığını poetik şəkildə çatdırır:
Mən ki, həyat Fəratından su içməmiş bir insanam,
Mən ki, kökündən qoparılmış bir varlığam.
Öz məqamımdan uzaq düşmüşəm,
Qüdrətli olmaq, möhkəm bir yaqinə
sahib olmaqla mümkündür.
Şair özünü kökündən qoparılmış bir varlıq kimi görür və "yaqin budağının susuzluqdan quruduğuna" işarə edir. O, ilahi qüdrətə ancaq özünə dönmək yolu ilə çatmağın mümkün olduğunu düşünür. Şair "Allah adamları" şeirində yenidən azad insan obrazına qayıdır və onun portretini cızır:
Azad insan mərdanə vuruşuyla qazanar,
Hiylə yoluyla savaş onun üçün yad olar.
Qələndərlik, dərvişlik, tacidarlıq və sərvət,
Azad, əsl insanın xəmirində olur əlbət.
Dərvişin varlığında gizlənən eşq atəşi,
Üfüqlərdə parlayıb əvəz eylər günəşi.
Azadlığı əldə etmək üçünsə, hər şeydən əvvəl, oyanmaq və ayağa qalxmaq lazımdır. Şair "Oyan" şeirində dərin uyquya dalan xalqı (burada qönçəni) oyanmağa çağırır. O, xalqı bir dənizə bənzədir, lakin dənizin bu cür sakit, səssiz-səmirsiz olmasından təəccüblənir. Çünki dənizdə daim qabarma və çəkilmələr olur, bu dəniz isə vadidən də sakitdir. "Dərinliklərindən qabaran dalğalar, sularının səthində qaynaşmayan timsahlar" olmadığı bir dənizi təsəvvür edə bilməyən şair xalqa üz tutaraq onları "Bu dənizin köksündə başı göylərə dəyən bir dalğa olmağa, qanadlanmağa" çağırır. Atəşli nalələrin hər yanı bürüməsi və fəqanların ətrafa yayılması şairi dərindən narahat edir. Ən maraqlı cəhət isə şairin o zaman dediyi bu misralar sanki Şərqin bugününü əks etdirir:
Dünya nə hala gəlmiş, Şərq qovrulur ağrıdan!
Külü göyə sovrulan atəşə döndü hər yan,
Boğulmuş bir inilti qərq olub susqunluğa,
Oyan, dərin uyqudan, dərin uyqudan, oyan!
O, hindli müsəlmanları Allahın əmri ilə haqq yolunda ayağa qalxmağa səsləyir. Şairin yaradıcılığı bu məqamda bəzən Azərbaycan təsəvvüf şairi Nəsimi ilə səsləşir: "Ənəlhəqq nəğməsini atəşə döndərən o qan, // Bu gün də sənin damarlarındadır. Allahın əmri ilə ayağa qalx. // Əgər idrak və şüurun pərişandırsa, // baxıb durma çaşqın-çaşqın, // Bu hal, Firəng cadusunun təsiridir. // Allahın əmri ilə ayağa qalx".
Məhəmməd İqbalı bir şair kimi həm də türk istiqlal şairi Mehmet Akif Ərsoya bənzədirlər. Tamamilə doğru bir bənzətmədir; M.A.Ərsoy yeni Türkiyənin istiqlalında hansı rolu oynamışsa, M.İqbal da yeni Pakistanın yaranmasında eyni işi görmüşdür.
Məhəmməd İqbal yaradıcılığında Şərq-Qərb diskursu əsas yerlərdən birini tutur. O, bir şərqli olsa da, sufi ailəsində böyüsə də, Avropa mədəniyyətindən də xəbərdar idi. Nəinki xəbərdar idi, Avropa ictimai fikrini, hüququnu bilirdi və üç il Londonda qalıb təhsil almışdı. Lakin həyatının bir neçə illik Avropa dövründə belə özünün müsəlman həyat tərzindən imtina etməmiş, bir dəfə də olsun namazını qaçırmamışdır. Onun şeirləri Şərq poetik ənənələrinə söykənsə də, fikir və ideyalarında Qərb düşüncəsi özünü göstərirdi. M.İqbal Qərbi öyrənməklə yanaşı, heç zaman ona aludə olmamış, buna aludə olanları isə milli mənlikdən məhrum hesab etmişdir:
Firəng düşüncəsisən təpədən dırnağacan
Sən oralı memarın yapdığı bir binasan.
Üstü qızıl naxışlı bir qına bənzəyirsən,
Orda qılınc yox, amma çün məhrumsan mənlikdən.
Allahın varlığına inanmırsan sən qəti,
Mən də inanmıram varlığına sənin kimi mürtədin.
Varlıq nədir? Mənlik cövhərinin bir görünüşü,
Cövhərin görünmür, get yaxşı düşün.
M.İqbal Avropalaşma kontekstində islamda islahat etmək istəyənlərə qarşı çıxırdı. Bir zamanlar Qərb təsirinə düşən bu təmayül Hindistanda geniş yayılmışdı. O, "Quran"ın sarih əmr və nəhylərini özləri istədiyi kimi dəyişdirmək istəyənləri kəskin tənqid edir və bunları müsəlmanın önünü kəsmək üçün edildiyinə inanırdı. Şairin fikrincə, fikir azadlığı hər kəsə Allahın verdiyi bir nemətdir:
Əgər o istəsə, Kəbəni bir
atəşpərəst atəşgahı edər,
İstəsə Kəbəni Firəng bütləri ilə bəzərdi.
O, istəsə "Quran"ı şərh oyuncağı edib
Yeni bir şəriət icad edərdi.
Buna da haqqı vardır.
Qərbdə İslamın yayılması məsələsinə də toxunan şair Qərb mədəniyyətinin qəlbində dini ruhun olmadığı və orada qardaşlığın birliyinin mövcudluğu qənaətinə gəlir. "Bir brahmən xristianlığı qəbul etsə də, // İngilisin nəzərində yenə əvvəlki kimi alçaqdır. // İngilis kölələr dinini qəbul etsə belə, // Qarabəxtli müsəlman yenə köhnə rəftarı görəcək" fikrinin araxasında imperializmə və müstəmləkəçiliyə qarşı mübarizənin milli mücadiləsinin poetik düsturu verilir.
M.İqbal ölkənin siyasi həyatında da yaxından iştirak etmiş, xalqın maariflənməsi yolunda atdığı addımlar, yazdığı əsərlər Pakistan dövlətinin və cəmiyyətinin formalaşmasında önəmli rol oynamışdır. Şair özü bunu görməsə də, ölümündən cəmi bir neçə il sonra Pakistan xalqı öz müstəqilliyinə qovuşmuşdur.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!