Bir neçə il öncə professor Abbas Zamanov haqqında televiziya verilişindəki çıxışımdan bir epizod yaddaşıma həmişəlik həkk olunub: Abbas Zamanov tuncdan tökülmüş abidə idi. Bunun mənim hafizəmdə yaşarlığını isə həyatdan vaxtsız köçmuş əziz dostum, professor Kamran Əliyevin səmimiyyət dolu baxışları ilə müşayiət olunan və yüksək dəyər verdiyi qiymət ehtiva edir. Abbas müəllim böyük tatar şairi Musa Cəlilin aşağıdakı ifadəsini məqalələrində bir neçə dəfə misal gətirmişdir: "Elə yaşa ki, öləndən sonra ölmə!". Bu müdrik kəlam elə Abbas müəllimin öz boyuna biçilmişdi. O, sağlığında canlı əfsanəyə çevrilmişdi. Mərdlik, cəsarət simvolu kimi müasirlərinin etiqad göstərdiyi köhnə kişilərdən idi.
Abbas müəllimin bütün tədqiqatlarını yenidən nəzərdən keçirdim, ibrətamiz tarixi faktlar, onların sənətkar taleyində və yaradıcılığındakı rolu məni təkrarən bu araşdırmalara qaytardı. Abbas müəllim XX əsr klassiklərinin tarixi-ədəbi salnaməsini yaradan bir irsin müəllifidir. O, Mirzə Cəlil və M.Ə.Sabirdən başlayaraq Ə.Müznibə, Ə.Nazimə qədər, C.Cabbarlı, Səməd Vurğun, M.Müşfiq, M.Cəlal, R.Rza, İ.Əfəndiyevdən Nəbi Xəzriyə, B.Vahabzadəyə, F.Hüseynova qədər sələfləri, yaşıdları, tələbələri haqqında konkret ədəbi-bədii sənədə əsaslanan çoxsaylı məqalələrində real fakt, mətn, bunların tarixi-ədəbi zəmini irəli sürülən mülahizələrin başlıca meyarıdır. Bu gün XX əsr kimi mürəkkəb tarixi ədəbi prosesin hadisələrini, onları təmsil edən ədəbi şəxsiyyətlərin və ictimai xadimlərin xalqın vətəndaşlıq tarixindəki xidmətlərini obyektiv dəyərləndirməkdə Abbas müəllimin dövriyyəyə gətirdiyi arxiv materialları və şəxsi müşahidələri bir çox "həqiqətlər"i təshih verməyə istinad verir.
Sabirşünaslığın banilərindən hesab olunan Abbas Zamanovun XX əsrin əvvəlindən 90-cı illərə qədərki tarixi dövrün ədəbi şəxsiyyətlərinə, onların vətəndaşlıq nümunəsi olan fəaliyyətlərinə verdiyi dəyərin əsasında onun fitrən seçdiyi bir meyar vardı: vətən və xalq naminə yaşamaq, yaratmaq missiyası.
Professor Abbas Zamanovun ədəbi irsin tədqiqi və dəyərləndirmə konsepsiyasının mahiyyəti Yaşar Qarayev tərəfindən obyektiv və yüksək nəzəri ümumiləşdirmə mövqeyindən obrazlı şəkildə ifadə olunmuşdur: "A.Zamanovun bütünlükdə şəxsiyyəti, alimlik və vətəndaşlıq fəaliyyəti bir ehtirasın nuruna qərq olub: mənəvi yaddaşın, varislik hissinin! İnsanları, nəsilləri və əsərləri bir-birilə görüşdürən körpü burada zamanla zaman yox, yaddaşla yaddaş arasındadır.
...Həmin əsərləri o, təkcə ədəbi abidə və bədii mətn kimi yox, mənəviyyatımızın bir parçası kimi, bədii yaddaşın ərazisi və dünyası kimi öyrənir. Tədqiq etdiyi dövrlə, klassiklərlə o qədər qaynayıb-qarışır ki, A.Zamanovun öz surətini də biz onun özünün müasirlərindən daha çox Sabirin, Mirzə Cəlilin, Hüseyn Cavidin müasirləri arasında təsəvvürümüzə gətiririk".
Abbas müəllimin tədqiqatları, xatirələri öz sələfləri ilə yanaşı, onun özünün və müasirlərinin obrazını yaradır. Bu ədəbi-tarixi salnamədə Sabir gülür, ağlayır, "satirik, fəlsəfi poeziya ustadlarından biri kimi yeni nəsillərə qovuşdurulur. O, "Yaşasın şəhriyari hürriyyət" müəllifinin yaradıcılığının səriştəli təhlili zamanı Sabir satirasını "fəlsəfi satira" kimi səciyyələndirməklə haqlı idi: "Sabir uzaqgörən, ağı qaradan, yaxşını pisdən, doğrunu yalandan ustalıqla seçən həssas bir filosof idi".
Abbas müəllimin əksər tədqiqatlarında, xatirə və qeydlərində öz müasirlərinə tanış olmayan faktlarla, dəqiq müşahidələrlə rastlaşırıq. Onun doktorluq dissertasiyası - "Sabir və müasirləri" ilə indi yazılan oxşar tədqiqatları müqayisə edəndə ədəbiyyatşünaslıq sahəsindəki zəngin təcrübəyə yenidən qayıtmaq zərurəti ortaya gəlir. Bürokratik iş üsulundan, yazı tərzindən uzaq, yığcam, Sabir sənəti, şəxsiyyəti, tədqiq tarixi haqqında təsəvvür yaradan bu tədqiqatda əlavələr kimi verilmiş məqalə və xatirələrin şərhi əsərə artırılsaydı həcm iki-üç dəfə şişərdi. Kitabın monoqrafiya bölümü qədər də bu məqalə və xatirələrin əhəmiyyəti vardır. Professor Mir Cəlal bu əsərin nəzəri-praktik əhəmiyyətini dəyərləndirərək yazırdı: "Abbas Zamanovun dissertasiyası yalnız böyük inqilabçı demokrat şair M.Ə.Sabirin qoyub getdiyi zəngin bədii irsin tədqiqi sahəsində deyil, ümumiyyətlə XX əsr ədəbiyyatının öyrənilməsində böyük əhəmiyyəti vardır".
Abbas müəllim nəzəriyyəçi deyildi, məncə, bu iddiada da olmamışdır. Lakin onun təhlil məntiqi istər-istəməz elmi-nəzəri ümumiləşdirmələrə əsas yaradır. Ənənə və təsir problemini şərh edərkən milli ədəbiyyatın öz daxili inkişaf məntiqinə əsaslanır, Azərbaycanda ictimai-siyasi düşüncənin inkişaf özəlliyinə əsaslanırdı. Füzuli - Sabir ideya-poetik keçidinin mahiyyətini "...lirik Füzuli ilə satirik Sabirin XX əsrdə əl-ələ verməsini" ilk dəfə şərh edənlərdən biri, bəlkə də birincisi Abbas Zamanovdur. "M.Ə.Sabir və Molla Nəsrəddin" məqaləsində bu mövzuda mübahisələrə yekun vuran dəqiq fikir: "Sabir - Molla Nəsrəddin, biri olmasaydı digəri də olmazdı".
Abbas müəllimi oxuduqca XX əsr Azərbaycan ziyalı mühitini təmsil edən, mədəniyyətin və ictimai fikrin görkəmli simaları haqqında ya ibrətamiz bir xatirə-müşahidənin, ya da tutarlı bir dəyərin şahidi oluruq. Mirzə İbrahimov haqqında çox yazılıb, bundan sonra da yazılacaq, onun ədəbiyyat adamı, ictimai xadim kimi fəaliyyətinin yeni qatları üzə çıxacaq. Mənə elə gəlir ki, Abbas müəllimin "Pərvanə kimi" məqaləsindəki aşağıdakı fikir gələcək tədqiqatçılar üçün M.İbrahimov şəxsiyyəti ilə sənətini vəhdətdə öyrənməyin ən səmərəli yol olduğunu təsdiq edəcək: "Xalqın səadəti, tərəqqisi, dünəni, bugünü, sabahı yazıçı Mirzə İbrahimovun ictimai-siyasi fəaliyyətinin məna və məzmununu təşkil edir. Bu illərdə xalqımızın mədəni inkişafında, ictimai-siyasi həyatında elə bir böyük və ya kiçik hadisə olmamışdır ki, biz Mirzəni onun mərkəzində görməyək. Mirzənin tərcümeyi-halı xalqın tərcümeyi-halı ilə elə qaynayıb-qarışmışdır ki, onları bir-birindən ayırd etmək qeyri-mümkündür".
Prof. A.Zamanov Mirzə İbrahimov yaradıcılığına olan diqqəti qədər də M.Cəlal, F.Qasımzadə, Əli Sultanlı, C.Cəfərov, R.Rza, S.Rüstəm, M.Arif və bir çox müasirlərinin ədəbi prosesə gətirdikləri yeni mövzu və obrazlar, xalqın tarixi taleyi ilə bağlı məqamlar haqqında aydın, səmimi bir tonda, anlaşıqlı bir üslubda söz açır. Sənətkar taleyinin bir "məqamdan", bir "mülahizədən", bir "mövqedən" asılılığı onun xatirələrində çoxsaylı faktlar fonunda aydın müşahidə olunur. Kiçik bir xatirə yazısında klassik filologiyanın mahir tədqiqatçısı və onu tədris edəni prof. Əli Sultanlının ədəbi portretini yaradır: "O, sadəcə olaraq mühazirə oxumurdu, bu zaman professor da, tələbələr də Hamletin faciəsini yaşayırdılar".
Abbas müəllim öz müasirlərinin də ədəbi uğurlarına eyni həssaslıqla yanaşırdı. 1978-ci il mayın 6-da "Kommunist" qəzetində dərc olunmuş "Mir Cəlal: müəllim, alim, yazıçı" adlı məqaləsində öz qələm yoldaşının XX əsr ədəbi fikrində hekayə janrının inkişafındakı rolunu qısa və sərrast ifadə edir: "Bir hekayəçi kimi Mir Cəlal heç kəsə oxşamır". "Bir gəncin manifesti" romanı haqqında, onun həyatı, ictimai-siyasi gerçəkliyi bədii reallığa çevirmə prosesində yazıçının poetik ustalığı önə çəkilib: "Ədib yeni romanında tipik surətlər qalereyası yaradıb, onların daxili aləmini, arzu və istəklərini, güclü və zəif cəhətlərini son dərəcə konkret, maraqlı üslub və şirin bir dil ilə təsvir edib, poetik yüksəkliyə qaldırmışdı. Müəllifin mahiranə bədii ümumiləşdirmələrini də buraya əlavə etsək, qeyd-şərtsiz deyə bilərik ki, "Bir gəncin manifesti" tək bir gəncin manifesti deyil, ümumiyyətlə, o dövrdə əsarət dünyasına qarşı mübarizə aparan, zülm və istismar zəncirlərini qırıb atan gənc nəslin manifestidir".
Abbas müəllimin ictimai-siyasi xadimlər - M.Ə.Rəsulzadə, Vəli Axundov, Şıxəli Qurbanov, N.Hacıyev haqqında mülahizələri həyatın hər üzünü görmüş müdrik ağsaqqalın mövqeyidir. 80-ci illərin ikinci yarısında klassiklərə, ictimai xadimlərə münasibətdəki "inqilabçılıq", siyasi ifratlar Abbas müəllimi bərk narahat edirdi. 1992-ci ildə "Xalq qəzeti"nə verdiyi müsahibədə deyirdi ki, Bakıda M.Ə.Rəsulzadənin, Ömər Faiqin abidəsini görmək istəyir. Xüsusən N.Nərimanova qarşı hücumlara cavab olaraq qeyd edirdi ki, "Üzeyir bəy Nərimanovun sayəsində sağ qalıb. O, minlərlə ziyalımızı ölümdən, sürgündən qurtarıb. İndi çoxları Nərimanov haqqında insafsızcasına danışırlar".
Abbas müəllimin xatirə-məqalələrində Abdulla Şaiq, Camo Cəbrayılbəyli, M.Müşfiq, Əli Sultanlı, C.Cəfərov, Qulam Məmmədli, Rəsul Rza, N.Rəfibəyli və bir çoxları haqqında şahidi olduğu faktlara, şəxsi müşahidələrinə əsaslanan fikirləri bu gün XX əsrin zəngin ədəbi-mədəni mühiti haqqında təsəvvürümüzün sərhədlərini genişləndirir. Ədəbi-ictimai mühitdəki mübahisələrin, dartışmaların yeni qatlarını görməyə yardımçı olur. "XX əsr ədəbiyyatı məsələləri" seriyasından M.Müşfiqə həsr olunmuş cilddə "Mikayıl Müşfiq ədəbi-nəzəri fikrin yaddaşında" başlıqlı məqalə və xatirələri də çap etdik. M.Müşfiqin heç kimə bənzəməyən xarakteri, temperamenti haqqında oxuduqlarım öz yerində, ancaq Süleyman Rəhimovun "Borandan-bahara" məqaləsi onun obrazını gözlərimin önünə gətirdi. Çılğın, fikrini dərhal üzə deyən, haqq-ədalət carçısı Mikayıl Müşfiq haqqında Abbas müəllimin şahidi olduğu, "Gənc işçi" qəzetində baş vermiş bir əhvalatın özü də M.Müşfiqin xarakteri haqqında təsəvvürləri xeyli zənginləşdirir. "Gənc işçi" qəzetindəki ədəbi-ab-hava haqqında kiçik bir epizod o dövrün ədəbi münasibətləri, ədəbi mühiti, sənətkar şəxsiyyəti haqqında bilgiləri artırır. M.Müşfiq, R.Rza, S.Rəhman və Əbdülbaqinin iştirak etdiyi "ədəbi müzakirə" barədə A.Zamanovun xatirəsinin mətnini olduğu kimi oxuculara təqdim etməyi lazımlı bildim. "Onların belə bir zarafatı yadıma gəlir. Əbdülbaqi Fövzinin oxuduğu yeni şeirində "oxuduqca adamın oxusu gəlir" misrası var idi. Şeiri oxuyub qurtarandan sonra Rəsul gülümsəyə-gülümsəyə soruşdu:
- Fövzi, "oxusu" nə deməkdir?
Onun əvəzinə Müşfiq cavab verdi:
- "Oxusu" sözü Fövzinin kəlmə fabrikasından yenicə buraxılıb, buna görə hələ bizə gəlib çatmayıb.
Fövzi əsəbləşdi, mərəkə qopdu. O, ara vermədən danışır, getdikcə daha da əsəbləşirdi. Rəsul onun sözünü kəsərək dedi:
- Ay Fövzi, mən özüm də inadam, ancaq sənin kimisini görməmişəm. Mübahisə zamanı haqsız olduğumu duyduqda etiraf etməkdə çətinlik çəksəm də, dilimi qoyuram qarnıma. Müşfiq yenə zarafata keçdi:
- Onun dili uzundur, qarnına yerləşmir".
Müasir tənqid və ədəbiyyatşünaslığımızda sənətkar şəxsiyyəti, onun tərcümeyi-halı ilə sənəti arasındakı qırılmaz bağları yerində görmək, ədəbi-bədii mətnin mənzərəsində onun yerini təyin etmək yaradıcılıq psixologiyasının öyrənilməli tərəflərindəndir. Mövcud tədqiqatların əksərində yazıçı tərcümeyi-halı quru rəqəmlərlə, vəzifə və titulların sadalanmasından çox da uzağa getmir. Sənətkar və onun irsi bütöv halda, bir-birilə möhkəm vəhdətdə öyrəniləndə ədəbi sözün gözlənilməz, bəzən izah olunmayan tərəfləri üzə çıxır. Bu baxımdan klassiklər haqqında ailə üzvlərinin, həmkarlarının, sirdaşlarının xatirələri əvəzedilməz mənbədir. A.Zamanov uzun illər dostluq etdiyi R.Rzanın ədəbi-ictimai xidmətlərini çox yığcam, sərrast ifadə etmişdir. "Suriya səfərindən qayıdarkən o qürbət diyarda əbədiyyət yuxusuna dalmış Nəsiminin məzarından xəbər gətirdi. ...İraqa getdi, Kərkük xoryatlarını kəşf etdi. ...Rəsul Kərkük xoryatları haqqındakı geniş tədqiqatı ilə folklorşünaslığımızın tarixində yeni bir səhifə açdı".
A.Zamanovun "Kişi şair", "Şixəli Qurbanov", "Cəfər Cəfərov", "Qulam Məmmədli", "Lətif Səfərov" kimi xatirə səpkili yazıları XX əsr ədəbi-mədəni mühiti haqqında canlı söhbətə çevrilir. Abbas müəllimi oxuduqca ötən əsrin 40-50, 60-80-ci illər ədəbi gedişatının iştirakçılarından biri olur, bənzərsiz insan taleləri, onların acılı-sirinli həyat yolu haqqında qiymətli bilgilər alırsan. Onun xatirə dəftərinə köçürdüyü adi bir əhvalat, yerində deyilmiş söz ötən günlər, unudulmaz şəxsiyyətlər barədə etibarlı mənbədir. R.Rzanın prinsipiallığı, sözü üzə deməsi və bunun ağrılarını çəkdiyi barədə çox yazılıb. Abbas müəllimin yaddaşına həkk olunmuş aşağıdakı nümunə də bu sıradandır: "Bir dəfə Cəfər Cəfərov (Cəfər onda Yazıçılar İttifaqının katibi idi) ona dedi:
- Ay Rəsul, hər gün bir düşmən qazanırsan, dilinin altına bir qırıq qənd qoysana!
Cəfərə cavab olaraq Rəsul Sabirin aşağıdakı misralarını xatırlatdı:
Yaşadıqca çoxaldı düşmənimiz,
Nə edək, doğru söylədi dilimiz".
Abbas müəllimin müasirləri onun Azərbaycan ədəbiyyatının dünyada təbliği sahəsində gördüyü misilsiz xidmətlərinin şahidi olmuşlar. Bu haqda çox yazılıb, çox deyilib və bu əlaqələrin ədəbi-elmi dəyəri haqqında ciddi elmi tədqiqat aparılmalıdır. Onun yazışmaları ictimai-ədəbi məzmun daşıyan vətəndaşlıq ünvanı idi. Abbas müəllimin irsi keşiyində duran, onun ənənələrini davam etdirən professor İsa Həbibbəyli yazır: "Respublikamızda ən zəngin elmi məxəz və ədəbi-tarixi xəzinələrdən biri də Abbas Zamanovun şəxsi arxividir. Nadir əlyazmalardan tutmuş, yalnız xoşbəxt təsadüf nəticəsində yeganə nüsxəsi mühafizə edilib qalan kitablara qədər, müxtəlif qitələrdən alınmış minlərlə məktub, qəzet, jurnal, şəkil və teleqramlaradək bu qeyri-adi arxivdə saxlanılan sənədlər təkcə bir nəfər vətəndaş alimin deyil, bütövlükdə "Abbas Zamanov dövrünün tarixi oçerklərini" yazmaqda əvəzedilməz mənbədir".
Abbas müəllim öz həmkarları, tələbələri, eləcə də minlərlə oxucu, vətəndaş üçün açıq adam idi. Abbas müəllim haqqında onun tələbələri Yaşar Qarayev, Hüseyn Kürdoğlu və Tofiq Hacıyevin söhbətləri əsasında qəlbimdə yenilməz bir kişinin obrazı yaranmışdı. Onu ilk dəfə evimizdə, 1966-cı il aprelin 16-da qardaşım Hüseynin müdafiə qonaqlığında gördüm. Masabəyi akademik Ə.Sumbatzadə idi. Bir müddət sonra məclisi tərk edərkən öz missiyasını Abbas müəllimə tapşırdı. Onun sakit-sakit danışması, məclisdəkilərin ona hörmət və ehtiramı yaddaşıma əbədi həkk olundu. Altıncı sinif şagirdi üçün belə şəxsiyyətləri görməyin özü bir həyat dərsi idi. Kitabxanamızda əzizlənib saxlanılan kitablardan biri, bəlkə də birincisi Abbas müəllimin avtoqrafı ilə qardaşıma hədiyyə edilmiş Sarı Aşığın S.Mümtaz tərəfindən nəşr olunmuş kitabı idi. Şahidiyəm ki, Sarı Aşığı sevənlər bu kitabı aparar, surətini çıxarıb gətirərdilər.
Tale elə gətirdi ki, VI sinifdə oxuyarkən gördüyüm prof. A.Zamanov BDU-nun Filologiya fakültəsində oxuyarkən müəllimim oldu. V kursda 225 nömrəli məktəbdə pedaqoji təcrübə keçirdik. Çox savadlı, ədəbiyyat adamı Rəna müəllimənin sinfində sınaq dərsi deməliydim. Dərsin mövzusu Natəvanın həyat və yaradıcılığı idi. Dərsin başlanmasına az qalmış Abbas müəllim başda olmaqla kafedranın müəllimləri məktəbə gəldilər. Sözün düzü, elə də həyəcanlanmadım. Müəllimlərimizlə beş illk ünsiyyətimiz bizə çox şey bəxş etmişdi. Dərs qutardı, müəllimlər otağındakı müzakirədə sinif müəlliməsi, eləcə də kafedradan gələnlər məni xeyli təriflədilər. Abdulla müəllim dedi ki, Abbas müəllim, bu oğlan Hüseyn Kürdoğlunun qardaşıdır. Abbas müəllimin cavabı qısa və konkret oldu:
- Onun buna dəxli yoxdur. Halal beşidir, gedək.
80-ci illərin əvvəli idi. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi idim. Abbas müəllim direktorun otağı ilə üzbəüz divanda əyləşmişdi. Hal-əhval tutduq. Dərhal Hüseynin səhhəti ilə maraqlandı. Bu məqamda ölümü ilə heç cür barışa bilmədiyim, dostum Kamran Əliyev Abbas müəllimə yanaşdı. Onların arasında belə bir dialoq oldu:
- Kamran necəsən?
- Yaxşıyam!
- Vəli necədir? (Rəhmətlik Vəli Nəbiyevi nəzərdə tuturdu).
- Yaxşıdır.
Mənə üzünü tutub - Vəlini də əlimizdən aldınız. (Vəli Qubadlıda iki il müəllim işləmiş, sevdiyi qızla ailə qurmuşdu).
Dedim ki, pis eləmədik ki, gözəl bir qız verib ev-eşik yiyəsi etdik. Abbas müəllim Kamrana qayğı dolu bir intonasiya ilə dedi ki, Vəliyə də denən, pul-zad lazım olsa, gəlsin.
Söhbətə qoşulub dedim ki, Abbas müəllim, Naxçıvana Laçından keçib gedirsiniz, nə olar, mənə də bir az pul verin. Abbas müəllimin üzünə turşumuş bir təbəssüm qondu.
- Sən şulux adamsan, əyənə dur!
Neçə gündür Abbas müəllim haqqında bu yazını tamamlamaq istəyirəm. Ancaq yazı stolumun üstünə düzülmüş kitablarını vərəqlədikcə başqa bir aləmə qayıdıram. İlahi, insan hansı məşəqqətlərə dözərmiş, insan necə sınmazmış! Abbas müəllimin həyatı XX əsr Azərbaycan ədəbi-ictimai fikir tarixinin bir şəxsiyyətin timsalında cəmlənmiş təcəssümüdür. XX əsr Azərbaycan xalqının tarixi taleyini bütün tərəfləri ilə, Abbas müəllimin bədii obrazı fonunda ortaya qoyan istedadlı qələm əhlinin sorağındayıq.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!