Nizami Gəncəvi irsi Ərəb alimlərinin araşdırmalarında - İmamverdi HƏMİDOV

 

Böyük Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərinin dərin ictimai məzmunu, humanist səciyyəli ideyaları və bədii sözün ifadə zənginlikləri bütün zamanlar üçün öz dəyərini saxlamışdır. Müdrik şairin hələ sağlığında Yaxın Şərq xalqları onun əsərlərinin ümumibəşəri əhəmiyyətini dərk etmişdilər. Çünki bu yaradıcılıq Şərq bədii və ictimai fikrinə mühüm təsir göstərmişdir. Nizami irsinin ərəb ədəbiyyatşünaslığında öyrənilməsi isə XX yüzillikdə xüsusilə məhsuldar olmuşdur. Əsrin ikinci yarısında Qahirə, Bağdad, Dəməşq və Beyrut universitetlərində islam mədəniyyətinin inkişafında iştirak etmiş xalqların zəngin ədəbi-bədii irsini öyrənməyə maraq güclənir, farsdilli və türkdilli ədəbiyyat klassikləri tədqiq olunmağa başlanır. Həmin universitetlərin mütəxəssisləri Avropa ölkələrində şərqşünaslıq elminin mərkəzlərinə, habelə İrana və Türkiyəyə ezam edilərək tanınmış alimlərin rəhbərliyi altında tədqiqatlarını davam etdirmişlər. Qahirə və Eyn Şəms universitetlərinin müəllimləri Əbdunueym Həsəneyn, Məhəmməd Quneymi Hilal, Məhəmməd Bədi Cuma, Məhəmməd Səid Camaləddin, Əhməd Mirsi Safsafi, Livan universitetini təmsil edən Viktor əl-Keyk bu yolu keçmiş alimlərdəndirlər.

Ərəb ölkələrində Nizami irsinin öyrənilməsinə marağın yaranmasında əsrin 40-cı illərində Nizami Gəncəvinin 800 illik və şairin vəfatının 750 illiyinin (1953-cü ildə) keçirilməsinin də təsiri olmuşdur. Prof. M.Həsəneyn Nizami yaradıcılığını ayrıca tədqiqat mövzusu seçmiş, prof. M.Q.Hilal, prof. M.S.Camaləddin, dr. Taha Nəda, prof. M.B.Cumanın araşdırmalarında isə şairin əsərləri müqayisəli təhlilə cəlb edilmişdir.

Misir alimi prof. M.Həsəneynin "Nizami əl-Kəncəvi şairul-fadiləti. Asruhu va biətuhu va şiruhu" ("Fəzilət şairi Nizami Gəncəvi. Dövrü, mühiti və poeziyası") əsəri ərəb nizamişünaslığında yeni bir hadisə idi. 1954-cü ildə işıq üzü görmüş kitabın müqəddiməsində Eyn Şams Universitetinin Ədəbiyyat fakültəsinin dekanı prof. İbrahim Əmin Şəvaribi Həsəneynin əsərini belə qiymətləndirir: Həsəneyn düşüncəsi və inadkarlığı sayəsində Nizami haqqında ortalığa qoyduğu tədqiqatı ilə ərəb ədəbiyyatşünaslığı kitabxanasına ləyaqətli ədəbi bir töhfə və farsdilli ədəbiyyata gözəl bir inci əlavə etmiş olur.                      

Müəllif Nizami irsinin öyrənilməsi haqqında məlumat verir, onun dövrü və mühitinin ictimai-siyasi durumundan bəhs edir. O, dövrün xüsusiyyətlərini iki aspektdə təqdim edir: 1) siyasi, ictimai, ədəbi və dini baxımdan; 2) şairin boya-başa çatdığı Gəncə mühiti və ailəsi ilə bağlılığı baxımından. Həsəneynin ilkin mənbələrə əsasən verdiyi məlumatlardan aydın olur ki, mətin iradəli insanların yaşadığı mühitdə böyüyüb tərbiyələnmiş Nizami əsərlərində əxilərin xarakterindəki əməksevərlik ruhundan təsirlənmiş, zülmə və zalimə boyun əyməməyi təbliğ etmişdir. Şairin əsərlərində aşılanan zəhmətə dəvət ruhu həmin təsirin nəticəsi kimi başa düşülməlidir.

Həsəneyn Nizaminin islam dini tərbiyəsi ruhunda böyüdüyünü, çağında mövcud olan dini-əxlaqi fikirlərin çevrəsində yaşadığını göstərir. Şair düşüncələr aləmində olmağa üstünlük vermiş, Allahı sevən bir insan kimi könül və qəlb aləmini dərk etməyə çalışmışdır. Həqiqətən, Nizaminin əsərlərindən aydın olur ki, onun düşüncələri ağıl və qəlb süzgəcindən keçmişdir. Şair islam dininin idrak təliminə əsaslanır, eyni zamanda Aristoteli öyrənir. Həsəneyn haqlı olaraq, Nizamini "fəzilət şairi" adlandırmışdır. O, böyük şair və mütəfəkkiri "möhkəm əxlaqlı" ("zu xulqin qavimin"), "hətta rəqiblərinə qarşı dözümlü bir insan" ("mutəsamihun hatta maə adaihi"), ailədə vəfalı ər və qayğıkeş ata kimi oxuculara tanıdır.

"Fəzilət şairi Nizami Gəncəvi..." əsərinin ikinci hissəsi Nizaminin məsnəvilərinin təhlili və poetik xüsusiyyətlərinin göstərilməsinə həsr edilmişdir. Həsəneyn "Xəmsə" poemalarının hər birinə ayrıca yer vermişdir. Misir alimi poemaların təhlilində müqayisə metodundan daha çox istifadə edir. Bu baxımdan "Sirlər xəzinəsi"nin Sənainin "Hədiqətül-həqaiq", "Xosrov və Şirin", "Yeddi gözəl" və "İsgəndərnamə"nin Firdovsinin "Şahnamə"sindəki müvafiq bölmələrlə müqayisələri misal gətirmək olar. Müəllifin qənaətlərindən aydın olur ki, o, Nizaminin poeziya sənətindəki uğurlarını ona qədərki ənənənin davamı hesab etməklə yanaşı, böyük şair, müdrik müsəlman mütəfəkkiri və humanist sənətçinin istedadı və bacarığının nəticəsi kimi təqdim edir. Həsəneyn Nizami ilə sələfləri arasındakı fərqləri göstərməyə çalışmışdır. Onun müşahidəsinə görə, 20 məqalətdən ibarət olan "Sirlər xəzinəsi"ndə ümumi bir məqsəd mövcuddur. Bu məqsəd ədalətin şərəfləndirilməsi, zülmü pisləmək, insanlar arasında insaf və vəfanın bərqərar olmasına çağırışdan ibarətdir. Həsəneynin müqayisəli təhlilində aydın olur ki, Nizaminin sənətində poeziya səmimi duyğuların ifadə olunduğu qəlbin dilidir, şairin çıxışı etiraz dolu qəzəbə bənzəyir, onun sufiliyi düşüncə ilə bağlıdır, şair əsl mömin və Allahı tanıyan insan kimi dərk etdiyi həqiqəti şeirin imkanları daxilində vəsf etmişdir. Nəticədə Nizaminin poetik üslubu daha gözəl, mükəmməl və cəlbedici olmuşdur.

"Xosrov və Şirin" poeması ilə Firdovsinin "Şahnamə"sində Xosrovla bağlı əhvalatları müqayisəli təhlilə çəkən Həsəneyn hər iki əsərin yazıldığı tarixi şəraitin rolunu, müəlliflərin yaradıcılıq xüsusiyyətini və məramını nəzərə alır. Onun müşahidəsinə görə, Nizaminin bu mövzunu işləməsi Firdovsi tərəfindən həmin mövzunun işlənməsindən əsaslı şəkildə fərqlənir, Nizami Xosrov və Şirinin sevgisini romantik əsər şəklində təqdim edən ilk şairdir. "Xosrov və Şirin"də Nizami yeni bir surət - Fərhad surətini yaratmaqla mövzuya yenilik gətirmiş, dramatik konflikti artırmaqla şəxsiyyətlərin daxili aləmini açmağa çalışmışdır. Şair qəhrəmanları donuq vəziyyətdə deyil, dəyişməkdə və hərəkətdə təsvir edir. "Yeddi gözəl"ə həsr edilmiş hissədə də müqayisəli araşdırmalar əsasında Bəhram Gurun bədii surəti təhlil edilir. Firdovsinin əsərində geniş döyüş səhnələri yaradıldığı halda, "Yeddi gözəl"də döyüş və ov səhnələri ilə yanaşı, Bəhramın məhəbbətindən bəhs edən sərgüzəştlər, onun ziddiyyətləri və səhvlərini üzə çıxaran başqa insan surətləri yaradılır, hökmdarı islah etməyə yönəldən epizodlar verilir. Əsərdə şair cəmiyyəti saflaşdırmağı nəzərdə tutan ideyaları təbliğ edir. Həsəneyn Nizaminin əsərinin fərqli xüsusiyyətlərini düzgün aça bilmişdir. Firdovsi oxucularını Bəhram şahın döyüş bacarığı ilə cəlb etmək istəyirdisə, Nizami qəhrəmanının göstərdiyi məharətlərinə lirik səciyyələr artırmışdır.

"Leyli və Məcnun" poeması ilə bağlı bölmədə əsərin məzmununun nəsrlə təqdiminə daha çox yer verilmişdir. Həsəneyn şairin ərəb qaynaqlarından istifadə etməsini göstərməklə yanaşı qeyd edir ki, Nizami özünəməxsus üslubdan irəli gələn keyfiyyətləri də qabartmışdır. Şair fəzilətə, güclü xarakterə, sədaqətə dəvəti və kədəri tərənnüm etmişdir. O bu əhvalata öz təxəyyülündən irəli gələn epizodları (Qeysin Leyli ilə məktəbdə tanış olması, Leylinin öz rəfiqələrilə bağa getməsi, Məcnunun dayısının yanına gəlməsi, Məcnun və Salam Bağdadi əhvalatı, Leylinin ərinin vəfatı) da əlavə etmişdir. Həsəneynə görə, ərəb mənbələrindən fərqli olaraq, Nizami Leylini mənfi planda təqdim etməmişdir. Ərəb tədqiqatçısının qənaətinə görə, Nizami Məcnunun eşqini nümunəvi saymaqla onu sufi eşqinə oxşadır və burada aşiqləri birləşdirən yol ölümdən ibarətdir.

Misir alimi Nizaminin sonuncu poeması haqqında yazır ki, burada təqdim edilən İsgəndər islahatlar aparan adil bir hökmdardır, olduğu ölkələrdə ədaləti qoruyur və məzlumları müdafiə edir. Şair Allaha dəvət yolunda - həqiqət yolunda olan İsgəndərin simasında həqiqətlə əfsanəni birləşdirmiş və dolğun bədii surət yaratmışdır.

Həsəneyn Nizaminin divanı, poetik sənətinin özəllikləri, onun şeir dilinin çətinliyi (əl-iqlab vət-təqid) haqqında bəhs edir və göstərir ki, bu cəhətlər şairin sənətinin dərinliyi ilə bağlıdır və dövrünün yüksək səciyyəli alimi kimi öyrəndiyi müxtəlif elmlərə istinad etməsindən irəli gəlir.

Nizami haqqında Həsəneynin yekunlaşdırıcı xülasəsində bildirilir ki, şair sənətini yüksək insani dəyərlərin təbliğinə yönəltməklə bəşəriyyətin xidmətində durur, eyni zamanda bir müsəlman kimi hadisələrə geniş islami dünyagörüş dairəsindən baxır və beləliklə, Nizami çoxlu davamçıları olan bir ədəbi məktəb yaradır.

1954-cü ildə nəşr olunmuş bu kitabda müəllifin təəssüf ifadə edən qeydinə münasibət bildirməyi gərəkli sayıram. Həsəneyn göstərir ki, Nizami farsdilli ədəbiyyatın Firdovsi, Rudəki, Xəyyam, Sədi, Hafiz kimi sənətkarları ilə müqayisədə lazımi şəkildə öyrənilməmişdir.

Çox təəssüf ki, keçən əsrin 50-ci illərində Azərbaycanın və Azərbaycan alimlərinin Misirlə birbaşa əlaqələri olmadığından onların əsərləri dünya nizamişünaslarına çatmamışdı. Təbii ki, Azərbaycanda aparılmış və əsasən, Azərbaycan dilində yazılmış həmin tədqiqatlardan Həsəneynin xəbəri olmamışdır. Həmin dövrə qədər Nizami haqqında tədqiqatlar aparmış Azərbaycan və rus alimlərindən M.Rəfili, H.Araslı, M.Əlizadə, A.Y.Krimski, Y.E.Bertels, M.Quluzadənin əsərlərində böyük Azərbaycan şairinin həyatı, mühiti, əsərlərinin bədii dəyəri, sənətkarlıq məsələləri, habelə Nizami və folklor, yaratdığı ədəbi məktəbin özəllikləri kimi problemlər ədəbi faktlar əsasında obyektiv şəkildə öyrənilmişdir. Ərəb aliminin monoqrafiyasının ədəbiyyat hissəsində Y.E.Bertelsin "Böyük Azərbaycan şairi Nizami" və "Fars ədəbiyyatı tarixi oçerki" və əsərləri ilə yanaşı, A.Bakıxanovun "Gülüstani-İrəm" və Nizami Yubiley Komitəsinin nəşr etdiyi "Nizami" məqalələr məcmuəsinin ikinci sayının (1940) adı vardır.

Bizim müşahidələrimizə görə, Nizaminin mühitinin öyrənilməsi ilə bağlı mülahizələrdə şairin dünyagörüşünün formalaşmasında həmin dövrdə yayılmış elmlərin rolu ilə bağlı Həsəneynin söylədiyi fikirlərdə Y.E.Bertelsin əsərinin təsiri vardır. Bununla yanaşı, Nizamini fars şairi kimi təqdim edən ərəb alimi "Böyük Azərbaycan şairi Nizami" əsərinin müəllifi Bertelsi günahlandırır ki, o, ideoloji səbəblərə görə Nizamini Azərbaycan şairi kimi təqdim etmişdir. Halbuki Nizaminin türklüyünü, əsərlərinin Azərbaycan ədəbiyyatının zəngin xəzinəsində özünəməxsus yer tutduğunu tədqiqatçılar elmi əsaslarla sübut etmişlər. Şairin əsərlərini fars dilində yazdığı doğru olsa da, o, mənsub olduğu xalqın dilində, yəni Azərbaycan türkcəsində düşünmüşdür. Bunu Şirvan şahı Axsitanın şairə göndərdiyi məktubu oxuduqdan sonra "Leyli və Məcnun" poemasında yazdığı sözlər sübut edir. Azərbaycan şairi kimi Nizaminin əsərlərinin Azərbaycan ədəbiyyatının zəngin xəzinəsində özünəməxsus yer tutduğunu tədqiqatçılar elmi əsaslarla sübut etmişlər. Şairin Azərbaycan şifahi xalq yaradıcılığı, ortaq türk ədəbi abidələri və Azərbaycan ədəbi məktəbi ilə bağlılığından bəhs edən Y.E.Bertels, M.Ə.Rəsulzadə, M.Rəfili, H.Araslı, Y.Rıpka, R.Əliyev, R.Azadə və N.Araslının əsaslandırılmış fikirləri artıq bu qənaəti möhkəmləndirmişdir.

Ərəb tədqiqatçıları arasında Məhəmməd Quneymi Hilal ədəbiyyatların müqayisəli öyrənilməsi baxımından ilk dəfə olaraq Nizami Gəncəvinin yaradıcılığı haqqında fikir söyləmişdir. O, müqayisəli ədəbiyyatşünaslıq sahəsində əsaslı tədqiqatlar aparmış, Şərq və Qərb dünyasında ədəbi-estetik fikirlərin qarşılıqlı əlaqəsi məsələsinə dair dəyərli işlər görmüşdür. Alimin bu sahədəki fəaliyyəti "Müqayisəli ədəbiyyat" ("Əl-ədəbul-muqarənu") əsəri ilə yanaşı, "Üzrilik və sufilik arasında sentimental həyat" ("Əl-həyatul-atifiyyətu beynəl-uzriyyəti vas-sufiyyəti"), "Farsdilli şeirdən seçmələr" ("Muxtaratun minəş-şiril-farisiyyi"), "Müqayisəli ədəbi tədqiqatlarda humanizm nümunələri" ("Ən-nəmazicil-insaniyyəti fid-dirasatil-ədəbiyyətil-müqaranəti") adlı kitablarında əksini tapmışdır.

Hilal Nizaminin məsnəvi yaradıcılığında rolunu düzgün qiymətləndirərək yazır: Nizami bu sahədə xüsusi istedada və gözəl sənətə malik olmuş, məsnəvi şeirini mükəmməl bir mərhələyə çatdırmışdır.

Ərəb alimi şairin təsəvvüf mahiyyətli görüşlərinə də toxunur və qeyd edir ki, Nizaminin əsərlərində islam təsəvvüfünün gözəlliyə bağlılıq xüsusiyyəti özünü daha bariz şəkildə göstərir. Bununla belə, şairin qəlbində bu dünyaya qarşı duyğu və bağlılığın sirləri də özünə yer tapmışdır. Onun vəsf etdiyi gözəllik ilahi mahiyyətlə bağlıdır. Hilal Nizaminin sənəti və şəxsiyyətini yüksək qiymətləndirərək ərəb ədəbiyyatında geniş yayılmış üzri və təsəvvüf eşqinin mahiyyətini öyrənmək üçün tədqiqatında şairin "Leyli və Məcnun" poemasına ayrıca yer vermiş, mövzunun qaynaqlarına və Nizami tərəfindən edilən əlavə və dəyişikliklərə diqqət yetirməyi gərəkli saymışdır.

Qahirənin Eyn Şəms Universitetinin professoru Bədi Muhəmməd Cuma "Farsdilli ədəbiyyatın parlaq nümunələrindən" ("Min rəvaiil-ədəbil-farsiyyi") kitabında şairin əsərlərindən ərəb dilinə edilmiş tərcümələrlə yanaşı, Nizami irsinə yüksək qiymət verilir. Cuma Nizaminin farsdilli ədəbiyyatda heç bir şairin çata bilmədiyi bir mövqeyə yüksəldiyini göstərir. O, böyük şairin romantik şeir sahəsində misilsiz uğurlar əldə etdiyini bildirir. "Xosrov və Şirin" poeması haqqında ərəb alimi qeyd edir ki, Nizami bu əsəri yazmaqla qazandığı böyük uğur nəticəsində ondan sonra gələn görkəmli şairlər bu mövzuda çoxlu əsərlər yaratmışlar. Onların müəllifləri ya Nizami üslubunu davam etdirmiş, ya da bəzi dəyişikliklər etməklə məlum süjeti müəyyən qədər zənginləşdirməyə çalışmışlar.

Nizami irsini öyrənən ərəb alimləri şairin "Leyli və Məcnun" poemasına dair maraqlı və diqqət çəkən fikirlər irəli sürmüşlər. Əhvalatın qaynaqları, burada təqdim edilən eşqin mahiyyəti əsas süjetə edilmiş əlavə və dəyişikliklər, obrazlar aləmi ilə bağlı yürüdülmüş mülahizələr Nizami irsinin tədqiqinə ciddi yanaşıldığını göstərir. Bilindiyi kimi, Leyli və Məcnun əhvalatı ilə bağlı mövzunun əsas qaynaqları İbn Quteybənin "Şeir və şairlər", Əbul-Fərəc əl-İsfahaninin "Mahnılar kitabı" və Əbu Bəkr əl-Valibinin "Məcnun haqqında xəbərlər və onun şeirləri" əsərləri göstərilir. Bizim apardığımız tədqiqatlardan aydın olmuşdur ki, Valibinin əsəri Məcnun ləqəbli şair Qeys ibn əl-Müləvvəhin şeirləri əsasında əhvalatın qurulmasına əsaslandığı və tarixən İsfahaninin kitabından əvvəl tərtib edildiyi üçün daha mötəbər sayılmalıdır.

Yazılı ədəbiyyata ilk dəfə Leyli və Məcnun mövzusunun Nizami Gəncəvi tərəfindən gətirildiyini bildirən professor Məhəmməd Səid Camaləddin epik şeirin inkişafında humanist sənətkar Nizaminin rolunu yüksək qiymətləndirərək yazır ki, Nizami epik şeir sənətində böyük yenilik yaratdı, nəticədə ondan sonrakı dövrlərdə bir çox tanınmış şairlər onu təqlid etdilər, onun kimi "Leyli və Məcnun" və başqa əsərlər yazmağa çalışdılar.

Nizami Gəncəvi irsini öyrənən ərəb tədqiqatçıları böyük Azərbaycan şairinin müraciət etdiyi mövzuların, xüsusilə Leyli və Məcnun əhvalatının müqayisəli öyrənilməsində təsvirçiliyə çox yer vermişlər. Onların araşdırmalarının başlıca qüsuru isə Nizami Gəncəvinin XII əsr Azərbaycan poeziya məktəbindən kənarda götürülməsi ilə bağlıdır.

Ərəb tədqiqatçıları Nizami irsini öyrənməklə yanaşı, onun əsərlərini və əsərlərindən nümunələri ərəb dilinə tərcümə etmişlər. Məhəmməd Quneymi Hilal, Əbdunueym Həsəneyn, Məhəmməd Bədi Cuma, Məhəmməd Səid Camaləddinin "Xosrov və Şirin", "Leyli və Məcnun", "Yeddi gözəl" və "İsgəndərnamə"dən etdikləri tərcümələr ərəb oxucularını böyük şairin sənəti ilə tanış etməkdə əhəmiyyətli rol oynayır.

Nizami Gəncəvi irsinin ərəb aləmində tanıdılmasında Livan Universitetinin nəzdində fəaliyyət göstərən Fars Dili və Ədəbiyyatı Mərkəzi və onun başçısı professor Viktor əl-Kikin fəaliyyəti də qeyd edilməlidir. 2004-cü ildə Mərkəzin nəşr etdiyi "Ədəbi tədqiqatlar" ("Əd-dirasatul-ədəbiyyətu") jurnalının "Nizami Gəncəvi" adlı xüsusi buraxılışında Nizamişünas alimləri, habelə Viktor əl-Kik və doktor Dəllal Abbasın Nizaminin həyatı və yaradıcılığının müxtəlif məsələlərindən bəhs edən məqalələri ərəb ölkələrində şairin ədəbi irsinin öyrənilməsində marağın güclü olduğunu göstərir.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!