İran nizamişünaslığındakı bəzi təhriflərə dair - Kamil HÜSEYNOĞLU

 

Bəllidir ki, Orta Asiyada mövcud olmuş Qaraxanilər dövlətinin (927-1212) hakimləri öz saraylarına farsdilli şairlərlə yanaşı, türkdilli şairləri də cəlb edir və onlara himayədarlıq edirdilər ki, onlar da öz ana dillərində türk qəhrəmanlarını vəsf edə bilsinlər. Qaraxanilərin (karluqların) məşhur sərkərdəsi Alp Ər Tonanın (bu adın "Tonqa" variantı ərəb əlifbasındakı mətnin yanlış oxunması nəticəsində yaranıb) ölümü ilə bağlı əruzun rəcəz bəhrində yazılmış ağı buna bariz nümunə ola bilər. 

Ancaq XI əsrdə Orta Asiyadan Suriyaya və Fələstinə qədər uzanan ərazilərdə böyük imperiya yaratmış Səlcuqilər, Qaraxanilərin əksinə olaraq, qısa müddətdə fars dilini və mədəniyyətini qəbul edərək, tezliklə farslaşdılar və türk dili və ədəbiyyatının inkişafı barədə düşünmədilər. 

Qısa müddət ərzində farslaşaraq, fars dili və mədəniyyətini Anadoluyadək aparıb çıxaran Səlcuqilər yalnız fars dilində yazılmış bədii əsərlərə qonorar verir, türk dilinə isə tamamilə etinasız yanaşırdılar. Dil məsələsi Nizaminin özünü də çox narahat edirdi. "Yeddi gözəl" əsərində şair ürək ağrısı ilə yazırdı:

 

Türklüyümə bu Həbəşdə

       (qaranlıq mühitdə) qiymət vermirlər,

Buna görə də xoş doğva yemirlər.

 

Uyğun şikayətə biz türk şairi Aşık Paşanın 1330-cu ildə yazdığı "Qəribnamə" əsərində də rast gəlirik:

 

Türk dilinə kimsənə bakmaz idi,

Türklərə hərgiz gönül akmaz idi.

Türk dəxi bilməz idi ol dilləri,

İncə yolu, ol ulu mənzilləri.

 

Yalnız monqolların gəlişindən sonra Azərbaycanın ədəbi həyatında vəziyyət tədricən dəyişməyə başlayır, çünki monqollar farsların qəliz və təmtəraqlı üslubunu xoşlamırdılar.

Nizami Gəncəvi haqqındakı mübahisəli məsələlərdən biri də onun milli mənsubiyyəti ilə bağlıdır və bu problem XX əsrin birinci yarısından başlamışdır.

Nizaminin və onun müasirləri olmuş farsdilli Azərbaycan şairlərinin milliyyətcə fars olmasını təsdiq etmək üçün İran ədəbiyyatşünasları müxtəlif dəlillərdən istifadə etməyə çalışırlar. Bunların içərisində onların "daşdankeçən" hesab etdikləri "sübut" isə ondan ibarətdir ki, guya "Leyli və Məcnun" poemasında Nizami özünü "fars nəslindən olan fəsahətli dehqan" (mülkədar) adlandırıbdır. Nizaminin "Leyli və Məcnun" poemasında isə "dehqan" sözü "mülkədar", "torpaq sahibi" mənasında yox, "dastançı, rəvayət söyləyicisi" mənasında işlədilmişdir.

Nizami "Leyli və Məcnun" məsnəvisində ondan çox hekayətin əvvəlində onları nəql edən söyləyiciləri yad edir. Məsələn, "Məcnunun vəhşilər və yırtıcılarla ünsiyyəti" adlı hekayətin birinci beytində söyləyici "əfsanə yaradan xəbər sahibi" adlandırılır:

Əfsanə yaradan xəbər sahibi

Bu nağıl xəbərini belə nəql edir.

 

Nizamişünaslıqda süni surətdə yaradılmış mübahisəli məsələlərdən biri də şairin əslən Gəncədən, yoxsa İranın Qum vilayətinin Təfriş şəhərindən olmasıdır. XVII əsrə qədər yazılmış bütün təzkirələrdə birmənalı olaraq şairin Gəncədə doğulması və ömrünün sonuna qədər də burada yaşaması göstərilir. Ancaq XVI əsrin II yarısı - XVII əsrin əvvəllərində yaşamış ərəb mənşəli İran alim və şairi Şeyx Bəhai (1546-1622) şeirlərinin birində Nizami haqqında belə bir beyt işlədir:

 

O təmiz gövhər Təfriş torpağındandır,

Ancaq Gəncə torpağında dəfn edilib.

 

Daha sonra bu yanlış məlumat "Dəqqaqi Bəlyani" adı ilə məşhur olan Təqiəddin Məhəmməd Əvhədinin (1565-1633) "Ərəfat ül-aşiqin və ərəsat ül-arifin", Lütfəli-bəy Azərin (1722-1780) "Atəşkədə" və Rzaqulu xan Hidayətin (1800-1871) "Riyaz ül-arifin" adlı təzkirələrinə əlavə edilmişdir.

Belə görünür ki, bu beytin təzkirələrə düşməsindən sonra Qum vilayətinin Təfriş şəhərindən olan hansısa bir "vətənpərvər" şair həmin məlumatı daha da zənginləşdirərək, aşağıdakı iki beyti yazıb, Nizaminin "İqbalnamə" əsərinin mətninə əlavə etmişdir:

 

Baxmayaraq ki, dürr kimi

            Gəncə dənizində itmişəm,

Ancaq Qum (vilayətinin)

            Qumistan (bölgəsindənəm).

 

Təfrişdə "Ta" adlı bir kənd vardır,

Nizami oradan şöhrət tapıbdır.

 

Ancaq buradan belə bir sual ortaya çıxır ki, əgər XVII əsrədək bu məlumatlara heç bir mənbədə rast gəlinmirsə, sonrakı mənbələr onları haradan götürə bilərdilər? Başqa sözlə, bu məlumatın və iki beytin sonradan uydurularaq Nizamiyə mənsub edilməsinə heç bir şübhə yeri qalmır. Elə bu səbəbdən də ilk dəfə "Xəmsə"nin tənqidi mətnini hazırlayan Vəhid Dəstgerdi həmin iki beyt haqqında belə yazır: "Bu iki beyt qədim nüsxələrdə yoxdur".

Mərhum Əbdülhüseyn Zərrinkub da Nizaminin Qumdan olması iddiasını rədd edərək yazır ki, Nizaminin "Quma və Qumistana mənsub edilməsi sözsüz ki, sonrakı xəttatların və təzkirə yazanların "ixtirasıdır" və bunlar Nizaminin öz əsərlərindəki məlumatlarla təsdiq edilmir".

Ancaq V.Dəstgerdi öz araşdırmasında ciddi bir yanlışlığa da yol verir. O, Nizaminin Qumdan olması barədəki mülahizələri rədd etsə də, şairin İraq barədə söylədiyi bəzi xoş sözləri və tərifləri əsas götürərək yazır: "Bütün təzkirəçilər onun Gəncədə doğulmasını yazırlar. Ancaq onun əslinin İraqdan olması tamamilə aydındır. Ona görə ki, hər yerdə İraqı tərifləyir və həmişə İraqa səfər etmək həvəsində olub".

Sözsüz ki, belə qeyri-ciddi mülahizə ilə razılaşmaq mümkün deyil. Məlumdur ki, Xaqani Şirvani də heç vaxt görmədiyi Xorasanın tərifinə nəinki ayrı-ayrı beytlər, hətta bütöv şeirlər həsr etmiş və bu diyara səfər etmək istəmişdir, ancaq bu, Xaqaninin əslinin Xorasandan olmasını söyləməyə heç bir əsas vermir. Şairlər eşitdiklərinə əsasən, görmədikləri yerləri müxtəlif səbəblərdən tərifləyə bilərlər. Ancaq o zamankı şairlər bu üsulla əsasən müxtəlif əyalət və ya ölkələrin hakimlərinin diqqətlərini özlərinə cəlb etmək və onlardan sifariş almaq məqsədini güdürdülər. Bu da başa düşüləndir: öz həyatlarını yaradıcılığa həsr etmiş şairlərin qonorar almaq imkanları ancaq saraylar və əyalət hakimlərindən asılı idi.

Konkret olaraq Nizami yaradıcılığında İraqın tərifi ilə bağlı yazılmış bir neçə beytə gəlincə, demək lazımdır ki, birinci, Nizami "İraqe-əcəm" (yəni İran İraqı) və "İraqe-ərəb" istilahlarından istifadə etməyib. O, sadəcə "İraq" yazıb. İkincisi isə, həmin beytlər əsasən "İqbalnamə" poemasındandır. Əgər nəzərə alsaq ki, bu əsər Ərəb İraqında yerləşən Mosul vilayətinin hakimi Məlik İzzəddinə ithaf edilibdir, hər şey öz-özlüyündə aydınlaşacaqdır: o zaman mövcud olmuş ənənəyə əsasən Nizami bu hakimin özü ilə yanaşı, onun ölkəsini də vəsf etməli idi.

Nizamişünaslıqda mübahisəli qalan məsələlərdən biri də şairin anasının milli kimliyi ilə bağlıdır. Belə bir fikir çox geniş şəkildə yayılıbdır ki, guya "Leyli və Məcnun" poemasında şairin özü anası Rəisənin kürd olmasını yazıb. Bu iddia həmin beytin yanlış oxunuşundan və buna görə də səhv anlaşılmasından qaynaqlanır. Məsələ burasındadır ki, XX əsrin əvvəllərinədək fars dilində yazılmış bütün mətnlərdə "k" (kaf) hərfi üç səsi - "k", "g" və bəzən də ("k" səsindən sonra qalın sait gələndə) "q" səslərini bildirirdi. "Kaf" hərfinin konkret mətndə necə səslənəcəyi onun işləndiyi sözün və ya cümlənin mənası, məzmunu ilə müəyyənləşirdi. Nizaminin aşağıdakı beytində də biz həmin halla rastlaşırıq. Əvvəlcə beytdəki "qord" (igid, pəhləvan) sözünü düzgün oxunuşda səsləndirək:

 

Mənim anam igid Rəisə olsa da,

Mənim qarşımda anasayağı öldü.   

 

Yəni sağlığında igidliyi, qoçaqlığı ilə seçilən anası Rəisə xanım ölüm ayağında olanda ağlayıb sızıldayırmış ki, "mən ölürəm, körpə oğlumun aqibəti necə olacaq?". Burada fikir tam məntiqli və mənalıdır.

İndi görək beytdəki "qord" (igid) sözünü "kord" (kürd) kimi oxuyanda beyt nə məna verəcəkdir:

 

Mənim anam kürd Rəisə olsa da,

Mənim qarşımda anasayağı öldü.

 

Bu halda belə bir məna ortaya çıxır ki, kürd qadının anasayağı ölməsi sanki şairə qəribə görünür, yəni kürd qadını ana sifəti ilə ölə bilməz imiş. Ona görə də "kürd" variantının mənası nəinki anlaşılmazdır, həm də kürdlərə qarşı təhqiramiz səslənir. Bu səbəbdən də Nizaminin anasının guya kürd olmasına dair iddialar birmənalı olaraq yanlışdır.

Beləliklə, biz görürük ki, bəzi İran tədqiqatçılarının Nizaminin milli mənsubiyyətinə dair irəli sürdükləri fərziyyələr tam əsassızdır və heç bir tənqidə dözmür. Ancaq bunu da qeyd etməliyik ki, bir sıra İran filoloqları, xüsusilə də Səid Nəfisi (1895-1966) və Əbdülhüseyn Zərrinkub (1923-1999) kimi böyük alimlər də öz həmvətənlərinin yuxarıda göstərilən yanlış mülahizələri ilə razılaşmayıblar.

Şairin əsərlərində türklərlə bağlı xoş mənalar ifadə edən onlarla beytə, şeir parçalarına rast gəlinir. Şair hətta peyğəmbərin mədhi zamanı belə "əhsən o türkə ki, yeddi süvari qoşunun başçısıdır" ("Zəhi torki ke mir-e həft xeyl əst") deməyi də unutmur. Əsərlərində "tamqaçı", "ozan", "bayraq", "yataq", "bəzək", "dağ", "sancaq", "uşaq", "yəzək" (kəşfiyyət dəstəsi) və s. kimi türk sözləri işlədir.

"Sirlər xəzinəsi"ndəki hekayətlərdən birində Nizami özü Sultan Səncəri tənqid edərək, onun türk adına və türk dövlətçiliyinə layiq olmadığını deyir:

 

Türklərin dövləti yüksələn zaman,

Məmləkətdə ədalət bəyənildi.

 

Sən isə ədalətsizlik yaradırsan,

Ona görə də sən türk yox, qarətkar oğrusan.

 

"Xosrov və Şirin" poemasında birinci həyat yoldaşı olmuş Afaqın ölümündən dərin kədərini bildirən Nizami bu türk qızının məziyyətlərindən danışdıqdan sonra ondan olmuş oğlu Məhəmmədə də türk olduğunu belə xatırladır:

 

Türküm (dünya) çadırında yox olsa da,

Xudaya, türkdən törəyənimi sən tanıyırsan.

 

"Şərəfnamə"də türklərin coğrafi məskəninin hüdudlarını da Nizami düzgün müəyyənləşdirir:

 

Xəzər (Qafqaz) dağlarından Çin dənizinə qədər

Hər yeri türklərlə dolu görürəm.

 

"Yeddi gözəl" poemasındakı bu sətirlərdə türklərin gözəl, cəsarətli və qorxmaz olmalarını göstərən Nizami özünün də türk olması ilə fəxr edir:

 

Dedim: gözəl, sənin muradın nədir?

Şöhrətin var, bəs adın nədir?

 

Dedi ki, mən - incə əndamlı türk,

Atamdan "türk yürüşçüsü" adı almışam.

 

Dedim: həmdəm və həməqidə olanda

Adlar da bir-birinə oxşar olur.

 

Adın türk yürüşçüsüdur, bu qəribədir;

"Türk yürüşçüsü" mənim də ləqəbimdir.

 

Qalx ki, türk kimi yürüş edək,

Qarətkarları atəşə ataq.

 

Nizaminin türklərə və türklüyə rəğbətini göstərən belə şeir parçaları onun yaradıcılığında olduqca çoxdur. Mərhum Cavad Heyət haqlı olaraq qeyd edir ki, orta əsrlərdə yaşamış türkdilli şairlər arasında belə Nizami qədər türk sevgisi, türklərə vurğunluq göstərən ikinci bir şair tapmaq çətindir.

Bütün yuxarıda göstərilənlər belə deməyə imkan verir ki, Nizami Gəncəvini mənşəcə fars hesab etməyə heç bir əsas yoxdur, əksinə, onun öz əsərlərində rast gəlinən çoxsaylı faktlar onun azərbaycanlı olmasını aydın göstərir.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!