Təkcə Azərbaycan ədəbiyyatının deyil, həm də ümumtürk mədəniyyətinin ən böyük simalarından olan Nizami Gəncəvinin möhtəşəm yaradıcılığı mənsub olduğu xalqın dünyagörüşünü, bədii yaradıcılıq potensialını və mənəvi varlığını ifadə etmək baxımından böyük dəyərə malikdir.
Nizaminin əsərlərinin mövzu seçimi və fars dilində yazmasının səbəbləri barədə mütəxəssislər dəfələrlə izahat verib məsələyə tam aydınlıq gətirdikləri üçün yenidən bu mövzuya qayıtmağa ehtiyac duymuruq. Bircə onu vurğulamaq istərdik ki, Nizami poeziyasının cismi - dili, mətni farsca olsa da, ruhu - məramı, ideyası türkcədir.
Bizim klassik ədəbiyyatımızda, hətta türkcə yazan şairlərimizin heç birində türklük ideologiyası Nizamidəki qədər ardıcıl və prinsipial xarakter daşımır. Nizami farsca yazsa da, ana dilinə dərindən bələd olduğu və böyük sevgi bəslədiyi yaradıcılığından aydın görünür. Onun əsərlərində türk söz və ifadələri həm sayca, həm də işlənmə məqamlarına görə xüsusi əhəmiyyət daşıyır. Nizamidə ozan, muncuq, gərdək, alaçıq, bayraq, bilək, doğru, dovğa, çox, çavuş, çirkin, dağ, qırmızı, uşaq, qarınca, hancarı ("necə" mənasında Gəncə şivəsində bu gün də işlənir), yerəl ("lider" mənasında) və s. kimi türk sözləri ilə yanaşı, fars söz köklərinə türk şəkilçisi artırmaqla düzələn miyançı ("vasitəçi"), xacətaş (bir ağanın rəiyyətləri) sözləri də işlənir. Bu son nümunələr böyük şairin ana dilinin yalnız leksikasına deyil, qrammatikasına da yaxşı bələd olduğunu sübut edir. Sələfləri Qətran və Xaqani kimi Nizami də Azərbaycan atalar sözləri və məsəllərini fars dilinə tərcümə edərək əsərlərində işlədir: "Qurd quzuyla otlayır", "Doşab almışam, bal çıxıb", "Əyri oturaq, düz danışaq", "Kələklə gələn küləklə gedər", "Heç kəs öz ayranına turş deməz", "Ot kökü üstə bitər", "İsinmədim istisinə, kor oldum tüstüsünə", "Pişik balasını istədiyindən yeyər", "Özgəyə quyu qazan özü düşər", "Beş barmağın beşi də bir deyil" və s. Nizamiyə qədər bu deyimlərin fars dilində qarşılığı yox idi. Başqa sözlə, etnik mənsubiyyətinə görə fars olan farsdilli şairlərin heç birində bu tipli ifadələr işlənməyib.
Nizaminin türklüyə bağlılığı təkcə dil məsələsində deyil, şairin yaradıcılığının məzmun və ideya istiqamətlərində, onun dünyagörüşü və düşüncə tərzində də çox qabarıq və aydın şəkildə görünür. Səbəbsiz deyil ki, şairin həyatı və sənəti haqqındakı bir sıra tədqiqat əsərlərində, xüsusən M.Ə.Rəsulzadənin, Həmid Araslının, Rüstəm Əliyevin, Əlisa Şükürlünün, Seyfəddin Rzasoyun araşdırmalarında bu məsələyə geniş yer verilmişdir.
Nizaminin təfəkküründə "türk" anlayışına, dilində "türk" sözünə pərəstiş səviyyəsinə yüksələn bir sevgi var. O, əsərlərində gözəl, mərd, qəhrəman, döyüşçü, sərkərdə, müdrik, rəhbər, adil anlayışlarını "türk" kəlməsi ilə ifadə edir. Gözəllikdən, yaxşılıqdan, təmizlikdən, doğruluqdan, mərdlikdən, qəhrəmanlıqdan, halallıqdan, müdriklikdən bəhs edəndə "türklük" sözünü işlədir.
"Yeddi gözəl" əsərində Nizami yeddi iqlim gözəllərinin hamısını hüsndə türk qızına bənzədir, "türk" deyə vəsf edir. "Leyli və Məcnun"da Leylinin başına toplaşmış qızların gözəlliyini "ərəb əndamlı türklər" deyə tərənnüm edir. "Xosrov və Şirin"də iki fars cəngavərinin döyüş səhnəsini təsvir edərkən onların igidliyini daha əyani göstərmək üçün yazır: "Bu türklər arasındakı döyüşdə türk neyinin naləsindən türkün boğazı tutulurdu". İran şahı Xosrovun türk gözəli Şirinin eşqi yolunda dönməzliyini Nizami - "türkü türklüklə fəth etmək istədi" ifadəsi ilə dəyərləndirir. "İsgəndərnamə"də yunan hökmdarı İsgəndər də, İran şahı Dara da öz döyüşçülərinin məğlubedilməzliyi ilə qürrələnəndə onları "mənim türklərim" deyə öyürlər. Nizami öz ideal qəhrəmanı İsgəndərin ağlını, müdrikliyini nəzərə çarpdırmaq məqsədilə yazır: "Əgər belə olmasaydı, Rum papaqlı bir türk Hind və Çinə necə sahib ola bilərdi?".
Şeyx Nizami ərəb soylu islam peyğəmbərini mədh edərkən onu "türk" adlandırmaqdan yüksək epitet tapa bilmir: "Yeddi iqlimin sahibi olan bir türk ki, yerdə də, göydə də hər şeyə yol göstərən odur".
"Sirlər xəzinəsi"ndə zəmanədən ədalətsizlik görmüş bir qarı Səlcuq hökmdarı Sultan Səncərin ətəyindən yapışaraq - "sən türk deyilsən, türk olsaydın, ölkəndə ədalətsizliyə yol verməzdin" - deyir. "İsgəndərnamə"də bu fikir başqa bir şəkildə təkrarlanır: "Adil olmayan türk də ola bilməz".
Nizami təbiət gözəlliklərini təsvir edəndə də "türk" sözündən təşbeh kimi istifadə edir: "Yasəmənin türkü çöldə çadır qurmuşdu".
Qüdrətli qələm sahiblərini Nizami "qələm türkləri" adlandırır. Zəmanəsinin cahilliyindən, elmə, sənətə, dərin mənalı sözə qiymət verməməsindən gileylənəndə - "türkcəmi bu həbəşlikdə alan yoxdur" - deyir.
Böyük şairin "türkcəsinin" (türklüyünün) qəbul edilməməsi ilə bağlı ən böyük problem "Leyli və Məcnun"un yazılması ilə əlaqədar meydana gəlmişdi. Şirvanşah Axsitanın bu əsərin yazılması barədə sifariş məktubunda işlətdiyi - "İstəyirəm, bu təzə gəlini fars-ərəb zinəti ilə bəzəyəsən... Türklük bizim etibar etdiyimiz sifət deyil. Türklük sifəti bizə layiq deyil" - sözlərinin şairi hiddətləndirdiyi hamıya məlumdur. Axsitanın işlətdiyi "türki" kəlməsi "türklük" kimi də, "türkcə" (türk dili) kimi də anlaşıla bilər. Nizaminin heysiyyətinə toxunan səbəb hər iki halda aydındır. Şirvan hökmdarı onun milli varlığını, ruhunu, həm də dilini aşağılamışdı. Əgər Nizaminin adi bir qəzəli deyil, möhtəşəm bir dastanı doğma dilində yaza bilməsi ehtimalı olmasaydı, sah bu sözləri işlətməzdi.
Nizaminin "Xosrov və Şirin"də, "İsgəndərnamə"də təsvir etdiyi Bərdə hökmdarlığı türk Aran (Alban) dövlətidir. Məhin Banu Şirinə öyüdündə onu İran şahzadəsi Xosrovun mənəmlik düşüncəsindən qorumaq üçün, "O, Keyxosrovdursa, biz Əfrasiyabıq" - sözlərini işlədərək böyük Turan hökmdarı Alp ər Tonqanın (Əfrasiyabın) varisi olduqlarını qürurla vurğulayır. Süjetin sonrakı inkişafında müəllif Şirini eqoist bir məhəbbətlə sevən İran şahzadəsinin qarşısına eşqi yolunda canından keçməyi bacaran türk soylu Fərhadı çıxarır. Fədakar məhəbbət timsalı kimi təqdim olunan bu obraz Nizamiyə Şirini inadkar bir məhəbbətlə sevsə də, ilk növbədə özünü düşünən şah oğlunun müqabilində əsl aşiqliyin nə olduğunu göstərmək üçün lazım idi. Sonralar Nizaminin ən böyük davamçısı Məhəmməd Füzuli bu psixoloji situasiyanın dahiyanə düsturunu vermişdi:
Canı kim cananı üçün sevsə, cananın sevər,
Canı üçün kim ki, cananın sevər, canın sevər.
Məhin Banunun, Nüşabənin ölkəsinin eyni zamanda yunan tarixçilərinin heyranlıqla bəhs etdikləri Amazonkalar səltənəti olduğu da göz önündədir.
Özündən əvvəl yaşayıb-yaratmış Yusif Balasaqunlu, Əhməd Yəsəvi kimi türk əsilli söz bahadırlarına, böyük filosof əl-Fərabi ət-Türkiyə mənən bağlı olan Nizamidə türklük ideyalarının ən güclü dəlili onun yaradıcılığında "Kitabi-Dədə Qorqud" motivləri ilə səsləşən detalların olmasıdır. Qəribədir ki, indiyəcən nə Dədə Qorqudun, nə də Nizaminin tədqiqatçılarından heç kim bu məsələyə diqqət yetirməyib.
Nizami "İsgəndərnamə"də "ozan" sözünü "Kitabi-Dədə Qorqud"dakı semantikada işlədir. Onun əsərlərində "Kitab"dan bizə tanış olan "xatun" kəlməsinə (Burla xatun, Selcan xatun) də rast gəlirik. Qeyd edək ki, bu söz türk dilləri içərisində yalnız Azərbaycan dili üçün səciyyəvidir. Nizami Çinin türk hökmdarını "xanixanan" adlandırır. Bu tərkib fars dili üçün yabançıdır. Bu ifadəni Nizami farsın "şahənşah" kəlməsinin əvəzində yaradaraq türk hökmdarının titulu kimi işlədib və bu söz "Kitabi-Dədə Qorqud"dakı "xanlar xanı" ifadəsinin birbaşa tərcüməsidir.
"İsgəndərnamə"də belə bir epizod var: Şirvandan keçərkən İsgəndərə Dərbənd qalasını zəbt edib orada məskən salmış bir dəstə qarətçinin yolları kəsərək karvanları soymasından, əhalini talan etməsindən, ölkəni qorxuda saxlamasından şikayət edirlər. İsgəndər onları cəzalandırmaq üçün Dərbəndə hücum çəkir, qalanı qırx gün mühasirədə saxlasa da ala bilmir. Sonra ona deyirlər ki, şəhərin kənarında, dağın başındakı mağarada bir "piri-saleh" - ixtiyar qoca yaşayır, bu yerlərin qaydasına görə, məqsədə yetmək üçün ondan xeyir-dua almaq lazımdır. Yalnız bu müdrik qocanı tapıb onun xeyir-duasını aldıqdan sonra İsgəndər qalanı fəth edə bilir.
İndi bu epizodu "Kitabi-Dədə Qorqud"un lap başlanğıcından bir parça ilə müqayisə edək: "Rəsul əleyissəlam zəmanına yaqın Bayat boyından Qorqud ata diyərlər bir ər qopdı. Oğuzun ol kişi təmam bilicisiydi - nə diyərsə, olurdı. Qaibdən türlü xəbər söylərdi. Həq-təala anın könlünə ilham edərdi...
...Qorqud ata oğuz qövminin müşkilini həll edərdi. Hər nə iş olsa, Qorqud ataya tanışmınca işləməzlərdi. Hər nə ki, buyursa, qəbul edərlərdi, sözin tutub təmam edərlərdi...".
Nizaminin bəhs etdiyi "piri-saleh"in Dədə Qorqud obrazının prototipi olduğuna yəqinlik hasil etmək üçün 1636-1638-ci illərdə Qafqaz səyahəti zamanı Dərbənddə olmuş görkəmli alman alimi və səyyahı Adam Olearinin yazdıqlarına nəzər yetirək: "...Qədim zamanlarda, Məhəmməd peyğəmbərdən sonra burada Hassan (Qazan - !) adlı çar yaşayırdı, kökcə oğuz millətindən idi. ...İmam Kurxudun (Qorqudun - !) qəbri dağda idi. Kurxud haqqında söyləyirlər ki, o, Məhəmmədin dostu olmuşduir. Sonra Qazanın yanına gəlmiş, onun qarşısında qopuz çalıb oxumuşdur. ...Onun qəbri qayalıq bir dağda, mağaranın içindədir".
Bundan başqa, A.Oleari Dərbənd səddinin İsgəndər tərəfindən çəkdirilməsi barədə Nizaminin fikrini də təkrar edir.
Dədə Qorqudun Dərbənd yaxınlığındakı qəbri haqqında, onun yerli əhalinin ziyarətgahı olması barədə A.Oleari ilə eyni dövrdə türk səyyahı Övliya Çələbi də məlumat verir. XVII əsrdə mövcud olmuş, lakin bizim günlərə gəlib çatmamış bu ziyarətgah, çox yəqin ki, Nizami dövründə də mövcud imiş. Deməli, "İsgəndərnamə"dəki "piri-saleh" obrazı təsadüfən meydana gəlməyib. Dədə Qorqudun adını çəkməsə də, Nizaminin ona ruhən bağlanması, onun mənəvi varisi olması göz önündədir. Şairin əsərlərndə türk mifologiyasından və folklorundan gələn saysız-hesabsız detallar da bunu dönə-dönə təsdiq edir.
Türk bədii təfəkkürünün ən möhtəşəm təzahürlərindən biri olan Nizami yaradıcılığı dünya ədəbiyyatının gedişatına böyük təsir göstərmişdir. Bütün dünyada insan mənəviyyatının və psixologiyasının ifadəsi kimi qəbul edilən müasir anlamda bədii ədəbiyyat məhz Nizamidən başlayır. Nizamiyə qədər bütün xalqların folklorunda və antik ədəbiyyatında insan mənəviyyatının ifadəsi, psixoloji yaşantılarının inikası yoxdur. Hər şeyin ilahi qüvvənin iradəsindən, alın yazısından, taleyin, qəzavü-qədərin hökmündən asılı olduğu təlqin edilir. İnsanın psixoloji durumu, mənəvi haləti heç nəyi həll etmir.
Gəlin, müqayisə edək: "Kitabi-Dədə Qorqud"da yurdu yağmalanmış, ailəsi əsir götürülmüş, mənliyi alçaldılmış basılmaz cəngavər, qürurlu insan Qazan xan hansı mənəvi yaşantıları, hansı psixoloji sarsıntıları keçirir? Zahiri elementləri (yuxugömə, təbiət fraqmentləri ilə dialoq və s.) nəzərə almasaq, bunların heç biri yoxdur. Dünya xalqlarının mifoloji və folklor mətnlərində, Homerin ölməz poemalarında, Esxilin möhtəşəm dramlarında, Dantenin "komediya" adlandırdığı ilahi faciəsində, Firdovsinin şahanə dastanında da belədir. Söhbət keyfiyyətdən getmir. Sadəcə, Nizamiyə qədər bədii söz yaradıcılığı hələ o kamillik səviyyəsinə yüksəlməmişdi. Yada salaq: Nizamidə Şirinin üzünü görmədən, yalnız Şapurun söhbətlərini eşitməklə ona aşiq olan Xosrovun mənəvi-psixoloji yaşantıları və bunun təsirilə atdığı addımlar olmasaydı, əsərdə sonrakı hadisələrin heç biri baş verə bilməzdi. Tək burda deyil. Nizaminin bütün əsərlərində hadisələrin inkişafı qəhrəmanların mənəvi-psixoloji yaşantıları sayəsində baş verir. İntibah dahisi Nizami ilk dəfə olaraq insan faktorunu - humanizmi ədəbiyyatın və fəlsəfənin əsas ideyasına çevirdi. Sonralar Avropa nəzəriyyəçiləri bu keyfiyyəti "psixologizm" adlandıracaqlar. Bu mənada "ədəbiyyat Nizamidən başlayır!" qənaətini qətiyyətlə, qürurla səsləndirə bilərik. Nizamidən sonra ötən səkkiz əsrdən artıq bir dövrdə tək Azərbaycan yox, ümumən dünya ədəbiyyatının heç bir böyük nümayəndəsi həyat və insan haqqında Nizami dühasının yaratdığı möhtəşəm humanizm düsturundan kənara çıxa bilməyib. Nizami özünə qədərki bütün dünya mədəniyyətinin bəhrəsi olmaqla bərabər, ilk növbədə bu mədəniyyətə əvəzsiz töhfələr vermiş türk ədəbi düşüncəsinin zirvəsidir.
Ədəbi ənənələrə və dövrün yaradıcılıq normalarına uyğun olaraq, Nizami əsərlərini (ən azı bizim dövrə gəlib çatanları) farsca yazsa da, dahi sənətkar bütün varlığı ilə doğma xalqına, Vətəninə bağlı idi. Şairin iliyinə, qanına işləmiş türk ruhu, türk təəssübkeşliyi dönmədən sübut edir ki, kimlərinsə ona sahib çıxmaq istəyindən asılı olmayaraq, Nizami türk oğludur və türk şairidir. Nizami sənətinin ölməzliyi türk varlığının, türk ruhunun ölməzliyini sübut edir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!