“Azərbaycan yurd bilgisi”nin bir məqaləsi haqqında
Abid TAHİRLİ
Sanbalı tədqiqatları ilə dünya, o cümlədən Azərbaycan türkologiyasının inkişafına misilsiz töhfələr vermiş İstanbul Universitetinin professoru, Azərbaycan mühacirətinin parlaq siması, istiqlal mücahidi Əhməd Cəfəroğlunun (1899 Gəncə, 1975 İstanbul) tariximizdə yaşadacaq daha bir şah əsəri, əməli var: "Azərbaycan yurd bilgisi" elmi məcmuəsi. Prof.Ə.Cəfəroğlunun naşiri və redaktoru olduğu bu dərgi İstanbuldakı Bürhanəddin mətbəəsində işıq üzü görmüş, 1932-1934-cü illərdə 36, 1954-cü ildə 1 nömrəsi çap edilmişdir. Məcmuənin məqsəd və qayəsini bəyan edən “Bir neçə söz” adlı proqram məqaləsində qeyd olunduğu kimi, Azərbaycanda müxtəlif sahələrin tədqiqinə təşəbbüs göstərilsə də, bir çox sahələrdə müəllifin təbirincə desək, yeni tiklilən böyük binanın təməlində böyük boşluqlar var və bu boşluqlar “Azərbaycan yurd bilgisi”nin bir an əvvəl intişarına səbəb olmuşdur. Məcmuə ədəbi-mədəni sahələrin tədqiqi ilə məşğul olacağını bildirsə də, dövrün mövcud çətinliklərinə baxmayaraq, kifayət qədər digər problemləri, o cümlədən ictimai-siyasi məsələləri də işıqlandırmaqdan çəkinməmişdir (ətraflı bax: Abid Tahirli. Azərbaycan mühacirət mətbuatı, I hissə (Bakı, «QAPP Poliqraf» nəşriyyatı, 2002, 158 səh.).
Qeyd etdiyimiz kimi, məcmuənin toxunduğu mövzu dairəsi geniş və rəngarəngdir: türkologiya, tarix, etnoqrafiya, arxeologiya, dilçilik, folklor, teatr, musiqi, ümumtürk ədəbiyyatı, ədəbi-mədəni əlaqələr, istiqlal uğrunda mücadilə və s. Klassik ədəbiyyatın tədqiqi və tanıdılması isə “Azərbaycan yurd bilgisi”nin aparıcı sahəsi, əsas istiqaməti və başlıca uğuru idi. Azərbaycan klassik ədəbiyyatının bir sıra görkəmli şəxsiyyətlərinin həyat və yaradıcılığının dərindən və hərtərəfli tədqiqi, dəyərləndirilməsi, o vaxta kimi ədəbi aləmə məlum olmayan bəzi nümunələrin aşkar edilməsi, onların haqqında ciddi və sanballı, bu gün də aktuallığını və əhəmiyyətini itirməyən məqalələrin qələmə alınması məcmuə əməkdaşlarının misilsiz xidmətidir. Qədim dövrlərdən XX əsrin 20-30-cu illərinədək dövrü əhatə edən məcmuəni ədəbiyyatşünaslıq ensiklopediyası da adlandırmaq olar.
Başlanğıcını XX əsrin əvvəllərindən götürən Azərbaycan nizamişünaslığının inkişafında, zənginləşməsində mühacirlərin tarixi xidməti danılmazdır. Məhəmməd Əmin Rəsulzadənin Nizaminin 800 illik yubileyi münasibətilə 1941-ci ildə yazdığı, ilk dəfə 1951-ci ildə Ankarada nəşr olunan fundamental "Azərbaycan şairi Nizami" əsəri fikrimizi təsdiq üçün yetərlidir. Bundan xeyli əvvəl isə M.Ə. Rəsulzadənin əmisi oğlu, silahdaşı, istedadlı publisist Məhəmməd Əli Rəsulzadənin (1882–Bakı, 1982– İstanbul) “Azərbaycan yurd bilgisi” məcmuəsinin 1934-cü il tarixli 31-32-ci nömrəsində “Cəncəli Nizami” adlı məqaləsi dərc olunmuşdur. Ola bilsin ki, bu gün həmin yazı toxunulan problem baxımından ciddi təəssürat oyatmasın. Amma nəzərə alsaq ki, məqalə Azərbaycan nizamişünaslığının ilk qədəmlərini atdığı, eyni zamanda Nizaminin fars şairi kimi tanıdıldığı, təqdim edildiyi dövrdə qələmə alınmışdır, o zaman yazının həmin dövrdə nə qədər böyük əhəmiyyət kəsb etdiyi, müəllifin əslində fars şovinizminə sinəsini sipər etdiyi aydın olar.
Məqaləsini “Azərbaycan ədəbiyyatının ən böyük ustadlarından biri sayılan Gəncəli Nizaminin tərcümeyi-halı haqqında, təəssüf ki, hələ bu günə qədər əlimizə sarih (təmiz, aydın - T.A.) bir vəsiqə keçməmişdir. Şairin nə doğum, nə də ölüm tarixi məlumumuz olmadığından, bu xüsusda bir şox rəvayətlər nəql edilmişdir” –cümləsi ilə başlayan Məhəmməd Əli Rəsulzadə opponentlərinin Nizaminin milliyyətcə fars olduğuna dair heç bir məntiqə, fakta əsaslanmayan fikirlərini özünün tutarlı, təkzibolunmaz dəlilləri, dərin məntiqi, ən əsası isə təzkirəçilərin məlumatları ilə, tarixi mənbələrlə, eləcə də şairin şeirlərində tərcümeyi-halı və milli mənsubiyyəti ilə bağlı fikirləri ilə alt-üst edir. Məlum olur ki, şairin fars olduğunu iddia edənlərin ən böyük “dəlili”, guya onun Qum şəhərində anadan olmasıdır. Məhəmməd Əli Rəsulzadə Qumda çox sayda türk qəbilə və aşirətlərinin yaşadığını yazır və bu qənaətə gəlir: “Nizaminin əcdadının Qum şəhəri civarından Gəncəyə gəlməsi şairin mütləq fars olduğunu isbat edəcək mühik (keçərli - T.A) bir dəlil deyildir”. Müəllifin fikrincə, Nizaminin əsərləri, həmçinin ona ünvanlanan məktublar isə Nizaminin milli mənsubiyyətinin türk olduğuna heç bir şübhə yeri qoymur. “Leyli və Məcnun” poemasını yazmaq üçün Şirvan hökmdarı Əxistan Nizamiyə sifariş verir. Bu münasibətlə onun şairə ünvanladığı məktubda poemanı “vəfasız, bizə yaraşmayan və layiq olmayan türk dilində” yox, fars dilində yazmağı lazım bilir. Məhəmməd Əli Rəsulzadə bu fikirdən belə nəticəyə gəlir: Şahın “Leyli və Məcnun” poemasını türk dilində yox, fars dilində yazması ilə bağlı bu qədər israr etməsi onu deməyə əsas verir ki, şair türkcəni çox yaxşı bilir və hətta şairin özünə qalarsa, əsəri türkcə yazmaq niyyətinə də düşər. Belə olmasaydı, şah şairə “türkcə deyil, farsca yaz” - deməzdi. Nizami fars olsaydı, şahın bu cür israrına nə ehtiyac vardı ki?!
Şahın şairə məktubu digər bir cəhəti ilə də diqqəti çəkir. Şahın məktubunda poemanın fars dilində yazılması ilə bağlı israrı həmin dövrdə artıq türk dilinin Gəncədə hakim mövqedə olduğuna dəlalət edir. Məhəmməd Əli Rəsulzadə sonra digər bir əsərə - “İskəndərnamə” poemasına müraciət etməklə öz mülahizələrini və qənaətlərini qətiləşdirir. Poemanın müqəddiməsində Nizami digər əcnəbi dilləri, o cümlədən yəhudi, nəsrani, pəhləvini (fars - T.A) də bildiyini yazır. Həmin misraları Məhəmməd Əli Rəsulzadə sətri tərcümə ilə oxucuya çatdırır: “Dəfinə kimi bol olan sözlər müxtəlif nüsxələrdə dağınıq halda idilər. Hər nüsxədən “öz”lərini aldım. Ən çox yeni yəhudi, nəsrani və pəhləvi tarixlərindən istifadə etdim. Hər kitabdan yaxşılarını seçdim, hər qabıqdan məğzini aldım. Dildən-dilə dəfinə topladım və onlardan hekayələr doğrultdum. Hər dildən məlumatları olan adamın dili qaxınçlardan qısa olur”. Müəllif sitatdan sonra qəti qənaətini bildirir: “Məlumatdan da əldə edilən nəticə budur, şair Nizami bir çox dilləri bilirdi. Nədənsə, indiyə qədər Nizaminin əsərlərində gizli qalan bu nöqtələr ağıllı tənvir edilməmişdir (aydınlaşdırılmamış, işıqlandırılmamışdır - T.A.). Hər kəs ancaq Qumlu olduğuna görə Nizamini fars olaraq tanıtmaqla iktifa eyləmişdir (kifayətlənmişdir). Bizcə isə, Gəncəli şair, heç bir mübaliğəyə meydan verməmək üzrə ancaq və ancaq türk olmuşdur”.
Məhəmməd Əli Rəsulzadənin adıçəkilən məqaləsi haqqında deyilənləri yekunlaşdıraraq bu qənaətə gəlirik: Nizaminin milli mənsubiyyəti ilə bağlı, onun türk olduğuna dair Məhəmməd Əli Rəsulzadəyədək ara-sıra fikirlər səsləndirilmiş, sonralar bu mülahizə təsdiqini tapmış, mövzu ilə bağlı çox sayda məqalələr qələmə alınmışdır. Amma fikrin bayraqdarı Məhəmməd Əli Rəsulzadə olmuşdur. Bu problemlə bağlı Azərbaycan mühacirət ədəbiyyatının tanınmış tədqiqatçısı fil.e.d. Nikpur Cabbarlının “Mühacirət və klassik ədəbi irs” monoqrafiyasında (Bakı, Elm, 2003,172 səh.) irəli sürdüyü qənaət də deyilənləri təsdiqləyir: “ ...dahi şairin milliyyəti ilə bağlı mübahisələr getdiyi bir vaxtda müəllif “Nizaminin xalis türk olduğuna dair bir cığır açmağa çalışmış” və buna müəyyən qədər nail ola bilmişdir. Bu cığırı sözün əsl mənasında genişləndirən, Nizaminin yalnız milliyyətcə deyil, yaradıcılığının runu, hissiyyat və təfəkkürü etibarilə də bir Azərbaycan türk şairi olduğunu küllü miqdarda ədəbi-tarixi faktlar əsasında klassik şəkildə isbat edən isə M.Əli Rəsulzadənin əmisi oğlu Məhəmməd Əmin Rəsulzadə olmuşdur”.
30.09.2021
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!