"Sirlər xəzinəsi" poemasının meydana çıxması Nizamini bənzərsiz bir şair kimi şöhrətləndirdi. Şair bu əsəri sifarişlə yazmamışdı və onu qəlbən bəyəndiyi Ərzincan hökmdarı Fəxrəddin Bəhram şaha ithaf etmişdi. "Pansəd o həftad bəs əyyam-e xab, Ruz boləndəst beməcles şetab" (Nizami Gəncəvi, Məxzənol-əsrar, Bakı, 1960, s. 26) beytinə əsasən poemanın 570-ci (miladi 1174-1175-ci) ildə yazıldığını düşünürük. Bundan bir az sonra Cahan Pəhləvan Nizamidən "yeni bir eşq əsəri" yazmağı xahiş edir. Nizami mənim "Sirlər xəzinəsi"tək bir xəzinəm ola-ola, həvəs və eşq üçün nə üçün əziyyət çəkim", - deyə zahirən bu sifarişi könülsüz qarşılayır, ancaq "Xosrov və Şirin" poemasını yazmağa girişir və 576-cı ildə onu tamamlayır. Bu əsər əslində bir Azərbaycannamə, bəlkə də bir Qarabağnamədir.
Y.E.Bertelsin fikrincə, Səlcuq sultanı II Toğrul (1177-1194) 1180-1181-ci ildə Nizamiyə müraciət edərək onun üçün yeni bir eşq əsəri yazmağı xahiş edir. (E.G.Bertels. Nizami Tvorçeskiy putğ pogta, Moskva, 1956, s.103) Y.E.Bertels böyük alimdir və Nizami irsinin öyrənilməsində, təbliğində müstəsna işlər görmüşdür. Nizami haqqında bir neçə monoqrafiya, çoxlu məqalələr yazmışdır. Nizami əsərlərinin elmi-tənqidi mətnlərinin hazırlanmasına rəhbərlik etmiş, "Şərəfnamə"nin ən dəqiq sətri tərcüməsini hazırlayıb nəşrinə nail olmuşdur. Bütün bu işlərinə baxmayaraq, yuxarıda sitat gətirdiyimiz fikri səhvdir. Əvvələn, Nizamidən yeni bir eşq əsəri yazmağı Sultan Toğrul (nə II, nə III) xahiş etməyib. İkincisi, yeni bir eşq əsərinin yazılmağı sifarişi 1180-1181-ci ilin yaxınlarında edilməyib, daha əvvəl sifarişi verilib, sifariş edən isə III Toğrul yox, Atabəy Məhəmməd Cahan Pəhləvan olub. Y.E.Bertels öz yanlış fikirlərində o qədər inamlıdır ki, "Xosrov və Şirin" poemasının 1180-1181-ci ildə qısa bir müddətdə yazılıb başa çatdığını düşünür. Qızıl Arslanın: "Bedan name ke bordi salha rənc Çe dadət dəstmozd əz qouhər o gənc" (Nizami Gəncəvi. Xosrov və Şirin. Tərtib dəhənde-ye mətn-e elmi və enteqadi: L.A.Xetaqurov, Bakı, 1960, s. 790). (Tərcüməsi: üzərində illərlə işlədiyin o əsərə görə əlmuzdu olaraq gövhərdən, xəznədən nə verdi ?..) sözlərinə məhəl qoymur. Başqa bir cəhətdən II Toğrulun adını yazıb qarşısında III Toğrulun hakimiyyət illərini göstərir.
Y.E.Bertels səhv olaraq belə düşünür ki, Nizami "Xosrov və Şirin"i əvvəlcə II Toğrulun, sonra Cahan Pəhləvanın, daha sonra Qızıl Arslanın adına yazmışdır. Əslində, II Toğrulun yerində III Toğrul olmalıdır. Çünki II Toğrul 1161-ci ildə artıq həyatda yox idi. Y.E.Bertels, görünür ki, "Bu nəzmin tarixi və keçmişi" bəhsini səhv anlamışdır, həmin bəhsdə Nizami Toğrulu mədh etmir. III Toğrul taxta əyləşən vaxt, yəni 573-cu ildə (miladi 1177-ci ilin iyulunda) Nizami poemanı yazmağa başladığını bildirir.
Hələ bunlar bir yana qalsın, Y.E.Bertelsin başqa uydurmaları təəccüb doğurur. Guya Nizami Toğrulun sifarişi ilə yazılan əsəri sonra Cahan Pəhləvanın adına yazır, əsərin ortalarına yaxın Cahan Pəhləvanın qardaşı Qızıl Arslan meydana çıxır. Bütün bunlardan isə Y.E.Bertels heç cür Nizamiyə yaraşmayan nəticə çıxarır. Guya Nizami ehtiyac içindəymiş, əsərinə görə nəsə əldə etməyə çalışırmış. Onun öz sözlərinə müraciət edək: "Əgər heç vaxt var-dövlətə və şöhrətə can atmayan, həyat üçün ən vacib olanlarla kifayətlənən şair bu şəkildə diqqət cəlb etməyə, yəni hər hansı bir mükafat əldə etməyə çalışırdısa, tamamilə aydındır ki, onun ehtiyacı var idi". (E.G.Bertels. Nizami Tvorçeskiy putğ pogta, Moskva, 1956, s.104). Y.E.Bertelsin Nizami haqqında bu şəkildə düşünməsinə təəccüb edirsən. Nizamidən eşq haqqında əsər yazmağı xahiş edən Toğrul yox, Cahan Pəhləvandır. O, Gəncədə hakim deyildi, bütün sultanlığı idarə edirdi. Arslan şahın 7 yaşlı oğlunu sultanlıq taxtına əyləşdirən, bütün vilayətlərə əmrlər göndərib III Toğrulun adına xütbə oxunmasını əmr edən, onun Atabəyi kimi ölkəni idarə edən, Səlahəddin Əyyubi Mosulu tutmaq istəyəndə qoşunla onun qarşısına çıxan, onu bu işdən çəkinməyə məcbur edən, 573-cü ildə hakimiyyət böhranını ögey qardaşı Arslan şahın 7 yaşlı oğlunu sultanlıq taxtına əyləşdirmək və özünü onun atabəyi təyin etməklə həll edən və bu qələbə münasibətilə həm də Nizami Gəncəviyə yeni bir eşq əsəri yaratmağı sifariş edən məhz Cahan Pəhləvandır. Bunun üçün "Xosrov və Şirin" dastanını yaxşı oxumaq lazımdır. Qızıl Arslanın adına yazılan mədhdə də, Qızıl Arslanın yanındakı görüşdə də poemanın Cahan Pəhləvanın adına yazıldığı nəzərə catdırılır, Cahan Pəhləvan haqqındakı mədhin "Təzim xitabı" hissəsi də var. Qızıl Arslanın mədhində bu hissə yoxdur. Eyni zamanda Qızıl Arslanın mədhindəki aşağıdakı beytlərə diqqət edək:
Ço şod pərdaxte dər selk-e ouraq
Mosəccəl şod be nam-e şah-e afaq
Ço danestəm ke in Cəmşid-e sani
Ke badəş ta qeyamət zendeqani
Əgər bərg-e qoli binəd dərin bağ
Be nam-e şah-e afaqəş konəd dağ.
(Nizami Gəncəvi. Xosrov və Şirin. Tərtib dəhənde-ye mətn-e elmi və enteqadi: L.A.Xetaqurov, Bakı, 1960, s.53).
Tərcüməsi:
Yazıldı ta ki qurtardı vərəqlər,
Üfüqlər şahının oldu o dəftər.
Bilirdim bu ikinci Cəmşid amma,
Ömür sürsün görün durduqca dünya!
Bu bağda görsə bir gül də o ancaq,
Üfüqlər şahı adıyla vurar dağ.
(Nizami Gəncəvi. Xosrov və Şirin. Tərc. ed.: X.Yusifli, Gəncə: GDU nəşriyyatı, 2012, s. 41).
Nizami "üfüqlər şahı" deyərkən Cahan Pəhləvanı nəzərdə tutur və "Xosrov və Şirin" əsərinin onun adına yazılmasında Qızıl Arslan "daha çox şaddır" fikrini ifadə edir. Eyni zamanda bu əsər Cahan Pəhləvanın sifarişi ilə onun adına yazılmaqla bərabər onun əvvəlində Qızıl Arslan da mədh olunursa, bu, tamamilə təbii bir hadisədir. Qızıl Arslan qardaşından ayrı, ona zidd bir adam deyildir. Onlar qardaşdırlar, hətta III Toğrul da onlara yad deyil, onların anabir qardaşı Arslan şahın oğludur. Onlar Toğrulu həmişə himayə etmiş, Cahan Pəhləvanın ölümündən sonra III Toğrul yenidən sultan olmaq istəyəndə Qızıl Arslan xəlifəyə məktub yazıb onun Sultan olmasına razılığını bildirmişdir. Ancaq xəlifə Toğrulun yox, Qızıl Arslanın həmin vəzifəni tutmasını məsləhət bilir və Qızıl Arslan sultanlıq taxtına əyləşir, Van gölü ətrafı torpaqları da öz ərazisinə birləşdirir. Bu vaxt eşidir ki, gürcülər Gəncə ətrafı torpaqlara hücum edərək qətlü-qarətlə məşğul olurlar. Qızıl Arslan böyük ordu ilə Gürcüstan üzərinə hərəkətə başlayır. İbn əl-Əsirin yazdığına görə, Bitlisə qədər gəlir, gürcülər geri cəkilir, Qızıl Arslanın yanına elçilər göndərib müharibənin qarşısını alırlar. Görünür ki, onun Nizamini görüşə çağırması da bu vaxt, yəni 1190-cı ildə baş tutub. Bu görüşün yeri haqqında dəqiq fikir yoxdur. Ancaq həmin görüşün Naxçıvan ətraflarında şahın düşərgəsində baş tutduğunu söyləmək mümkündür.
Bəzi alimlər Nizaminin "Tərəfdaran ze Səqsin ta Səmərqənd be noubətqahe dərgahəş kəmərbənd" (Tərc: Sərhəd qoruyucuları Səqsindən Səmərqəndə qədər sarayının keşiyində durmaq üçün kəmər bağlamışdılar) beytinə əsasən bu görüşün Zəngəzurun Şəki kəndində baş tutduğunu bildirirlər. Bu fikir beyti düz anlamamağın nəticəsidir. Nizami Səqsin dedikdə Xəzər xaqanlığının böyük şəhərlərindən biri olan Səqsini nəzərdə tutur.
Bu sətirlərin müəllifi də "Bir görüşün tarixi" adlı məqaləsində həmin fikrin doğru olmadığını yazmışdı. (Bax: X.Yusifov. "Bir görüşün tarixi", "Elm və həyat" jurnalı, Bakı, 1983, № 9).
Vəhid Dəstgirdi isə "Gəncine-ye Gəncəvi"də "Xosrov və Şirin" poemasının hicri-qəməri 573-576-cı illərdə yazıldığını bildirir və onun III Toğrulun, Cahan Pəhləvanın və Qızıl Arslanın adına yazıldığını qeyd edir (Vəhid Dəstgirdi. Gəncine-ye Gəncəvi ya dəftər-e həftom əz səəbe-ye Həkim Nezami Gəncəvi, Tehran, 1317. s. 79). Ustad Vəhidin səhvi oradadır ki, əsər Cahan Pəhləvanın sifarişi ilə və yalnız onun adına yazılsa da, tədqiqatçı "Xosrov və Şirin"in həm də III Toğrulun və Qızıl Arslanın adına yazıldığını iddia edir. Halbuki şair özü Qızıl Arslana yazdığı mədhdə poemanı məhz Cahan Pəhləvanın adına yazdığını bəyan edir. Əsərdə III Toğrulun barəsində xüsusi mədh də yoxdur. Sadəcə poemanın 573-cü ilin məhərrəm ayında yazılmağa başlandığı bildiriləndə III Toğrulun barəsində bir-iki beyt tərif deyilir. "Xosrov və Şirin" poemasının yazılmasının sifariş verilməsi özlüyündə 573-cü ildə Cahan Pəhləvanın 7 yaşlı Toğrulu sultanlıq taxtına əyləşdirməsi və özünü onun Atabəyi təyin edərək hakimiyyəti ələ alması hadisəsi ilə əlaqəlidir.
"Xosrov və Şirin" poeması ilə əlaqədar mübahisə doğuran məsələlərdən biri də Məhinbanu və Şirinin etnik mənsubiyyəti ilə əlaqədar yürüdülən fikirlərdir. Tədqiqatlarda, "Xosrov və Şirin" poemasına yazılan şərhlərdə daha çox Məhinbanu və Şirin surətləri ilə bağlı səhvlərə yol verilir. Məsələn, Mirzə Həsən Rzaquliyevin "Xosrov və Şirin" poemasına yazdığı şərhdə oxuyuruq: "Məhinbanu Ərmənistan hökmdarı, paytaxtı Bərdə şəhərində imiş (?). Şirinin bibisidir, bunun əsl adı Şəmiradır ...". Bu sətirlərin müəllifi "Xosrov və Şirin" poemasının 1947-ci il nəşrinə şərh yazan Mirzə Həsən Rzaquliyevdir. Onun şərhinin əlyazmasını anonim adlandırmaq yanlışdır. M.H.Rzaquliyevin səhvi odur ki, əsassız şəkildə Nizaminin Bərdə hökmdarı, türk kimi təqdim etdiyi Məhinbanunu Ermənistan hökmdarı elan edir. Ərmən sözünü Arranla deyil, müasir və uydurma toponim olan Ermənistanla eyniləşdirir. Bəli, Bərdə qədim Azərbaycan şəhəri, Arran dövlətinin paytaxtı olmuşdur. M.H.Rzaquliyev isə bu fikri tamamilə təhrif edərək "paytaxtı Bərdə şəhərində imiş" kimi gülünc bir cümlə işlədir. Əslində bu anonim şərhçi Məhinbanunu Ermənistan hökmdarı elan etməklə Bərdəni də erməni şəhəri elan etmiş olur. Bu gülməli şərhdə "Arran Məhinbanunun ölkəsinin aşağı hissəsinə deyilir" (Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasının şərhi və lüğət (anonim əlyazma), Bakı, Elm, 2019, s. 46). Başabəla "anonim" şərhçi bilmir və anlamır ki, Bərdə Arran dövlətinin paytaxtıdır. Onun hökmdarı isə Məhinbanudur. Məhinbanu və onun qardaşı qızı Şirin qışı Bərdədə, yazı Muğanda, yayı Ərmən dağlarında, payızı Abxazda keçirir. Bu sadalanan ərazilər ona məxsusdur. Məhinbanu qardaşı qızı Şirinə nəsihətində bəyan edir ki, əgər Xosrov Pərviz Keyxosrovdursa, biz Əfrasiyabıq, yəni o, farsdırsa, biz türkük. Bu sözlər Nizaminin ürəyindən qopan, onun bir Azərbaycan türkü olmasının inkar olunmaz təsdiqidir. Y.E.Bertels də Məhinbanu və Şirin barədə tarixi qaynaqlara baş vurur. Şirinin Nizamiyə qədərki mənbələrdə aramey, xuzistanli, mədainli kimi göstərilməsini dilə gətirir. Ancaq Nizami Şirin və onun bibisi Məhinbanunu bir Azərbaycan türkü kimi təqdim edir. Şəmira və Məhinbanu adlandırılan qadın Babil hökmdarının arvadı olan, şərəfinə Babildə asma bağlar düzəldilən Semiramidadır. Onun haqqındakı rəvayətlər bəzən Assuriya hökmdarı Semiramis haqqındakı rəvayətlərlə qarışır. Semiramida ərinin ölümündən sonra babasının köməyi ilə vətəni olan Qaf dağına qayıdır. Nizami bu və digər qaynaqlardan bəhrələnərək Məhinbanu və Şirin simasında Azərbaycan türk qadınlarının möhtəşəm, ilahi surətlərini yaratmışdır. Bu qadınlar olmuş, var və olacaq. Ot kökü üstdə bitər. Nizami bu Məhinbanu surətində həm də, yəqin ki, öz doğma bibisinin real cizgilərini əks etdirmişdir. Şirin Şəbdizi minib Mədainə yola düşəndə Məhinbanu çox narahat olur, kədərlənir. Nizami bu məqamda yazır ki, bu hadisə Məhinbanunun qardaş kədərini təzələdi. Bu qardaş, bizə görə, Nizaminin atası Yusifdir. "Xosrov və Şirin" poemasında Nizami "Qəbri nurla dolsun, rəhmətlik atam" deyərək atasını xatırlayır. Görünür, şairin atası elə həmin vaxtlarda vəfat etmişdi.
Bu yaxınlarda Ərzurum Atatürk Universiteti Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş möhtəşəm bir konfrans təşkil etmişdi. Həmin konfransı təşkil edən, ürəkdən çalışan insanlara Nizami şəhərində yaşayan bir insan kimi sayqılarımı bildirirəm. Ancaq onu da qeyd etmək istəyirəm ki, həmin konfransın iştirakçılarından biri Nemət İldırım Məhinbanu və Şirini erməni adlandırdı... Bu məsələ ilə əlaqədar beyinlərdə kirəcləşmiş fikirləri silmək üçün ardıcıl maarifləndirməyə, Nizamini düzgün "oxumağı" öyrətməyə ehtiyac vardır. Görünür ki, yalnız Məhinbanu və Şirin haqqında danışarkən bu cür ifadələrin işlədilməsi ətrafında deyil, ümumiyyətlə, Ərmən toponiminin etimologiyası ilə əlaqədar elmi araşdırmalara, elmi-publisistik məqalələrin çapına nail olmalıyıq. Danılmaz həqiqətdir ki, Nizami "Xosrov və Şirin" dastanında Məhinbanu və Şirin surətləri ilə ona əziz və doğma olan insanları canlandırmışdır. Nizami irsində nəinki erməni surət, heç erməni qoxusu da ola bilməz. Nizami qəhrəmanlarının dili ilə ucadan bəyan edir.
O, Aydırsa əgər, biz Afitabıq!
O, Keyxosrovsa, biz Əfrasiyabıq!
(Nizami Gəncəvi. Xosrov və Şirin. Tərc. ed.: X.Yusifli, Gəncə, GDU nəşriyyatı, 2012, s. 112).
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!