İsa HƏBİBBƏYLİ
Görkəmli şair və mütəfəkkir Nizami Gəncəvi (1141-1209) Azərbaycan xalqının dünya ədəbiyyatına bəxş etdiyi qüdrətli sənətkarlardan biridir. Dahi şairin adı dünya ədəbiyyatının Dante, Servantes, Uilyam Şekspir, Əmir Xosrov Dəhləvi, Əbdürrəhman Cami, Əlişir Nəvai, Məhəmməd Füzuli, Balzak, Viktor Hüqo, Lev Tolstoy kimi ölməz yazıçı və şairləri ilə bir sırada çəkilir.
Nizami Gəncəvi intibah dövrü Azərbaycan və Şərq lirikasının, epik poemaların qüdrətli yaradıcısıdır. Azərbaycanın Gəncə şəhərində yaşayıb-yaratmış Nizami Gəncəvinin şeirləri Şərq poetikası prinsipləri əsasında yazılmış nadir Azərbaycan poeziyası inciləridir. Dahi şairin "Sirlər xəzinəsi" (1174), "Xosrov və Şirin" (1180), "Leyli və Məcnun" (1188), "Yeddi gözəl" (1197) və "İskəndərnamə" (1203) poemaları "Xəmsə" adı ilə tanınan möhtəşəm Beşlik poemalar dəstidir. Nizami Gəncəvinin "Xəmsə" - Beşlik poemalar dəsti Azərbaycan poeziyasının və ümumiyyətlə ədəbiyyatımızın zirvəsi olmaqla bərabər, Şərq və Qərb ədəbiyyatının inkişafına da qüvvətli təsir göstərmiş ölməz sənət şedevrləridir. Hindistanda Əmir Xosrov Dəhləvi (XIII əsr) və Mərkəzi Asiyada Əbdürəhman Cami (XV əsr), Özbəkistanda Əlişir Nəvai (XV əsr) Nizami Gəncəvinin mövzuları və ideyaları əsasında "Xəmsə" adlandırılan Beşlik poemalar yaratmışlar. Böyük alman şairi Hötenin "Şərq-Qərb" divanında Nizami "Xəmsə"sinin motivlərindən istifadə olunmuşdur.
Məlum olduğu kimi, X-XV əsrlərdə Şərq ölkələrində: Anadoludan Azərbaycana və Orta Asiyaya, habelə, Çinə və Hindistana qədərki böyük coğrafi məkanda feodal dövlətlərinin inkişafı, İpək yolu - karvan yolları vasitəsilə iqtisadi-ticarət və ədəbi-mədəni əlaqələrin sürətli şəkildə genişləndirilməsi hərtərəfli və sürətli inkişafa səbəb olmuşdur. Xüsusən, göstərilən dövrdə həm də antik yunan ədəbiyyatı və mədəniyyəti ənənələrinin yeni tarixi şəraitin tələblərinə uyğunlaşdırılaraq yaradıcı şəkildə dirçəldilməsi, elm və təhsilin qüvvətləndirilməsi əsasında Şərqdə böyük Renessans hadisəsi baş vermişdir. Həmin tarixi epoxada Azərbaycanda da iqtisadiyyatın inkişafı, tranzit əlaqələrin genişləndirilməsi, elmin, təhsilin, sənətkarlığın dirçəlişi sahələrində geniş masştablı və dinamik bir yüksəliş dövrü müşahidə edilmişdir. Digər inkişaf etmiş Şərq ölkələrində olduğu kimi, Azərbaycanda da "dörd giriş qapısı və tərkibində bazarlar da fəaliyyət göstərən ticarət məhəllələri" olan şəhərlər, eyni zamanda ali məktəb statusu daşıyan mədrəsələr və zəngin kitabxanalar da mövcud olmuşdur. Ölkədə yunan elmi, ədəbiyyatı və mifologiyasına maraq daha da artmış, mədrəsələrdə antik dövrün görkəmli alimlərinin və şairlərinin əsərlərindən istifadə edilmişdir. Bu proses dünya elmi və ictimai fikrində geniş mənada Şərq intibahı və ya Müsəlman Renessansı adlandırılmışdır. Ölkə elmində isə hələ XX əsrin ortalarından etibarən XI-XIII əsrlər "Azərbaycan intibahı" kimi elan olunmuşdur.
Böyük Azərbaycan şairi Nizami Gəncəvi əsərlərində intibah ədəbiyyatı üçün səciyyəvi olan dövlətin inkişafını və cəmiyyətin həyatında şəhərlərin rolunun daha da artmasını geniş şəkildə təsvir və tərənnüm etmişdir. Nizami Gəncəvi saraya getməsə və saray ədəbi məclislərində təmsil olunmasa da, cəmiyyətin həyatında dövlətin qüvvətli olması faktorunun zəruriliyinə dərin inam bəsləmişdir. O, Azərbaycan Atabəyləri dövlətinə ehtiramla yanaşmış, həmin dövlətin daha güclü olmasına dəstək vermişdir. "Xosrov və Şirin" poemasını Atabəylər dövlətinin başçısı Məhəmməd Cahan Pəhləvana ithaf etməsi və onun vəfatından sonra hakimiyyətə gəlmiş Atabəy Qızıl Arslanla görüşməsi Nizami Gəncəvinin dövlətçiliyə münasibətlərinin əməli ifadəsidir. Görkəmli sənətkarın xalqın və ölkənin inkişafında dövlətin rolunu ön mövqeyə çəkməsi onun özünəməxsus baxışlarının bədii ifadəsi olmaqla bərabər, həm də içində olduğu cəmiyyətdə dövlətçiliyin inkişafının bütün digər sahələrdəki dirçəlişin əsas səbəblərindən biri olmasını əyani şəkildə müşahidə etməsi ilə əlaqədardır. Belə ki, Nizami Gəncəvinin yaşayıb-yaratdığı dövrdə Atabəylər dövləti regionun ən inkişaf etmiş dövlətlərindən biri olmuş, Gəncə şəhəri isə özünün hərtərəfli inkişaf xüsusiyyətləri ilə nəinki Şərqin, hətta bir çox cəhətdən Avropanın renessans şəhərlərinin simasını əks etdirmişdir. Bundan başqa, Nizami Gəncəvinin əsərlərində iqtisadi və mədəni mühitinin dirçəlişi ilə səciyyələndirilən Gəncə, Dərbənd, Bərdə və sair kimi şəhərlərin təsvirinin üstünlük təşkil etməsi Azərbaycan Renessans ədəbiyyatının əsas prinsiplərindən biridir. Bu mənada şairin "İskəndərnamə" poemasındakı "Bərdənin tərifi" şeirini onun mənsub olduğu Azərbaycanın tərifi kimi qəbul edərək, şeirdəki poetik vüsətin bütövlükdə ölkədəki intibahla əlaqədar yüksəlişin bədii ifadəsi mənasında dəyərləndirmək mümkündür.
Müsəlman intibahının tədqiqatçıları "xalqın sadə nümayəndələrinə və onların həyatına maraq göstərilməsini" Renessans hadisəsi kimi qiymətləndirmişlər. Nizami Gəncəvinin əsərlərində təsvir olunan şəhərlərdə də kərpickəsən, daşyonan, memar, nəqqaş, sazəndə, xəttat və sair kimi peşələrin və sənətlərin təmsilçilərinin dərin rəğbət hissi ilə təqdim edilməsi də intibah ədəbiyyatı hadisəsi əlamətləridir. Şərq ədəbiyyatında ilk dəfə əsilzadələrinə imtiyazlı siniflərin nümyandələri və sadə insanların obrazlarını ədəbiyyatda bir araya Nizami Gəncəvi gətirmişdir. Həyatda və əsərlərində hökmdarlara ehtiram göstərən Nizami Gəncəvi sadə insanlara dərin rəğbətini ifadə etmişdir. Bu, intibah ədəbiyyatı və ictimai fikrinə Nizami Gəncəvinin gətirdiyi demokratik düşüncədir.
Bundan başqa, intibah ədəbiyyatı və mədəniyyətində aparıcı olmuş humanizm, ədalət, bərabərlik, azadlıq və sair kimi ideallar Nizami Gəncəvi yaradıcılığının əsasını təşkil edir. Nizami humanizmi geniş anlayış olub, həyat eşqi və insanlığa xidmətlə yanaşı, həm də yüksək əxlaqi-mənəvi dəyərlərə yiyələnməyi, Xeyirdən yoğrulan və Şərdən uzaq olan bir həyatı və idealları özündə cəmləşdirir. Əhatə etdiyi geniş mənalara görə akademik Məmməd Cəfər Cəfərov Nizami Gəncəvi yaradıcılığındakı humanizmin Renessans sözünün daşıdığı mənaların sinonimi səviyyəsinə çatdırıldığını xüsusi olaraq qeyd etmişdir.
Nizami Gəncəvi əsərlərində əhatə edilən möhtəşəm coğrafi genişlik və çoxcəhətli ədəbi-mədəni və iqtisadi əlaqələrin inkişafının təsviri onun yaradıcılığında intibah ədəbiyyatının ana maddələrindən biri olan ölkələrarası inteqrasiya məsələsinin də yüksək səviyyədə əks etdirilməsi deməkdir. Dünyanı geniş coğrafi miqyasda aydın şəkildə dərk və şərh etməsi Nizami Gəncəvinin renessans dünyagörüşünə malik mütəfəkkir sənətkar olduğunu nümayiş etdirir. Tərəddüd etmədən demək olar ki, nəinki Şərq intibahı dövründə, hətta Qərb intibah ədəbiyyatı və mədəniyyətində də Nizami Gəncəvi qədər əsərlərində bir neçə qitədə: Avropa, Asiya və Afrikada baş vermiş hadisələri və geniş coğrafi məkanda yaşayıb-yaratmış ədəbi-tarixi şəxsiyyətləri, fəaliyyət göstərmiş dövlət xadimlərinin taleyini və xidmətlərini əks etdirən ikinci bir sənətkar göstərmək çətindir. Bu cəhətdən Nizami Gəncəvini qitələrdən-qitələrə səfərlər etmiş dünyanın ən məşhur səyyahları ilə müqayisə etmək olar. Nizami Gəncəvi Azərbaycan ədəbiyyatının Kolumbu və ya Magellanıdır. XII əsr şəraitində Nizami Gəncəvinin yeddi iqlim ölkəsinin hadisələrini öyrənib, "Yeddi gözəl" əsərində bədii düşüncə əsasında böyük istedadla təsvir etməsi intibah mədəniyyətinin nadir təzahürlərindən biridir. Bu mənada "Yeddi gözəl" poeması nəinki Şərq, ümumiyyətlə dünya intibah ədəbiyyatının möcüzəsidir. Eyni zamanda "İskəndrnamə" poemasında Makedoniyalı İskəndərin Həbəşistandan-Hindistana qədərki hərbi yürüşlərinin təsvir edilməsi də heyrətamiz ədəbiyyat hadisəsidir. Nizami Gəncəvinin digər poemalarında da möhtəşəm zaman və məkan genişliyi hakimdir. Haqlı olaraq qeyd edildiyi kimi, "Nizaminin bütün poemaları ümumdünya ruhu il səciyyələnir. "Xəmsə" Nizamini ümumdünya masştabına və ümuminsanlıq əhəmiyyətinə malik şair-mütəfəkkir kimi xarakterizə edir". Qərb maraqları baxımından Asiya romantikasını, Şərq üçün isə xristian və slavyan dünyasının reallıqlarını açıb göstərmək baxımından Nizami Gəncəvi öz xalqına və bəşəriyyətə Kolumb kimi xidmət göstərmişdir.
Dünya intibah mədəniyyətində olduğu kimi, böyük Azərbaycan şairi Nizami Gəncəvi də antik yunan elmi, ədəbiyyatı və mədəniyyətinin əsaslarını dərindən öyrənmiş və böyük məharətlə Azərbaycan həyatı ilə əlaqəli şəkildə təsvir etmişdir. Bu mənada Nizami Gəncəvinin "İskəndərnamə" əsəri təkcə Makedoniyalı İskəndərin deyil, bütövlükdə antik yunan elminin və mədəniyyətinin möhtəşəm poetik təqdimatıdır. "İskəndərnamə" Azərbaycan intibah ədəbiyyatının Odisseyasıdır. "İskəndərnamə"də təsvir edilmiş antik yunan alimlərinin məclisi Platon Akademiyasındakı elmi ideyaların, ağıl və idrakın məhsulu olan yenilikçi fikirlərin Azərbaycan cəmiyyətinə, Şərq aləminə canlı və yaradıcı şəkildə gətirilməsi deməkdir. Akademik Yevgeni Bertelsin aşağıdakı mülahizələri Nizami Gəncəvinin özünün də antik dövrün mütəfəkkirləri kimi böyük idrak və istedad sahibi olduğunu göstərir: "Nizami Gəncəvi burada ("İskəndərnamə"də - İ.H.) bizim qarşımızda alim və mütəfəkkir kimi çıxış edir. Bu əsərdə o, bütün ömrü boyu onu narahat edən və düşündürən problemləri bir yerdə cəmləşdirmişdir".
Nizami Gəncəvinin antik dövrdə olduğu kimi, cəmiyyətin inkişaf etdirilməsində elm faktoruna xüsusi əhəmiyyət verməsi, dönmədən elm öyrənməyin zəruriliyini və faydalarını təbliğ və təşviq etməsi Azərbaycanda və türk-müsəlman dünyasında yaşanan vüsətli intibah proseslərinə meydan açmaq, təkan vermək amalının bədii ifadəsidir. Şərqdə və Qərbdə Nizami Gəncəvi qədər elm faktoruna geniş meydan açan, elmi ideyaları dönmədən təşviq edən ikinci bir şair-mütəfəkkir göstərmək çətindir. Nizami Gəncəvinin təqdimatında elm ağıl və idrak mənalarını ifadə edir. Nizami dünyanı ağıl və idrak əsasında dərindən dərk etmiş, xüsusi istedad və ilhamla tərənnüm etmişdir. Dahi şairin atalar sözü kimi səslənən aşağıdakı misraları onun cəmiyyətin inkişafında və insanlığın taleyində elmə hansı səviyyədə xüsusi önəm verdiyini nümayiş etdirir:
Qüvvət elmdədir, başqa cür heç kəs,
Heç kəsə üstünlük eyləyə bilməz!
Nizami Gəncəvi dünya intibah mədəniyyəti təfəkkürü üçün xarakterik olan əsl universal zəka nümunəsidir. Bir çox dünya dillərini, dəqiq elmləri və təbiət elmlərini dərindən mənimsəmiş, həm də geniş ədəbi dünyagörüşə, qeyri-adi bədii istedada malik olan Nizami Gəncəvi miqyası intibah standartlarını aşan, Renessans üçün yeni çağırışlar meydana qoyan ölçüyəgəlməz bir reallıqdır. Elmi-ədəbi biliklərinin universallığına görə Nizami Gəncəvi Azərbaycanın Aristotelidir. "İskəndərnamə" Azərbaycanın və Şərqin Platon Akademiyası funksiyasını həyata keçirən böyük sənət abidəsidir.
Əslində, "İskəndərnamə"dəki Alimlər Məclisində antik yunan alimləri ilə yanaşı, Şərq elmi fikrinin nümayəndələrinin birlikdə iştirakını göstərməklə və müəllif kimi müdaxilələri və təqdimatları ilə özünün də iştirakını nəzərə çarpdırmaqla, böyük mütəfəkkir şair fərqli bir "Nizami Gəncəvi Məclisi" yaratmışdır. "İskəndərnamə" mənzum epopeyasında Makedoniyalı İskəndərin və Azərbaycan hökmdarı Nüşabənin timsalında həm ölkə ilə bağlı regional məsələlərin və həm də dünya ilə əlaqədar qlobal problemlərin müzakirə edilib qərarlar çıxarılmasının təsviri "Nizami Gəncəvi Məclisi"nin mahiyyətinə və əhatə dairəsinə görə, "Ümumdünya Məsləhət Məclisi" funksiyasını həyata keçirməyə qadir olan Beynəlxalq Elmi Şura təəssüratı yaradır. Nizami Gəncəvi öz dövrünün, yaxın və uzaq gələcəyin reallıqlarını dərindən dərk edən və gələcək inkişafın yollarına işıq sala bilən mütəfəkkir sənətkardır.
Ənənə və novatorluq baxımından Şərq Müsəlman İntibahı ilə Qərb Xristian Renessansı bir-birilə üzvü surətdə əlaqədardır. Şərq intibah ədəbiyyatının meydana çıxardığı bədii obrazlarla Qərb Renessansının aparıcı obrazları arasındakı bənzərliklər onları eyni dərəcədə əhatə edən ümumrenessans baxışlarından irəli gəlirsə, həmin qəhrəmanları ayıran cəhətlər isə Şərq və Qərb düşüncə tərzindəki fərqliliklərdən doğur. Nizami Gəncəvinin Leylisi ilə Françesko Petrarkanın Laurası, Nizaminin Məcnunu ilə Uilyam Şekspirin Otellosu arasındakı oxşarlığın bir ortaq cəhəti də hansı coğrafi məkanda yaşamasından asılı olmayaraq, insanların talelərindəki yaxınlıqla və ya sənətkarların insan talelərinə bəslədikləri münasibətlərdəki ortaq mövqelərlə əlaqədardır. Beləliklə, Leyli ilə Lauranın, Məcnunla Otellonun arasındakı yaxınlıq və fərqlər Nizami Gəncəvi ilə Uilyam Şekspirin və Françesko Petrarkanın baxışlarındakı bənzərliklərdən və fərqli cəhətlərdən ibarətdir. Geniş mənada bu, Şərq və Qərb Renessanslarının oxşar və fərqli cəhətləri kimi də başa düşülə bilər. Dünya ədəbi-mədəni kontekstindən yanaşsaq, Şərq İntibahı ilə Qərb Renessansı arasındakı oxşarlıqlar həm də ayrı-ayrı coğrafiyada cəmiyyət həyatında baş vermiş bənzər inkişaf səviyyəsinin əsas göstəricisidir. Lakin Şərq və Qərb intibah mədəniyyətləri cəbhəsində müşahidə olunan fərqlər bu coğrafiyalardakı ictimai-siyasi və iqtisadi, dini-mənəvi və mədəni vəziyyətin və baxışların fərqlilikləri (özünəməxsusluqları) ilə bərabər, həm də mütləq mənada insan cəmiyyətinin həyatındakı yeni inkişaf mərhələsinin reallığı idi. Xronoloji cəhətdən Şərq intibahından sonra meydana çıxmış Qərb Renessansı özündən əvvəlki inkişafı inkar etmir, əksinə, fərqli formada davam və inkişaf etdirərək tamamlayır.
Şərq ölkələrində və Azərbaycanda intibah proseslərinin formalaşmasında islam amili də özünəməxsus əhəmiyyət kəsb etmişdir. Şərqin bir çox regionlarında, o cümlədən Azərbaycanda IX əsrə qədər davam edən ərəb xilafəti ilə mübarizədən sonrakı dövrdə çoxəsrlik ənənələrə malik türk sivilizasiyası ilə islam dininin vəhdət təşkil etməsi, islam maarifçiliyinin oturuşmuş bir sistemə çevrilməsi cəmiyyətin inkişafında yeni inkişaf mərhələsinin formalaşmasında mühüm rol oynamışdır. Buna görədir ki, XI-XII əsrlərdə Azərbaycan ədəbiyyatında meydana çıxmış poemalarda, o cümlədən Nizami Gəncəvinin poemalarında təkallahlığın - tanrıçılığın, islam peyğəmbərlərinin mədh və vəsf edilməsi, hədislərdən gəlmə motivlərin didaktik imkanlarına diqqət yetirilməsi ənənəsi genişlənmişdir. Türk sivilizasiyasındakı ümummilli ideyalarla islam təlimindəki əxlaqi-mənəvi kamillik baxışlarının üzvi sintezi nəticə etibarilə ədəbiyyatda möhtəşəm bir bütövlük və genişlik anlayışları formalaşdırmışdır. Nizami Gəncəvinin yaradıcılığı türk ruhunu və islam təlimindəki kamillik qavrayışını ifadə etməklə fərqli bir mərhələ təşkil etmiş, intibah ədəbiyyatı örnəkləri səviyyəsinə yüksəlmişdir.
Beləliklə, Nizami Gəncəvi Azərbaycanda intibah mədəniyyəti və ədəbiyyatının qüdrətli yaradıcısıdır. Nizami Gəncəvinin və onun görkəmli müasirləri Əfzələddin Xaqaninin, Məhsəti Gəncəvinin yaradıcılığında intibahı doğuran səbəblər içərisində antik elm və ədəbiyyat amili ilə bərabər, onların mənsub olduqları ölkənin xüsusi iqtisadi-mədəni dirçəlişi və yüksəlişinin də əsas faktorlarından biri olması XII əsrdə Azərbaycanda da Renessans hadisəsinin baş verdiyini nümayiş etdirir. Ölkəmizin Şərq intibahının əsas mərkəzlərindən biri olmasının heç bir mübahisə doğurmaması öz növbəsində həm də Azərbaycanın da intibah ölkəsi kimi etiraf edilməsi deməkdir. Avropa Renessansı çərçivəsində həm də özünəməxsus xüsusiyyətləri ilə səciyyələnən inkişaf etmiş İtaliya intibah mədəniyyəti olduğu kimi, Şərq intibahının hüdudları daxilində də oxşar və fərqli keyfiyyətləri ilə seçilən Azərbaycan Renessansı olmuşdur. Bu mənada Azərbaycan Şərq intibahının İtaliyasıdır. Avropa Renessansının inkişafında İtaliya mədəniyyətinin oynadığı rolu, Şərq intibahının taleyində Azərbaycan həyata keçirmişdir.
Şərq intibahının əsas inkişaf mərkəzlərindən biri olan Azərbaycanla coğrafi baxımdan qonşuluqda yerləşməsi, Türkiyə ilə yaxın və sıx əlaqələri, ərazisində azərbaycanlıların da yaşadığı Gürcüstanda da müsəlman intibahı ədəbi ənənələrinin yayılmasına şərait yaratmışdır. Bundan başqa, Gürcüstan ərazisinin, o cümlədən Tiflis şəhərinin qədim İpək yolunun, karvan yollarının üzərində yerləşməsi də burada intibah ədəbiyyatının inkişaf tapmasına meydan açmışdır.
Qeyd etmək lazımdır ki, Şərq intibahı ənənələri geniş mənada Qafqazın müsəlman olmayan xalqlarının ədəbiyyatına, o cümlədən gürcü ədəbiyyatına da öz təsirini göstərmişdir. Akademik Ş.İ.Nutsubidzenin yazdığı kimi "Nizaminin simasında Azərbaycanda yaranmış intibah ənənələri Gürcüstanda yüksək Rustaveli səviyyəsinə çatdırılmışdır". Bu cəhətdən Gürcüstanın XI-XII əsrlərdəki inkişafı hərtərəfli intibah ədəbiyyatı və mədəniyyətinin tələblərinə cavab verir. Xüsusən, gürcü ədəbiyyatının klassiki Şota Rustavelinin məşhur "Pələng dərisi geymiş pəhləvan" poeması Qafqaz intibah ədəbiyyatının şedevrlərindən biri hesab oluna bilər. Mövzusunu Şərq-müsəlman dünyasından alması, ideyasının antik yunan fəlsəfəsi ilə səsləşməsi "Pələng dərisi geymiş pəhləvan" poemasına yüksək intibah ədəbiyyatı nümunəsi kimi baxmağa əsas verir. "Pələng dərisi geyinmiş pəhləvan" poemasında Şərq-müsəlman və Qafqaz-xristian sintezi cizgilərinin olması Şota Rustavelinin XI-XII əsrlərin intibah ədəbiyyatının fərqli bir görkəmli ədəbi simasının olduğunu göstərir.
Böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi və görkəmli gürcü şairi Şota Rustaveli Qafqaz Renessans ədəbiyyatı və mədəniyyətinin qoşa qanadları və qoşa zirvələridir.
Məlum olduğu kimi, Qərbdə intibah ədəbiyyatı realist ədəbiyyat tipi olaraq yaranıb inkişaf etmişdir. Şərqdə və o cümlədən Azərbaycanda isə intibah ədəbiyyatı romantik bədii metodun işığında formalaşıb kamala çatmışdır. Əvvəla, Şərq mühitində, türk-müsəlman cəmiyyətində mövcud olmuş ətalətdən hərtərəfli inkişafa, sıçrayışa doğru yüksəlişin vüsətini göstərmək üçün realizm yetərli sayıla bilməzdi. Hərçənd, Azərbaycan intibah ədəbiyyatının realist xarakterə malik olması haqqında da elmi iddialar mövcuddur. Görkəmli yazıçı-ədəbiyyatşünas, akademik Mirzə İbrahimovun fikrincə, "Renessans insanlığın fikrini birdən real gerçəkliyin üzünə doğru döndərmişdir". Bununla belə, qədim Şərq ədəbiyyatında, həmçinin orta əsrlər Azərbaycan ədəbiyyatında romantik bədii metod əsas təsvir və tərənnüm üsulu olduğu üçün Qərbin klassik Renessans sənətkarlarının realist şəkildə əks etdirdikləri problemləri Şərqdə və eyni zamanda Azərbaycanda romantik üsulla şərh və təqdim etmək heç bir çətinlik törətməmişdir. Akademik N.İ.Konrad Şərq intibahı dövrü ədəbiyyatındakı romantik tərənnüm üsulunu şərti olaraq "Renessans romantizmi" adlandırmışdır. Həm də Renessans üçün onun hansı bədii metod vasitəsilə təsvir və tərənnüm edilməsi yox, necə, hansı miqyasda əks etdirilməsi daha zəruridir. Bu baxımdan realizmin Qərb Renessansı ədəbiyyatının taleyində oynadığı rolu Şərq intibah ədəbiyyatında romantik bədii metod tam olaraq yerinə yetirmişdir. Möhtəşəm özünəməxsusluğu və orijinallığı ilə də Şərq və Qərb Renessansları bir-birlərini təkrar etməyən möhtəşəm ədəbiyyat hadisələridir.
Ayrılıqda götürülmüş bir ölkəni deyil, geniş mənada Şərq aləmini və Qərb dünyasını əhatə etdiklərinə görə hər iki mərhələdə Renessans ədəbiyyatı üçün milli dil amili ilə yanaşı, geniş masştabda qəbul edilən xalqlararası ümumi ünsiyyət vasitəsi olan dil faktoru əsas prinsip olmuşdur. Bu cəhətdən Şərq intibahı dövrünün ədəbi əsərlərinin fars dili, Qərb Renessans ədəbiyyatının isə latın dili vasitəsilə yayılması tamamilə təbii qəbul edilməlidir.
Nizami Gəncəvi Azərbaycan intibah ədəbiyyatının banisi və Şərq intibah mədəniyyətinin əsas yaradıcılarından biridir. Anadoludan-Qafqaza-Azərbaycana-Orta Asiyaya və Hindistana-Çinə qədərki Türk-müsəlman dünyasındakı intibah proseslərini Nizami Gəncəvinin yaradıcılığı olmadan, "Xəmsə"siz təsəvvür etmək mümkün deyildir. Nizami Gəncəvinin əsərləri Şərqdə intibah proseslərinə yol açmış və istiqamət vermişdir. Renessans ideyalarının təməllərini təşkil edən humanizm, ədalət, bərabərlik və gələcəkçilik baxımından Nizami Gəncəvi Şərq mütəfəkkirlərini də, Qərbin elm, sənət və ədəbiyyat xadimlərini də qabaqlamışdır.
Nəhayət, Nizami Gəncəvi ümumiyyətlə ədəbiyyatda və ictimai fikirdə intibah, yəni xüsusi dirçəliş və sıçrayış yaratmış qüdrətli sənətkardır. Ədəbiyyatda Nizami Gəncəvinin fəth etdiyi zirvə əlçatmazdır.
Yekun olaraq belə deyə bilərik ki, Nizami Gəncəvinin parlaq əsərləri və böyük idealları Azərbaycan intibah ədəbiyyatının və Şərq intibah mədəniyyətinin yaradılmasında və inkişafında həlledici rol oynamışdır. Nizami Gəncəvinin zəngin və çoxcəhətli yaradıcılığı təkcə Azərbaycan ədəbiyyatının və ictimai fikrinin deyil, dünya ədəbiyyatının və bəşər mədəniyyətinin Şərq intibahı ilə Qərb Renessansının qovuşağındakı ən böyük sənət hadisəsidir. İntibah ədəbiyyatının şedevrlərini yaratmış Nizami Gəncəvinin vətəni həm də Azərbaycan Renessansının yaranma və inkişaf mərkəzlərindən biridir. Azərbaycan karvan yolları, karvansaraları və bazarları, şəhərləri və sənətkarları geniş elmi və ədəbi imkanları ilə əsl Renessans ölkəsi idi.
Nizami Gəncəvinin adı və sənətinin ənənələri əsasında Nizami ədəbi məktəbi yaranmışdır. XII əsrdən bu günə qədər geniş coğrafi məkanda Şərq ədəbiyyatına yol göstərən, dünya ədəbi fikrinə işıq saçan, Azərbaycan ədəbiyyatının inkişaf yollarına bələdçilik edən Nizami ədəbi məktəbi özünün tarixi yolunu uğurla davam etdirməkdə, milli-elmi və ədəbi-ictimai fikrin, müxtəlif mədəniyyətlərin inkişafına özünün böyük töhfələrini verməkdə davam edir.
Böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi Azərbaycan ədəbiyyatının Makedoniyalı İskəndəridir. Makedoniyalı İskəndər dünyanı qılıncı ilə, Nizami Gəncəvi isə qələmi ilə fəth etmişdir. Nizami Gəncəvi də ədəbiyyat dünyasının fatehlərindən biridir. Ədəbiyyat fatehi olmaq isə həm də əbədiyyəti fəth etmək deməkdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!