Süleyman Rüstəm - 115
Zaman-zaman ədiblərimiz Vətənə çoxlu şeir həsr edib, bununla da bir vətəndaş kimi öz sevgilərini, borcunu vermişlər. Belə ədiblərin sırasında qəlbinin dərinliyində odu sönməyən məhəbbətinin, həyatının, varlığının ünvanının Vətən olduğunu dilə gətirən Xalq şairi Süleyman Rüstəm də vardır.
Vətəni təkcə torpaq, hava, su kimi deyil, onu həm də azadlıq, xoşbəxtlik, inqilab, eləcə də istiqbalı, hürriyyəti nişan verən bir kitab kimi görən şair hər zaman şeirlərinin qanad çaldığı, sıravi əsgər kimi qoruduğu, nəğmələrinin cana gəldiyi ana torpağa heyranlığını misralarında iftixarla, sevinclə təsvir edir:
Gözəlliklər Vətənə gözəllərindən gəlir,
Dostluğun, qardaşlığın təməllərindən gəlir.
Könüllərin müqəddəs əməllərindən gəlir,
Qüdrət görmək istəyən Azərbaycana gəlsin,
Millət görmək istəyən Azərbaycana gəlsin.
Vətənin hər bucağını öz doğma evi bilən, Vətən torpağını öpə-öpə vəcdə gələn, ömrü boyu fərağını görməyə belə təsəvvür edə bilməyən, bəxtini vətənin varında görən, ilk və son yerinin ana qucağı olduğu Vətənə sevgini belə ifadə edir:
İgid oğulunla, qızınla öyün,
Sənə qara əllər, uzansa bir gün
Qanımı verərəm, səni vermərəm,
Canımı verərəm, səni vermərəm!
Qələmi ilə vətəninin mübariz, sayıq keşikçisi olan, hər bir Vətən oğlunun daim onun dərdinin qeydinə qalmasını təşviq edən şair yazırdı:
İzim var yurdumun hər bucağında,
Ömrümün ən gözəl, qaynar çağında,
Vətən torpağında, Vətən bağında
Xəzansız çiçəklər bitirən oldum.
Özünün can evində ən böyük nemətin, sərvətin məhz, Vətən olduğunu car cəkən, gözəl ana Vətənimizin ürək mahnısını dilində əzbər edən ustad sənətkar Vətənə sonsuz məhəbbətini belə izhar edir:
Ey vətən! Torpağın əzizdir mənə,
Mən səndə tapmışam səadətimi.
Könüldən mahnılar qoşmuşam sənə,
Çevirib bayrağa məhəbbətimi...
...Şöhrətim ey Vətən, şanım ey Vətən,
Sən mənim adımı ellərə yaydın.
Ürəyim ey Vətən, canım ey Vətən,
Mən şair olmazdım sən olmasaydın!
Vətən torpağını əlində qələm yorulmadan seyrana çıxaraq, dağdan-dağa, bağdan-bağa, eldən-elə dolaşan şair Vətəninə heç bir zaman gərəksiz olmadığını, ilk və son pənahının, dəyişməyən qibləgahının məhz, ana Vətən olmasını ürək çırpıntıları ilə qələmə alırdı:
İlk pənahım, son pənahım Vətəndir,
Səcdəgahım, qibləgahım Vətəndir.
Dəyişməyən qərargahım Vətəndir,
Bilir Vətən, bilir anam beləyəm,
El oğluyam, Süleymanam beləyəm.
Ömrünün mənasını, ürək döyüntülərini, qəlb sızlarını Vətənin torpağında, daşında görən, həyat sinfoniyasının çağlayan bulaqlarından, dağ şəlalələrindən mayalandığını dönə-dönə vurğulayan şair hər hansı bir hərəkəti ilə Vətən qarşısında günahkar olduğunu hiss etdiyi təqdirdə Vətəndən əfv diləyirdi:
Könlüm gülə bilməz bilir aləm ki, Vətənsiz,
İstər ona sən varlığı, dünyanı bağışla!
Ey nazlı Vətən, mən sənə öz könlümü verdim,
Qarşında günahkarsa, Süleymanı bağışla!
"Bizim nəsillərdə ta qəbrə qədər Vətənə, millətə xəyanət ola bilməz" - deyən şair Vətən yolunda ömür sürüb, qurub-yaradan insanların heç bir zaman unudulmadığını da şair qələmi ilə belə qeyd edirdi:
Unudulmur məna dolu ömür sürüb ölənlər.
Könlü həyat nəğmələrindən yoğrulan, şeirlərində Vətənin gözəlliyini, füsunkarlığını, müqəddəsliyini, bənzərsiz ana beşiyi qədər doğma olduğunu sevgilə, iftixarla, qürur hissi ilə ifadə edirdi:
Ey nazlı Vətən! Yox elə bir şey həyatda,
Səndən əziz olsun mənə, səndən gözəl olsun,
Təkrar edəcəkdir bunu hər yerdə Süleyman,
Bir öylə gözəl yox ki, Vətəndən gözəl olsun.
"Vətən adlı anamsız olmadım mən" - deyib könüllər qapısının açarının özünün Vətənə həsr etdiyi şeirlərində, nəğmələrində görən, xəzan bilməz bağban kimi bütün varlığıyla Vətən torpağına bağlı olan ədib Vətəni vəsf etməkdən doymurdu.
S.Rüstəm vətən övladına ömürlük bəzək olan ülvi məhəbbətin keşikçisi idi. Onun qəlbi həyatı ilə, bütün varlığı ilə Vətənlə döyünürdü...
S.Rüstəm öncə vətəndaş idi. Vətənini böyük məhəbbətlə sevən, onu hər zaman tərənnüm edən vətəndaş-şair. Bir vətəndaş-şair kimi üzərinə düşən vəzifəsinin ciddiliyini, məsuliyyətini dərk edirdi. O, daim Vətənin qeyrətini çəkir, vətən sevgisini aşılayırdı.
Şair həyat xəzinəsinin cəvahiratını qəlbində çağlayan söz sərvətində, vətənə olan sonsuz məhəbbətində görürdü. O, həmçinin özünün həyat fəlsəfəsini aydın həqiqətdə, Vətənə, millətə dərin məhəbbətdə, haqda, ədalətdə, milli-dəyərlərə əbədi hörmətdə, düşmənə nifrətdə, hünərdə, rəşadətdə, hürriyyətdə görürdü. O, qəhrəmanlar yetirən Vətən torpağı ilə fəxr edirdi. Öz bəxt günəşini məsləkində görən şair ürəyində kök salan vətən xəritəsini şairanə vəsf edirdi:
Könlümüzün əbədi nəğməsisən, ey Vətən,
İmlamızın müqəddəs kəlməsisən, ey Vətən!
Səni yadlar önündə əyilən görmədilər,
Əzmindən bir an geri çəkilən görmədilər.
Dizlərini döyüşdə bükülən görmədilər.
Dünən sonsuz əzaba sinə gərdin, ey Vətən,
Mənə səndən yazmağa qələm verdin, ey Vətən.
Böyük həqiqətlərin carçısı olan şair qəsbkar dövlətlərin, cəlladların pəncəsində əzilən millətlərin bəxtindən, taleyindən nigaranlıqla söz açaraq, bir azadlıq nəğməkarı kimi ikiyə bölünən vətən torpağının - Azərbaycanın dərdini qəlbində gəzdirdi, silsilə şeir qalereyası yaratdı. Xəzər kimi könlündə coşan arzuları ürək ağrısı ilə şeirə köçürdü:
Tapdaq altındadır Vətən torpağı
Hələ sağalmayıb sinəmin dağı
Qardaş həsrətilə hər bahar çağı
Yarası lalətək açılan mənəm.
S.Rüstəm hər dəfə ikiyə bölünən Vətən sərhədində Araz çayından cənubda qalan doğma torpaqlara yetimtək boynu bükülü, məlul-məlul baxar, həsrət dolu göz yaşlarını şeirə köçürürdü:
Yenə qəlbimdə çiçəkləndi yaram,
Dikmişəm gözlərimi dərdli Arazdan o taya.
Nə qədər mən qoca dünyada varam,
Könlümün dərdi bulaqtək axacaqdır çaya!
və ya
Süleymanam, dözümlüyəm firqətə,
Zaman gərək son versin bu həsrətə.
Ürəyim bir xəritədir, xəritə,
Orda əziz vahid Vətən özü var.
Bəli, sovet dönəmində ilk dəfə "Vahid Vətən", "o taylı, bu taylı Vətən", "o sahil, bu sahil", "Bakılı, Təbrizli şair" ifadələrini ədəbiyyatda məhz Süleyman Rüstəm işlətmişdir. S.Rüstəm vətən aşiqi, Vətən vurğunu idi. O, Vətən yolunda hər an qurban getməyə hazır olan şair idi:
Hər şey satılsa da ürək satılmaz,
Əgər tapmasa da çörək satılmaz.
Könüldə bəslənən dilək satılmaz,
Vətənim öl desə, ölən şairəm!
Vətən acısına, Vətənin hicranına təhəmmül edə bilməyən şair ürəyinin dərinliyində kök salan yaranın acısını bir an belə unutmaq üçün hərdən Araz qırağına gələr, dünyalar qədər sevdiyi vətən torpağını göz yaşları ilə seyr edər, ürəyinin yarasında çiçəklənən Vətən məhəbbətini hiss edərdi:
Mən Araz sahilinə hər gün gələrdimmi heç,
Həyatımda bir kərə deyib gülərdimmi heç,
Səni dünyalar qədər sevə bilərdimmi heç,
Vətəni sevməsəydim, vətəni sevməsəydim?
Cənublu bacı-qardaşlarından nigaran gedən, Vətəninin, millətinin alqışını qazanmış S.Rüstəm ölümündən az bir müddət sonra sərhədlərin açılmasını, o taylı, bu taylı bacı-qardaşlarının bir-birinə qovuşmasını çox təəssüf ki, görə bilmədi. Amma böyük şairin bu misraları o gözəl günlərin tezliklə baş verəcəyindən xəbər verirdi:
Yaz, vəcdə gəlib təntənəsindən vətənin, yaz,
Öz arzuna çatdın, a Süleyman, gözün aydın.
Vətən torpağının hər zərrəsini könlünə əziz, doğma sayan, varlığının, eşqinin, ruhunun Azərbaycanda olması ilə öyünən ustad sənətkar vətənin dar günündə səngərə atılan, Vətən məhəbbətilə sözü süngüyə verən S.Rüstəm doğma Qarabağımıza uzanan əllərə qarşı çıxırdı:
Sən mənim doğru görən göz bəbəyimsən, Qarabağ!
Öz canımsan, ciyərimsən, ürəyimsən, Qarabağ!
Yadigarsan babalardan bizə, ey şanlı diyar,
Dostluğun - fəxr elə - bağlarında təməl daşları var.
Yaşa qəlbində məhəbbət, yaşa alnında vüqar,
Şuşası şeirimizin çeşməsi dilbər Qarabağ!
Yürüsündə hər ili əsrə bərabər Qarabağ!
Torpağından yarandığı Vətəninin özünü Günəş adlandıran, xəzan bilməz sənətə bağlı olan əsl Vətən aşiqi, vətəndaş şair Süleyman Rüstəm doğma Vətənini -Azərbaycanı hürr, azad, bağımsız görmək istəyirdi. Qarabağa uzanan qara əllərin kəsilməsini arzulayırdı. Ustadın bu arzuları da çin oldu. Bu gün Azərbaycan müstəqildir, hürdür. Canından çox sevdiyi milləti yüksək məclislər başında əyləşir. Necə ki, zamanında şair bu gözəl çağları uzaqgörənliklə öz qələmilə çox gözəl ifadə etmişdir:
Əcəb ağ gündədir mənim Vətənim,
Günlər keçir bayram kimi, el gülür.
Rəngdən-rəngə girir çölüm, çəmənim,
Aşığın sazında gülür, tel gülür...
...Yaxın gələ bilməz kədər, yas sənə,
Gülər ölkəmizin qızı, gəlini.
Gecə-gündüz nəğmə söylər Kür, Araz,
Kim istəməz azad, xoşbəxt elini.
Dil azaddır,
El azaddır,
Azad sazlarla
Tel azaddır.
"Mən Vətənə borcluyam, Borcumu verəm gərək" - deyib bütün ömrü boyu Vətənə sadiqliyi ilə seçildi. Şeirlərində öz doğma Vətənini vəsf etdi. Vətəninin gözəlliyi, müqəddəsliyi, vətənə sonsuz məhəbbəti, sevgisi şeirlərinin əsas leytmotivini təşkil edirdi. O, ömrünün sonuna kimi Vətənin istiqlalı yolunda vətəndaş-şair kimi mübarizə apardı, onun adını ucalara qaldırdı. Böyük şair Mikayıl Müşfiqin dediyi: "Vətənçin yaşayan, vətənçin ölən, səmimi bir insan nə bəxtiyardır" - fikirləri böyük ustad sənətkar, Xalq şairi Süleyman Rüstəmə də şamil etmək olar. Ruhu şad olsun, ustad sənətkarın!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!