Azərbaycan-Türkiyə - Maarifə Hacıyeva

 

Bir ananın iki oğlu,

Bir amalın iki qolu,

O da ulu, bu da ulu,

Azərbaycan-Türkiyə.

 

Türkiyənin Prezidenti möhtərəm Rəcəb Tayyib Ərdoğanın hər zaman sevə-sevə söylədiyi, sözləri Bəxtiyar Vahabzadəyə aid olan "Azərbaycan-Türkiyə" şeirinin sonrakı bəndləri belədir:

 

Dinimiz bir, dilimiz bir,

Ayımız bir, ilimiz bir,

Eşqimiz bir, yolumuz bir,

Azərbaycan-Türkiyə.

 

Bir millətik, iki dövlət,

Eyni arzu, eyni niyyət,

Hər ikisi Cümhuriyyət,

Azərbaycan-Türkiyə...

 

"Biz də əcdadımızın, abidələrimizin və onlardan miras aldığımız ortaq bir ruhumuzun olduğunu unutmayaq.

Kökü, dili, dini bir olan Azərbaycan və Türkiyəni çox sadə və anlamlı şəkildə "Bir millət, iki dövlət" adlandıran ümummilli lider Heydər Əliyev çıxışlarının birində demişdir: "Türkiyə ilə Azərbaycan arasında dostluq, qardaşlıq əlaqələrinin böyük tarixi var. Bu əlaqələr bir şox əsrlər boyu formalaşıb, inkişaf edib, bugünkü xoşbəxt günlərə gətirib çıxarıbdır".

Şair Oqtay Zəngilanlı  "Bir millət, iki dövlət" şeirində Azərbaycan -Türkiyə dostluğu və qardaşlığının əbədi olacağını, bu dostluğu, qardaşlığı kimsə yolundan döndərə bilməyəcəyini, Azərbaycan - Türkiyənin iki dövlət, bir millət kimi tarix yazacağını iftixarla poetikləşdirir:

 

Ucal Türkün bayrağı, ucalt uca zirvəyə,

Arzular qanad çalır, ümid dönür gerçəyə,

Əbədi yaşayacaq Azərbaycan-Türkiyə,

Bir millət - iki dövlət, var millətin öndəri,

Ölməz Türk dünyasının Atatürkü - Heydəri!

 

(Bax: "Çəkir öz dərdini özündə dünya". Bakı, 2009, səh. 29).

 

Türkiyənin məşhur müğənnilərindən İsmail Türüt:

 

Kaderin kaderimiz,

Kederin kederimiz,

Liderin liderimiz,

Çok yaşa Azerbaycan

 

- deyə "İki dövlət bir millət" ifadəsini gözəl bir türküyə çevirdi.

Baxın, Türkiyənin Manisa şəhərində yaşayan şairə Gülsüm Gülməz "Bir millət, iki dövlət" ifadəsini necə poetikləşdirir:

 

Ortak oldu kaderleri Karabağ ve Hocalı,

Zalimlere yer olmaz, kutsal Vatan toprağı.

Göklerden endirmeyiz, Ay-Yıldızlı bayrağı,

İki devlet, tek millet, Türkiye-Azerbaycan...

 

"İki dövlət, bir millət" ifadəsi İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan haqqında mahnıların yaranmasına da gətirib çıxartdı:

 

İki dövlət, bir millətik,

Hər zaman bir yerdəyik,

İlhamlı Azərbaycan,

Bizimlədir hər zaman.

 

Rəcəb Tayyib Ərdoğan,

Kömək olsun Yaradan,

Qardaşıq biz hər zaman,

Türkiyə-Azərbaycan...

 

Azərbaycanın və Türkiyənin doğum günündən başlayan Türk-Azərbaycan dostluğu və qardaşlığı günümüzdə yeni mərhələyə qədəm qoysa da, bu qan bağlılığına və qardaşlığa XX əsrin başlanğıcındakı bir çox tarixi gerçəkliklərdən xəbər verən hadisələrə səyahət etməklə köklərimizdəki qan qardaşlığı və qan qohumluğunun bir daha şahidi ola bilərik.

Həzrət Əlinin belə bir müdrik kəlamı var: "Elmin zəkatı paylaşmaqdır". Məncə, tarixin də zəkatı tarixi hadisələri dürüstlüyü ilə xalqa çatdırmaq, onu xalqla paylaşmaqdır. Qədim tarixə malik Türkiyə və Azərbaycana dəyişməz milli mədəniyyəti qazandıran amillərdən biri də Azərbaycan və Türkiyə ərazisində yaşayanların əksəriyyətinin bu torpağın əsl sakinləri olmasıdır.

Tarixin bir çox mərhələlərində Azərbaycanın çətin günlərində qardaş Türkiyənin Azərbaycana maddi və mənəvi dəstəyi danılmaz bir həqiqətdir. Bunun bir öynəyi də Qafqaz İslam Ordusunun XX əsrin birinci rübündə Azərbaycanın düşmənləri üzərindəki tarixi qələbəsidir.

Azərbaycan da, öz növbəsində, XX əsrin başlanğıcındakı I Dünya müharibəsi illərində qardaş türklərin yanında idi...

Bu sətirlərin  müəllifi 21-24 may 2015-ci ildə Türkiyənin Çanaqqala şəhərində "100 Yılında  Çanakkale Savaşları" Beynəlxalq Konfransında iştirakı zamanı Çanaqqalada şəhid olan Azərbaycan oğullarının adlarının Çanaqqalada salınmış qardaşlıq məzarının daşlarına yazıldığının şahidi oldu. Bu, "Bir millət, iki dövlət"in XX əsrdəki zəfər tarixi idi.

Dünyanın yazacağı bu şanlı Çanaqqala zəfər tarixini yenə türkün özü yazmışdı. Məhəmməd Əmin Rəsulzadənin təbirincə desək, "Tarix yazanlar türklərə məğlub olan millətin nümayəndələri olduğuna görə türkün şücaətini və qəhrəmanlığını vəhşilik, öz vəhşiliklərini isə qəhrəmanlıq kimi qələmə almışlar".

Azərbaycanın  milli şairi Məhəmməd Hadinin də dediyi kimi:

 

Türkün tökülən qanları bihudə gedərmi?

Diqqətlə düşün, yoxsa bu qan həpcu hədərmi?

 

1918-ci ilin 28 mayında İslam və Türk dünyasında ilk demokratik dövlət olan Azərbaycan Demokratik Dövlətini ilk olaraq 4 iyul 1918-ci ildə tanıyan, Azərbaycana ilk səfir göndərən, müstəqilliyinin ilk günlərindən bütün məsələlərdə onun yanında olan Osmanlı Türkiyəsi olmuşdur. 

Azərbaycan torpağının azad olunması uğrunda 1200-ə yaxın türk əsgəri bu torpaqda şəhid olmuşdur. Qafqaz İslam Ordusunun qəhrəmanlıq yolu, qardaşlıq köməyi bu gün müstəqil Azərbaycanda onlara ucaldılan xatirə lövhələri və abidələrlə xalq tərəfindən qorunub mühafizə edilmiş məzarlarla yad edilir.

XX əsrin əvvəllərində Azərbaycanın istiqlaliyyəti uğrunda canlarını fəda etmiş Qafqaz İslam Ordusunun qəhrəman şəhid və qazilərinin mərdliyini ifadə edən çoxlu əbədi nümunələr yazılsa da, sovet dönəmi illərində bunlardan söz açmaq da sovet hökumətinin siyasi qadağaları içərisində idi.

Xalq şairi Nəriman Həsənzadənin 2010-cu ildə yazdığı "Nuru Paşa" poeması Azərbaycanın XX əsrin əvvəllərindən çox mürəkkəb və keşməkeşli  tarixinin az, amma tarix üçün çox vacib olan bir dövrünü əhatə edir.

"Nuru Paşa" poeması Azərbaycan  tarixinin XX əsrin əvvəllərindəki tarixi dövrünün bir parçasıdır. Bu dövr 16 mart 1918-ci ildən başlayaraq 15 sentyabr 1918-ci ilə qədər, yəni daşnak-bolşevik quldurlarından Bakının Qafqaz İslam Ordusu tərəfindən azad edilməsi gününə qədərki dövrü əhatə edir. Nəriman Həsənzadə bu qısa, lakin Azərbaycan Demokratik Dövlətinin (1918-1920) yaşaması üçün həlledici olan bir tarixi bədii şəkildə qələmə almış və bu tarixin önəmini Osmanlı Dövlətinin Hərbi naziri Ənvər Paşa (1880-1922) və Ənvər Paşanın qardaşı Nuru Paşanın (1889-1949) cəsarətli və qəhrəmanlıq səhifəsini təşkil edən Qafqaz İslam Ordusunun  fəaliyyəti ilə əlaqələndirmişdir.

Türkiyə Ağrıdağ Universitetinin professoru Kərəm Karabulut 6-10 noyabr 2020-ci ildə "Türkiyə - Azərbaycan bir bütündür" adlı müsahibəsində bu tarixi hadisəni xatırladaraq demişdir: "Azərbaycan 1920-ci ildən 1991-ci ilə qədər SSRİ-nin bir parçası olduğu üçün Türkiyə - Azərbaycan əlaqələri istənilən səviyyədə olmamışdır. Ancaq o dönəmlərdə də iki ölkənin qardaşlığı mövcud idi.  Məsələn, 17 mart 1921-ci ildə Mustafa Kamal Atatürk Nəriman Nərimanovdan borc istəmiş və borcu ödənməsi üçün alınan cavab Heydər Əliyevin "Biz iki dövlət, bir millətik" sözünün tarixi dərinliklərlə əlaqədar olduğunu göstərməkdədir. Nərimanovun cavab məktubundakı yazı belədir: "Paşam, türk millətində bir ənənə vardır. Qardaş qardaşa borc verməz. Qardaş hər iki durumda qardaşın əlindən tutar. Biz qardaş xalqlarıq, hər zaman, hər şərtdə bir-birimizin əlindən tutacayıq, bugünkü yardımımız bir qardaşlıq yardımından başqa bir şey deyildir".

Nəriman Nərimanovun  ifadə etdiyi bu sözün gərəyini 27 sentyabr 2020-ci ildə erməni terroristlərinin Azərbaycanı işğal cəhdlərində Türkiyənin qardaş Azərbaycanın yanında olacağı haqqındakı açıqlamalarında bir daha özünü büruzə verərək "Bir millət, iki dövlət" ifadəsini bir daha təsdiqlədi.

Azərbaycanın milli düşüncəli filosof şairi Bəxtiyar Vahabzadə müxtəlif dövrlərdə yazdığı bir çox şeirlərində, məqalələrində "türk", "Türkiyə" kəlməsini xüsusi məhəbbətlə möhürləyirdi. Onun "Türkəm" şeirində olduğu kimi:

 

Əslimi, nəslimi tanıyıram mən,

Qarışıq deyiləm özümdən hürkəm.

Sən kimsən, nəçisən, özün bilərsən,

Mən ilk qaynağımdan Türk oğlu Türkəm.

 

(Bax: "İstiqlal" Bakı, 1999, səh. 226).

 

Xüsusən 1990-cı ildə yazdığı "Şəhidlər" poemasında "türk" kəlməsini Bəxtiyar Vahabzadə belə dilə gətirirdi:

 

İki yanağı var, amma bir üzü,

Türk öz anasından belə doğulmuş,

Anlaya bilmirəm niyə "türk" sözü,

Kiminsə başına düşən daş olmuş.

 

("Nağıl-həyat". Bakı, 1991, səh. 207).

 

Bəxtiyar Vahabzadə elmi araşdırmalarında da, publisist yazılarında da "türk" kəlməsinin çalarlarını şərh edir, bu kəlmənin türk soylarının dili və türk millətinin adı ilə eyni olduğunu yazırdı. Onun "Qatıq qara ola bilməz" adlı məqaləsində bu fikir tam mənasında əsaslanırdı.

1993-cü ildə yazdığı "Milli marş" şeirində B.Vahabzadə Azərbaycana "Türkün Oğuzlar Vətəni" deyir.

 

Ey Azərbaycanımız, Türkün Oğuzlar Vətəni,

Ər oğullar, ər igidlər, kişi qızlar vətəni,

Kökümüz - torpağımızın altda yatan cədlərimiz,

Möhrümüz - torpağın üstündəki məbədlərimiz.

 

("Vətəndaş", səh. 142).

 

6-9 dekabr 1995-ci ildə Türkiyə Cümhuriyyətinin doqquzuncu Prezidenti Süleyman Dəmirəl Bakıya gələrkən Bəxtiyar Vahabzadə ilə söhbət əsnasında şairə xitabən "Siz yalnız Azərbaycan torpağının deyil, bütün türk dünyasının şairisiniz" demişdi. S.Dəmirəlin şairin 1967-ci ildə yazdığı "Kök" adlı şeirini əzbər deməsi də təsadüfi deyildi:

 

Dünyada

Hər şeyin kökü var,

Kökü var

Torpağın, daşın da,

Adamsa kökünü

Gəzdirir başında.

 

(Bax: "Köklər, budaqlar". Bakı, 1968, səh. 84).

 

Süleyman Dəmirəl kökümüzün bir olduğunu və "Bir millət, iki dövlət" kimi aksiomlaşmış Azərbaycan və Türkiyə münasibətlərində ortaq dəyərlərimizin müstəsna rolunu qeyd etməklə, eyni kökdən olan xalqlarımızın müştərək  milli-mənəvi dəyərlərə malik olduğunu deyirdi. 

Türkiyə beynəlxalq forumlarda Azərbaycanın haqq səsini duyurmaq üçün böyük əzmkarlıq göstərdi və göstərməkdədir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "Biz haqqın və haqlının yanında olmağa davam edəcəyik" cümləsini böyük əzmkarlıqla ifadə edir və Azərbaycanın haqq səsini dünyaya duyurmağa davam edir.

Qələbəmiz şanlı Azərbaycan Ordusunun yazdığı zəfər tarixi ilə başa çatdı. Zəfər tarixini yazan ordumuza, onun Baş Komandanı, Azərbaycan Prezidenti İlham Əliyevə onlarca şeir, əsgər marşları, hekayə, qalibiyyət təranəli mahnılar yazıldı. 

Şair Musa Ələkbərli Ordumuzun Ali Baş Komandanı cənab İlham Əliyevə ünvanladığı "İndi sən hamınınsan" şeirində belə yazır:

 

Ali Baş Komandanım,

İnsi sən hamınınsan,

Rəssam fırçasınınsan,

Şair ilhamınınsan...

 

...Yenilməz güc sahibi,

Məğrur bir sərkərdəsən,

Ən uca məqamdasan,

Ən möhtəşəm yerdəsən.

 

Müzəffər ordumuzu, onun əsgərlərini "Qalib Vətənimin qalib əsgəri" adlandıran Gülzar Şəmkirlinin "Azərbaycan əsgəri" şeirinin bir bəndi isə belədir:

 

Qalib Vətənimin qalib əsgəri,

Müzəffər ordumun şöhrət səngəri,

Başın uca olsun, uca zirvəli,

Cəsarətli Azərbaycan əsgəri!

 

Hələ 1990-cü illərdəki Birinci Qarabağ müharibəsində qardaş Türkiyədən Ozan Arif  "Ya Qarabağ, ya ölüm", - deyə 15 bəndlik şeirlə səsini qaldırmışdı, bu səs milyonlarla türkü göz yaşına boğmuşdu.

 

Dünya duysun bu səsi, bu səs Şərqin səsidir,

Peyğəmbərin öydüyü, nəcib irqin səsidir,

Bu səs Azərbaycanın, bu səs Türkün səsidir,

Bu erməni tak etdi, canımıza tak artıq!

Ya Qarabağ ya ölüm, başqa yolu yox artıq!..

 

28 il sonra erməni terrorçularla başlayan İkinci Qarabağ müharibəsində Azərbaycan dost, qardaş ölkədən - Türkiyədən mənəvi güc, siyasi-diplomatik dəstək aldı, özünü tək hiss etmədi. Məğrur xalq kimi məğrur qardaşın arxasında olduğunu hiss etdi.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!