Pakistanın mütəfəkkir şairi və azadlıq carçısı - İsa HƏBİBBƏYLİ

İsa HƏBİBBƏYLİ

İsa HƏBİBBƏYLİ

AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına

Ədəbiyyat İnstitutunun baş direktoru, akademik

Uzun əsrlər boyu Hindistanın tərkib hissəsi kimi fəaliyyət göstərmiş müasir Pakistan müsəlman ölkəsi olaraq ciddi təqiblərlə üzləşməli olmuşdur. Qərb dairələri Hindistanın çoxmillətli və müxtəlif dinlərə inam bəsləyən insanlardan ibarət olmasından istifadə edərək, millətlərarası münasibətlər və dini ayrı-seçkilik zəminində münaqişələr yaratmaqla tərəfləri gücsüzləşdirməyə, özlərinin isə hakimiyyətini daha da möhkəmləndirməyə çalışmışlar. Bu proses öz növbəsində ölkə daxilindəki xalqların özlərinin gələcək taleləri haqqında düşünüb-daşınmalarını ön mövqeyə çıxarmış, beləliklə, milli azadlıq uğrunda mübarizənin təməlləri atılmışdır. Dini mənsubiyyətinə görə müsəlman olan Məhəmməd İqbal (1877-1938) gənclik illərindən etibarən Hindistandakı bütün xalqların, xüsusən də müsəlmanların hüquqları və azadlıqları istiqamətində mübarizə ətrafında düşünməli olmuş, həyatını bu şərəfli işə həsr etmişdir.

Məhəmməd İqbal doğulduğu Pəncab əyalətində ənənəvi mədrəsə təhsili ilə yanaşı, həm də ingilisdilli məktəbdə dünyəvi təhsil almışdır. Şotlandiya Misyoner liseyində və Lahor Dövlət Kollecində magistr dərəcəsinə qədər təhsilini davam etdirmiş, bu dövrdə aldığı biliklər onun Şərq-Qərb münasibətlərini dərindən dərk etməsinə şərait yaratmışdır. Məhəmməd İqbal 1899-1905-ci illərdə Şərq kollecində fəlsəfə fənnindən dərs dediyi dövrdə yeni nəslin yaddaşına milli özünüdərk və azadlıq düşüncəsi toxumları səpməyə səy göstərmişdir. Böyük Britaniyanın məşhur Kembric Universitetinin nəzdindəki Trinit Kollecində hüquq təhsili alması onun Hindistanda gedən ictimai-siyasi proseslərin səbəblərini və nəticələrini daha aydın şəkildə dərk edib, real qiymətləndirməsinə kömək etmişdir. Almaniyanın Münhen Universitetində aldığı doktorantura təhsili də Məhəmməd İqbala Qərb inkişaf proseslərini əyani şəkildə görmək və Şərq reallığı ilə müqayisə etmək üçün meydan açmışdır. "İranda metafizikanın inkişafı" mövzusunda 1907-ci ildə uğurla müdafiə etdiyi doktorluq dissertasiyası və sonralar yazdığı "İslamda dini düşüncənin yenidən doğuşu" adlı elmi əsəri onu Avropada müsəlman Şərqi üzrə yüksək ixtisaslı mütəxəssis kimi tanıtmışdır. Məhəmməd İqbal XX əsrin ilk onilliklərində artıq yüksək nəzəri hazırlığa, geniş ictimai-siyasi dünyagörüşə, dərin hüquqi və fəlsəfi biliklərə malik olan bir lider kimi çıxış etmişdir. Allahabad şəhərində 1928-ci il ildə keçirilmiş Hindistanın Birlik Qurultayına sədrlik etməsi onun ölkə miqyasında tanınmış ideoloqlardan, liderlərdən biri kimi qəbul edildiyini nümayiş etdirir.

Hələ gənclik illərindən boya-başa çatdığı Pakistanın Pəncab əyalətində müsəlman əhalisinin ağır həyat tərzinin şahidi olan Məhəmməd İqbal Hindistanda "islamın həbsdə, müsəlmanların azadlıqda" olduğu mövcud çətin və mürəkkəb ictimai-siyasi şəraitdə köləlikdən çıxış yolunu maarifləndirmə yolu ilə xalqın milli-mənəvi özünüdərk və ictimai-mədəni tərəqqiyə nail olmasında, istiqlaliyyətə çatmaq üçün siyasi ayıqlıq nümayiş etdirməkdə görmüşdür. Gənclik illərindəki ilk yaradıcılıq məşqlərini nəzərə almasaq, ictimai-siyasi mühitdən ədəbiyyata gəlməsinin əsas səbəblərindən biri də Məhəmməd İqbalın xalqın mübarizəyə hazırlanmasında şeirin təsiredici, səfərbəredici roluna və əhəmiyyətinə bəslədiyi dərin inamla əlaqədar idi. Məhəmməd İqbal üçün bədii yaradıcılıq, xüsusən də şeir xalqı milli istiqlaliyyət uğrunda mübarizəyə hazırlayan və istiqamətləndirən ən münasib vasitə olmuşdur.

Məhəmməd İqbal Avropa təhsili almış Asiya yazıçısı və mütəfəkkiri kimi Şərq ölkələrində və Qərbdə gedən prosesləri dərindən qavramışdır. Onun müşahidələrinə görə, Avropadakı iqtisadi maraqların ön mövqeyə çəkilməsinin yaratdığı mənəviyyat çöküşü və Asiyadakı siyasi əsarətin, müstəmləkəçiliyin doğurduğu ruh düşkünlüyü dünyanın inkişafına mane olur. Buna görə də Məhəmməd İqbalın yaradıcılığında, ümumiyyətlə insanlıq və tərəqqi ideallarının tərənnümü özünəməxsus yer tutur. Bununla belə, vətəndaş şair yaşadığı çoxmillətli Hindistanda və ətraf ölkələrdə müstəmləkəçiliyin yaratdığı köləliyə qarşı mübarizə aparmağı yaradıcılığının ali məqsədi hesab etmişdir. Məhəmməd İqbal Hindistanda və bütövlükdə Asiya qitəsində müstəmləkəçilikdən xilas olmaq uğrunda mübarizə aparan qüdrətli sənətkardır. Bundan başqa, o, Hindistanda "xristianlığı qəbul etmiş" baharamların müsəlmanları vətən xaini hesab etsələr də, onların özlərinin də doğma vətənlərində müstəmləkəçilik boyunduruğu altında "dilənçi sifətində" yaşamağa məhkum olduğunu bütün təzahür formaları ilə birlikdə açıb göstərmişdir. Beləliklə, Məhəmməd İqbal bu nəhəng Asiya ölkəsində müstəmləkəçiliyin aradan qaldırılması yollarında dönmədən mübarizə meydanına atılmışdır. Müstəmləkəçilikdən xilas olmaq, azadlıq və müstəqillik Məhəmməd İqbalın yaradıcılığının ana xəttini müəyyən edir. O, bütün ömrü boyu həmin ideallara dönməz sədaqət nümayiş etdirmiş, həyatını və yaradıcılığını bu idealların həyata keçirilməsinə həsr etmişdir. Bununla belə, Məhəmməd İqbal Asiya müsəlmanlarının, o cümlədən Hindistanda yaşayan müsəlman əhalisinin ikiqat məşəqqətlərə məruz qaldığını görmüş və mənsub olduğu xalqın müstəqilliyi uğrunda mübarizəni ön mövqeyə çəkmişdir.

Məhəmməd İqbal Pakistanın milli istiqlalının və azadlıq mübarizəsinin ən görkəmli ideoloqudur. Məhəmməd İqbalın dərin mənalı, müdrik və mübariz poeziyası mahiyyəti və hədəfləri etibarilə Pakistanın istiqlal marşı kimi səslənir. Lahorda 1915-ci ildə çap olunmuş "Mənliyin sirləri" şeirlər kitabında təqdim edilən şeirlər milli-mənəvi özünüdərk proseslərinin poetik dərslərindən ibarətdir. "Şərqdən xəbər" adı ilə 1923-cü ildə çap etdirdiyi şeirlər kitabı müsəlman dünyasında, xüsusən də Hindistanda müsəlmanların real çətin həyatının və ümidlərinin ədəbi manifesti kimi qəbul edilmişdir. "Karvanın çağırışı" şeirlər silsiləsi ilə Məhəmməd İqbal artıq istiqlal uğrunda mübarizənin real poetik çağırışlarını meydana qoymuşdur.

Ümumiyyətlə, Məhəmməd İqbalın müdrik və mübariz poeziyası milli-mənəvi oyanışın dönməzliyinin poetik əks-sədasıdır. "Oyan" şeiri Məhəmməd İqbalın ictimai-siyasi baxışlarının və istiqlal düşüncəsinin güzgüsüdür. Bu şeiri təkcə Hindistanın deyil, geniş mənada Asiyanın, yaxud müsəlman dünyasının istiqlal himni də adlandırmaq olar:

...Dünya nə halə gəlmiş, Şərq qovrulur ağrıdan!

Külü göyə sovrulan atəşə döndü hər yan,

Boğulmuş bir inilti qərq olub susqunluğa,

Oyan dərin uyqudan, dərin uyqudan oyan!

 

Torpağın hər zərrəsi dərdə bürünüb bu an.

Baş qaldır Hindistandan, Səmərqənddən, İraqdan,

Hayqır bütün gücünlə, tüğyan et Həmədandan,

Bir həyat işarəsi göstər bizə və canlan!

Oyan dərin uyqudan!

Dərin uyqudan oyan!

Dərin uyqudan oyan!

 

...Torpaqdan xəlq olunmuş bir qulsan sən, ey insan!

Lakin zəmin də sənsən, sənsən hüdudsuz zaman.

Haqqa vüslat sirrinin şərabını iç və qan!

Kükrə! Qurtar özünü şübhə uçurumundan.

Nə durubsan, çalxalan!

 

Oyan dərin uyquran!

Dərin uyqudan oyan!

Dərin uyqudan oyan!

Göründüyü kimi, Məhəmməd İqbal Pakistan ədəbiyyatının milli istiqlal mücahididir. Məhəmməd İqbalın yaradıcılığı Pakistanın milli oyanışının poetik dərsliyidir. Məhəmməd İqbal Pakistan istiqlal ədəbiyyatının bayraqdarıdır. Əsərlərindəki milli istiqlala çağırış ruhuna görə Məhəmməd İqbal Pakistan ədəbiyyatının Məhəmməd Hadisi, Azadlıq uğrundakı mübariz çağırışları etibarilə isə ölkəsinin Bəxtiyar Vahabzadəsidir. Məhəmməd Hadi şeirlərindəki romantik çağırışlar və maarifçi baxışla Bəxtiyar Vahabzadə poeziyasındakı etiraz və qətiyyətin vəhdəti Məhəmməd İqbalın yaradıcılığının mahiyyətini təşkil edir. Beləliklə, Məhəmməd İqbalın poeziyası müdriklik və mübarizliyin tərcümanıdır. Məhəmməd İqbalın yaradıcılığı Pakistanın istiqlal ədəbiyyatının simasını müəyyən edir.

Məhəmməd İqbalın əsərlərində Şərqin böyük mütəfəkkirləri Mövlana Cəlaləddin Rumiyə və sufizmin nəzəri əsaslarını yaratmış Şeyx Mahmud Şəbüstəriyə xüsusi ehtiramla yanaşılır. Hiss olunur ki, o, Mövlana Cəlaləddin Rumini özünə ustad kimi qəbul etmişdir. Şeyx Mahmud Şəbüstərinin məşhur "Gülşəni-raz" əsərinə yazdığı cavab isə nəzirə olmayıb, həmin mövzuda XX əsrdə yazılıb, yeni baxışlar və motivlər üzərində qurulan fərqli bir ədəbi-fəlsəfi traktatdır. Məhəmməd İqbalın öz əsərini "İkinci Gülşəni-raz" adlandırması da tamamilə təbii olub, bu traktatın orijinal bədii-fəlsəfi əsər olması mənasını ifadə edir.

Bundan başqa, külliyyatı ilə tanışlıq göstərir ki, Məhəmməd İqbal Azərbaycan şairləri Əfzələddin Xaqaninin və İmadəddin Nəsiminin yaradıcılığına dərindən bələd olmuş və xüsusi rəğbət bəsləmişdir. "Ənəlhəq" şeirində o, İmadəddin Nəsiminin adını çəkməsə də, böyük Azərbaycan şairinin həyat və sənət ideallarından çıxış etdiyini nəzərə çarpdırmışdır. "Xaqani" adlı şeirində isə Məhəmməd İqbal "Töhfətül-İraqeyn" kimi dahiyanə əsər yaratmış görkəmli azərbaycanlı şairin həyat və ədəbiyyat fəlsəfəsini dünyanı tərk etməyin açarı kimi mənalandırmaqla ona bəslədiyi yüksək münasibəti qabarıq şəkildə nəzərə çatdırmışdır. Elxan Zal Qaraxanlının şərti tərcüməsində verilmiş şeirdə Məhəmməd İqbalın Xaqani dünyasına rəğbəti açıq şəkildə ifadə olunmuşdur:

"O, Tuhfetül-İraqeyn" sahibi, o görən gözün göz bəbəyi,

Təfəkkürün pərdəsini parçalarkən, sirr və rəmzləri aşkar gördü

O məna aləminin məsləkdaşı, o, özünə "len tərəni" xitabını yönəltməyən,

Bu dünyanın nə olduğunu, bu həyat həngaməsini ondan soruş.

"O bu sözü söyləyərək dünya və axirətin nə olduğunu açıqca izah etdi:

Şeytanın baki qalıb, Adəm peyğəmbərin öldüyü belə bir dünyanın qoxusunu hiss etmək (mahiyyətini anlamaq), o qədər çətin olmasın gərək.

Azərbaycan oxucusu görkəmli Pakistan şairi Məhəmməd İqbalın həyatı və yaradıcılığı haqqında müstəqillik illərindən etibarən ardıcıl məlumat əldə etmişdir. Son zamanlarda ölkəmizdə Məhəmməd İqbal haqqında yazılmış məqalələr Pakistan ədəbiyyatının böyük klassikinin çoxcəhətli yaradıcılığı ilə ilkin tanışlıq üçün şərait yaradır. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru Bəsirə Əzizəliyevanın "Məhəmməd İqbalın həyatı və yaradıcılığı" adlı monoqrafiyasının meydana çıxması ilə qüdrətli Pakistan şairinin tərcümeyi-halı və yaradıcılıq ideallarına dair geniş elmi təsəvvür əldə etmək üçün meydan açılmışdır.

Məhəmməd İqbalın əsərləri külliyyatının ilk dəfə olaraq 2021-ci ildə Azərbaycan dilinə tərcümə edilməsi ümumən Pakistan ədəbiyyatı, o cümlədən Məhəmməd İqbalın yaradıcılığı ilə daha təfərrüatlı və əyani şəkildə tanış olmaq üçün real imkan yaradır. Tanınmış şair Elxan Zal Qaraxanlının tərcüməsində Məhəmməd İqbalın şeirləri və poemalarının Azərbaycan oxucusuna təqdim edilməsi bu sahədə mövcud boşluğu aradan qaldırmağa, böyük sənətkarın yaradıcılığına olan böyük marağı qarşılamağa uğurla xidmət edir.

Elxan Zal Qaraxanlı (1961) müstəqillik dövrü Azərbaycan şeirinin tanınmış nümayəndələrindən biridir. O, ən yeni dövr Azərbaycan ədəbiyyatında aydın vətəndaşlıq mövqeyi olan milli ruhlu şair kimi qəbul olunur. Milli-mənəvi bütövlük və müasirlik Elxan Zal Qaraxanlı yaradıcılığının təməllərini və hədəflərini müəyyən edir. Azərbaycan reallıqlarının və türk dünyası ilə əlaqədar motivlərin orijinal bədii ifadəsi Elxan Zal Qaraxanlının şeirləri və poemalarında böyük ilhamla və istedadla tərənnüm olunur.

Bədii tərcümə işi sahəsində də Elxan Zal Qaraxanlının zəngin təcrübəsi vardır. Qazax ədəbiyyatının əsasını qoymuş Abay Kunanbayevin, görkəmli qazax şairi Oljas Süleymenovun, Qazaxıstanın yeni dövr yazıçılarından Kazıybek Saakhanın, Sabit Dosanovun şeirləri, poemaları və romanlarını, türk ədəbiyyatından Ataol Bəhramoğlu və Çingiz Bektaşın şeirlərini Azərbaycan dilinə çevirən Elxan Zal Qaraxanlı Azərbaycanda türk dünyasına geniş bir ədəbiyyat pəncərəsi açmışdır. "Beynəlxalq Mahmud Kaşğari Mükafatları" Qurumuna rəhbərlik edən Elxan Zal Qaraxanlı xalqımızın və ədəbiyyatımızın türk dünyasında və ümumən dünyada adının, yerinin, mövqeyinin, səsinin daha da qüvvətlənməsinə ürəklə xidmət edir.

Fikrimizcə, Elxan Zal Qaraxanlının Məhəmməd İqbalın əsərləri külliyyatını ilk dəfə Azərbaycan dilinə tərcümə etməsi və həmin tərcümələrin ölkəmizdə kitab halında nəşr olunması bir neçə cəhətdən əhəmiyyətlidir. Əvvəla, Məhəmməd İqbalın əsərlərini Azərbaycan dilinə tərcümə edib nəşr etdirmək bu böyük Asiya nəhənginin həyatı və yaradıcılığı ilə əsaslı tanışlıq üçün imkan yaradır. İkincisi, Məhəmməd İqbalın əsərləri Pakistan xalqlarının azadlıq mübarizəsinin tərcümanı olduğu üçün, təqdim olunan kitab, xalqımızın dost və qardaş Pakistanın keçdiyi çətin və şərəfli mübarizə yolunu daha dərindən və əsaslı şəkildə izləyib öyrənməsinə yol açır. Üçüncüsü isə Məhəmməd İqbalın əsərlərinin Bakı nəşri müstəqillik dövrü Azərbaycan-Pakistan ədəbi-mədəni əlaqələrinin qiymətli bir səhifəsidir. Nəhayət, Məhəmməd İqbalın əsərlərinin Azərbaycan dilində nəşri gündən-günə genişlənməkdə olan Azərbaycan-Pakistan əlaqələrinin daha da möhkəmləndirilməsinə xidmət edən əhəmiyyətli ədəbi hadisədir.

İstedadlı və təcrübəli Azərbaycan şairi Elxan Zal Qaraxanlı Məhəmməd İqbalın əsərlərini dilimizə böyük məhəbbətlə tərcümə etmişdir. Əvvəla, o, Pakistanın keçdiyi mübarizə yolunu, Məhəmməd İqbalın həyatı və yaradıcılığını dərindən öyrənməklə bu ölkənin milli istiqlaliyyət carçısı olan qüdrətli sənətkarın şeirlə ifadə olunmuş ideallarını Azərbaycan xalqına olduğu kimi çatdırmaq üçün bütün imkanlarını səfərbər etmişdir. Elxan Zal Qaraxanlı Məhəmməd İqbalın əsərlərini mümkün olduqca orijinala ən yaxın şəkildə Azərbaycan dilinə tərcümə etməyə nail ola bilmişdir. Fikrimizcə, dərin siyasi və fəlsəfi baxışlara malik olan Məhəmməd İqbalın bir çox ictimai məzmunlu şeirlərinin sətri tərcümədə təqdim edilməsi də mütəfəkkir şairin fikirlərini və ideyalarını gerçək şəkildə oxuculara çatdırmaq üçün düşünülmüş münasib yoldur.

Məhəmməd İqbalın əsərlərinin Azərbaycan dilinə professional şəkildə tərcümə etməsi Elxan Zal Qaraxanlının tərcümə sənətkarlığının parlaq göstəricisidir. Pakistan ədəbiyyatının qüdrətli yaradıcısı Məhəmməd İqbalın şeirlərini Azərbaycan dilinə çevirməklə Elxan Zal Qaraxanlı indiyədək ardıcıl olaraq müraciət etdiyi türk dünyasının coğrafi sədlərini aşaraq, özünün sənət dünyasının üfüqlərini Mərkəzi Asiyaya doğru daha da genişləndirmişdir.

Bütövlükdə Məhəmməd İqbalın əsərlərinin Azərbaycan nəşri Azərbaycan bədii tərcümə mədəniyyətinin yüksək nümunəsidir.

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Məhəmməd İqbalın Azərbaycan dilinə çevrilmiş bədii əsərlərini kitab halında nəşr etməklə son illərdə Asiya ədəbiyyatının tədqiq edilib öyrənilməsi və geniş ictimaiyyətə çatdırılması istiqamətində mühüm bir addım atmışdır. Məhəmməd İqbalın kitabının Akademiyada nəşr edilməsi, həm də Ədəbiyyat İnstitutunda xüsusi bir prioritet istiqamətə çevrilmiş Pakistan ədəbiyyatının dərindən və əhatəli şəkildə araşdırılıb öyrənilməsinə xidmət edən əhəmiyyətli bir layihənin həyata keçirilməsi deməkdir.

Bütün bunlarla bərabər, istedadlı şair və tərcüməçi Elxan Zal Qaraxanlının tərcüməsində Məhəmməd İqbalın əsərlərinin Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən kitab kimi nəşr edilməsi, həm də Ədəbiyyat İnstitutunun Azərbaycan Yazıçılar Birliyi ilə səmərəli əməkdaşlığının da qiymətli bir səhifəsidir.

Pakistan ədəbiyyatının görkəmli yaradıcılarından biri olan Məhəmməd İqbalın əsərlərinin Azərbaycanda nəşri dost və qardaş ölkəyə, onun ədəbiyyatı və mədəniyyətinə xalqımızın yüksək ehtiramının və böyük sevgisinin əyani təcəssümüdür.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!