İçimdə vəsf edilməyən bir hiss var idi. Sanki illərin həsrəti sona yetib və mən doğma şəhərim Sulduzu görməyə gedirəm. Zirvələri qarlı, hər tərəfi meşəli, ormanlı Sulduz. Birdən ürəyim bu xoşbəxtliyə dözməz deyə, özümə söz vermişdim ki, çox da həyəcanlanmayım. Ancaq avtobuslar Şuşaya doğru yola düşdüyü andan etibarən içimdəki həyəcan artmağa başladı. Ətrafımdakı dostlarım gərginliyimi duymasınlar deyə, yol boyu tarixdən, ədəbiyyat və mədəniyyətdən danışmaqla vaxtı öldürməyə çalışırdım. Ancaq nə edirdimsə alınmırdı. Qəlbimdəki gərginliyim başımda ağrıya çevrildi. Özümlə ağrıkəsici də aparmamışdım. Günəşin şüası gözlərimi incidir, başağrımı çoxaldırdı. Ona görə də gözlərimi qısıb baxırdım. Həyatda da belədir. Elə zamanlar olur ki, gözlərini qısıb hansısa hadisəyə qısır gözlə baxmağa məcbur olmursan. Avtobus şüşə kimi asfalt yolları ana övladına tələsər kimi tələsik qət edirdi. Əminəm ki, nə bizim avtobusdakı qonaqlar, nə də digər avtobusdakı həmsəfərlərimizin heç biri mənim keçirdiyim hissləri nə keçirə, nə də dərk edə bilərlər. Rəhmətlik Xalq şairi Söhrab Tahirin sözü olmasın: "Mən Təbriz gözü ilə bu taya (Şuşaya) baxıram. Təxminən 150-yə yaxın iştirakçının içində yeganə Güneyli iştirakçı idim. Ona görə də özümlə həm qürur duyurdum, həm də təfsir olunmaz dərəcədə stres keçirirdim. Bilirdim ki, bütün Güneyin mənim Şuşaya getməyimdən xəbəri var və hər kəsin gözü Şuşaya və mənim oradakı edə biləcəyim çıxışıma dikilib. Güneydə yaşayan milyonlarla Azərbaycansevənlərin istəyi bu idi ki, mən 45 milyondan artıq soydaşımızın birlik mesajını dünya azərbaycanlılarının rəhbəri, Ali Baş Komandana çatdırım.
Avtobus Füzulinin işğal altından azad edilmiş ərazilərinə çatdıqdan sonra yol ətrafındakı dəhşətli mənzərələr erməni vandalizminin sübutu səhnələri kimi gözümüzün önündə sərgilənməyə başladı. Bir sinema pərdəsi kimi dağıdılmış evlər və binalar bir-bir sanki haqq divanına çıxıb şeytan əleyhinə şəhadət verirdi. Ürəyimdə dedim ki, bu qədər cinayəti heç bir insan digər insana edə bilməz. Milyon faiz burada şeytan işi var. İlahi dinə mənsub olan heç bir xalq digər xalqın varlığına qarşı bu qədər qəddar ola bilməz. Dostuma dedim: "Biz Şuşaya getməklə həm də Məkkəyə getmiş sayılırıq. Qayıdanda hacı olacağıq". Dostum mənə gülsə də, mən dediyim sözə imanla inanırdım. İnsan da başqa heyvanlar kimi, adi bir ət və sümük yığınıdır. İnsanı insan edən onun vətəninə, ailəsinə, mədəniyyətinə olan imanıdır. Təsadüfi deyil ki, İslam dinində ən böyük nəsihət elə "Hubbul vətən minəl iman"dır. Vətən sevgisi imandandır.
Müsafirlərə çay ikram etməkdən ötrü maşınları yolkənarı bir restoranda saxladılar. Əyilib bir az torpaq götürdüm. Dostuma dedim: "Görürsən, torpaq elə az qala Şamaxıdakı torpaqla eynidir. Torpaq torpaqdı, nə fərq edir. Buraları bizə müqəddəs edən üstündə axıdılan qanımızdır. Torpaq qanla birləşəndə təkcə vətən olmur, həm də qeyrət olur, namus olur, Məkkə olur". "Ermənilərin də qanı bu torpaqda tökülüb. Bu müqəddəs torpağa o namərdlərin də qanı qarışıb"-dostum dedi. "Yox! Torpaq nəcisi özününküləşdirmir. Torpaq pisliklə qarışmır. Nəcislə qarışsaydı, onda bu qədər bərəkətli və təmənnasız olmazdı. Torpaq yalnız haqqı öz damarlarında yaşadan və axıdan insanların qanı ilə birləşir" - deyib ovcumdakı torpaqla üzümü yudum. Ətrafdakı dostlarım bəziləri mənim bu işimə xırda-xırda güldülər. Ürəyimdə "qoy gülsünlər", -deyib çayxananın həyətinə tərəf getdim. Qəribə də olsa, qısa zamandan sonra başımın ağrısı kəsildi. Vətənin torpağı mənə mərhəm olmuşdu...
Şuşa olduqca qəribə şəhərdir. Sanki böyük Nizaminin "Məxzənül-əsrasına" daxil olursan. Sir dolu daşlar, qayalar. Rəmzu-razla dolu ağaclar və badi səba kimi əsən külək. Sanki Allahın ovucunun içində bir damla sudu Şuşa. Azərbaycan üzüyünün üstündə qeyərtədən yaranan daşqaşdı şuşa.
Çatdığımız gün tədbir yox idi deyə, şəhəri ayaqla gəzmək şansımız oldu. Dostlar Gövhər ağa məscidi və erməni vandallarının əlindən yarıcan da olsa, var olan bəzi tarixi binalarımızı ziyarət etməyə getsələr də, mən şəhər küçələrini gəzməyə üstünlük verdim. Hara diqqət edirdim can idi, Azərbaycan idi... Yerdən bir işlənmiş mərmi tapdım. Bilmirəm şeytanın bizə atdığı mərmi idi, yoxsa bizim şeytana atdığımız mərmi. Ancaq yumruğumda sıxdıqca gərginləşirdim. Yaxın uzaqlıqda bir şəhər gördüm. Üzü tanış gəlirdi mənə. Yolda duran bir əsgərdən soruşdum: "Haradır ora?". "Xankəndidir" - dedi. Damarlarımda qanım qaynadı. Əlimdəki gülləni nə gücüm var ermənilər tərəfə atıb dərindən nəfəs çəkdim.
Sabahısı gün Vaqif Poeziya Günlərinin açılış mərasimi üçün hamımızı Vaqif məqbərəsinin önünə apardılar. Tədbirdə Ali Baş Komandan İlham Əliyev və Birinci vitse- prezident Mehriban xanım Əliyeva da iştirak edəcəkdilər. Məqbərə, mən deyərdim, əvvəlkindən daha gözəl bir şəkildə təmir edilmişdi. Məqbərənin həyətinə daxil olanda bir anlıq özümü 1982-ci ildə hiss etdim. Məqbərənin önündə ulu öndər Heydər Əliyev, sağ tərəfində Mirzə İbrahimov, sol tərəfində isə Süleyman Rüstəm. Ürəyimdə dedim: "Hər şey daha yaxşı olacaq, darıxma", -ürəyimdə dedim, amma darıxmamaq olmurdu. Ümumiyyətlə, darıxmaq mənim və mənim kimilərin alnına yazılan bəlkə də yeganə həqiqətlərdəndir. İrəli gedib məqbərənin önündə bir neçə tanışlarla şəkillər çəkdirdik. Hər kəs öz yerində oturdu və tədbir başladı. Möhtərəm Prezident həmişəki kimi yaddaqalan və strateji mesajlarla dolu bir çıxış etdi: "Biz danışıqlar yolu ilə deyil, qəhrəmancasına döyüşərək Şuşaya qayıtdıq". Açığı, deyim ki, mən həqiqətən Prezidentimlə fəxr edirəm. O, dünyada yaşayan 60 milyondan artıq soydaşımızın qəlbini fəth edən tarixi şəxsiyyətdir. Prezident həmişə dünya azərbaycanlılarına müraciət edərək sözlərini bəyan edir. Mən xüsusilə də son bir neçə ildə sırf Prezidentimin sözləri və mesajlarına uyğun olaraq həyat tərzimi tənzimləyirəm. Güclü, mövqeli, qalib və dəmir yumruqlu olmağa çalışıram. Buna görə də ölkə başçımıza minnətdaram.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!