XX əsrin ikinci yarısında ingilis ədəbiyyatında yaranan bədii nümunələr arasında diqqətimizi çəkən məsələlərdən biri də Məhərrəm ayının təsviri oldu. İngilis ədəbiyyatında nadir bir tapıntı olan bu mövzunun yer alması diqqətdən kənar qala bilməzdi. Məsələnin əksi görkəmli ingilis yazıçısı Ceyms Oldricin Cənubi Azərbaycanda baş qaldıran azadlıq hərəkatının təsvir olunduğu irihəcmli siyasi-tarixi "Diplomat" romanında tapmışdır. İngilis əsilli yazıçının çox möhtəşəm həyat hekayəsi vardı ki, Azərbaycan da bu hekayənin mərkəzində dayanır. Yazıçı ABŞ-ın "Tayms" jurnalının əməkdaşı olarkən Cənubi Azərbaycanda gedən ictimai-siyasi prosesləri öyrənmək üçün bir neçə dəfə uzunmüddətli ezamiyyətə göndərilmişdi. Məzuniyyət zamanı yaşadığı bu diyarı sevməsi, qəhrəmanlarına və məişətinə, adət-ənənələrinə, dini-fəlsəfi görüşlərinə bələd olması real həqiqətləri əks etdirən möhtəşəm bir əsərin ərsəyə gəlməsi ilə nəticələnmişdi.
Son dövrlərdə Azərbaycan tarixinin qaynar səhifələri əks olunan əsərə maraq hissi məndə orijinal mətnlə tanış olmaq istəyi yaratdı. Azərbaycan tarixinə həsr olunmuş belə böyük həcmli, vacib əhəmiyyət kəsb edən bir əsərin orijinalının kitabxanalarımızda mövcud olmaması da təəssüf hissi doğurur və bu, problemin digər tərəfidir. Bu səbəbdən romanın orijinalını Böyük Britaniyadan əldə etdik.
Cənubi Azərbaycanın milli dirçəliş hərəkatının bir çox məqamlarını təsvir edən yazıçı, eyni zamanda əsərin daha təbii və inandırıcı olması üçün xalqın milli məişəti, adət-ənənələri, koloritini, xalq tamaşaları və oyunlarını, xalq dilində işlənən söz və ifadələri əsərə olduğu kimi daxil etmişdir. Elə diqqətçəkən məqamlardan ən başlıcası da xalq tamaşalarının və şəbihlərin, xüsusilə də, Məhərrəm ayı ayinlərinin canlı bir dillə və obrazlı ifadə olunması oldu.
Düşündüm ki, elə bu müqəddəs Məhərrəm ayı əhval-ruhiyyəsində mövzunun işıqlandırılmasının ən doğru məqamı və zamanıdır. Dini-fəlsəfi görüşlər sistemində ən önəmli məqama sahib olan Məhərrəm ayı artıq əsrlər boyu bu xalqın mənəviyyatında, dünyagörüşündə, islami dərkində, müqəddəs inanclar sistemində dərin köklər salmışdır. Hətta sovetlər dönəmində qadağaların, məhrumiyyətlərin, cəzaların sərt təzahür etdiyi zamanlarda insanlar Məhərrəm ayı ənənələrinə sadiq qalmış, aşkar, ya gizli şəkildə bu ayın təziyəsini saxlamış, müqəddəs bildikləri inanclarına sahib çıxmışlar. Sözsüz ki, bu müqəddəs dini ayinlər yazıçının diqqətindən kənar qala bilməzdi. Əsərin daha inandırıcı təsir bağışlaması üçün yazıçı xalq inanclarının ən əhəmiyyətli məqamını - Məhərrəm ayı tamaşalarının təsvirini əsərin 29, 30 və 31-ci fəsillərinə daxil etmişdi. C.Oldric çox güman ki, canlı şahidi olduğu Məhərrəm ayı ayinlərinin həyata keçirilməsi, Aşura gününün təşkili, dini mərasimlərdəki obrazların təhlili və təsvirini, hətta mərsiyələrdəki ifadələrdən bir çoxunu əsərə daxil etmişdir. Bütün bu sadalanan faktlar yazıçının bu mərasimlərin canlı şahidi olduğunun daha bir sübutudur.
Romanda Məhərrəm ayı təsvirinə başlamazdan əvvəl yazıçı mövzuya çox qəribə və incə bir məqamla giriş verir. Bununla da həm islamda dayaq təməl sistemini təşkil edən müqəddəs kəlməni ifadə edərək mövzuya başlamış olur, həm də həmin fəsillərin ab-havasını əvvəlcədən məsələyə kökləyir. Bu formatda olan giriş diqqətli oxucunun nəzərindən qaçmır. Əyalətə gələn bir qrup ingilis nümayəndə heyətindən yardım istəyən müsəlman dininin mənsubu Səyid və Mak Qreqor arasında gerçəkləşən qəribə dialoqda yazıçı islam inanclarının ən birinci şərti kəlmeyi-şəhadəti mətnə daxil edir.
Səyidin yad bir dinin mənsublarından kömək istəməsi Mak Qreqoru təəccübləndirir. Bölgə xalqlarının müsəlmanlardan ibarət olmasını bilən və adət-ənənələrinə yaxşı bələd olan Mak Qreqor, eyni zamanda müsəlman aləmində bir xristiandan kömək istənilməsinin yaxşı əməl hesab olunmamasını, hətta günah hesab olunmasını da bilirdi. Təəccübünü gizlədə bilməyərək bu haqda soruşan əsər qəhrəmanına təbii olaraq Səyidin tövbə edərmiş kimi elə həmin an "Allahdan başqa Allah yoxdur və Məhəmməd onun Rəsuludur" (There is no God but God, and Mohammed is his prophet) söyləməsi ilə nəticələnir. Yazıçı mətnə bu ifadəni elə bir situasiya quraraq daxil edir ki, əsərdə sünilik, əlavə, düşünülmüş bir fənd effekti yaranmır.
Ümumiyyətlə, romanda əks olunan Məhərrəmlik mərasimləri zamanı təşkil edilən meydan tamaşaları və şəbihlər istər Aşura günü, istərsə də bütün Məhərrəm ayı boyu baş verən hadisələr haqqında təsəvvür yaratmaqla bərabər, eyni zamanda bu faciənin dini-fəlsəfi mahiyyətini, yaşanan acının səbəbləri, vahid ideal, müqəddəs mənəvi dəyərlərin yaşaması uğrunda verilən qurbanların mahiyyətini açmaq üçün bir vasitədir. Yazıçı belə bir mənzərədən təsirlənərək, yaratdığı əsərin mərkəzində Aşura gününün də təşkil olunduğu hüzn ayını canlandırması gördüyü mənzərələrin onun yaddaşında buraxdığı dərin izlərdən xəbər verir. Sözsüz ki, bu məsələnin əsərə daxil edilməsi həm də xalqın milli adət-ənənələrinin böyük və ayrılmaz hissəsi olan dini-fəlsəfi düşüncə tərzini, mənəvi-psixoloji vəziyyətini də əks etdirir, tanıdılması xarakterini daşıyır.
Eyni zamanda, səhnələşdirilmiş dini tamaşalardan bəzi parçaların əsərə daxil edilməsi bu mərasim haqqında heç bir təsəvvürü olmayan oxucu tərəfindən qavranılmasını təmin edir. Əsərə daxil edilən, dini mahiyyət daşıyan tamaşaların elə yazıçının dili ilə desək "taziya", yəni "təziyə" qəhrəmanlarının haqqında heç bir fikrə malik olmayan ingilis nümayəndələrinə romanın baş qəhrəmanı Mak Qreqor açıqlama verir və bu cür dini tamaşaların peyğəmbər davamçılarının öz əqidələri və inancları yolunda şəhidlik məqamına ucalmalarına həsr olunduğunu bildirir.
Hər 3 fəsildə tez-tez (daha konkret desək yazıçı 14 dəfə "tazia" sözünə müraciət edib) "təziyə" sözünə rast gəlirik ki, yazıçı bu ifadəni ingiliscə deyil, məhz olduğu kimi təqdim edir. Əslində, dilimizə ərəbcədən keçən bu sözün mənası "hüzn", "yas", "ağı" deməkdir. Əcnəbi oxucuların anlaması üçün "təziyə" termininin ilk istifadəsi zamanı yazıçı oxucusunun bu ifadənin doğru anlamını başa düşməsi üçün doğma dilindəki leksik vahiddən istifadə edərək ingiliscə ekvivalentini qəhrəmanının dili ilə izah edir və "passion play" kimi təqdim edir. İngilis dilində isə bu ifadənin mənası elə təxminən "dini tamaşa", "misteriya", yəni "şəbih" kimi ifadə olunur. 29-cu fəsildə yazıçı hadisələrin inkişafını Məhərrəmlik mərasimlərinin keçirilməsi ilə paralel inkişaf etdirir və nümayəndə heyətinin bu hadisələri görməsi ilə davam edir.
Bu fəsildə Səyid sabah Təziyə olacağından bəhs edir və bu mərasimin mahiyyətindən danışır, təziyənin dini mərasim olduğunu bildirir. Bu zaman məzhəb ayrılığına da diqqət çəkir. Əslində, əsərin sonrakı inkişafı zamanı bu məzhəb ayrılığından xarıcı qüvvələrin öz xeyrinə nə cür istifadə etmələrini, din qardaşlarının bir-birinə düşmən olmasını təmin edən əməl və hərəkətlərin həyata keçirilməsini də bütün çılpaqlığı ilə nəzərə çatdırır. Əsərin siyasi-tarixi xarakter daşımasını diqqət önünə gətirsək bu cür siyasi qalmaqal yaradan məsələlərin bütün qaranlıq və fitnəkar tərəfləri ilə təsvir olunması anlaşılandır.
Birinci səhnədə əgər məsələnin işıqlandırılması yaxınlaşan Məhərrəm ayı haqqında məlumat xarakteri daşıyırdısa, ikinci səhnədə yazıçı konkret olaraq canlı meydan tamaşaları ilə nümayəndə heyətini qarşılaşdırır və yazıçıdan daha bir açıqlama gəlir. 30-cu fəsildə Lord Esseksin "Qurban kimdir? Əminəm ki, Məhəmməd deyildir" sözlərinə cavab olaraq yazıçı Mak Qreqorun vasitəsilə həm tarixi, həm də mənəvi əhəmiyyət kəsb edən bu hadisələrin mahiyyətini anlatmağa çalışır və Lord Esseksin simasında təziyə anlayışının kökündə duran hadisəni həmçinin əsərin əcnəbi oxucularına da anlatmış olur. Yazıçı burada belə bir dialoq təsvir edir. Dialoqda o bildirir ki, bu hadisə şiə müqəddəsləri İmam Hüseynin və peyğəmbər nəslinin davamçılarının şəhidliyinə həsr olunmuşdur.
İslam qəhrəmanlarını çox böyük sayqı və ehtiramla anan yazıçı hər dəfə onlar haqqında danışarkən "Saints", yaxud "Shiah saints", yəni "müqəddəslər", yaxud "şiə müqəddəsləri" kimi xatırladır. Burada bir diplomatın bu qəhrəmanları tanımaması, yəni "onlar haqqında heç zaman eşitməmişəm" deməsi hadisənin mahiyyətini açmaq üçün bir vasitədir. Beləliklə, yazıçı bu vasitə ilə dünyaya islam aləminin qəhrəmanları, elə yazıçının öz təbirincə desək, müqəddəsləri haqqında mesaj vermiş olur.
Məhərrəm ayının mahiyyətini açarkən yazıçı, xüsusilə, bu dini mərasimlərin Həzrəti Məhəmməd ümmətinin gerçək davamçılarının həlak olmasına həsr olunduğunu vurğulayır və mərasimlərin bir deyil, bir neçə gün davam edəcəyini söyləyir. İmam Əli, İmam Həsən, İmam Hüseyn və peyğəmbər nəvəsi Əli Əkbərin adını çəkir, onları şiələrin ənənəvi və gerçək qəhrəmanları olduğunu söyləyir. Yazıçı Həzrət Əli, Həsən və Hüseyn adlarını anaraq şəhidliyə qovuşan müqəddəslərin bu dini mərasimlər vasitəsilə Məhəmməd peyğəmbərin həqiqi davamçıları olmaları haqqında bir çox səhifələrdə tərəflərin dialoqu ilə təsvir edir.
Yazıçı bir faktı da oxucularının nəzərinə çatdırmağı unutmur. Məntiqi düşüncənin nəticəsi kimi bu mərasimdə "Şəhid var, bəs qatil kimdir?" sualına cavab axtaran oxucuya yekun informasiyanı da ötürməyi unutmur. Mərasimin qatil obrazının Şümür olduğunu bir yox, iki yerdə qeyd edir və beləliklə, məsələnin yekun sualını da cavablandırmış olur. İslam tarixindən də məlum olduğu kimi, Kərbəla faciəsi zamanı imam Hüseyni qətlə yetirən Sinan ibn Ənəs ən-Nəxai və Şimr ibn Zil Covşəndir. Yazıçı burada Shamr, yəni Şimrin qatil olması haqqında informasiya verir və onu İmam Hüseynin qatili adlandırır. Burada "murdered" sözü məhz "qətl olunmaq" mənasını ifadə edir.
Əsərin digər epizodunda Şimrin təsvir olunduğu məqam daha çox marağa səbəb olur. Yazıçı burada meydan tamaşasından bir səhnəni romana daxil edir və orada Şimr obrazını təsvir edir. C.Oldricin bu obrazın aktyorunu tiryək çəkən bir əyyaş, düşkün, miskin biri olaraq seçməsi onun daxili aləminin çirkin, eybəcər, mənəvi şikəstliyindən xəbər vermək istəməsi idi. Yazıçı müqəddəs bir insanın, dini və mənəvi liderin, peyğəmbər davamçısının ölümünə səbəb olan Şümürün daxili dünyasının axsadığına, boş və çürük, puç olduğuna diqqət çəkmişdir. Bir çox hallarda qələm adamları insanın zahiri görünüşünü onun daxilinə ayna tutaraq, mənəvi dünyasını göstərmək məqsədi ilə təsvir edir. Bu halda da tamaşadakı Şimr obrazının belə bir keyfiyyətə malik olması diqqətdən yayınmır. Yazıçı qəddar qatil obrazını ifadə edərkən "Şimr, həmin o qatil" deyərək anır.
Mərsiyələrdə ən çox duyduğumuz "Ya Hüseyn, Vay Hüseyn", "Ya Əli", "Ya Həsən, Ya Hüseyn" və digər bu kimi ifadələr həmin fəsillərdə tez-tez təkrarlanır və olduğu kimi, dəyişdirilmədən təqdim olunur, zəncirlə sinə vuran kişi, ağlayan qadın və uşaqların təsviri verilir. Bu dramda iştirak edən hər kəs ah-nalə çəkir, ağlayır, zəncirlə çiyinlərinə, sinələrinə döyür, qan içində özlərinə işgəncə verir, bir sözlə, əzadarlıq edirlər. Oldric yazır: "Burada hər şeyi göstərirlər. Həm Hüseynin, həm Əlinin öldürülməsini, həm onların dəfnini, həm də onların göz yaşı tökən ailələrini". Bu cür tamaşaların əsl məqsədindən bəhs edən yazıçı "Əli və Hüseynin Məhəmmədin əsl varisi olduğunu göstərməkdir" deyə yazır. Bu parçaların əsərdə təsviri həm də tarixi hadisələrlə uyğunluq təşkil etməsi, eyni zamanda yazıçının islam tarixinə marağının ifadəsi kimi də dəyərləndirilə bilər.
Əsərin qəhrəmanı Mak Qreqor bu tamaşaların illər əvvəl daha qanlı formada təşkil olunduğunu ingilis nümayəndə heyətinin nəzərinə çatdırır və bu mərasimlərin sonuncu İran şahı tərəfindən bir müddət qadağan edildiyi haqqında da məlumat verilir. Bu qadağaların qara bayraqların məscidlərdə dalğalanaraq insanların psixologiyasında dini fanatizmə və siyasi qalmaqallara meyillərin qarşısının alınması məqsədi ilə həyata keçirildiyi vurğulanır. Nəzərə alsaq ki, əsər 1949-cu ildə yazılmışdır, onda bu şahın Məhəmməd Rza Pəhləvi olduğu qənaətinə gəlmək olar.
Mövzu ilə bağlı daha bir məqam, susuzluqdan əziyyət çəkən qurbanların əzabını simvolizə edən suçiləmə mərasimidir ki, yazıçı bu səhnənin mahiyyətini və insanların yaşadığı gerçək əzabları, fiziki işgəncələrin əsl mahiyyətini açmaq üçün həm həmin səhnəni təsvir etmiş, həm də ağlayan əzadarların söylədiyi ifadələrlə mətni daha da zənginləşdirmiş, qüvvətli bir ifadə formasının vəhdətini yaratmışdır. Təsvir olunan səhnədə araba ilə hər tərəfə su çiləyirlər və ətrafında ağlayan insanların nalə sədaları səslənir: "Ya Hüseyn. Kaş bu su bizim Hüseynimizi sərinlədəydi! Ya Hüseyn! Ya Əli! Ya Həsən! Ya Hüseyn!". Bu cür təsvir və ifadələr bu dini tarixi hadisənin əsər daxilindəki təqdimatını qüvvətləndirir və həqiqətən, o dövrdə Kərbəla düzündə baş verən real hadisələrin kökündə duran gerçəklərin bir parçasını oxucunun nəzərinə çatdırır. Tarixi faktlar göstərir ki, Tasua gününə qədər Kərbəla qurbanlarının içmək üçün suları olmuşdu. Lakin Məhərrəm ayının yeddinci günündən sonra yeganə su mənbəyi olan Fərat çayı sahili əsgərlərlə qorunur və islam qəhrəmanlarının su ehtiyatı tamamilə tükənir.
Daha bir səhnədə isə əlində qılınc tutaraq döyüş meydanına daxil olan yaşıl çalmalı və əbalı İmam Hüseynin döyüş səhnəsi və onu göz yaşı, kədər və məyusluq içində qarşılayan camaatın naləsi əks olunur. Yaşıl rəngin bu səhnədə xüsusilə seçilməsi İslam dininin rəmzi, simvolu hesab oluna bilər. Bu məqamda tamaşaya Həzrət Cəbrail və digər mələk obrazları da daxil olur. Beləliklə, əsərdə yer alan bu və buna bənzər digər səhnələr Məhərrəm ayı, xüsusilə Aşura günü mərasimlərində reallaşdırılan meydan tamaşalarının əsli ilə tamamilə uyğunluq təşkil edir.
Bütün bu sadalanan faktlar yazıçının bu mərasimlərin keçirilməsi haqqında ətraflı bilgiyə sahib olduğu haqda söz deməyə əsas verir. Azərbaycan xalqına məhəbbətin ən yüksək formada ifadə olunduğu bu əsərdə xalq koloritinin və dini dəyərlərin təqdimolunma dərəcəsinə nəzər salsaq, milli-mənəvi dəyərlər sisteminın mükəmməl təsviri ilə üz-üzə qalarıq.
Bütün bu olanları dolğun şəkildə təsvir edən yazıçı öz mövqeyini də sərrast bir vasitə ilə ortaya qoyur. Yazıçı haqlı olaraq, qəhrəmanının dili ilə vurğulayır ki, belə mərasimlər bəzi siyasi qüvvələr tərəfindən xüsusi olaraq qızışdırılır və müsəlman təriqətləri arasında qarşıdurma yaratmaq, onların içərisinə daxili nifaq salmaq və düşmənçiliyə səbəb olmaq üçün bir silah kimi istifadə edilir. Hətta bu məkrli siyasəti həyata keçirmək üçün yerli dinbazların köməyindən də istifadə olunduğunu xüsusi vurğulayır. Yerli əhalinin dini inanclarının, müqəddəs dəyərlərinin bəzən oyunbazlar tərəfindən elə özlərinə qarşı qanlı silaha çevrildiyini qəhrəmanının dili ilə izah edir. Sözsüz ki, yazıçının bu mövqeyində həqiqət payı vardır. Əsrlərdir davam edən islam qardaşları arasında məzhəb gərginliyi, xüsusilə, XX və XXI əsrlərdə zaman-zaman xarici qüvvələr tərəfindən süni surətdə müdaxilələr nəticəsində qanlı çaxnaşmalara səbəb olan bu siyasətin, əslində, islam dəyərlərinin parçalanmasına, zəifləməsinə, məhv edilməsinə xidmət etdiyini çox aydın şəkildə anlamaq mümkündür.
Nəticə olaraq deyə bilərik ki, Azərbaycan xalqının milli-mənəvi və dini-fəlsəfi dəyərləri yazıçı tərəfindən "Diplomat" əsərində çox yüksək dəyərləndirilmişdir. Yazıçının öz təbirincə desək, islamın gerçək qəhrəmanları çox böyük hörmət və ehtiram hissi ilə xatırlanır. Şəbihlər və xalq tamaşaları bu böyük həcmli əsərdə yalnız üç fəsildə əks olunsa da, mahiyyət etibarilə gerçək dini tamaşaları və onların kökündə duran hadisələrin bütün məzmununu ehtiva edə bilir. Mərsiyələrdəki məntiqi vurğu və həyata keçirilən rituallar tamamilə bu fəsillərdə öz əksini tapıb.
"Diplomat" romanının orijinalının tərcümə olunması bugünkü Azərbaycan gerçəkliyində ən vacib məsələlərdən biri kimi diqqət mərkəzinə çəkilməlidir və görkəmli bir yazarın gerçəkləri ifadə edən sözü kimi Azərbaycanda və həmçinin dünyada yenidən təbliğ olunmalıdır. Belə bir hadisənin reallaşması Azərbaycan gerçəkliklərinin dəqiq, qərəzsiz şəkildə geniş müstəvidə təqdimatına xidmət edəcəkdir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!