Nizami poeziyası və tarixi gerçəkliklər - Sevil MƏMMƏDOVA

Sevil MƏMMƏDOVA

"İçərişəhər" Muzey Mərkəzinin direktor müavini,

Əməkdar mədəniyyət işçisi

 

Ümummilli lider Heydər Əliyevin söylədiyi kimi, Azərbaycan xalqının qədim tarixini, mədəniyyətini, ədəbiyyatını, şeirini Şərq aləmində, bütün dünyada Nizami Gəncəvi ilə tanıyırlar. Azərbaycana, Azərbaycan xalqına təkcə Nizami Gəncəvi kimi dahi bir şəxsiyyət bağışladığına görə Gəncə torpağı əbədi minnətdarlığa layiqdir.

Bir çox tədqiqatçılar Nizami Gəncəvinin əslən Qumdan olduğunu iddia etsələr də, dahi şairimizin gəncəli olduğunu, nəinki müasir ədəbiyyatşünaslığın tədqiqatları, eyni zamanda Azərbaycanın XV əsr ədəbi irsi də təsdiqləyir. Bu mənada orta əsr Azərbaycan şairi Bədr Şirvaninin Divanı müstəsna əhəmiyyət daşıyır. Söhbət iki şahın - Şirvanşah I İbrahim ibn Sultan Məhəmmədin (1382-1417) və Şirvanşah I Xəlilullah ibn Şeyx İbrahimin (1417-1465) dövründə saray şairi olmuş Bədr Şirvanidən gedir. 12473 beytdən ibarət divanı olan Bədr Şirvani 1387-ci ildə Şamaxıda anadan olmuş, 1450-ci il noyabrın 26-da isə vəfat etmişdir. Bədr Şirvaninin Şamaxıda doğulduğunu onun öz şeirləri təsdiqləyir:

 

Şamaxı torpağı vətənim, xaqanın sarayı məskənimdir.

Mənim üçün əsl xoşbəxtlikdir ki, onun yaxınlığında oluram.

 

(Farscadan filoloji tərcümə Məsiağa Məhəmmədinindir).

                                                       

Bədr Şirvani divanındakı bir beytdə şairlərdən Mücirəddin və Nizaminin adlarını çəkir. Şair burada özünü məhz bu şairlərin - Azərbaycan mühitində yetişmiş şairlərin varisi kimi qeyd edir:

 

Mücirəddin Beyləqani gedib, Gəncəli Nizami yox olub,

O ikisinin yerində mən qalmışam,

                        sözüm Tərtər suyundan da təravətlidir.

 

(Farscadan filoloji tərcümə Məsiağa Məhəmmədinindir).

               

Bədr öz divanının digər bir hissəsində, Şirvanşah Xəlilullaha olan mədhində yenə də Nizaminin adını çəkir:

 

Mən Nizami Gəncəvitək şeirdə söz xəzinəsi yaratmışam,

Mənim şeirim yayıldıqca Tərtərin suyundan da saf olur.

 

(Farscadan filoloji tərcümə Məsiağa Məhəmmədinindir).

 

Bədr Şirvani dövrünün tanınmış şairi olmuşdur. Təzkirəçi Dövlətşahın yazdığına görə, məşhur fars şairi Katibi Turşizi Bədr Şirvani ilə görüşmək üçün Şirvana gəlmişdi. Şirvanşah I İbrahim şeir məclisində tək bir şeirinə görə Katibi Turşiziyə 10 min qızıl dinar bağışlamışdı (Sara Aşurbəyli. Şirvanşahlar dövləti, Bakı, 2006, s. 218).

Bədr Şirvani bir çox farsdilli şairlərin yaradıcılığından bəhrələnmiş, əsərlərində onları yad etmişdir. Lakin şair kimlərin varisi olduğunu vurğuladığı yuxarıdakı beytdə onların adını çəkmir. Bu, çox mühüm bir faktdır. Burada söhbət coğrafi baxımdan Cənubi Qafqaz regionunda, Azərbaycanda yaşayan şairlərdən gedir və bu faktı, yəni Nizaminin Azərbaycan şairi olmasını müasir tədqiqat deyil, XV əsrin ədəbi mətni bilavasitə təsdiq edir.

Məhəmməd Əmin Rəsulzadə də Nizami barədə məşhur əsərində şairin Qafqaz mühiti ilə bağlı olduğunu qeyd edərək yazırdı: "Mövzuları araşdırılınca Nizaminin fars millətçiliyindən uzaq, türk sevgisi ilə dolğun, Qafqaz mühiti və şərtlərinə bağlı, yurdunun tarixi müqəddəratından doğan daimi qayğılarla əlaqəli olduğu görünür ki, bu mənada o, əlbəttə, bir Azərbaycan şairidir" (Məhəmməd Əmin Rəsulzadə. Azərbaycan şairi Nizami, Bakı, 2011, s. 11).

1141-1209-cu illərdə yaşamış mütəfəkkir şairimiz Nizami Gəncəvinin dövrü əsasən Azərbaycan Atabəyləri dövlətinin dövrü ilə üst-üstə düşür. 1136-1225-ci illərdə mövcud olmuş bu dövlətin tarixini tədqiq edən görkəmli şərqşünas, tarixçi alim Ziya Bünyadov yazırdı ki, monoqrafiyasında yaradıcılıqları həmin dövrə təsadüf edən şairlərin qəsidə və qitələrindən də istifadə etmişdir. Alim ədəbi irsimizin tədqiqatçılar tərəfindən tarixi reallıqlarla əlaqəli şəkildə hələ lazımi dərəcədə öyrənilmədiyini təəssüflə qeyd edirdi (Ziya Bünyadov. Azərbaycan Atabəyləri dövləti, Bakı, 2007 s. 9).

Nizami Gəncəvinin poeziyası öyrənildikcə, tariximizə dair bilgilərimiz dolğunlaşır və artır. Əsas hökmdarlıq ünsürlərindən biri olmuş taxt haqqında ümumi tarixi bilgilərimiz demək olar ki, yetərincədir. Hökmdarlıq rəmzi olan taxt, bir insan boyundan hündür olmaqla zəngin bəzədilər və sarayların ön otaqlarında, qəbul zallarında qoyulardı. Ən mühüm dövlət atributu olmuş səltənət taxtları irsən varisə miras qoyulardı (Oqtay Əfəndiyev. Azərbaycan Səfəvilər dövləti, Bakı, 2007, s. 152).

N.Gəncəvi "Leyli Və Məcnun" poemasının "Padşaha xitab" hissəsində belə yazır:

 

Sən, ey can aləmi, ey aləmə can!

Ey insan qəlbini güldürən insan!

Günəşin taxtından tacın ucadır,

Cəmşidin taxtından taxtın qocadır.

 

(Poetik tərcümə Səməd Vurğunundur).

 

Burada Nizami Gəncəvinin söylədiyi Cəmşid əfsanəvi şahdır. Dünya durduqca, onun taxtı da durur. Bəllidir ki, Şirvanşah I Axsitan 1188-ci ilin yazında Gəncəyə çapar göndərmiş və Nizamiyə Şərqdə çox məşhur olan Leyli və Məcnun əfsanəsinin süjeti əsasında onun şərəfinə bir poema yazmağı təklif etmişdi. Poemada N.Gəncəvinin padşaha xitabı da məhz Şirvanşah I Axsitanadır. Şair "Cəmşidin taxtından taxtın qocadır" deməklə, səltənət taxtlarının irsən varisdən şahzadəyə miras qoyulduğunu təsdiqləmiş olur. Biz buradan belə bir nəticə çıxarırıq ki, 1160-1196-cı illərdə hakimiyyətdə olmuş Şirvanşah I Axsitan taxta çıxdıqda, atası III Mənuçöhrün ona ulu babalarından miras qalmış səltənət taxtında əyləşmişdir.

Bizim eləcə də bayraqlar haqqında ümumi tarixi bilgilərimiz kifayət qədərdir. Məlumdur ki, artıq IX əsrdən bayraqlar ağac dəstəyə bağlanılmış, XI əsrdən isə hərbi bayraqlar üzərində gerb təsvirləri öz əksini tapmağa başlamışdır. Ümumiyyətlə, bayraqlar əsasən parçadan, metal ucluqdan, ağac dəstək, lent, qotaz və qaytandan, həmçinin xüsusi nişanlardan ibarət olmuşdur. Şirvanşah I Axsitanın dövründə yaşamış şair bayraqlar haqqında da qiymətli məlumat verir. Nizami Gəncəvi orta əsr bayraqlarının ipək parçadan hazırlandıqlarını vurğulayır, "Leyli və Məcnun" poemasında isə yazır:

 

Bayraq qotazları titrəsə əgər,

Zəlzələ görünər bir arpa qədər.

 

(Poetik tərcümə Səməd Vurğunundur).

 

Əgər Xaqani Şirvaninin əsərindən Şirvanşah I Axsitanın bayrağı üzərində "Qurani-Kərim"in 48-ci Fəth surəsinin 1-ci ayəsinin həkk edildiyini öyrəniriksə, Nizami Gəncəvinin də əsərindən həmin şahın bayraqlarında qotazlar olduğunu və ipək parçadan hazırlandıqlarını bilmiş oluruq. Şirvanşahların bayraqları yaşadığımız dövrə gəlib çatmasa da, o dövrün mütəfəkkir şairləri sayəsində Şirvanşah I Axsitanın bayrağına dair bilgilərimiz, göründüyü kimi, tamamlanmış olur.

Tarixi ədəbiyyatdan bəllidir ki, qədim paytaxt şəhər olmuş, həm də ticarət yolları arasında yerləşmiş Bərdə Yaxın Şərqin iri ticarət və sənətkarlıq mərkəzi idi və bu mövqeyini X əsrin I yarısınadək qoruyub saxlamışdı (Mais Əmrahov. Böyük ipək yolu, elektron variant, Bakı, 2011, s. 43). Bərdə Azərbaycanın Dərbənd, Gəncə, Şamaxı, Bakı kimi ən iri şəhərlərindən biri olmaqla, beynəlxalq ticarət yollarının üzərində yerləşirdi. Bu yollardan biri Bərdə şəhərindən Ərdəbilə, digəri isə Bərdədən Dvinə və oradan Suriya və Mesopotamiyaya gedirdi (Sara Aşurbəyli. Göstərilən əsəri, s. 99).

X əsrdə yaşamış ərəb coğrafiyaşünas və səyyahı İbn Hövqəl Bərdə, Bab əl-Əbvab (Dərbənd) və Tiflisi Arranın ən böyük şəhərləri adlandırırdı. Nizami Gəncəvinin yaşamış olduğu illərdə - Azərbaycan Atabəyləri dövlətinin dövründə Bərdə gözəl ipəyi ilə məşhur idi. Bərdədən karvan yolları ilə qonşu ölkələrə ipək və nar ixrac edilirdi (Ziya Bünyadov. Göstərilən əsəri, s. 179).

Nizami Gəncəvi "Şərəfnamə" poemasında Bərdəni belə tərənnüm edir:

 

Bərdə nə gözəldir, necə qəşəngdir,

Yazı da, qışı da güldür, çiçəkdir...

Torpağı yoğrulmuş qızıl suyundan,

Elə bil hər yanda bitmiş zəfəran.

 

(Poetik tərcümə Abdulla Şaiqindir).

 

Biz şairin həmin poemasından gözəl Bərdəmizin qədim adını da öyrənirik. Aydın olur ki, Bərdə əvvəllər "Hərum" adlanırmış:

 

Hərum adlanırdı bu yurd hər yerdə,

İndisə adına deyirlər Bərdə.

Bu mərdlər, gözəllər yurdunda, inan,

Çox saysız xəzinə gizləmiş zaman.

Belə şux, sevimli gülşən harda var?

Harda var xəzinə saçan bu diyar?

 

(Poetik tərcümə Abdulla Şaiqindir).

 

Tarixi ədəbiyyat slavyanların hələ IX əsrin sonlarından başlayaraq, soyğunçuluq məqsədilə Azərbaycan ərazilərinə vaxtaşırı basqınlar etdiklərini söyləyir. X əsrin ortalarına qədər əgər slavyanların Xəzər dənizinə, Cənubi Qafqaza dəniz yürüşləri ticarət xarakterli idisə, sonrakı yürüşləri dağıdıcı, talan xarakterli olmuşdur. İbn Hövqəl X əsrin sonlarında slavyanların Bərdəyə hücumu ilə əlaqədar yazırdı ki, Bərdə xeyli tənəzzülə uğramışdır. Əgər vaxtilə burada min iki yüz çörəkxana var idisə, onun dövründə bunların cəmisi beşi qalmışdır (Sara Aşurbəyli. Göstərilən əsəri, s. 95).

Mütəfəkkir şairimiz N.Gəncəvi də "İskəndərnamə" poemasının "Şərəfnamə" hissəsində Bərdənin basqına məruz qalmasından, talan edilib dağıdılmasından yazmışdır: 

 

Heç bir şey qalmamış dolu anbarda,

Xəzinə boşalmış, yoxdur dinar da...

Gördüyün o Bərdə olmuşdur viran,

O zəngin şəhərdən qalmamış nişan.

 

(Poetik tərcümə Abdulla Şaiqindir).

 

Tarixi ədəbiyyatdan məlumdur ki, qədimdən Partav adlandırılmış Bərdə VI əsrdən Qafqaz Albaniyasının paytaxtı olmuşdur. Bərdə sonralar, Atabəylər dövlətinin banisi Şəmsəddin Eldəgizin dövründə (1136-1174) bu sülalənin iqamətgahına çevrilmişdi. Nizaminin yazdığına görə, "Xosrov və Şirin" haqqında ilk mənbələrdən biri Bərdənin saray kitabxanasında mövcud imiş (Aydın Paşayev. "Xəmsə"də işlənən xüsusi adların izahlı lüğəti, Bakı, 2013, s. 50).

Çox təəssüflər olsun ki, Nizami Gəncəvinin eyni dövrdə yaşamış olduğu Atabəylər dövlətinin nə təmtəraqlı sarayı, nə də onun zəngin kitabxanası dövrümüzə gəlib çatmamışdır. Təsadüfi deyildir ki, beş minillik dövlətçilik tarixi olmuş Azərbaycanın saraylarının varidatı, zəngin kitabxanalarının əlyazma və miniatürləri bu gün dünyanın bir çox muzey və kitabxanalarını, şəxsi kolleksiyalarını bəzəyir.

Azərbaycanın qədim şəhəri Gəncə beynəlxalq ticarət yollarının üzərində idi. Şəhərin bir neçə dəfə yadelli işğalçılar tərəfindən dağıdılması, eləcə də təbii fəlakətlər nəticəsində yerlə-yeksan olması səbəbindən, hər dəfə yenidən salınmış bu qədim şəhərin dəqiq tarixini söyləmək çətindir. Bəzi müəlliflər şəhərin e.ə. II - eramızın IV əsrləri arasında salındığını yazırlar. Digər mənbələrdə isə Gəncə şəhərinin Şirvanşah Məhəmməd ibn Xalid tərəfindən 859-cu ildə tikilməsinə dair məlumat vardır (Nailə Vəlixanlı. Azərbaycan VII-XII əsrlərdə: tarix, mənbələr, şərhlər, Bakı, 2016, s. 159).

Başqa şəhərlər kimi, Gəncə də tranzit ticarətdə mühüm rol oynayırdı. Əsasən X əsrin ortalarından Gəncə şəhəri böyümüş, mühüm ticarət və sənətkarlıq mərkəzinə çevrilmişdi. Gəncədə sənətkarlığın bütün növləri inkişaf etmişdi.

Nizami Gəncəvinin "Xəmsə"sindən XII əsr Gəncəsinin tarixi məhəllələrindən birinin adını öyrənirik. Həmin tarixi məhəllənin adı "Xarabat" olmuşdur. O zamanlar şair və xanəndələr, rəqqasələr, söz ustadları məhz bu məhəlləyə toplaşarmışlar (Aydın Paşayev. Göstərilən əsəri, s. 160). Həmin məhəllə "Xarabayeri" adı ilə indi də mövcuddur.

Göründüyü kimi, dahi şairimiz Nizami Gəncəvinin, eləcə də digər klassik şairlərimizin ədəbi irsindən bəhrələnməklə, tariximizin dolğunlaşdırılması və tarixi gerçəkliklərin öyrənilərək təbliğ edilməsi böyük elmi əhəmiyyət kəsb edir.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!