Müasir özbək ədəbiyyatının klassiki Maqsud Şeyxzadə - Nizami TAĞISOY

 

Azərbaycan-özbək ədəbi-bədii və elmi-nəzəri əlaqələrinin dinamikasına xüsusi impuls gətirən söz sərrafları içərisində milliyyətcə azərbaycanlı olub, özü özbək mədəniyyətinə bütün canı və təfəkkürü ilə xidmət etmiş Maqsud Şeyxzadənin yaradıcılığı  müstəsna əhəmiyyətə malikdir.

Maqsud Şeyxzadə XX əsr özbək mədəniyyəti tarixində heç də yalnız şair və dramaturq kimi səciyyələndirilməmiş, həm də ədəbiyyatşünas və dilşünas ailm, dünya klassiklərinin əsərlərini özbək dilinə çevirən mütərcim və publisist kimi tanınmışdır.

Maqsudun müxtəsər həyat bioqrafiyasını vərəqlədikdə görürük ki, o, Azərbaycanın Ağdaş şəhərində anadan olub, ibtidai təhsilini Ağdaşdakı "Rüşdiyyə" məktəbində alıb, 1920-1925-ci illərdə Bakı Müəllimlər Seminariyasında təhsilini davam etdirib. Ona burada dövrün ən tanınmış maarifci-pedaqoqları və yazıçıları Hüseyn Cavid, Abdulla Şaiq, Cabbar Əfəndizadə, Şamobəy Cəbrayılbəyli, Mədinə xanım Qiyasbəyli kimi böyük ziyalılar dərs demişdir. 1926-1927-ci illərdə M.Şeyxzadə Dağıstandakı Dərbənd və Buynaksk şəhərlərində müəllimlik edib. Yazdığı birinci ədəbi nümunə Nəriman Nərimanova həsr etdiyi "Nəriman haqqında Şərq nağılı" olub.

Şeyxzadə yaradıcılığının ilk illərində əsərlərini Azərbaycan dilində yazmaqla onları "Şeyxzadə dəftəri" adı altında toplamışdır. Onun Sovet hakimiyyətinin tərəfdarı və təbliğatçısı olmadığı əsərlərinin məzmunundan da yaxşı görünməkdədir. Elə buna görə də gənc şairin ideoloji və nəzəri baxışları həmin dövrün ruhunu və estetikasını özündə əks etdirmədiyindən 1928-ci ildə Dağıstandan Özbəkistanın Daşkənd şəhərinə göndərilir. Onun bu şəhərdə həyatının tamamilə yeni dövrü başlayır. Tezliklə dost xalqın dilinin sirlərinə gərəyincə bələd olan M.Şeyxzadə özbək mətbuatında bu dildə yazdığı şeirləri ilə çıxış edir.

1932-ci ildə Maqsudun on şeirdən ibarət poetik məcmuəsi işıq üzü görür. Az keçmir ki, özbək qardaşlarımız onu əsərlərinin poetik tutumuna və hər iki xalqın istəklərinə xidmət etdiyinə görə "Azərbaycan oğlu özbək şairi" kimi səciyyələndirirdilər. 1933-cü ildə M.Şeyxzadə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun qiyabi şöbəsini bitirib, 1933-1935-ci illərdə aspirant, 1935-1938-ci illərdə Daşkənddəki Dil və Ədəbiyyat İnstitutunun elmi işçisi kimi çalışır. 30-cu illər M.Şeyxzadə yaradıcılığının ən qaynar dövrlərindən biri kimi yadda qalır. Bu zaman onun "Cümhuriyyət" ("Jumxuriət"), "Yeni divan" ("Ənqi devon"), "Üçüncü kitab" ("Uçinçi kitab") kimi əsərləri nəşr olunur. Burada yer almış nümunələr sırasında özbək poeziyasında rus ədəbiyyatından gələn sərbəst şeir, xüsusən A.Blok, A.Belı, V.Mayakovski yaradıcılığında özünü qabarıq göstərən və Musa Aybək (Taşmühəmmədov) şeirləri üçün də səciyyəvi olan örnəklərə üstünlük verilir. Elə buradaca qeyd edək ki, M.Şeyxzadə həm də V.Mayakovskinin əsərlərini mütaliə və tərcümə edirdi. Nəticədə artıq 40-cı illərdə V.Mayakovskinin "Yaxşı" ("Xoroşo") poeması özbək dilinə tərcümə olunmuşdu. Bu poemanın təsiri altında M.Şeyxzadənin "Müharibə və nəğmə" ("Janq va kuşik"), "Ürək deyir ki", ("Kunqil deydiki…") və digər poetik məcmuələri işıq üzü görür.

M.Şeyxzadə bədii yaradıcılıqla paralel olaraq tənqidçilik və publisistika ilə də yaxından məşğul olurdu. O, özbək, Azərbaycan, rus, dünya klassik və müasir dövr ədəbiyyatının bəzi məsələlərini elmi-nəzəri baxımdan təhlil obyektinə çevirir. Maraqlı və düşündürücü materiallarla ədəbi tənqid təsərrüfatı sahəsinə daha dərindən nüfuz etməyə çalışırdı.

İkinci Dünya müharibəsi dövründə o da digər poetik fikir daşıyıcıları kimi zəhmətkeşlər qarşısında çıxışlar edir, onların mübarizəyə ruhən köklənməsində mühüm rol oynayır. "Tufandan doğulmuşlar", "Nəğmə və döyüş", "Saz" kimi məcmuələr çap etdirir. Əsərlərində Vətən sevgisi problemini ön plana çəkir. Belə çətin dövrdə Şeyxzadənin böyük əks-sədaya səbəb olmuş "Cəlaləddin Mənquberdi" mövzulu pyesi ortaya çıxır. Əsər 1944-1948-ci illərdə Özbək Akademik Dram Teatrında uğurla tamaşaya qoyulur. Bu faciənin mövzusu ona görə yetərincə orijinal idi ki, Stalin rejiminin əcaib-qəraib qəliblərini dağıdıb, ideoloji ehkamları sarsıtmaqla Xarəzm şah Cəlaləddin Mənquberdini qəhrəman kimi tərənnüm etməyi üstün tutmuşdur. Bu baxımdan M.Şeyxzadənin "Cəlaləddin Mənquberdi" dramına görə yaşadıqlarını XX əsr qazax ədəbiyyatının tanınmış nümayəndəsi M.Auezovun "Xan Kene" dramı ilə başına gətirilənlərlə müqayisə etmək olar. M.Şeyxzadə də olduğu kimi M.Auezov da özünün "Xan Kene"sində qazax xanı Kenesarı Qasımovun həyat və fəaliyyətinə nəzər salıb, onları  folklor, tarixi və sənədli mənbələrə görə təhlil edərkən öz fərdi sənətkar baxışı və müşahidəli tarixçi-alim nəzəri ilə təqdim etməyə çalışmışdır.

Heç şübhəsiz ki, Stalin rejimi M.Auezova qarşı olduğu kimi M.Şeyxzadəyə də rəhmdillik göstərməkdən uzaq idi. Buna görə də o, mühakimə olunur və ona cəza kəsilərək 25 il müddətinə Sibirə sürgünə göndərilir. Lakin professor Naim Kərimovun yazdığı kimi, "Allahın özü isə ona qarşı rəhmdil olur. 25 il əvəzinə o, zindanda ona kəsilən işin cəmi üçdə birini keçirir və bundan sonra özbək elmi, ədəbiyyatı və mədəniyyəti sahəsində əzmlə çalışır. Son dərəcə məhsuldar və orijinal təfəkkürlü yazıçılardan olan Maqsud Şeyxzadənin yaradıcılığının daha intensiv dövrü məhz, qeyd etdiyimiz kimi, müharibə illərinə təsadüf edir.

M.Şeyxzadənin yaradıcılığını Azərbaycan-özbək ədəbi əlaqələri kontekstində təhlillərə cəlb edən istedadlı şair, mütərcim və ədəbi əlaqələr üzrə mütəxəssis mərhum Xəlil Rza Ulutürk "Şeyxzadə dəftəri"ni Azərbaycan və Dağıstan dövrü kontekstində nəzərdən keçirərkən şairin yaradıcılığının yetkinliyini və onun həmin dövrlərdə hazırlıqlı şeirşünas və tənqidçi təsiri bağışladığını qeyd etmişdir.

Sonrakı dövrlərdə Şeyxzadə poetikasında daha davamlı yer alan bədii müraciətlərdəki orijinallıq, qafiyənin poetik funksiyası, metaforalardan istifadə zamanı novatorluq, müqayisə, hiperbola və epitetlərin özünəməxsusluğu, özbək bədii gerçəkliyinin dərindən dərki və s. kimi maraqlı yanaşmaları şairin "Vətən", "Abidə önündə", "Uçan aparat", "İrs", "Torpaq və haqq", "Lampa" və s. kimi əsərlərində özünü göstərməsi, yüksək emosionallığı və həyatın daha çox mahiyyətinə baş vurması, təbii istedadı və hisslərinin qeyri-adiliyi ilə daha çox yaddaşlarda daşlaşa bilmişdir.

M.Şeyxzadənin poetik örnəklərə fərdi yaradıcılıq bucağından yanaşması isə onun qeyri-ixtiyari fəhmə söykənməsi ilə bağlı idi. Orta Asiya regionunun gerçəkliyi onu lirik folklor nümunələri ilə yanaşı, həm də monumental epik səpkili "Alpamış", "Qərib və Şahsənəm", "Şirin və Şəkər" kimi əsərləri dərin nəzərli eposşünas gözü ilə təhlil etdikdən sonra özünün orijinal biçimli əsərlərinin infrastrukturuna oturdur və nəticədə bütün bunlar şairin öz yaradıcılıq təşnəsinin gur axınını təmin edirdi. M.Şeyxzadənin folklor motivlərini əsərlərinin mövzu və süjetinə, poetik ölçülərinə, xalq dilinin zənginləşməsinə, el ədəbiyyatından gələn elementlərin və ünsürlərin əsərlərinin epiqraflarında yer almasının "Ovçunun hekayəti", "Aleksandr  Makedonski", "Torpaq və haqq" kimi poemalarında xüsusi şəkildə boy verdiyini görürük.

M.Şeyxzadənin yaradıcılığının şah damarını təşkil edən poeziyasında yer alan vətənpərvərlik və qəhrəmanlıqlarla bağlı səhifələrdir. Böyük Vətən müharibəsi illərində o da digər istedadlı Azərbaycan (M.Rahim, S.Vurğun, R.Rza, Ə.Cəmil və b.), özbək (Mirtemir, Aybək, Q.Qulam və b.), rus (K.Simonov, P.Antokolski, A.Surkov, A.Tvardovski və b.) şairləri kimi həmin dövrdə ədəbiyyatın təbliğatçı və təşviqatçı rolunu daha çox ön plana çəkir, türk xalqlarının "Kitabi-Dədə Qorqud", "Koroğlu" və "Alpamış" kimi qəhrəmanlıq dastanlarından gələn ənənələrini uğurla və novatorcasına davam etdirməyi qarşısına məqsəd qoyurdu.

Maqsud Şeyxzadə digər əzəmətli poetik düşüncə daşıyıcıları A.Tvardovski, A.Ventslov, S.Vurğun, S.Rüstəm, H.Əlimcan, Q.Qulam, Ralf Parve və digərləri kimi şeirlərində dövrün konkret hadisə və simalarına fərdi baxış sərgiləyərək əsərlərinin mətninə əzəmətli ruh, forma gözəlliyi, lirikasında intimlik, özbək milli klassikasının müxtəlif tərəflərini Azərbaycan, türk və dünya poeziyası ənənələri ilə "Ana oğlunu yola salır", "Günəş qızı Zibaxan", "Ata", "Alma", "Arıçı", "Bağban", "Fərhada məktub" və s. zənginləşdirə bilir, dövrün sosial, ideoloji, siyasi və psixoloji portretini ustalıqla yaratmağa müvəffəq olurdu.

M.Şeyxzadənin müharibədən sonrakı dövr lirik qəhrəmanı bəzi məqamlarda dövrün ideoloji möhürlərini daşısa da, o, yenilikçiliyə doğru daha çox meyilli idi. Bu baxımdan şairin sonrakı dövr yaradıcılığında tarixi gediş və həyat üzərində müsahidələr onu özbək bədii düşüncəsinin tərkib hissəsinə çevirə bilmişdi.

M.Şeyxzadənin yaradıcılığının mahiyyəti o qədər kamilləşirdi ki, tezliklə bu Azərbaycan övladının, adı XX əsr özbək ədəbiyyatını yaradan Qafur Qulam, Aybək, Qeyrəti, Zülfiyyə, Osman Nəsir, Mirtemir, Kamil Yaşen və digərləri ilə bir sırada çəkilirdi.

Bununla belə, M.Şeyxzadə özbək ədəbiyyatı və mədəniyyəti tarixində heç də şair və dramaturq, publisist və mütərcim kimi tanınmadı. O, həm də digər mühüm keyfiyyətləri - tənqidçilik məharəti ilə ədəbiyyatşünaslığı, pedaqoqluğu və  ustadlığı ilə də Özbəkistanın elmi-nəzəri məkanında məşhurlaşdı. Nizami adına Daşkənd Pedaqoji İnstitutunda özbək ədəbiyyatı tarixindən mühazirələr oxudu, bu təhsil ocağında fakültə dekanı, kafedra müdiri kimi mühüm vəzifələri məsuliyyətlə  yerinə yetirdi.

Müstəqillik dövründə tanınmış özbək ədəbiyyatşünası və yazıçısı Azad Şərəfəddinov 2004-cü ildə nəşr etdirdiyi əsərlərindən birində digər tanınmış özbək yazıçıları ilə yanaşı, sovet ideologiyası ilə estetik baxışları uyuşmayan M.Şeyxzadənin yaradıcılığının müxtəlif tərəflərinə nəzər salmışdır.

"Üçüncü kitab" məcmuəsində özbək poeziyası üçün yeni qəlib kimi ortaya çıxan sərbəst şeir vəznindən M.Şeyxzadə ustalıqla yararlanmışdır. Onun əsərlərində müasirlik keyfiyyəti və vətəndaş lirikası aktuallığı ilə fərqlənirdi.

1957-ci ildə qələmə aldığı lirik-fəlsəfi xarakterli "Daşkəndnamə" poemasında şairin vətənpərvərlik hissləri xüsusilə vahid süjet xəttinə söykənir və bu ekzotik şəhərin keşməkeşli keçmisini, dövrünün xüsusiyyətlərini, onun gələcək həyatı ilə bağlı ola biləcək faktları və arzu-istəkləri, əsərin baş qəhrəmanı kimi göstərilən Daşkənd şəhərinin özünü, daşkəndlilərin və şairin öz obrazı tutarlı tərənnüm və təsvirlərin köməyi ilə maraqlı və qeyri-adi xarakteri və cizgiləri ilə seçilir.

Maqsud Şeyxzadənin çoxplanlı yaradıcılığından bəhs etdikdə onun fəaliyyətinin böyük  bir qismini təşkil edən mütərcimlik bacarığını da diqqətdən kənarda qoymaq olmaz. O, xeyli tanınmış qələm sahiblərinin (V.Şekspir, Höte, Bayron, A.Puşkin, M.Lermontov, N.Nekrasov, V.Mayakovski, N.S.Tixonov, Nizami, Füzuli, M.F.Axundzadə, S.Vurğun, R.Rza, O.Sarıvəlli, Ş.Rustaveli, Cami, F.Məhdimqulu, İ.Çavçavadze, Ə.Lahuti, N.Hikmət və başqaları) əsərlərini özbək dilində uğurla səsləndirmişdir.

Ömrünün lap son dövrlərində M.Şeyxzadə Nəvainin yaradıcılığını işıqlandıracaq bir tədqiqat əsəri və "Əbu Reyhan Biruni"yə həsr etdiyi maraqlı pyes üzərində işləyirdi. Lakin 19 fevral 1967-ci ildə böyük şairin vuran ürəyi dayandı. Və M.Şeyxzadənin cəsədi həmin vaxtdan Daşkənddəki "Çığatay" məzarıstanlığında uyumaqdadır.

Qardaş özbək xalqı və ictimaiyyəti M.Şeyxzadəni gərəyincə dəyərləndirirdi. Özbək ədəbiyyatşünaslığında onun ədəbi və elmi fəaliyyətini çevrələyən yüzlərlə tənqidi və publisistik məqalələr, iki kinofestivalda nümayiş etdirilən Şeyxzadənin ssenari müəllifi olduğu filmlərin tutduğu birinci yerlər onun yaradıcılığına verilən ən böyük qiymətin göstəricisidir. Özbək qardaşlarımızın sayqısı və qayğısı nəticəsində Daşkənddəki küçələrdən biri və yenə də həmin şəhərdəki 167 saylı orta məktəb, Azərbaycanımızın Ağdaş şəhərindəki Humanitar Texniki Lisey M.Şeyxzadənin adını daşımaqdadır.

Maqsud Şeyxzadə özbək-Azərbaycan mədəni-ədəbi əlaqələrinin yorulmaz tədqiqatçısı olmaqla, həm də hər iki xalqın dahi oğlu kimi bu gün də nümunə olaraq göstərilməkdədir. Onun haqqında Özbəkistanda və Azərbaycanda sənədli filmlər çəkilmiş, o, Özbəkistanın "Böyük xidmətlərə görə" ordeni ilə (ölümündən sonra) təltif olunmuşdur. Çoxcəhətli ədəbi-bədii və elmi-nəzəri fəaliyyətinə görə Şeyxzadənin yaradıcılığı Azərbaycan və özbək xalqlarının mədəni nümunələrinin qızıl fonduna daxil edilmişdir.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!