Yazıçı missiyası: tarix və idrakın vəhdəti - Mərziyyə NƏCƏFOVA

Vahid Məmmədlinin bütün əsərlərinə bir missiya hakimdir: dünyanın və insanlığın xilasına canatım. O, ədəbi yararadıcılığa ilk dəfə Rusiya Mədəniyyət fondunun "Qrifon" nəşriyyatında nəşr olunan "Tunc Allahın yolu" əsəri ilə başlayıb. Əsərin Rusiya mədəniyyət fondu tərəfindən nəşr olunması və tez bir zamanda bestsellərə çevrilməsi onunla əlaqədardı ki, əsər dünya ədəbiyyatında tamamilə yeni bir janrda - qansız döyüş romanı janrında qələmə alınmışdır. Roman sonradan Rusiyanın və Avropanın ən böyük nəşriyyatı olan "Eksmo" nəşriyyatının diqqətini cəlb etmiş, 2006-cı ildə onun "Tunc mələk" əsərini "Cəllad tələsməyi sevmir" adı ilə "Rus bestselleri" seriyasından çap etmişlər. Vahid Məmmədli 2007-ci ildə nəşriyyat tərəfindən "bestsellər ustası" adına, Azərbaycanda isə ilk fentezi epos olan "Atropatena dastanı" trilogiyasının müəllifi kimi Beynəlxalq Mahmud Kəşkari fondunun "Türk dünyasının san yarlığı" mükafatına layiq görülmüşdür.

Əsərləri Rusiyada bestsellərə çevrildiyi kimi, Türkiyədə də "Atropatena dastanı" iki il ərzində öz janrında ən çox satılan kitabların onluğuna daxil olmuş, ingilis, ispan, italyan, portuqal, ərəb, bolqar, yunan və xorvat dillərində nəşr edilmişdir.

"Tunc mələk" romanının əsas özəlliyi və oxuyucuya sevdirən məziyyəti qəhrəmanın müharibə gedən İraqda topların, tüfənglərin, bir çox ölkələrin xüsusi xidmət orqanlarının edə bilmədiyini həyata keçirməsi, bir azərbaycanlının öz intellektual səviyyəsi, insansevərliyi və iradəsinin gücü ilə insanları xilas etməsi ilə əlaqədardır. Əsər 2010-cu ildə Rusiyada " Qruppa antiterror. Spetsnaz" seriyasında da dərc edilib.

Azərbaycanda ilk fentezi roman olan "Atropatena dastanı" əsərinin üstünlüyü və əsas səciyyələndirən xüsusiyyət odur ki, üç romandan ibarət olan trilogiya tariximizin ən mühüm və ədəbiyyatımızda çox az işlənən Midiya, Atropatena və Albaniya dövrünü əhatə edir. Əsər həm də qan yaddaşımızı bir daha mərdliyə, igidliyə kökləyən cəngavərlik dastanıdır. Tolkienin "Üzüklərin əfəndisi" və Roulinqin "Harri Potter" əsərlərində sehrin gücü ilə idarə olunan dünyalar "Atropatena əsərində" cəngavərlərin, Albaner və Atropatın göstərdikləri şücaətlərin fonunda ağ magiyanın ustadı Yeliseylə, qara magiyanın nümayəndəsi Nadovarın qara magiyaları vasitəsilə idarə olunur, Onların Albaniya və Atropatenadakı düzənə təsir etmələrindən, indi Azərbaycan adlanan ərazilərin insanlarının bir millət olaraq hələ o zamandan formalaşmasından bəhs edir. Roman əsl Azərbaycançılıq ideyasının daşıyıcısı olaraq hələ qədim zamanlardan bütün millətlərin, xalqların, etnosların türklərlə birlikdə əvvəlcə albanlar, midiyalılar, atropatenalılar kimi bu günki azərbaycanlılar olaraq formalaşmalarını əks etdirərək böyük multikultural dəyərləri ifadə etməklə yanaşı tariximizin ən doğru konsepsiyasına xidmət edir. Təsadüfi deyil ki, bu əsər Amerikanın məşhur "Amazon.com" saytında satılan kitablardandır.

Vahid Məmmədlinin ədəbi hadisə kimi dəyərləndirilən digər əsəri isə "Palıda sarılmış üzüm" romanıdır. Həyatın ən acımasız çətinliklərini görən Vasif və Ünal bir gün tanış olub şərikli iş qururlar. Həyatları boyu neçə-neçə qadınlarla qarşılaşırlar. Hər biri də bənzərsiz, fərqli həyat hekayətinə gətirib çıxarır. Lakin dostlar ilk məhəbbətlərinə qovuşa bilmirlər. Hələ də o qızların sorağındadırlar. Həyat burulğanlarında onların izini harda itiriblər? Milyonçu qızı olan, onu dəlicəsinə sevən sevgilisinin sorağı ilə Londona qədər gedib çıxan Vasif, qızın ondan qaçıb gizləndiyini görüb onunla nə vaxtsa qarşılaşacağına inanmır.

...Bir zamanlar Ünalın sevgilisinə verdiyi sarı qırmızı payız yarpağını məkrli Beçəxor oğurlayıb kannabis yarpağına dəyişmişdi...

Baş vermiş avtomobil qəzasında hər ikisi ağır yaralanır. Amma bu qəza onların həyatını büsbütün dəyişir. Xəstəxanadan çıxıb istirahətə getdikləri ərazidə möcüzə baş verir... Palıda sarılmış üzüm tənəyi Vasifin həyatı boyu xəyallarında canlandırdığı qıza çevrilir. Vasif həmin qızın sarıldığı palıd ola bilərsə bu gözəlin kim olduğunu öyrənəcəyinə inanır. Bu onun üçün həm də həyat amalının gerçəkləşməsinə bir vəsilə ola bilər: ağaca çevrilib körpə quşların yuvalarından yıxılmalarına mane olar, yırtıcılara yem olmalarına, ac qalmalarına imkan verməz, tək qalıb qorxanda onlara nəğmə pıçıldayan yarpaqları altında gizlədər...

Ünal sarı-qırmızı yarpağın eynisini tapır. Bu ona bir işarətdir... Həmin yarpağı tapdığı kimi itirdiyi sevgisini də tapacaq. Məlum olur ki, sevdiyi qız narkomafiyanın əlindədir... Sevgilisini mafiyanın qanlı qatilinin məngənəsindən qurtarmaq üçün tələsir. Bu mafiyanı himayə edən sirli vəkil qadınla qarşılaşır. Həmin qadının kimliyi isə Ünalı şoka salır...

Bu əsərin təhlili başqa bir geniş araşdırmanın mövzusu olsa da, onu demək kifayətdir ki, bir çox rus tənqidçiləri "Palıda sarılmış üzüm" əsərini Selincerin "Çovdarlıqda uçurumdan qoruyan" əsəri ilə müqayisə edir, müasirlik və oxunaqlıq, obrazların əhatəliliyi, həyat hekayətlərini sıx uzlaşdırma bacarığı, eləcə də başqa əsərlərində olduğu kimi, qadını ilahiləşdirmə səciyyəsi baxımından romanın xüsusi çəkiyə malik olduğunu bildirirlər. 

Yuxarıda qeyd olunanlardan əlavə Vahid Məmmədli "Şəhrizad" romanının, "Buddanın qayıdışı", "Milanda ölüm"," Tunc Mələyin yolu", "Bakı 2035" povestlərinin, onlarla hekayələrin də müəllifidir.

"Milanda ölüm" əsəri İmdat Avşar və Ömər Küçükmehmetoğlunun tərcüməsində "Anatolia kültür" yayın evində, "Şəhrizad" romanı isə müəllifin öz tərcüməsində Rusiyanın "Eksmo" nəşriyyatında çapa hazırlanır.

Dünyanın bir çox sitat, aforizmlər və müdrik kəlamlar saytlarında Vahid Məmmədlinin "Tunc mələk" əsərinin epiqrafı olan "Bu dünyada heç kim mələk deyil. Hərənin də öz qoruyucu mələyi var. Başqaları üçün özlərini fəda edənlər mələklərdən də üstündürlər..." kəlamları və əsərlərindən digər sitatlar yer alır.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!