Əsəd Cahangirin 55 yaşına
Həyatı anlayanlar, dərk edənlər, öyrənənlər çox şeyə vaqif olurlar. Tanrının bəxş etdiyi ömür payını elm, irfan, ədəb, mərifət içərisində keçirirlər. O da öyrənirdi. Gecəsini-gündüzünə qatıb nəhayətsiz bilik ümmanına baş vururdu. Elə ilk yazılarında istedad qığılcımı parlamaqdaydı. Gənclik çağları kitablar içində keçmişdi. Elmə yiyələnməkdə qüvvəli, təpərliydi. Azərbaycan ədəbiyyatının, dünya söz sənəti korifeylərinin əsərlərini oxumaqdan, görkəmli tənqidçilərin qiymətli irsini əxz etməkdən yorulmurdu. Ədəbiyyat bir ahənrübatək onu həmişə özünə çəkir, möcüzəli cazibəsində saxlayırdı.
Yaradıcılığa başladığı ilk vaxtlardan Sözün vurğunu idi. Onun üçün Söz ilahi gücə malik idi. Sanki Sözdən pərvəriş tapmışdı həyatı, yeri-göyü, asimanı. Fikirlərini söz-söz hörürdü Söz sevdalısı. Artıq ədəbi cameə onu belə tanıyır, qəbul edirdi. Onun bir fərd olaraq şəxsiyyəti zamanın, dövranın gərdişi ilə həmahəng formalaşır, mükəmməllik obrazı yaranırdı. Sövq-təbii 90-cı illəri xatırladım. Hələ o illərdə gənc Əsədin vaxtilə çalışdığım "Bakı" qəzetində dərc olunmuş ilk qələm nümunələri - ədəbi yazıları da ciddi rezonans doğururdu.
Çağdaş söz sənətimizdə və ədəbi tənqidimizdə sayılıb-seçilən, çevik ədəbi prosesi izləmək, istiqamətləndirmək missiyasını çiynində daşıyan ünlü isimlərdəndir Əsəd Cahangir. Azərbaycan ədəbiyyatşünaslığına gözəl töhfələr bəxş edən tanınmış ədəbi tənqidçi, esseist, incə ruhlu şeirlər müəllifi Ə.Cahangirin ümumən dünyaya, qələmə aldığı mövzulara özünəməxsus fəlsəfi baxışı, fərqli yanaşması var. Ədəbiyyat və incəsənətin elə bir sahəsi yoxdur ki, onda maraq doğurmasın. Əsəd Cahangirin teatr və kino resenziyaları, tarixi, dini, fəlsəfi məqalələri, icmalları, sənət adamları haqqında portret və təhlili yazıları həmişə maraqla oxunur. Əsərlərində qarşıya qoyduğu ən böyük missiya heç kəsin haqqını tapdalamadan həqiqəti yazmaq, gerçəyə sədaqət, obyektivlikdir. Ə.Cahangir bu ədəbi kredosuna bu gün də sadiqdir, yazıları həyatın özüdür.
Yüksək intellekt sahibi oxucusunun zövqünü, səviyyəsini nəzərə almağı bacarır. Bədii fikir tariximizin bilicisi dərin məntiqi və idrak gücü ilə yazıb-yaradan qələm adamıdır. Görkəmli ədəbi tənqidçilər, ədəbiyyatşünas alimlər, qələm dostları Ə.Cahangirin intellektual mövzulu əsərlərinə dəqiq, sanballı qiymət vermiş, bu örnəkləri uğurlu sənət əsərləri kimi dəyərləndiriblər. Akademik Nizami Cəfərov, Xalq yazıçıları Anar və Elçin, Sabir Əhmədli, Afaq Məsud, Xalq şairləri Fikrət Qoca, Ramiz Rövşən, tanınmış söz adamı, şair-publisist Elxan Zal Qaraxanlı və başqaları müəllifin tamamilə yeni üslubda yazılmış esselərinə və poemalarına obyektiv münasibət sərgiləyiblər.
Əsəd Cahangirin yaradıcılığında Qarabağ mövzusu da mühüm yer tutur. Müəllifin bu qəbildən olan bədii nümunələrini incələmək istərdim. İlk öncə deyim ki, bu əsərlərin məna yükü, ifadə forması fərqlidir, qutsal ideyası ümumbəşəri prinsiplərə əsaslanır. Qarabağ şəhidlərimizin ruhuna ithaf olunmuş "Səs" essesi və "Xarıgülnar" poeması fikrimizə sübutdur. Yeni üslubda ərsəyə gətirdiyi, poetik baxımdan özəlliyi ilə fərqlənən bu əsərləri ədəbi ictimaiyyət maraqla qarşılayaraq təqdir etmişdir. Ə.Cahangirin çoxşaxəli yaradıcılığında adıçəkilən əsərlərin xüsusi yeri var.
"Oyanmış ruhun özünüdərki" məqaləsinin müəllifi, akademik Nizami Cəfərovun fikrincə, "dialektik düşüncə, ehkamçılıqdan uzaqlıq, dünyaya və onun bədii inikası olan sözə daimi dəyişmə, inkişaf və ya tənəzzüldə olan canlı proses kimi baxmaq - Ə.Cahangirin düşüncəsinə məxsus daha bir cəhət budur. Bu onun yazılarına qabarıq nəzərə çarpan tarixilik keyfiyyəti verir... Bunu "Səs", "Dəmirbaşlar", "Aprel tezisləri" kimi ən yaxşı esselərində də aydın görürük. Əsəd bütün yazılarında ilk essesinin sərlövhəsinə sadiqdir... Onun yazılarının alt yapısında bir fəlsəfi suala cavab cəhdi durur: Hardan gəlib, hara gedirik?".
Müəllif "Səs" adlı essesində məmləkətimizi üç geokulturoloji, söz, səs və rəng məkanlarına bölür. Naxçıvan, Göyçə, Qazax və Borçalı sözün, Qarabağ səsin, Bakı və Şirvan isə rəngin məkanıdır. Başqa sözlə, "Səs" bütünlüklə "Qarabağnamə"dir. Bu əsərdə Qarabağ ədəbi mühitinin həm də tarixilik baxımından yeri və rolu geniş əks etdirilmişdir. "Səs"də tarixə metatarixi baxış var və bunun hesabına Qarabağa da, səsə də yanaşmanın hüdudları müqayisəsiz dərəcədə genişlənir, min dəfələrlə eşitdiklərimizi, gördüklərimizi sanki ilk dəfə görür, müəlliflə birlikdə biz də öz ölkəmizi geokulturoloji rakursdan yenidən kəşf edirik" (N.Cəfərov).
Əsərdə oxuyuruq: "Qarabağ bizim ümummilli sənətimizdir və onu itirmək xoşbəxtliyimizi, rifahımızı itirməkdir. Qarabağsız qaldığımız bu otuz ildə ağrı-acılarla üz-üzə qaldıq... Qarabağ Azərbaycan türklərini göyə bağlayan bir bağdır. Onun neçə yüz ildən bəri Azərbaycan mədəniyyətinin Ötükəni olması bununla bağlıdır. Mədəniyyətin beşiyi olan Qarabağı itirmək öz varlığını itirməkdir, çünki bu zaman yeri göyə bağlayan dayaq nöqtəsi itirilir".
Müəllif essenin ikinci hissəsində qeyd edir ki, "Ermənilər iyirminci yüzilə qədər bu dünyada özlərinə nəinki bağ, hətta ayaq basmağa bir parça torpaq tapa bilməyən iki xalqdan (digəri qaraçılardır) biridir. Ermənilərin də, qaraçıların da Allah yanında üzləri qaradır... Öz təkəbbürləri qarşılığında göylər tərəfindən cəzalandırılıb... Ermənilər yerə, türklər göyə bağlıdır. O qədər ki, hətta özlərini Göytürklər adlandırıblar". Daha sonra oxuyuruq: "Qafqazın qəlbi Qarabağ, nurun vətəni Şuşadır".
Əsəd Cahangirin yaradıcılıq fəaliyyətinin daha bir yönü, qolu var: tərcüməçilik. O həm də poetik tərcümə sənətimizin dəyərli örnəklərini yaradıb. Onun hələ 2012-ci ildə ruscadan dilimizə çevirdiyi "Erməni genosidi: mif və həqiqət" kitabında erməni soyqırımı məsələsinin əsl mahiyyəti üzə çıxarılıb. Bu tərcümə əsəri orijinalın ruhunu, məzmununu saxlamaq baxımından da dəyərlidir.
Danılmaz həqiqətdir ki, bədii və fəlsəfi təfəkkür birləşib vəhdət halına gələndə mükəmməl əsərlər yaranır. Müəllif ruh məsələsi, ruhumuzun tərcümanı olan yaradıcılığın insana Allah tərəfindən verildiyi qənaətindədir, deməli, yaradıcılıq ilahi təbiətli, mənşəlidir.
Qarabağ bizim səs incəsənətimizin bətnidir, Qarabağ uğrunda şəhadət özünü milli varlığımız uğrunda qurban vermək deməkdir" söyləyən müəllifin milli qüruru, güvənci, modernist təfəkkürü heyranlıq doğurur. Əsədin "Səs"i, ünü ucalırdı, fitrən istedadlı, ədəbi zirvələri sözlə fəth edən qələm adamının Qarabağ həqiqətlərindən bəhs edən bu essesini bütün məmləkət oxuyurdu. Çünki "Səs" haqqın, ədalətin səsi idi. Ə.Cahangir bu müqəddəs mövzuya həsr olunmuş "Səs" (1999) essesinə görə Azərbaycan Yazıçılar Birliyinin təsis etdiyi "İlin tənqidçisi" adına layiq görülmüşdür.
Az sonra müəllif oxucularını Qarabağ mövzusunda qələmə aldığı daha bir əsəri ilə duyğulandırdı. "Xarıgülnar" poeması ilə. Əl-əl gəzib axtarılan yeni epik əsərə verilmiş bənzərsiz addan tutmuş, poemanın məna yükü, bədii siqləti, qayəsinədək hər şey düşündürücüdür. Söz sevdalısı bu əsərində həm də əsl yurd sevdalısıdır:
Əzizinəm, Şuşadı,
Kəbə ilə qoşadı!
Başına dönək, Şuşa,
təvaf eləyək səni,
bəs, bu otuz ili sən
necə dözdün,
necə yaşadın?
Həcmcə qısa, mənaca dərin olan bu əsər Qarabağın tacı Şuşada düzənlənmiş böyük mədəniyyət bayramı - Xarıbülbül musiqi festivalı günlərində qələmə alınıb. Əvvəla, onu deyim ki, poema 44 günlük Zəfər savaşımızda qazanılmış möhtəşəm Qələbəmizin doğurduğu böyük sevinc və fəxr-fəxarət hissi ilə yazılıb. Tanınmış səhnə ustası, Şuşada doğulmuş Xalq artisti Firəngiz Mütəllimovanın doğma şəhərinə qədəm basarkən illər öncə əhd etdiyi kimi, həsrətində olduğu yurd yerinin torpağına baş qoyaraq səcdə etməsi müəllifdə həyəcan doğuran impuls yaradıb və bu, adıçəkilən əsərin qələmə alınmasına vəsilə olub. Əsər cilalı dili, poetik deyimləri, yozumları, vətəndaşlıq məzmunu ilə fərqlidir. Ən başlıcası odur ki, müəllif bütün dünyanın diqqətini çəkən, çağdaş günümüzün ən mühüm hadisəsindən - Qarabağ Zəfərimizdən böyük Türk dünyasının zəngin və əbədiyaşar tarixi ilə vəhdətdə və müqayisəli şəkildə bəhs edir:
Allah, sənə şükr olsun,
Şəhidlərimin adı adın kimi zikr olsun!
Şəhid bacıları bacım, anaları anam olsun!
İlbilgə xatun Mehriban,
Bilgə xaqanımız İlham olsun!
Qazilərimizə ehtiram,
Obamız obası, davamız davası olan
dost ellərə salam olsun!
"Xarıgülnar" poeması qəhrəmanlıq eposlarımızı yada salır. Düşmənə nifrət hissi, mübariz ruhu, dili-üslubu ilə. "Dədə Qorqud" dastanının boyları, sanki müdrik el ozanının alqış dolu duaları eşidilir:
Sular axsın, durulsun,
göyərsin otlarımız,
ulaşsın qurdlarımız!
Kişnəsin alma gözlü
Qarabağ atlarımız!
Cıdır düzündə
bir şülən qurulsun!
Poetik ruha sahib olan Əsəd Cahangir milli və bəşəri dəyərlər kəsb edən bu poemada qəhrəmanının intizarında olduğu doğma yurda ayaq basmasını qatı zülmət bir gecədən aydınlığa çıxmağa, gur işıq selinə düşməyə bənzədir:
And olsun ki, bu qadın
qu desən, qulaq tutulan
qaranlıq gecələrdən
işıqlı səhərə gəlib!
Doğulduğu şəhərə gəlib,
otuz ildən sonra
güllü bir may günü,
xarıbülbüllü toy günü...
"Bu gün könlüm şüşədir, bu gün sözümün canı, fikrimin əvvəli-sonu Şuşadır" söyləyən müəllif Qarabağ mövzusunda ərsəyə gətirdiyi bu əsərində də tarixi həqiqətlərə güzgü tutur, aydınlıq gətirir.
"Ən böyük qazancım Tanrıya inamımdır. Həyat bir məktəbdir və burda əsas məsələ ruhun mümkün qədər çoxlu bilgi toplamasıdır" deyən Əsəd Cahangir ömrünün kamillik mərhələsinə qədəm qoyub, 55 yaşı tamam olub. Öyrənməkdən, bilgilər qazanmaqdan, yazıb-yaratmaqdan usanmayan düşüncə, fikir adamı, təxəyyülünün nəhayətsizliyi ilə yazıb-yaradan, yeri gəldikdə bədahətən şeirlər söyləyən qələm dostumuz Əsəd Cahangirə yeni ədəbi üfüqlər fəth etməyi, ədəbi cameəmizi və oxucularını yeni əsərlərlə sevindirməyi arzulayıram.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!