Azərbaycan uşaq ədəbiyyatında müharibə - Qarabağ ağrısı - İlhamə AĞAZADƏ

 

Ədəbiyyat müharibə üçün deyil, bütün müharibələr ədəbiyyat mətni üçündür...

Bu gün xalq çoxdan gözlədiyi qələbənin sevincini yaşamaqdadır. Təbii ki, torpaqlarımızın azad ediməsi uğrundakı savaşdan keçən zaman nə qədər uzanarsa, bu mövzu bütün yönləri ilə ədəbiyyatın bədii obyekti olmaqda davam edəcək. Soydaşlarımızın uzun illər öz ata-baba torpaqlarından ayrı düşməsi; heç bir müqəddəs hiss tanımayan ermənilərin törətdiyi vəhşiliklər; viran olmuş Qarabağ; müharibənin acı həqiqətləri, qorxu, ümidsizlik, dəhşət saçan mənzərələrin uşaqların mənəviyyatına, psixologiyasına sarsıdıcı zərbələri, ümumiyyətlə, müharibənin dəhşətli obrazı ədəbiyyatda görünməli, Vətənin dar günündə heç düşünmədən düşmən üzərinə atılan qəhrəman Azərbaycan əsgərinin yaddaşlarda qalacaq obrazı yaradılmalıdır. "Ədəbiyyat millətə enerji püskürdən qüvvət mənbəyi olmalıdı". (Elnarə Akimova)

Zamanın ruhuna uyğun olaraq, müharibə, qələbədən əvvəl qələmə alınmış uşaq hekayələrinə müxtəlif mövzular, yeni keyfiyyətlər aşılamışdır. Bu dövrdə yaranmış əsərlərdə əsasən, məğlubiyyət və kədərdən doğan hisslərin əksi daha qabarıq görünür. Müharibə mövzusunu bədii sözə çevirən müəlliflərin əksəriyyəti ömrünə qaçqınlıq qisməti düşmüş yazarlardır. Görünür, o səbəbdəndir ki, onların yaradıcılığında bu mövzu reallığı əks etdirmə baxımından səmimiliyi ilə seçilir, xüsusi önəm daşıyır. Ş.Horovlunun "Kəndimizin bənövşəsi", M.Məmmədovanın "Vətən həsrəti", K.Qarabağlının "Dağlar küləyi" hekayələrində didərginlik, qaçqın həyatı, onun xalqımızın psixologiyasında buraxdığı dərin iz və bütün bunların nəticə etibarı ilə milli mənəviyyata vurulan dəhşətli zərbə olduğu maraqlı, təsirli lövhələrlə canlandırılır. 

Akademik İsa Həbibbəyli yazır: "Vətənpərvərlik - uşaq ədəbiyyatının canı və ruhudur. Sadə və aydın ana dilində yazılmış və vətənpərvərlik üstündə köklənmiş Azərbaycan uşaq ədəbiyyatı xalqımızın müstəqil dövlətçilik uğrunda mübarizəyə hazırlanmasına şərəflə xidmət etmişdir." Bu missiya hər zaman davam etdirilməlidir. Vətənə sevgini - vətənpərvərliyi kiçik yaşlardan uşaqların qəlbində alovlandırmaq lazımdır ki, müəyyən yaşdan sonra bu qisas yanğısına çevrilsin. 44 günlük II Qarabağ müharibəsi zamanı misilsiz qəhrəmanlıqlar göstərmiş, qələbəni qanı ilə yazmış vətən oğullarının döyüş ruhu, şücaəti, psixoloji durumu, yaşadıqları hələ layiqli şəkildə bədiiləşdirilməyib. Torpaqlarımızın azadlığı, bütövlüyü uğrunda şəhid olan oğullarımızı tanıtdırmaq, onların göstərdiyi qəhrəmanlığı təbliğ etmək gərəkdir. M.Quluzadənin "Məhv edilmiş oyuncaqlar", E.Mehrəliyevin "Gecikən yaz", A.Alxasovun "Ölməz qəhrəmanlar", M.Rəşidin "Mübariz"  hekayələri müstəqilliyimizin ilk illərində vətən uğrunda igidlik göstərərək həlak olmuş Azərbaycanın milli qəhrəmanlarına həsr olunmuşdur.

Ədəbiyyatımız əzəldən humanizm, insanpərvərlik duyğuları üzərində köklənmişdir. Azadlıq ideyalarının carçısı X.R.Ulutürk deyirdi: "Dünyada ən böyük bəşəri matəm/ Insanın insana ədavətidir." Mənfur niyyətli düşməndən zaman-zaman ağır zərbələr almağımıza baxmayaraq, əksər şair və yazıçılarımız balalarımızın qəlbini kin və nifrətdən uzaq tutmuş, onların gözəl insani dəyərlərlə böyüməsinə çalışmışlar. Belə bir deyim var: "qaranlığa lənət oxumaqdansa, bir şam da sən yandır". R.Yusifoğlu "Qələbəyə gedən yollar" hekayəsində vətənpərvərliyin, qələbəyə aparan yollun təkcə hərbdən ibarət olmadığını, eyni zamanda elm öyrənməklə, savad almaqla da düşməni yenməyin mümkün olduğunu uşaqlara təlqin etməyə çalışır. Müəllif uşaq və gənclərin vətən, xalq qarşısında olan mənəvi borcunu humanist ideyalar işığında həll etməyə çalışır. 

A.Bünyadzadənin də "Şirniyyat atan silahlar" hekayəsi humanist notlar üzərində qələmə alınmışdır. Amma düşünürəm ki, erməni kimi qəddar düşməni olan xalqın ən kiçiyindən tutmuş bütün üzvləri düşmənin törətdiklərini unutmamalıdır. Biz düşməni şirniyyatla qarşılayıb onunla barışsaq, Xocalıda, ümumiyyətlə Qarabağda öldürülən günahsız uşaqların ruhu bizi bağışlamaz. Eyni fikir R.Yusifqızının Xocalı faciəsinə həsr olunmuş "Qar" hekayəsinə də aid etmək olar. Qarlı-şaxtalı fevralda öz yurd-yuvasından ayrı düşən, doğmalarını itirən, ev-eşiyi dağılıb viran qalmış balaca Rəhimin faciəsi təsvir olunub. O dövrdə oxşar dəhşətləri yaşamağa məcbur olmuş Rəhimlər sarsıntılardan uzun zaman qurtula bilməmişlər. Buna baxmayaraq, müəllif bircə dəfə kiçik bir işarə ilə də olsa, bildirmir ki, bu hadisələr Rəhimin başına niyə gəlib, Rəhimlərin şikəst, yetim, yurdsuz qalmasının baiskarı kimdir. Halbuki, "Müharibə ədəbiyyatı ən acı gerçəkləri yazmalıdır." (M.Vahid) Uşaqlar üçün yazılsa belə, onların anlaya biləcəyi bir dillə düşmənin kim olması, törətdiyi ağlasığmaz vəhşiliklərin bədii dillə təqdimi vacibdir. "Kəssə hər kim tökülən qan izini, Qurtaran dahi odur yer üzünü" deyən, bəşər övladının xilasını sevgi və gözəllikdə görən humanist şair Hüseyn Cavid "Müharibə və ədəbiyyat" məqaləsində yazırdı: "Rus-yapon müharibəsində, bəzi mütəfəkkirlər, yaponların qalibiyyətini onların komandanlarında, zabitlərində deyil, ibtidai məktəblərdə, məktəb müəllimlərində, müəllimlərin xalqa vermiş olduğu tərbiyədə aramışlar. İştə böylə bir mühitdə böyüyən, böylə bir ölkədə yaşayan tələbə və talibələr ikmali-təhsildən sonra bir də öz filosofları, ədibləri tərəfindən yazılmış əsərləri mütaliəyə başlarlar. Şübhəsiz ki, ən faydalı düşüncələr, ən ciddi mühakimələr də yalnız fəlsəfə və ədəbiyyat vasitəsilə əldə edilə bilir. Çünki düşünməyə başlayanlar, xilqət və təbiətdə bir qayə, bir nəticə arayan gənclər yalnız mütaliə sayəsində öz məsləkini təyin edə bilir, öz aradığını bulur." Dahi şairin bir əsr bundan qabaq ifadə etdiyi fikirlər bu gün üçün də aktual görünür.

Azər Turan "Milli mətbuat, Ayasofyada namaz və Tovuz hadisələri" məqaləsində yazır: "Azərbaycan ədəbiyyatının müstəqillik dövründə meydana çıxan nəsli niyə Avropa ədəbi estetikalarının pərdə arxasında gizlənib guya ki, ədəbiyyatın amacı olmayan savaşı, müharibəni ədəbiyyata yaxın buraxmadı?.. Və nə qədər gülüncdür ki, torpaqları işğal altında olan bir məmləkətin ədəbiyyatı savaşa "yox" deyir. Hələ də Vətən məfkurəli ədəbiyyatımızı yaratmırıq, savaşa yox deyən ədəbiyyatımızla da dünyaya çıxa bilmirik". Əlbəttə, ədəbiyyat estetik zövq aşılamaqla işini bitmiş hesab etməməli, oxucudan - uşaqdan düşmənin kim olduğunu gizlətməməli, hər zaman ayıq-sayıq olmağı, ən əsas da unutqanlığın ağır nəticələrıni göstərməlidir. Qorxmaz, vətənsevər müasir gəncliyi formalaşdırmaq, onlarda dövrə uyğun ruh yaratmaq ailə və məktəblə bərabər yazarların qarşısına da böyük məsuliyyət qoyur.

"Ulduz" jurnalının "Qarabağ buraxılışı"nda gənc yazar Xəyal Rzanın qələmə aldığı "Kötük baba" hekayəsini sona qədər oxuyandan sonra buradakı rəmzi obrazların - ata-anası, bacı-qardaşı, bütün digər qohumları öldürülmüş "gənc"in, qolları kəsilmiş müharibə əlili olan "Kötük baba"nın, "Çinar dayı"nın, "Bənövşə xala"nın əslində viran qalmış bir yurdun "ağac"ları olması aydınlaşır. Uzaqdan eşidilən döyüş səsləri, düşmən üzərində qələbə, üçrəngli bayrağın yenidən yarıuçuq binanın damında dalğalanması, yurdun əsl sakinlərinin vətənə dönüşü alleqorik dillə dövrün gerçəklərinə uyğun əksini tapmışdır. "Gənc"in dilindən verilən sözlərdən aydın olur ki, vətən sevgisi bütün sevgiləri üstələyir, bütün müqəddəs hislərin fövqündə dayanır: "İçimdə dəhşətli bir yanğı vardı, qisas yanğısı. Bu yanğını da, nifrət etməyi də yenicə öyrənmişdim. Vətən sevgisi, Vətən məhəbbəti mənim canımı üşüməyə qoymurdu, qisas yanğısı bütün bədənimi isidirdi, mən indi yaxşı başa düşürdüm babamı." Bu yanğını uşaqların ruhuna hopdurmaq vacibdir. Vətənin ən kiçik çiçəyinə, otuna (boynu bükük bənövşəsinə belə) sevgi yaranmasa, onu qorumaqdan söhbət gedə bilməz.

Uşaqlara vətənpərvərlik, humanizm ideyalarının, mənəvi-dəyərlərin aşılanması, onları insani hisslərlə, əsasən də sevgi ilə tərbiyələndirmək zəruridir. Sevgi insanları bir-birinə, ən əsas da həyata bağlayan gözəl duyğudur. İnsanın - uşağın qəlbinin mənəvi qidası olan sevgi mütləq şərə qalib gələcək. Müharibədə qələbəni qazandıran da bu sevgi oldu. Məmməd Namaz, Ələsgər Əlioğlu, İlham Qəhrəman, Qəşəm Nəcəfzadə, Sərvaz Hüseynoğlu, Balayar Sadiq, Əziz Musa, Aləmzər Əlizadə və başqalarının şeirləri bu baxımdan yaddaqalandır. Bu səpkidə uğurlu bədii mətn yaratmış müəlliflərdən biri də S.Nuruqızıdır. "Ağca və Cuppulu", "Gəlincik", "Günəş, buludlar və Ağca"  hekayələrində müəllifin əsas məqsədi "Uşaqlar, gəlinciklər və göyərçinlər müharibəyə yox deyir" - sülh mesajını ötürməklə, bütün dünyaya Qarabağın sərhədyanı kəndlərində yaşayan uşaqların fəryadını çatdırmaq olmuşdur. Təsvir olunanlar gerçək həyatda baş vermiş hadisələrin bədiiləşmiş forması, körpə qəlbinin üsyanı, haqsızlığa etirazı, düşmənə nifrətinin ifadəsidir.

X.Kazımlının "Canavar balasına rəhm edən amansız döyüşçü" hekayəsi də maraqlı məqam üzərində qurulub. Yırtıcı canavarı xilas edən kövrək qəlbli Fəqanın döyüş zamanı "Dayı, başına dönüm, məni gülələmə!"- deyən düşmənə qarşı "amansız"lığının səbəbi məlum olanda ona haqq verməli olursan. Bu əsgər öz vətəninin müdafiəsinə qalxır, gözü qarşısında canını tapşıran döyüş yoldaşlarının qisasını alır, heç bir namərdlik nümayiş etdirmir. Müharibə qanunlarına zidd olan heç bir hərəkət etmir. Müharibənin bütün reallığı və mürəkkəbliyi ilə təqdimatı daha doğru seçimdir...

Mina Rəşid kiçik yaşlılara ünvanladığı "Dünya bizim evimizdir...", Pərvanə Bayramqızı "İnsanlığın hekayəsi"ndə müharibəni düşmən kimi təqdim edir, qan, qırğın, ədavət pislənir, müharibə törədənlərin yer üzündən silinməsi, dünyanın xeyirxah, sülhsevər, mehriban insanlara verilməsi səmimi bir məhəbbətlə arzulanır.

Şəmistan Nəzirlinin "Qorxu" hekayəsində arxa cəbhədə çörək gözləyən üç yetim nəvəsi ilə ac-yalavac, əzab-əziyyət çəkən nənənin iztirabları, dözülməz, acınacaqlı yaşayışı, şər işlərin törədicisi müharibənin insan taleyində açdığı yaralar təsvir olunur. Döyüşən ata, dünyasını vaxtsız dəyişən ana, aclıq çəkən uşaqlar, müharibənin acı-ağrısından, əzablarından qurtula bilməyən nənənin keçirdiyi hisslər maraqlı, təsirli bir dillə əks olunub. 

Bəzi tədqiqatçılar müharibə haqqında yaranmış ədəbiyyatı yetərli hesab etməsələr də, qazanılmış qələbə onu deməyə əsas verir ki, bədii söz bu illər ərzində öz mənəvi tərbiyyə missiyasını yerinə yetirməyə çalışmışdır. Azərbaycan əsgəri - mübariz vətən igidi başda olmaqla hər kəsin qələbə naminə Ali Baş Komandanın ətrafında sıx birləşərək, Müqəddəs Vətənin bir parçası olan Qarabağı düşmən tapdağından azad etməsində sözün magik gücünün də rolu az deyildir. Bundan sonra yaranacaq ədəbiyyatda Qarabağ mövzusu şübhəsiz ki, tariximizə yazılan qara faciə kimi yox, qürur verici məqamlarlarla təqdim olunacaq, söhbət ağrıdan, kədərdən getsə belə.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!