Dilimizin müqavimət gücü - İlham ABBASOV

 

Ölkəmiz siyasi suverenlik qazanandan bəri dil siyasətinə müstəqil dövlət quruculuğunun ən mühüm faktorlarından biri kimi yanaşılır. Təsadüfi deyil ki, indiyə kimi bu sahənin müxtəlif məsələlərinə aid iyirmi beşə yaxın hüquqi sənəd qəbul olunub. Dil siyasəti sahəsində müşahidə olunan problemlərin həllinin vacibliyini nəzərə alan Prezident İlham Əliyevin 9 aprel 2013-cü il tarixli Sərəncamı ilə qəbul edilmiş "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair" Dövlət Proqramı əsasən dövlət dilinin işlədilməsi ilə bağlı hüquqi norma və qaydaları tənzimləyən əvvəlki sənədlərdən fərqli olaraq, məhz proqram xarakteri daşıyır və yaradıcılıq təşkilatları, təhsil və elmi tədqiqat müəssisələri, kütləvi informasiya vasitələri, ayrı-ayrı vətəndaşlar və ümumən cəmiyyətimiz qarşısında yerinə yetirilməsi zəruri olan konkret vəzifələr qoyur.

Dövlət Proqramının layihəsi ilə bağlı Prezident İlham Əliyevin Sərəncamında qeyd olunduğu kimi, "...ana dilimiz, hətta ən ağır vaxtlarda belə milli məfkurənin, milli şüurun və milli-mənəvi dəyərlərin layiqincə yaşamasını və inkişafını təmin etmişdir. Bu gün onun qorunması və qayğı ilə əhatə olunması Azərbaycanın hər bir vətəndaşının müqəddəs borcudur".

Sənəddə dil siyasəti sahəsində xüsusi Dövlət Proqramının qəbul edilməsi zərurəti belə əsaslandırılırdı: "Azərbaycan Respublikası öz müstəqilliyinin bərpasına nail olduqdan sonra Azərbaycan dili xalqımızın ictimai-siyasi, sosial-iqtisadi həyatında dövlətin rəsmi dili kimi müstəsna əhəmiyyət kəsb etməyə başlamışdır. Ədəbi dilimizin fəaliyyət meydanı daha da genişlənmiş, onun müxtəlif üslublarının potensialı bir daha üzə çıxarılmış, bütünlüklə dil mədəniyyətimiz qarşısında yeni üfüqlər açılmışdır. Bununla yanaşı, son dövrdə müasir Azərbaycan ədəbi dilinin tükənməz imkanlarından lazımınca və düzgün istifadə edilməməsi diqqəti çəkir. Ədəbi dilimizin özünəməxsus inkişaf qanunauyğunluqlarına xələl gətirə biləcək yad ünsürlərin üzə çıxarılması və qarşısının alınması istiqamətində mütəxəssislər heç də həmişə çeviklik nümayiş etdirə bilmirlər. Nəticə etibarilə, dövlət dilinin tətbiqi sahəsində bir sıra problemlər özünü qabarıq şəkildə büruzə verir".

Sənəddə daha sonra deyilir: "Respublikada dil siyasətinin birmənalı şəkildə formalaşdırılması, ana dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək milli həmrəyliyin göstəricisi kimi beynəlxalq aləmdə rolu və nüfuzunun yüksəldilməsi, həmçinin gənc nəslin ana dilinə sevgi və hörmət ruhunda tərbiyə olunması, ədəbi dil normalarına ciddi surətdə əməl edilməsi daim diqqət mərkəzində saxlanılmalıdır".

Dövlət Proqramının qarşıya qoyduğu bütün vəzifələri ümumiləşdirmiş olsaq, diqqətin əsasən iki problemin üzərində cəmləşdiyini görərik:

1. On illər boyu formalaşmış və dilimizin öz vacib funksiyalarını yerinə yetirməsində həlledici rol oynayan ədəbi dil normalarının qorunması;

2. Dilimizin müasir dövrün əsas əlaməti olan inteqrasiya prosesləri fonunda yad dillərin yersiz təsirindən qorunması.

Dilimizə başqa dillərin təsirindən danışarkən həm adi vətəndaşlar, həm də mütəxəssislər çox zaman ilk olaraq rus dilinin təsirindən bəhs edirlər. Ancaq etiraf etmək lazımdır ki, rus dilinin Azərbaycan dili üzərində hegemonluğunu təmin edən və iki yüz ilə yaxın davam etmiş tarixi şərait ölkəmizin müstəqillik qazanması ilə artıq aradan qalxmışdır. Və rus dilinin dilimizə təsiri hazırda əsasən ətalət üzrə davam etməkdədir və bəzən adamlar yol verdikləri dil pozuntularının məhz rus dilinin təsiri ilə baş verdiyini özləri belə tam mənası ilə dərk etmirlər.

Şimali Azərbaycan torpaqlarının Rusiya İmperiyasının (Çar Rusiyası və Sovet İttifaqı) tərkibində olduğu dövr xalqımızın ictimai, xüsusən mədəni inkişaf tarixində bir çox mühüm hadisələrlə əlamətdar olmuşdur. Bu tarixi mərhələdə millətimiz dünya sivilizasiyasının magistral inkişaf yoluna qoşulmuş, anadilli ədəbiyyatımız böyük inkişaf və zənginləşmə yolu keçmiş, ölkəmizdə anadilli təhsil sistemi yaradılmış, teatr və kino sənəti formalaşmış, milli mətbuat (o cümlədən radio və televiziya), ali təhsil və elmi tədqiqat müəssisələri meydana gəlmişdir. Bütün bu hadisələr dil və ideologiya ilə bilavasitə əlaqədar olduğuna görə, ilk baxışdan elə təəssürat yaranır ki, belə bir sosial-tarixi situasiyada ana dilimiz rus dilinin çox güclü, hətta onun mahiyyətinə nüfuz edə biləcək təsirinə məruz qalmalı idi. Belə bir təsir, əlbəttə ki, vardı. Ancaq Azərbaycan dilinin linqvistik strukturu o qədər mükəmməl, yad təsirlərə qarşı müqavimət immuniteti o qədər güclüdür ki, iki yüz ilə yaxın davam etmiş siyasi asılılıq dövrü ana dilimiz üçün, demək olar ki, təsirsiz ötüşdü. İlk baxışdan bu fikir qəribə və mübahisəli görünə bilər, çünki ictimai rəydə mövcud mənzərə, demək olar ki, tamam əksinə qiymətləndirilir. Gəlin, məsələyə daha dərindən baxaq - bu dövr ərzində Azərbaycan ədəbi dilinin qrammatik sisteminə bir dənə də yad element daxil ola bilməmişdir. Rus dili vasitəsilə dilimizin leksik tərkibinə yüzlərlə əcnəbi söz daxil olsa da, onların böyük əksəriyyəti dünyanın, demək olar ki, bütün dillərində işlənən beynəlmiləl sözlərdir. Yəni bu sözlərin dilimizə gəlməsi labüd idi və rus dilinin təsiri olmadan da baş verəcəkdi. Bu müddətdə dilimizə keçmiş slavyan mənşəli təmiz rus sözlərinin sayı isə heç iyirmi də çatmır. Rus dilinin ana dilimizə intensiv təsirinin təxminən 200 il sürdüyünü nəzərə alsaq, heç on ilə bir söz də eləmir. Bu, dilimizin müqavimət potensialının nə qədər qüdrətli olduğunu sübut edən fantastik bir göstəricidir. Ancaq bu fakt müasir dilimizi rus dilinin ziyanlı təsirindən qorumaq zərurətini arxa plana keçirməməlidir. 

Bədən üzvlərinin adlarını bildirən sözlər hər bir dildə ilkin (ilk yaranan) sözlər sırasına daxildir və bu məqamda heç bir dildə alınma sözlərdən istifadə olunmur. Rus dilində (ümumiyyətlə slavyan dillərində) bəzən ayrı-ayrı bədən üzvlərinin adları eyni bir kəlmə ilə ifadə edilir. Məsələn, rus dilində ayaq və qılçaya - "noqa", əl və qola - "ruka", döş və sinəyə - "qrudğ" deyirlər. Azərbaycan dilində (və ümumiyyətlə türk dillərində) isə bu anlayışların hər birinin öz adı var. Əfsus ki, rus dilinin, daha dəqiq desək, dil mədəniyyətimizə hələ də pozucu təsir göstərməkdə olan rusdillilik mərəzinin ("rusbaşlılıq" bəlasının) təsiri olaraq, çox zaman bu anlayışların yanlış işlədilməsinin şahidi oluruq. Məsələn, "Minaya düşmüş əsgərin ayağı dizdən yuxarı kəsildi". Ayağın topuğa qədər olduğunu bildiyimiz halda, onun "dizdən yuxarı" kəsilməsinin nə demək olduğunu təsəvvür edə bilirsinizmi? Yaxud başqa bir misal: Milyonlarla tamaşaçının gözü qarşısında top futbolçunun dirsəyinə dəyir, televiziya aparıcısı isə tərəddüd etmədən - "top futbolçunun əlinə dəydi" deyir. Amma dilimizdən xəbəri olan hər kəs bilir ki, əl biləyə qədərdir, ondan yuxarı qoldur. Daha bir gülünc misal: Qəzetlərdən birinin yazdığına görə, döş xərçəngi diaqnozundan qorxuya düşən Amerika kinoaktrisası Anjelina Coli "hər iki sinəsini kəsdirib". Bu cür kobud səhvlərə yol verən müəlliflər, bəlkə də, bunun rus dilinin təsiri ilə baş verdiyindən özləri də xəbərsizdir.

Son vaxtlar "hədəf" sözünü "məqsəd" sözünün qarşılığı kimi işlətməyə başlayıblar. Bu, kobud leksik pozuntudur, çünki həmin sözlər arasında ciddi məna fərqləri mövcuddur. Məqsədə can atarlar, onun uğrunda mübarizə apararlar, ölümə gedərlər; hədəfi isə nişan alarlar, vurarlar, dağıdarlar, məhv edərlər... "Hədəf" sözünün bu anlamda işlədilməsi yenə də rus dilinin gizli, ziyanlı təsirinin nəticəsidir. Məsələ bundadır ki, rus dilindəki "üelğ" kəlməsi həm məqsəd, həm də hədəf mənasında işlənir. Bizdə öz dilimizi bilməyən, rus dilini isə lüğətə baxıb işlədənləri çaşdıran da budur.

Rus dilinin tarixi və etimologiyası ilə məşğul olan mütəxəssislər (öz mütəxəssisləri) həmin dilə türk dillərindən səkkiz mindən çox söz keçdiyini qeyd edirlər. Təbii ki, bütün dillərə aid tələffüz prinsiplərinə uyğun olaraq, həmin sözlərin əksəriyyəti rus dilində təhrif olunmuş, daha doğrusu, onun qaydalarına uyğunlaşdırılmış şəkildə işlədilir. Son vaxtlar mediamızın dilində həmin sözlərdən birinin - "karvansara" sözünün ilkin (və düzgün) formada yox, rus dilində təhrif edilmiş variantda - "karvansaray" kimi işlədilməsinə rast gəlinir. Belə yanaşsaq, onda gərək türk dillərindən rus dilinə keçmiş digər sözləri də rus variantında işlədək. Məsələn, karvan yox, karavan; ütü yox, utyuq; üzüm yox, izyum; alaçıq yox, laçuqa; örkən yox, arkan; ocaq yox, açak; çadır yox, şatır; şişlik yox, şaşlık və s. Digər tərəfdən, "karvansaray" sözündəki "saray" bizim dildəki mənanı daşımır, rus dilində bu söz "tövlə", "dam", "samanlıq", "əl evi" mənalarında işlədilir.

Rus dilində "stroitğ" feili bir çox fərqli mənalar daşıyır və onun bizim dilimizdəki "tikmək" mənasından başqa, "çəkmək", "salmaq" "qayırmaq", "qurmaq" kimi qarşılıqları da var. Məsələn, rus dilində hamısı "stroitğ" kəlməsi ilə deyilən ifadələri biz bir-birindən fərqli şəkildə işlədirik: "yol çəkmək", "körpü salmaq", "gəmi qayırmaq" və s. Təəssüf ki, son vaxtlar bu ifadələrin hamısını, yenə də rus dilindən hərfi tərcümə edərək, "tikmək" sözü ilə işlədirlər: yol çəkmək əvəzinə "yol tikmək", körpü salmaq əvəzinə "körpü tikmək" və s. Bu yaxınlarda bir qəzet neft yatağından bəhs edən yazıda, hətta "filan mədəndə yeni quyu tikilir" ifadəsini işlətmişdi.

Cəmiyyətimiz rus dilinin hegemonluğundan tədricən xilas olsa da, bu cür halların hələ də qalması dərin təəssüf hissi doğurmaya bilməz. Təbii ki, söhbət nüfuzlu beynəlxalq dillərdən sayılan və böyük mədəniyyət, informasiya daşıyıcısı olan rus dilini bilməkdən yox, öz ana dilimizə hörmətlə yanaşmaqdan gedir.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!