Tarixin müxtəlif dönəmlərində və eləcə də bu günümüzdə ədəbiyyatın, söz sənətinin savaş meydanında göstərilən şücaət və cahangirlik qədər türk milli düşüncəsinin formalaşmasında önəmli rol oynadığı göz önündədir. Ümumiyyətlə, ədəbiyyat bütün zamanlarda cəmiyyətin mənəvi barometri, mənəviyyat aynası, dərsliyi olmuşdur. Cəmiyyətin sağlamlığı və ya ondakı mənəvi çatışmazlıqlar ədəbiyyata, ədəbiyyat isə insana, mənəvi mühitə daim təsir etmişdir. Fəlsəfi ədəbiyyatlarda da göstərilir ki, millətin formalaşmasında milli özünüdərk, mənəvi yaddaş, milli mənlik şüurunun formalaşması və s. kimi önəmli detallar özünü göstərir ki, burda da ədəbiyyatın rolu və təsir dərəcəsi mütləqdir.
Bu mənada, zamanın tələbinə cavab verən ədəbiyyatı yaratmaq sözün əsl mənasında, qəhrəmanlıqdır. Bugünkü baxış bucağından bizə asan və ya sadə görünən işləri reallaşdırmaq tarixin ziddiyyətli dönəmlərində həqiqətən də böyük zəhmət və iradə hesabına başa gəlib. Əhməd Kabaklı ədəbiyyat dünyasının məhz belə fədakar şəxsiyyətlərindən olub.
Fuad Köprülü, Nihat Sami Banarlı, Abdulbaqi Gölpınarlı, Ahmed Hamdi Tanpınar, İsmayıl Hikmət Ertaylan, Məhmət Kaplan və başqalarının içində bulunduğu ədəbi mühitin yetirməsi olan Əhməd bəy hələ əsrin sonunda "Türk ədəbiyyatı" beşcildliyini ortaya qoymaqla Türk ədəbiyyatşünaslığının Əhməd Kabaklı konsepsiyasını irəli sürmüşdür. Türk Dil qurumunun həqiqi üzvü olan Əhməd bəyin 1978-ci ildə yaratdığı və ömrünün sonuna qədər başçılıq etdiyi Türk Ədəbiyyatı Vəqfi Cümhuriyyət dönəmində Türkiyənin əsas ədəbiyyatşünaslıq mərkəzlərindən birinə çevrilmişdir.
Əhməd bəydən sonra isə Vəqfin rəhbəri ədibin varisləri - qardaşı oğulları Sərvət bəy Kabaklı və Sərhat bəy Kabaklı olmuşdur. Əsası Əhməd Kabaklı tərəfindən qoyulan yarım əsrlik tarixi və ənənəsi olan Türk Ədəbiyyatı Vəqfinin başqanı bu gün Sərhat bəy Kabaklıdır.
Vəqfin ədəbiyyat, sənət, mədəniyyət sahəsində göstərdiyi misilsiz xidmətləri təkcə Türkiyəni deyil, türk dili və düşüncəsi ətrafında birləşən qardaş türkdilli dövlətləri və o cümlədən Azərbaycanı əhatə edir. Və bir məqamı qeyd etmək yerinə düşər ki, Türk Ədəbiyyatı Vəqfi İstanbula gedən hər bir Azərbaycan ziyalısı üçün müqəddəs ocaqdır. Bu, tarixən belə olmuşdur, bu gün də belədir, yarın da belə olacağı mütləqdir...
Türk Ədəbiyyatı Vəqfinin quruculuğu ilə bərabər Əhməd Kabaklı həm də Vəqfin ayrılmaz bir parçası olan "Türk ədəbiyyatı" dərgisini təsis etmişdir. Dərgiyə baş redaktorluq edən Əhməd bəyə müasirləri "şeyxülmühərririm" - yəni "yazıçıların mənəvi başqanı" fəxri adı vermişlər. Əhməd Kabaklı Türk ədəbiyyatı tarixində ədəbiyyat nəzəriyyəsi ağırlıqlı ədəbiyyat tarixçiliyi elmi məktəbinin yaradıcısıdır. Və baş redaktoru olduğu "Türk ədəbiyyatı" dərgisi də ədəbi-bədii, elmi-publisistik yönləriylə milli düşüncənin gəlişməsində bir mərhələ, təmayül, məktəb olmuşdur. Fuad Köprülü, Cəmil Meriç, Mehmet Kaplan, Erol Güngör, Niyaz Yıldırım Gençosmanoğlu, İsgəndər Öksüz, Əminə İşınsu, Ömər Lütfü Mete kimi milli düşüncəli aydınları öz ətrafında toplayan dərgi yarım əsrdir ki, türk mədəniyyətinə və ədəbiyyatına hizmətdə bulunmaqdadır. 50 ilə yaxın kəsintisiz yayımlanan dərgiyə Əhməd Kabaklıdan sonra İsa Kocakaplan, Bəşir Ayvazoğlu, Bəxtiyar Aslan baş redaktorluq etmişlər.
Əsası böyük mütəfəkkir Əhməd Kabaklı tərəfindən qoyulan, öz tarixi kökləri, gələnək və milli dəyərlərə bağlılığı ilə yaddaşlarda işığa çevrilən "Türk ədəbiyyatı" dərgisinin baş redaktorluğu kimi böyük ədəbi məsuliyyət və mənəvi missiya bu gün Azərbaycan ədəbiyyatının fədakar dostu, yorulmaz təbliğatçısı, Türk dünyasının sevilən qələm adamı, yazıçı, tərcüməçi İmdat Avşara həvalə olunmuşdur.
İmdat Avşar ismi ədəbiyyat dünyası üçün çox şey deməkdir... Elə adamlar var ki, onlara şeirin, nəsrin, publisistikanın, bütövlükdə ədəbiyyatın çərçivəsindən baxmaq olmur. Şair də, yazar da, publisist də desən, yenə nəsə çatışmayacaq... Belə adamlar bütövlükdə mənəviyyat dünyasında bir hadisədir. Bu mərtəbədən yanaşanda dəyərli İmdat Avşar gördüyü işlərin ruhani miqyasına və mənəvi çəkisinə görə özündən sonrakı ədəbi nəslə böyük Əhməd Kabaklının milli və mənəvi irsini ötürmə məqamındadır...
İmdat Avşar 1967-ci ildə Anadoluda Kırşəhirə bağlı Kamanda dünyaya gəlmiş, ilk və orta təhsilini də elə Kamanda almışdır. 1989-cu ildə Qazi Universiteti Kırşəhir Təhsil Texnikumunu bitirərək əmək fəaliyyətinə başlamışdır. Bir müddət Malatya və Ərzurum bölgələrində müəllimlik etdikdən sonra 1993-1997-ci illər arasında təkrar təhsil həyatına dönmüşdür. İnönü Universiteti Təhsil fakültəsindən Təhsili İdarəetmə və Nəzarət şöbəsindən məzun olduqdan sonra 1999-cu ildə Fırat Universiteti Sosial Elmlər İnstitutunda ali elmi dərəcəsini tamamlayaraq İğdırda təhsil müfəttişi olaraq çalışmağa başlamışdır. Daha sonra Kayseridə təhsil müfəttişi olaraq görəvini davam etdirmişdir. 2017-ci ildə Türk Ədəbiyyatı Vəqfinin başqanı Sərhat bəy Kabaklının və Bəxtiyar Aslanın təşəbbüsü ilə İstanbula dəvət olunan İmdat Avşar həmin tarixdən bu günədək həyat və yaradıcılıq yollarını Türk Ədəbiyyatı Vəqfi və "Türk ədəbiyyatı" dərgisi ilə bağlamışdır.
Ədəbiyyat dünyasına İmdat Avşar imzası "Qardaş qələmlər", "Hərfənə", "Koroğlu", "Sancaqdar", "Göybayraq", "Bizim külliyə", "Bərcəstə", "Şəhriyar", "Kün ədəbiyyat", "Künbətaltı", "Aqora", "Çınqı", "Alatoo" dərgilərindən artıq çoxdan tanış və doğmadır. Ədibin Türk dilimizin müxtəlif ləhcələrinə uyğunlaşdırılan şeir və hekayələri Kərkükdə "Qardaşlıq", Bağdadda "Bayraq", Azərbaycanda "Ulduz", "Azərbaycan", "Literaturnıy Azərbaycan" jurnalları, Qırğızıstanda "Çınqı" və "Alatoo" dərgilərində, Kırımda "Ümid karvanı", "Nənkəcan", Başqırdıstanda "Ağıdil", Kosovada "Türkcəm", Kuzey Kıbrısda "Turnalar" kimi dərgilərdə yayımlanmışdır.
İmdat Avşar Türkiyə Yazarlar Birliyinin, Azərbaycan Yazarlar Birliyinin, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvüdür.
İmdat bəyin çağdaş və klassik ədəbi ənənələrə söykənən zəngin nəsr yaradıcılığı vardır ki, orijinal yazı tərzi, qeyri-adi ifadə forması, şeir kimi bənzərsiz təhkiyə yaratmaq qabiliyyəti, əsərlərinə məxsus psixoloji - fəlsəfi dərinlik və mövzu rəngarəngliyinin sirayət etdiyi "Süsənləri solan bozqır" (2009), "Soyuq röya" (2012), "Göyərçin sevdası" (2021) kitabları ilə bütün Türk dünyasında böyük oxucu auditoriyasının rəğbətini və sevgisini qazanmışdır.
"Gecənin susqun nəğməsi" şeir kitabının tərcüməsinə görə 2010-cu ildə Beynəlxalq Rəsul Rza mükafatına, "Şahnaz xanım kolleci" hekayəsinə görə Mədəniyyət Nazirliyi tərəfindən Abbas Sayar hekayə yarışmasında birincilik ödülünə, Yeni Üfüqlər dərnəyi Türk mədəniyyətinə xidmət ödülünə, Yunus Əmrənin xatirəsinə həsr olunmuş hekayə yarışmasında "Soyuq röya" hekayəsi ilə birincilik ödülünə, "Aydınlıq gecələr" adlı hekayələr toplusu ilə Türk ləhcələri arasında ən yaxşı hekayə tərcüməsi ödülünə, Bəxtiyar Vahabzadə adına Türk dünyasına xidmət Beynəlxalq ədəbiyyat ödülünə, "Övliya Çələbinin izində Azərbaycan" adlı kitabıyla Yurt dışında Azərbaycanı ən çox tanıdan əsər ödülünə, "Soyuq röya" kitabı ilə İLESAM-ın ən yaxşı hekayə ödülünə, Beynəlxalq Mahmud Kaşğarlı fondu tərəfindən Kaşğarlı Mahmud mükafatına və Vektor Elm Akademiyasının "Şahmar Əkbərzadə" adına mükafatına, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun "Azərbaycan ədəbiyyatının dostu", Azərbaycan Yazıçılar Birliyinin "Nizami" mükafatına, Qazaxıstan dövləti tərəfindən Qazax xanlığının 550 il medalına, TÜRKSAV tərəfindən Türk Dünyasına Hizmət Təşfiq ödülünə, TÜRKSOY tərəfindən Çingiz Aytmatov mükafatına layiq görülmüşdür.
Təltif olunduğu mükafatlar sırasında Azərbaycanla bağlı ödüllərin sayının çoxluğu İmdat bəyin yaradıcılığının böyük bir hissəsini Azərbaycan ədəbiyyatına həsr etməsindən qaynaqlanır. Mirzə Fətəlidən, Mirzə Cəlildən üzübəri tərcümə edə-edə gəldiyi və bu gün sevə-sevə təbliğ etdiyi Azərbaycan ədəbiyyatının ən doğması, fədakar dostu İmdat Avşarın yaxından təşəbbüsü ilə bu il həm də "Türk ədəbiyyatı" dərgisinin bir sayı Nizami Gəncəviyə həsr olunacaqdır. Bütün bu məqamlar "dildə və düşüncədə bir olan" iki qardaş dövlətin bütövlüyü ideyasının mədəni istiqamətdə daha aydın təzahürünü göstərməkdədir.
Maraqlı və diqqətçəkən bir məqamdır ki, Türkiyədə və türkcə qonuşan qardaş ədəbiyyatlarda məhz Azərbaycana həsr olunan xüsusi buraxılışların, demək olar ki, hamısı İmdat Avşarın təşəbbüsü və redaktorluğu ilə işıq üzü görmüşdür. "Türk ədəbiyyatı" dərgisinin Xalq yazıçısı Anara, akademik İsa Həbibbəyliyə, Xalq şairi Sabir Rüstəmxanlıya, Xalq yazıçısı Kamal Abdullaya, qırğız Xalq yazıçısı Çingiz Aytmatova, "Koroğlu" dərgisinin Sabir Rüstəmxanlıya və Əjdər Ola, "Çınqı" dərgisinin Nigar Rəfibəyliyə və Məmməd İsmayıla, "Qardaş qələmlər" jurnalının Rəsul Rza, Anar, Çingiz Dağcı, Çingiz Aytmatova həsr olunmuş xüsusi buraxılışlarının və hər ilin fevralında "Türk ədəbiyyatı"nın Xocalı həqiqətlərini dünyaya çatdıran özəl sayının işıq üzü görməsində məhz İmdat bəyin baş redaktor kimi müstəsna xidmətləri olmuşdur.
Bu il dərginin ötən ay - may buraxılışı Türk dünyasının millətçi yazarlarından, xanım mücahidlərindən olan Əminə İşınsunun əziz xatirəsinə ithaf olunmuşdur. Çağdaş Türkiyə ədəbiyyatının görkəmli simalarından olan Əminə xanım "Sancı", "Çiçəklər büyür", "Cümhuriyyət türküsü", "Nisan yağmuru", "Bir mən vardır məndə məndən içəri", "Kiçik dünya", "Əzab torpaqları", "Dustaq", "Qaf dağının ardında", "Atlı qarışqa", "Alparslan", "Hacı Bayram", "Hacı Bektaş Vəli" və s. kimi dərin məzmunlu romanların, bir çox dram əsərlərinin müəllifidir. İnsanın psixoloji yaşantılarını, qadınların məhbəs həyatını, Türk təsəvvüf tarixinin zirvə şəxsiyyətlərinin ideallarını bənzərsiz üslubda əsərlərində əks etdirən yazarın həyat və yaradıcılıq yoluna həsr olunmuş dərginin bu sayı həm də Türk dünyasının milli düşüncəli gənc aydınlarından olan İmdat Avşarın ilk baş redaktor kimi imzasının təsdiqidir.
Düşünürəm ki, bu, sadəcə, İmdat Avşara həvalə olunan dərgi redaktorluğu deyil...
Bu, Türk dünyasının böyük mütəfəkkir ziyalılarından olan Əhməd Kabaklının başladığı yolun, körpünün mənəvi miraslığının İmdat Avşara ötürülməsidir, estafetdir...
Bu, sələflərinin başladığı Haqq işinə xələf olaraq İmdat Avşarın verəcəyi mənəvi töhfəyə inamın nəticəsidir...
Belə bir məsuliyyətli işin İmdat Avşara həvalə olunması İmdat bəyin sadəcə qələminə və ya ədəbi nüfuzuna olan rəğbətdən qaynaqlanmır, bu həm də, Onun paradiqmatik düşüncə tərzinə, milli və bəşəri məsələlərə yanaşma özəlliyinə, dünyaya və xüsusən Türk dünyasına baxışına və obyektivliyinə inamın bəlli bir təzahürüdür.
Qələm Vicdandır!
Qələm tarixi və ədəbi məsuliyyətdir!
Qələm milli özünüdərkin və mənlik şüurunun ifadəsidir!
Bu gün bütün ruhuyla, varlığıyla qələmə sarılıb Haqqın keşiyində və əlahəzrət Sözün hizmətində dayanan, Ədəbiyyatımızın fədakar hamisi, Ruhumuzun könül dostu İmdat Avşar bu xidmətləriylə həm də böyük Türk dünyasının Əjdərha daşı, idraki sütunu olan Əhməd Kabaklının mənəvi varisi kimi müqəddəs bir yola çıxıb. Mənim düşüncəmə görə, "modernləşdikcə", "kürəsəlləşdikcə" dəyərləri itən bir mühitin ortasında öz mənəvi dünyasını yaradıb 5-10 qələm dostunu başına toplayıb qəzet və ya dərgi nəşrinə çaba göstərən, dolayısıyla söz üçün savaş verən adamların fədakarlığı Kürşadın 40 igidi ilə qaldırdığı üsyan bərabərindədir...
Fikirlərimi dəyərli baş redaktorun öz sözləriylə yekunlaşdırmaq istəyirəm. Söhbətlərimizin birində İmdat bəy demişdi ki: "Ədəbiyyatla və sənətlə edilən mücadilə hərbi və siyasi mücadilədən daha dərin və ciddi izlər qoymaqdadır. Və biz ədəbi mücadiləmizi reallaşdıra bildiyimiz qədər daha böyük zəfərlər qazanmış olacağıq!".
Ədəbiyyatımızın və Ruhumuzun könül dostu əziz İmdat Avşarın baş redaktorluq fəaliyyətini ürəkdən qutlayır, yürüdüyü böyük ədəbiyyat yolunda başarılar və möhkəm cansağlığı diləyirəm!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!