Aytac Babayeva
Azərbaycan Dövlət İqtisad Universitetinin
Ekologiya ixtisası üzrə I kurs tələbəsi
Borana düşmüş tumurcuqtək
Yarımçıq qaldı not, yazılar.
Sanki uyuyur torpaq altda
O puç olan simfoniyalar...
1943-cü ilin sentyabr ayı idi.
Ətrafda payızın sərin nəfəsi duyulurdu. Yarpaqların xışıltısı sanki onların həzin bir "payız nəğməsi" oxuduğundan xəbər verirdi.
Ərtoğrol armud ağacının altında əyləşib fikrə getmişdi. Canı çox sıxılırdı. Həyatda ailəsinin başına gələnləri düşünürdü. Atasına "xalq düşməni" adı verilməsi, ailəsinin çətin vəziyyəti, bir tərəfdən də hər gün halını ağırlaşdıran xəstəlik onu çox üzürdü. Ancaq sağalacağına çox böyük ümid edirdi. Ərtoğrol atasına verilən "xalq düşməni" adına görə əsgərliyə Gürcüstandakı fəhlə batalyonuna göndərilmişdi. Bu iş Ərtoğrol üçün çox ağır idi. Onun ciyərləri soyuqladığından ağır xəstəliyə tutulmuşdu. Ona görə də onu əsgərlikdən azad etmişdilər. Yaxşı qidalanmaq üçün anası Mişkinaz xanım məsləhət görür ki, Naxçıvana qohumlarının yanına getsin. Ərtoğrol anası və bacısına görə çox narahat idi. Amma arxayın idi ki, Üzeyir bəydən xahiş edib bacısına iş düzəldəcək. Elə bunları düşünə-düşünə ondan nigaran qalan ailəsinə məktub yazmağa başladı. Bu vaxt həyətin qapısı açıldı. Gələnlər Ərtoğrolun əmisinin həyat yoldaşı Zərri xanım və əmisinin kiçik qızı, 6 yaşlı Gövhər idi. Onlar tez-tez Ərtoğrola baş çəkməyə gəlirdilər. Zərri xanım Ərtoğroldan soruşur:
- Ərtoğrol, indi vəziyyətin necədir?
Ərtoğrol:
- Halım yaxşı deyil.
- İnşaallah, sağalacaqsan. Hər şey yaxşı olacaq-deyə Zərri xanım cavab verir.
6 yaşlı balaca Gövhər Ərtoğrolun geyiminə diqqətlə baxırdı. Həmişə onun səliqə ilə tikilmiş geyimləri Gövhərin diqqətindən yayınmırdı. Onun geyimlərinin əksəriyyətini anası Mişkinaz xanım tikirdi.
Ərtoğrol:
- Gövhər, sənə simfoniya yazacam.
Ərtoğrolun arzusu uşaqlar üçün simfoniya yazmaq idi. Gövhər bu sözü eşidib çox sevindi. Onun sevincinin həddi-hüdudu yox idi.
Gövhər:
- Nə vaxt yazacaqsan?
Ərtoğrol:
- Sağalanda...
Sonra Zərri xanıma sarı çevrilib:
- Vəziyyətim günü-gündən ağırlaşır. - dedi. baxışlarıyla balaca Gövhərə sarı işarə etdi: - Uşağı gətirmə. Xəstəliyim ona keçər. Ümumiyyətlə, həyatda hər zaman təmkinli olun. Haqq-ədalət bir gün öz yerini tapacaq. Mən buna çox inanıram.
Ərtoğrol gənc və çox istedadlı bəstəkar, dahi Üzeyir Hacıbəyovun tələbəsi idi. Ərtoğrol hələ tələbə ikən atası Hüseyn Cavidin "Şeyx Sənan" əsərinə opera yazmağa hazırlaşmış və qeydlər aparırmış. Amansız xəstəlik onu gündən-günə haldan saldı. 1943-cü il 14 oktyabrda Əroğrol gözlərini əbədi yumdu. Onun tək həyatı deyil, gələcək arzuları, simfoniyaları da puç oldu. Ərtoğrol sanki xalqının musiqisini daha da zənginləşdirən neçə-neçə əsərləri özü ilə birlikdə məzara apardı. Ərtoğrol yaşasaydı atasının əsərlərinə opera yazardı.
İllər keçdi, Ərtoğrolun düşündüyü kimi haqq-ədalət öz yerini tapdı. 83 yaşlı Gövhər hələ də Ərtoğrolu və onun simfoniya yazmaq barədə verdiyi vədi dərin təəssüf hissi ilə xatırlayır.
"Babam Hüseyn Cavid bir Günəş idi. Yüksəldi, parladı, yarasaların gözünü kor etdi. Lakin dumanlar onun qarşısını aldılar... Ərtoğrol Cavid"
Əziz Ərtoğrol! Baban Hüseyn Cavid yenə bir sönməyən Günəşdir. Parlayır, işıq saçır. Adı yeni planetə verildi. Gözünü kor etdiyi yarasalar "İblis" kimi yaşayacaq. Qarşısını alan dumanlar isə əbədi yox oldular.
Sən işıqlı bir gələcək,
İstedadlı bəstəkardın.
Çaldığın nəğmələrinlə
Parlayacaq bir ulduzdun.
Bəstələdiyin nəğmələr
Ürəyə rahatlıq verər.
Hara getdi o sənətkar?
Pianino da dillənər...
Musiqi də həsrət qaldı
Səntək gənc bir bəstəkara.
Kim yazacaq, kim çalacaq?
Bu səs çatarmı haraya?
Mişkinaztək bir ananın
Ürəyində bir dağ oldun.
Bacın Turanın əlində
Sən bitməyən əsər oldun.
Yaşadığın az ömründə
"Leylanın vəsfi"n yaratdın.
Yazılmamış simfoniyan
Həyatıntək yarım qaldı.
19.03.2020
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!