Dahi sənət fədaisi - Təhsin MÜTƏLLİMOV

Təhsin Mütəllimov

Filologiya üzrə elmlər doktoru,

AMEA-nın müxbir üzvü

 

Böyük dramaturq, gözəl nasir, mahir tərcüməçi, Azərbaycanın ilk dirijoru, görkəmli ədəbiyyatşünas, rejissor, müəllim, incəsənət işinin, xüsusən teatrın fədakar təşkilatçısı olan Əbdürrəhimbəy Haqverdiyev ömrünün son ilində - 1932-ci ildə görkəmli alim Əziz Şərifə yazdığı məktubda xatırladırdı ki, istirahətə böyük ehtiyacı var. Lakin "islam" zəif olduğu üçün heç yay tətilində də (ADU-da müəllim işləyirdi) Bakıdan çıxa bilməyəcəkdir. Və belə olduqda çətin ki, yaradıcılığının qırx illik yubileyini də görə bilsin. "Amma çox yoruluram; vaxt və təbiət öz işlərini görürlər. Fevral ayında mənim ədəbiyyat yolunda bəqədri imkan işləməyimin qırx sənəsi tamam olur. Bu münasibətdən güman edirəm ki, mənə "xalq ədibi" namini versinlər. O vaxt üç yüz manata qədər təqaüd almalı olaram. Belə olarsa, sentyabrdan istefa verib, bir guşəyə çəkilib axır günlərimi istirahət ilə keçirmək istəyəcəm". Ədibin bu arzularının da heç biri gerçəkləşmir. Böyük Mirzə Cəlil kimi Əbdürrəhimbəy də ömür səfərini möhnətli bir güzəranla başa vurmalı olur...

Bu böyük ədibin bütün həyatı və xüsusən ömrünün son illəri çox təlatümlü və qayğılı olmuşdur. Övladı yox idi; bütün həyatını fədakarlıqla xalqının tərəqqisinə, işıqlı gələcəyinə həsr etmişdi. Zəngin ədəbi irsini də xalqına əmanət tapşırdı, milli ədəbiyyatın fədakar mücahidinə çevrildi... Bu böyük sənətkarın ömür yolunu Azərbaycanın Xalq artisti, qocaman sənətkar Hacağa Abbasovun sözləri çox sərrast səciyyələndirmişdir: "Əbdürrəhimbəy Haqverdiyevin - gözəl yazıçının, insanın və vətəndaşın bütün həyatı xalqa fədakar xidmətin parlaq nümunəsidir".

Azərbaycan ədəbiyyatında tragediya janrının ən böyük ustadı heç şübhəsiz ki, Ə.Haqverdiyevdir! "Dağılan tifaq", "Bəxtsiz cavan" və "Ağa Məhəmməd şah Qacar" kimi əzəmətli faciə əsərləri ilə Ə.Haqverdiyev əsasən satirik pafoslu dramaturgiyamıza qəzəbli ittiham problemləri gətirmiş oldu, onu qlobal ictimai-iqtisadi mətləblərə istiqamətləndirdi.

Dramaturq kimi Ə.Haqverdiyev tragik qəhrəmanlar və tragik vəziyyətlər yaratmaqda böyük məharətə malik olmuşdur. Professor M.Rəfili "Dağılan tifaq", "Bəxtsiz cavan" və "Ağa Məhəmməd şah Qacar" faciələrini nəzərdə tutaraq yazır ki, "Ə.Haqverdiyev yalnız onları yazsa idi belə, yenə də Azərbaycan xalqının klassik yazıçıları pleyadasında ən parlaq yerlərdən birini tutmuş olardı".

Yeri gəlmişkən, Ə.Haqverdiyev sənətinə aid elmi mülahizələrdə təsadüf olunan bir cəhətə diqqət yetirmək vacibdir. Bəzən Haqverdiyevin nəsr yaradıcılığına C.Məmmədquluzadənin xüsusi təsirindən bəhs olunur, az qala onun tələbəsi mövqeyindən yanaşılır. C.Məmmədquluzadə yaradıcılığı Azərbaycan realizminin zirvəsidir. Müasirlərinə də təsirini inkar etmək olmaz. Lakin müasiri olan başqa böyük sənətkarları onun kölgəsində saxlamaq, onunla əlaqələndirmək düzgün deyildir. Hər bir klassikin, böyük sənətkarın ədəbiyyat və mədəniyyət aləmindəki xidmətlərini və yerini dəqiqləşdirmək, obyektiv, qərəzsiz meyarlar baxımından hər kəsin tarixi qiymətini aydınlaşdırmaq son dərəcədə vacibdir. V.Q.Belinski gənc Lermontovun yaradıcılığından bəhs edərkən yazırdı: "Hələlik biz onu nə Bayron, nə Höte, nə Puşkin adlandırmırıq və demirik ki, o bir vaxt Bayron, Höte, yaxud Puşkin olacaqdır; çünki biz əminik ki, o, nə birincisi, nə ikincisi, nə də üçüncüsü olmayacaqdır, o, məhz Lermontov olacaqdır".  

Azərbaycan ədəbiyyatında Ə.Haqverdiyevdə olduğu kimi, yaradıcılığında həm tragik, həm də komik məzmunun, pafosun qüdrətli təcəssümünü yaradan ikinci bir sənətkar olmamışdır. Eyni zamanda o, klassik nəsrimizin, xüsusən satirik hekayəçiliyin C.Məmmədquluzadədən sonra ikinci nəhəng yaradıcısıdır. Ədəbiyyatımızın zəngin təcrübəsi göstərir ki, hər bir görkəmli sənətkarda ya tragik, ya da satirik istedad onun bütün yaradıcılıq üslubunu müəyyənləşdirmiş olur. Yalnız N.Vəzirov yaradıcılığında bir kamil komediya və bir kamil tragediya nümunəsinə rast gəlirik. Ə.Haqverdiyev isə üç görkəmli tragediyasında hansı ustad məharəti göstərmişsə, satirik nəsrində də demək olar ki, eyni məharət nümayiş etdirmişdir!

Lakin Ə.Haqverdiyevin nəsr yaradıcılığına "Molla Nəsrəddin" jurnalının və müəyyən dərəcədə C.Məmmədquluzadə hekayələrinin təsiri də olmamış deyildir. Ə.Haqverdiyevin 1906-cı ildə  "Həyat" qəzetində dərc olunmuş ilk hekayələri - "Ata və oğul" , "Ayın şahidliyi" tragik pafosdadır, o zamankı dramaturgiyasının ruhuna tam uyğundur. Onun "Molla Nəsrəddin" jurnalında dərc olunan "Xortdanın cəhənnəm məktubları" povesti, "Marallarım" hekayələr silsiləsi və bir sıra satirik-tragik əsərləri isə bilavasitə həmin jurnalın üslubuna yeni, orijinal pafos gətirmiş olur. Ə.Haqverdiyev klassik nəsrimizə yeni mövzular, yeni qəhrəmanlar, yeni təhkiyə üslubu gətirdi. Satirik nəsrin nəfəsi səmimiyyətdir! Ə.Haqverdiyevin hekayələrini də oxuyanda elə bil ki, müəlliflə üzbəüz şirin söhbət edirsən, dərdləşirsən...

Beləliklə, o vaxta qədər poeziya və  dramaturgiyaya nisbətən xeyli zəif olan bədii nəsrimiz bu iki qüdrətli ədibin əsərləri hesabına görünməmiş bir vüsətlə inkişaf etdi və bu sahədəki bütün sonrakı dövrlərin təkamülünə ciddi təsir göstərdi.

Bununla belə, təbii olaraq belə sual meydana çıxır ki, Ə.Haqverdiyev tragik pafoslu dramaturgiyadan  birdən-birə  satirik - yumoristik nəsrə keçməklə bir sənətkar kimi uddu, ya uduzdu?! Axı o, daha sonralar - 20-ci illərdə yenidən dramaturgiyaya qayıtdıqda əvvəlki  pyesləri səviyyəsində ola bilən bir əsər də yarada bilmədi? Bəlkə də (və çox güman ki,) Ə.Haqverdiyev əvvəlki uğurla dramaturgiya ilə məşğul olsaydı, 1907-1920-ci illər ərzində daha bir neçə monumental səhnə əsəri yarada bilərdi? Çox ola bilər!

Ə.Haqverdiyevin 1907-ci ildən dramaturgiyadan nəsrə keçməsi, güman ki, o illərin siyasi-ictimai oyanışı və ümumən ədəbiyyatımızda satirik-yumoristik meyilin xeyli güclənməsi ilə əlaqədar idi. O vaxt cəmiyyətdəki eybəcərlikləri, naqislikləri ifşa və ittiham tendensiyası ədəbiyyatımızın magistral istiqamətini müəyyən edirdi. Ə.Haqverdiyevin o vaxta qədər diqqəti cəlb etməyən böyük satirik-yumoristik istedadı üçün də kifayət qədər münbit zəmin yarandığından, onun bu sahədəki fitri qabiliyyəti bütün parlaqlığı ilə üzə çıxdı. Ə.Haqverdiyevin hekayələrindəki gülüşün (xüsusilə satiranın!) struktur effekti ilk növbədə məhz gözlənilməzliyə əsaslanmasındadır.

Ə.Haqverdiyev gülüşünün əsl gücü onun yüksək xəlqiliyindədir. Bu xəlqilik isə, hər şeydən əvvəl, ədibin böyük ictimai ideallarından yaranır, təzahür edir. Bu ideallar bütünlüklə və tamamilə xalq taleyi və xalq səadəti ilə bağlı olub, onun istək və həyəcanlarının demokratik ifadəsindən ibarətdir. Ədibin tənqidi gülüşünün əsl kəsəri də ondadır ki, o, həmişə xalq mənafeyindən çıxış edir, hadisə və məsələlərə, əlamət və mətləblərə məhz sadə, zəhmətkeş insanların səadəti mövqeyindən münasibət bildirir.

Ə.Haqverdiyevin yaradıcılığındakı bu kəskin dönüşlə dramaturgiyamız uduzdu, nəsrimiz uddu. Axı poeziyaya baxanda klassik nəsrimiz xeyli ləng inkişaf  etmişdi. Məhz C.Məmmədquluzadə ilə Ə.Haqverdiyev nəsri bədii nəsrimizi klassik poeziyamızla çiyin-çiyinə qoydu! Nəsrimiz "Xortdanın cəhənnəm məktubları" kimi gözəl povestlə, "Marallarım" hekayələr silsiləsi ilə, "Şeyx Şaban", "Mirzə Səfər", "Diş ağrısı" və başqa klassik nümunələrlə zənginləşdi.

Əgər C.Məmmədquluzadə satirasında hüzn və tənə intonasiyaları daha çoxdursa və M.Ə.Sabir satirasında mübariz əhval-ruhiyyə, döyüşkənlik güclüdürsə, Ə.Haqverdiyev satirası üçün nikbinlik, şuxluq, zahiri zarafatyanalıq, tənqid hədəfinə bəzən lap təhqiramiz münasibət daha səciyyəvidir. Onun satirik tendensiyasında tənqid hədəfinin rəzilliyini, məhvə məhkumluğunu aşkar büruzə verən qələbə təntənəsi, ucalığın, qüvvətin, ədalətin fərəhi, sevinci, nəşəsi duyulur...

Komik təhkiyə və tragik konflikt - Ə.Haqverdiyev yaradıcılığının əsas estetik açarlarıdır. Ədibin nəsrinin ən qüdrətli ideya-estetik komponenti bədii təhkiyəsindəki çoxmənalı gülüşdürsə, dramaturgiyasının ideya özülü konfliktin ictimai tragizmidir.

Ə.Haqverdiyev müasirlərinin həyatındakı çatışmazlıqları göstərməklə, gülüş hədəfi etməklə kifayətlənmir. Onun bir sıra surətləri cəmiyyətdəki eybəcərliklərə nəinki adi, qanuni hal kimi baxırlar, hələ bir onları təqdir edirlər, vacib və müqəddəs sayırlar, bütün varlıqları ilə onu müdafiə edirlər. Belə hallarda tənqidi gülüşün gücü, kəsəri ikiqat artır, daha köklü və əsaslı görünür...

Yeri gəlmişkən, vaxtilə Ə.Haqverdiyevin tələbəsi olmuş tanınmış ziyalı Həsən İxvanın əlyazma xatirəsindən bir məqamı nəzərə çatdırmaq maraqlı olardı. "Əbdürrəhimbəy Haqverdiyev mənim müəllimim olmuşdur. O, yalnız sadəcə bir müəllim deyildi, eyni zamanda yazıçılıq və şeir sahəsində də ən yaxın məsləhətçim və rəhbərim olmuşdur.

Mən bir təsadüf nəticəsində "Molla Nəsrəddin" məcmuəsinə satirik məktublar yazmışdım. Ə.Haqverdiyev mənim yazılarımı təshih edərək gizli imzanı - Mirzə Qoşunəli adını da o mənə verib. Və təbrizli Mirzə Qoşunəlinin kim olduğu haqda mənə məlumat vermişdir. Odur ki, mən "Molla Nəsrəddin" jurnalında, həmçinin "Kəlniyyət" jurnalında Mirzə Qoşunəli imzası ilə bədii parçalar yazdım".

Ə.Haqverdiyevin yaradıcılığındakı hər iki mərhələ mahiyyətcə bir-birini tamamlayırdı. Faciələrdə də, tənqidi hekayələrdə də ümumi yekun, hətta müəllif idealının ifadə tərzi çox yaxındır. Yəni hər iki halda nəticə etibarilə kədər, təəssüf, faciə məzmunu əsasdır. Hər iki halda ədib mənfilikləri inkarla müsbət ideallarını təbliğ və təlqin etmək yolunu seçmişdir.

Lakin 20-ci illərdən Sovet cəmiyyətində satira və yumora böyük siyasi qısqanclıqla yanaşıldığından "Molla Nəsrəddin" jurnalı da əvvəlki ictimai kəsərini itirmişdi. C.Məmmədquluzadə yaradıcılığında da müəyyən durğunluq nəzərə çarpırdı, digər ədiblərin bu sahədən, necə deyərlər, əli soyumuşdu.

Bu vaxt Ə.Haqverdiyev ara-sıra hekayə yazsa da, yenidən dramaturgiyaya qayıtmağı üstün tutdu. Lakin yeni cəmiyyət tragediyanı da qəbul etmirdi. Sovet varlığından tragediya yazmağa imkan verilmirdi. Ədib məcbur olur ki, tərənnüm tipli, mühitinin "ictimai sifarişinə" (C.Cabbarlı) uyğun pyeslər yazsın. Bu vaxt yazılan "Köhnə dudman", "Kamran", "Ədalət qapıları", "Sağsağan" və s. kimi pyeslər və bəzi səhnəciklər Ə.Haqverdiyev yaradıcılığının tənəzzül mərhələsini səciyyələndirir. Ədibin bu dövr yaradıcılığında ən uğurlu nümunə "Xortdanın cəhənnəm məktubları"nın təkmilləşdirilmiş variantına əlavə edilərək 1930-cu ildə çap olunan "Odabaşının hekayəsi" əsəri hesab oluna bilər.

Adətən görkəmli ədiblərin yaradıcılıq yolunu onun yaşadığı cəmiyyətin  siyasi-ictimai, iqtisadi vəziyyəti ilə əlaqədar dövrlərə bölürlər. Əslində belə bölgü cəmiyyət üçün səciyyəvi olduğundan bədii yaradıcılığa aid edildikdə daha çox sosioloji təhlilə imkan yaradır. Halbuki hər bir sənətkarın fərdi yaradıcılığının inkişafına uyğun səciyyəvi mərhələləri olur. Bu mərhələlər sənətkarın dünyabaxışı etibarilə, bədii kamilləşmə prosesinə görə, inkişaf, tənəzzül, keyfiyyət dəyişkənliyi və s. baxımından səciyyələnə bilər. Bəzi ədəbiyyat tarixlərində, tədqiqatlarda Ə.Haqverdiyevin də yaradıcılığı üç dövrə bölünmüşdür. Ədibin yaradıcılığının birinci dövrü 1892-1905, ikinci dövrü 1905-1920, üçüncü dövrü isə 1920-1933-cü illər hesab olunmuşdur. Bir sıra başqa ədiblərimizin yaradıcılığının mərhələ bölgüsündə də 1905-ci il inqilabı nəzərə alınmışdır. Əslində bu tarix Ə.Haqverdiyev yaradıcılığının  mərhələ bölgüsünə  qəti uyğun gəlmir. Çünki ədibin bir dramaturq kimi ən məhsuldar dövrü 1892-1907-ci illər olmuşdur. Və ən güclü faciə əsəri olan "Ağa Məhəmməd şah Qacar" da 1907-ci ildə tamamlanmışdır. Elə bu ildən etibarən də o, satirik nəsrə keçərək "Molla Nəsrəddin" jurnalında "Xortdan" imzası  ilə  "Cəhənnəm məktubları"nı çap etdirməyə başlamışdır. Belə olan halda ədibin yaradıcılığının birinci dövrünü standart qalıblara uyğun olaraq 1905-ci ildə yekunlaşdırmaq nə dərəcədə məntiqi görünə bilər?! Həm də əvvəldə dediyimiz kimi, hər ədibin yaradıcılığını mümkün qədər onun özünəməxsusluğa və sənətinin inkişaf xarakterinə müvafiq mərhələlərə bölmək (müəyyən elmi-nəzəri nəticələr söyləmək məqsədi ilə) daha düzgündür. Bu meyarla Ə.Haqverdiyev yaradıcılığını belə xülasə etmək daha dəqiq görünür: Birinci dövr - tragizm mərhələsi, ikinci dövr - satira (gülüş) mərhələsi, üçüncü dövr isə yeni ideallar mərhələsi.

Ədibin çoxcəhətli, zəngin yaradıcılığını daha kamil təsəvvür etmək üçün onu bilavasitə yaxından tanıyan iki görkəmli şəxsiyyətin xatirə əlyazmasına diqqət edək: Azərbaycan səhnəsinin müqtədir xadimlərindən olan Xalq artisti, rejissor Rza Təhmasib: "Məni də 1910-cu ildə Ə.Haqverdiyevlə ilk dəfə Hüseyn Cavid tanış etdi. Ə.Haqverdiyev bizim üçün təkcə dramaturq olaraq qalmırdı. O, aktyorların ən böyük xeyirxahı və yaxın dostu, məsləhətçisi idi. Səhnə ilə əlaqədar hər şey Əbdürrəhimbəy üçün əziz idi, maraqlı idi. O, hər şeylə maraqlanır, hamıya kömək etməyə, məsləhət verməyə çalışırdı. Bu vaxt Əbdürrəhimbəyi Azərbaycan teatrının inkişafı, Azərbaycan aktyorlarının taleyi çox düşündürürdü".

Pedaqoji elmlər doktoru, professor Ağaməmməd Abdullayev isə Azərbaycan Dövlət Universitetinin Şərq fakültəsində ona ədəbiyyat tarixi və ədəbiyyatşünaslıq fənlərindən dərs demiş Ə.Haqverdiyevi dərin ehtiramla belə xatırlayır: "Ə.Haqverdiyev bizə Azərbaycan ədəbiyyatı tarixi və ədəbiyyatşünaslıq kursu üzrə mühazirələr oxuyurdu.

Yadımdadır, onun qalın və qara cildli bir ümumi dəftəri vardı. Bu dəftər Əbdürrəhimbəyin öz əlilə yazıb hazırladığı Azərbaycan ədəbiyyatı tarixi kursu və ədəbiyyatşünaslıq məsələlərinə dair konspekti idi. Bundan başqa, onun qarşısında oxuyacağı mühazirə üçün bir səhifəlik planı da olardı.

Əbdürrəhimbəy mühazirə oxuyarkən məharətli natiqlər kimi qətiyyən konspektə baxmazdı; yalnız arabir nitqində ardıcıllıq gözləmək üçün qarşısındakı plana ötəri nəzər salardı.

O, çox təmkinli, aydın, səlis, məzmunlu və təsirli danışardı. Xüsusən, klassik şeir parçalarını çox dürüst, vəzn və ahəng tələblərinə uyğun, həm də ifadəli oxuyardı".

Ömrünü müqəddəs ideallarına fəda etmiş bu böyük ədibin zəngin, çoxcəhətli yaradıcılığı onun özünə layiqli sevinc və fərəh gətirməsə də, ədəbiyyat və mədəniyyət tariximizdə adını əbədiləşdirmiş oldu. Bu vətəndaş ədibin xatirəsi dövlətimiz və xalqımız tərəfindən həmişə yüksək qiymətləndirilmişdir. Növbəti yubiley tədbirləri də buna gözəl nümunədir!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!