Ələsgərəm, hər elmdən halıyam - Nizaməddin ŞƏMSİZADƏ

Nizaməddin ŞƏMSİZADƏ

 

Nizaməddin ŞƏMSİZADƏ

Filologiya elmləri doktoru, professor

 

Aşıq Ələsgər təkcə ifaçı aşıq deyil, həm də yaradıcı aşıq-şairdir. O, özünəqədərki Azərbaycan şeirinin, xüsusən, XVI əsrdən sonrakı aşıq sənətinin təbii inersiyası zəminində formalaşıb. Füzuli düşüncə tərzi XIII-XVI əsrlərdə anadilli şeirimizin bədii-fəlsəfi təkamülü kontekstində yaranmışdı. Füzuli şeiri Orta əsrlərdə mövcud olan bütün ədəbi cərəyanların - "izm"lərin nəzəri-fəlsəfi mahiyyətindən yüksəkdə dururdu. O, həqiqətən "qoca sehrkar, cadugər" (Cəfər Cabbarlı) idi. Ondan sonra gələn Azərbaycan şeiri onun tilmisini qıra, sehr və cazibəsindən çıxa bilmədi. Füzuliyə yazılmış nəzirələr, füzuliyanə şeirlər epiqon poeziya cərəyanını yaratdı.

Molla Pənah Vaqif təkcə bacarıqlı, ədalətli vəzir, - həyatda güclü diplomat deyil, həm də sənətdə mahir diplomat idi. O, ilk dəfə Füzulidə olmayanı - Füzulinin bəyənmədiyini və yaxud unutduğunu ədəbiyyata, poeziyaya gətirdi. Füzulinin "Heyrət, ey büt, surətin gördükdə lal eylər məni", - deyə heyrət etdiyi, "Zülfü kimi əyağın qoymaz öpəm nigarım", - deyə həsrətlə vəsf etdiklərini əlçatmazlıqdan - endirdi. Onlara büt kimi yox, canlı insan kimi nəzər saldı. Əlçatmaz gözəllərə "əl atdı", onların ilıq nəfəsini duydu, gözəli öz yanında gördü. Hətta cəsarətlə onu soyundurdu:

 

Əl atıban baş-bəzəyin pozasan

Cəngələyib ağ məməsin əzəsən.

Öpəsən, qucasan, düşəsən xəstə

Məst olub yanında yatasan dürüst.

 

Bununla da Vaqif təbii realizmin - natural realizmin əsasını qoyur. Onun poeziyasına gözəl "sürahi boylu", "büllur bədənli", "ağ əlləri əlvan hənalı", "mina gərdənli", Allahın bəxş etdiyi təbii gözəlliyi ilə daxil olur: "Ənliyi, kirşanı, neylər camalın, // Sən elə gözəlsən binadan Pəri...". Vaqif belə gözəli, təbii gözəlliyi yaşamağa gücü çatmayan cəmiyyəti tənqid edir:

 

Belə gözəl yerin, gözəl məkanın

Bir gözəl obası, hayıf ki, yoxdur.

 

"Kür qırağının əcəb seyrəngahı var", "Bayram oldu" kimi qoşmalarında, "Görmədim" müxəmməsində, "Bax" rədifli qəzəlində realizmə məxsus tənqid pafosu əsas yer tutur. Fəqət, Vaqif həm də Şərq-Azərbaycan ədəbiyyatını "fəth etmiş" qəzəli doğma heca şeirinin ən sadə və aydın janrı - qoşma ilə əvəz etməyə nail oldu. Ədəbiyyat xalq dilində, türkün təmiz ana dilində real və yüksək fikirlər söyləməyə başladı.

Aşıq Ələsgər buradan - Vaqif realizmindən, qoşma, gəraylı, təcnis, müxəmməs şeirindən başlanır. O bir əsr sonra XIX əsrdə Vaqif realizminə yiyə durdu, doğma Göyçə mahalında, Ağkilsə obasında ana dilli realist şeirlərimizə dağ havası, bulaq suyunun təravətini, "Qüdrətdən səngərli, qalalı dağlar"ın əzəmətini gətirdi:

 

Bahar fəsli, yaz ayları gələndə

Süsənli, sünbüllü, lalalı dağlar.

Yoxsulu, ərbabı, şahı, gədanı

Tutmaz bir-birindən alalı dağlar.

 

Ağ xələt bürünər, zərnişan geyməz,

Heç kəsi dindirib keyfinə dəyməz,

Sərdara söz deməz, şaha baş əyməz

Qüdrətdən səngərli, qalalı dağlar.

 

Bu gözəl, axıcı qoşmada dağ vüqarlı aşığın əzəmətli vətən sevgisi real boyalarla əks olunub.

Ələsgərin qoşma, gəraylı, təcnis və müxəmməslərindəki ahəngi, demək olar ki, Vaqif şeirlərinin eynidir, hətta bənzətmələri, təşbih və istiarələri, metaforaları onun şeirlərində olduğu kimi oynaq və şuxdur, ahəngi eyni ritmlə nəfəs alır:

 

Sallana-sallana gələn Salatın,

O sərxoş yerişin yola yaraşır.

Salıbsan gərdənə qızıl həmayıl,

Qoşa bazubəndlər qola yaraşır.

 

Könül mail olub siyah yerişə,

Nazik barmağına, şümşad əlinə,

Əcəb qurşanıbdı incə belinə,

Gümüş kəmər qəddi-qala yaraşır.

 

Eynilə, "Pəri" qoşmasında olduğu kimi:

Tökülübdü  yüz yanına tel nazik,

Ağız nazik, dodaq nazik, dil nazik...

 

Ələsgər çox incə təşbih və gizli metaforalar ustasıdır: sallana-sallana getmək gözəlliyinə arxayın gözəllərin adətidir, "sərxoş yeriş" ifadəsinin altında gözəlin xarakterini ifadə edən bütöv bir aləm yerləşir: şuxluq, həyatsevərlik, kəndisindən - orbitindən çıxmış, çılğın və şıltaq sevgi və s.

Fəqət, Ələsgərin ərkanında bulunduğu təkcə Vaqifin təbii, duyğusal şeiriyyəti deyil... O, həm də Vaqifdən daha əvvəl Orta əsrlərə - dahi Füzulinin elmli şeir ənənəsinə - irfan poeziyasına bağlıdır.

 

Ələsgər, elmində olma nabələd

Doğru söylə, sözün çıxmasın qələt.

 

"Hər elmdən hali" olan şairin bir çox şeirləri idrak nuru ilə süslənib.

 

Mən istərəm alim, məmur yüz ola,

Meyli haqqa doğru, yolu düz ola,

Diliynən zəbanı üzbəüz ola,

Ələsgər yolunda can qurban eylər.

 

Azərbaycanın həm əruz, həm də heca şeirində Qəm həmişə insan ruhuna doğma obraz olub. Hicran dərdi və vüsal dəmi həsrətə qarışıb, Eşq aləmini yaradıb. Amma heç kim poeziyada "hicran"la, dərdlə "kefi" - sevgini Ələsgər kimi birləşdirə, doğmalaşdıra bilməyib:

 

Ala gözlüm, səndən ayrı düşəli

Hicranın qəmiynən kef eyləmişəm.

Ah-vaynan günüm keçib dünyada,

Qəm satıb, dərd alıb, nəf eyləmişəm.

 

Həqiqətən, Füzulinin "Dərd şairliyin sərmayəsidir" müdrik kəlamı yada düşür. Bu şeiri oxuyanda bip də Şeyx Nizaminin İntibah qüdrətli qəhrəmanı, həqiqi aşiq Fərhadın Xosrov şaha dediyi sözləri xatırladım;

 

- Dedi: - O dünyada hansı sənət var?

- Dedi: - Qəmi alıb, canı satırlar.

 

Azərbaycan-türk dilində "dərdin alım" sevmək deməkdir. 

Ələsgərin şeirlərində qədim türk ellərinin qopuz musiqisinin sədası duyulur. Onun bir çox qoşmaları elə lirik, ritmikdir ki, sanki bəstələnməmiş nəğmələrdir. Çünki onlar aşıq musiqisi əsasında yaranıb. Səhnəbanuya yazdığı bir qoşma buna əyani misaldır:

 

Nazik barmaqlıdı, şümşad əllidi,

Ayna qabaqlıdı, siyah tellidi,

Şəkər söhbətlidi, şirin dillidi,

Tuti kimi xoş zəbanım gedibdi.

 

Müddətdi gözümdən olubdu iraq,

Əridib cismimi dərdü-qəm, fəraq.

Büllur buxaq, lalə yanaq, Ay qabaq,

Ala gözlü Səhnəbanum gedibdi.

 

"Güləndam", "Güllü" qoşmalarını - əslində, nəğmələrini də beləcə misal gətirmək olar.

 

Səni gördüm, əl götürdüm dünyadan

Ala gözlü, qələm qaşlı Güləndam.

Alma yanağına, bal dodağına

Baxan kimi ağlım çaşdı, Güləndam!

 

Və yaxud:

 

Tovuz kimi qalxdın çeşmə başından,

Bütün gözəllərin gözəli Güllü!

Almadı yanağın, büllur buxağın,

Dodaqların meyli-məzəli, Güllü!

 

Ələsgər belə gözəllərin aurasında 105 il ömür sürüb, onun 80-90 ilini Eşq adlanan o sehrkar, füsunkar aləmdə kişi kimi yaşayıb, sinəsində saz-söz qoşub, söz söyləyib. Ələsgərin lirik qəhrəmanı - lirik "mən"ini təmsil edən obraz Saz havasından doğulub, Sözə sahib durub. O da Məcnun, Fərhad kimi fədakar bir aşiqdir. Fəda olmaq sevməkdən güclüdür.

 

İstər dara çəkdir, istər qul eylə,

Qoymuşam əmrinə qol, incimərəm.

Həsrətindən Məcnun oldum səhraya

Alırsan canımı al, incimərəm.

 

Ələsgərəm, yandım eşq ataşında,

Gözüm qaldı kirpiyində, qaşında,

Qazdır məzarımı çeşmə başında,

Sal sinəm üstündən yol, incimərəm.

 

Aşıq Ələsgər aşıqlıq sənəti, aşıq şəxsiyyəti barəsində də müəyyən mülahizələr söyləyib. Azərbaycan xalqı iki ozana Dədə deyib; bir Dədə Qorquda, bir də Dədə Ələsgərə. Onlar aşıq sənətimizin müdrik, müdəqqəs "Dədə"ləridir. Dədə Ələsgər saz sənətinin, aşıq anlamını belə zikr edir:

 

Aşıq olub diyar-diyar gəzənin

Əvvəl başda pür kamalı gərəkdi.

Oturub-durmaqda ədəbin bilə

Mərifət elmində dolu gərəkdi.

 

Xalqa həqiqətdən mətləb qandıra,

Şeytanı öldürə, nəfsin yandıra.

El içində pak otura, pak dura,

Dalısınca xoş sevdalı gərəkdir.

 

Danışdığı sözün qiymətin bilə,

Kəlməsindən ləlü-gövhər süzülə,

Məcazi danışa, məcazi gülə,

Tamam sözü müəmmalı gərəkdir.

 

Bu qoşmanı aşıq sənəti haqqında Dədə sözü, poetik ensiklopediya adlandırmaq olar.

Aşıq Ələsgər poeziyasının gücü səmimiyyətində, iddiasızlığında, xalq ruhunu ifadə etməsində, təmənnasızlığındadır. Elə buna görə də onun şeirləri XX əsr  musiqi mədəniyyətində önəmli yer tutur, xanəndələr tərəfindən xalq mahnısı kimi tanınan "Sarı köynək" qoşmasını misal göstərmək kifayətdir.

Aşıq Ələsgərin anadan olmasının 200 illiyi haqqında Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyev tarixi bir Sərəncam imzalayıb. Bu, bizim klassik irsə münasibətimizin aynasıdır.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!