Sabir Rüstımxanlı -75
18 yaşında "Azərbaycan gəncləri" qəzetində "Kənd yolu" adlı ilk şeiri çıxır. Amma ədəbi tərcümeyi-halını 67-ci ildə çap olunan "Vətən" şeirindən başlayır. Altmışıncı illər XX əsrdə Azərbaycan ədəbiyyatının ikinci "qızıl dövrü" sayılır. Bu dövrdə Azərbaycan ədəbiyyatı bir çox köhnəlmiş, stereotipləşmiş vərdişlərdən xilas olurdu, poeziyada vətənçilik ideyaları, xalqın şanlı tarixinin tərənnümü getdikcə güclənirdi, Ölü doğulan, dərc edilən gündə unudulan şeirlərin sayı azalırdı. Əsl Vətən, Təbiət, Sevgi şeirləri yaranırdı. Rəsul Rza, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, B.Adil, Hüseyn Arif, Qabil, Əliağa Kürçaylı, Məmməd Araz, Xəlil Rza, Söhrab Tahir, Nəriman Həsənzadə, Cabir Novruz kimi şairlər üçün poeziyada yeni bir era başlanırdı. Altmışıncı illərin də öz şairləri vardı - Əli Kərim, Fikrət Qoca, Fikrət Sadıq, İsa İsmayılzadə, Ələkbər Salahzadə, Vaqif Səmədoğlu, Məmməd İsmayıl, Musa Yaqub, Səyavuş Sərxanlı, Vahid Əziz, Tofiq Abdin, Camal Yusifzadə, Abbas Abdulla, az sonra Sabir Rüstəmxanlı, Nüsrət Kəsəmənli, Çingiz Əlioğlu, Ramiz Rövşən, Zəlimxan Yaqub, Vaqif Cəbrayılzadə, Eldar Baxış... Azərbaycan şeirində heç bir zaman bu qədər istedadlı, yetkin şair bir arada olmamışdı. Ədəbiyyata yeni gələn, təzə söz deməyə can atan cavanlar tənqid olunurdular, amma çox keçmədən - yetmişinci illərdə bu şairlər sevildilər, etiraf olundular.
İlk kitabı "Tanımaq istəsən" 1970-ci ildə "Gənclik" nəşriyyatında çap olunub. 4500 tirajla nəşr olunan 39 səhifəlik kitabla bağlı müəllifin maraqlı xatirəsi var: "Bu, şəhərli bir qıza sevgi ünvanı idi. 24 yaşım vardı. Deyirdim ki, əgər məni tanımaq istəyirsənsə, mənim doğulduğum kəndə, dağlara gəlməlisən, böyüdüyüm mühiti görməlisən. Onda məni duya bilərsən. Şeirin məzmunu budur. Kitabın ümumi məzmunu isə bir vətəndaşlıq səciyyəsi daşıyır. Cavan söz adamı, şeir həvəskarı kimi gəlmişəm bu meydana. Əgər məni tanımaq istəyirsənsə, bu kitabı oxu - kitabın qayəsi budur. Bu kitab şeirə bir vəsiqəm, ədəbiyyata bir vətəndaşlıq pasportum idi".
Gəl tutub əl-ələ qaçaq bu gündən,
Qayıdaq öz uşaq keçmişimizə.
Utancaq, mehriban, dəli, qüssəli,
Yolları dolaşıq keçmişimizə.
Eh, ötən günlərin hər varağında
Neçə arzu odu alışır bəlkə.
Kəndin qırağında qürub çağında
Şair uşaqlığım dolaşır bəlkə.
Yığışsın qəmlərim, toy-düyünlərim,
Düzülsün yan-yana neçə qış-bahar.
Utana-utana ötən günlərim
Əl verib səninlə tanış olsunlar.
Amma ilk kitabın səs və işıq gücünə malik şeiri "Vətən" şeiri oldu. 1966-cı ildə qələmə alınan "Vətən" Azərbaycan poeziyasında həmin mövzuda yazılan nümunələr sırasında birinciliyi fəth edən şeirlərdən oldu. Dövr sovet dövrü idi, amma bu şeir sovet dövrünün vətən şeiri deyildi.
Bir əlçim buludlu,
Bir ömür umudlu,
Bir içim sudu.
Yandıqca odlanan ocaqdı,
Daddıqca dadlanan arzudu.
Bir dərə bahar leysanıdı,
21 Azərin qanıdı,
Cavad xanın qətl yeridi,
Sabirin "Fəxriyyə" şeiridi,
Dağları dumanda itən -
Vətən... Vətən!
Hecanın sərbəstlə sintezindən yaranan bu gözəl poeziya nümunəsi müəllifin şeir texnikasına mükəmməl bələd olduğunu sübut edirdi. Sonralar şeirlərinin çoxunu təmiz hecada yazdı. Bütün ömrü boyu dilimizin saflığı, təmizliyi uğrunda mübarizə aparan Sabir Rüstəmxanlı şeirlərində də o təmizliyi, o saflığı göz bəbəyi kimi qorudu. Ancaq söhbət burada şairin aşıladığı ideyadan gedirsə, deyim ki, elə Vətən haqqında bu bircə şeir bəs idi ki, öz vətəndaşlıq, vətənpərvərlik missiyanı poeziya dili ilə şərh edəsən. Çünki bu şeirdə hər misra Vətənin bir parçasıdır, tarixinin gah qürurla, gah da nisgillə xatırlanan bir məqamıdır.
Hadinin şeir bazarıdı,
Füzulinin dağıdılmış məzarıdı,
Taleyin ələnən ələyidi.
Durna lələyidi.
Araz hörüyündən
kəməndə düşmüş Sevildi.
"Ənəlhəq" harayıdı.
Ələsgərin sazıdı.
Qədim əlyazmasıdı -
Dahilər boylanır sətirlərindən
Vətən... Vətən!
Təbii ki, Sabir Rüstəmxanlının da təsirləndiyi dahi söz ustadları, müasir şairlər, onların əsərləri olub. O, elə bir dövrdə ədəbiyyata gəlmişdi ki, Bəxtiyar Vahabzadənin milli istiqlala təkan verən şeirləri, gizli də olsa əldən-ələ gəzən "Gülüstan" poeması, Məmməd Arazın, Xəlil Rzanın, Söhrab Tahirin vətənpərvərlik ruhunda yazılan odlu-alovlu misraları poeziyada yeni bir tendensiyanın yaranmasından xəbər verirdi. Bəlkə ilk dəfə idi ki, Azərbaycan onların şeirlərində sərhədsiz və ruhən bütöv görünürdü...
Şimşəklər çinartək sancılıb yerə,
Düşmənin gözünə dirsəkdi hər dağ.
Babalar atını sürüb gedibdi,
Qalalar boylanıb qalıbdır ancaq.
Oğlu - Şah İsmayıl Xətai adlı,
Ağ atlı oğlan var, atı qanadlı;
Bir də Suraxanı Atəşgahı var,
Bir də Misri qılınc, bir də Çənlibel;
Bir də "Heydərbaba" yazılmış bir dil.
Torpağı ot deyil, kişi göyərdən
Vətən... Vətən!
Bundan sonra da şairin şeirlərində aparıcı mövzu məhz Vətən, onun tarixi, bu tarixin qürur doğuran qəhrəmanlıq səhifələri, həmçinin ürək ağrıdan faciələri, təkrarsız gözəlliyinin tərənnümü, Vətəni dünyada tanıtmaq istəyi olub. O, elə ilk kitabı ilə Azərbaycan ədəbiyyatında "Vətən şairi" kimi imza atdı.
"Tanımaq istəsən" kitabı ilə özünü tanıtdıran şair bunun ardınca 1974-cü ildə "Sevgim, sevincim", 1979-cu ildə "Xəbər gözləyirəm" kitablarını çap etdirdi: "Vətən mövzusu və özünütəsdiq anlamında olan şeirlərimi "Sevgim, sevincim"də topladım. Yəni dedim ki, bu mənəm - kənddən, kasıb bir ailədən çıxmış oğlan. Bunu dostlarıma, həm də oxucularıma deyirdim. Və ümid edirdim ki, bu kitab onlarla qurduğum ünsiyyəti artıracaq".
Müqəddəs adətdir ucaldır məni,
Mən onun eşqiylə yaşayam gərək.
Babam qarşılayıb neçə düşməni,
Bir əlində qılınc, birində çörək.
...Sel kimi axışıb hər qış, hər bahar
Düşmən talayanda elin varını.
Sərkərdə analar, igid analar
Yəhərdə doğublar övladlarını.
"Xəbər gözləyirəm" isə tarixin o tayından güc alan, bu günümüzün tarixini yazmaq istəyən Sabir Rüstəmxanlının gələcəyə inamı idi. O bu xəbərə inanırdı: "Əslində, insan ömrü boyu intizar içində yaşayır, hansısa xoş soraq, xoş xəbər gözləyir. Biz isə, bir azərbaycanlı olaraq, ömür boyu Azərbaycanın bütövlüyü xəbərini, SSRİ-nin dağılacağı və müstəqillik qazanacağımızın xəbərini gözləmişik. "Xəbər gözləyirəm" mənə çox maraqlı bir tarixçə də yaşatdı. O şeirim ilk dəfə qəzetdə çap olunmuşdu. Bəxtiyar Vahabzadə zəng edib məni evinə çağırdı. Getdim, söhbət etdik. Dedi ki, mən ömür boyu o günü, o xəbəri gözləmişəm. Və çalışmışam bu haqda şeir yazım, amma yaza bilməmişəm. Sən yazmısan, sağ ol. Bu şeir mənə çox təsir etdi, mən də sənə bir şeir yazdım. Sonra "İnqilab istərəm, yenə inqilab" şeirini mənə oxudu. Bu şeir sonra onun kitablarında dərc olundu".
Ardınca 1981-ci ildə "Gəncə qapısı" Gəncə sözünün yasaqlandığı bir vaxtda çap edildi. Şairin bu kitabla bağlı xatirəsi də ömürdən bir səhifədir: "Kitabla bağlı iki xatirəm var: Birinci odur ki, qardaşımın 4 yaşlı qızı rəhmətə getmişdi, onu kəndə aparırdım. Masallıya qədər avtobusda getdik, oradan Yardımlıya maşın tutmaq istədik, dağlıq yer olduğundan heç kəs getmək istəmirdi. Uşağı bükmüşdük deyə, hiss olunmurdu. Tələsirik, axşam düşür deyə məcbur olub yaşlı, yəni özü canlı meyit olan birisinə vəziyyəti danışdım. Dedi mən meyit apara bilmərəm. Axırda xəstəxanaya gedib təcili yardım maşını götürüb getdik kəndə. Mənə çox ağır gəldi ki, neçə qardaşıq, bizim bir maşınımız yoxdu, rahat gedib-gələ bilək. Qərara aldım ki, necə olur-olsun, maşın alım. Cibimdə isə maşın nədi, bir təkər almağa da pulum yoxdu. "Yazıçı" nəşriyyatında baş redaktor işləyirdim. Bakıya qayıdandan sonra bu əhvalatı nəşriyyatın direktoru, rəhmətlik Əjdər Xanbabayevə danışdım. Bir il sonra - 1982-ci ildə kitabım çap olunmalı idi. Əjdər müəllim mühasibi çağırıb tapşırdı ki, həmin kitabın qonorarını yüksək qiymətlə hesablasın və 70 faizini mənə versin. Amma pulu alsam da məndən əvvəl maşın növbəsinə duranlar vardı. Əjdər müəllim onlardan da soruşub öyrəndi ki, heç birinin indi maşın almaq inkanı yoxdu. Onlar da mənim kimi kasıb işçilər idilər. Odur ki, növbəmi əvvələ dəyişdi. Beləliklə, qonorara bir az da borc əlavə edib maşını aldım. Yəni hələ çap olunmayan həmin kitabın mənə belə köməyi oldu. Bu arada rəhmətlik Nüsrət Kəsəmənli ilə Kutaisidə keçirilən "Mayakovskinin şeir günləri"nə getmişdik. Orada bizi Gerati monastrına apardılar. Mən dəstədən ayrılıb cığırla meşəyə tərəf getdim. Gördüm cığırın sonunda meşəyə açılan qapı var, üzərində də ərəbcə yazılar. Qapı məni çağırırdı. Əlimi vurdum, sanki canlıydı, içində ürək döyünür, əlimi yandırırdı. Baxdım ki, bu, məşhur Gəncə qapılarının bir tayıdır. Öz-özümə pıçıldayırdım:
Salam, Gəncə qapısı,
qürbətdəki qardaşım,
Salam, duzum, çörəyim,
poladlaşan göz yaşım...
Elə bil, misralar göydən süzülürdü. Bu vaxt dəstə də gəldi. Orada gürcülərlə mübahisəm oldu. Bələdçi deyirdi ki, bu, zəfər nişanəsi olaraq Gəncədən gətirilib. Dedim nə zəfər, Gəncə yerin altına getmişdi, özünü müdafiə etmək imkanı yox idi. Siz qonşularımız da gəlib kömək etmək əvəzinə qapını oğurlayıb gətirmisiniz. Avtobusda da gürcülərlə qarşılaşmamız oldu. Amma sonra onlar bizdən üzr istədilər. Biz qayıdandan sonra Moskvadan - komsomolun Mərkəzi Komitəsindən yazmışdılar ki, Sabir Rüstəmxanlı ilə Nüsrət Kəsəmənlini bir daha belə tədbirlərə göndərməyin, dava salırlar. O axşam "Salam, Gəncə qapısı" şeirini yazdım. Bakıya dönəndə artıq fikrimdə gələcək kitabın böyük bir hissəsi hazır idi".
1983-cü ildə çap olunan "Sağ ol, ana dilim" bütövlükdə o dövrün anti-milli siyasətinə üsyan idi. O dövrdə ana dili, bir növ yasaq edilmişdi, rus dilinə isə rəsmi bir heyranlıq vardı: "İndiki Heydər Əliyev sarayında Ümumittifaq poeziya bayramı keçirilirdi. Hamı rusca şeir oxuyurdu, mən də cavanların adından çıxış edirdim. Əvvəlcə şeirin adını öz dilimizdə - "Sağ ol, ana dilim" deyəndə salon məni uzun müddət alqışladı. Şeiri oxudum və düşündüm ki, mənim ömrümün əsas istiqamətlərindən biri milli varlığımızı, kimliyimizi qorumaq uğrunda mübarizədi. Ona görə də kitabın adı belə olmalıdır.
Yollarım sınandı yad ölkələrdə,
Neçə yad dodaqda səsləndi adım.
Sağ ol, ana dilim, məni heç yerdə
Köməksiz qoymadın, yalqız qoymadın.
...Döyüşdə qılınctək sıyrıldı qından,
Başımın üstündə bayrağım oldu.
Torpağım ikiyə bölünən zaman
Bu dil bölünməyən torpağım oldu.
Üstünə yüyürdü qanun dilləri
Peyğəmbərçiləri "Quran" dilləri.
Qapılar dalında qoydular səni,
Haqq dedin, dabandan soydular səni,
Ancaq məhv olmadın, anam, can dilim,
Ordular sarsıdan qəhrəman dilim!
Ömrüm qırılmazdı, yol qırılsa da,
Səninlə həmişə mən üzüağam.
Bədənim torpağa tapşırılsa da,
Ruhumu mən sənə tapşıracağam.
1986-cı ildə çap olunan "Qan yaddaşı" tariximizin şöhrətli səhifələrini dirçəltmək xəttidi: "Bərdədə sübh çağı getdim Nüşabə qalasına. Gördüm ki, qala divarları yanında 6-7 yaşlı bir uşaq zoğal budaqlarını kəsib ox-yay düzəldir. O bilmir ki, bu, qaladı, bu köhnə divarlar arasında nə zamansa savaş olub. Amma qanının diktəsiylə orda ox-yay düzəldirdi. O vaxt bir şeir yazdım: görünür, tarixin də unutduğu həqiqət çıxmır qan yaddaşından".
Sabir Rüstəmxanlı "sovet cəhənnəmində" doğuldu, ancaq mövcud quruluşun zəhərli havasında boğulmadı, onun əsir-yesirinə çevrilmədi, ata mülkündə, şirin ana dilində özünəməxsus, bənzərsiz söz qalasını kərpic-kərpic, daş-daş hördü. "Ruhumuz sərhədsiz olduğu üçün" deyə-deyə yüksəldi - gah poeziyada, gah publisistikada, gah da nəsrdə "qızıl qələm" işlətdi, millətinin dərdlərini pıçıldaya-pıçıldaya oxudu, yaralarına məlhəm axtardı, ən yüksək tribunalardan çəkinmədən "mən türk oğlu türkəm, xan nəslindənəm" söylədi. Milli mənsubiyyəti ilə öyünə-öyünə bütün cahanı dolaşdı, əski Turan ellərini gəzdi, öyrədə-öyrədə, yaza-yaza Böyük Əqidə Yolunun həmişəlik yolçusuna çevrildi, ədəbiyyatımıza Sabir Rüstəmxanlı möhürünü vurdu.
Sabir Rüstəmxanlının istər parlaq şifahi nitqində, istərsə də yaradıcılığında tez-tez işlənən bir ifadə mövcuddur: "qan yaddaşı". Bu iki söz şairin dilində təsadüfən cücərməyib, gerçək həqiqətə söykənir, səbəbi var... Sabir Rüstəmxanlı özü-özlüyündə bütöv bir millətin keçdiyi tarixi yolun qan və söz yaddaşıdır. Böyük bir epoxanın hər anı, Altaylardan Anadoluya, Savalandan Orxon-Yeniseyədək Böyük Turanın hər qarışını ömründə yaşayan bir Ruh sahibidir. Sözüylə, ruhuyla "yurdunun bölünməz xəritəsi"dir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!