Vaqif YUSİFLİ
Görkəmli tənqidçi Akif Hüseynlinin 80 illiyi ilə əlaqədar qələmə aldığım bu yazının başlığı sizi çaşdırmasın. Akif müəllim tarixi mükəmməl bilsə də, tarixçi deyil. Amma o, bizim ədəbiyyat tarixinin müəyyən bir dövrünün (keçən əsrin 60-90-cı illərinin) nəsr mənzərəsini tənqidi məqalələrində əks etdirib, həmin dövrün ədəbi tənqidində iz buraxıb və indi, üstündən 40-50 il keçməsinə baxmayaraq nəsrimizin həmin onilliklərdəki bütöv mənzərəsini, keçdiyi inkişaf yolunu Akif Hüseynlinin məqalələrindən izləyirik. Akif Hüseynliyə qədər nəsrdən yazan, roman, povest və hekayələrimizdən söz açan tənqidçilərimiz az deyildi, Yazıçılar İttifaqının qurultaylarında, plenum və müşavirələrində, Ədəbiyyat İnstitutunda ilin ədəbi yekunlarına həsr olunan müzakirələrdə, həmçinin ayrı-ayrı tənqidçilərin məqalə və resenziyalarında nəsrimizin inkişaf meyilləri, yaxud roman, povest və hekayələrimiz təhlil olunurdu. Bu sahədə Məmməd Arifin, Mehdi Hüseynin, Məmməd Cəfərin, Bəkir Nəbiyevin, Qulu Xəlilovun, Yaşar Qarayevin, Asif Əfəndiyevin, Yəhya Seyidovun, Gülrux Əlibəylinin, Xeyrulla Əliyevin xidmətlərini unutmaq olmaz. Bu tənqidçilərin heç birinin rolunu azaltmadan deyə bilərəm ki, Akif Hüseynli öz məqələ və icmallarıyla nəsr tənqidinin mükəmməl modelini yaratmağa çalışdı və deyim ki, buna navil oldu da. Bunu belə izah etmək olar: birincisi; nəsrin hal-hazırki (yəni həmin dövrün) inkişaf meyilləri, ikincisi; müqayisəli metodla əvvəlki illərin nəsrindən fərqli xüsusiyyətləri, üçüncüsü; nəsrin zamanla, cəmiyyətin inkişafı ilə nə dərəcədə ayaqlaşmasını, (burada zamanın nəsrə təsiri araşdırılırdı), dördüncüsü; janrların evolyusiyası - təkamülü, beşincisi; tədqiq olunan dövrün nəsr mənzərəsi, romanlara, povestlərə, hekayələrə professional təhlil üsulu ilə yanaşma, altıncısı; nəsrin yeni qəhrəmanları - "müsbət qəhrəman"ların adi, sıravi qəhrəmanlara çevrilişi... Bütün bunlar Akif Hüseynlinin məqalələrində bir sistem halında diqqəti cəlb edir. Bu sistemdə Akif Hüseynli təhlil etdiyi əsərlərə təkcə milli ədəbiyyatın üfüqlərindən deyil, o dövrün Ümumittifaq ədəbi kriteriyalarından da yanaşırdı..
Akif Hüseynli sırf nəsr tənqidçisidir və dediyinə görə, ömründə poeziyaya aid bircə məqaləsi var, o da Məstan Günərin şeirləri haqqındadır. Onu daha çox bir nəsr tənqidçisi kimi tanıdan yetmişinci illərin sonlarında -"Azərbaycan" jurnalında çap etdirdiyi "Zamanın və nəsrin hərəkəti" məqaləsi oldu. Həmin məqalənin elə birinci cümləsində müasir Azərbaycan nəsrinin durumu və ötən illərin nəsrindən fərqli xüsusiyyətləri ümumiləşdirilirdi: "Bədii fikrin strukturundakı, insana və həyata münasibətdəki əhəmiyyətli dönüş, irəliləyiş və keyfiyyət dəyişiklikləri müasir nəsrimizdə reallığın artması, şəxsiyyətə, onun psixologiyasına daha həssas münasibət, humanist idealın güclənməsi, münaqişələrin, problemlərin təsvirdə daha çox mənəvi-əxlaqi aləmə keçməsi, insanla mühit, cəmiyyət arasındakı qarşılıqlı əlaqələrin daha dərindən nəzərə alınması kimi ümumiləşdirilə bilər" Məsələ burasındadır ki, Akif müəllim ən yaxın keçmişin nəsr əsərlərini qətiyyən inkar etmirdi, əksinə, yazırdı ki, 30-50-ci illərdə yaranan əsərlərin - "böyük epik formaların ifadə vasitələri, imkanları" çox zəngin idi, lakin bununla yanaşı,"yeni keyfiyyətlər kəsb edən nəsr həm əvvəlki dövrün zahiri monumentallıq əlamətlərindən xilas olmaq istəyir, odur ki, başqa səciyyəli təhkiyəyə üz tutur, həm də klassik və müasir bədii düşüncənin təravətli və cəlbedici görünən ifadə vasitələrindən-psixoloji təhlillərdən, assosiativlikdən, daxili düşüncələrdən, sərbəst zaman keçidlərindən, subyektiv inikas tərzindən faydalanmağa çalışır, sənətkarlıq axtarışlarını bu istiqamətə yönəldir". A.Hüseynli nəsrin müasir dövrdə yaradıcılıq axtarışlarını, çoxcəhətli dəyişiklikləri hərtərəfli izləyirdi və nəticədə onun və digər tənqidçilərin və söz adamlarının Yeni Azərbaycan nəsri kimi etiraf etdikləri bir hadisəni - həqiqəti sübuta yetirirdi. Doğru izah bu idi ki: "İctimai həyatın özündə diqqətəlayiq dəyişikliklər baş verirdi və estetik düşüncə bu dəyişikliklərdən geri qala bilməzdi". Bu keyfiyyət dəyişiklikləri əllinci illərin ikinci yarısından başlamışdı. Yenə bir doğru fikir ki: "Müasir həyat haqqında artıq köhnəlmiş təsəvvür və ifadə vasitələri ilə yazmağın mümkün olmadığı qənaəti" yaranmışdı və bu səbəbdən "orijinal estetik boyalar tapmaq cəhdi bədii fikrin inkişafının mahiyyət və istiqamətini" təşkil edirdi. Mən bu yazıya Akif Hüseynlinin yeni nəsr haqqında fikir və mülahizələrini köçürmək fikrində deyiləm, Ancaq bir fikrini də mütləq nəzərə çarpdırmalıyam: "İndi yazıçılar bu və ya digər hadisə, problem barədə yox, ilk növbədə, şəxsiyyət, insan barədə əsərlər yazmağa çalışırlar". Məncə, bu fikir Akif Hüseynlinin nəsr tənqidində əsas prinsipə - məqsədə çevrilmişdi. "Zamanın və nəsrin hərəkəti" əslində, "bədii fikrin şəxsiyyətə doğru hərəkətini" kimi mənalanırdı. A.Hüseynli bu fikri İsa Hüseynovun, Sabir Əhmədlinin, Əkrəm Əylislinin, İsi Məlikzadənin, Anarın, Elçinin, Sabir Süleymanovun, Mövlud Süleymanlının, Afaq Məsudun, Əli Əmirlinin təsvir etdiyi qəhrəmanların fərdiyyətində, həyati münasibətlərində, onların hərəkət və əməllərində təsdiqləyirdi. Yeri gəldikcə, həmkarları ilə mübahisəyə də girişirdi, söhbət həmin qəhrəmanları müdafiə etmək məqsədi daşımırdı, oxucunu qəhrəmanların həyati tip olduğuna, onların öz həqiqətinə, təbii, məntiqi inkişafına, reallıqdan doğduğuna inandırırdı. Məsələn, İsi Məlikzadənin "Evin kişisi" povestinin qəhrəmanı Qaçaydan "müasir oxucunun tam sevəcəyi qəhrəman səviyyəsinə" yüksəlməməsini müəllifə irad tuturdular. Halbuki, yazıçı başqa xarakterli insandan bəhs edib və A.Hüseynli bu obrazı səciyyələndirərkən onu ifrat təmizliyinin, hədsiz inamının qurbanı olduğunu nəzərə çarpdırırdı. Yaxud Mövlud Süleymanlının o zaman mübahisələrə səbəb olan "Dəyirman" povestində kənd müəllimi Temirin sərxoşluğa qurşanmasını, dəyirmandakı alkaşlardan seçilməməsini müəllifə irad tutanlara bu həqiqəti anladırdı ki: "Budur bizim kənd müəlliminin surəti? - deyə töhmətləndirilirsə, əlacımız nədir? Yəni bizim kənd müəlliminin vahid, normativ bir tipi var ki, bundan kənara çıxmaq qadağan edilsin. Kimə bəlli deyil ki, bizim, deyək, həkimlərimiz, mühəndislərimiz və s. kimi, kənd müəllimlərimiz də çox müxtəlifdir və onların içərisində Temir kimilərinə də rast gəlmək mümkündür". Görkəmli tənqidçi Yaşar Qarayev yazırdı: "Nəsrin hərəkəti, Akif Hüseynovun dediyi kimi, ədəbi nəsillərin dəyişməsi ilə yanaşı, ədəbi qəhrəmanların "nəsil dəyişməsi" şəklində də baş verir. Daha doğrusu, əsl dəyişmə o zaman baş verir ki, hər yeni ədəbi nəsil öz yeni qəhrəman tipini də gətirərək nəsrə gəlir. Bu gün yeni nəsil-müasir əxlaqın məhək və sınaq daşına daha çox adi, sıravi adamların daxili dünyasını məruz qoyur".
Akif Hüseynlinin nəsr tənqidində bütün ədəbi nəsillərin yaradıcılığı əhatə olunub desək, yanılmarıq. O, icmal məqalələrində yaşlı və orta nəsildən olan sənətkarların, həmçinin "altmışıncılar"ın nəsr əsərlərindən ardıcıllıqla söz açır, ən çox İsa Hüseynovun, Əkrəm Əylislinin, İsi Məlikzadənin, Anarın, Sabir Azərinin, Mövlud Süleymanlının povestləri ilə bağlı geniş təhlillər aparır, o povestllərin az qala hər abzasına bələd olduğu üçün kənardan, hazır tənqidi reseptlərdən yox, mətnin öz içindən çıxış edir. Bəzən müəllif mövqeyi ilə tənqidçi mövqeyi üst-üstə düşmür. Bu da təbiidir, çünki Akif Hüseynlinin tənqidi lüzumsuz tərif üzərində deyil, mətnin təhlili üzərində dövr edirdi. Tənqidi fikirlərini də dəlilli-sübutlu isbatlayırdı. Onun təkcə müasir həyatdan bəhs edən əsərlərə deyil, həm də tarixi romanlar haqqında (İ.Hüseynovun, Ə.Cəfərzadənin, Fərman Kərimzadənin, Çingiz Hüseynovun, Əlisa Nicatın) həm tarixi aspektdən, həm də müasirlik baxımından izahı tarixi roman poetikasına bələdliyi ilə diqqəti cəlb edir.
Akif Hüseynlinin bir tənqidçi kimi iki özünəməxsus keyfiyyətini nəzərə çarpdırmaq istərdim. O, XX əsr Azərbaycan nəsrini - onun forma-məzmun, sənətkarlıq xüsusiyyətləri ilə yaxşı tanış idi, o zamankı Ümumittifaq ədəbi prosesini də çox diqqətlə izləyirdi, hər bir yazıçının da bədii-estetik normativlərini müəyyənləşdirə bilirdi. İkinci bir özünəməxsusluq da onun fərdi üslubunda nəzərə çarpırdı - fikrini aydın və ifadəli tərzdə nəzərə çarpdırırdı, fikir dolaşıqlığına yol vermirdi. Ən əsası o idi ki, səni inandıra bilirdi. Onun məqalələrində ədəbiyyat tarixi, ədəbiyyat nəzəriyyəsi və ədəbi tənqid vəhdət təşkil edirdi.
Diqqət yetirirsinizmi, bu yazıda mən ustad tənqidçinin özündən və yazılarından söhbət açarkən felin keçmiş zaman şəkilçilərindən istifadə etdim. Bunun da səbəbi var - Akif müəllim ikimininci illərin əvvəllərindən üzü bu yana ədəbi tənqidlə sanki vidalaşdı, amma belə deyil, pedaqoji fəaliyyəti də ona imkan verir ki, ədəbi-elmi-nəzəri biliklərini auditoriyalardan tələbələrinə çatdırsın. Bu, şəxsən bizi ağrıtsa da, fikirləşirsən ki, professor Akif Hüseynli ədəbi tənqid tariximizdə silinməz bir iz buraxıb, Keçən əsrin 60-90-cı illərinin Azərbaycan nəsri haqqında ən etibarlı mənbə kimi Akif Hüseynlinin məqalələri bir tarixdir-ədəbi-tənqidi tarix... İndi də müasir nəsrimiz haqqında məqalə və icmallar yazılır (Ədəbiyyat İnstitutunun hər il keçirdiyi "Ədəbi proses" müşavirələrinin materiallarını izləyin), amma etiraf edək ki, o zaman Akif Hüseynli bu işi təkbaşına görürdü. Onun bu sahədəki fəaliyyəti, heç şübhəsiz, yeni yazarlar üçün təcrübədir, necə yazmaq təcrübəsi...
Sonda bir xatirə: Akif Hüseynli və mən
Görkəmli tənqidçi Akif Hüseynlini 80 yaşı münasibətilə ürəkdən təbrik edirəm. Akif müəllimin mənim bir tənqidçi kimi formalaşmağımda müəyyənedici rolu olub. Yetmişinci illərin ortalarında mən Nizami adına Ədəbiyyat İnstitutunun əyani aspiranturasına qəbul olunmuşdum, amma kiçik bir qayıqda üzürmüş kimi hara, hansı marşruta baş alıb gedəcəyimi bilmirdim. İki il yarım keçdi, amma "Müasir Azərbaycan nəsrində konflikt və xarakter" mövzusunda namizədlik dissertasiyama aid çoxlu elmi və bədii əsərlərlə tanış olmağıma baxmayaraq, işimlə bağlı heç nə yaza bilmirdim. Beynimdə müəyyən tezislər dolaşırdı, amma bunları sistem halına gətirə bilmirdim. Bircə o qalırdı ki, elmi rəhbərim - akademik Kamal Talıbzadəyə deyəm - bura mənlik deyil, qayıdıram kəndə. Amma Akif müəllimin "Azərbaycan" jurnalında "Zamanın və nəsrin hərəkəti" adlı silsilə məqalələri çap olundu və bu məqalələrdə 1960-1975-ci illər Azərbaycan nəsri ilə bağlı elə fikirlər vardı ki, bunlar işimi yazmağa mənə yol göstərdi. Və kəndə qayıtmaq kimi "arzuma" son qoydu. Oturdum, dissertasiyamı yazdım. Hər fəsli başa çatdıranda elmi rəhbərim, akademik Kamal Talıbzadə ilə yanaşı, Akif Hüseynliyə də oxutdum. Akif Hüseynli dissertasiyamın müzakirəsi zamanı xoş sözlərini əsirgəmədi. Bir müddət institutun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin nəzdində olan Ədəbi proses qrupunda işlədim, Yaşar Qarayev, Şamil Salmanov, Akif Hüseynli, Arif Səfiyevlə birgə. Bu ustadlardan çox şey öyrəndim. Amma mən uzun müddət özümü tənqidçi kimi təsəvvür eləmirdim, yəni tənqidçilik çətin peşədir, tənqidçi üçün kiminsə tərifi həmişə gözlənilməz olur. 1986-cı ildə görkəmli yazıçı, tənqidçi Elçin Əfəndiyev mənim "Nəsr: konfliktlər, xarakterlər" kitabıma ürəyimcə olan bir ön söz yazandan sonra ...və 2001-ci ildə Akif Hüseynli "Həyat və sənət həqiqəti" məqalələr məcmuəsini mənə bağışlayıb bu avtoqrafı yazanda - ("Hazırda tənqidimizin cəfasını hamıdan çox çəkən dostum Vaqif Yusifliyə) - hiss elədim ki, mən də tənqidçiyəm.
Səksən yaşlı ustada eşq olsun deyirəm!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!