Dövlətlərin tarixən uzunömürlüyünü təmin etmiş milli-mənəvi dəyərlərin, o sıradan ədəbiyyatın da müstəqil Azərbaycan dövlətçiliyinin təməl prinsipləri statusu qazanması, məlum olduğu kimi, ulu öndər Heydər Əliyevin idarəçilik sisteminin prioritetini təşkil etmişdir. Lakin, prosesə ədəbiyyatın daha aktiv və əhatəli cəlb edilməsi onun idarəçilik sistemi ilə yanaşı, ömürlüyü və maraq dairəsi,ədəbiyyata tükənməz sevgisi ilə də bağlı olmuşdur. Ədəbiyyatı uşaqlıqdan çox sevdiyini, hələ orta məktəbdə oxuyarkən Azərbaycan şairlərinin, yazıçılarının bütün əsərlərini sevə-sevə oxuduğunu görkəmli siyasətçi dəfələrlə etiraf etmişdir.
Şübhəsiz, H.Əliyevin ədəbiyyat sevgisi bütövlükdə Azərbaycan ədəbiyyatını qapsamış və o, Azərbaycana rəhbərliyi dövründə də ümumilikdə ədəbiyyatımızı, eləcə də ədəbiyyatımızın inkişafında xidmətləri olan bütün yazıçı və şairlərimizin müxtəlif üsullarla təbliğinə, geniş miqyasda tanıdılmasına (adlarının əbədiləşdirilməsi, yubileylərinin keçirilməsi, əsərlərinin müxtəlif dillərdə nəşri və s.) böyük imkanlar yaratmışdır. Lakin bununla bərabər, bir fərd olaraq bu böyük şəxsiyyətin xüsusi rəğbət bəslədiyi şair və yazıçılar, eləcə də daha çox dəyərləndirdiyi və sevdiyi əsərlər də olmuşdur. Bu azsaylı şair və yazıçıların sırasında xalqımızın XX əsrdə yetirdiyi təkrarsız yaradıcı şəxsiyyət-planetar adam, öz poetik məktəbini yaratmaq qüdrətinə sahib olmuş ustad sənətkar, Azərbaycanın ilk Xalq şairi və ilk akademiklərindən biri, gözəl dramaturq, böyük alim və səriştəli tərcüməçi, nüfuzlu ictimai xadim Səməd Vurğun, daha çox sevilən əsərlərin içərisində isə onun "Azərbaycan" şeiri də var. Həqiqət naminə onu da xatırladaq ki, əsərlərinə daha çox önəm verdiyi sənətkarlarla müqayisədə də H.Əliyevin S.Vurğun şəxsiyyəti və yaradıcılığına münasibəti daha özgür və munis olmuşdur: H.Əliyevin S.Vurğun haqqındakı fikirləri, böyük sənətkarın, təkcə əsərlərini mütaliəsinə yox, şəxsi müşahidələrinə də əsaslanır. S.Vurğun, H.Əliyevin öz ifadəsi ilə desək, "gənclik illərinin şairi" olub. O illəri H.Əliyev belə xatırlayır: "Biz gənclər vaxtilə Səməd Vurğunu sadəcə olaraq görməkdən özümüzü xoşbəxt hesab edirdik. Biz özümüzü xoşbəxt hesab edirdik ki, Səməd Vurğunu haradasa gördük, dinlədik, eşitdik". Böyük şairə xalqımızın hədsiz məhəbbət, hörmət və ehtiram göstərməsinin şahidi olmuş H.Əliyev "gənc yaşlarından şairin əsərlərini maraqla oxumuş" və bu əsərlər onun "bir insan kimi formalaşmasında, təhsilində, əxlaqında, mənəviyyatında çox böyük rol oynamışdır". H.Əliyev S.Vurğunun əsərlərindən "bəhrələndiyini, onlardan mənəvi qida aldığını" səmimiyyətlə dilə gətirmiş, bu böyük şəxsiyyətin "ümumilikdə o dövrün gəncləri üçün nümunə-xalqına, millətinə, ölkəsinə, vətəninə sədaqətlilikdə nümunə" olduğunu diqqətə çatdırmış, sonralar özü səlahiyyət sahibi olarkən qədrşünaslıq göstərərək, onun "ədəbi irsinə Azərbaycanda hörmətlə yanaşılması və ondan istifadə edilməsi üçün lazımi tədbirlər" görmüşdür. Doğrudan da, şairin Bakıda ev-muzeyinin, Qazaxda Poeziya evinin yaradılması, 70,80 və 90 illik yubileylərinin təntənəli surətdə keçirilməsi və bir çox başqa tədbirlər, məhz, H.Əliyevin təşəbbüsü ilə reallaşmışdır.
Əsərlərinə önəm verdiyi digər sənətkarlardan fərqli olaraq H.Əliyevin S.Vurğuna böyük ehtiramı və sevgisi qarşılıqlı olaraq şairin övladlarının timsalında da davam etmiş. Ümumilikdə götürsək, H.Əliyev S.Vurğun yaradıcılığı və şəxsiyyətinə daha çox müraciət etmiş, əsərlərinin aktuallığını bu gün də qoruduğunu dəfələrlə isbatlamış, onların gənclərin tərbiyəsində oynadığı rola xüsusi önəm vermişdir. Həqiqət naminə bir fakt da etiraf edilməlidir: H.Əliyev, S.Vurğunun, təkcə ədəbi irsinə yox, şəxsiyyətinə də hörmətlə yanaşılmasından ötrü əlindən gələni əsirgəməmiş, ona qarşı irəli sürülən haqsız ittihamların layiqli cavabını vermişdir...
***
H.Əliyev şairin əsərlərini təhlilə cəlb etməzdən əvvəl onların yarandığı dövrün xüsusiyyətlərinə diqqət yönəldir. Onların yarandığı, başqa sözlə, şairin yaşadığı dövrün həddindən artıq mürəkkəb, ziddiyyətli, hətta, qorxulu olduğunu diqqətə çatdırır. Başlıca səbəbi XX əsrin özünün bütövlükdə bəşər tarixində çox ziddiyyətli, mürəkkəb proseslər əsri olması ilə əlaqələndirir. Qarışıq bir dövrdə yaşamasına baxmayaraq, S.Vurğunun-bu vətənpərvər və cəsarətli şairin milli-mənəvi dəyərləri ehtiva edən əsərlər yaza, xalqına ləyaqətlə xidmət edə bilməsini yüksək dəyərləndirir. Deyir ki,"Belə bir dövrdə yaşamaq, yaratmaq və yüksək yaradıcılıq səviyyəsinə çatmaq hər bir insana nəsib ola bilməzdi. Səməd Vurğun öz dövrünün, zəmanəsinin mühitində, çərçivəsində yazıb-yaradıb və Azərbaycan xalqı qarşısında əvəzsiz xidmətlər göstəribdir, Azərbaycan ədəbiyyatını, mədəniyyətini, dünya ədəbiyyatını zənginləşdiribdir. Fitri, parlaq istedadı, çox nadir xüsusiyyətə malik olan istedadı, eyni zamanda ən gənc yaşlarından yazıb-yaratmaq əzmi Səməd Vurğunu qısa bir zamanda xalqımızın sevimli şairinə çevirmiş və o, həm Azərbaycanda, həm də bir çox xarici ölkələrdə tanınmış, sayılan bir insan olmuşdur".
H.Əliyev ustad şairin irsinə yanaşmada ortaya qoyduğu konsepsiyanın optimallığını əsaslandırmaq üçün S.Vurğun ilə yanaşı, keçmiş sənətkarlarımızın yaşadığı, yazıb-yaratdığı dövrə də diqqət yönəldir, paralellər aparıb, analoji məqamları üzə çıxarır. Deyir ki, "Səməd Vurğun böyük şairdir. Şərq aləmində şair həmişə ən yüksək hörmətə layiq olubdur. Səməd Vurğun isə öz dövrünün şairlərinin şairi olubdur.
Səməd Vurğunun bütün əsərləri Vətənə məhəbbətlə, Azərbaycana, xalqımızın dilinə, milli ənənələrinə məhəbbətlə doludur. Səməd Vurğunun şəxsiyyətini ifadə edən, onun əsərlərinin əsas mənası və məzmunu bax, budur.
Şübhəsiz ki, Səməd Vurğunun əsərləri öz dövründə yazılıbdır. O dövrün hökmü, tələbləri Səməd Vurğunun əsərlərində də öz əksini tapıbdır. Bu gün heç kəs buna görə Səməd Vurğunun əvəzindən üzr istəməməlidir. Səməd Vurğunun bütün əsərləri ilə Azərbaycan xalqı əvvəldən axıradək fəxr edir, bundan sonra da fəxr edəcəkdir".
Səməd Vurğunun "Komsomol", eləcə də "Zamanın bayraqdarı" poemasında da öz əqidəsinə sadiq qaldığını, eyni zamanda yüksək şeir sənəti nümayiş etdirdiyini diqqətə çatdıran H.Əliyev əlavə edir ki, "Şərqdə həmişə şair böyük hörmətə layiq olubdur və hər bir şair öz dövrünün aşiqi olubdur, öz dövrünü yazıbdır. Biz buna görə keçmiş əsrlərin heç bir şairinə hər hansı bir mənfi münasibət göstərə bilmərik və kimisə qınaya bilmərik. Səməd Vurğunu da heç kəs qınaya bilməz ki, o şeirləri, o poemaları yazıbdır".
H.Əliyev S.Vurğunu "öz dövrünün şairlərinin şairi" adlandırmaqla həm "dövrün hökmü"nün şairin əsərlərində yer aldığının təbii olduğunu təsdiqləyir, həm də onun ədəbi nüfuzunu-müasirləri arasındakı yerini diqqətə çatdırır.
Az ömür yaşamasına baxmayaraq, "40 illik bir dövrdə Azərbaycan xalqının və dünyanın bir çox xalqlarının dilindən düşmədiyinə" görə S.Vurğunu "xoşbəxt taleli sənətkar" adlandıran H.Əliyev daha sonra bugünkü Azərbaycanı obrazlı şəkildə əzəmətli, böyük bir binaya bənzədir və bu binanı kərpic-kərpic ucaldanların indiyə qədər yaşamış, yazıb-yaratmış insanlar olduğunu xatırladır, bu günkü müstəqilliyimizə görə də həmin şəxslərə və onların "ən görkəmlisi" olan S.Vurğuna minnətdar olmağın zəruriliyini bir daha vurğulayır. Deyir ki,"Bu binaya hərə öz payını qoyubdur: kimi çox, kimi az. Amma, bu insanların tam əksəriyyəti Azərbaycanı daim qurmağa, yaratmağa və inkişaf etdirməyə çalışmışdır. Onlardan da ən görkəmlisi byük şairimiz Səməd Vurğundur. Səməd Vurğun öz yaradıcılığı, əsərləri, ictimai-siyasi fəaliyyəti ilə XX əsr Azərbaycan tarixində ən görkəmli şəxsiyyətlərdən biri olubdur. Biz Səməd Vurğun ilə fəxr edirik".
H.Əliyev çıxışının sonunda azadlığını əldə etmiş xalqımızın dövlət müstəqilliyi kimi S.Vurğun ruhunun daşıyıcısı olan əsərlərinin əbədi yaşayacağına da əminliyini bildirir: "Biz Səməd Vurğunun ruhu qarşısında baş əyərək deyə bilərik: əziz şairimiz, sənin canın qədər sevdiyin Azərbaycan bu gün müstəqil dövlətdir. Sənin canın qədər sevdiyin xalqın bu gün azaddır. Bu gün mən bir daha bəyan edirəm ki, biz Səməd Vurğunun ruhunu gələcəkdə də şad edəcəyik. Müstəqil Azərbaycan yaşayacaq, Azərbaycanın dövlət müstəqilliyi əbədi, dönməz olacaqdır. Xalqımız daim sərbəst, öz taleyinin sahibi olacaqdır".
H.Əliyev bir çox çıxışlarında, yuxarıda da qeyd etdiyimiz kimi, keçmiş ədəbi-mədəni irsimizi, klassiklərimizi, o sıradan sovet ədəbiyyatını inkar edənlərə qarşı da etirazını bildirmişdir. O, S.Vurğunun 90 illik yubileyindəki nitqində problemə kifayət qədər aydınlıq gətirməsinə baxmayaraq, bir il sonra (26 mart 1998)- S.Rüstəmin 90 illiyində bu xoşagəlməz tendensiyaya yenidən münasibət bildirməli olur, həm də daha sərt və kəskin şəkildə. Eyni zamanda S.Vurğunla yanaşı, onun qələm yoldaşlarının, başqa sözlə, tariximizin, mədəniyyətimizin, ədəbiyyatımızın-milli dəyərlərimizin müdafiəsinə qalxır. Sovet dövründə yazıb-yaratmış şair və yazıçıların, mədəniyyət xadimlərinin yaradıcılığının "o dövrdə baş verən proseslər çərçivəsində təhlil edilməsi və qiymətinin verilməsini" bir daha diqqətə çatdırır.
S.Vurğuna qarşı irəli sürülən ittihamlardan biri də, qəribə səslənsə də, onun repressiyadan sağ çıxmasıdır. Ümumilikdə yanaşdıqda isə S.Vurğunla bağlı zərərli və yanlış mülahizələr repressiya qurbanları, xüsusilə də H.Cavid və M.Müşfiqlə müqayisədə təqdim edilir. Bu səbəbdən də H.Əliyev çıxışında 1920-1930-cu illərin ağır repressiya illərini yada salır və həmin faciəni xalqımızın ürək ağrısı ilə xatırladığını diqqətə çatdırır, repressiyadan qurtula bilənlərin isə mədəniyyətimizi, ədəbiyyatımızı, təhsilimizi, həyatımızın başqa sahələrini yaratdıqlarını, inkişaf etdirdiklərini şükranlıqla yada salır. Deyir ki, "Bəli, biz Hüseyn Cavidin, Mikayıl Müşfiqin və bizim başqa görkəmli şəxslərin repressiya qurbanları olması haqqında on illərdir ki, böyük ürək ağrısı ilə danışırıq. Onlar əlimizdən getdi. Əgər hamısı getsəydi, onda bizim bu ədəbiyyatımızı, elmimizi, mədəniyyətimizi kim yaradacaqdı?
İndi kimsə hesab edir ki, o vaxtlar gərək Səməd Vurğunu da həbs edib öldürəydilər, Rəsul Rzanı, Süleyman Rüstəmi də öldürəydilər. Onda deyərdilər ki, bunlar qəhrəman idi və biz oturub onları da on illərlə ağlayacaqdıq. Yenə də deyirəm, biz Allaha şükür etməliyik ki, belə insanlar o ağır dövrdə o xatalardan qurtara bildilər. Əgər 30-cu illərdə o itirdiklərimizlə yanaşı, Səməd Vurğun, Rəsul Rza, Süleyman Rüstəm və bizim o nəsildən olan görkəmli başqa şairlərimiz olmasaydı, onlar yazıb-yaratmasaydılar, o əsərlərimiz olmasaydı, indi bizim o dövr tariximizin ədəbiyyatı, mənəviyyatı, mədəniyyəti nədən ibarət olardı? Mən bizim ədəbiyyatımızı Səməd Vurğunsuz da, Rəsul Rzasız da, Süleyman Rüstəmsiz də təsəvvür edə bilmirəm".
H.Əliyev çıxışının davamında keçmişimizi inkar edənləri, ləyaqətli ziyalılarımıza ləkə yaxanları "düşmən", "nankor" və "nadürüst" adlandırır və cəmiyyətimizi belələrindən qorumağı tövsiyə edir. Deyir ki,"Əgər, kimsə 80-ci illərin axırlarında, 90-cı illərin əvvəllərində tariximizin böyük bir hissəsini cırıb atmaq istəyirdisə və bəzən onlar buna nail olurdusa, özləri heç bir xidmət etməmiş adamlar xalqa sədaqətlə xidmət etmiş insanları aradan çıxarmağa çalışırdılarsa, bunlar keçici bir şeydir. Gördünüz ki, onlar keçdilər, getdilər. Bu gün onu deyə bilərəm ki, Süleyman Rüstəm, Səməd Vurğun, Rəsul Rza kimi böyük şairlərə, onların yaradıcılığında bugünkü günə uyğun olmayan hansısa nüansları tapıb irad tutmaq, hesab edirəm ki, mənəviyyatsızlıqdır. Belə adamların özləri xalq, millət, ölkə üçün heç bir şey etməyiblər. Əgər bizim xalq dili ilə desək, onlar nə Səməd Vurğunun, nə Rəsul Rzanın, nə Süleyman Rüstəmin dırnağı qədər də ola bilməzlər".
Bəzi qüvvələr tərəfindən milli-mənəvi dəyərlərimizin məqsədli olaraq aşağılandığı, vətənimizə və xalqımıza ləyaqətlə xidmət etmiş bir çox ziyalımızın, eləcə də S.Vurğun irsi və şəxsiyyətinin də yaşadığı dövrün kontekstindən kənar-qərəzli dəyərləndirildiyi, daha doğrusu, dəyərsizləşdirilməyə cəhd edildiyi son illərdə H.Əliyevin bu mövqeyi həm şairə, həm də digər sənətkarlara qarşı hücumların qarşısına çəkilən dayanıqlı bir sədd-sipər, həm də əsərlərinə obyektiv elmi yanaşma meyarı kimi diqqəti cəlb edir.
Məlum olduğu kimi, Azərbaycan və azərbaycançılıq mövzusu S.Vurğun yaradıcılığının əsas-ana xəttini təşkil edir. Onun əsərlərinin baş mövzusu, baş qəhrəmanı, mütəxəssislərin də təsdiq etdiyi kimi, Azərbaycandır.Vətənin-Azərbaycanın Ana ilə eşləşdirilməsi də (Anam-doğma Vətənimsən!) başlanğıcını S.Vurğunun "Azərbaycan" şeirindən götürür. Bu əsərdəki Vətən sevgisini ulu öndər də yüksək dəyərləndirir. Şeirin "dillər əzbəri" olduğunu vurğulayan H.Əliyev deyir ki, "O qısa sözlərdə o qədər dərin məna var ki, həmin sözləri hər bir insan dilinə gətirib, təkrar edərkən öz xalqına, ölkəsinə bir daha öz məhəbbətini, sevgisini, sədaqətini ifadə edir".
H.Əliyevin çıxışlarından birində, məhz, "Azərbaycan" şeirini söyləyərkən kövrəlməsi də təsadüfi deyildi. Bu fakt ulu öndərin ustad şairin şəxsiyyəti və yaradıcılıgına böyük sevgisindən xəbər verir...
Həqiqət naminə bir ədəbi-tarixi fakt da etiraf edilməlidir: "Azərbaycan" adında və mövzusunda nə qədər əsərlər qələmə alınsa da, sözün həqiqi mənasında dillər əzbərinə, "Vətən haqqında poetik himn"ə, dastana, Azərbaycanın "vizit vərəqi"nə, məhz, S.Vurğunun "Azərbaycan"ı çevrilmişdir. Səksən beş ildən artıqdır ki, azərbaycanlı körpələr "Azərbaycan" şeiri ilə dil açır. "Azərbaycan" şeiri deyəndə yada, məhz S.Vurğunun "Azərbaycan"ı düşür və uşaqlara "Azərbaycan" şeirini söylə deyə-müraciət etdikdə şeirin müəllifinin adını çəkməyə ehtiyac qalmır. Onlar, məhz S.Vurğunun "Azərbaycan"ını söyləyirlər.
H.Əliyev S.Vurğunun dram əsərləri, onların səhnə həlli, aktyor oyunu haqqında da bir ədəbiyyatşünas, hətta, teatrşünas kimi də orijinal fikirlər söyləmişdir. Onun "Vaqif" mənzum dramı haqqındakı qənaətləri həm filoloji elmimizdə, həm də Azərbaycan teatrşünaslığında bir çox aspektdən yeni görünür. "Vaqif"in S.Vurğunun çoxşaxəli yaradıcılığında "ən görkəmli yer" tutduğunu, onun əsasında hazırlanmış tamaşanın isə "Azərbaycan teatrını daim inkişaf etdirdiyini, XX əsr ədəbiyyatımızın, mədəniyyətimizin tarixində ən ciddi hadisələrdən biri" olduğunu diqqətə çatdıran H.Əliyev əsərin başlıca məziyyətlərini "Azərbaycan xalqının tarixinin böyük bir hissəsini əks etdirməsi və eyni zamanda sadə, ürəyəyatan misralarla dərin fəlsəfi fikirlər ifadə etməsi"ndə görür: "Səməd Vurğunun bütün yaradıcılığında ən görkəmli yer tutan onun "Vaqif" tarixi mənzum dramıdır və Azərbaycan milli teatrında onun əsasında yaranmış "Vaqif" tamaşasıdır. Bu gün tam qətiyyətlə demək olar ki, böyük Səməd Vurğunun 60 il bundan əvvəl yaratdığı və teatrımızı daim inkişaf etdirən "Vaqif" pyesi XX əsr mədəniyyət, ədəbiyyat tariximizdə ən görkəmli yer tutubdur".
H.Əliyev "Vaqif" dramına qədər Vaqif kimi görkəmli bir şəxsiyyəti Azərbaycan xalqının tanımadığını da xatırladır və əlavə edir ki, "Vaqif" əsəri Azərbaycan xalqına onun Molla Pənah Vaqif kimi bir şəxsiyyətini tanıdan əsərdir. Etiraf etməliyik ki, Səməd Vurğunun "Vaqif" əsəri yarananadək Molla Pənah Vaqif xalqın arasında geniş təbliğ olunmamışdı və xalq onu o qədər də tanımırdı...Vaqifi geniş tanıtmaq, onu xalqa daha da yaxınlaşdırmaq, Vaqifin şəxsiyyətini açmaq, onun surətini xalqa göstərmək və Vaqifi xalqa doğma etmək - bunların hamısını Səməd Vurğun etdi. Bu gün biz Vaqifin şəkillərini, heykəlini görürük. Amma həqiqətdə Vaqifin fotoşəkili olmayıbdır. Vaqifin şəklini də Səməd Vurğun və Vaqif rolunu oynayan böyük sənətkarımız, aktyorumuz Ələsgər Ələkbərov və Azərbaycan Dövlət Dram Teatrı yaratmışlar".
H.Əliyev daha sonra özünün də "S.Vurğunun yolu ilə gedərək", Vaqifin adını əbədiləşdirmək üçün ölümündən 200 il sonra Şuşada, Cıdır düzündə, onun qəbri üzərində böyük bir məqbərə ucaltdırdığını və "həmin məqbərədə Səməd Vurğun, Azərbaycan Teatrı və Ələsgər Ələkbərov tərəfindən yaradılmış Vaqif surətinin heykəlini qoydurduğunu" xatırladır.
H.Əliyev başqa bir maraqlı məqama da toxunur-1937-ci ilə-"Vaqif" dramı yazılana qədər Azərbaycanda "Vaqif" adı daşıyan adamların ya olmadığını, ya da az olduğunu yada salır: "Bəlkə də hamı güman edir ki, Azərbaycanda geniş yayılmış "Vaqif" adı elə dövri-qədimdəndir. Amma, "Vaqif" əsəri meydana çıxandan sonra insanlar Vaqifi, yəni, Səməd Vurğunun yaratdığı Vaqif obrazını o qədər sevdi ki, həddindən çox ailə yeni doğulan övladlarına Vaqif adı verdi. Bilirsiniz, bu təhlili genişləndirmək, bu barədə daha geniş fikirlər, mülahizələr söyləmək olar. Ancaq mən bu məqamları xatırladıram ki, Səməd Vurğunun yaradıcılığının nə qədər dərin iz buraxdığını bu gün biz bir daha dərk edək".
H.Əliyevin S.Vurğunun 90 illik yubileyi münasibətilə səhnələşdirilən "Fərhad və Şirin" dramı, onun səhnə həlli haqqındakı fikirləri də böyük maraq doğurur. Tamaşadan sonra aktyorlarla görüşündə əsərdəki psixoloji məqamlara, fəlsəfi fikirlərə, yüksək şeiriyyətə toxunan H.Əliyev tamaşanı hazırlayan kollektivin-rejissorların, tərtibatçıların işini yüksək dəyərləndirir, əsərin məzmununu, ideyasını başa düşmək üçün kollektivin çox böyük məharət, sənətkarlıq nümunəsi göstərdiyini diqqətə çatdırır. Tərtibatın "çox gözəl, qeyri-adi və çox maraqlı" olduğunu, eləcə də tamaşanın "tərtibatı və quruluşunun bir-biri ilə ahəngdar vəhdət təşkil etdiyini" vurğulayan ümummilli lider aktyorların oyununu əvvəlkilərin oyunu ilə müqayisə edir, hər birinin xarakterik xüsusiyyətlərini bir teatr mütəxəssisi kimi üzə çıxarır və hər birinin ifasını yüksək dəyərləndirir.
H.Əliyev S. Vurğunun Azərbaycan şeir dilinin saflaşdırılması sahəsindəki xidmətlərini, şeir dilimizə gətirdiyi yenilikləri də yüksək dəyərləndirir. S.Vurğunun və M.P.Vaqifin dili arasında müqayisələr aparır. XVIII əsr poeziyamızda Vaqifin "yeni bir yol açdığını-şeir dilini xalq dilinə daha da yaxınlaşdırdığını, xalqın bütün təbəqələrinin onun yazdığı bütün şeirləri həm anlaya bildiyini, həm də sevdiyini" diqqətə çatdırdıqdan sonra S.Vurğunun şeir dilimizə gətirdiyi yenilikləri-onun Azərbaycan klassiklərinin ənənələrini davam etdirərək, müasir şeir dilimizi inkişaf etdirib, daha yüksək səviyyəyə qaldırdığını xatırladır, əlavə edir ki, "Səməd Vurğunun şeiri Azərbaycan dilini zənginləşdiribdir, inkişaf etdiribdir, Azərbaycan dilini hər bir azərbaycanlı üçün doğma, sevimli, şirin edibdir. Bu da Səməd Vurğunun Azərbaycan xalqı qarşısında göstərdiyi xidmətlərdən biridir".
S.Vurğun, məlum olduğu kimi, Azərbaycan Elmlər Akademiyasının yaradılmasının təşəbbüsçülərindən, təsisçilərindən (1945) və ilk akademiklərindən biri olmuş, daha sonra (1954) Akademiyanın vitse-prezidenti seçilmişdir. Təxminən on il ərzində o, yorulmadan çalışmış, humanitar elmlərin inkişafında müstəsna xidmətlər göstərmişdir. S.Vurğunun elmi-ictimai fəaliyyəti də H.Əliyevin çıxışlarında əsas yerlərdən birini tutmuş və ulu öndər onun bu sahədəki xidmətlərini də yüksək qiymətləndirmişdir: "Səməd Vurğun eyni zamanda böyük alim, filosof idi. Səməd Vurğun Azərbaycan Elmlər Akademiyasının təsisçilərindən, yaradıcılarından biridir. O, sadəcə akademik seçilmiş bir adam deyil. Səməd Vurğun və məhz onun kimi Üzeyir Hacıbəyov, Heydər Hüseynov, Yusif Məmmədəliyev, Mustafa bəy Topçubaşov, Mirzə İbrahimov və başqa belə insanların təşəbbüsü nəticəsində 1945-ci ildə Azərbaycanın Milli Akademiyası yaranıbdır. Bu, böyük tarixi hadisədir. Burada Səməd Vurğunun xidmətləri böyükdür. Ən böyük xoşbəxtlik ondadır ki, Səməd Vurğun ömrünün son illərində həmin Akademiyanın vitse-prezidenti vəzifəsini daşımışdır və Azərbaycan elminin, ədəbiyyatşünaslığının inkişafında çox əvəzsiz xidmətlər göstərmişdir".
Ulu öndər Yusif Səmədoğlunun 60 illik yubileyində də bu məsələyə toxunur, onun çox istedadlı yazıçı olmasından əlavə, atası kimi, "böyük ictimai-siyasi xadim" olduğunu xatırladır və əlavə edir ki, "Səməd Vurğunu da biz, təkcə şair kimi, alim kimi, yazıçı kimi yox, eyni zamanda, böyük bir ictimai-siyasi xadim kimi həmişə xatırlayırıq və o, tariximizə belə daxil olubdur. Ən gənc yaşlarından Azərbaycanın o dövrdəki ictimai-siyasi həyatında çox böyük fəaliyyət göstərmişdir. Keçmiş Sovetlər İttifaqı miqyasında və dünya miqyasında onun fəaliyyəti məlumdur. Xüsusən İkinci Dünya müharibəsindən sonra Sülh Uğrunda Mübarizə hərəkatında Səməd Vurğun beynəlxalq aləmdə çox böyük fəaliyyət göstərmişdir və bunlar hamısı, eyni zamanda, bizim xalqımızın adını, hörmətini daim ucaltmışdır.
Bir bu deyil, Səməd Vurğunun ictimai-siyasi fəaliyyəti çoxşaxəli olub, çoxtərəfli olubdur".
1980-1990-cı illərin Xalq hərəkatında Y.Səmədoğlunun fəaliyyətini xüsusi qeyd edən H.Əliyev "Səməd Vurğunun da adının Milli azadlıq hərəkatımıza çox böyük köməklik göstərdi"yini diqqətə çatdırır.
H.Əliyev S.Vurğunu yaradıcı olduğu qədər də cəsarətli, qürurlu, bütöv bir şəxsiyyət kimi də yüksək dəyərləndirir, onu "öz yaradıcılığı, əsərləri, ictimai-siyasi fəaliyyəti ilə XX əsr Azərbaycan tarixində ən görkəmli şəxsiyyətlərdən biri" hesab edir. O, S.Vurğunun şəxsiyyətinin bütövlüyünü, dönməzliyini, cəsarətini diqqətə çatdırmaq üçün şahidi olduğu bir hadisəni-bir çox ziyalılara, o sıradan S.Vurğuna da təzyiqlər göstərən, məhvinə çalışan M.C.Bağırovun rəhbərliyi ilə 1952-ci ildə Opera və Balet teatrında keçirilən bir iclası xatırladır: "Səməd Vurğuna söz verildi. Onun o çıxışı qulağımda bu günkü kimi səslənir. Səməd Vurğuna söz veriləndə salona toplaşanlar onu çox böyük hərarətlə qarşıladılar. Səməd Vurğun çox dərin məzmunlu və həyəcanlı bir nitq söylədi...Onun o nitqi də, məhz, Azərbaycanın ədəbiyyatına, mədəniyyətinə, ziyalılarına aid qayğılarla dolu idi. O vaxt ona iki-üç dəfə replika verdilər, amma, Səməd Vurğun hər dəfə də cavablarını verdi, əyilmədi, sınmadı, iradəsini itirmədi, öz nitqini mərdi-mərdanə, böyük iftixar hissi ilə başa çatdırdı".
H.Əliyev S.Vurğunun o vaxt hər kəs, o sıradan Ulu öndərin özü üçün də-xalqına, millətinə, ölkəsinə, vətəninə sədaqətlilikdə bir nümunə olduğunu xatırladır: "Səməd Vurğun Azərbaycanı, öz xalqını, öz dilini nə qədər sevirdi! Bunları hər dəfə yada saldıqca insan coşur, həyəcanlanır. Səməd Vurğun əgər bu günləri-Azərbaycanın müstəqilliyini, azadlığını görmədisə də, onun ruhu bu gün bizimlədir. Mən hesab edirəm onun ruhu bu gün həddindən artıq şaddır ki, Azərbaycan xalqı azaddır, sərbəstdir və Azərbaycan Respublikası müstəqildir".
Hazırda nüfuzlu mədəniyyət mərkəzlərindən birinə çevrilmiş Səməd Vurğunun ev-muzeyinin yaradılması da H.Əliyevin adı ilə bağlıdır. Muzey onun təşəbbüsü ilə 1975-ci ilin 6 oktyabrında o vaxtkı İttifaqın çox nüfuzlu ədəbiyyat və sənət adamlarının iştirakı ilə təntənəli şəkildə açılmış və həmin gün, sözün həqiqi mənasında, xalqımızın və poeziyamızın bayramına çevrilmişdir. Yaradıcılığı və şəxsiyyətini həmişə uca tutduğu H.Əliyev Səməd Vurğunun ev-muzeyini daim diqqətində saxlamış, muzeyə qayğısını heç vaxt əsirgəməmişdir. O, bir neçə dəfə muzeydə olmuş və muzeyin fəaliyyətini də yüksək qiymətləndirmişdir...
Beləliklə, ümummilli lider H.Əliyevin xalqımızın tarixi və taleyində müstəsna xidmətlər göstərmiş S.Vurğun haqqındakı fikirləri ustad şairin çox ziddiyyətli və təhlükəli bir dövrdə yaşamasına baxmayaraq, xalqa ləyaqətlə xidmət etdiyini-milli-mənəvi dəyərlərimizi ehtiva edən əsərlər yazdığını, Respublika elminin inkişafına böyük əmək sərf etdiyini, eləcə də əsərlərinin aktuallığını indi də qoruyub saxladığını və dövlətçiliyimizin təməl prinsiplərinin inkişafında onların xüsusi əhəmiyyət kəsb etdiyini təsdiqləmiş olur.
Düşünürük ki, S.Vurğun yaradıcılığı və şəxsiyyətini bundan konstruktiv və obyektiv dəyərləndirmək mümkün deyil. Ümummilli liderin bu fikirləri S.Vurğunun yaradıcılığı və şəxsiyyətinə verilən yüksək dəyər olmaqla yanaşı, ustad şairin timsalında, bütün hallarda sənətkar və zaman əlaqələrinin, mətnin yaranmasında və müəllifin bir yaradıcı şəxsiyyət kimi formalaşmasında mühit (dövr) faktorunun nəzərə alınmasının zəruriliyini də diqqətə çatdırır. Son 20-25 ildə mövzu ilə ilgili aparılan araşdırmaların müşahidəsi H.Əliyevin irəli sürdüyü konsepsiyanın nə qədər əhəmiyyətli olduğunu bir daha təsdiqləyir...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!