Qarabağda yazdı dastan,
İlham! Ali Baş Komandan!
Döyüşlərdə zəfər çalan,
Paşan gəlir qucağına.
Aç qoynunu, Azərbaycan,
Şuşan gəlir qucağına.
Damət Kərimli
XVIII əsrdə meydana gələn Azərbaycan xanlıqları ictimai-siyasi və mədəniyyət mərkəzləri olan Azərbaycan şəhərləri ətrafında yaranmışdı. Gəncə, Bakı, Şuşa, Urmiya, Təbriz, Şəki, Şamaxı, Xoy, Mərənd, Quba, Lənkəran, Ərdəbil, Naxçıvan, Marağa, İrəvan, Dərbənd kimi şəhərlər o dövrdə Azərbaycanın inkişaf etmiş şəhərləri idi. Azərbaycan xanlıqlarının əksəriyyəti inkişaf etmiş belə şəhərlər ətrafında yaranmışdı.
XVIII əsrdə Azərbaycanda güclü xanlıqlardan biri olan Qarabağ xanlığı da Şuşa şəhəri ətrafında olan Qarabağ torpaqlarında yaranmışdı.
Qarabağ xanlığının (1747) banisi isə Pənahəli xan Cavanşir (1693-1758) olmuşdur. Xanlığın möhkəmləndirilməsində Pənahəli xanın və oğlu İbrahimxəlil xanın böyük xidmətləri olmuşdur. Onların hakimiyyəti illərində xanlıqda Şahbulaq, Bayat, Əskəran, Şuşa qalaları, məscidlər tikilmişdir.
Şuşanın tarixi bir şəhər, xalqımızın yaratdığı tarixi bir yaşayış məskəni olduğunu ümummilli lider Heydər Əliyev dönə-dönə ifadə etmişdir: "Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi şəhərdir, abidədir".
Pənahəli xan Cavanşirin 1750-ci illərin əvvəllərində inşa etdirdiyi Şuşa şəhəri onun şərəfinə Pənahabad adlanırdı. Şuşaya xalq arasında "Qala" da deyirmişdir. Bu, Pənahəli xanın şəhər ətrafına çəkdirdiyi qala divarları ilə əlaqədar idi. Mənbələrdə yazıldığı kimi, Qarabağ xanlığının mərkəzi Şuşa idi. İnzibati cəhətdən 22 mahala bölünən Qarabağ xanlığının 638 kəndi var idi. Xanlığın mərkəzi isə Pənahabad (Şuşa) idi.
Şuşa bir çox mənbələrdə "Şişə" kimi yazılır və adlanır. Bu da qalanın şüşə kimi təmiz və parlaq olması ehtimalına gəlir. Şuşanın "Şişə" şəklində ifadəsi 1795-1797-ci illərdə İranda şahlıq edən Ağa Məhəmməd Şah Qacarın (1742-1797) Şuşaya hücumu zamanı Qarabağ xanı İbrahim xana göndərdiyi və xalq arasında uzun zaman rəvayətləşən bir məktubunda ifadə edilmişdir. Şah Qacar İbrahim xana yazmışdı: "Fələyin mancanağından bəla daşları yağır. Sənsə əbləhcəsinə Şişə içində qərar tutmusan".
İbrahim xanın vəziri Molla Pənah Vaqif (1717-1797) isə məktubu belə cavablandırır: "Məni qoruyan mənim Tanrımdırsa, Şişəni daş içərisində də qoruyar".
Azərbaycanın digər xanlıqları kimi, Qarabağ xanlığının da bayrağı var idi. Salnamələrdə yazıldığı kimi, Qarabağ xanlığının Şuşa, Bayat, Şahbulaq ərazilərində mədəni yüksəliş, sənətkarlıq xeyli inkişaf etmişdi. Sənətkarlar əsasən Şuşa qalasında fəaliyyət göstərirdilər.
Şuşa sənətkarları tüfəng, tapança lülələri, silah qundaqları hazırlayırdılar. Xəncər, qılınc hazırlayan sənətkarlar, misgərlər, daşdan müxtəlif istehsal vasitələri - dəyirman daşları, kirkirələr, daş qazanlar və başqa əşyalar hazırlayan ustalar da Şuşada yerləşirdilər. Xanlıqda 500-ə yaxın işləyən dəyirmanın ayrı-ayrı hissələri burada daşdan və taxtadan hazırlanırdı. Bazar günləri Şuşada yarmarka tipli ticarət - həftəbazarı da təşkil edilirdi. Məşhur Qarabağ atları, Qarabağ xalçaları Qarabağ xanlığı ticarətinin mühüm tərkibi olduğu da tarixi mənbələrdə yazılmışdır.
1758-ci ildə Qarabağ xanı Pənahəli xanın Şirazda Kərim xan Zəndin qurduğu tələ nəticəsində xaincəsinə ölümündən sonra xanlığa oğlu İbrahimxəlil xan keçir. Onun hakimiyyəti illərində (1760-1806) Qarabağ xanlığı inkişaf edir və şöhrət tapırdı.
Firudin Şuşinski rus dilində nəşr etdirdiyi "Şuşa" adlı əsərində yazırdı: "Azərbaycan Elmlər Akademiyasında olan məlumata görə, XIX əsrdə Şuşada 95 şair, 22 musiqişünas, 38 müğənni, 16 heykəltəraş, 5 astronom, 18 arxitektor, 16 həkim və 42 müəllim olmuşdur. Bu böyük ziyalı dəstəsi Şuşanı mədəniyyət mərkəzinə çevirirdi.
Şuşada anadan olub və orada yetişən Azərbaycan məşhurlarının bir neçəsini təxminən belə sıralamaq mümkündür. Azərbaycan ədəbiyyatında yetişən görkəmli lirik-satirik şair Qasım bəy Zakir (1784-1857), məşhur xeyriyyəçi, Azərbaycanın tanınmış şairə və rəssamı, Qarabağ xanı Mehdiqulu xanın qızı Xurşidbanu Natəvan (1832-1891), İbrahim xanın qızı, məşhur xeyriyyəçi Gövhər Ağa, musiqişünas, astronom, çoxşaxəli elmi yaradıcılıq fəaliyyəti ilə məşhur olan, 21 kitabın müəllifi Mir Möhsün Nəvvab (1833-1918), Azərbaycan ədəbiyyatına 500-ə yaxın şeir bəxş etmiş Fatma xanım Kəminə (1840-1898), şairə Ağabəyim Ağa (1780-1832), Azərbaycan ədəbiyyatının klassikləri Nəcəfbəy Vəzirov (1854-1928), Əbdürrəhim bəy Haqverdiyev (1870-1933), məşhur yazıçı Yusif Vəzir Çəmənzəminli (1887-1943), məşhur jurnalist Qasım bəy Vəzirov (1868-1916), məşhur tədqiqatçı-alim, pedaqoq Firudin bəy Köçərli (1863-1920), Azərbaycan klassik musiqisinin iftixarı Üzeyir Hacıbəyov (1885-1948), Niyazi, Əfrasiyab Bədəlbəyli, Fikrət Əmirov kimi bəstəkarlar, dünya şöhrətli General Səməd bəy Mehmandarov kimi böyük şəxsiyyətlər Şuşada doğulmuş, orada yaradıcılığa başlamışlar.
Məşhur xanəndələr Hacı Hüsü, Cabbar Qaryağdıoğlu, Məşədi İsi, Keçəçi oğlu Məmməd, Sadıq Əsəd oğlu (Sadıqcan), Seyid Şuşinski, Bülbül, Xan Şuşinski, Rəşid Behbudov kimi dünya şöhrətli xanəndə, musiqiçilərin adı da Şuşa ilə bağlıdır.
Ədəbi mətnlərdə və qaynaqlarda "Şişə", "Şuşa", "Pənahabad", "Qala", "Qələ" kimi qeyd edilən möcüzə təbiətli, təmiz havalı, təmiz çeşməli, tarixi abidələri, özünəxas şəhər yaşayış məskəni olan Şuşa haqqında Azərbaycan ədəbi salnaməsində xeyli şeir nümunələri var. Bu nümunələrin tarixi Şuşanın tarixi ilə başlayır.
Məlumdur ki, ədəbi və tarixi mənbələrdə Şuşa şəhərinin adı XVIII əsrin 50-ci illərindən çəkilir. Bu da Şuşa şəhərinin, Şuşa qalasının o illərdə Azərbaycanın Qarabağ xanlığı torpağında inşa edilməsi ilə əlaqədardır.
Qarabağ xanlığı illərində Azərbaycan şairi M.P.Vaqif hələ Şuşada müəllimlik etdiyi vaxt Şuşaya olan sevgisini, oranı özünə məkan seçdiyini bir şeirində belə ifadə edirdi.
Məkan tutdisə Vaqif, yox əcəb, bu Şişə dağında,
Məqami ləli gülrəngin miyani-səngixaradır.
Qarabağ xanı İbrahimxəlil Cavanşirin hakimiyyəti illərində xanın vəziri olarkən M.P.Vaqif müasiri olduğu M.V.Vidadi ilə deyişməsində Qarabağın musiqi məkanı, şeir-sənət diyarı olduğunu söyləyirdi:
Külli Qarabağın abi-həyatı,
Nərmi-nazik bayatıdır, bayatı,
Oxunsa məclisdə xoş kəlimatı,
Ox kimi bağrını dələr, ağlarsan!
XIX əsrin böyük satirik və lirik şairi Qasım bəy Zakir Şuşada anadan olmuş və Şuşada vəfat etmişdi. Qəbri məşhur Mirzə Həsən qəbiristanlığındadı. Ömrünün çoxunu Mehdiqulu xanın ona bağışladığı Xındırıstan kəndində keçirmişdi. Qasım bəy Zakir şeirlərində "Şişə qalası", "Əhli-Şişə", "Şişə", "Qələ" və Şuşa ifadəsini işlədirdi.
Cəfərqulu xana yazdığı bir şeirdə Qasım bəy Zakir:
Bu şəhri-Şişədə gər bizi şişə taxsalar xoşdur,
Ki, həmsöhbət bizə ol növi-qövmi-bihesab olsun.
Zamanın satirik şairlərindən Baba bəy Şakir (1780-1845) (o həm də Qasım bəy Zakirin qohumu və dostu idi) Zakirə yazdığı bir şeirində Şuşa şəhərini "Qala" kimi ifadə edir. Çünki o zaman Şuşaya el arasında "Qala" da deyilirdi.
Zakira, eşitdim tazə bir xəbər,
Həqiqətdə qoydu məni xeyli mat.
Zahirən ki, seçirlərmiş Qalada,
Tərəf-tərəf olub bəylər deputat.
Əslən şuşalı olub, Şuşada doğulan və 80 yaşında Şuşada dünyasını dəyişən Mirzə Həsən Qarabaği müasirləri arasında gözəl məsnəvi yazan şair kimi tanınmışdır. Onun Qarabağ mühitindəki ictimai bəlalarından, adət-ənənələrdən bəhs edən "Rəsmi - vilayəti Qarabağ və şəhəri - Şişə" ("Qarabağ vilayəti və Şuşa şəhəri") adlı əsərində də Şuşa şəhəri Şişə kimi ifadə edilmişdir.
Xan qızı Xurşidbanu Natəvana xüsusi hörmət bəsləyən Mirzə Həsən Qarabaği Natəvanı Şuşanın istedadlı şairi və rəssam kimi tərənnüm edərək onun çəkdiyi rəsmlərə şeirlər həsr etmişdir:
Sən Şişə içində türfə cansan,
Həm cismilə can üçün təvansan.
Sənsiz nədi Şişənin nəmudi?
Gəlməz nəzərə onun vücudi
- deyə Xurşidbanu Natəvanın Şuşa şəhərində xeyriyyəçi xidmətini xüsusi vurğulayır (Bax: Mirzə Həsən Qarabaği. Seçilmiş əsərləri. Bakı, 1973, səh.106).
Yusif Vəzir Çəmənzəminlinin "Qan içində" romanında mərkəzi Şuşa şəhəri olan Qarabağ xanlığındakı bir dövrün tarixi əhvalatı qələmə alınır. Romanda Şuşa şəhərinin Şərq cəhətindəki Bağrıqan dağının adı çəkilir. Romanda Şuşa şəhərinin adı Şişə kimi ifadə edilir.
Romanda yazılır: "...İbrahim xan Qarabağa qayıdanda qardaşı Mehralı bəylə arasında səltənət davası düşmüşdü. İbrahim xan qaynı Avar xanın köməyi ilə qardaşını Şişədən çıxarıb, Qarabağ xanı olmuşdu (Bax: Y.V.Çəmənzəminli. Əsərləri. II cild. Bakı, 1978, səh.489).
Məlumdur ki, "Qarabağ şikəstəsi" bütöv Qarabağın, "Xarıbülbül" isə Şuşanın simvoludur. Təsadüfi deyildir ki, Səməd Vurğunun Şuşa şəhərində ustad xanəndə Xan Şuşinskiyə bədahətən söylədiyi
Könlüm keçir Qarabağdan,
Gah o dağdan, gah bu dağdan,
Axşamüstü qoy uzaqdan,
Havalansın Xanın səsi,
Qarabağın şikəstəsi
- şeiri hər zaman xalqın dilində əzbər olmuşdu.
Sovet dönəmi illərində də Şuşa haqqında poeziya nümunələri yazılmışdır.
Xalq şairi Rəsul Rzanın "Şuşa" (1947), "Şuşam mənim" (1980), Nəbi Xəzrinin "Şuşanın yolları" (1954), Mirvarid Dilbazinin "Şuşa", Arif Abdullazadənin "Şuşada" şeirlərində Azərbaycanın gözəl, füsunkar şəhəri Şuşa şəhərindən heyranlıqla söhbət açılır, yüz zinəti, yüz rəngi olan bu əsrarəngiz torpaqda insanın nə qocalmayacağı, nə də ölməyəcəyi ehtimalı dilə gətirilir. Rəsul Rza "Şuşam mənim" şeirində "Pənahların yadigarı, nur parçası", "Cabbarın, Seyidin, Nəvvabın, Üzeyirin, Bülbülün nəğməsi" olan Şuşanın tarixdə heç bir fatehə, müxənnətə baş əymədiyindən, yandırdığı neçə-neçə milli sənət çırağından, Cıdır düzündən söhbət açaraq yazır:
Səni bircə dəfə görən,
Bir könüldən, min könülə,
Sənə aşiq, bənd olmuşdur,
Qarabağın yaraşığı!
...Şuşam mənim.
Mətanətlə, dəyanətlə,
Səxavətlə qoşam mənim.
(V cild, səh.42-43)
Arif Abdullazadənin "Yağışı sel, doğuşu gül" olan şeirində Şuşanın tarixi xatırlanır:
Bu Şuşada İbrahim xan qalası da,
Natəvanın yarası da,
Qacarın son gecəsi də,
Üzeyrin ilk nəvası da,
Zakirin qübarı da,
Vaqifin məzarı da,
Yan-yana axıb gedər
Zamanın sinəsindən.
Qayalar səf-səf durar,
Uçurumlar titrəşər,
Əli sağ qulağında,
"Aman" deyib çağlayan,
Bir uşağın səsindən.
Məmməd Arazının, Xəlil Rza Ulutürkün, Ənvər Əhmədin, Zivər Ağayevanın Şuşaya həsr etdikləri poeziya nümunələri də Şuşa şəhərinə, onun şeir-sənət abidələrinə, əsrarəngiz gözəlliyinə, tarixi varlığına həsr edilmişdir.
Xalq şairi Məmməd Araz 1979-cu ildə yazdığı "Şuşada bir gecə" adlı şeirində
Bu gecə gecənin son qatındayam,
Bu gecə bir qəndil qanadındayam
- deyə bu möcüzə şəhəri bir çilçıraq şəhəri kimi vəsf edir və dağ başında salınan Şuşaya "fəzadan asılan çilçıraq şəhər" deyir.
Xalq şairi Xəlil Rza Ulutürk 1979-cu ildə "Şuşa səfəri" adlı lirik poemasında sal qayalı, məğrur görünüşlü Şuşanı "mərmər qəsrlərin ağappaq nuru" adlandırır və şəhəri heyranlıqla vəsf edərək belə poetikləşdirirdi:
"Şüşə deməliyəm bəlkə də sənə,
Şüşədən işıqlı, mərmər şəhərim.
Dağ bülluru kimi pardaxlı, parlaq,
Mənim yaqut qalam, gövhər şəhərim.
Şair bu gözəl şəhərdə onlarca bulaq adını tarixləşdirir. "İsa bulağı", "Qoşabulaq", "Aydın bulağı", "Südlü bulaq", "Nağıllar bulağı" və s. bulaqların adını çəkir və yazır:
"İsgəndər tapmadı dirilik suyu,
Gəlsin nişan verim neçə qaynağı"
- deyərək hər bulağın bir dirilik suyu olduğunu əfsanələşdirir.
Şairə Zivər xanım Ağayeva Şuşanın 1992-ci ildə erməni terroristlər tərəfindən işğal edilməsindən səkkiz il əvvəl, təxminən 1980-ci ildə yazdığı "Şuşa" şeirində tarixin daş yaddaşında yaşayan nəğmələr ocağı ulu torpağımızın sehrkar görünüşünə heyranlığını belə ifadə edir:
Bir yanı göydələn zirvə düzümü,
Bir yanı tər-təzə zümrüd meşəli,
Baxıram ətrafa elə bil Şuşa,
Dağların ovcunda büllur çeşmədi.
Şuşanın Azərbaycan musiqi mədəniyyətinin şah əsəri olduğunu əslən qarabağlı (ağcabədili) olan, uzun müddət Xankəndidəki universitetin dosenti olan Ənvər Əhməd bir şeirində belə poetikləşdirir:
Şuşa qalam, taxtı-tacım,
Xoş avazım, səs paytaxtım.
Aşağıdakı iki misrada isə Ənvər Əhməd dağ üstə salınan, dağ ürəkli, dağdan doğulduğu üçün dağ vüqarlı olan Şuşanın gözəlliyinə fəlsəfi bir don geydirir:
Şuşa, daş kəmərli gözəl şəhərim,
Daş üstə doğulan qızıl səhərim.
1992-ci ilin mayın 8-də erməni terrorçuları Şuşaya daxil olub, mayın 9-da xaincəsinə şəhəri işğal etdilər.
Tarixçi-alim, əslən ağdamlı olan Əsgər Abdullayev "Qarabağ faciəsi" adlı əsərində yazır: "Şuşanın işğalı ilə 190 hektar qoruq zonası, 235 tarixi abidə, 870 metr uzunluğunda olan qala divarları və 450 hektar ərazidə yerləşən Daşaltı Dövlət Təbiət ərazisi məhv edilmiş oldu. "Hacı Yal" adlanan ərazidə isə iki minə qədər palıd ağacı kəsilib xaricə satıldı. Topxana meşəsi qırılıb talan edildi və 50 evdən ibarət olan Zarıslı kəndi tamamilə dağıdıldı". (Bax: Əsgər Abdullayev. "Qarabağ faciəsi". Bakı: Azərbaycan Dövlət İqtisad Universitetinin nəşri, 2016, səh.125-126).
Vahid Aslanın "Yağış havası" kitabında Şuşanın işğalından sonrakı illərlə bağlı olan şeiri var.
Xarıbülbülün eyni pərişan halını şairə Rüzgar Əfəndiyeva "Xarıbülbül" şeirində:
Şuşa indi sənə qəfəs,
Bu nə tale, nə kəsəkəs?
- deyə yad nəfəsində tənha qalan çiçəyə səbr etməyi, solmamağı ürək ağrısı ilə tövsiyə edir və
Solma yadın nəfəsində
- deyir.
Dəmir Gədəbəyli isə Xarıbülbülü belə poetikləşdirir:
Bir millətə ar olsan da,
Əzablara yar olsan da,
Həsrətindən saralsan da,
Solma, yaşa, Xarıbülbül.
Görkəmli Azərbaycan bəstəkarı Vasif Adıgözəlovun 2003-cü ildə səhnəyə qoyulmuş "Natəvan" operası Azərbaycanın görkəmli şairi, Qarabağ xanının qızı Xurşidbanu Natəvanın 150 illik yubileyinə həsr olunmuşdur.
Ruhun şad olsun, Xan qızı Natəvan xanım! Xilaskarımızı Allah qorusun. O sənin xalqının müzəffər ordusu və bu ordunun Müzəffər Sərkərdəsi, Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adı ilə tarixləşən Azərbaycanın düşmən üzərindəki zəfəridir.
Şair Məmməd Aslan isə "Xan qızı hönkürə bu dərdi ey kaş" adlı şeirində "Dağ başında yerləşən Şişənin (Şuşanın) min dürlü guşəsinin, İsa bulağının nəşəsini xatırlayır, bu füsunkar şəhərin işğalına özü də ağlayaraq
Pənahəli xanın çatlasın bağrı,
Xan olan gəlməzmi mülkünə doğru
- deyə, sanki Şuşanın qurucusu Pənahəli xanı köməyə çağırır.
Ancaq bu kömək müzəffər Azərbaycan ordusundan, onun Baş Komandanı, Azərbaycanın əzmkar Prezidenti İlham Əliyevdən gəldiyi 1992-ci ilin 8 mayında işğala uğramış Şuşa şəhəri 2020-ci ilin 8 noyabrında, 28 ildən sonra öz sahiblərinə qovuşdu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məğrur səsi ucaldı: "Əziz Şuşa, biz qayıtmışıq", "Əziz Şuşa, biz səni dirçəldəcəyik", "Şuşa bizimdir!", "Qarabağ bizimdir!". Qalib Prezident məğrurluqla bir daha elan etdi: "Bu torpağın sahibləri qayıdıb. Əlində bayraq, əlində silah, ürəyində Vətən sevgisi", "Əbədi yaşayacağıq bu torpaqlarda".
Məğrur Ali Baş Komandan, Azərbaycanımızın Prezidentinin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusu mənfur düşmənləri Şuşadan qovdu, Şuşa öz sahiblərinə qucaq açdı. Şair Damət Kərimli isə bu qovuşmanı, bu sevinci "Şuşan gəlir qucağına" şeirində xronoloji ardıcıllıqla belə poetikləşdirdi:
Aç qoynunu, Azərbaycan,
Balan gəlir qucağına.
Neçə ildir həsrətinlə
Yanan gəlir qucağına.
Yurd-yuvası talan olan,
Yayda yanan, qışda donan,
Sularına həsrət qalan,
Sonan gəlir qucağına.
Çəkilib qara buludlar,
Azad olub əsir yurdlar,
Durulubdu sellər, sular,
Saran gəlir qucağına.
Bəhrələnib Xarıbülbül,
Vəcdə gəlib susan bülbül,
Necə sevinməsin könül,
Şuşadan gəlir qucağına.
Üzeyirin, Natəvanın,
Seyidin, Cabbarın, Xanın,
Böyük söz, sənət ocağın,
Şuşan gəlir qucağına.
Pənah xan qoymuş təməlin,
Tarixə yazmış əməlin,
O müqəddəs, ulu yerin,
Şuşan gəlir qucağına.
Qarabağda yazdı dastan,
İlham, Ali Baş Komandan,
Döyüşlərdə zəfər çalan,
Paşan gəlir qucağına.
Ruhu şaddır şəhidlərin,
Yenilməzdi igidlərin,
Dağ vüqarın, qürur yerin,
Şuşan gəlir qucağına.
Düşmənindən alıb bacı,
Qəlbində yox ağrı, acı,
Qarabağın başının tacı,
Şuşan gəlir qucağına.
Aç qoynunu, Azərbaycan,
Balan gəlir qucağına.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!