Hər bir xalqın tarixi əfsanələrdən və onun tapındığı inanc sistemindən başlayır. Biz Şumer, Misir, Qədim yunan, Çin, Hindistan kimi sivilizasiyaların tarixini və mifologiyasını yaxşı bilirik. Bunları orta məktəb dərsliklərində, müxtəlif kitablarda oxumuşuq. İslam və xristian mifologiyası da bizim məişətimizin ayrılmaz hissəsidir. Əksər türk xalqları kimi, azərbaycanlılar da öz inanc sisteminə görə İslam dünyasına mənsubdur. İslamdan öncə Azərbaycan ərazisində zərdüştilik və xristianlıq kimi dinlər mövcud olub. Lakin bu dinlərin uzun əsrlik mövcudluğu, xalqın genetik yaddaşına hopmuş əski türk inancının - tanrıçılığın izlərini hələ də tamamilə silə bilməmişdir. Tanrıçılığın izlərini bu və ya digər formada bütün türk xalqlarında müşahidə etmək mümkündür. Dağa, ağaca, suya inam, məişətdə bu gün də istifadə edilən rituallar bu gün də yaşayır, amma bu inam xalqın təfəkküründə İslam libasına bürünüb, yəni ayrı inancların zamanı gəlib, ayrı tapınaqlar dəbdədir indi. Lakin genetik yaddaş qəribə şeydir, günlərin bir günü unudulan tarix oradan baş qaldırır. Doğrusu, türklər öz göy tanrılarını həmişə xatırlamışlar, müsəlman türklər bu günə qədər yaradıcıya Allahla bərabər Tanrı deyə müraciət edirlər.
Tanrıçılıq türklərin qədim dinidir və onun yaranma tarixi cox-cox qədimlərə uzanır. Onun harada yarandığı da bəlli deyil. Avrasiyanın geniş ərazilərində köçəri həyat tərzi sürən tayfaların və xalqların əksəriyyətinin mədəniyyətində Göy Tanrı inancının izlərini tapmaq mümkündür. Amma bu inanc sistemindəki təkallahlılıq elementləri onun Yaxın Şərq mənşəli olduğunu söyləməyə əsas verə bilər.
Qədim Türklər savaşçı və təşəbbüskar insanlar idi. Onların cahangirlik iddiaları min illərlə tapındıqları Göy Tanrı inancından gəlirdi. Tək Tanrı bütün dünyaların hökmdarı olduğu kimi, onun göndərdiyi kağan da yer üzünün tək hökmdarı olmalı idi. Bu amal uğrunda savaşan türklərin həyatı elə amansız döyüşlərdə keçirdi ki, bəzən böyük çayların rəngi də qan qırmızısı olurdu. Bu döyüşlərdə o qədər çox oxlar atılırdı ki, göy üzü, sanki qartal lələkləri ilə örtülürdü.
Amma onların həyatı yalnız savaşlardan ibarət deyildi, onlar şəhərlər salır, mədəniyyətlər yaradırdılar. Yer üzündə var olmuş hansı böyük mədəniyyəti eşələyirlər, oradan türk izi çıxır. Şumer, Misir, etrusk... saymaqla qurtaran deyil. Göy Tanrı inancının sonuncu təntənəsi Çingiz xan tümenləriylə birgə az qala dünyanın yarısına yayıldı və sonda daha gənc və mütərəqqi dinlərin içində əridi. Xüsusən İslam və tanrıçılıq arasında ümumi cəhətlər çox idi və din onların fütuhhat iddialarına daha çox cavab verirdi. İslam türklərin milli kimliklərini saxlamasında da mühüm rol oynadı. Digər dinləri qəbul etmiş türklərin əksəriyyəti assimilyasiyaya uğradı və milli kimliyini unutdu. Buna baxmayaraq onlar öz qədim inanc sistemlərini qəbul etdikləri dinlərə daxil edə bildilər. Bu gün katoliklərin də, pravoslavların da, qriqoryan kilsəsi tərəfdarlarının da ayinlərində çoxsaylı tanrıçı elementləri var.
Yeni dinlər özüylə yeni təsəvvürlər gətirirdi və zaman-zaman türklərin dünya təsəvvürü də dəyişirdi. Vaxt ötdükcə onlar özlərinin möhtəşəm keçmişini unutmağa başladılar. Qədim əsatirlər və əfsanələr unuduldu. Onların yerini yeni dinlərin gətirdiyi miflər tutdu. Biz həmin unudulan mifləri xatırlamağa, görkəmli fransız tədqiqatçısı Jan Pol Runun "tenqrizm" adlandırdığı dünya qədər qədim və möhtəşəm o inanc sisteminin mahiyyətini anlamağa çalışırıq. Bu posesdə əsas cətinlik törədən cəhət odur ki, qədim türklərin inanc sistemi, tanrı panteonu və mifologiyası barədə yazılı mənbələr çox azdır. Biz bu barədə məlumatları əsasən daş abidələrdəki yazılardan və qismən də Çin mənbələrindən alırıq. Həmin mətnlər qədim türk mifologiyası və inanc sistemi barədə tam təsəvvür yaratmasa da, elm adamları onlardan çıxış edərək həmin dövrün mifik təfəkkürünün ümumi obrazını rekonstruksiya etməyə çalışmışlar. Biz də məlum yazılı mətnlərdən çıxış edərək, qədim türklərin tanrılar və dünyanın modeli barədə təsəvvürlərini günümüzün açısından canlandırmağa çalışacağıq.
Orxon abidələrindəki mətnlərdə türklərin tapındığı yalnız üç tanrıçanın adı çəkilir - Tenqri, Umay, İduk Yer-Sub. Aldığımız məlumatlarda, onlar arasında Tenqrinin daha yüksək mərtəbə tutması və funksiyalarının univesallığı qabarıq sezilir. Ancaq bir çox tədqiqatçılar qədim türklərin inanc sisteminin bir neçə qədim qatlardan oluşduğunu qeyd edirlər. Q.Derferin fikrincə, "qədim türk dini üç qata bölünə bilər: totemist, şamanist və sit venia verbo, tenqriçi". (Dёrfer, II, 580).
Orxon abidələrində adları çəkilən tanrıçaların spesifik funksiyaları və hakimiyyət pillələri barədə birbaşa məlumat verilmir. Qədim türk tanrı panteonunu bərpa etməyə çalışan İ.Stebleva onu türklərin üçqatlı dünya təsəvvürlərinə (üst, orta, alt dünya) uyğunlaşdıraraq "səviyyələrə" ayırır. (İ.Stebleva. K rekonstruküii. s.213-217). Burada yüksək səviyyə Tenqriyə, ikinci səviyyə Umaya, üçüncü səviyyə Yer-Suba, dördüncü səviyyə əcdad kultuna aid edilir. Panteonun başında isə Tenqri yerləşir. Tanrıçaları, canlıları və ruhları öz içində birləşdirən üçqatlı dünya təsəvvürü üfüqi (horizontal) və şaquli (vertikal) aləmləri öz içinə alır və çox qədimlərə aid edilir. Bir çox türk xalqlarının inanc sistemində (yakut, tuva) yaşayan bu təsəvvürə biz Etruskların inanc sistemində də rast gəlirik.
Qədim türk panteonunda baş tanrı Tenqridir. Üst dünyanın tanrıçası Tenqri digər tanrıçalarla birgə dünyada baş verən bütün hadisələrə hökm edir, insanların taleyini müəyyənləşdirir. Amma Tenqri həyatın müddətini (qədəri) müəyyənləşdirsə də (KTb, G.Kloson. Notes, s.21); "kişi oğullarının" doğuluşunu Umay, ölümünü isə Erkliq tənzim edir. Xalqlara xaqan və xaqanlara müdriklik verən də Tenqridir.
Artım ilahəsi Umay yeni doğulanların hamisidir. VII əsrdə xristian Albaniyasının yepiskopu İsrael Qərbi türklərdə olan "Afrodita kahinələrindən" söhbət açarkən yəqin ki, Umayı nəzərdə tutur. (İstoriə aqvan Moiseə Kaqankatvaüi. SPb. 1861). X əsr Uyğur mətnlərində o "edgiiliig Uma-qatun"-"şəfqətli Uma-xatun" kimi təqdim olunur və türk-buddist panteonuna daxil edilir. Umay Tenqri ilə birgə döyüşçülərin hamisidir. Əgər türk xaqanı Tenqriyə bənzərdisə (teqriken), onun xatunu Umay sayaqdır: "Umajteg ogim qatun" - "Xatun anam Umay sayaqdlr". Buradan xaqan-xatun cütlüyünün Tenqri-Umay cütlüyü ilə eyniləşdirən bir təsəvvürün mövcudluğunu ehtimal etmək olar. Kudırqanda daş sütun üzərində həkk edilmiş bir rəsmdə əsgərlər nəhəng və yavuz bir sifətə (Tenqrixan), üçbuynuzlu baş geyimi olan qadına (Umay) və daha bir nəfərə (Yer-Sub - maraqlıdır ki, burada təsvir olanan üçüncü personaj uşaqdır. Yerdəki yarıqdan-mağaradan çıxaraq etrusklara dini bilgilər verən tanrıça Taq da uşaq görkəmində idi) təzim edirlər.
Orta dünyanın hakimi "yduq Yer-Sub" dur. Orxon yazılarında bu tanrıçanın adı heç yerdə ayrıca çəkilmir, o ya Tenqri və Umayla, ya da Tenqri ilə bir yerdə türklərə hamilik edir və suçluları cəzalandırır. Yenisey yazılarında epitafiyanın Alt dünyaya yollanan qəhrəmanı ayrıldığı üst dünyanın atributları Günəş, Ayla birgə, Orta dünyadan, "jerim subym"da doymadan getdiyini bildirir. (S.Malov. Eniseyskie pisğmennosti MEPT, № 11, s.31; № 45, s.81). Bir çox müəlliflərin məlumatına görə, türklər Yer tanrıçasına xüsusi ehtiram göstərirdilər. Məsələn, bizanslı Feofil Simokatta yazır ki, "türklər torpağa himnlər oxuyur".
(Feofilakt Simokatta. İstoriə, s.161). M.Kaqankatvatsi "torpağa alqış deyən", "torpağa və suya qurbanlar verən" Xəzər cadugarlarını zikr edir. Çin mənbələrində VI əsrdə türklərin tapındığı dağ "Yerin tanrısı" adlandırılır. (Liu Mau-tsai. Die chinesischen Nachrichten, Bd l, c.10). Bunu tanrının yaşadığı məkan kimi də ifadə etmək olar. Dağ zirvələri kultu qədim türklərin Yer-Sub inancının bir hissəsiydi.
Orxon abidələrində Üst və Orta dünya barədə müəyyən məlumat tapmaq mümkün olsa da, "üçqatlı dünya" konsepsiyasına uyğun olaraq, Alt dünya barədə heç bir məlumat verilmir. Amma biz digər qədim türk mətnlərindən alt dünyanın hakimi, tanrıça Erkliq barədə məlumatlar əldə edə bilirik. (Bu gün şamanist Sibir xalqları Erkliqi monqol deyimində, Erliq-xan kimi ifadə edirlər. (Kloson, 224).
Türk yazılı mətnlərində Erkliqin adı və funksiyaları hələlik əldə olan ən qədim məlumat Altın-göl abidəsinin səkkizinci sətrində verilir. Bu mətn qırğız xaqanı Inançu Alp Bilgəyə yazılmış epitafiyadır (Bars-beqa, sr. KTb, 20) və yazılma tarixi də dəqiqdir - b.e.-nın 711-712-ci illəri. Mətn tanınmış sovet türkoloqu S. Klyaştornı tərəfindən oxunub: "Biz dörd nəfər sanlı idik, Erkliq bizi ayırdı. Əfsus!". (S.Q.Kləştornıy. Stelı Zolotoqo ozera. - Turcologica. K semidesətiletiö akad. A.N.Kononova. L., 1976, s.261-264.). Bu mətndə Erkliqdən başqa, Bürt adlı ölüm mələyinin də adı keçir.
Erkliq barədə daha bir yazılı məlumata biz 930-cu ildə maniçi uyğurlar tərəfindən türk əlifbası (run) ilə yazılmış "Irk bitik" - "Fal kitabında rast gəlirik. (W.Bang, A. v. Gabain. Türkische Turfan-Texte. I, s.242-243). "Bitik"də Erkliqin adı üç yerdə (XII, LV, LXV məsəllər) çəkilir.
Birinci mətn:
(XII) (e)q: (a)bqa: b(a)rmy§: ta-yda; q(a)ml(a)mys46 t(e)gride: (e)rkl(i)g: tir: anca: bilipl(e)r: j(a)b(y)z: ol.
Tərcüməsi: "Ər ova varmış. Dağda qamlamış. Teqridə (göydə) Erkliqdir der (hakim). Bilin - bu günahdır". (transkripsiyası Klyaştornı, tərcüməsi Elxan Zal)...)
Burada maraqlı cəhət, maniçi kahinin suç sandığı tanrıçı türk təfəkkürü Erkliqi göydə (tenqridə) təsəvvür etməsidir.
İkinci mətn:
(a)lp: (e)r: oyly: su"ke: b(a)rmys: su: jirinte: (e)rklig: s(a)bcy; tor(e)tmis: tir: (e)bin"(e)ru: k(e)ls(e)r: o"zi: at(a)nmys": o"gr(u")ncu"lu"g: (a)ty: jetiglig: k(e)lir: tir: (a)nca: bilin"l(e)ri (a)nyy": (e)dgi":
Tərcüməsi: Alp ər oğlu savaşa getmiş. Savaş yerində Erkliq (ona) mərhəmət göstərmiş. Deyir: evinə gələndə özü addımlamış. Oğrunçuluq (məşhur olmayan) adı yetkinləşib gəlir. Bilin: bu çox yaxşıdır.
Çox maraqlıdır ki, Alt dünya hökmdarı, ruhlar üçün yerikləyən Erkliq savaşçılara himayədarlıq edir, mərhəmət göstərir.
LXV:
(a)nc(i)p: (a)lqu: k(e)ntii: u"lu"gi: (e)rklig: ol:
V.Tomsen bunu belə tərcümə edib. "Hər kəs öz taleyinin sahibidir". V.Orxun, İ.Stebleva, C.Klosonun tərcümələri də Tomseninkindən cüzi fərqlənir. (s.625, statğə iiliig). S.Malovun tərcüməsi: "Hər kəsin belə əzəmətli fərqlənən taleyi var! (S.Malov. Pamətniki drevnetörkskoy pisğmennosti. MPDP, s.91). Bu tərcümələrdə hörmətli türkoloqlarda çaşqınlıq yaradan "ulug" və "erkliq" sözləridir. "Uluq" xoşbəxtlik kimi, "erkliq" isə sahib, əzəmətli kimi anlaşılmışdır. Biz Klyaştornının tərcüməsini orijinala daha yaxın hesab edirik. "Hər kəsin və hamının qədəri Erkliqdədir. (Erkliqin əlindədir). Bunu daha dəqiqləşdirsək belə ifadə etmək olar: "Hər kəs öz uluğunu (uğurunu) Erliqdən alır.
Mətnlərdən gördüyümüz kimi, Erkliq heç də Yeraltı dünyanın amansız və qorxunc tanrıçası kimi təsəvvür edilmirmiş. O, can almaqla bərabər, göydə də (tenqridə) təsəvvür edilir, savaşda uğur verir, qədər müəyyənləşdirir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!