Bədirxan ƏHMƏDLİ
"Xalicdən gələn qız"; iki roman, bir konsepsiya
Qurban Səid təxəllüsü ilə Avstriyanın Vyana şəhərində dərc edilən ikinci roman "Xalicdən gələn qız" ("Qızıl buynuzdan gələn qız", "İstanbullu qız" adı ilə də dərc edilir. Türkcə "İstanbullu qız" adı ilə nəşr edilmişdir (2005)) əsəri də çəmənzəminlişünasların fikrincə, Y.Vəzirindir. Bunu məntiq də tələb edirdi; əgər Qurban Səid təxəllüsü Y.Vəzirindirsə və bu təxəllüslə iki roman nəşr edilibsə, demək, hər iki əsərin müəllifi eyni yazıçıdır. Hərçənd məntiq tələb edirdi ki, bir az da irəliyə gedərək hələ əlyazma şəklində olan "Sevgidən bixəbər kişi" romanının da Y.Vəzirə aid olunması üçün "sübut"lar tapılsın. Ancaq bu lap ağ olardı, çünki əlahəzrət əlyazmanı danmaq mümkün deyil...
Hər hansı bir əsərin kimə məxsus olmasını sübut etmək üçün bəzən əlyazmaya da ehtiyac qalmır. Azərbaycan ədəbiyyatı tarixinin çox görkəmli şair və yazıçılarının əlyazması qalmayan o qədər əsərlər vardır ki... Onda belə çıxır ki, əlyazması olmayan, hər hansı bir təxəllüs altında çıxan bu əsərlərə iddia etmək mümkündür. Onlarca əsərin əlyazmasının olmamasına rəğmən, biz bu əsərlərin müəllifini tanıyır və onun hesab edirik; əsərin yazıldığı mühit, zaman, məkan, gündəliklər, məktublar, ədəbi proses, müasirlərinin yazdıqları, mətbuat və s. faktorlar əlyazma olmadan belə həmin əsərin kimə məxsusluğunu təsdiqləyən əlavə arqumentlərdir. Müasir çəmənzəminlişünaslar (klassik çəmənzəminlişünaslar bu cür səhvlər etməyiblər!) "Xalicdən gələn qız" romanının Y.Vəzirə aid olduğunu bütün araşdırmalarda yazsalar da, bu romanın ona aid olması ilə bağlı gətirilən arqumentlər, ehtimallar irəli sürə bilmirlər. Çəmənzəminlişünaslar əgər "Əli və Nino"nun Y.Vəzirə aid olmasına dair, heç olmazsa, zəif də olsa, yüz bir ehtimal gətirirlərsə, "Xalicdən gələn qız" romanının ona aid olmasını təsdiq edəcək cəmi bir neçə ehtimal üzərində dayanılır. Onların bütün səyləri "Əli və Nino" romanının Əsəd bəyə aid olmamasına fokuslanmışdır. Lakin anlayırlar ki, əgər Qurban Səid təxəllüsü ilə yazılmış "Əli və Nino" romanına iddia edirlərsə, "Xalicdən gələn qız" romanına da eyni şəkildə iddia etmək məntiqəuyğundur (B.Bleyer elə belə də yazır!). Doğru arqumentdir; "Əli və Nino" romanı kimindirsə, "Xalicdən gələn qız" romanı da onundur! Yaxud əksinə! Bu, birmənalı şəkildə belədir...
Əgər "Əli və Nino"da Y.Vəzirin tərcümeyi-halı ilə uyğun gələn bəzi ehtimallar var idisə (bu ehtimalların doğru olmadığını əvvəlki məqaləmizdə isbat etmişik!) "Xalicdən gələn qız" romanında bu cür əl tutası ehtimallar yox dərəcəsindədir. Yenə də bu iki əsərin müəllifinin eyni şəxs olduğunu və bu şəxsin Y.Vəzir olmadığını sübut edəcək arqumentlərin, sənədlərin və bədii mətnin məntiqi ilə hərəkət edək.
"Xalicdən gələn qız" romanının ədəbi həyatı "Əli və Nino" kimi parlaq olmasa da, bir ədəbiyyatşünas kimi bu qənaətdəyəm ki, sənətkarlıq baxımından heç də ondan zəif əsər deyil, bəlkə də bir çox parametrlər baxımından qüvvətlidir. Çünki "Əli və Nino"dan sonra Əsəd bəyin bədii roman təcrübəsi artmış görünür. Maraqlıdır ki, ingilis tədqiqatçısı Dr. Barazon da bu romanda "Əli və Nino"dan daha yaxşı ədəbi səviyyə nümayiş etdirildiyi qənaətindədir (T.Reiss, Orientalist, s. 408). O.Aras da bu fikirdədir ki, bu əsərdə "xarakterlər "Əli və Nino"da olduğu kimi mükəmməl" olmasa da, "dialoqlar çox uğurludur" (O.Aras. Əsəd bəy-Qurban Səid; gizlinlər və gerçəkliklər. B., 2020, s.90). Fikrimcə, "Əli və Nino"dakı publisistikaçılıq, tarixi hadisələrə münasibətdəki ziddiyyətlər burada yoxdur. Bu əsər bədii bütövlük baxımından daha mükəmməldir. "Əli və Nino"nu uğurlu edən onun iki ayrı millətdən olan gənclərin sevgisinin orijinal süjet xətti, cümhuriyyət sevgisi və həmin dövrdən bəhs etməsidir. Ancaq bir bədii roman kimi "Xalicdən gələn qız" romanının üstün cəhətləri vardır. Təəssüf ki, "Əli və Nino" kimi, bu əsər də Azərbaycanda yetərincə araşdırılmayıb. Halbuki "Xalicdən gələn qız" romanı Azərbaycan mühacirət ədəbiyyatının ən yaxşı nümunələrindən biridir. Ədəbi cameəmizin bu əsərə və bütövlükdə Əsəd bəy yaradıcılığına bu dərəcədə etinasızlığını heç cür başa düşmək olmur...
İndi də çəmənzəminlişünasların "Xalicdən gələn qız" romanının Y.Vəzirə aid olması ehtimallarına nəzər salaq. Bu ehtimallardan biri romanın adı ilə bağlıdır. B.Bleyer bu romanın adının C.Vakka tərəfindən "Sarı saçlı qız" adlandırılması ehtimalı üzərində dayanır və bu ehtimaldan da belə bir nəticə çıxarır: "Vakka iddia edir ki, əsərin orijinal adı Sarı saçlı qız olub. Bu ad əsəri Çəmənzəminliyə yaxınlaşdırır. Qızıl saçlı qız Azərbaycan dilinə "Altunsaç" kimi də tərcümə olunur. Çəmənzəminli 1937-ci ildə eyniadlı bir film ssenarisi yazmışdı. Əsəri rus dilində yazsa da, Çəmənzəminli əsərin adını Azərbaycan dilindəki kimi Altunsaç kimi saxlamışdır" ("Azərbaycan. İnterneşnl", 2011, s.81). Birincisi, əsərin adının "Qızıl buynuzdan gələn qız" olduğunu bir kənara qoyaraq, tədqiqatçı C.Vakkanın guya orijinalın "Sarı saçlı qız" olması ehtimalından yapışır. Lakin bu ehtimal da ona heç nə vermir. Başqa məsələdə heç zaman C.Vakkaya inanmayan B.Bleyer "Sarı saçlı qız"ı "Qızıl saçlı qız" kimi oxuyur və söhbəti Y.Vəzirin "Altunsaç" ssenarisi üzərinə gətirir. "Qızıl buynuzdan gələn qız" adı ilə "Altunsaç" adı arasında oxşarlıq, bərabərlik görmək üçün gərək güclü fantaziyan olsun. Lap bu oxşarlıq olsa belə, bu nəyi ifadə edir? Avropada yazılan, türk və Avropa həyatından bəhs edən bir romanla Mingəçevir Su Elektrik Stansiyasından bəhs edən bir ssenari arasında heç mövzu, məzmun, ideya yaxınlığı da yoxdur.
Çəmənzəminlişünasların ikinci arqumenti ondan ibarətdir ki, "Xalicdən gələn qız" romanı da "Əli və Nino" kimi başlayır; "Əli və Nino"da gimnaziya professoru Saninin, bu romanda isə professor Banqın söhbəti ilə açılır. Y.Vəzirin "Qızlar bulağı" romanının proloqu da bu əsərlərdəki girişlə bir qədər oxşarlıq təşkil edir. "Maarif işçisi" klubunda məruzə etməyə hazırlaşan Əhməd bir çox kitablar oxuyub qeydlər götürsə də, lakin topladığı materiallar azlıq təşkil etdiyindən mütəxəssislər bir çox kitabların da oxunmasını məsləhət görmüşdülər. Bu kitablar arasında Platonun, K.Kautskinin, prof. F.Birknerin, akademik B.A.Turayevin və b. kitabları da vardır. Əhməd ümumi kitabxana, Lenin və Darülfünun kitabxanasını dolaşaraq mütaliə etməkdə idi: "Bir gün mütaliə salonuna gətirdiyi kitablardan biri onun diqqətini cəlb etdi. "Yel ulusu"na aid Çapo adlı biri tərəfindən yazılmış və XIX əsrin ortalarında Avropa dillərinə tərcümə olunmuş bir əsər idi. Əhməd kitabı açıb böyük maraqla oxumağa başladı" (Y.V.Çəm, Əsərləri, 3 cilddə, II c., B., 2005, s.346). Bundan sonra qədim dövrdən bəhs edən roman özü başlayır. Yəni proloqla romanın süjet xətti arasında heç bir əlaqə yoxdur. Roman boyu müasir həyat hadisələri təsvir edilmir.
İndi isə "Xalicdən gələn qız" romanının başlanğıcına nəzər salaq: "Ya bu "i" Fraulein Amberi?" Aziyade başını kaldırdı, gri gözlərinde düşünceli ve kararlı bir bakış vardı. Yumuşak, hafif bir sesle, "Bu "i" mi?" diye soruyu yineledi. Bir an düşündükten sonra kararlı ve ciddi bir tonla, "bu "i" Yakutçadakı isim-fiildir. Kırğızcadakı "barisinin benzeri".
Professor Banq uzun, kemerli burnunun üstünde elini gezdirdi. Çelik çerçiveli gözlüklerinin ardından gözleri, akıllı bir baykuşun gözleri kibi bakıyordu" (Qurban Said. İstanbullu kız, İstanbul, 2005, s.1).
Göründüyü kimi, bu iki romanın başlanğıcında yalnız zahiri oxşarlıq vardır; orada Əhməd romanın süjet xəttinə daxil olmur, həm də roman tarixi romandır. Burada isə roman müasir romandır və Aziyade əsərin baş qəhrəmanıdır. Roman onunla başlayıb onunla da qurtarır. Bu cür başlanğıc Əsəd bəyin üslublarından biridir. Hər halda romanın başlanğıcındakı zəif oxşarlığa görə bir əsərin müəllifini dəyişməyə ehtiyac varmı?! Bunun üçün daha tutarlı faktlar lazım deyilmi?! Bu cür faktlar vardır və onlar "Xalicdən gələn qız" romanının gerçək müəllifini təsdiq edir.
"Xalicdən gələn qız" romanı "Qurban Səid" təxəllüsü ilə 1938-ci ildə Vyanada "Tall" nəşriyyatında dərc edilmişdir. Əsərin yazılmasını 1937-ci ilin sonlarına aid etmək olar. Çünki həmin ilin əvvəlində artıq "Əli və Nino" bu nəşriyyatda çap olunmuşdu. Əsəd bəy təcili olaraq ikinci romanı üzərində işləyir və artıq 1938-ci ilin əvvəlində nəşriyyata təhvil verilir. Müqavilə "Əli və Nino"da olduğu kimi, yenə də E.Erenfelsin adına bağlanır. Nəşriyyat tərəfindən bağlanan müqavilədə deyilirdi: "1. Biz məsələlərin həlli səlahiyyətlərini... (tarix nöqtələrlə işarələnib) tarixində baronessa Elfride Erenfels-Bodmershofa həvalə etmiş Qurban Səidin səlahiyyətli nümayəndəsi kimi Sizinlə aşağıda razılığa gəlirik. Biz, baronessa Elfride Erenfels Bodmershofun Qurban Səid təxəllüsü ilə nəşr olunacaq və hələlik "Altunsaç" adlanan (nədənsə, roman həmişə "Qızıl buynuzdan gələn qız" adı ilə nəşr olunub - B.Ə.) yeni romanını (boyalar mənimdir - B.Ə.) nəşriyyatımıza qəbul edirik. 2. Müəllifin adından siz bəyan edirsiniz ki, birinci bənddə adıgedən kitab təqdim olunmağa hazırdır və müqavilənin ərsəyə gəlməsi ilə həmin kitaba aid bütün hüquqlar biz tərəfə keçir" (Atəşi, s.171).
Müqavilənin bu bəndlərini ona görə olduğu kimi, gətiririk ki, burada E.Erenfelsin Qurban Səid səlahiyyətli nümayəndəsi olduğu açıq şəkildə göstərilir. Müqavilənin sonrakı bəndlərində də digər məsələlər, romanın nə zaman təhvil verilməsi, qiymətinin müəyyənləşdirilməsi, qonorarın verilməsi, təbliği və s. məsələlər öz əksini tapır. Hətta müqavilədə belə bir bənd də var ki, Qurban Səid, yəni Baronessa E.E.B. "Altunsaç" kitabından sonra yazacağı əsəri ilk öncə həmin nəşriyyata təqdim etməyi öz öhdəsinə götürür. Əslində, bir yazıçının müəlliflik hüququnu təsdiq etmək üçün bu faktlar kifayət edir. Ancaq bu cür mübahisəli məsələlərdə bu faktlar azlıq təşkil edə bilər. Ona görə də araşdırmaları bir qədər də dərinləşdirmək üçün mətnin təhlilinə müraciət edək.
Yuxarıda qeyd etdik ki, bu iki əsər eyni müəllifindir; yəni bu əsərləri üslub və struktur baxımından bir-birindən ayırmaq mümkün deyil. Hər iki əsərdə Qərb-Şərq diskursu əvvəldən sonacan ayrıca bir xətt təşkil edir. Hər iki əsərin süjet xəttində sevgi, məhəbbət motivi başlıca yer tutur. Əgər "Əli və Nino" da Əli xan Şərqlə Qərb arasında qalıb narahatlıq keçirirsə, "Xalicdən gələn qız"da Aziyade Şərqlə Qərb arasında tərəddüd edir və son anda qərarını Şərq düşüncəsinə görə verir. Bu romanın da süjet xəttinin əsasını iki fərqli dünyagörüşə mənsub olan gənclərin məhəbbəti təşkil edir. Sadəcə, bu romanda rollar dəyişir; burada Aziyade müsəlman, Dr. Hassa isə xristian olur. "Əli və Nino"da sevgililərin bir qızı olsa da, xoşbəxt olmurlar. Əli xan şəxsi sevgisini Cümhuriyyət sevgisinə qurban verir. Burada isə Aziyade Dr. Hassa ilə sonadək xoşbəxt ola bilməyəcəyini dərk edərək öz xoşbəxtliyini şahzadə ilə evlənməkdə görür. Yəni sonucda Əli xan da ("Əli və Nino"), Aziyade də ("Xalicdən gələn qız") asiyalı olaraq qalır. Lakin bu nəticəyə Aziyade uzun bir tərəddüddən sonra gəlir. Romandakı dialoqlar, süjet xətlərinin yaxınlığı, üslub, qəhrəmanların həyat konsepsiyası və s. hamısı ilk romana çox yaxındır.
"Xalicdən gələn qız" romanında hadisələr 20-ci illərin sonlarında Berlində cərəyan edir; onun baş qəhrəmanı Osmanlı xanədanına mənsub və paşa qızı olan Aziyade Əmbəri on beş yaşında Osmanlının yıxılmasından sonra Berlinə mühacirətə getmişdir. O, burada Universitetin Şərq dilləri fakültəsinə daxil olaraq türk ləhcələrini, eləcə də bu ləhcələrin müqayisəli tarixini öyrənməklə məşğuldur. İstanbulda olarkən onu Osmanlı şahzadəsi ilə nişanlamışlar. Lakin xanədanın yıxılması ilə şahzadə Amerikaya mühacirətə gedərək Nyu-Yorkda yaşamağa üstünlük vermişdir, paşa qızı Aziyade isə Berlinə gəlmişdir. Yəni onlar nişanlı olduqları zaman bir yerdə olmamış və bir-birini tanımamışlar. Aziyade Berlində atası Əhməd paşa ilə yaşayırdı. Bir gün müayinə üçün Dr. Hassanın yanına gedir. Bunu axşam atasına dedikdə atası "Doktoramı getdin təkbaşına?", "Soyunmaq zorunda qaldınmı?" suallarını verir. Bu romanın ilk səhifələrində qoyulan Şərq-Qərb diskursu "Əli və Nino"nun davamı kimi səslənir. Aziyade ilə yanına getdiyi həkim vyanalı Dr. Hassa arasında getdikcə sevgi hissləri baş qaldırır. Aziyade ona vurulmaqla yanaşı, bir çox məsələlərdə adət-ənənə təsirindən çıxmaqda tərəddüd edirdi. Düşünürdü ki, əgər onlar evlənsələr Hassa mütləq gərək müsəlman ola. Üzünü belə görmədiyi, harada olmasından xəbər tutmadığı nişanlısı şahzadəni düşünürdü. Onunla nişanlı olduğu halda başqa xəyallar qura bilməyin doğru olmadığı düşüncəsilə nişanlısı şahzadə Əbdülkərimə məktub yazır. Məktubda Berlində yad adamlar içində yaşadığını, "peçe" taxmadığını, günaha batmamağın mümkün olmadığını yazır və ondan xahiş edirdi, haradadırsa onu da yanına alsın ki, ona xidmət göstərə bilsin. Məktub belə bitirdi: "Bana kaşlarınızı çatmayın Efendi hezretleri, İmperatorumuz və Sahibimizin bana verdiyi görevle, emrlerinize uymakla görevli, zincire bağlı kölenizem ben". Şahzadədən Aziyadeyə gələn məktubunda Əbdülkərim "Sevgili Aziyade" deyə müraciət edərək vaxtilə ikisi üçün qurulan xəyalın indi mümkün olmadığını, o həyatın geridə qaldığını bildirir, onu unutmasını istəyirdi. Ancaq onu da bildirirdi ki: "Bir gün yenidən həyata dönərsəm, seni arayacağım. Ama senin için en iyisi, beni beklememen. Mutlu ol. Var olmağıma göre, bu mektubu imzalamayacağım".
Buna baxmayaraq günlərin birində Aziyade şahzadə ilə Berlində qarşılaşır. Bu zaman Aziyade artıq Dr. Hassa ilə evlənmişdi. Şahzadə onu görən kimi vurulur və vaxtilə məktub yazıb vaz keçməsindən peşman olur. Şahzadə ona evlənməyi təklif etsə də, Aziyade adət-ənənə ilə sevgisi arasında bir müddət tərəddüd keçirir. Bir tərəfdən Dr. Hassa ilə münasibətləri, bir tərəfdən isə on beş yaşında nişanlandığı Əbdülkərim durur. Şahzadə onun ərinin bir müsəlman olmadığını, həmişə bir-birinə yabançı qalacağını xatırladır. Aziyade isə mən "bir Avstiyalıyam, sonra da, Allah izin verirsə Avstriyalılar doğacağını" bildirir. Aziyade Hassaya onu xoşbəxt edəcəyinə söz vermişdi. Hassanın birinci arvadı Marion kimi onu atıb getmək istəmirdi. Onlar bir-birini xoşbəxt edəcəklərinə söz vermişdilər. Aziyadeyə atasından gələn teleqramda isə şahzadəyə getməsini istəyirdi. Aziyadenin özünü asiyalı hesab etməsi əsərdə qırmızı xətlə keçir.
"Əli və Nino"dakı məhəbbət xətti burada da Qərb-Şərq kontekstində davam edir. Aziyade müsəlman, türk, Hassa isə xristian, serb arasındakı sevginin uğursuzluğunun nədənləri göstərilir. Əgər Əli xan sevgilisini qaçıran Naxararyanı öldürürsə, burada da Aziyade ona sataşan ərinin dostunu öldürməyi Hassaya əmr edir. Bir gün ərinin dostu onları qonaq çağırır; lakin onun məqsədi Aziyade ilə yaxınlaşmaq idi. Hassa qonşu otaqda olduqda Aziyadenin üzərinə cumur. Aziyade onun qulaqlarını dişləyir və boğub öldürmək istəyir. Bununla da kifayətlənməyərək ərini çağıraraq deyir: "Hassa", dedi, "efendim, sahibim. Bizi bu eve devet eden arkadaşın, konukseverlik bağını kopardı. Beni boş bir odaya götürüp ırzıma keçmek istedi. Sanırım isırıp kulağını kopardım onun. Git Hassa, öldür onu" (İstan, 201). Aziyade bir neçə dəfə ərinin onu öldürməsi ilə bağlı israr edir. Lakin Hassa onu öldürmək əvəzinə yaralarını sarıyır, Aziyadenin yanına gələrkən: "Onu öldürmədin Hassa...karının hakarete uğramasına izinmi veriyorsun? Ama sen benim kocamsın, Hassa. Kendi intikamımı kendi ellerimlemi almalıyım?", -deməsinin qarşısında Hassa eynilə "Əli və Nino"dakı avropalı-asiyalı məsələsinə diqqət çəkir: "Sen iyi bir kadınsın ve ban sene güvenebilirim. Ama biz burada Asiyada deyiliz. Eger iki kadeh icdikten sonra sana hoş görünmeye çalışan her adamı öldürecek olsam, bir seri katili olmam gerekir. Sonucda biz uyğar Avropalılarız, degilmi?" (İstanbullu kız, s.204).
Bu hadisə müəllifə Qərb-Şərq diskursunun aparılması üçün ən yaxşı vasitə olur. Məhz bu hadisədən sonra Aziyade də, Hassa da təmsil olunduqları dünyagörüşlə bağlı nə qədər fərqliliklərin olduğunun fərqinə varırlar. Aziyade ərindən utanırdı, içində yaşadığı cəmiyyətdən utanırdı. Onun düşüncəsinə görə əri Hassa dostu Kurzu ona sataşdığına görə öldürməliydi. Necə ki, Əli xan Ninonu qaçıran Naxararyanı öldürür. Lakin bura Avropa idi. Hassa Aziyadeyə "əgər istəməzsən bir daha Kurzla görüşməyə bilərik", - deyə incə şəkildə bildirir. Yazıçı Avropa-Asiya diskursunu davam etdirərək buna oxşar hadisəyə avropalının münasibətini verir. Bir avropalı tacir evinə gələrkən arvadı ilə yataqda başqa bir kişi görür. Onun nədən burada olmasının səbəbini soruşur. O isə gördüm yataq yatmaq üçün açılmışdır, mən də uzanıb yatmaq istədim" cavabını verir. Ev sahibi "Ama arvadım da səninlə birlikdə yatır?" sualına isə "Əə, bu onun yatağı, öz yatağında yatmasını qadağan edə bilməzdim ki?", - deyə cavab verir. Tacirin cavabı isə belə olur ki, "Dinim adına yəmin edirəm ki, bir də bunu edərsən, səninlə çox ciddi dava edərik", - deyə cavab verir. Bu, avropalı və asiyalının bir hadisəyə iki fərqli baxışlarıdır.
Aziyade ona danışılan bu əhvalata gülməklə cavab verir; çılğın frenklərin savaş meydanlarında çox cəsur, qısqanclıq məsələlərində isə çox yoxsul olduğuna təəccüb edir. Bundan sonra Aziyade öz dünyası ilə Hassanın aləmi arasında böyük uçurumun olduğunu dərk edir. Düşünür ki, Hassa onun uşaqlarının atası ola bilməz. Hassanın dostu Kruz da qulağı Aziyade tərəfindən dişləndikdən sonra bu hadisəni dostları ilə müzakirə edərək, Hassanın bu vəhşi qadınla necə yaşadığına təəccüb edir, bu qadını "bir divar" olaraq təsəvvür edir və tamamilə başqa bir dünyanın adamı olduğuna inanır. Aziyade ilə Hassa arasındakı fikir ayrılığı Yeni il gecəsinə hazırlıq zamanı da üzə çıxır. Aziyade Hassanın Yolka almasına qarşı çıxır və Yeni ili atasının yanında keçirmək istədiyini bildirir. Getdikcə Aziyade gələcəyi daha çox düşünürdü, bir yanda Hassanın olduğu Qərb dünyası, digər yanda isə onu gözləyən şahzadə Əbdülkərimin təmsil olunduğu Asiya dünyası. Əli xan asiyalı olaraq qaldığı kimi, Aziyade də qərbli ola bilmir, son anda üzünü Asiyaya çevirir. Əlbəttə, o, Hassaya yaxşı bir arvad olmasına söz vermişdi, ancaq son hadisələr Aziyadenin düşüncəsinə görə onda güvən yaratmamışdı. Lakin bu da onun fikrini dəyişməyə yetərli deyildi. Hassanın keçmiş arvadı ilə romantik görüşünü öz gözləri ilə gördükdən sonra Aziyade dərk edir ki, Hassa qərbliliyi, o isə asiyalılığından heç vaxt çıxa bilməyəcəkdir. Hassanın ona xəyanəti Aziyadenin şahzadəyə getməsinə və asiyalı kimi evlilik keçirməsinə səbəb olur.
"Əli və Nino" romanı Əli xanın məktubu ilə sona çatdığı kimi, "Xalicdən gələn qız" romanı da Aziyadenin atasına məktubu ilə başa çatır. Aziyade məktubunda həyatında baş verən hadisələri Allahın möcüzəsi adlandırır və onu Bremen şəhərində gözləyəcəklərini ifadə edirdi.
Ümumiyyətlə, "Xalicdən gələn qız" romanının həm strukturu, həm süjet xətti, həm də ideyası "Əli və Nino" romanı ilə çox yaxındır. Hətta deyərdim ki, bir-birinin davamıdır. Birində hadisələr Azərbaycanda, digərində isə Avropada baş verir. Qəhrəmanlar təmsil etdikləri xalqı, milli və dini kimliyi, düşüncəni əks etdirir və öz kimliyində qalır.
Hər iki roman həm də bir Avropa roman modelidir. Hər iki romanın Avropada yazılması və yazılarkən Avropa oxucusunu nəzərdə tutmaları əsərin Y.Vəzirin olmasını istisna edir. Çəmənzəminlişünasların Əsəd bəyə "Əli və Nino" ilə bağlı iradlarından biri onun Şuşada olmaya-olmaya oranı necə təsvir etməsidir. Əvvəlki məqaləmizdə biz Əsəd bəyin Şuşa təsvirlərində və bu yerin tarixi ilə bağlı informasiyasında səhvlərindən bəhs etmişdik. Birincisi, yazıçı hər olduğu yeri həmişə uğurlu təsvir edə bilmir. İkincisi, yazıçılar çox zaman olmadıqları yeri də təsvir etmək zorunda qalırlar və bu təsvirlərdəı yazıçının orada olub-olmaması o qədər də hiss olunmur. Üçüncüsü, hər hansı bir təbiət təsvirində yazıçının orada olub-olmaması hiss olunmur. Lakin hər hansı bir şəhərin, onun küçələrinin, binalarının detallı təsviri zamanı bu əskiklik mütləq şəkildə özünü göstərir.
Əsəd bəy bütün əsərlərində (bədii əsərləri də daxil olmaqla!) hər hansı bir yeri təsvir edərkən sənədliliyə, görümlülüyə əsaslanır və necə var, elə təsvir etməyə çalışır. Bu cür təsvirlər onun "Şərqdə neft və qan", "Qafqazın on iki sirri", "Allahu əkbər", "Əli və Nino" və b. publisistik və bədii əsərlərində vardır. Bu təsvirlərin əsas xüsusiyyəti həyatdakı gerçəkliyə əsaslanmaq, olduğu kimi təsvir etməkdir. "Əli və Nino"da biz Bakının, Dağıstanın, Tiflisin və b. yerlərin bu cür detallı, küçələrin adları ilə təsvirini görmüşük. Yazıçı burada da hadisələrin cərəyan etdiyi Berlini, Vyananı, hətta Nyu-Yorku təsvir edir. Təkcə küçə, prospekt adları ilə deyil, restoran və otel adları ilə. Düşünülə bilinır ki, bu adlar təxmini ola bilər, yəni yazıçının özü tərəfindən də yaradıla bilər. Lakin araşdırmalar göstərir ki, nəinki yer, küçə, restoran və hotel adları, hətta bədii obraz səviyyəsinə qaldırılan bir çox şəxslərin adı da tanınmış şəxsiyyətlərdir. Yəni bu obrazların hər birinin həyatda prototipləri vardır.
Əsəd bəy "Xalicdən gələn qız" romanının başlanğıcında Şərq fakültəsini təsvir edir. Aziyade bu fakültədə oxuyur və onun aldığı dərslər türk dillərinin müqayisəsinə aiddir. Bu təsvirlər Əsəd bəyin özünün təhsil aldığı yerlərdir, hətta aldığı dərslər də demək olar, üst-üstə düşür. Burada söhbət qırğızca, yakutca, uyğurca və s. türk dillərinin müqayisəli araşdırılmasından gedir. Yeri gəlmişkən, təxminən həmin illərdə azərbaycanlı Əhməd Cəfəroğlu və Kazan mühacirlərindən olan Ayaz İshakinin qızı Səadət Çağatay da həmin fakültədə oxumuş, sonra Türkiyəyə dönərək türkoloji sahəsində görkəmli professor olmuşlar. Əsəd bəyin bu şəxslərlə tanış olması istisna deyil. Hətta Orxan Arasın araşdırmasına görə, türk tədqiqatçısı Hadi Şenol "Səadət xanım" adlı məqaləsində ("Türkoloji", 2011, sayı 18, s.1-22) "Xalicdən gələn qız" romanındakı Aziyade obrazında müəllifin Səadət xanımı nəzərdə tutduğunu iddia edir. O.Aras bu ehtimalı mümkün hesab edir. Ancaq bizim burada demək istədiyimiz yazıçının təsvir etdiyi fakültənin yerləşdiyi küçə, müəllimlərin adları və s. detallardır ki, bunu həmin yerdə yaşamayan Y.Vəzirin yazması mümkün deyildi. Y.Vəzir "Qızlar bulağı" əsərini yazarkən mənbələrdən geniş istifadə etmişdi və o mənbələrin, kitabların adları bu gün də onun arxivində qorunub saxlanır. Bu əsəri Y.Vəzir yazmış olsaydı gərək professor Banq, professor Hastinqs, Prof. Dr. Sachs kimi mütəxəssisləri tanımış olaydı. Romanın əvvəlində oxuyuruq: "Banq karşılaştırmalı Türk Dilleri seminerinin bittigini gösteren bir işaret olarak, piposunu yaktı" (İstanbullu kız, s.2). Yaxud: "Prof. Hastinqsin Qotik İngilis Tarihi dersi iptal edilmiştir... Prof. Dr. Sachs, öyrencileri ücretsiz olarak müayine edecektir. Her gün 3-5 arası dahiliyye klinigi" (s.3). Demək lazımdır ki, bunlar tarixi şəxsiyyətlərdir və o zaman Əsəd bəy özü də bunlardan dərs almışdır. Professor Villi Banq Kaup (1869-1934) türkoloji sahəsində məşhur alimlərdən hesab edilir. O, qədim türkcə və moğolcaya aid məqalələr müəllifidir. Məşhur tarixçi professor Von Gabain ilə birlikdə uyğur əsərlərini araşdırmışdır.
Yaxud küçə adlarına fikir verək: "Aziyade merdivenlerden aşağıya indi. Deri çantasını sıkıca tutmuştu. Dış kapıyı dirseği ile açtı. Dışarıda kırmızı ve sarı renkli hüzünlü sonbahar yaprakları daracık Dorother Caddesi'nin gri asfaltı üzerinde uçuşuyorlardı" (Xalicden gelen kız, s.4). Bu cür təsvirlər bəlkə də indiki internet mühitində mümkün ola bilərdi, lakin ötən yüzilin 30-cu illərində burada yaşamadan küçələrin, restoran və hotellərin yerini bu cür detallı təsvir etmək mümkün deyildi. Əsəd bəyin tədqiqatçısı və tərcüməçisi O.Arasın yazdığına görə, Aziyade də Əsəd bəy kimi Berlinin Uhlanda prospektində yaşayır. O.Aras yazır: "Onun (Əsəd bəyin - B.Ə.) universitet mühiti Aziyadenin romandakı mühitinə çox oxşayır. Hətta Aziyadenin professor Banqdan aldığı dərslər də eynidir. Əsəd bəyin Berlində yaşadığı yerlər (Kurfürstendam, Fassanen, Uhland prospekti, Unter der Linden) "İstanbullu qız" romanında Aziyadenin gəzdiyi yerlərdir. Aziyade universitetə gedəndə içəri Dorothen prospektindən girir. Dorothen prospekti indi Humboldt Universitetinin yerləşdiyi prospektdir (O.Aras, 2020, s.91).
İndi də başqa bir təsvirə nəzər yetirək: "Aziyade çantasından bir not defteri çıkardı ve kolunun üzerinde küçücük harflerle yazdı:
"Larungologişe Klinik. Luisen cad. 2, 9, 1".
Defterini tekrar çantasına koyduktan sonra Linden Caddesi'ne çıkan kapıya doğru yürüdü. Caddede Büyük Frederik'in heykeline ve Velihat (Kornprinz) Sarayı'nın klasik çizgilerine baktı. Uzakta sonbaharın alacakaranlığında Brandenburg Kapısı'nın üzerindeki heykelleri görünüyordu.
Aziyade sağa, Louis Ferdinant Caddesi'ne döndü. Biraz yürüdükten sonra Devlet Kitaplığı'nın bahçesine girdi. Mermer merdivenlerden koşarak Kütüphane'nin büyük ön odasına daldı. Girişin hemen yanında yuvarlak okuma salonu vardı. Sol tarafta ise katalogların olduğu uzun koridor uzanıyordu. Soldaki küçük kapıdan Doğu Bölümü okuma salonuna giriliyordu. Berlin'in en özel ve ilginç hocaları burada olurdu" (İstanbullu kız, s.9).
Romanda bu cür təsvirlər o qədər çoxdur ki, onların hamısını burada gətirmək mümkün deyil, heç lazım da deyil. Roman boyu yazıçı almanca sözlər, cümlələr işlədir ki, bunu ancaq alman dilini bilən müəllif işlədə bilərdi. Biz bu cür faktların üzərində geniş dayanmırıq; bu, geniş tədqiqatın mövzusudur. Ancaq bununla belə, gəldiyimiz nəticələrin qısa xülasəsini "Ədəbiyyat qəzeti"nin oxucuları ilə bölüşmək istəyirik:
1. Ruh, mövzu, problem baxımından onun olmayan, ən əsası adı üstündə olmayan və heç cür olmayacaq əsərləri zorən Y.Vəzirin "etməklə" yazıçının yaradıcılığına hörmət etmirik. Bu əsərləri Y.Vəzirin əsəri kimi heç zaman tədqiqata cəlb etmirik, yalnız mübahisə edirik. Bu mübahisə isə milli ədəbi düşüncəmizə heç bir qatqı vermir...
2. Y.Vəzirin klassik tədqiqatçıları bu əsərləri heç zaman ona aid etməmişlər; bunu edənlər yalnız son dövrün debütant və ya psevdoçəmənzəminlişünaslarıdır və araşdırmalar göstərir ki, yazıçının yaradıcılığını və tərcümeyi-halını yaxşı bilmirlər, ya da bilərəkdən edirlər. Onların gəldiyi nəticənin heç bir elmi əsası yoxdur və ciddi ədəbiyyatşünaslıq tərəfindən qəbul edilmir.
3. Bu əsərləri Y.Vəzirin hesab edənlər Əsəd bəyin həyatını, yaradıcılığını bilmirlər, bilsələr belə konyukturaya gedirlər.
4. Əsəd bəy bir Azərbaycan yazıçısıdır, "Qurban Səid" təxəllüsü ona məxsusdur və mühacirət ədəbiyyatının görkəmli nümayəndəsi kimi, milli bədii düşüncəni dünya miqyasında ləyaqətlə təmsil edir...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!