Azərbaycanın Xalq yazıçısı Kamal Abdulla bu romanı ilə təsdiqlədi ki, o, ədəbiyyatımızın ağır yükünü öz çiynində daşıyan görkəmli sənətkarlardandır. Əlbəttə, onun nəsr sənətkarlığına söz ola bilməz. O, ədəbiyyata yeni nəzərlə, yeni dünyagörüşlə baxmağı bacarır. Var olan yaradıcı düşüncəsi sənət faktına (daha doğrusu, nitq faktına) çevrilir. Bir daha yəqin etmək olur ki, Kamal Abdulla müasir dövrün, müasir oxucunun bədii-estetik inkişaf meyilini görür və həmin səviyyəyə yüksəlir, ədəbi prosesdə baş verən hadisələri dərk edir və onun axarına düşür, həmçinin də, həmin təmayül və prosesin yönəldici işığını öz individual yaradıcılıq linzasında sındırır. Bu, ümumi ilə fərdini bağlamaq bacarığıdır və doğrudan da, bu cəhət ilk növbədə təkcə sənətkarlıqla, hadisələrin təsvirinin orijinal ifadə tərzi ilə, deyimi ilə əldə edilir.
Kamal Abdulla bir yazıçı kimi yaradıcı fəaliyyətində olduğu kimi öz şəxsiyyətinə sadiqdir. O, tarixi, zamanı dərk etməklə yanaşı, bu ciddi və maraqlı mövzunu bədiiləşdirərkən yalnız öz qəlbinin səsini dinləmişdir. Bu roman da, necə deyərlər, onun qəlbindən dünyaya bir baxışıdır, bu baxış bədii mətnlərdə ifadə olunan fikirlərin son dərəcə yığcamlığı və dərinliyində, ifadə tərzinin şirinliyindədir. Bu uğurlu alınmış əsərə görə özü də sevinir, oxucu da.
Mənə elə gəlir ki, bu romanda Kamal müəllimin əzəməti - özü və sözü görünür.
Roman tez bir müddətdə oxucular və mütəxəssislər tərəfindən müsbət rəylə qarşılandı, məzmun və ideya istiqamətinə və bədii ifadə biçiminə görə müasir roman janrının ən keyfiyyətli ənənələrinin uğurlu davamı kimi dəyərləndirildi.
Həqiqətən, bu əsər mühüm ədəbi hadisədir, taleyi uğurludur. Romanın bədii məziyyətlərindən biri müxtəlif gizli sirlərin arasında güclü bədii-məntiqi əlaqənin yaradılmasıdır. Yazıçı sirr vasitəsilə əsərdə özünəməxsus bir orijinallıq və müdrikliklə təsvir elədiyi mövzu haqqında açıq şəkildə və cəsarətlə yeni sözünü deyə bilmişdir. Müxtəlif hadisələrdən, tarixi-mifoloji varlıqdan irəli gələn sirlər hərtərəfli və aydın detalları ilə təsvir olunur.
Romanda bəlli tarixi informasiyaların yeniləşmiş variantları var. Yazıçı müşahidələrinin, iti düşüncələrin məhsulu var.
Bu romanı "Gizli Dədə Qorqud"un davamı da saymaq olar. Kamal Abdullanın bu romanı da digər nəsri kimi dərin qatlarda baş qaldıran həyat həqiqətlərini əks etdirir.
Sirr kələfinin ucu roman boyu şaxələnir, oxucunu düşünməyə vadar edir. Sirr haqqında bədii əsər oxucunu razı salır. Sirr dünyası barədə axtarışlar apararkən də Kamal müəllim fərdi üslubunu özləşdirir, bu yolda ciddi qabiliyyət nümayiş etdirir.
Kamal Abdulla hamının bilmədiyi, başqalarından gizli saxladığı "Ev bizim, sirr bizim" prinsipindən çıxış edir. Hələ ağla gəlməmiş, açılmamış, dərk edilməmiş, öyrənilməmiş bir müəmma təbiətin sirləri, kosmosun sirləri dünyanın bütün sirlərini öz arzu və əməllərinə görə açan və şərh edən insan özünü bu sirrə də vaqif bilir. Başqalarının bilmədiyi məlumat, bilik, üsul, yol...
Kamal müəllim sənətin sirlərini kamil bilir.
Romanın əsas qəhrəmanı Hacı Mir Həsən ağa Səyyah risalə yazmaqdan ötrü "Sirri-Xudadan" deyil, qonşularının, tacir-tüccarların, padşahların, şeyxlərin və s. sirlərinə bələd olmağı, onların sərgüzəştlərindən (mənası: fars, birinin başına gələn hadisə, qəziyyə, əhvalat, macəra) yazmağı öhdəsinə götürür və uğurla istədiyinə nail olur. Oduncu Əhmədin sirrindən tutmuş, Həsən müəllimin ailə sirlərinə qədər sirlərin sərgüzəştləri oxucunu sirlər dünyasına çəkib aparır. Oxucu yorulmur, həsrətlə o biri səhifələrə keçmək, digər sirlərlə tanış olmaq istəyir.
Qısa adı Səyyahdır. O, risalə yazmaq fikrinə düşür. Risalə ərəb sözü olub, məktub, namə, kağız; hər hansı bir məsələyə dair kiçik kitab, kitabça anlamındadır.
Risalə yazmaq istəyir, amma yazdığı məsələlər barədə tam təsəvvürü bir o qədər də yoxdur. Bu sarıdan narahatdır, açılmamış sirləri risaləyə necə sıxlaşdıracaq?
Yazıçı onu öz dövrünün son dərəcə elmli çoğrafiyaşünası və mükəmməl bilik sahibi - mətnşünas kimi əsərdə canlandırır, oxucuya tanıtmaq istəyir. Vilayət hakimləri bu adamı həmişə saraylara çağırır, bir sıra ciddi dövlət işlərini, yaxın, uzaq məmləkətlər haqqında ondan məsləhət, bilik, informasiya alırlar. Hər yerdə ehtiramla, hörmətlə qarşılanır, onunla sidq-ürəklə sirr və dərdlərini bölüşür, camaat ona yazdıqları məktubların cavabını səbirsizliklə gözləyir. Xahiş və şikayət məktublarını Səyyah elə bir ədəb və məntiqlə yazır, onların cavabı əksər halda şikayətçinin və xahişçinin xeyrinə həll olunur, bir sözlə, Səyyah əməli-saleh bir adam kimi təsvir olunur.
Yazıçı seçdiyi, təsvir etdiyi bu obrazı hərtərəfli inkişafda, xarakterini dəyişmədə göstərir. Günlərin bir günü adamlar çox izzətlə, hörmətlə baş əydiyi bu uzun adlı adamdan (Hacı Mir Həsən ağa Səyyah) üz döndərirlər. İsti münasibət soyuq münasibətlə əvəzlənir. Sevgi, məhəbbət nifrət və təhqirə çevrilir. Səbəbi? Hər kəs Səyyahın yazdığı risalədə öz sirrinin faş olacağından (üzə çıxacağından) qorxur, bədgüman olur. Sirlərin faş olması xəbəri ilə "Müqəddimə"nin sonucu birdən-birə dəyişir: "Dünya-aləm öz sərgüzəştində idi. İnsanlar həm düzənə, həm də düzənsizliyə doğru eyni zamanda, eyni çoşqunluqla, eyni əzmlə yol gedirdi. İnsanlar dünyanın hansı yerində, nöqtəsində olmasından, yaxşı, yaxud pis olmasından, qara, ağ, yoxsa sarı olmasından qeyri-asılı hər an eyni işi görürdülər - onlar yaşlanırdılar. Macəra dolu sirləri ilə, qandonduran hadisələri ilə, ruh silkələyən məqamları ilə qəlbi dolu olan Hacı Mir Həsən ağa Səyyah da onların içində idi" (s.12).
Bu mətn parçasının məzmununda təkrar olunan bağlayıcılar (həm, həm də), təyinetmə xüsusiyyətinə malik "eyni" sözü aid olduğu ismin məna hüdudunu, dairəsini şərtləndirir. Aid olduğu anlayışlara kəmiyyət hüdudu qoyur. Nəzərdə tutulan eynicinsli əşyaların hər biri fərdi biçimdə eynicinslilərin hamısını əhatə edir (eyni coşqunluq, eyni əzm), yaxşı, pis; qara, ağ, sarı antonimləri ilə dünyanın, insanların arasında olan ziddiyyətlər həmin nəzərdə tutulan sərgüzəştlərdən biri idi.
Romanda həmin macəra dolu həyat və insana xas olan sirlər 4 fəsildə faş olunur. Yazıçı dırnaqda yazsa da, bu fəsillərin - payızın, yayın, yazın və qışın öz rəmzi mənası var.
Çərxi-fələk deyilən məmləkət. O ölkədəki zamanla bizim ölkədəki zaman bir-birinə uyğun gəlmir. O ölkədə zaman yavaşıyır. Amma zaman bütün ölkələr üçün, bütün məmləkətlər üçün eynidir.
Yazıçının obrazı istəyir, elə bir risalə yazıb ərsəyə gətirsin ki, onun içində hər şəxs öz sirrinə, ən vacibi isə bu sirrin səbəb və nəticəsinə vaqif olsun.
"Bir var Sirri-əzəm, sirri-Xuda, sirri-ali. Bir də var qonşu Həzrətqulunun sirr"i (s.20).
Müəllifin qəhrəmanının nöqteyi-nəzərincə, həmin risalə "sirri-Xuda" deyilən sirr haqqında deyildir. Bu risalə yuxarıda deyildiyi kimi, qonşuların, tacirlərin, kargərlərin, kəndçilərin, dərvişlərin, şeyxlərin, vəzir-vükalənin, padşahların, əlqərəz, sevənlərin və sevilənlərin sirridir.
Bu sirlər donmuş, yatmış vəziyyətdə deyildir, onlar həmişə dinamikada, hərəkətdə, daim fəaliyyətdədir. Yazıçı belə deyir, hamı bilməlidir ki, bu sirlərin öz macərası, sərgüzəşti mövcuddur. Adı uzun qəhrəman Tanrıdan bir güc diləyir ki, ona imkan versin, o bu macəranı, sirlərin sərgüzəştini heç nə əlavə edib etmədən, olduğu kimi qələmə alsın. Daim uca olan Allahın adı ilə... (s.20). Uca olan Tanrı onun könlünə ilham verir, o da həvəslə risalələrini yazmağa başlayır.
...Sirr də tufandır. Tufan kimi çox şiddətlidir. Tufan keşməkeşli ağır həyat təcrübəsidir, ağır sınaqdır. Dədə-babalarımız sirlərin sərgüzəşti deyərkən bir şəxsə məxsus sirrin nə cür başlandığını, nə cür var olduğunu düşünüblər. Ona görə ki, sirr də insan kimi doğulur, adam kimi yaşayır və adam kimi yox olur.
Müəllif daha vacib olan məsələni xatırladır: risalədə təsvir olunan şəxslərin, kollektivin sirlərinin bir-birilə qarşılıqlı əlaqəsi var, qarşı münasibətlər mövcuddur və bu münasibətlər ayrı-ayrı adamlara məxsus olan sirlərin ağlagəlməz sərgüzəşti fonunda mövcuddur. Sirlərdən yeni sirlər yaranır...
Macəra dolu bu yazılarda Hacı Mir Həsən ağa Səyyahın "Sirlərin sərgüzəşti" risaləsinin birinci sirri təsvir edilir. Sonrakı sirr Əhməd adlı bir odunçu ilə əlaqədar verilir. Burada nağılvari təsvirdə, təhkiyədə (uzaq məmləkətlərin birində Əhməd adlı bir kişi yaşayırdı, günlərin bir günü, ayağıma dəmirdən çarıq geyərəm, əlimə dəmirdən çomaq alaram və s.) Əhməd adlı bir kişinin (arvadı cadugər idi) meşədən odun gətirib bazarda satması və ailəsini, dolanışığını təmin etməyi təsir olunur. Amma bir gün elə gətirir ki, o, evinə tez qayıdır. Tez qayıtmağın sirrini açıb heç kəsə demir. Arvad isə bu sirri öyrənmək qərarına gəlir. Əcəba, meşədə hansı hadisə baş verib ki, Əhməd onu gizlədir? Məlum olur ki, Əhməd bir qollu-budaqlı cökə ağacını kəsmək məqamında ağac insan kimə dil açmış, ona yalvarmışdı ki, onu kəsməsin. Səbəbi də bu olub ki, o ağac deyildi, bir gənc, gözəl qız idi, ona hacansa cadu edib bu duruma salıblar. Gəl, sən mənə rəhm elə. Əvəzində mən də sənə tükənməz bir sevgi, bir dünyalıq məhəbbət verərəm (s.35) - cökə ağacı (gözəl qız) demişdi.
Arvad bilir ki, ərinə cadu ediblər. "Əri bir könüldən min könülə qız bildiyi həmin cökə ağacına aşiq olub. Cadu edən də həmin ağacın özüdür. Ərini bu cadudan qurtarmağın yeganə yolu gedib o ağacı kəsməyi idi, özü də Əhməd gərək ağacı öz istəyilə kəsəydi. Ərinin bu işi görməsi üçün gərək ona öz sirrini açıb cadugər olduğunu əyan edəydi. Cökə ağacına çevrilmiş gözəl qız.
Yazıçı əsərdə Əhmədin hekayəsini bir qəmli və sirli hekayə kimi canlandırır. O demək istəyir ki, həmin hekayənin sirri onda idi ki, sənin sirr kimi bildiyin bir şey, əslində, sirrilikdən çıxmışdı. Çünki artıq bu sirri arvadlar da bilir. Müəllif demək istəyirdi ki, arvad xeylağların hulqumu yoxdur, onlar sirri saxlaya bilmir. Bəzi kişilərdə də bu xüsusiyyət var.
Yazıçı onu da demək istəyir, bir sirr ki, onu üçüncü adam bildi, deməli, onun faş olma (üstü açılma) ehtimalı hər an artır. Faş etmək - gizli işi, sirri digərlərinə demək, bildirmək, yaymaq dır. Deməli, sirr heç əzəldən sirr kimi yaranmayıb. O, sirr deyil, o, bir müəmmadır. Sirlə müəmma arasında bir sıra fərqlər mövcuddur.
Sirr də, müəmma da konseptdir. Bir konsept kimi bu anlayışlar da dünyanın dil, fikir mənzərəsini əks etdirir.
Müəmma - mənası gizli, çətin anlaşılan, üstüörtülü, qaranlıq məsələ deməkdir. Müəmma - açılmaz düyün, çətin bir iş, anlaşılmaz bir sirr, həlli çətin məsələ, məlum olmayan sirr. Füzuli demişkən, "Sirri-dəhəni-yarı, könül, axtar, özün tap".
Kitabın müəllifi sirrin bir tərəfini də cadugərliklə bağlayır.
Yazıçı odunçunun tilsimdən çıxıb-çıxmamasını cümlələrin mövqeyini dəyişməklə həyata keçirir. Onun yaratdığı obraz (konkret olaraq Həsən müəllim) dediyi cümlələrin intonasiyasını dəyişir (bu, dildə transpozisiya hadisəsidir). Həsən müəllimin qəribə yataq otağındakı gömələri (qızı Həliməni, Tutuquşunun alabəzək müqəvvası, "Əsrlərin müqaviməti" adlı kitabı, səliqəsizliyi, Tutuquşu ilə dialoqu (- Bu işin axırı necə oldu? Odunçu tilsimdən çıxa bildi?) və düşüncələri danışanın söylədiyi fikrə, obyektiv gerçəkliyə münasibətini ifadə edən "elə bil" feilindən təcrid olunmuş modal sözün qətilik məzmununun gümanlı, şübhəli məzmunla əvəz edildiyini açıb göstərir. Elə mətn də "elə bil"in təkrarı ilə yaranır.
Kamal Abdulla "Kitabi-Dədə Qorqud" dastanını dərindən bilən alimdir. Amma necə olub ki, dastan haqqında dəyərli yazılar yazmış digər alimlər də Beyrək və Banuçiçək münasibətlərindəki bu vacib məqama fikir verməmişlər?! Həqiqətən də, bu iki gəncin yarışmasında əsl qalib hansı olmuşdur?! Şübhələri yaradan bu idi ki, dastanın hər iki qədim mətni və bu mətnlər əsasında hazırlanan bütün nəşrlər diqtə edirdi, bu yarışların qalibi Beyrək olmuşdur.
Əsl həqiqətin üzə çıxması romanın inkişafında, hadisələrin gedişində aşkar olunur (Məhz Beyrəyin yox, Banuçiçəyin qalib gəlməsi hadisəsi). Kağızlar əsrlərdən üzü bu yana gətirib-gətirib bu sirri ona - Səyyaha, nəhayət, faş etmişdir. İndiyə qədərki fikirlərin əksi, tamam əks fikirlər. Bu yazı bütövlükdə tanış olmayan qəribə mətləbləri üzə çıxarırdı. "Bu yeni həqiqət Həsən müəllimin həqiqəti deyildi, bu yeni həqiqət göz qabağında öz-özünə doğulan ağ kağızlardakı qara hərflərin həqiqəti idi. Hacı Mir Həsən ağa Səyyahın həqiqəti idi. Və bu həqiqətlərin (yeni və köhnə həqiqətlərin) toqquşmasından yenə də sirr yaranırdı. Dastanda deyilənlərlə uyğun gəlməyən fikirlər sirr təşkil edirdi. Bu yeni fikirlərin arxasında ciddi elmi dəlillər, sübutlar dayanırdı. Bu yazılar öz sözünü hələ sonra deyəcəkdi. Çıxan nəticə, məntiq onu göstərir ki, insan, tədqiqatçı köhnə fikirlərin içərisində qalmamalı, məşğul olduğu sənətin yolunu davam etdirərək yeni fikirləri ortaya qoymalıdır. Dədə Qorqud tədqiqatçı Kamal Abdullanın da qəlbində olan bu sirr onun əsl yenilikçi bir alim kimi hörmətini yüksəldir, amma bunu dərk etmək, dərindən bilmək çətinlikləri var. "Bunu qəbul etməyin əsl məntiqi səbəbi barədə bu yazılar öz sözünü hələ sonra deyəcəkdi. Beyrək nişanlısı Banuçiçəyin toyuna gəlib çıxandan sonra (dastan belə deyir) onların arasındakı mükalimənin dərin qatında yatan sirr məhz o zaman aşkar olacaqdı. Və yeni həqiqətin həqiqiliyinə daha heç bir şübhə qalmayacaqdı (77).
Deyimləri sərrastdır, yenidir: Həlimənin qəlbinə dəli bir ümid doldu (80), Həlimə ürəyi ata-ata keçib oturdu (81), Sahil bağında Bəyim, elə bil, quş olub qanad açmışdı (81), çünki o, əslində, özünə yenicə əyan olmuş həqiqətin qum sarayı kimi dağılmasını gözləyirdi. Ona elə gəlir ki, Həlimənin cavabı bu müəmmanı alt-üst edəcək və o, yenə əvvəlki kimi öz düzənli aləminə qayıda biləcəkdi. İndiki həqiqət başdan-başa şübhələrin və gümanların içində idi və Həsən müəllimin düzəninə əməlli-başlı xələl gətirdi. Onun üçün bu ikinci həqiqəti, hardansa uzaq zamanlardan özü öz ayağı ilə gəlib onun yazı masasına quş kimi qonan həqiqəti qəbul etmək çətin idi.
Qəbuledilməz, təsəvvüredilməz fikirlərin biri də o qədim zamanda oğlanla qızın necə güləşə bilməsidir. Yazıçı demək istəyir ki, bəzi hadisələr qəsdən, yaxud da başqa formada şişirdilib, mümkün olmayan müəmmalar, sirlər yaranıb.
K.Abdulla dastandakı həqiqətlərlə yeni yaranan zidd fikirləri qarşılaşdırır, obrazların düşüncəsində, eyni zamanda yazıçı təfəkküründə onun mövcud variantlarını ortaya qoyur. Yeni həqiqətin "ayaq tutub yeriməsi" qarşısını almaq.
Digər məsələ romanda yaddaşın qayıtmasına ümiddir. Həlimənin düşüncə tərzi, oturuşu, duruşu, ədası, hərdən qəflətən doluxsanması Beyrəklə bağlı mükalimə (qızın inamlı cavabı...).
Həsən müəllim Hacı Mir Həsən ağa Səyyahın mətnlərini təhlil edir. Bu əlyazmalar yeni həqiqətləri əks etdirir. Bütün yarışların qalibi Beyrək deyil, Banuçiçəkdir.
Romanda digər məsələ mühüm sirlər qarşısında aciz qalan və onu açmağa çalışan, səy göstərən insanın həyatının, fəaliyyətinin həm əvvəli, həm də sonrakı hissəsidir, hiss olunur ki, keçmişlə əlaqə birdəfəlik üzülür, kəsilir, özü də bu geriyədönməz bir şəkildə baş verir. Buna görə də keçmiş özünü insanın yaddaşına bir həkk edir - kağız üzərində hardansa gəlib peyda olan yazılar vasitəsilə, yazılar şəklində.
Həsən müəllimlə qızı Həlimə arasında olan mükalimədə "Dədə Qorqud"u oxumusanmı? Hər halda keçmişlə əlaqə "Dədə Qorqud" vasitəsilə də əldə edilir.
Yazıçı Həsən müəllimin bütün xüsusiyyətlərinin incə məqamlarını, onun nitqini, övladına, yazısına münasibətini, keçmişlə bağlılığını çox incə boyalarla təsir etməyə çalışır. Çox gözəl. Çox pakizə (bu "pakizə" sözünü Həsən müəllim tez-tez və sevə-sevə işlədirdi) (82).
Həliməyə - qızına bir məsələni xatırladır, bu məsələ Beyrəklə Banuçiçəyin ilk görüşü. O zaman deyin, onların yarışmaları nə yarışma idi və bu yarışmalarda kim qalib gəlmişdi? (83).
Romanda həm real, həm də mifik obrazlar daxili təlaşı ilə, anlaşılmaz duyğular aləmi ilə təsvir olunur. Maraqlıdır, ata öz qızına həm yaxın, həm də uzaq idi.
Adama elə gəlir ki, oxucunu artıq başlıqlar maraqlandırmır, hadisələr payızda, ya qışda baş versin, fərqi yoxdur. Amma belə deyil. Hacı Mir Həsən ağanı nəzərdə tutaraq "Onun payız qədər sevdiyi və ləzzət aldığı başqa mövsüm yox idi. Elə bu sevgisinə görə də risaləni "Payız" fəsli ilə başlamışdı. Müəllif, sanki demək istəyir ki, bütün sirlər payızda yaranır, payızda qorunub saxlanılır. Payız ruhları saflaşdırdığı üçün sirr saxlayan fəsildir, məsələnin də canı budur. Payızda özün öz içinə, özün özünə qayıda bilirsən. Payızda yalançı ümidlər, yalançı vədlər yox olub gedir. Özün üçün yaşamaq həvəsi payızla gəlir. Sonra qış gəlir və bunları dondurur. Sonra bahar gəlir və bunları məhv edir. Yay fəsli hər şeyi yenidən diriltməyə çalışır, amma alınmır, çünki yay fəsli huşsuzluq zamanıdır. Fəsil fəsli- payızdır ki var (96).
Yazıçı Hacı Mir Həsən ağa Səyyahın düşüncələri arasında rabitə (əlaqə) yaradır: "Görəsən, Beyrəyin və Banuçiçəyin sirri ilə tilsimə düşmüş odunçunun sirri arasında bir rabitə varmıdır, ya yoxmudur?!
Romanın dili oxunaqlıdır. Burada maraq doğuran cəhətlərdən biri yazıçının sintaktik vahidlərdən kompleks halda istifadə etməklə, mətnin, müxtəlif dövrlərdə baş vermiş hadisələrin şərhində, təqdimində özünəməxsus yeni üsul tapmasıdır. Müəllif təhkiyəsində müxtəlif tipli cümlə növləri məntiqi biçimdə bir-birini əvəzləyərək mətndə izahedicilik, aydınlaşdırıcılıq və əlavə informasiya vermək funksiyası daşıyır. Belə durumda yazıçı, hətta durğu işarələrindən də (çox nöqtədən) ardıcıl olaraq yardımçı üslubi vasitə kimi istifadə edir: Şahinin gözləri ora-bura qaçırdı, üzünə isə sanki bu sözlər yapışmışdı: "Belə-belə işlər..." (üç nöqtəsilə bir yerdə) (s.282).
Obrazın adı mötərizə içərisində verilir: onun (Həsən müəllimin), qoca kişi (Həsən müəllim) "keçmişin ilıq bir guşəsinə sığınmış", "həyatından razı", "ruhu ilə o uzaq məkana sığınmış" (Həsən müəllim); Günlərin bir günü (bir risaləni yazmağa başladığı zaman) yazdığı şəhər əhli ona öz isti münasibətini tamamən dəyişdi (s.11). "Bamazı köynək", "kartof qızartması, sevimli sabah yeməyi, qara fincan, süd kasası, yazıçının obrazını - Həsən müəllimi hobbisini digərlərindən seçib ayırır.
Paralel cümlələrdən çox istifadə üslubi fiqur kimi yaxşı cəhətlərdəndir: Bir xeylax beləcənə sükut içində qız mənə, mən qıza baxdım. Səsi özündən gözəl idi, özü səsindən (s.34); Məhəmməd yenə də təəccüb dolu baxışla atasına baxır, atası da məlul-məlul Məhəmmədə baxır (s.38).
Kitabın müəllifi mətnlərdə maraqlı müraciət etiketlərindən istifadə edir: - Əhməd, gözümün işığı, başımın tacı, nə baş verib? (s.32), - Noldu, evə tez qayıtdın, həyatım? (s.31).
Bu əsərin dilini səciyyələndirən əlamətlərdən biri ifadə tərzinin özünəməxsusluğudur. Romanda təhkiyə - ifadə tərzi demək olar ki, öncə fəlsəfi ümumiləşdirməni (sirr konseptini) bədii nəsr kontekstinə çevirir.
Mötərizə içərisində cümlələr əlavə konstruksiyalardan ibarətdir. Obrazın müxtəlif hərəkətləri, davranışı, jest və mimikası, digər surətlərə münasibəti, yerişi, duruşu, danışıq tərzi və s. əlavə konstruksiyalar vasitəsilə verilir. Çox zaman personajın adından sonra onun kimə üz tutduğu, hansı əhval-ruhiyyə ilə, nə tərzdə danışdığı barədə məlumat verilir. Məs.: O bilmirdi (bilməyi mümkün də deyildi) ki, bu kəsişmə nöqtəsində onun ruhu Hacı Mir Həsən ağa Səyyahın hücrəsinə sığınıb qalmışdı (s.10).
Romandan çıxan nəticəni Maks Statkeyeviçin (ABŞ) aşağıdakı fikri tamamlayır: "Kamal Abdulla yazını və sirri bir araya gətirərkən insan məhkumluğunun xüsusi təyinatı haqqında fikri inkişaf etdirir".
İzaha ehtiyac yoxdur ki, insan yaranışı, irəliləyişi, cəmiyyətdə tutduğu mövqeyindən asılı olmayaraq məhkum olunma, asılı vəziyyətə düşmə şəraitində də mövcuddur. O, dörd divar arasında məhkum durumda da yaşayıb fəaliyyət göstərə bilir. İnsan asılılığın əsasını şərtləndirir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!