XVIII əsrdə İrəvan xanlığının, XIX əsrdə İrəvan quberniyasının mərkəzi olmuş İrəvan şəhəri, dövrünün mədəniyyət mərkəzi olmuş, Azərbaycana, bütövlükdə Şərqə böyük şəxsiyyətlər bəxş etmişdir... Bu məşhur şəxsiyyətlərdən biri də görkəmli alim, filosof, ictimai və siyasi xadim Şeyxülislam Fazil İrəvanidir.
Fazil İrəvani Bütöv adı Ayətullahu'l-uzma Molla Məhəmməd ibn Məhəmməd Baqir olan, Fazil İrəvani olaraq məşhurlaşan alim qədim Azərbaycan şəhəri İrəvanda 1782-ci ildə, bəzi mənbələrə görə, 1817-ci ildə anadan olmuşdur. İlk təhsilini İrəvanda, mədrəsədə almışdı. 20 yaşında ikən ali dini təhsil almaq üçün Misirə gedərək buradakı yalnız müsəlman Şərqində deyil, dünyada məşhir olan "Əl-Əzhər" Unversitetində təhsil almışdır. Bəzi mənbələrə görə, "o, əvvəlcə Kərbəla şəhərinə yola düşərək, təhsilinin birinci mərhələsini burada keçirmiş, Kərbəlada Ayətullah Seyid İbrahim Qəzvininin dərslərində iştirak etmişdir. Çox keçmədən yüksək istedada malik olduğundan üsul və fəlsəfədə böyük müvəffəqiyyətlər qazanmışdır. Başqa tələbələrin uzun müddətdə oxuduğu dərsləri Fazil İrəvani qısa müddətdə və layiqincə başa vurmuşdur. Bu şəhərdə yaşadığı 4 il ərzində fiqh və üsuli-fiqh elmlərinin incəliklərinə yiyələnən Fazil İrəvani, öz dövründə cəfəri məhzəbinin elm paytaxtı sayılan Nəcəfi-əşrəfə köçür," burada böyük müctəhidlərin dərslərində iştirak edir. Ayətullah Şeyx Ənsari dünyasını dəyişdikdən sonra Fazil İrəvani zəmanəsinin müctehidi olan Seyid Hüseyn Kuhkəməri Təbrizinin dərslərində iştirak edir və ictihad, şəri hökmləri Quran, hədis və digər mənbələrdən əldə edib bəyan edən ali rütbəli ruhani" məqamına çatır. "Şeyx Həsən Kaşifu'l-Qita "Cəvahiru'l-kəlam" kitabının müəllifi Şeyx Məhəmməd Həsən İsfahani Nəcəfi və müctəhidlərin şeyxi Mürtəza Ənsari kimi elm nəhəngləri Fazil İrəvaninin səylərini lazımi istiqamətə yönəldərək, onun bacarıqlı müctəhid kimi yetişməsinə köməklik göstərməsi haqqında məlumatlar tarixçi, siyasətçi və şair Yəhya Dövlətabadinin "Məfaxer-e Azərbaycan" əsərinin. I cildində, s.243, 357, 408-də, Doktor Əqiqi Bəxşayişinin, Böyük Hacağanın fikirlərində də öz əksini tapır: Yəhya Dövlətabadi Ayətullah molla Məhəmməd İrəvani haqqında yazır: "Hicri-qəməri tarixi ilə 1281-ci ildə şeyx (Mürtəza) Ənsari dünyadan köçür və onun ölümündən sonra görkəmli şəxslərin hamısı ortaya öz iddiasını qoyaraq, onun yerinə keçmək istəyir. Əlbəttə, bu elmi dairənin tələbələrinin də rəis seçkisinə müdaxilə etmək hüququ var idi. Onlar əsasən türklərdən ibarət idilər. Hər qrup hövzə rəisinin onlardan olmasına çalışırdı. Göstərilən vəzifəyə isə iki namizəd vardı - bunlardan biri Ağa Seyid Hüseyn Kuhkəməri, digəri Molla Məhəmməd İrəvani idi. Belə olan halda Hacı Seyid Hüseyn birinci, İrəvani ikinci rəis olur. Ancaq çox keçmədən Hacı Seyid Hüseyn dünyasını dəyişir. Beləliklə, Molla Məhəmməd İrəvani birinci rəis və Şeyx Məhəmməd Həsən ikinci rəis seçilir." Ayətullah Molla Məhəmməd ibn Məhəmməd Bağır İrəvani-Nəcəfini böyük fəqih, əxlaq sahibi, fiqh sahəsində hövzənin ən nüfuzlu şəxslərindən biri" kimi təqdim edən doktor Əqiqi Bəxşayişi yazr: ". O, görkəmli müctəhidlərdən biri olmaqla, elmi, zəkası, natiqliyi sayəsində fazil şəxslər arasında birinci yerdə dayanırdı. İrəvani hicri-qəməri tarixi ilə 1232-ci ildə İrəvanda dünyaya göz açmış, ibtidai təhsil aldıqdan sonra İraqa köçmüşdü. Əvvəl Kərbəlada mərhum Seyid İbrahim Qəzvinidən dərs almış, sonra dörd il sərasər fiqh və fiqh üsulunu öyrənmişdi. Sonralar Nəcəfül-əşrəfə mühacirət edərək uzun müddət həmin şəhərdə yaşamış, tədris və təlimlə məşğul olmuş, müasirləri arasında Fazil İrəvani kimi şöhrətlənmişdi. Ayətullah Seyid Hüseyn Kuhkəməri vəfat edəndən sonar zamanın mərcəyi-təqlidi təyin olunmuş, bütün Azərbaycan və Qafqaz müsəlmanlarının şəri məsələlərlə bağlı problemlərini həll etmişdir. O, Şeyx Tusi məscidində camaat namazına durar, bütün alim və təhqiqatçılar onun hüzuruna gələrdilər. O, idarəetmə fənninin bilicisi şeyx Murtəza Ənsarinin, ənvarül-fiqh sayılan şeyx Həsənin və məntiq elminin ustadı kimi tanınan şeyx Məhəmməd Həsənin yanında oxumuşdu. Şeyx Ənsari və şeyx Məhəmməd Həsən ona ictihad icazəsi vermişdi" (S.Sərdarniya). Mərhum Böyük Hacağa (yenə həmin mənbədə) yazır: "O, zəvabət (idarəetmə), məntiq və s. dərslərdə iştirak etsə də, əllamə şeyx Murtəza Ənsarinin mühazirələrinə daha çox vurulmuşdu. Seyid Kuhkəmərinin vəfatından sonra o, mərcəyi-təqlid oldu. Onun öz xətti ilə yazılan "Kitabül-bey-ül istidlali" əsərini oğlu Şeyx Mahmudun yanında gördüm." Hətta "Fazil İrəvani təhsilinin son mərhələsində yalnız Şeyx Ənsarinin dərslərində iştirak edirmiş. Yaxın Şərq mənbələrində; "Reyhanətu'l-ədəb" kitabında onun haqqında yazılır: "Şeyx Ənsari və Seyyid Hüseyn Kuhkəməridən sonra Nəcəf elm hövzəsində tədris və dini rəyasət ona verildi və o, bilik sahiblərinin müraciət mənbəyi oldu.
Məhəmməd Əli Müdərris Təbrizinin, "Reyhanətul-ədəb" kitabında (cild 4,s.279; s.214-285) Fazil İrəvaninin 30 tələbəsinin adı çəkilir.
Dərin dini biliyi ilə yanaşı, iman, əxlaq, mənəviyyat və təqva (ruh və nəfsin hifz edilməsi) baxımından da çox yüksək səviyyədə olan Fazil İrəvaniyə "Hindistan, Türkiyə, Qafqaz, İran və Rusiyadan şəriət vergiləri (xüms, zəkat) göndərilirdi" (Rəhimov). Dünya malından çox elmə, əxlaqa, mənəviyyata önəm verən, zahidanə həyat tərzi yaşayan bu imanlı ziyalı ona göndərilən xüms-zəkat pullarını da son qəpiyinə kimi dini elmləri öyrənən tələbələrə və digər lazımlı işlərə sərf etmişdir. Fazil İrəvanini öz müasirləri, xüsusilə, müctəhidlər arasında böyük nüfuza malik olmuşdur.
Beləliklə, təhsil və tədqiqatlardan, həmçinin Şeyx Mürtəza Ənsari, Şeyx Məhəmmədhəsən İsfahani Nəcəfidən ictihad icazəsi adıqdan sonra Fazil İrəvani Nəcəf elm mərkəzində çalışmış, dərs deməyə başlamışdı.
Alim Fazil İrəvani mərcəi-təqlid kimi daha da məşhurlaşmışdı. "Mərceyi təqlid-təqlid yeri, təqlid mənbəyi deməkdir. Başqa müsəlmanlar tərəfindən təqlid edilən müctəhidlərə deyilir." Əsasən, "Ali dərslər fiqh və üsul elmlərinə aid olub, müctəhid və mərceyi-təqlidlər tərəfindən tədris edilir. Müctəhid bu dərslərdə qabaqcadan apardığı tədqiqatlardan istifadə edərək hər hansı bir fiqhi məsələ və yaxud üsul elminə aid qanunla bağlı müxtəlif nəzərləri tənqidi baxımdan araşdırır, aldığı nəticəni və şəxsi rəyini bəyan edir. Bu dərslər tələbələrə uyğun elmlərin tədqiqat metodunu öyrətməklə yanaşı, həm də onları tədqiqata sövq edərək bir növ müctəhidliyə hazırlayır. Sözügedən mərhələni Fransa təhsil sisteminin doktorantura mərhələsilə eyniləşdirmək olar."
Misirin Əl-Əhzər universitetinin məzunu, uzun müddət İraqda (Nəcəf), İranda (İsfahan və Təbriz) axundluq etmiş, Qafqazın II Şeyxülislamı Fazil İrəvani şərəfli ömrünü İslam maarifini, islam fəlsəfəsini öyrənməyə və öyrətməyə həsr etmiş, Şərq tarixi və dini elmlərə aid bir neçə risalənin müəllifi kimi Şərqdə böyük şöhrət qazanmışdır. Mənbələrdə, Fazil İrəvaniyə aid edilən 15-ə yaxın kitab məlumdur. Əsərləri bir çox dillərə tərcümə olunmuş, Təbriz, Peterburq, Berlin, Parisdə çap olunmuş Fazil İrəvaninin "Paklıq kitabı" adlı əsəri Cənubi Azərbaycanın məşhur din xadimi Molla Əhməd Güzəkünaninin tapşırığı ilə 1883-cü ildə Təbrizdə fars dilində Xəttat Məhəmməd Təbrizi tərəfindən çap olunmuşdur.
XIX əsrə aid olan türk, gürcü və erməni mənbələrindən məlum olur ki, Fazil İrəvaninin "Tarixi-İrəvan" adlı əsəri də (əlyazması) olmuşdur. İrəvan və Qərbi Azərbaycan əyalətlərinin tarixinə, Azərbaycan xanlıqlarının fəaliyyətinin tarixi tədqiqatına həsr edilmiş əlyazmanın təəssüf ki, bu günə qədər hansı arxivdə saxlandığı məlum deyil. "Bəlkə də əlyazma indiki İrəvan arxivlərində ya məhv edilib, ya da hansısa erməni müəllifinin adına dəyişdirilərək nəşr edilmişdir. Qeyd edək ki, tarixi-elmi əsərlərin müəlliflərinin dəyişdirilməsi faktları günümüzdə də ermənilər tərəfindən davam etdirilməkdədir." Bədii yaradıcılıqla məşğul olmuş Fazil İrəvaninin gənc yaşlarında İrəvanda, Azərbaycan dilində yazdığı "Qızılgül və bülbül" povesti çox məşhurdur.
Şeyxülislamlıq fəaliyyəti Fazil İrəvanı 20 yaşında ayrıldığı vətəninə, doğma şəhəri İrəvana bir də 45 yaşında qayıtmış, buradakı Göy Cami məscidində baş axund kimi fəaliyyətə başlamış, "dini mədrəsə açan Fazil İrəvani İslam fəlsəfəsini öyrətməklə çoxlu sayda din xadimləri yetişdirmişdi." 1843-cü ildə dini və dünyəvi elmlərə bələd olan, müctəhid Fazil İrəvani Qafqaz Müsəlmanları Şeyxülislamının müavini vəzifəsinə (Qafqaz müsəlmanları Şiə Ruhani idarəsi sədrinin müavini) dəvət olunur və dəvəti qəbul edir. Qafqaz Müsəlmanları Şeyxülislamının müavini vəzifəsində çalışdığı dövrdə Fazil İrəvani idarənin fəaliyyətini xeyli genişləndirir, işini təkmilləşdirir. Diyarın müsəlman əhalisi ruhani dairələrinə bölünməklə diyarda şəriət məhkəmələri yaradılır. Bütün müsəlmanlara ruhani zümrəsinə daxil olmaq hüququ verilir. İrəvanin təşəbbüsü ilə ruhanilərə vəzifə maaşları kəsilməklə onlara dövlət məmurları ilə eyni səlahiyyətlər verilir. Beləliklə, əvvələr müctəhidin səlahiyyətində olan qayda-qanunların həyata keçirilməsi şeyxülislama həvalə edilir. 1846-cı ildə Fazil İrəvani Qafqazın Şeyxülislamı seçilir (1847-1862). Fazil İrəvaninin Qafqazın Şeyxülslamı seçilməsi qurumun mövqeyinin möhkəmlənməsinə və fəaliyyətinin gücləndirilməsinə şərait yaradır. Əldə etdiyi uğurlara görə I, II, III dərəcəli "Müqəddəs Georgi" ordenləri ilə təltif edilən Şeyxülislam Fazil İrəvani, həmçinin İran hökuməti tərəfindən də yüksək mükafatlara layiq görülmüşdü." İrəvaninin hökümət yanındakı nüfuz və söz sahibi olması, əməyinin qiymətləndirilməsi, şeyxülislamlıq fəaliyyəti dövründə dini idarəyə çoxlu sayda əlavə səlahiyyətlərin alıması canişin Paskeviçi narahat edirdi. Çünki idarənin yaradılması ilə bağlı çar fərmanı olmadığından onu nəinki genişləndirmək, heç yaratmaq belə, olmazdı. Paskeviç hətta şeyxülislamın səlahiyyətlərini azaltmaq, müctəhidliyi bərpa etmək və İrandan yeni müctəhidlər gətirmək təklifləri ilə də çıxış edirdi. Qafqazda İslam dininin imperiyaya xidmət yollarını arayıb-axtaran xüsusi komissiyanın sədri Bulatovun Paskeviçə yazdığı məktubda Şeyxülislamın nüfuzundan əndişəsi açıq-aşkar ifadə edilir: "Zaqafqaziya şiə müsəlman ruhanilərinə rəhbərlik edən, həmçinin şeyxülislam adı daşıyan Məhəmmədəli Hüseynzadə və Fazil İrəvani kimi şəxslər böyük nüfuz sahibidirlər. Onların rəyləri həmdindaşları tərəfindən birmənalı şəkildə qəbul edilir və sözsüz icra olunur. İrandan müctəhidlərin gətirilməsini olduqca uğursuz cəhdlər kimi qiymətləndirirəm."
Fazil İrəvani uzunmüddətli fəaliyyətdən sonra, 1862-ci ildə şeyxülislamlıq vəzifəsindən istefa verərək doğma şəhəri İrəvana köçmüşdür.
Qafqazda böyük "nüfuz və söz sahibi" olan Fazil İrəvani Şeyxülislamlıqdan istefa etdikdən sonra da bir çox müşkül sahiblərinin işlərinin həll olunmasına vəsilə olmuşdur: "1871-ci ildə Lənkəranda müəllim işləyən şair Mirzə İsmayıl Qasir, məhkəmə katibi və Sadıq bəy Mehmandarov ağır ehtiyac içində yaşayan əhaliyə şəhərin Forştat hissəsində məskunlaşmış rusların və almanların əkdikləri kartofdan yemələrini məsləhət gördüklərinə görə ruhanilər onların hər ikisinin Lənkərandan qovulması barədə qərar çıxarırlar. Başqa əcnəbi millətlərin becərdiyi kartofu murdar adlandıran savadsız ruhanilər şair Qasiri və hüquqşunas Sadıq bəyi kafir adlandırır və kartofdan istifadəni camaata qadağan edirlər. Mirzə İsmayıl Qasir və Sadıq bəy bu barədə məktubla Qafqaz şeyxülislamı Fazil İrəvaniyə müraciət edirlər. O, qərarı ləğv etməklə, hər iki ziyalını müdafiə edir." Dərin elmi biliyə malik olan imanlı ziyalıya müraciət edənlərdən biri də, Azərbaycan tarixinə alim, pedaqoq, şair və musiqişünas kimi daxil olan Mir Möhsün Nəvvab idi.
Musiqi sahəsində, xüsusən muğamlarımızın tədqiqində xüsusi rolu olan Nəvvab, həmçinin Azərbaycan dilində (əski əlifba ilə) yazılmış və nəşr olunmuş yeganə risalənin müəllifidir. Mir Möhsün Nəvvab "Orta əsr muğam nəzəriyyəsinin ənənələrini özündə əks etdirən risaləsində "Orta əsr traktatlarında geniş işıqlandırılmış bud (interval), cins (tetraxord), iqa (ritm) və digər məsələlərə toxunmamışdır. Onun əsərinin əsas istiqaməti praktiki, təcrübi, əməli məqsəd daşımışdır. Bu da əsasən Orta əsrlərdən sonra yazılmış risalələr üçün xas idi. Bu risalələr muğamların öyrənilməsi üçün dərslik kimi də nəzərdə tutulmuşdur." Maraqlıdır ki, Mir Möhsün Nəvvabın risaləsi fars dilində yazılmış və Fazil İrəvaniyə verilən qeyri-adi sualla - epiqrafla başlayır: "... Musiqi elmində məharəti olub, özü xanəndəlik etməyən, müğənniliyi və təğənnini haram sayan bir şəxs elmi məqsədlə musiqidən istifadə etsə, onu yadda saxlasa, tədris etsə, çap etsə, yazsa, satsa, yazıb öz kitabxanasında saxlasa - caizdir, ya yox?" Fazil İrəvaninin Nəvvaba cavabı belə idi: "Musiqi elmini öyrətmək və öyrənməyin eybi yoxdur, hətta vacibdir. Amma onu təcrübədə işlətmək caiz deyil." Risalədə Fazil İrəvaninin cavabının altında onun möhrünün surəti də verilmişdir. Mir Möhsün Nəvvab belə bir hörmətli şəxsin imzasını aldıqdan sonra yenə də musiqi sənətinə və yazdığı əsərə bəraət qazandırmaq məqsədilə risaləni "Ruhani qar-daşlarına!" müraciəti ilə başlayır: "Ruhani qardaşların hüzuruna ehtiramla ərz-əhval edir bəndeyi-aciz Nəvvab Mir Möhsün Ağamirzə Qarabaği, o əşxaslar ki iltifat nəzə-rilə bu fəqərata mülahizə buyuracaqlar, güman ki, bəndeyi-acizin məqsudi bu bəya-nətin iqdamından odur ki, onun istemalını caiz və həramiyyətini halal bilirik."
Böyük şəxsiyyət, məşhur din alimi, nurlu insan, imanlı ziyalı, Qafqazın şeyxülislamı Fazil İrəvani uzun ömür sürmüş, 103 yaşında həyatdan köçmüşdür.
Adətən görkəmli şəxsiyyətlərin adı öldükdən sonra münasib yerlərə; küçə, məktəb, rayon və s. verilir. Sağlığında böyük nüfuz və şöhrətə malik olan Şeyxülislam Fazil İrəvaninin doğulduğu İrəvan şəhərində onun adını daşıyan məhəllə; "Şeyxülislam məhəlləsi" və Karvansaray olmuşdur. "Şeyxülislam məhəlləsi" və Karvansaray uzun illər, münaqişə başlayana qədər bu mübarək din və elm adamının adını daşımışdı.
Bədii yaradıcılığı Görkəmli alim, mütəfəkkir, bir çox dini, tarixi və ədəbi əsərlərin və dini fəlsəfəyə, müsəlman dünyasının milli adət-ənənələrinə aid yazdığı qiymətli məqalələrin müəllifi olan Fazil İrəvaninin zəngin elmi və bədii irsi var. Elmi əsərləri əsasən, ərəb dilində olan əsərləri, xüsusən "Gül və Bülbül"ü bir çox dillərə tərcümə olunmuş, Təbriz, Peterburq, Berlin, Paris və İrəvanda çap olunmuşdur. Fazil İrəvaninin Azərbaycan dilində yazılan "Qızılgül və bülbül" adlı povestinin yayılma arealı genişdir. Əsər müxtəlif illərdə bir neçə dəfə Avropa dillərinə tərcümə edilib. Təəssüf ki, müxtəlif müəlliflərin əsəri kimi. Eyni ildə (1812), eyni vaxtda və eyni şəhərdə - Sank-Peterburqda 2 kitab çap olunub; "Qızılgül və bülbül haqqlnda əxlaqi roman" (erməni dilində). Sankt-Peterburqda nəşr edilən "Qızılgül və bülbül" povestinin müəllifi saray müşaviri Xocens Marker Geğamyan göstərilsə də, əsərin müəllifi Fazil İrəvanidir. F.İrəvaninin gənc yaşlarında yazdığı "Qızılgül və bülbül" adlı povestinin taleyi "Tarixi-İrəvan" əsərinə nisbətən uğurlu sayıla bilər, çünki ən azından məhv edilməyib, lakin bir o qədər də başıbəlalıdır. Oğurluğa adətkərdə olmuş ermənilər Fazil İrəvaninin əsərinə də göz dikmiş, əsərin üzünü erməni əlifbası ilə köçürən Xocens Markar Geqamyan özünü əsərin müəllifi kimi təqdim etmişdir. Çox keçmədən "Qızılgül və bülbül"ü Le Vayya de Floribal fransız dilinə çevirib Parisdə (1826), sonra isə Jözef Fon Hammer alman dilinə çevirərək 1832-1833-cü ildə iki dəfə yüksək trajla çap etdirir. Dırnaqarası "erməni ədibi" X. M. Geğamyan əsəri öz adına çıxsa da Avropa və Qafqazda aparılan tədqiqatlar əsərin Fazil İrəvaniyə məxsus olduğunu təsdiqləyir. "Sonradan ermənilər özləri də təsdiq etmək məcburiyyətində qalırlar ki, adıçəkilən əsər Fazil İrəvani tərəfindən yazılmış, Geğamyan isə onu oğurlayıb öz adına çap etdirmişdir. Digər tərəfdən fransız tədqiqatçısı Le Vayya de Floribal "Qızılgül və bülbül"ün türk müəllifi Fazil İrəvaninin əsəri olduğunu bildirərək məsələyə aydınlıq gətirmişdir. Sadəcə, Xocens Markar, Fazil İrəvaninin "Qızılgül və bülbül" əsərini erməni və rus dillərinə tərcümə edərək öz əsəri kimi çap etdirmişdir. "Qızılgül və bülbül" əsərinin orijinalı Matenadaranda - Mesrop Maştos adına Qədim Əlyazmalar İnstitutunda saxlanılır." "Qızılgül və bülbül"ün əsl müəllifinin Fazil İrəvani olduğu bəlli olduqdan sonra da, ermənilər utanmadan, 1950-ci ildə yenə də əsəri erməni müəllifin əsəri kimi Freznada (ABŞ) çap etdirmişlər. Ancaq həqiqəti gizlədə bilmirlər. "Qızılgül və bülbül" povestinin müəllifinin X.M.Geqamyan yox, Fazil İrəvani olduğunu sonradan ermənilərin özləri etiraf ediblər." Əsəri xaricdə yaşayan ermənilərin ləhcəsinə çevirib hissə-hissə "Anahit" jurnalında çap etdirən erməni Arşad Çobanyan "Qızılgül və bülbül" "povestinin Fazil İrəvaninin olduğunu təsdiqləyib ("Qızılgül və bülbül" əsəri ayrıca bir məqalənin mövzusudur).
Təəssüf ki, əsərinin üzü köçürülüb dəfələrlə Avropada nəşr edilən, erməni-Azərbaycan münaqişəsi başlayanadək adına İrəvanda məşhur "Şeyxulislam məhəlləsi", Karvansaray olan görkəmli ədib, alim, siyasi və ictimai xadim Fazil İrəvaninin adına indiyədək Azərbaycan tarixindən və ədəbiyyatından bəhs edən kitablarda yalnız məlumat verilməklə kifayətlənilmişdir. Düşünürük ki, görkəmli alim, ictimai və siyasi xadim Şeyxülislam Fazil İrəvaninin zəngin elmi irsinin və yaradıcılığının araşdırılması vacibdir və bu sahədəki araşdırmalarımız davam edir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!