Tərlan QULİYEV
Böyük Azərbaycan şairi Nizami Gəncəvi təkcə əsərlərinin ideya-məzmun xüsusiyyətlərinə görə deyil, həm də sənətkarlıq xüsusiyyətlərinə görə də dahidir. Belə ki, məsələn, Nizami Gəncəvi "bəsmələ"ni, yəni Allah (c.c.) kəlamı olan "Bismillahir-Rəhmanir-Rəhim" ifadəsini Azərbaycan ədəbiyyatında, bəlkə də bütövlükdə Şərq ədəbiyyatında poeziyaya gətirən, onu vəznə salan ilk şairdir. Bu isə o qədər də asan məsələ deyildir. Bu Allah (c.c.) kəlamı, adətən, istisnasız olaraq, bütün nəsr əsərlərinin və elmi əsərlərin ilk sətirlərini bəzəsə də, mənzum əsərlərdə bu fakta bir o qədər də sıx-sıx təsadüf olunmur... (bəzi mənzum əsərlərin nəsrlə yazılmış dibaçələri nəzərə alınmır).
Nizami Gəncəvi poemalarını qələmə alarkən əruz vəzninin dörd bəhrindən - səri, həzəc, xəfif, mütəqarib bəhrlərindən və həzəc bəhrinin iki növündən istifadə etmişdir. Belə ki, o, "Sirlər xəzinəsi"ni səri bəhrində, "Xosrov və Şirin" və "Leyli və Məcnun"u həzəc bəhrində, "Yeddi gözəli" xəfif bəhrində, "İsgəndərnamə"ni isə mütəqarib bəhrində qələmə almışdır... İlk poeması olan "Sirlər xəzinəsi"nin
Bismillahir-Rəhmanir-Rəhim
Həst kəlide-dəre-gənce-həkim
(Bismillahir-Rəhmanir-Rəhim
Həkimlər xəzinəsinin qapısının açarıdır)
- misraları ilə başlayan səri bəhri isə onun yaradıcılığında xüsusi yer tutur...
"Sirlər xəzinəsi"nin vəznindən danışarkən Əkrəm Cəfər yazır: "Farsdilli poeziyada səri bəhrinin ən böyük və qədim nümunəsi Nizaminin "Məxzənül-əsrar" poemasıdır. Bu sözü yalnız Azərbaycan ədəbiyyatı üçün deyil, bütün Yaxın və Orta Şərq ədəbiyyatı üçün də demək olar. Nizami özü yazır:
Şəbədeyi-taze bər əngixtəm,
Heykəli əz qalebe-no rixtəm.
(Təzə füsunkar bir əsər yazdım,
Yeni qəlibdə bir heykəl yaratdım).
Bu beytdən bir az aşağıda Nizami əlavə edir.
Vin dori əz bəhre-no engixte...
(Bu əsər yeni bir dənizdən - bəhrdən çıxarılmış bir incidir).
Başqa sözlə desək, bu poema yeni bir vəzndə yazılmış bir əsərdir. Burada söhbət Nizaminin "Məxzənül-əsrar" ("Sirlər xəzinəsi") əsərindən gedir. Gördüyümüz kimi, dahi şair bu misralarda yalnız poeziyasının şairanə obrazlarını deyil, əruzun elmi terminlərini də - bəhr terminini də, qəlib terminini də işlədir...
Nizaminin burada "yeni bəhr", "yeni qəlib" sözlərindən anlaşılır ki, ondan əvvəl səri bəhrinin "Məxzənül-əsrar"da tətbiq edilmiş növünü böyük əsərlərdə, poemalarda başqa şairlər işlətməmişdir... Nizami "bu vəzn ilə yeni bir heykəl tökdüm" deyəndə, şübhəsiz, böyük poemanı nəzərə alır. Gizli deyildir ki, fars şeirində, ümumiyyətlə, səri bəhri seyrək işlənmişdir... Buna baxmayaraq, Nizaminin "Məxzənül-əsrar" əsəri Şərq ədəbiyyatında səri bəhrinə geniş imkan verdi".
Böyük əruzşünas Əkrəm Cəfərin səri bəhrinin farsdilli poeziyada və Nizami Gəncəvi yaradıcılığındakı yeri haqqında dediyi fikirlər tamamilə doğrudur. Lakin "Məxzənül-əsrar"da "Bismillahir-Rəhmanir-Rəhim" ifadəsini bu bəhrə gətirməklə, bu bəhrdə Nizami Gəncəvi, eyni zamanda elə böyük bir poetik qüdrət gostərmişdir ki, Nizamidən danışarkən onu da mütləq qeyd etməli, xatırlamalıyıq. Həm də onu da nəzərə almalıyıq ki, bu faktı hələ XVI əsrdə boyük özbək sərkərdəsi, dövlət xadimi, şairi, alimi Zəhirəddin Məhəmməd Babur (1483-1530), özünün ümumtürk, özbək əruzunun xüsusiyyətlərindən bəhs edən məşhur "Müxtəsər" əsərində qeyd etmişdir. Belə ki, Babur öz əsərində səri bəhrindən danışarkən Nizaminin "Məxzənül-əsrar" poemasının ilk beytini nümunə gətirir və yazır:
"Məqtuyi-mətviyy-mövquf
Bismillahir-Rəhmanir-Rəhim
Həst kəlide-dəre-gənce-həkim.
Rəməl bəhrində xatırladıb dedim ki, əcəmlər ərəbləri təqlid edib (ənənələrini) dirildərkən misralarının vəznini müxtəlif göstəriblər. Nizaminin bu beyti də deyilən növdəndir. Əvvəlki misranın iki rüknü məqtudur, əruzu mətviyy-mövquf: məf"Ulün məf"Ulün fA"ilAn. Sonrakı misranın iki rüknü mətviyy, zərbi mətviyy-mövquf: müftə"ilün müftə"ilün fA"ilAn".
Baburun bu sətirlərini şərh etdikdə elə mətləblər ortaya çıxır ki, Nizaminin təkcə dahi şair deyil, həm də böyük ədəbiyyatşünas, əruzun nəzəri əsaslarını mükəmməl bilən bir şəxs olduğunu və bəlkə də "Sirlər xəzinəsi" poemasını bilərəkdən səri bəhrində qələmə aldığını görürsən. Lakin Baburun fikirlərini şərh etməzdən əvvəl oxucuda poemanın vəzni haqqında aydın təsəvvür yaratmaq və Baburun fikirlərini daha rahat anlamaq üçün bir neçə məsələyə aydınlıq gətirmək lazımdır... Beləliklə, bura qədər dediklərimizdən aydın olur ki, Nizami Gəncəvinin bu poeması səri bəhrində qələmə alınmışdır. Səri bəhrinin isə fars poeziyasında işlənən əsas qəlibi bütün orta əsr alimləri və Əkrəm Cəfərin də doğru olaraq yazdıqlarına görə müftə"ilün müftə"ilün fA"ilün-dür. Və Nizami Gəncəvinin "Sirlər xəzinəsi" əsərinin birinci misradan başqa, yəni "Bismillahir-Rəhmanir-Rəhim"dən başqa, bütün misraları bu vəzndə yazılsa da, bu misra, yəni birinci misra, hələ XVI əsrdə Baburun da dediyi kimi, başqa qəlibdə-məf"Ulün məf"Ulün fA"ilün vəznindədir. Bu nədir? Yəni Nizami Gəncəvi vəznləri qarışdırıb? Axı biz ötən məqalələrimizin birində Nizaminin öz əsərlərində belə bir hala yol vermədiyini və bu faktı hələ Nizami dövrünün tənqidçilərinin qeyd etdiklərini demişdik. Digər tərəfdən, deyək ki, Babura inanmayıb, bu misranı da poemanın digər misraları kimi müftə"ilün müftə"ilün fA"ilün ölçüsünə salıb, onu bu vəznə görə "Besme-İlahe-Rəhimanir-Rəhim" kimi də oxumaq olar və bəzən belə oxumaq istəyənlər də var. Amma bu, doğrudurmu? Allah (c.c.) kəlamını dəyişib bu şəkildə oxuya bilərikmi, ixtiyarımız varmı? Təbii ki, yox... Bəs bu məsələnin sirri nədədir?
Belə ki, bu məsələni araşdırarkən istər-istəməz Baburun dediklərinə gəlib çıxırsan... və görürsən ki, birinci misra, həqiqətən də, məf"Ulün məf"Ulün fA"ilün ölçüsündədir və bu, heç vəchlə vəznin sınıqlığına, ölçüsünün qüsurlu olmasına gətirib çıxarmır. Bəs görəsən, niyə? Axı əruzda ilk baxışda guya misralarda, müasir terminologiya ilə desək, uzun və qısa hecaların eyni sıra ilə düzülüşləri vacibdir. Burada isə birinci misra-məf"Ulün məf"Ulün fA"ilün-lə, ikinci misra- müftə"ilün müftə"ilün fA"ilün başqa-başqa qəliblərdir... Bəs görəsən, vəzn niyə pozulmur? Buna görə, bunun səbəbini başa düşmək üçün, ilk növbədə əruz vəzninin ümumi mahiyyətini və bir də Babur demişkən, ərəb əruzunun bəzi xüsusiyyətlərini bilmək lazımdır ki, Babur da ilk sətirlərdə məhz buna işarə edir.
Əruzun bir vəzn kimi mahiyyətindən danışarkən onu demək lazımdır ki, əruz, ilk növbədə, ölçülü vəzndir. Yəni əruzda birinci misra hansı zaman müddətinə tələffüz olunursa, o biri misralar da mütləq həmin zaman müddətinə söylənilməlidir. Əks təqdirdə, vəzn pozulmuş olar. Və hətta misraları təşkil edən hecalar da bu prinsipi qorumalıdır. Belə ki, sözlər də yerlərini dəyişə bilməz. Bu da bəzən vəznin pozulmasına gətirib çıxarar. Amma bu vəzndə, əruzda, daha doğrusu, daha çox ərəb əruzunda elə bir istisna halı vardır ki, bu istisna, ərəb əruzunu digər kvantitativ vəznlərə yaxınlaşdırmaqla, eyni zamanda onun tərkibində olan iki qısa hecanın birləşib bir heca kimi çıxış etməsinə də icazə verir. Bildiyimiz kimi isə ölçülü vəznlərdə zaman etibarilə, yəni tələffüzlərinə sərf olunan zamana görə iki qısa heca, bir uzun hecaya bərabərdir. Bu mənada, bu qəliblərdə də vəziyyət bu şəkildədir. Yəni əruz terminləri, Baburun dili ilə desək, məqtu olan məf"Ulün-lə, mətviyy olan müftə"ilün təfilələri arasında fərq məf"Ulün-ün üç uzun hecadan, müftə"ilün-ün isə bir uzun, iki qısa və yenə də bir uzun hecadan ibarət olmasıdır. müftə"ilün-ün ortasında gələn iki qısa hecaların zaman etibarilə bir uzun hecaya bərabər olduğunu nəzərə alsaq, deməli, əslində, bu iki təfilə zaman etibarilə bir-birinə bərabərdir. Bu mənada, əslində, Nizaminin birinci vəzni ilə ikinci vəzni arasında, yəni
məf"Ulün məf"Ulün fA"ilün-lə,
müftə"ilün müftə"ilün fA"ilün
- arasında zaman baxımından heç bir fərq yoxdur. Nizami burada, sadəcə olaraq Baburun dediyi kimi, ərəb əruzunun xüsusiyyətlərini fars poeziyasına gətirmiş, Babur demişkən, ərəbləri təqlid edərək, onların ənənələrini diriltmişdir. Ərəb şeirində misralar arasında isə bu yaxın vəzn müxtəlifliyi çox adi haldır. Və burada insafən onu da qeyd edək ki, məf"Ulün məf"Ulün fA"ilün qəlibinin səri bəhrinin növlərindən biri kimi tarixən fars poeziyasında işləndiyini Əkrəm Cəfər də qeyd etmişdir. Maraqlıdır ki, Nizami də məhz bunu bilmiş və vəznin verdiyi bu imkandan, farsdilli və türkdilli poeziyalarda da işlənən, amma bu xalqların əruzlarına bir o qədər də xas olmayan, lakin Nizami dövründə fars poeziyasında geniş yayılmış bu fənddən məharətlə istifadə etmişdir.
Beləliklə, bura qədər yuxarıda deyilənlərə yekun vursaq, onu demək olar ki, burada birinci misra ilə ikinci misra ilk baxışda başqa-başqa vəznlərdə olsalar da, əslində, "Bismillahir-Rəhmanir-Rəhim" misrası ilə "Həst kəlide-dəre-gənce-həkim" və poemanın digər misraları mahiyyət, yəni tələffüzlərinə sərf olunan zaman müddətinə görə eynidirlər və bunlar arasında vəzn baxımından heç bir qüsur yoxdur. Bölgülərə gəldikdə, yəni bu nümunədə konkret olaraq "Bismillahir-Rəhmanir-Rəhim" misrasını məf"Ulün məf"Ulün fA"ilün qəlibinə görə təqti edib oxumaq da vəznə qüsur gətirmir. Çünki vəznlər arasında fərq o qədər cüzidir ki, bu fərq hiss belə olunmur. Və bir də əruzvəznli şeir tarixində belə faktlar olduqca çoxdur... Məsələn, hətta Füzulinin "Leyli və Məcnun"u başdan-başa məf"Ulü məfA"ilun fə"Ulün ölçüsündə olsa da, bəzi misraları məf"Ulün fA"ilün fə"Ulün-dədir. Bu, bütövlükdə əruzun ölçülü vəzn olmaq xüsusiyyətindən irəli gəlir və ayrıca söhbətin mövzusudur. Bu mənada, əruzu bilməyən adama ilk baxışda bir qədər fərqli görünə bilən bu məsələni sənətkar kimi həll edən Nizami, böyük bir cəsarətlə ilk əsərinin ilk misrasını Allah (c.c.) kəlamı ilə bəzəmişdir. Və eyni zamanda onu da qeyd etmək lazımdır ki, əsərini Allah (c.c.) kəlamı ilə başlamaq istəyən Nizami, bəlkə də Allah (c.c.) kəlamının səri bəhrinə düşdüyünü gördüyü üçün poemasını başdan-başa səri bəhrində qələmə almışdır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!