Mətbuatımızın Teymur Əhmədov fenomeni - Şəfəq NASİR

H.B.Zərdabi məktəbindən dərs almış maarifçi nəslin ənənəsinə söykənən, sələflərinin yolunu yeni məfkurə ilə davam etdirməyə çalışan və bu sahədə zəngin təcrübəyə malik mətbuat xadimi, maarifçi ziyalı, filologiya elmləri doktoru, professor Teymur Əhmədovun mətbuat fəaliyyətinə xronoloji ardıcıllıqla nəzər salanda yetərincə dolğun və mükəmməl olan mənzərə göz önünə gəlir. Ömrünün 70 ilini mütəmadi, davamlı şəkildə mətbuatda olmaq, zamanı üçün aktual səslənən mövzulardan cəsarətlə söz açmaq, hər hansı bir şəraitdə milli əhəmiyyətli məsələlərdə prinsipiallıq göstərmək, sözün həqiqi mənasında peşəsinə ruhən bağlılıq və fədakarlıqdır. Həyata nikbin baxışlar, inamla yaşanılan ömür o qədər zəngindir ki...

Akademik Cəmil Quliyev "Zəhmət və istedadın vəhdəti" məqaləsində yazır: "Soruşularsa Teymur Əhmədov tədqiqatçı kimi qüvvətlidir, yoxsa jurnalist kimi? Çətin sualdır, məncə o jurnalistik fəaliyyətində yaxşı tədqiqatçı, tədqiqatçı fəaliyyətində yaxşı jurnalistdir. Bu iki tərəf onun yaradıcılığında vəhdət təşkil edir! Ən ümdə Teymur zəhmətkeş, sadə insandır".

Teymur Əhmədovu mətbuata aparan yol öz başlanğıcını məktəb illərindən almışdı. Onun uzaq illərin arxasında qalmış məktəb həyatına nəzər yetirmək, hafizəsinin dərin qatlarında, yaddaşında yer almış xatirələrinə işıq salmaq da öz zərurətini doğurur.

Teymur müəllimin memuar xarakterli "Mənim həyatım" xatirə əsəri və yüzlərlə ciddi mövzularda qələmə aldığı publisistik məqalələri, sənədli-bədii povesti ilə yaxından tanışlığımız təsəvvürümüzdə jurnalistin keçdiyi həyat yoluna aydınlıq gətirdi. Belə bir aydınlıqda Azərbaycan mətbuatının sonuncu mogikanı, böyük bir nəslin yolgöstərəni, mənəvi müəllimi sayılan professor Teymur Əhmədovun jurnalistlik fəaliyyətindən bəhs etmək, qeyd etdiyimiz kimi, Milli Mətbuatımızın bir başqa istiqamətdən öyrənilməsinə yol açır.

Məqamın doğurduğu bir haşiyə.

Hər şey 8-ci sinif şagirdi Teymurun məktəbdə divar qəzetinin redaktoru olmasından başladı. Bir gün Məktəb Pedaqoji Şurasının iclasına dəvət olunan Teymura ilk komsomol təşkilatının katibi vəzifəsini təklif edirlər. Ona bu vəzifəni tapşırmaqda məqsəd başını uşaqların nizam-intizamına, dərslərə davamiyyətinə, məktəbdə keçirilən tədbirlərin təşkilinə cəlb etməklə bir növ özünün də nizam-intizamlı olmasını təmin etmək idi. Teymursa 9-cu sinifdə olan dostunun yerinə - bu vəzifəyə heç vaxt keçməyəcəyini bildirir. O zaman məktəbin direktoru ona məktəb divar qəzetini çıxarmağı həvalə edir...

...O, "Molla Nəsrəddin" məktəb divar qəzetinə gözəl tərtibat verir, dərs əlaçıları üçün fəxri guşə açır, tənbəllər əleyhinə felyetonlar yazır, mətnlərə uyğun rəsmlər çəkir. Onun hazırladığı dolğun, rəngarəng, maraqlı yazılar çəkdiyi karikaturalar məktəbin müəllim və şagird kollektivi tərəfindən rəğbətlə qarşılandı. Bütün məktəb Teymurun istedad və qabiliyyətinə heyran qaldı. Sən demə, bu məşğuliyyəti təbiətində doğallıq şəklində özünü göstərdi. Elə o zamandan yaradıcılığa olan həvəsi pərvəriş tapdı. Yeni bir aləmə qədəm qoyanda, onun ağlına da gəlməzdi ki, sonradan ömrünü Milli Mətbuata bağlayacaqdı. Həyatda ən böyük məramı da Milli Mətbuatın inkişafına öz töhfəsini bəxş etmək olacaqdı. Bu səbəbdən də mükəmməl biliyə, səriştəyə malik olan təcrübəli jurnalist XX-XXI əsrlərin qovşağında milli müstəqilliyimizin bərpası və möhkəmlənməsi yollarında milli oyanış dövrü mətbuatının yaradıcısı, təəssübkeşi kimi cəfalara, əziyyətlərə qatlaşacaqdı...

Teymur Əhmədov Azərbaycan Dövlət Universitetini bitirdikdən sonra 1954-cü ilin avqust ayından doğma yurdu İrəvanda Ermənistan KP Mərkəzi Komitəsinin orqanı "Sovet Ermənistanı" qəzeti redaksiyasında əmək fəaliyyətinə başladı. Elə həmin vaxtlardan mətbuatımızın keçib gəldiyi yolu, onu yaradanların məramını, maarifçi-pedaqoqların nəzəri görüşlərini öyrənməyə çalışdı.

1954-1961-ci illərdə "Sovet Ermənistanı" qəzetində ilk məqaləsi qətrə-qətrə yığılan özünəinamın təməl daşı oldu. Teymur müəllim bu mətbu orqanda ədəbi işçi, məsul katibin müavini vəzifələrində çalışdı. Redaksiyada şöbə əməkdaşlarının məqalələrini redaktə edib çapa hazırlamaqla yanaşı, topladığı materiallar əsasında məqalə və oçerklər də yazırdı. Onun mətbuatda ilk kövrək addımları belə başlamışdı...

Həmin vaxtlar (1959-1961) Moskvada "Pravda" redaksiyasının təşkil etdiyi ikiillik Ümumittifaq qiyabi Jurnalistika lektoriyasında nəzəri biliyini artırdı. SSRİ Jurnalistlər Birliyinin üzvlüyünə daxil oldu.

Bu dövrdə Qərbi Azərbaycan ziyalılarının, şair, yazıçıların yaradıcılığına yaşıl işıq yandırılması, qəhrəmanlıq tariximizin, ədəbi məxəz, qaynaqlarımızın üzə çıxarılmasında mükəmməl tədqiqatçı kimi Teymur Əhmədovun xidmətləri əvəzsiz idi. Onun ərsəyə gətirdiyi əsərlər təkcə yazıldığı tarixdə deyil, bu gün də, sabah da İrəvan mətbuatının öyrənilməsində ilk mənbə olaraq böyük əhəmiyyətə malikdir.

Həmin illər gənc jurnalistin tez-tez kənd rayonlarına ezam olunması, insanların həyat tərzi, işi, əməlləri ilə yaxından tanışlığına geniş üfüqlər açmışdı. Odur ki, soydaşlarımızın problemləri, çətinlikləri barədə qəzetdə geniş yazılarla çıxış edirdi.

Onun qələm məhsulları ədəbi, tarixi, mədəni, mənəvi və ictimai əhəmiyyətli məsələlərdən bəhs etməklə cəmiyyətin maraq və müzakirə mərkəzində idi. 

Teymur Əhmədov həmin vaxtlarda Ermənistanın Mərkəzi Dövlət Tarix arxivində 1918-1920-ci illərin milli münaqişələr zəminində baş vermiş hadisələri əks etdirən çoxlu sayda sənədlər və digər materiallar üzə çıxarmışdır. Onların arasında Abbasqulu bəy Şadlinski və onun silahdaşlarının qəhrəmanlığından, "Qırmızı tabor"un fəaliyyətindən hələ kiçik yaşlarında nənəsindən eşitdiyi hadisələrə aid olan materiallar, məlumatlar toplamışdır. Hətta məzuniyyətdə olduğu vaxtlarda da o, Mərkəzi Dövlət Tarix arxivində 1918-1920-ci illərdə Ermənistanda baş vermiş ictimai-siyasi hadisələri, hərbi əməliyyatları əks etdirən məxfi sənədləri araşdırır, Şadlinskinin və onun "Qırmızı tabor" alayının fəaliyyətini öyrənir, materiallar toplayır, sənədlərin foto surətini çıxarırdı. Müəllif bu mövzuda ilk məqaləsi üçün əldə etdiyi arxiv materialları ilə kifayətlənməyib, Vedi rayonunu kəndbəkənd gəzir, yaşlı adamlardan xatirələr toplayırdı. Eləcə də 1948-52-ci illərdə Ermənistandan deportasiya edilərək Gəncə, Şəmkir, Goranboy, Ağdam və digər bölgələrə köçürülən insanlarla görüşür, canlı şahidlərin xatirələrini qələmə alırdı. Teymur Əhmədovun bu mövzuda yazdığı ilk məqaləsi Ermənistan Partiya Tarixi arxivinə rəyə göndərilir. Arxivin baş elmi işçisi İ.Tahiryan bildirir ki, "məqalədəki faktlar tarixi həqiqəti əks etdirir, onu dərc etmək məqsədəuyğundur".

Göründüyü kimi, erməni qadağalarının, fitnə-fəsadının içində belə, o, araşdırıb üzə çıxardığı qəhrəman oğullarımızın mübarizliyini ciddi yazılarının mövzusu etmişdir. 

..."Sovet Ermənistanı" qəzetində çalışdığı vaxtlarda o, həm də Bakı mətbuatını, ədəbi mühitini izləyirdi. Orada dərc olunmuş əsərlər, ədəbiyyat tariximizin görkəmli şəxsiyyətlərini, maarifçi ziyalılarımızı tədqiq edən monoqrafik kitablar haqqında yazdığı publisistik məqalələrlə təkcə çalışdığı qəzetdə deyil, erməni dilində nəşr olunan qəzet və jurnallarda da çıxışlar edirdi. O, İrəvanda Bakı ictimai-ədəbi mühitinin ən ləyaqətli nümayəndəsi, Ermənistan azərbaycanlılarının həyatı, yazıçı və şairlərinin yaradıcılığını təqdir və təbliğ edən ziyalı idi. Bu mənada İrəvan mətbuatında çalışdığı illəri T.Əhmədovun tərcümeyi-halının tər-təzə pöhrələrlə qol-budaq atdığı "yaşıl dövrü" adlandırmaq olar. Dediklərimizi isbat edəcək dəlillər isə onun fəaliyyətində diqqətimizi cəlb edən çoxlu sayda qələm məhsullarıdır.

 

***

İkinci Dünya müharibəsindən sonra Qərbi Azərbaycanda yaşayan azərbaycanlı şair və yazıçılara Ermənistan dövləti tərəfindən heç bir qayğı göstərilmir, əsərləri çap olunmurdu. Teymur Əhmədov "Sovet Ermənistanı" qəzetinin müdrik ağsaqqal redaktoru Cəfər Vəlibəyovun razılığı ilə gənc şairlərin redaksiyaya göndərdikləri şeirlərdən vaxtaşırı "Ədəbiyyat səhifəsi"ndə dərc etməklə ədəbi ictimaiyyətin diqqətini cəlb etmişdi.

Teymur Əhmədov "Sovet Ermənistanı" qəzetində dərc etdirdiyi "Gənc müəlliflərin bədii yaradıcılığına diqqəti artırmalı" məqaləsində Ermənistan Yazıçılar İttifaqı rəhbərliyinin gənc azərbaycanlı yazıçılara laqeyd münasibətini ciddi tənqid etmişdi. Gənc jurnalistin bu çıxışı Ermənistan KP Mərkəzi Komitəsində əks-səda doğurmuşdu. Bir həftə ötməmiş rəhbərliyin tapşırığına əsasən tanınmış erməni şairləri - Aşot Qraşi və Arşavir Darbni redaksiyaya gəlib, Ermənistan Yazıçılar İttifaqının göstərişinə əsasən "Sovet Ermənistanı" qəzetinin nəzdində Azərbaycan Yazıçılar Birliyini təsis etdilər. Bu qərardan irəli gələn tövsiyələrə əsasən Ermənistan Yazıçılar İttifaqının rəhbərliyi (sədr Avetik İsahakyan idi) ildə 20 çap vərəqi həcmində "Ədəbi Ermənistan" almanaxının buraxılmasını və gənc yazıçıların əsərlərinin kitabça halında ayrıca nəşrini qərara almışdı. Bu xəbər bütün mərkəzi rəsmi qəzetlərdə dərc olundu. Ədəbi almanaxın təşkili məsələsi yazıçı Əkbər İrəvanlıya tapşırıldı. Pedaqoji İnstitutun Azərbaycan şöbəsinin tələbələrinin və gənc yazıçıların iştirakı ilə keçirilən yığıncaqda Əkbər İrəvanlı Birliyin sədri, Teymur Əhmədov isə məsul katibi seçildi.

1957-ci ildə "Ədəbi Ermənistan" almanaxının birinci nömrəsinin işıq üzü görməsi də məhz Əkbər İrəvanlı və Teymur Əhmədovun səyi nəticəsində baş tutdu. Bu, respublikada azərbaycanlı yazıçı gənclərin arasında böyük ruh yüksəkliyi yaratmışdı. Teymur Əhmədov "Sovet Ermənistanı" qəzetinin redaktoru Cəfər Vəlibəyovun dəstəyi ilə "Ədəbi birliyin" üzvlərinin İrəvanda keçirilən gənc yazıçıların ümumrespublika müşavirəsində iştirakını təşkil etdi. Həmin gün "Qraqan tert" ("Ədəbiyyat qəzeti") Teymur Əhmədovun irihəcmli məqaləsi fonunda onun gənc azərbaycanlı yazıçılarla foto-şəklini də çap etmişdi. Bütün bunlar onu deməyə imkan verir ki, gənc jurnalist T.Əhmədov İrəvanda Azərbaycan maarifinin, mədəniyyətinin, ədəbiyyatının təəssübkeşi olmuşdur.

 

***

Teymur Əhmədov o zaman erməni mətbuatında Azərbaycan tarixini, onun qəhrəman oğullarını bilərəkdən gözdən salan, aşağılayan yazılara da cəsarətlə cavab verir, onların saxtakarlığını ifşa edirdi. Həmin illərdə erməni yazıçılarından biri "Qraqan tert" ("Ədəbiyyat qəzeti") qəzetində yazırdı ki, "Qaçaq Nəbi o taydan (İran ərazisindən) öz quldur dəstəsi ilə Arazı keçib erməni kəndlərini talan edir, dağıdırdı".

Erməni yazıçısı Abramovun yalanlarını tutarlı və məntiqi cavabları ilə ifşa etməkdən ötrü gənc jurnalist arxiv sənədlərinə, eyni zamanda vaxtilə Nəbini şəxsən görən, onun kəndlilərlə münasibətinin şahidi olan ermənilərin xatirələrinə istinadən yazdığı "Tarixi fakt təhrif edilmişdir" adlı məqaləsini "Sovet Ermənistanı" qəzetində (10 may, 1958) dərc etdirir. Məqalə rəsmi dairələrdə qəzəblə qarşılanır, gənc jurnalisti Ermənistan KP Mərkəzi Komitəsində sorğu-suala çəkirlər. O, çəkinmədən, Nəbinin Azərbaycan kəndlilərinin arasından çıxmış xalq qəhrəmanı olduğunu, azərbaycanlı və erməni kəndlilərini müdafiə etdiyini, harın mülkədarları, məlik və hampaları qorxu altında saxladığını, onların var-dövlətini yoxsul kəndlilərə payladığını təkzibedilməz faktlarla sübut edir. Bununla da erməni yazıçısının iftiralarını ifşa edərək puça çıxarır. Lakin Ermənistan KP MK ictimai-siyasi şöbəsinin müdiri Gevork Hayryan Teymur Əhmədovu "millətçilikdə, xalqlar arasında nifaq salmaqda" günahlandırmağa çalışır". Lakin Ermənistan KP MK Birinci katibi Tovmasyan ictimai-siyasi təbliğat şöbəsinin müdiri G.Hayryanı "hay-küy" salmaqda tənbeh edir. "Bu məsələni büroya çıxarmaq olmaz. Qaçaq Nəbi azərbaycanlıların xalq qəhrəmanıdır", - deyir.

Çox keçmir ki, "Qraqan Tert" qəzetində redaksiya heyətinə və "Mincevan" oçerkinin müəllifinə töhmət verildiyi bildirilir...

T.Əhmədovun "Sovet Ermənistanı" qəzetindəki yazılarında rezonans doğuran cəsarətli fikirləri, hadisələrə doğru mövqedən yanaşılması, həqiqətin meydana çıxarılması məqsədini daşıyırdı. Bu mənada onun Azərbaycan tarixinin, görkəmli şəxsiyyətlərin üstünə kölgə salan faktları puça çıxarması böyük əhəmiyyət kəsb edirdi.

Teymur Əhmədovun zəhmət adamlarının həyatından bəhs edən yazılarında da dədə-baba yurdlarında əsrlərlə yaşayan soydaşlarımızın milli-mənəvi dəyərlərə, ənənələrə malik olduğunu incə notlar, real tarixi dəlillərlə təsvir etməsi azərbaycançılıq mövqeyinin göstəricisi idi.

Teymur Əhmədov "Sovet Ermənistanı" qəzetində çalışdığı illərdə qədim Oğuz yurdunda, dədə-baba torpaqlarımızda yaşayan soydaşlarımızın keçmiş həyatını öyrəndi, onların ictimai mövqeyinə, qədim tarixinə, adət-ənənələrinə, köklü mədəniyyətinə, qurub-yaratmaq əzminə yaxından bələd oldu. Bütün bunlar onun mətbuat yaradıcılığında azərbaycançılıq mövqeyindən ifadəyə geniş imkan yaratdı, gəncliyindən, ilk qələm təcrübələrindən mübariz bir qələm sahibi olduğunu göstərdi.

Teymur Əhmədovun İrəvanda, "Sovet Ermənistanı" qəzeti redaksiyasında (1954-1961) işləməsi onun vətəndaş ziyalı kimi yetkinləşməsinə ciddi təsir göstərdi. Onun işgüzarlığı, jurnalistika aləmində ilk cəsarətli addımları, arxivlərdə işləməsi, inadlı axtarış bacarığı, ilk qələm təcrübələri, sanki həyat eşqi ilə yaşayan gəncin sonrakı ədəbi, elmi fəaliyyətinə uğurlu zəmin yaratdı.

 

***

Teymur Əhmədov 1961-ci ildə ailəlikcə Bakı şəhərinə köçdü. Elə həmin il Azərbaycan Elmlər Akademiyasının Dil və Ədəbiyyat İnstitutunun aspiranturasına daxil oldu. Elmi rəhbəri Xalq yazıçısı, akademik Mirzə İbrahimovun təklifi ilə görkəmli ictimai-siyasi xadim, yazıçı Nəriman Nərimanov ədəbi irsini araşdırmağa başladı.

Sovet hakimiyyəti dövründə 50 il adının çəkilməsi belə qadağan olunmuş Nəriman Nərimanovun irsini araşdırmaq müşkül məsələ idi. Lakin 1954-1960-cı illərdə sükut buzu sınmışdı: akademik Cəmil Quliyev, yazıçılar - Qılman İlkin, Mir Cəlal, ədəbiyyatşünas alimlər - Hidayət Əfəndiyev, Mikayıl Rəfili Cəfər Xəndan və onun aspirantı Vəli Məmmədov Nəriman Nərimanovu siyasi xadim, maarifçi yazıçı-nasir, dramaturq kimi xalqa tanıtmaq üçün onun əsərlərini nəşr etməyə, tədqiq və təbliğ etməyə başladılar.

1961-1964-cü illərdə aspirant Teymur Əhmədov Nəriman Nərimanovun ədəbi irsinə, ədəbi-ictimai mühitinə və mübarizəsinə aid nə varsa, bacarığı və var qüvvəsi ilə toplamağı, araşdırmağı, mətbuatda məqalələrlə çıxış etməyi qarşısına məqsəd qoydu.

O, Bakı, Moskva, Sankt-Peterburq, Tiflis, Kazan, Həştərxan dövlət arxivlərində elmi axtarışlarında xeyli materiallar topladı. "Bakı" axşam qəzetində, "Ədəbiyyat qəzeti"ndə, İrəvan və Naxçıvan mətbuatında Nəriman Nərimanovun həyatı, ictimai fəaliyyəti və ədəbi yaradıcılığı haqqında, silsilə məqalələr dərc etdirdi.

Teymur Əhmədov "Nəriman Nərimanovun dramaturgiyası" mövzusunda elmi-tədqiqat əsərini vaxtında yazıb başa çatdırdı. Aspiranturada təhsil müddəti başa çatdığından bir neçə il sonra Azərbaycan Yazıçılar Birliyində - "Azərbaycan" jurnalının tənqid və ədəbiyyatşünaslıq şöbəsinə rəhbərlik etdi. 1968-ci ildə isə müsabiqə yolu ilə Dil və Ədəbiyyat İnstitutunun XIX əsr Azərbaycan ədəbiyyatı şöbəsində baş elmi işçi yerini tutur. Namizədlik işini böyük müvəffəqiyyətlə müdafiə edir.

Elmi rəhbəri müdafiədən bir gün qabaq Moskvadan öz xətti ilə ilk aspirantına belə bir məzmunda fototeleqram göndərir: "Əzizim Teymur, təbrik edirəm. İnanıram ki, müdafiən uğurla keçəcəkdir. Mirzə İbrahimov". Belə də olur. Teymur müəllim xatırlayır ki, dissertasiyanı müdafiə etdiyim gün İsmailiyyə binasında böyük zalın ağzınacan dolu olması Nəriman Nərimanova ümumxalq məhəbbətinin təzahürü idi...

Opponentləri - akademik Məmməd Cəfər Cəfərov, filologiya elmləri doktoru Kamal Talıbzadə, akademik Firudin Köçərli və digərləri öz çıxışlarında Teymur Əhmədovun böyük cəsarətlə, uzun illərin ağır zəhmət və əziyyətləri sayəsində tədqiqat işini uğurla başa çatdıraraq müdafiə etməsini böyük rəğbətlə qarşılayırlar.

Lakin İnstitutda onun müvəffəqiyyətini gözügötürməyənlər hörümçək toru quraraq Teymur Əhmədovu uzun illər elmi işdən ayrı salırlar. "Nərimanovun elmi-tənqidi mətnini" hazırlamağı ona həvalə edirlər. Teymur Əhmədov buna etiraz edərək bildirir ki, mən mətnşünas deyiləm. Siz mənə qəsd edirsiniz, mən bu işin texnikasını, qayda-qanununu bilmirəm. Və əlavə edir ki, peşəkar yazıçıların - Cəlil Məmmədquluzadənin, Nəcəf bəy Vəzirovun, Əbdürrəhim bəy Haqverdiyevin və başqalarının bədii əsərlərinin elmi-tənqidi mətni yoxkən, bu fikri ortaya atmağınız heç bir məntiqə sığmır. Nərimanovun sağkən Bakıda çap olunan kitablarını 1925-ci ildən sonra nəm arxivlərdə çürüdüblər. 1926-cı ildən 1956-cı ilədək onun bədii əsərləri Bakıda dərc olunmayıb...

Onun elmi işini mətinşünaslığa yönəltmək gənc alimin elmi fəaliyyətinin inkişafına pəl vurmaq idi. Lakin Teymur Əhmədov insanın bilmədiyi sahədə işləməsinin nə qədər ağır və çətin olduğunu bilsə də imtina edə bilmir. O, yazır: "Mənim qarşımda ciddi vəzifə dururdu. N.Nərimanovun öz sağlığında 1894-cü ildə Bakıda nəşr olunan "Nadanlıq" pyesindən 1970-ci ilədək ötən 76 il ərzində çıxan əsərlərini cümlə-cümlə, sözbəsöz tutuşdurub nəzərəçarpan dəyişiklikləri (neçənci ildə bu söz necə dəyişdirilib və nə üçün ixtisar olunub) göstərilməlidir. Elmi-tənqidi mətn hazır olandan sonra bütün bu dəyişikliyin xarakteri, səbəbi və mahiyyəti mətnşünaslıq elmi mövqeyindən təhlil olunmalıdır". Tədqiqatçı alim, üç il böyük zəhmətlərə qatlaşır, nəhayət, Nərimanovun elmi-tənqidi mətnini hazırlayıb başa çatdırır...

 

***

Xalq yazıçısı akademik Mirzə İbrahimovun təşəbbüsü və Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin göstərişi ilə Elmlər akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Cənubi Azərbaycan Ədəbiyyatı şöbəsi yarandı. Mirzə İbrahimov burada şöbə müdiri kimi, dəvət etdiyi seçmə elmi işçilərlə Cənubi Azərbaycan Ədəbiyyatının araşdırma Mərkəzinin təməlini qoydu. Teymur Əhmədovu şöbəyə müavin vəzifəsinə dəvət etdi.

Bundan sonra Mirzə İbrahimovun tapşırığı ilə Teymur Əhmədov "Nəriman Nərimanovun yaradıcılıq yolu" mövzusunda doktorluq dissertasiyası üzərində işləyir və onu uğurla başa çatdıraraq müdafiə edir...

 

***

1965-ci ildə professor Kamal Talıbzadənin tövsiyəsi ilə T.Əhmədov "Azərbaycan" jurnalı redaksiyasında Tənqid və ədəbiyyatşünaslıq şöbəsinin müdiri vəzifəsində çalışır. Onun jurnalist təcrübəsi, tədqiqatçılıq səriştəsi, materialları araşdırıb təhlil etməsi, onlara münasibətini bildirməsi burada da sərbəst düşüncə və prinsipiallıqla ədəbi zövqlə işləməsinə yol açır.

Həmin vaxtlar "Ədəbiyyat və incəsənət" və digər qəzetlərdə N.Nərimanovun ictimai-siyasi fəaliyyəti, bədii yaradıcılığından bəhs edən məqalələrlə çıxışını davam etdirir. "Azərbaycan"da işlədiyi üç il (1965-1968) onun mətbuat yaradıcılığında özünün bir sıra keyfiyyətləri, başqa bir istiqamətdən püxtələşməsi və yeni təcrübəyə malik olması ilə də xarakterik olmuşdur. T.Əhmədovun mətbuat fəaliyyətində diqqətçəkən cəhətlərdən biri də budur ki, o, müxtəlif yollarla redaksiyaya daxil olan zəif məqalələri, heç bir maraq, ideya kəsb etməyən, yenilikləri olmayan məqalələri yaxına qoymamışdır. Digər tərəfdən, ədəbiyyatımız üçün əhəmiyyət kəsb edən, lakin zəif yazılmış əsərləri isə ciddi işlədikdən sonra onların işıq üzünə çıxmasını özünün vəzifə borcu sanmışdır. Elə bu fikrin davamı kimi, onu da deməyi vacib sanıram ki, mətbuatda çalışdığı bütün vaxtlarda müxtəlif xarakterli, ciddi, əhəmiyyətli əsərlərin qarşısını almağa çalışan redaktorlarla işlədiyi zamanlarda da o, özünün prinsipiallığı, cəsarəti, əqidəli olması ilə fərqlənmiş, eləcə də müəyyən məsələlərdə qarşılaşdığı maneçilikləri, haqsız münasibətləri müdrikcəsinə qarşılamış, vicdanla işləmişdir.

Tədqiqatçı-alim 1968-ci ildə müsabiqə yolu ilə akademiyanın Ədəbiyyat İnstitutunun XIX əsr Azərbaycan ədəbiyyatı tarixi şöbəsində baş elmi işçi vəzifəsinə seçilir...

T.Əhmədov mətbuatda milli və bəşəri mahiyyət kəsb edən əsərlərlə çıxış etməklə yanaşı, eyni zamanda mətbuat tariximizi araşdırır. XIX əsrin sonu, XX əsrin əvvəlləri, eləcə də Cümhuriyyət dövrü mətbuatını tədqiq edir. Milli oyanışın ilk qaranquşları olan bu qəzet və dərgilərdə dərc olunmuş materialların ideya və məzmununa nəzər salır, onları təhlilə cəlb edərək məramını açıqlayır. Bu sırada müəllif "Həyat", "İrşad", "Açıq söz", "İnqilab", "Dirilik", "Füyuzat", İstiqlal", "Azərbaycan", "Övraqi nəfisə", "Müsəlmanlıq", "Qurtuluş", "Mədəniyyət", "Gənclər yurdu", "Şeypur" "Zənbur" kimi qəzet və dərgiləri "milli istiqlal ideyalı mətbuatı demokratik respublikanın gərgin, mübarizə dolu, təlatümlü və şərəfli günlərinin aynası" kimi təqdim edir... 

...T.Əhmədov istər elmi fəaliyyətində, istərsə də mətbuat yaradıcılığında eyni həvəs və məsuliyyətlə, həm də inadla çalışmışdır. Xüsusən də mətbuat sahəsində gördüyü işlər bu cəfakeş alimin milli və bəşəri düşüncəyə, gücə, qüdrətə malik olduğunun göstəricisidir. Fikrimizi bir qədər geniş aspektdə ifadə etməkdən ötrü mütləqdir ki, professorun XX yüzillikdə 80-ci illərin sonundan özünü bütünlükdə mətbuata həsr etdiyi dövrə nəzər salaq. Bu dövr tarixi təbəddülatlar içərisində baş verən hadisələrlə zəngindir. Xalqın milli mənsubiyyətini, varlığını qabardan, önə çəkən, bu hadisələrə son dərəcə həssaslıqla yanaşan Teymur Əhmədov həmin dövrdə mətbuat mühitində yeni bir imicdə, qiyafədə göründü. Yəni təkcə müxəlif mövzularda, elmi-ədəbi sahələrdən, xalqın ictimai-sosial, mədəni həyatından yazan jurnalist kimi yox, həm də yeni dövr mətbuatının yaradıcısı, redaktoru kimi, azərbaycançılıq məfkurəsi işığında yeni mətbu ənənələr yaratmaq yolunda çalışdı. Bu necə baş verdi?

Bu suala aydınlıq gətirməkdən ötrü onun özünün müstəqilliyin bərpası ərəfəsində və sonra yaratdığı milli mətbuat tariximizdə xüsusi əhəmiyyətə malik olan qəzet və jurnalların yaranma şəraitinə nəzər salmaq bir zərurət kimi qarşıya çıxır.

Artıq 1980-ci illərin sonunda üzdəniraq qonşularımızın Qərbi Azərbycandakı soydaşlarımızı dədə-baba yurdlarından qovması, qaçqınlığa, didərginliyə məruz qoyması bu vətənpərvər ziyalını düşündürür, onlara kömək etmək üçün yollar arayırdı. Çox keçmir ki, bir mətbuat orqanı açmaq qərarına gəlir. O, ilk olaraq faciənin başvermə səbəblərinə aydınlıq gətirməyi, dərdli insanlara dərdini bölüşməkdən ötrü tribuna verməyi məqsədəuyğun hesab edir. Bu tribuna 1989-cu ildə təsis etdiyi və cəmi 1 nömrəsi çapdan çıxmış "Ata yurdu" qəzeti idi.

1990-cı ildə Azərbaycan Qaçqınlar Cəmiyyətinin təsis qurultayında nəşri nəzərdə tutulan qəzetin yaradılması və baş redaktorluğu yekdilliklə cəmiyyətin idarə heyətinin üzvü Teymur Əhmədova həvalə olunmuşdu. Onun "Vətən səsi" (1990-1991) adı ilə nəşr etdiyi qəzetin 10 aprel 1990-cı il tarixli ilk nömrəsinin birinci səhifəsində "Əziz oxucular" sərlövhəli baş məqalə və "Meydan. Üçrəngli bayraq qaldıran xalq" şəkli verilmişdi...

..."Vətən səsi"nin mövqeyi bütün qeyrətli Azərbaycan vətəndaşlarının rəğbəti, etimadı ilə qarşılanırdı. Onlar "Vətən səsi"ndən tribuna kimi istifadə edir, xalqı birliyə, istiqlaliyyət uğrunda mübarizəyə çağırırdılar. Dünya şöhrətli ictimai-siyasi və dövlət xadimi Heydər Əliyev də "Vətən səsi"ndə çıxış edirdi. 20 iyun 1990-cı il tarixli nömrəsində Amerika müxbiri ilə müsahibəsində dünyanın super dövlətini Sovetlər Birliyini  "yenidənqurma" siyasəti ilə səriştəsiz və xəyanətkar Qorbaçovun dağıtdığını, müttəfiq ölkələr arasında çaxnaşma salmasını, erməni-müsəlman çaxnaşmasına rəvac verməsini kəskin tənqid edirdi...

...Azərbaycan Respublikasının Ali Sovetinin  ilk sessiyasında xalq deputatı Heydər Əliyev ciddi narahatçılıq doğuran bu hadisələr barədə: "Vətən səsi"nin 1991-ci il aprel tarixli nömrəsində çıxış etmişdi. Orada deyilirdi.

"...Bu vaxta qədər Sovet İttifaqı hakimiyyəti tərəfindən xüsusilə şəxsən Qorbaçov və Azərbaycan Respublikasının rəhbərliyi tərəfindən uzun zamandan bəri davam edən erməni işğalının qarşısını almaq üçün heç bir qəti tədbir görülməmişdir. Artıq 3 ildir ki, Dağlıq Qarabağ Muxtar Vilayəti dərd və iztirab kimi asılıb Azərbaycanın boğazından".

Heydər Əliyev 30 il bundan əvvəl Qarabağ problemi ilə bağlı çıxışında müdrik siyasətçi kimi hadisəyə siyasi qiymət vermiş, onun həlli yollarını da göstərmişdi.

Baş redaktor baş məqaləsində "Vətən səsi"nin Cənubi Qafqazın təlatümlü, ağrılı-acılı məqamında - Qərbi azərbaycandan yüz minlərlə ailənin qədim ata-baba yurdundan didərgin salındığı, şovinist rus sovet havadarlarının köməyi ilə erməni quldur dəstələrinin Dağlıq Qarabağa müdaxilə etdiyi bir vaxtda binəsiblərin iradəsi nəticəsində yarandığını bildirir, ədalətsizliyə, xəyanətə, haqsızlığa son qoymaq üçün öz fəaliyyət məramnaməsində xalqı birliyə, əsarətdən birdəfəlik xilas olmağa, azadlıq idealları və istiqlaliyyət uğrunda mübarizəyə çağırırdı.

"Vətən səsi"nin prinsipiallığı, xalqın arzu-istəyinin, mövqeyinin ifadəçisi kimi tanınması ona inam və şöhrət qazandırmışdı. Qəzet ölkənin taleyini düşünən, ağır böhranlı vəziyyətdən çıxış yolu axtaran vətənpərvər ziyalıların, ictimai-xadimlərin də diqqətini cəlb etmişdi. Bu mənada "Vətən səsi"nin 20 iyun 1990-cı il tarixli nömrəsində Heydər Əliyevin Amerika jurnalisti "Vaşinqton Post" qəzetinin müxbiri David Remniklə müsahibəsinin dərc edilməsi təsadüfi deyildi.

Məlum olduğu kimi, Sovet imperiyasının başçısı M.Qorbaçov sosializmi yeniləşdirmək, böhrandan çıxmaq niyyəti ilə "yenidənqurma" siyasətini həyata keçirməyə çalışırdı. Heydər Əliyev müsahibəsində elmi və iqtisadi təməldən məhrum olan yenidənqurma siyasətini ciddi tənqid edir, uzaqgörənliklə deyirdi: yenidənqurma buxardı, ölkəni fəlakətə sürükləyəcəkdir.

 

***

1991-ci ilin yayında Bakıda komendant saatı tətbiq olunmasına, ictimai həyatdakı gərginliyə baxmayaraq, Bakı şəhərində məskunlaşan Qərbi azərbaycan qaçqın ailələri zorla, inzibati təzyiq tətbiq edilməklə Şamaxı və Gəncə ətrafında boş qalmış erməni kəndlərinə köçürülürdü. "Vətən səsi" qəzetinin əməkdaşları bu aksiyanın dayandırılmasına çalışırdı. Baş redaktor bu "köçürülmə" əməliyyatından xəbər tutan kimi hadisə yerinə jurnalist və fotoqraf göndərir, qəzetdə bu dözülməz zorakılığı ifşa edən məqalələr dərc edirdi.

Ölkə başçısının göstərişi ilə mətbuat katibi Osman Mirzəyev "Vətən səsi" qəzetinin əlehinə "Sovet kəndi" və "Bakı" qəzetlərində tənqidi məqalələr təşkil etdi. Teymur Əhmədov "Vətən səsi" qəzetinin 19 iyun 1991-ci il tarixli nömrəsində "İnsaf da yaxşı şeydir" məqaləsi ilə onlara kəskin cavab verdi. Lakin Teymur Əhmədov Müdafiə Nazirliyinin, hərbi komendant polkovnik Valeri Bünyadovun "siz niyə dövlətin siyasətinə qarşı çıxırsınız" ittihamı ilə üzləşdi. İki saatlıq söhbətdən sonra Teymur Əhmədov komendantı bu aksiyanın dövlət rəsmiləri tərəfindən vəhşilik, qeyri-qanuni olduğuna inandıra bilmişdi.

"Vətən səsi", "Azərbaycan", "Aydınlıq" qəzetləri milli oyanış dövrünün qəzetləri olmaqla günün hadisələrini reallıqla əks etdirir, oxucular tərəfindən çoşqu ilə qarşılanırdı. Bu üç qəzet elə bir dövrdə nəşrə başlamışdı ki, erməni quldur dəstələri azərbaycanlılara qarşı cinayətlər törədirdilər. Silah gücünə öz isti yuvalarından qovulmuş, ağrı-acıların içində qovrulan soydaşlarımız bu qəzetləri dumana, borana düşmüş talelərinə nur təki saçılan ümid, həyat yollarında bir mayaq timsalında görürdülər...

***

...Teymur Əhmədovun "Vətən səsi"ndən sonra yaratdığı "Vətən həsrəti" (1992-1993) qəzeti müstəqilliyimizin bərpası dövrünün ilk mətbuat orqanı olaraq meydanda göründü. Bəllidir ki, hər hansı bir mətbuat orqanının yaranma səbəbi, ideyası Baş redaktorun oxuculara müraciətində özünü məramnamə statusunda göstərir. Bu yanaşma eyni zamanda yeni mətbu nəşrin simasını açıqlayır, gedəcəyi yolu nişan verir. Oxucunun həmin mətbuat orqanına münasibəti, marağı da elə burdan yaranır. Bu da aydındır ki, insanlar yaşadığı ictimai mühitdə onları düşündürən, narahat edən suallara cavab alacaqlarını hiss etdikdə, hüquqlarının müdafiəsində etibarlı tribuna tapdıqlarına, nəşrin ictimai maraqları ifadə edəcəyinə əmin olduqda onunla ünsiyyət qurmağa can atırlar. "Vətən həsrəti" müstəqilliyimizin təzəcə bərpası dövründə, xalqın gələcəyə baxışlarının dumanlı, düşüncələrinin təzadlı olduğu bir vaxtda ictimai mühitdə göründü. Görünməyi ilə də vətənin gələcəyinə aydınlıq çilədi, xalqın düşüncəsində sabahına böyük inam yaratdı...

..."Vətən səsi"nin ideyasını ölkədə baş verən hadisələrin fonunda davam etdirən bu qəzetin - "Vətən həsrəti"nin müstəqilliyi qoruması, doğru olanlara dəyər verməsi, haqsızlığa, yalana ayaq yeri qoymaması, onun oxucular arasında rəğbətlə qarşılanmasına zəmin yaratmışdır. Müəllif "Nurlu sabahın əzablı yolu"na ekskursunda oxuculara vəd edir ki, vaxtaşırı onları Ermənistanın qədim Oğuz yurdu olduğunu sübut edən sənədli-sübutlu materiallarla tanış edəcəyik. Bu yerlərin toponimikası, tarixi abidəsi, şifahi ədəbiyyatı barədə ardıcıl məlumat veriləcəkdir. Oxucularda belə bir inam yaradır ki, vaxt gələcək biz Dağlıq Qarabağı erməni faşistlərindən təmizləyəcəyik, mübarizəmiz üçrəngli bayrağımızı orada yüksəldəcəyimizlə başa çatacaqdır...

...Teymur Əhmədov 1992-ci ildə "Elturan" (Milli məsələlər) dərgisinin nəşrini reallaşdırdı. Jurnal xalqımıza qarşı erməni qəsbkarlarının torpaq iddialarını konkret mövzu çərçivəsində araşdırmağı qarşısına məqsəd qoydu. Burda baş redaktor milli münaqişələrin kök atdığı XIX əsrin sonlarından başlayaraq hadisələrin yaranma şəraitinə tarixin şahidliyi ilə nəzər salır.

Dövlət müstəqilliyimizin həyatımıza yeni dövr kimi daxil olması yeni fikrin, düşüncənin yaranmasını zəruri etdi. Ölkəmizdə bütün sahələrin fəaliyyətinə yeni baxış, ictimai şüurumuzda oyanış meyli, təzələnmək istəyi insanların mübarizlik ruhunu coşdururdu. Belə bir zamanda "Yeni fikir" qəzeti də (1994-1995) ölkədə yaranmış yeni ab-havanın təsirini izləməsi, keçid dövrü problemlərin həlli yollarında ideoloji mübarizəsi ilə öndə idi. Baş redaktor Teymur Əhmədov əvvəlki nəşr orqanlarından fərqli olaraq burda fərqli bir imicdə göründü, həm də məhz özünün yeni mövzuları ilə qəzetin fəaliyyətinə rəvac verdi...

Professor Teymur Əhmədovun redaktorluq fəaliyyətində 2007-ci ildə nəşrinə rəvac verdiyi "Füyuzat" jurnalının da özünəməxsusluğu diqqəti cəlb edir. Böyük inam və məsuliyyətlə qeyd edirik ki, bu jurnal onun yaradıcılığında tam yeni bir düşüncə mərkəzi oldu. Əgər, 100 il əvvəl (1906-1907-ci illərdə) böyük maarifçi, mütəfəkkir Əlibəy Hüseynzadə "Füyuzat"ı üçrəngli bayrağımızın ifadə etdiyi böyük ideyanın işığında xalqı türkçülük amalı yolunda birliyə, islami dəyərlərin gücünə tapınmağa, sivil düşüncəylə müasirləşməyə çağırırdısa, Teymur Əhmədov adıçəkilən jurnalın nəşrinə yeni ictimai-mənəvi baxış prizmasından yanaşmaqla bu ideyaların inkişafı prosesini maarifçilik ziyası ilə süsləyirdi. O, Əlibəy Hüseynzadənin, ümumən XIX əsrin sonu, XX əsrin əvvəllərində yenicə təşəkkül tapmış Azərbaycan mətbuatı və onu yaradıb inkişaf etdirən böyük bir ziyalı nəslinin ideyalarının ləyaqətli davamçısı olduğunu bu jurnalda ərsəyə gətirdiyi xeyli sayda publisistik əsərlərində göstərə bilmişdir. 

...Teymur Əhmədovun mətbuat fəaliyyətini nəzərdən keçirəndə görürük ki, İsmayıl bəy Qaspiralı "Tərcüman"ı, Cəlil Məmmədquluzadə "Molla Nəsrəddin"i, Əli bəy Hüseynzadə "Füyuzat"ı, Əhməd bəy ağayev "Həyat"ı necə böyük yanğı, məhəbbətlə yaratmışdısa, Teymur Əhmədov da nəşrinə rəvac verdiyi qəzet və jurnalları ("ata yurdu" (1989), "Vətən səsi" (1990-1991), "Elturan" (Milli məsələlər - 1992-1994), "Vətən həsrəti", "Hikmət" (1992-1993), "Yeni fikir" (1994-1995), "Füyuzat" (2007-ci ildən indiyədək) həmin yanğı, sevgi ilə işıq üzünə çıxarmışdır...

Teymur Əhmədovun Milli Mətbuat tariximizdə müstəsna əhəmiyyət kəsb edən fəaliyyəti məhz özünün yaratdığı qəzet və jurnallarda zamanı üçün aktual olan mövzularda yazdığı əsərləridir. Bu əsərlər küll halında böyük bir dövrün ictimai-siyasi mənzərəsini, xalqımızın soyqırımı faciəsini, soydaşlarımızın, yurd-torpaq itkisi, qaçqınlıq, didərginlik acısı, həmçinin, azadlıq, müstəqillik uğrunda mübarizəsini gerçəklik prizmasında ifadə etmişdir.

Burda bir nüansı qeyd etməliyik ki, T.Əhmədov cəsarətli və təcrübəli jurnalist kimi ölkənin qarışıq və təlatümlü, gərgin vaxtlarında, müstəqillik uğrunda mübarizədə dövrün hadisələrinə, ictimai ziddiyyətlərə özünün ayıq təfəkkürü, düşüncəsi ilə yanaşdığından ədəbi-mətbu cəmiyyətdə, xalq arasında böyük nüfuz qazandı. Bu əqidəli ziyalı, vətəndaş özünün yaratdığı mətbuat orqanları ilə hər zaman xalqın azadlığı uğrunda səsi-sözü ilə mübarizədə olmuş, müstəqilliyimizin bərpası və möhkəmlənməsi yolunda sözün həqiqi mənasında alovlu publisist kimi fəaliyyət göstərmişdir. Elə məhz bu mübarizliyinə, insani keyfiyyətlərinə görə ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanan Teymur Əhmədovu ulu öndər Heydər Əliyev Prezident administrasiyasının təsisçiliyi ilə gələcəkdə dövlətçiliyimizin möhkəmlənməsi və inkişafında müstəsna xidmətləri olan "Respublika" qəzetinə Baş redaktor təyin etdi. Teymur Əhmədov artıq 25 ildir ki, müstəqilliyimizin qorunması, dövlət siyasətinin təbliğində, iqtisadi-sosial, ədəbi-mədəni mövzularda mənalı, milli və bəşəri əhəmiyyət kəsb edən oxunaqlı məqalələrlə qəzeti rövnəqləndirir.

Qeyd etmək lazımdır ki, bu qəzet təcrübəli, peşəkar jurnalistin mətbuat yaradıcılığında ayrıca bir səhifə təşkil edir. Məhz bu səbəbdən də həmin səhifəyə sözün projektor işığında baxmaq da bir zərurət kimi qarşıya çıxır. İlk olaraq bir daha xatırladaq ki, 1996-cı ildə "Respublika" qəzetinin nəşri qərarlaşdırılarkən Prezident Heydər Əliyev redaktor vəzifəsinə mətbuat sahəsində böyük səriştə və təcrübəyə, peşəkarlığa malik olan professor Teymur Əhmədovu məsləhət bilir. Çünki Ulu Öndər XX əsrin 90-cı illərində milli oyanış dövrünün ilk mətbuatının yaradıcısı olan bu şəxsin fəaliyyətinə bələd idi. Təsadüfi deyildi ki, Teymur Əhmədov ölkənin ictimai-siyasi həyatında keçid dövrünün gərginliyilə müşayiət olunan bir vaxtda ulu öndər Heydər Əliyevin xeyir-duası ilə "Respublika" qəzetinin Baş redaktoru kimi fəaliyyətə başladı. Müstəqilliyin ilk addımlarından onun möhkəmlənməsi yolunda ölkə rəhbərinin ətrafında sıx birləşən xalqın gələcəyə inamını duyan, respublikanın bütün sahələrində çətinlikləri, eyni zamanda inkişafımızı izləyən baş redaktor qəzetin səhifələrində ideoloji mübarizəmizə dəstək olan materialları işıqlandırırdı. Heydər Əliyevin siyasi kursunu dərindən dərk edən redaktor böyük siyasətçinin "müstəqilliyi əldə etmək necə çətindirsə, onu saxlamaq ondan da çətindir", fikrinin məntiqi mahiyyətinə söykənərək ölkə həyatının bütün sahələrindən bəhs edən materiallara qəzetin səhifələrində geniş yer verirdi. Bu gün Heydər Əliyev siyasi kursunun ləyaqətli davamçısı Prezident İlham Əliyev ölkənin inkişafında yeni və irimiqyaslı layihələri uğurla həyata keçirir. Bütün bunlar xalqın maariflənməsi ideyası ilə "Respublika"da öz əksini tapır.

Burdan belə bir nəticə hasil olur ki, Teymur Əhmədovun mətbuat yaradıcılığında "Respublika" qəzetinin müstəqil dövlətimizin möhkəmlənməsi, azərbaycançılıq ideyalarının, milli-mənəvi dəyərlərin yeni ənənələr zəminində inkişaf etdirilməsi, zaman-zaman tarixi həqiqətlərin işıqlandırılmasında onun redaktorluq fəaliyyəti xüsusi bir səhifə təşkil edir. Bu da bir həqiqətdir ki, Vətənin və xalqın taleyinə peşəkarlıqla, bir ziyalı, vətəndaş yanğısı ilə yanaşan Teymur Əhmədovun mətbuat yaradıcılığı bütün zamanlarda ictimai mənafelərin ifadəsinə söykənmişdir...

...Teymur Əhmədov milli mətbuatın tədqiqinə də öz töhfəsini vermişdir: Azərbaycan Xalq Cümhuriyyəti dövrü mətbuatı, Həsən bəy Məlikov və Heydər Əliyev irsi ilə məşğul olmuşdur.

2003-cü ildə Teymur Əhmədovun tərtib və nəşr etdirdiyi "Heydər Əliyev və Azərbaycan mətbuatı" adlı (dörd cild) kitablarda Ulu Öndərin - dövlət başçısı kimi müsahibə, bəyanat, müraciət və çıxışları fonunda müstəqilliyin birinci onilliyi ərzində milli mətbuatın yeni mərhələsinin azərbaycançılıq məfkurəsi işığında yaranması və inkişafı ənənəsinin təşəkkül tapması əsaslandırılır.

Azərbaycan mətbuatının 140 illliyi yubileyi münasibəti ilə Teymur Əhmədov "Həsən bəy Zərdabi" (1915) adlı "Respublika" qəzetinin xüsusi buraxılışı kitabını nəşr etdirmişdir.

O, həmin kitaba "Ömrünü məşələ çevirən insan - Həsən bəy Zərdabi" sərlövhəli elmi-tərcüməyi-hal xarakterli məqalə yazmışdır.

 

***

Teymur Əhmədovun yetmiş illik jurnalistik fəaliyyəti taleyini mətbuatla bağlayan gənc nəslə örnəkdir. Onun Milli mətbuatda etibar edilən vəzifəyə ciddi, məsuliyyətlə yanaşması, mənəvi saflığı ona etimad qazandırmışdır.

Bütün bunlar onu da deməyə imkan verir ki, Teymur Əhmədovun mətbuatımızın inkişafına həsr etdiyi ömrünün 70 ilə yaxın dövrü iki mühüm cəhəti ilə yadda qalır. Onun qələmə aldığı mövzular ədəbiyyatımızın, mətbuatımızın yaranması, təşəkkülü, milli-mənəvi dəyərlərin, əxlaqımızın təbliği, görkəmli şəxsiyyətlərin həyat və fəaliyyətlərinin tədqiqi, xalqımızın soyqırımı faciəsini, milli, ictimai, tarixi taleyini kökündən, həm də həssaslıqla araşdırılması səciyyəvi xarakterə malikdir.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!