Məhəmməd İqbal - Böyük Moğollar dönəminin son yadigarı - Elxan Zal QARAXANLI

 

Allamə Məhəmməd İqbal (1887-1938) Pakistanın mənəvi atası sayılır, amma bu dövlət onun ölümündən sonra, 1947-ci ildə bu böyük insanın arzularının fiziki təzahürü kimi meydana gəlib. Onun yaşadığı dövrdə Böyük Moğolların səltənəti Hindistan Britaniya imperiyasına daxil idi və islami düşüncədə böyük rekonstruksiyalar aparmağa çalışan M.İqbal bu ərazidə ayrıca müsəlman dövlətinin yaranmasını arzulayırdı. "Mən istərdim ki, Pəncəb, Şimal-Qərb vilayəti, Sind və Belucistan vahid dövlət halında birləşsinlər". O, arzuladığı dövləti - "istər padişahlıq parıltısı olsun, istər respublika görüntüsü, dinsiz siyasət tiranlığa aparır" şəklində formullaşdırırdı. Onun ad günü hər il Pakistanda "İqbal günü" kimi qeyd olunur.

Dünya poeziyasının ən vacib fiqurlarından hesab olunan Allamə Məhəmməd İqbal 9 noyabr 1887-ci ildə Pəncəbdə, sufilər ailəsində dünyaya gəlib. Bu nəsil İslamiyyətdən öncə brahmanlar zümrəsinə daxil olub. Əsərlərini əsasən urdu və dari (fars) dillərində yazan M.İqbal mükəmməl Şərq və Qərb təhsili almışdı və hər iki mədəniyyət barədə geniş təsəvvürə malik idi. Şərq və Qərb mədəniyyətinin ən yaxşı xüsusiyyətlərini özündə birləşdirmək istəyi onun poeziyasında da, dünyagörüşündə də, fəlsəfəsində də özünü büruzə verir. Onu çağdaş islam düşüncəsinın ən vacib fiqurlarından biri hesab edir (E.Bukey), zamanın Cəlaləddin Rumisi adlandırırlar. "Əgər Ruminin "Məsnəvi"si 1300-cü illərdə yaşayan insanlar üçün "Quran"ın təfsiri idisə, İqbalın yaradıcılığı XX əsrin insanları üçün müasir fəlsəfi və elmi biliklərin işığında İslamda dini düşüncənin rekonstruksiyası üçün "Quran" təfsirləridir". (C.İqbal).

M.İqbala həm ruhən, həm mövzu baxımından yaxın şairlər kimi C.Rumini və Höteni göstərə bilərik. Onun "Calal və Höte" şeiri var. Bu şeirdə iki böyük müdrik cənnətdə təsvir olunur, onların arasında intellektual söhbət gedir. Bununla M.İqbal Qərblə Şərqin bir bütöv olduqlarını göstərmək istəmişdir.  

İqbal özündən sonra böyük yazılı irs qoyub gedib, amma onun şəxsi nümunəsi ilə göstərdiyi hərəkətlər də bir irs kimi kitablara daxil ediləcək.

1921-ci ildə, Türkiyədə İstiqlal savaşı zamanı Məhəmməd İqbal Qurban Bayramı münasibətilə Lahorda tarixi Badşahi Camisində bayram namazı qılmaq üçün toplaşmış 250 min insan qarşısında Atatürkü dəstəkləyən bir xütbə söylədi: "İslamın hər tərəfində duçar-ı hezimet olan sancaqları Anadoluda toplanmışdır. Qardaşlarım, dua edək ki, o bayraq o bürclərdən qiyamətə qədər düşməsin. İslamın günəşi qaralmasın, Allah müsəlmanları xristianlara qarşı müdafiə edən böyük lider Mustafa Kamala yardım etsin. İslamın son əsgərlərini müzzəffər qılsın". Bu xütbədən sonra Hindistan müsəlmanlarının tarixi "Mustafa Kamala yardım" kampaniyası başladı.

Şübhəsiz ki, o, bir Allah seçkiniydi. O, xəyalən Hicaza (Məkkəyə) səfər edir, uyquda peyğəmbərlə danışırdı. Bir dəfə, Çanaqqala döyüşü zamanı Məhəmməd peyğəmbəri yuxusunda görən İqbal peyğəmbərin "Mənə nə gətirdin?" sualına belə cavab verir: "Buyurun əfəndim, Çanaqqaladan gətirdiyim qandır, Bir şüşə qan ki, bənzərsizdir, namusdur, vicdandır".

Məhəmməd İqbal ruhən çətin gündə Azərbaycanın da yanında oldu. Mən onun mənəvi övladı olan Pakistanın dəstəyini demirəm, məhz onun doğum günündə, 9 noyabrda - İqbal günündə ermənilər təslim aktını qəbul etdilər. Təəssüf ki, yaradıcılığı dünyanın bütün əsas dillərinə tərcümə edilmiş böyük sufi, böyük şair, böyük filosof və Böyük Moğollar dönəminin son yadigarı Məhəmməd İqbalın yaradıcılığı hələ də Azərbaycan dilinə tərcümə edilməyib. Mən onun "Hicaz ərməğanı" əsərindən bir fəsli və bir şeirini "Ədəbiyyat qəzeti"nin oxucularına təqdim etmək istəyirəm. Böyük İqbala da, onun övladı Pakistana da minnətdarlığımı bu cür ifadə etmək istədim. İnşallah, uyquma gəlsə, dillə də bildirərəm.

"Hicaz ərməğanı" İqbalın Məkkəyə xəyali səfəri zamanı aldığı təəssüratlardır. Bütün ulular kimi, onun da fiziki səfər üçün heç zaman maddi imkanı olmayıb.

 

Məhəmməd İqbal

                       

Qızıl gül

 

Sənə tanış deyil dərd və qəm dadı,

Yaralar almadın, ağrın olmadı.

Dünyaya bəzəksən, qəmsiz yaşadın,

Mən isə heç zaman səntək olmadım.

Rahatlıq içində yaşarsan, ey dürr,

Mənimsə içimdə atəş püskürür.

 

Dərmərəm mən səni heç zaman, inan,

Sakitcə baxaram sənə uzaqdan,

Ayırmaq olarmı gülü budaqdan?

Yox, bu hiss fikrimdən keçməz heç zaman.

Zahid zikrləri məndən çox uzaq,

Sən gülə bülbülün gözlərilə bax.

 

Yüz ləçək-yüz dilin, susqunsan amma,

Yüz qıfıl ardında yatır müəmma,

Sipayda böyüdük, buxova uymam,

Sənintək, ruhumu bağlarda qoymam.

Sınıra sığmaram ətrintək, ey gül,

Hər yanda təlatüm axtarır könül.

 

Hissim adamları qandırmasın qoy,

Yanğım möminləri yandırmasın qoy,

Süstlüyüm zalimə san olmasın qoy,

Şeirim Cami-Cəmşidə tay olmasın qoy.

Dünyaya nur verən od axtarıram,

Qəlbləri fəth edən ad axtarıram.

 

 

Haqqın hüzuru

(Hicaz ərməğanından)

 

Mülk, mal naminə heç nəyə sahib olmayan o yolçu nə gözəldir. Onun könlü dostlarının nəsihətlərinə o qədər də qulaq asmaz. Onun atəşli ahına köksünü aç, bir ahı yüz illik qəm və kədəri məhv edər.

l Könlümüzü aşiqlər alıb getdilər. Onlar alov kimi sönüb getdilər. Gəl bir ləhzə avam ilə görüş, anlaş. Həvəs şərabı içdilər və çıxıb getdilər.

l Mənim varım-yoxum haqqında danışırdılar. Mən utancalıqdan ağzımı açmadım. Könlü diri insanların səcdələrini bilirsən, mənim səcdəmi gör və mənə səcdəmə görə dəyər ver.

l Könlüm keyfiyyət və kəmiyyət müəmmasını həll etmək yolundadır, görüşü Aydan və ulduzlardan daha yüksəkdir. Ona cəhənnəmdə bir viranə ver. Çünki bu kafir tənhalığı çox sevir.

l Bu su və çamur (insan) nə böhranlar içində qıvrılır! Eşq bir könül üzündən yüzlərlə müşkülə uğradı. Bir nəfəs hüzur və sükut mənim xanəmdir... Acıyın mənə, işim könülə düşdü.

l Cahanı öz varlığından vücuda gətirən kimdir? Ondakı gözəllik kimin pərdəsiz, əyan-bəyan təcəllisidir? Mənə şeytandan uzaq dur deyirsən. Gəl belə baxaq, şeytanı kim yaratdı, kim böyütdü?

l Mənim hər bir qeyddən sıyrılmış olan ürəyim əzab içindədir. Əcaba Cənab-i Haq məni azarlayacaqmı, yoxsa lütf ilə xitab edəcək? Mən daha şeytanın könlünü incidə bilmərəm. Mənimki, ara-sıra sadir olan günah, bir doğru iş yapmaqdır.

l Ey Ümmü Əmr, sevgilim, sən şərab qədəhini bizdən əsirgədin. Halbuki qədəh sağ əlində idi. Əgər sevmək üsulu bu isə, qədəhi və şüşəni Kəbə divarına çırp.

l Daxili dünyasında yaşayan insanlar könüllərində əsirdirlər. Onlar başdan-ayağa qədər dərd olub, dərman qəbul etməzlər. Sən nə üçün bizdən səcdə diləyirsən? Padişahlar dağılmış kənddən vergi almazlar.

l Mən qonağı olmayan bir yola gedirəm. Əkdiyim toxumlar məhsul verməz. Mən qəmdən zərrəcə də qorxmuram, amma mənə könlümə yaraşmayan qəm vermə.

l Mənim şərabımı, qədəhi cılız olanlara vermə. Bişgin, yetişmiş şərabı xamlara vermə. Qığılcımın qamışdan uzaq olması daha yaxşıdır. Onu eşq əhlinə ehsan elə, avama vermə.

l Tələb yolunda bu mübarizə, bu böhran səndə yoxdur. Səndə bu dərd, bu yara, bu hümma və iztirab yoxdur. Mən la məkandan qaçdım, çünki orada gecə yanlarını inlədən fəryad və fəğanlar yoxdur.

l Mənə bu cahanda qiyamətlər qopara biləcək ver bir qüvvət! Yeri-göyü başqa cürə şəkillət! Bizim torpağımızdan başqa bir Adəm yarat. Bu mənfəət və ziyan dalınca qaçan insanları öldür, məhv et.

l Günəşi də var, ancaq qaranlıq bir dünyadır. Doğru deyə yaratdığı, düşündüyü şeylər başdan-ayağa xətadır. Bilmirəm nə zamana qədər bir viranəni insan qanı ilə bəsləyəcəksən (ey Qadir!).

l Ey qul sahibi, məndən razı ol, başqa bir şey istəməm. Getməyimi əmr etdiyin yoldan ayrılmaram. Lakin bu cahilə (!) "Eşşəyə Ərəb atı de" - desən, deyəmmərəm".

l Köksümdə sevinc nədir bilməyən bir könül var. Torpağımın ovcunda nə bir atəş var, nə də bir işıq. Hüzurunda olduğumu hiss etmədən qıldığım bu namazın savabını məndən al, istəmirəm. Bu mənim çiynimdə bir yükə dönür.

l Dindən, vətəndən necə danışım? Axı bu sözləri açıqca söyləmək imkansız! Mənə gücənmə, mənə qarşı sevgi və şəfqət göstərmədiyin üçün bu qədim kilsəni inşa elədim.

l Firəng tüzağına düşmüş müsəlman, könül dediyini əldə edəmməz asan. Başqalarının qapısına sürtdüm üzümü, artıq bu üz Əbuzər və Salman kimi səcdəyə qapananmaz bir an.

l Nə bu cahanı istərəm, nə o cahanı. Canın sirrini anladım, bu da mənə kafi! Mənə bir səcdə ehsan elə ki, onun atəşi və sevinci ilə yeri-göyü vəcdə gətirim.

l Vücudunun rahatlığını axtaran bu insandan istəyin nədir? Bu əsən küləklər məni titrədir. Dan üzü Cavidi səcdədə gördüm. Onun danı ilə gecəmin üzünə bər-bəzək gətir!

l Fəqihi cahil və yaxını iman sahibi olmayan o qövmün işlərini asanlaşdır, Ya Rəbbi! O qədər görünməyəcək şeylər gördüm ki... Anam məni doğduğu yerdə daş doğa idi.

l Bu dərd verən baxış nə qədər sürər? Gözümüz önündə dayanıb bütlər? Nəmrudun duz-çörəyi ilə bəslənəcək, bu bütxanədə İbrahim oğulları nə vaxta qədər.

l Ötüb gedən zövq və sevinc geri gələrmi, gəlməzmi? Hicazdan dadlı bir külək əsərmi, əsməzmi? Bu fəqirin artıq vədəsi gəldi. Sirdən vaqif olan bir kimsə gələrmi, gəlməzmi?

l Əgər o sirri bilən gələrsə, ona könülləri yaxıb yandıracaq bir nəğmə ehsan elə. Ümmətlərin qəlbini ya bir Musa, ya da ney çalan ruhlara təsir edən bir hakim, tərtəmiz hala gətir.

l Mənim malım-mülküm dərdə aşina bir könüldür. Qismətim boğuq bir fəryad. Mənim məzarım üstünə lalə çox gözəl yaraşır, çünki o həm susar, həm də qanlı-qanlı tərənnüm edər.

l Kimsənin sevgisini qazanmağı bilməz. Sinəsi dərd nədir, qəm nədir, bilməz. (Ya Rəbbi), öylə bir torpağa nefh etdim ki, yeməkdən və ölməkdən başqa bir şey bilməz.

l Könlümüz yanımızdan ürküb qaçıb. Sadəcə şəkildə qalmış, mənəvi, daxili üzü görə bilməmiş. O Haqq dərgahından qovulan (şeytan) var ha! O bizdən daha yaxşıdır, çünki Haqq onu görmüş, bizi isə eşitmişdir.

l Cəbrayıl bu hay-hayı, bu iztirabı bilməz, çünki Haqqı aramaq məqamına yetişməmişdir. Onu, arzunun həm acı, həm dadlı tərəfləri olduğunu yaxından bilən bu biçarə qulundan soruş.

l Mən bu məclisin gecəsini bəzədim. Ay kimi dönüşüm məni yavaş-yavaş kiçiltdi. Lakin mən artıq silinib getmişdim.

l Göyüzü, Cəbrayılın könlünü parçalayan belə bir dövranı hər zaman görməz. Orada, kafirin yonduğu bütə mömünin tapındığı gözəl bir məbəd ucaltdılar.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!