Kamran Əliyevin elmi yaradıcılığında ədəbiyyatşünaslıq və ədəbi tənqid - Nizami TAĞISOY

 

2018-ci ildə AMEA-nın Folklor İnstitutu Folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Kamran Əliyev haqqında Azərbaycan alimləri, elm ictimaiyyətinin fikir və mülahizələri yer alacaq məqalələr toplusu hazırlayırdı. Mənə də onunla bağlı qənaətlərimi bildirmək üçün təklif gəlmişdi. Mən bu təklifi könülxoşluğu ilə qəbul edib, rəy bildirməyə razı olmuşdum. Həmin kitab prof. K.Əliyevin 65 yaşı ilə bağlı hazırlanırdı. Elə həmin ildəcə "Kamran Əliyev - 65" kitabında digər təfəkkür sahibləri ilə yanaşı, mənim də "İnsan və alim fədakarlığının fəzası" adlı məqaləm yer almışdı.

Hələ həmin məqalədə mən Kamran Əliyevin mədəni, mənəvi, əxlaq keyfiyyətləri ilə yanaşı, xüsusi olaraq onun ədəbi-elmi düşüncəsinin xeyli nəzərə çarpan cəhətlərini qeyd etmişdim. Kamran müəllim həm özünün insani keyfiyyətləri, həm də ədəbiyyatşünaslıq və ədəbi tənqiddə, ədəbiyyat tarixçiliyində özünə xüsusi mövqe qazandırdığı göz önündə olmaqla birlikdə, onun davranışı ilə alimliyi də bir-birini üzvü şəkildə tamamlayırdı. Lakin böyük alimin bütün həyatının mərkəz xəttində onun ədəbiyyatşünaslığımıza bəxş etdiyi əsərlərinin elmi-nəzəri dəyəri daha əhəmiyyətlidir.

Kamran Əliyev təkcə Hüseyn Cavidin bir küll halında araşdırıcısı deyildi, onunçün XIX əsrdən üzü bəri (bəzən ondan da əvvəlki dövrlərə) məsuliyyətlə ekskurs etməsi, Cavidin yaradıcı irsinin (şeirləri, poeması, dramaturgiyası, publisistikasının və s. xeyli fərqli yönləri) altının üstünə, üstünün altına çevrilməsi, şaquli və üfüqi rakurslardan təhlilləri, təhlil zamanı bəzən təhtəlşüurdan gələn fikir axınının ümumiləşdirilməsi, romantizmin çeşidli bucaqlardan dəyərləndirilməsi, klassiklərlə müasirlərin mövqelərini təhlil etməsi (M.F.Axundzadə, A.Bakıxanov, N.Vəzirov, M.Şahtaxtlı, M.Cəlil, A.Şaiq, M.Ə.Sabir, A.Səhhət, Hadi, C.Cabbarlı, S.Vurğun, R.Rza və başqaları) bir daha prof. Kamran Əliyevin müasir Azərbaycan ədəbiyyatşünaslığında tutduğu mühüm mövqeyi əks etdirməkdədir.

Kamran Əliyev, təəssüf ki, bu dünyaya vaxtsız vida etdi. Onu işlədiyi kollektivdə, müdiri olduğu şöbədə, Azərbaycan elmi dairələrində çox sevirdilər. O, ədəb-ərkanı, davranışı, elmi-nəzəri mülahizələri ilə ictimaiyyəti və nəzəri fikrimizi maraqlandırmağı bacaran şəxsiyyətlərdən biri idi. Kamran müəllimin yoxluğuna hələ də inana bilmirəm. Aramızda daim xətir-hörmət, yaxşı münasibətlər mövcud idi. Heyif, Kamran Əliyevsiz qaldı bu dünya! Amma indiyədək alın yazısının da heç kəs əksinə gedə bilməyib. Eyni zamanda həm də düşünürəm ki, ölüm onsuz da hamımız üçün var. Gec, ya tez o, hamımızın qapısını döyəcəkdir. Kamran müəllimin ailəsi, qohum-əqrəbası, dostları, tanışları, bizlər o qədər də məyus olmamalıyıq. Çünki Kamran müəllim Allah tərəfindən ona verilmiş ömür payını böyük məsuliyyətlə yaşayıb, ədəbiyyatşünaslığımıza dəyərli əsərlər bəxş edib, dünyaya göz yumdu.

Onun aktuallıq kəsb edən araşdırmaları sırasında "Əsərləri"nin V cildinə daxil etdiyi nümunələrdə biz sırf ədəbiyyatşünaslıq və ədəbi tənqid məsələlərinin çeşidli şərh və izahını görürük.

Kifayət qədər aktual problemləri özündə ehtiva edən adını çəkdiyimiz bu araşdırmada nəzəriyyə məsələlərindən başlayaraq (burada milli ideya, mərhələ təsnifatı səciyyəsi, Mir Cəlal Paşayev - tənqidçi və nəzəriyyəçi alim, şəxsiyyət və ideal vəhdətinin yeni mahiyyəti, romantik dramaturgiya, bədii tərcümə problemləri və tanınmış ədəbiyyat tarixçisi, professor Abbas Zamanova həsr etdiyi monoqrafiya, Azərbaycan ədəbiyyatı və ədəbiyyatşünaslığında silinməz izlər buraxmış F.Köçərli və akad. Məmməd Cəfərlə bağlı qələmə aldığı məqalələri, Azərbaycanın tanınmış tənqidçilərinin elmi şəxsiyyətinə və əsərlərinə həsr etdiyi digər çoxsaylı məqalələri, akad. M.Talıbzadə haqqında "Realizmin tənqidində ən yeni mərhələnin başlanğıcı", prof. K.Məmmədov, prof T.Əhmədov, prof. Y.Axundov və Azərbaycan ədəbiyyatının XX əsrin əvvəllərində yazıb-yaratmış A.Sur yaradıcılığı ilə bağlı mülahizələri əsaslı şəkildə idrak edilməklə ortaya qoyulmuşdur.

Prof. K.Əliyevin qeyd etdiyimiz kitabındakı maraqlı rubrikalardan biri "Ədəbi tənqid" bəhsidir. Burada hər bir başlıqda təqdim olunmuş "Ədəbi-tənqid"də bədiilik", "Romantik tənqid və Sabir", "F.Köçərli tənqidinin sənətkarlıq məsələləri", "Seyid-Hüseyn görkəmli tənqidçi və yazıçı" kimi problematik məsələlər doğru-dürüst metodoloji istiqamətdə araşdırılmaqla müəllifin ədəbi tənqidə fərdi baxışlarını çözməyə şərait yaradır. Tənqiddə "bədiilik" anlayışının mahiyyətinə varmaq üçün əsər müəllifi akad. Məmməd Cəfər, prof. Təhsin Mütəllimov, Yaşar Qarayev və digərlərinin baxışları ilə yanaşı, həm də rus A.P.Sumarokov, V.A.Yukovski, A.V.Makedonov, M.F.Axundzadə, D.V.Starikov və digərlərinin nəzəri müddəalarına əsəslanaraq öz fərdi nəzər nöqtəsinin ortaya qoyulmasına müvəffəq olur.

"Romantik tənqid" və "Sabir" başlıqlı məqalələrdə isə o, haqlı olaraq söyləyir ki, XX əsr Azərbaycan ədəbiyyatında romantiklər və realistlər arasında olan münasibətlər öz problematikası ilə müasir ədəbiyyatşünaslıqda bir çox mübahisələrin mövzusu olmuşdur. Bu kontekstdə o, M.Hadi, H.Cavid, A.Səhhət, A.Şaiq və M.Ə.Sabir arasındakı yaradıcılıq əlaqələrini qabardır. Seyid Hüseynə gəldikdə isə K.Əliyev onu milli ədəbi-bədii fikrimizin görkəmli siması kimi nəzərdən keçirməklə, həm də mahir hekayə ustalığını ön plana çəkib, onların eksklüziv təhlilini verdikdən sonra, həmin əsərlərdəki obrazların tipik və fərdi sənətkarlıq xüsusiyyətlərini incələyir.

Prof. Kamran Əliyev Mustafa Quliyev, Əli Nazim, Feyzulla Qasımzadə, Kamal Talıbzadə və başqa bu kimi tənqidçi-estetlərin də sənətinin əsas istiqamətlərini kitabda təqdim etmiş, onların elmi yaradıcılığının çeşidli tərəflərinə müəllifin yetirdiyi diqqət də öz məsuliyyəti və elmi yanaşması ilə seçilir. Burada K.Əliyev Ə.Nazimin H.Cavidə, N.Rəfibəyliyə tənqidçi münasibətini səciyyələndirirsə, akad. F.Qasımzadədən danışdıqda bu görkəmli ədəbiyyat tarixi bilicisinin düşüncəsini "vərəqləyərkən" onu ədəbiyyat tarixçiliyinin müəyyən gərəkli səhifəsini təmsil edən müstəsna təfəkkürlü alimlərdən biri kimi xarakterizə edir. K.Əliyevin F.Qasımzadənin "XIX əsr Azərbaycan ədəbiyyatı tarixi" kitabını təkbaşına ədəbiyyat tarixi yaratmaq sahəsində Firudin bəy Köçərlidən sonra ikinci ciddi addım hesab etdiyini söyləyir. Biz də K.Əliyevin bu fikirləri ilə razıyıq və hesab edirik ki, dərslik tələblərini ödəmək baxımından doğrudan da, akad. Feyzulla Qasımzadənin az qala əlli il bundan öncə yaratdığı dərslik modeli bu gün də öz aktuallığını itirməmişdir. Kamran müəllimin söylədiklərinə dəstək olaraq qeyd edək ki, F.Qasımzadədən sonra ədəbiyyatımızın bu dövrünə dair yazılmış dərsliklər, fikrimizcə, heç bir keyfiyyətləri ilə adıçəkilən kitabın səviyyəsinə qalxa bilməmişdir.

Mən prof. Kamran Əliyev haqqında yuxarıda adını çəkdiyim "Kamran Əliyev - 65" kitabındakı yazıda onu fədakar şəxsiyyət adlandırmışdım və mənə elə gəlir ki, bu alim fədakar şəxsiyyətin əksər konturlarını da özündə əks etdirirdi. Yəqin, elə buna görə də o, bütün təfəkkür və bacarığını filoloji fikrimizin irəliləməsinə həsr etmişdi. Odur ki, prof. Kamran Əliyevin araya-ərsəyə gətirdiyi əsərlərinin on cildliyi, şübhəsiz ki, ədəbiyyatşünaslığımızın və ədəbi tənqidimizin pozitiv hadisəsi kimi dəyərləndirilməlidir. Yəqin ki, K.Əliyevin on cildliyi Azərbaycan ədəbi-nəzəri məkanında tələb olunan mənbələr kimi istifadə edilmə şansı qazanacaqdır. Onun ədəbi-estetik və fəlsəfi-sosioloji rakursda təqdim etdiyi əsərləri Azərbaycan ədəbiyyatşünaslığının və ədəbiyyat tarixinin mühüm məsələlərini özündə əks etdirməkdədir.

K.Əliyevin əsərlərinin beşinci cildində ədəbiyyatşünaslıq problemləri sistemli vahid orqanizm kimi təqdim edilmişdir. Təbiidir ki, məsələnin belə formatı üçün tədqiqatçının digər humanitar biliklər sahəsinə, məsələn, folklora və folklorşünaslığa, fəlsəfi yanaşma tərzinə və psixoloji təhlilə, mədəniyyətşünaslığa, tarixə və s. dair zəruri informasiyalara malik olması ortada dayanır.

K.Əliyevin nəzəri və praktik təfəkküründə ədəbiyyat söz sənəti kimi bütün mənaları ilə təqdim edildiyindən, müəllif əsərdə linqvistik səviyyələrin çıxış etdiyini də yaxşı görə bilirdi. Eyni zamanda alim onu da yaxşı bilirdi ki, hər hansı əsər adi düşünülmüş deyim deyil, o, sanki ikinci işarə sistemidir. Tanınmış ədəbiyyatşünas-semiotik Y.Lotman, sanki bunu nəzərə alaraq bədii ədəbiyyatın xüsusi dildə danışdığını, ikinci sistem kimi yozum dil üzərində bərqərar olduğunu söyləmişdi.

K.Əliyevin bədii ədəbiyyatın az qala bütün modelləri ilə bağlı təhlillər apardığını görürük. Burada bədii əsərlərin tədqiqi, bədii-tənqidi rəylər, tekstoloji təhlillər vardır. Odur ki, K.Əliyev təhlil zamanı öz tədqiqatlarının hədəf və sərhədlərini də bacarıqlı ədəbiyyatşünas kimi mühüm elmi baxışlar müstəvisində öyrənmişdir. K.Əliyevin nəzəriyyəçi və praktik xüsusiyyətləri ilə yanaşı, onun bədii yaradıcılıq arsenalında yer almış bacarıqlardan da danışmaq zəruridir. K.Əliyevin Azərbaycan mətbuatında son illərdə nəşr olunan əsərləri həm də bu müəllifin hekayənəfislik imkanlarını ortaya qoyurdu. Beləliklə, söylədiklərimiz göstərir ki, prof. Kamran Əliyev bir ədəbiyyatşünas kimi məsuliyyətli və şərəfli alim ömrü yaşadı və əbədi dünyasına qovuşdu. Allah rəhmət eləsin! Yeri cənnətdə olsun!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!