"Məni elə yerdə dəfn edin ki, məktəblilər hər gün qəbrimin üzərindən keçərkən ruhumu şad etsinlər..."
Mirzə Həsən Rüşdiyyə
Azərbaycan uşaq ədəbiyyatı məfhumu yeni dövrə - XIX əsrə aid ədəbi-pedaqoji hadisədir... XIX və XX əsrin əvvəllərində kifayət qədər ictimai və dini məzmuna, əxlaqi-didaktik pafosa, estetik təsir gücünə malik olan uşaq oxusu nümunələrinin yaranmasına baxmayaraq, bu zəngin xəzinə indiyə qədər toplanaraq bütöv halda araşdırılmayıb, nəşr edilərək xalqa çatdırılmayıb. Uşaq yazarlarının bəzilərinin adlarını eşitmiş olsaq da, əsərlərindən xəbərsizik. Bu mənada uşaq ədəbiyyatımızın inkişaf tarixində, uşaqlar üçün nəzərdə tutulan nəşrlərin mənzərəsində ağ ləkələr sıx-sıx nəzərə çarpır. Lakin bu siyasi ab-hava, ögey münasibət artıq arxada qalıb. Bu gün Vətənin həm Quzeyində, həm də Güneyində tarixin müxtəlif mərhələlərində xalqın yaratdığı mənəvi sərvəti heç bir istisnaya yol vermədən bütöv halda araşdırıb üzə çıxarmaq, təbliğ edib geniş oxucu kütləsinin mənəvi qida mənbəyinə çevirmək yazarları, ziyalıları düşündürən əsas məsələlərdəndir.
Bu gerçəkliyin mahiyyətini dövrünün böyük aydını, Cənubi Azərbaycanın baş şəhəri Təbrizdən Şərq dünyasına günəş təkin doğan görkəmli maarifpərvər, pedaqoq, publisist, ruhani, siyasətçi və mühərrir kimi tanınan Mirzə Həsən Rüşdiyyə isə hələ XIX əsrin II yarısından etibarən dərindən anlayıb. İranda ilk müasir təlim-təhsil üsullarını tətbiq edən maarif xadimi və "İran maarifinin atası" kimi dəyərləndirilən Mirzə Həsən Rüşdiyyənin XIX əsrin sonlarında böyük çətinliklər bahasına açdığı "Mədrəsəye-Rüşdiyyə", "Rüşdiyye-ye müzəffəriyyə" adlı yeni tipli məktəblər Səfəvilər dövründən sonra Güney Azərbaycanda ana dilində açılmış və təlim-təhsili Azərbaycan türkcəsində aparan ilk Azərbaycan məktəbi idi. Və təbii olaraq bu yeni tipli Azərbaycan məktəblərində təhsil alan uşaqların oxuyub yüksək savad almaları üçün ana dilində, öz türkcəmizdə dərsliklərin yaradılması və bədii əsərlərin yazılması zərurətini də doğururdu. M.H.Rüşdiyyə hər kəsdən öncə bu işə başlayıb və kiçikyaşlı öyrəncilər üçün bir sıra ibrətamiz əsərlər, təmsil və dərsliklər, türk və fars dillərində ümumilikdə 30-a yaxın kitab qələmə alıb. "Vətən dili" və "Ana dili" kimi dərslikləri ilə yanaşı, bir-birindən dəyərli "Bidayətüt-təlim", "Kifayətüt-təlim", "Nəhayətüt-təlim", "Nəsihətül-təlim", "Təkmilüs-sərt", "Təhsili-hesab", "Üsuli-əqaid, yaxud ittihadı-bəşər", "Əlifbayi-sövti", "Əlifbayi-Rüşdiyyə", "Tarixi-şifahi", "Coğrafiyai-şifahi", "Şəriəti-ibtidai" və b. əsərləri ilə İranda və Güney Azərbaycanda əsl maarifçilik hərəkatının başlanmasına start verib.
M.H.Rüşdiyyənin, daha sonra Cabbar bəy Bağçaban, Haşım Tərlan, Məhəmmədhüseyn Şəhriyar, Səməd Behrəngi, Mərziyyə Üskülü, Əlirza Nabdil Oxtay, Həsən Fərşbaf, Rəsul Qədiri və digərlərinin bədii irsinin özəlliklərindən biri əsərlərini əsasən sadə dildə, uşaqların anlaya biləcəyi tərzdə yazmalarıdır. Onların məqsədi üz tutduqları mövzuları bədii müstəvidə işləməklə xalqın maariflənlənməsinə, körpə fidanların gözlərinin açılmasına xidmət etmək idi. Güney yazarları bilirdilər və bu gün də o fikirdədirlər ki, uşaqları elmə, təhsilə həvəsləndirmək, savadlı, bilikli vətəndaş kimi yetişdirmək üçün onlarda kitab oxumağa maraq oyatmaq lazımdır. M.H.Rüşdiyyə də bu gerçəyi dərindən anladığından uşaqların zövqünü oxşaya biləcək, onların bəsirət gözünün açılmasına yardımçı ola biləcək əsərlər, öykülər, duzlu-məzəli şeir və kiçik həcmli təmsillər yazır, böyük sənətkarlıq nümayiş etdirirdi. Kamil pedaqoqun məqsədi o idi ki, uşaqların zehni yorulmasın, uzun mətni oxumaqdan bezməsinlər. Ədibin ədəbi irsi, didaktik ədəbiyyatın ən gözəl örnəklərindən sayılan təmsilləri o taylı-bu taylı Azərbaycan ədəbiyyatının misilsiz örnəkləridir. Onun alleqorik hekayələri dərin fəlsəfi mənaları ilə diqqət çəkir. Yazıçının uşaqlar üçün yazdığı və "Vətən dili" dərsliyinə də daxil etdiyi həmin hekayələr günümüzədək uşaq ədəbiyyatında öz əhəmiyyətli mövqeyini qoruyub saxlayır. "Aslan və iki öküz", "Tısbağa və dovşan", "Maralın qıçları və buynuzları", "Köpəklər və tülkü", "İki xoruz", "Köpək və qurd", "Köpək və çaylan", "İnsan və aslan", "Şir və siçan", "Dözümsüz aslan" təmsil-öykülərində böyük pedaqoq insanlara anlatmaq istəyir ki, hər kəs öz əkdiyini biçir. Lovğalıq, təkəbbür, yersiz qürur insana baş ucalığı gətirən cəhətlər deyil. İnsan yaşamı boyunca nələr edirsə, hansı əməlləri həyata keçirirsə, məhz onlar zaman keçdikcə qarşısına çıxır, yaxşı, ya pis əməllərin daşıyıcısı olubsa, elə həmin əməllərlə də qarşılaşır.
Min təəssüflər ki, Mirzə Həsən Rüşdiyyənin "bu qədər zəngin yaradıcılıq irsi olmasına baxmayaraq, əsərləri Quzey Azərbaycanda nəinki ayrıca nəşr olunmamış, hətta antologiyalara belə çox cüzi bir hissəsi salınmışdır. O da acınacaqlı haldır ki, türkçülüyün tarixinə aid bir çox əsərlərdə türklük üçün bu qədər böyük işlər görmüş bu şəxsiyyətin adı belə çəkilməmişdir" (Şirvani Ədilli).
Qeyd edək ki, Güney Azərbaycanda və İranda çağdaş dövr uşaq ədəbiyyatının təməlini M.H.Rüşdiyyənin xələfi - Səməd Behrəngi qoymuş, onun faciəli ölümündən sonra isə bu qutsal işi milli siyasi hərəkatda fəal iştirak edən məsləkdaşları Mərziyə Üskülü Dalğa və Əlirza Nabdil Oxtay birlikdə davam etdirmişlər.
Bu gün Güneydə "Uşaqlarınızın göz yaşlarını qoruyun, qoy öz çağında onlar sizin qəbrinizin üstünə tökülməyə yaraya bilsin" (Pifaqor) gerçəyini anlayır və həyata keçməsi üçün uşaq ədəbiyyatı nümunələrinin yaranmasına və araşdırılmasına daha çox əhəmiyyət verirlər. Tanınmış şair və tənqidçi Hümmət Şahbazi Azərbaycan ədəbiyyatında ilk uşaq şeiri kimi Məhəmməd Füzulinin iki yüz beytdən ibarət "Söhbətül-əsmar" ("Meyvələrin söhbəti") alleqorik məsnəvisini qəbul edir və yazır ki, "bu kitabı 1958-ci ildə Bakıda Həmid Araslı" nəşr etdirib. Kamil Mirbağırov tərəfindən nəsrə çevrilərək uşaqlar üçün hazırlanıb və Təbrizdə 1376 (1997)-ci ildə "Əsmər" nəşriyyatı tərəfindən yayımlanıb. Əsərin böyüklər üçün yazıldığını duyuruq. Ancaq dərindən fikirləşdikdə, yeni çağda cizgi filmləri, təmsili (alleqorik) biçimdə uşaqlar üçün hazırlanmasını görəndə, "Söhbətül-əsmar"n da uşaqlar üçün təmsili bir dil ilə yazıldığını duyursan. Buna görə Azərbaycanın ilk uşaq şeiri (hətta bütün Şərqdə) Füzuliyə aiddır. Hümmət Şahbazinin fikrinə yüzdəyüz qatılır və təsdiqləyirəm, çünki 1958-ci ilədək "Söhbətül-əsmar" ("Meyvələrin söhbəti") əsəri S.Mümtaz, H.Araslı, M.Rzaquluzadə və Ə.H.Qəhrəmanov, H.Əfəndiyev və digərlərinin tərtibatı və müqəddimələri ilə Təbrizdə və Bakıda dəfələrlə çap olunmuşdur.
Onlarla nəşr variantlarının hamısında əsərin orta və natamam orta məktəblərin əsasən beşinci, sonra isə VI-VII sinif şagirdləri üçün tədris olunacağı qeyd olunur. Deməli, dahi Füzuli "Söhbətül-əsmar" ("Meyvələrin söhbəti") məsnəvisini daha çox uşaq və yeniyetmələri düşünərək qələmə almışdır. Hümmət Şahbazinin də bu məsnəvinin mahiyyətinə varması, dahi Füzulinin hədəflərini bəlirləməsi, mənəm-mənəmlik düşüncəsinin, lovğalıq və təkəbbürün dünyanın ən ləziz neməti olan meyvələrdən deyil, insanlardan belə qaçışa gətirib çıxardığını, dolayısı ilə insanların birliyə nə qədər ehtiyacları olduğu halda, bu gerçəyi anlamaması məsələsini incələməsi də düşündürücüdür.
İctimai şüurun formalaşması, yeni insan tərbiyəsi, maarif və mədəniyyətin inkişafı, körpə fidanların sağlam ruhda böyüməsi və doğma dildə mükəmməl təhsil alması uğrunda yorulmadan çalışan, böyük maarifpərvər şair və fəal ictimai xadim kimi tanınan Cabbar Əsgərzadə Bağçabanın (1885-1966) yaradıcılığında da uşaqlar üçün yazılan bir-birindən maraqlı şeir və hekayələr mühüm yer tutur.
Ədəbiyyat aləmindən məlumdur ki, bir çox yazarlar uşaqlar haqqında sentimental-əxlaqi ədəbi üsullarla, ən yaxşı halda, böyüklərin zərif yumorunu qatmaqla əsərlər qələmə alırlar, ancaq onların iç dünyasının alt qatlarına, mənəviyyatının dərinliyinə nüfuz edə bilmirlər. Çağdaş dövr Güney Azərbaycan uşaq nəsrinin yaradıcısı olan Səməd Behrəngi isə öz əzərlərində uşaq ruhuna daha da yaxınlaşmaqla, onların daxili dünyasına yol tapmağa nail olan yazıçılardandır. O, kamil pedaqoq olmaqla yanaşı, həm də orijinal dəst-xəttə malik istedadlı hekayə yazarı, peşəkar tərcüməçi, XX əsr İran və Azərbaycan ədəbiyyatının ən görkəmli adlarından biri idi. Güney Azərbaycanda çağdaş dövr uşaq nəsrinin yaranması və inkişaf etməsi məhz onun adı ilə bağlıdır. Səməd Behrəngi əsərlərini "Biz uşaqlara: - Oğurluq etmə, yalan danışma! - kimi məsləhətlər vermək əvəzinə, onların oğru olmalarının səbəbini açıb göstərməliyik. Çünki insanları yetişdirən mühitdir. Yaxşı insan yetişdirmək istəyiriksə, mühiti də yetişdirməli və insaniləşdirməliyik", - əqidəsi ilə yazıb-yaradırdı... Uşaq təbiətini anlayan təcrübəli pedaqoq kimi körpə fidanlara yalnız doğruya inam, həqiqətə sevgi, şərə, pisliyə və xəyanətə, ağa qara, yalana həqiqət, göz yaşlarını sevinc şəlaləsi, hıçqırığı gülüş, məhrumiyyətləri tanrının qisməti kimi qələmə verənlərə nifrət aşılayırdı. Bu nifrətin onların yaşamı üçün, yaxşını pisdən ayıra bilməsi üçün gərəkli olduğunu düşünürdü".
"Balaca qara balıq ", "Adət", "Binam//Adsız", "Narınc qabığı", "Balaca qara balıq ", "Ulduz və qarğalar", "24 saat yuxuda və ayıqlıqda", "Çuğundursatan oğlan", "Bir hulu, min hulu", "Məhəbbət nağılı", "Təlxun", "Ləbi satan uşaq", "Qoca arvad və qızıl cücəsi", "Koroğlu və keçəl Həmzə", "Ulduzla danışan gəlincik", "Çox bəxtiyar ağa" və s. kimi hekayələrində o, bulaq suyu kimi dumduru, saf uşaq dünyasından böyüklərin bulunduğu aləmə bir pəncərə açır və açdığı pəncərədən toplumu bütün cizgiləri, xüsusiyyətləri ilə yaşlıların gözləri önündə canlandırırdı... Və böyüklər, yaşlılar da həmin əsərlərə maraq göstərirdilər...
Güneydə uşaq ədəbiyyatı yazarlarının düşüncələrinə görə, bir ulusun gələcəyi uşaqlarının necə tərbiyə olunması, formalaşması ilə bağlıdır. Uşaqlar üçün çalışmaq olduqca zövqlü, eyni zamanda çətin və həssas, həm də məsuliyyətli bir işdir. Çünki uşaqları aldatmaq çətin, inandırmaq isə mümkündür.
M.H.Rüşdiyyənin digər xələfi Əlirza Nabdil Oxtayın "Mən kiçik bir çəiyrdək idim", "Yağdı yağışlar", "Yaşıl", "Əl-ələ", "Qaynarca", "Axmaca" "Sığırçın", "Oğlan oxu", "Qurd və şəhər" kimi şeirləri uşaq və yeniyetmələrə ən dəyərli töhfəsidir. Nağılvarı süjetə, təhkiyəyə malik "Qılınc nağılı" şeirində Oxtay elin söz-sov boxçasından qədim bir el məsəlini çağdaş dövrün düşüncə biçimində oxucuya təqdim edir. "Ata ölüm ayağında ikən: Mənim vardan, yoxdan bir qılıncım qalıb təkcə, Gətirin vidalaşım. Hər bir kişi ölümə də qılınc ilə getməlidir, - deyə oğlanlarını yanına çağırır. Onlara babalarından miras qalmış qılıncı qorumağı vəsiyyət edir. Lakin nə böyük, nə də ortancıl oğul qılınca yiyə durmur. Lakin kiçik qardaş kiçicik əllərini uzadaraq: - Mənim olsun bəs elədə, deyir". Şairin təsvirində kiçik qardaşın qılınca sahib çıxması həm də onun-kiçik qardaşın timsalında bütün yurd, milli dəyər sevdalılarının vətənə, ana torpağa, tarixi yurd yerlərimizə sahib çıxacağı kimi dərk olunur. Bu hərəkət Vətən, yurd sevgisinin hələ də var olduğunun göstəricisidir. Ə.N.Oxtayın kiçikyaşlı oxucularına aşılamaq istədiyi qənaət şeirin misraları arasından apaçıq görünür: "Nə qədər ki, keçmişə, xalqın qəhrəmanlıq tarixinə bugünkü və gələcək nəsil, gənclər hörmətlə yanaşacaq və onlardan öyrənəcək, o qədər də millətin sabahı, gələcəyi etibarlı, davamlı və özgür olacaq".
Məşrutə inqilabı faktını-tarixi hadısəni böyük bir ədəbi mövzuya çevirən Ə.N.Oxtay heç nəyin dəyişmədiyini, yurdunun yenə də yağıların əlində olduğunu, zülmün ərşə dirəndiyini oxucularına anladır, onları ölkəni yadların əlindən almağa çağırır. Döyüşkən şair içindəki sızıltı ilə bildirir ki, əgər bu qurtuluşu mənsub olduğu nəsil gerçəkləşdirməzsə, gələcək nəsil, indiki balalar həyata keçirəcək, "gədiklərin qurdların tutub boğacaqdır". Eynilə 2020-ci ilin 27 sentyabr tarixindən başlayaraq düz 27 il qabaq vandalist, təcavüzkar Ermənistan respublikasının işğal etdiyi əzəli Azərbaycan torpaqlarını - Qarabağı Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə şanlı Azərbaycan ordusunun yağı düşməndən azad edib işğalçı ölkə ilə sərhədlərimiz boyunca "qurdları tutub boğduqları", yeni tarix yazdıqları kimi...
Bu gün Güney Azərbaycanda Uşaq ədəbiyyatı artan sürətlə gəlişməkdədir və bu sahədə vəziyyət könülaçandır. Bu yöndə araya-ərsəyə gəlmiş əsərlərin çapı sahəsindəki gəlişmə isə gələcəyə ümidlə baxmağa imkan verir. Çap məhsullarını incələyərkən bu sonuca vardıq ki, uşaq ədəbiyyatı mövzusu Güney yazarları üçün çox aktual, həm də prioritetdir. Ramin Cahangirzadə, Rəsul Qədiri, Məhəmməd Abidinpur, Aydın Baxış, Xosrov Barışan, Səhər Xiyavi, Leyla Kəhalı, Məlihə Əzizpur, Mürtəza Məcdfər, Süsən Nəvadeye Rəzi, Azəryar Danişvər, Davud İntizar, Mənijə Müvəffəq, Sara Turi Əsl və başqa yazarlar uşaqların qəlbinə yol tapan, ruhunu oxşayan əsərlər qələmə alırlar. Fərəh hissi ilə deyə bilərəm ki, Ramin Cahangirzadə, Süsən Nəvadeye Rəzi, Rəsul Qədiri, Xosrov Barışan, Məhəmməd Abidinpur və Səhər Xiyavinin çap olunmuş və son dönəmlərdə çapa hazırlanan kitabları uşaqlara böyük sevinc hissi yaşadacaqdır.
Sirr deyil ki, Güneydə ədəbi dil bu gün də tam olaraq formalaşmayıb. Yazarlar yerli şivələrdə-danışdıqları dildə yazıb-yaradırlar. Bu hal qaçılmazdır. Açığı, bu əsərləri oxuduqca ana dilində dərslikləri, məktəbi olmayan Güney yazarlarının uşaqların formalaşmasında önəmli təsiri olan uşaq ədəbiyyatına strateji məsələ kimi baxdıqlarını anladım, mövcud zorluqlara baxmayaraq bu mövzuda ardıcıl yazıb-yaratmaq üçün göstərdikləri əzmkarlıq qarşısında heyrətləndim... Onların yurdun, ədəbiyyatın fədailəri olduğu göz önündə...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!