Bu gün audiovizual sahədə insanın az qala bütün düşüncəsinə hakim kəsilən, onun qəlbini, ruhunu, zövqünü oxşayan çox vasitələr meydana çıxıb, kino və televiziya adiləşib, indi beyinləri fəth edən internet möcüzələr yaradır. Bütün bu audiovizual imkanlara baxmayaraq, hazırda çox alimlər belə hesab edir ki, dünyada insan fantaziyasını radioteatr qədər genişləndirən, xəyallarını səslə qidalandırıb coşduran, onun təxəyyülündə əsrarəngiz bir dünya yaradan ikinci sənət sahəsi yoxdur.
İfadə vasitələrinin məhdudluğuna (söz, səs effektləri və musiqi) baxmayaraq insan təxəyyülündə yaratdığı səhnələrin zənginliyi, parlaqlığı baxımından radioteatr müasir dram sənətinin ecazkar bir qoludur. Təsəvvür edin, ortada nə səhnə var, nə dekorasiya var, nə də parıldayan rəngbərəng işıqlar var, heç danışan aktyorları da görmürük, amma biz özümüzü səslərin yaratdığı əlvan bir dünyada - yəni təxəyyülümüzdə dramatik hadisələrin cərəyan etdiyi gözəl bir teatra baxırıq. Bu teatrda, sanki hər şeyi "görür", hiss edir, hər epizoddan duyğulanırıq. Bəs bu teatr necə yaradılır, o səhnələr və dialoqlar necə qurulur, aktyorlar mikrofon qarşısında necə "oynayır", səs lövhələri necə seçilir ki, biz bu səslərin vasitəsilə hər şeyi necə "görür", nəyin baş verdiyini necə dərhal qavrayırıq? Bu maraqlı suallara Türkiyədə (Ankara, "Gülnar" yayınları, 2020) nəfis şəkildə çap olunmuş "Radioteatr sənəti" kitabında elmi cəhətdən əsaslı cavab verilir.
Kitabın müəllifi, mənim mediaçı həmkarım, qardaş Azərbaycanda çoxlarının ekrandan teleaparıcı, jurnalistika uzmanı və siyasi təhlilçi kimi tanıdığı, həm də öz sanballı elmi tədqiqatları ilə milli jurnalistikaya yeni nəfəs vermiş professor Qulu Məhərrəmlidir. Televiziya və radio nəzəriyyəsi, media problemləri və dilçilik sahəsində çoxsaylı araşdırmaların müəllifi olan Q.Məhərrəmli adıçəkilən əsərini Azərbaycan radiosunun tarixinə böyük bir sevgi ilə yazmışdır. Alim həmkarım həmin tarixi yaratmış parlaq ziyalıları, böyük fikir və sənət adamlarını, bir-birindən maraqlı tamaşaları bütün qəlbi və ruhu ilə duyaraq onlar haqqında oxunaqlı bir kitab yazmışdır. Bu qiymətli tədqiqat əsəri bir daha sübut edir ki, Azərbaycan radiosu mövcud olduğu illərdə yalnız təbliğat və ideologiya yaymaqla məşğul olmayıb, həm də qardaş xalqın mədəniyyətinin, onun bədii-estetik düşüncəsinin, milli varlığının ifadəsi olan ədəbi dil normalarının inkişafında, dil qaydalarının cilalanmasında misilsiz rol oynayıb.
Bu kitabın əsas mövzusu olan radioteatr sənətinin Azərbaycan efirindəki uğurları haqqında ayrıca danışmaq lazım gəlir. Əvvəla, onu deyim ki, hələ 50-ci illərin ortalarından geniş yayılmış radiomontajlar bir teatr forması kimi dramatizmi və yeni estetizmi ilə bütün radiodinləyiciləri cəlb edirdi. Ədəbi əsərlərin çoxu, o cümlədən dünya klassiklərinin yaradıcılığı radiotamaşalar vasitəsilə geniş təbliğ edilirdi. Artıq ötən əsrin 50-ci illərində bütün dünya radiolarında, o cümlədən də Türkiyə və Azərbaycan radiolarında həm teatrlarda oynanılan tamaşalar translyasiya olunur, yaxud lentə yazılıb səsləndirilirdi, həm də bədii əsərlər (romanlar, pyeslər və s.) efir üçün səhnələşdirilirdi. Sonralar, 60-cı illərin əvvəllərində sırf radioda - mikrofon qarşısında oynanılmaq üçün xüsusi dramaturji quruluşu olan pyeslər yazılmağa başladı. Məhz bu sonuncular, birbaşa radio üçün yazılan orijinal radiopyeslər bir sənət sahəsi kimi radioteatrın estetik prinsiplərini formalaşdırdı. Azərbaycanın ünlü yazarları - İ.Əfəndiyev, Anar, Elçin, Ə.Əylisli, R.İsmayılov, Ə.Salahzadə, T.Rüstəmov, C.Yusifzadə və başqaları bu sahədə qələmlərini sınamaqla radioteatr sənətinin inkişafına ciddi töhfələr vermiş oldular.
Radioteatr məktəbi bütün dünyada, o cümlədən Azərbaycanda böyük bir aktyor nəsli yetişdirib. Kazım Ziya, Ələsgər Ələkbərov, Ağadadaş Qurbanov, Leyla Bədirbəyli, Hökumə Qurbanova, Lütfi Məmmədbəyov, Məhluqə Sadıqova, Sadıq Hüseynov, Səməndər Rzayev, Fuad Poladov, Səyavuş Aslan, Yaşar Nuri, İlham Namiq Kamal və neçə-neçə səhnə ustası məhz radioteatr məktəbini keçib. Bu aktyorlar dəfələrlə etiraf ediblər ki, biz səsimizi, ahəngimizi radioda cilalamışıq, obrazın daxili aləmini açmağı, onun duyğular dünyasına dərindən nüfuz etməyi radioda öyrənmişik. Axı radioda tamaşaçını görmürsən, heç kimin reaksiyasını izləyə bilmirsən, hərəkət də yoxdur, yalnız səslə, ifa ilə dinləyicinin qəlbini ələ almalısan.
Radioteatrın bir sənət sahəsi kimi inkişaf etməsi həm də bacarıqlı rejissorlar nəsli yetişdirib. Yəqin ki, efirdə tamaşa dinləyən oxucularımız Mehdi Məmmədov, Səftər Turabov, Zəfər Nemətov, Ziyafət Abbasov, Tofiq İsmayılov, Həsən Əbluc, Nazim Yüzbaşov, Rövşən Abdullayev, Mehriban Bəşirzadə, Leyla Qarayeva və başqa rejissorların adlarını efirdən tez-tez eşidiblər.
Şübhəsiz ki, haqqında danışdığımız kitabın ən böyük əhəmiyyəti sənətşünaslıq, dil və kulturoloji baxımdan az öyrənilmiş bir sənət sahəsinin - radioteatrın özəlliklərini araşdırıb ortaya çıxarmasıdır. Müəllif bu özəlliyi göstərmək üçün hazırda elmdə geniş istifadə olunan müqayisə metodundan istifadə edir. Bunun üçün də o, radioteatrı kino ilə, teatrın özü və televiziya tamaşaları ilə qarşılaşdırır, onların nəzəri cəhətdən bənzərliklərini, qohumluq əlaqələrini, mənimsənilmə və qavrayış oxşarlıqlarını üzə çıxarır. Təbii ki, tədqiqatçı oxşar estetik prinsiplər və yaradıcılıq qanunları barədə də danışır. Prof. Qulu Məhərrəmli bu məqamda elmi-nəzəri ədəbiyyatlarda problemlə bağlı mübahisələrə də münasibət bildirərək öz yanaşmasını elmi cəhətdən ciddi şəkildə əsaslandırır. Məsələn, onun belə bir qənaəti bizdə razılıq doğurur ki, televiziyanın audiovizuallığı ilə radionun ifadə imkanları arasında fərqlər olsa da, kommunikasiya tipi ümumidir və onların bədii-dramaturji strukturlarının qohumluğu da bu cəhətlə müəyyənləşir. Yaxud müəllifin söylədiyi "ekran və efir dramaturji-estetik baxımdan nə qədər yaxın olsalar da, gerçəkliyin ifadəsi və tamaşaçı-dinləyici şüuruna təsir etmək baxımından ciddi fərqləri və özəllikləri vardır. Bu fərqlər, ilk növbədə televiziya ilə radio arasında nəzərə çarpan görüntü amili ilə bağlıdır" fikri heç bir mübahisə doğurmur.
Araşdırmanın bizlərə təlqin etdiyi əsas fikir budur ki, teatr və televiziyadan fərqli olaraq radiotamaşada hadisələrin cərəyan etdiyi məkan insanın beyni, onun təxəyyülüdür. Burada söz (nitq) həm təsvir vasitəsi, həm də təsvirin predmeti kimi çıxış edir. Biz radioteatrda danışığı eşidən kimi fantaziyamızı işə salır, sözlərin ifadə etdiyi mənanı (məkanı, hadisəni, obrazı, situasiyanı və s.) dərk etməyə, hadisə və obrazları öz şüurumuzda canlandırmağa çalışırıq. Bu baxımdan insanın fantaziyasını radioteatr qədər genişləndirən, xəyallarına qol-qanad verən, onun təxəyyülündə əsrarəngiz bir dünya yaradan, bu dünyada cərəyan edən hadisələri aydın bir şəkildə "göstərən" ikinci bir sənət sahəsi yoxdur. Həm də radioteatrda qavrayış fərdi olduğundan, hər dinləyicinin şüurunda məhz özünün yaratdığı fərqli bir "səhnə" yaranır.
Burada söylədiyimiz bir çox məqamları "Radioteatr sənəti" kitabına giriş sözü yazmış Türkiyənin media sahəsində tanınmış elm adamı Dos.Dr. Yucel Sarı da təsdiqləyir. Onun söylədiyi kimi, Azərbaycan televiziya və radiosunun tarixində çox parlaq şəxsiyyətlər yetişib. Xüsusi çəkisi olan Q.Məhərrəmli bu şəxsiyyətlərin ön sıralarında dayanır. Onun yaradıcılığı milyonların gözü qarşısında formalaşıb, verilişləri, canlı reportajları, aktual müsahibələri, beynəlxalq mövzuda şərhləri həmişə maraqla qarşılanıb. Prof. Qulu Məhərrəmlinin populyarlığı təkcə jurnalistliyi və üstün aparıcılıq keyfiyyətləri ilə bağlı deyildir, bu məsələdə onun parlaq şəxsiyyəti, mənəvi keyfiyyətləri də önəmli rol oynayıb. Ustad jurnalist kimi peşə borcu ilə şəxsi azadlığı arasında harmoniya yaratmağı bacaran Q.Məhərrəmlinin müstəqil düşüncəli, obyektiv, peşəkar, ləyaqətli və milli köklərə bağlı jurnalist kimi ictimaiyyətin rəğbətini qazanmasının bir səbəbi də bu məqamla bağlıdır. Sənət ölçülərinə və həyat prinsiplərinə sadiq qalan peşəkar, hər yerdə peşəkardır: publisistik yaradıcılıqda da, elm sahəsində də. Radioteatr haqqında bizi məmnun edən qiymətli araşdırma da bunu sübut edir.
Prof. Dr. Kamilə Perçin Akgül
Antalya Akev Universitetinin rektoru
Türkiyə
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!