GERÇƏK ƏDƏBİYYATIN ÖZÜNÜTƏSDİQİ
Azərbaycan ədəbiyyatı XX əsrin əvvəllərində sovet hakimiyyətinin qurulması ilə tədricən ideologiyalaşdırma prosesləri yaşamalı olmuş, bu ədəbi-tarixi proses tədricən özünəməxsus ədəbiyyatını yaratmışdır. Doğrudur, sovet ədəbiyyatı çərçivəsində, nə qədər çətin olsa da, əsl böyük ədəbiyyat nümunələri də meydana çıxmışdır. Böyük istedad sahibi olmuş Səməd Vurğun, Mikayıl Müşfiq, Mirzə İbrahimov, Rəsul Rza, Mir Cəlal, Mehdi Hüseyn, İlyas Əfəndiyev və başqaları kimi yazıçı və şairlər sovet ideologiyasının əleyhinə çıxmadan, gerçək həyat və əsl insan haqqında ciddi ədəbiyyat yaratmağın yollarını tapmış, xalqın ictimai-mənəvi inkişafına kömək edən bədii əsərlər yaradaraq, yeni nəsillərin formalaşmasına xidmət göstərmişlər. Ana dilinin qorunub saxlanılmasında, milli adət-ənənələrin yaşadılmasında sovet dövrü Azərbaycan ədəbiyyatının xüsusi rolunu ayrıca qeyd etmək lazımdır. Bu mənada XX əsrdə sosializm dövrünün ideoloji meyillərə üstünlük verən Azərbaycan sovet ədəbiyyatı ilə yanaşı, mənsub olduğu xalqa və vətənin tərəqqisinə xidmət edən sovet dövrü Azərbaycan ədəbiyyatı da yaranmış və inkişaf etmişdir.
Sovetlər İttifaqının həyatında mühüm rol oynayan 14 fevral 1956-cı ildə çağırılmış partiyanın XX qurultayı sovet ədəbiyyatı və incəsənətinin yeniləşdirilməsində həlledici əhəmiyyətə malik olan "Xruşov istiləşməsi"ni meydana gətirməklə bütün sahələrində olduğu kimi, bədii yaradıcılıq istiqamətində də əsaslı dəyişikliklərin hərəkətverici qüvvəsinə çevrilmişdir. İlya Erinburqun böyük ustalıqla elan etdiyi "Mülayimləşmə" prosesi Sovetlər İttifaqının hər yerində, o cümlədən də Azərbaycan ədəbiyyatında gerçək həyata və real insana doğru əhəmiyyətli bir prosesin yaranmasına ciddi təkan vermişdir. Bu zəmində meydana çıxan Azərbaycan ədəbiyyatının əllincilər nəsli: Bəxtiyar Vahabzadə, İsmayıl Şıxlı, İsa Hüseynov, Məmməd Araz, Xəlil Rza Ulutürk, İslam Səfərli, Əlfi Qasımov və başqaları ədəbiyyatda sovet ideologiyasından ayrılma proseslərinin başlanması yolunda ilk ciddi addımlarını atmışlar. Bununla belə, geniş mənada sovet ədəbiyyatında, o cümlədən də Azərbaycan ədəbiyyatında sosialist realizmi yaradıcılıq metodunun tilsiminin sındırılması və təsir dairəsinin aradan qaldırılmasında, "altmışıncılar" ədəbi nəsli həlledici rol oynamışdır. Yaxşı mənada Sovetlər İttifaqının ayrı-ayrı müttəfiq respublikalarında "peyda olan" bu yeni ədəbi nəsil ədəbiyyatın inkişafında xüsusi bir mərhələnin açılmasını qaçılmaz bir hala gətirmişdir. Sovet ədəbiyyatının yeni nəsli kimi bədii yaradıcılıq meydanına qədəm qoymuş Aleksandr Qaliç, Vladimir Vısotski, Yevgeni Yevtuşenko, Andrey Voznesenski, Bella Axmadulina, İosif Brodski, Bulat Okucava, Boris Slutski, Fazil İskəndər, Valentin Rasputin, Vasili Şukşin və onlarca başqalarının çap etdirdikləri əsərlərlə ədəbiyyatda kommunist ideologiyasının təbliğinə birdəfəlik fatihə oxunmuşdur. Azərbaycanda ədəbi fikrin sovet ideologiyasından ayrılması üzərində tam və qəti qələbəni qazanmaq missiyasını bizim ölkənin altmışıncıları - Anar, Elçin, Əli Kərim, Fikrət Qoca, Sabir Əhmədli, Yusif Səmədoğlu, İsi Məlikzadə, Fikrət Sadıq və başqaları həyata keçirdilər. Azərbaycan altmışıncıları - ölkəmizdə azərbaycançı və gerçəkçi ədəbiyyatın yeni tarixi mərhələsini yaratmağa nail oldular. Bu ədəbi nəslin nümayəndələrindən hər birinin Azərbaycan ədəbiyyatının və ictimai fikrinin inkişafında mühüm xidmətləri vardır.
Xalq yazıçısı Anarın 1960-cı ildə "Azərbaycan" jurnalının on ikinci sayında çap olunmuş iki hekayəsi - "Bayram həsrətində" və "Keçən ilin son gecəsi" hekayələri ilə Azərbaycanda altmışıncılığın ilk təməlləri atılmış oldu. Bu hekayələr 1960-cı ilin dekabr ayında jurnalın Moskvada çap olunan "Yunost" on ikinci sayında Stanislav Rassadin adlı Moskva Dövlət Universitetinin məzunu olan bir müəllifin "Altmışıncılar. Gənc müasirimiz haqqında kitab" adlı məqaləsi ilə eyni vaxtda baş vermiş yeni ədəbi hadisə idi. "Altmışıncılar" sözünün ilk dəfə mətbuatda elan olunduğu anlarda Azərbaycan ədəbiyyatı Anarın hekayələri vasitəsilə yeni ədəbi nəslin artıq meydanda olmasının parolunu vermişdir.
"Azərbaycan" jurnalının təqdim etdiyi "Bayram həsrətində" və "Keçən ilin son gecəsi" hekayələri gerçək həyatın və sadə insanların adi həyatını və mənəvi dünyasını oxuculara çatdırmaqla "altmışıncılar" ədəbi nəslinin yeni tipli ədəbiyyatının anonsunu vermişdir. "Bayram həsrətində" hekayəsi Azərbaycan ədəbiyyatında ideoloji sxemlərdən uzaq olan, "kiçik adam"lara aid sadə əhvalatlar vasitəsilə gerçək mətləbləri təsvir edən yeni tipli ədəbiyyatın yaranması həsrətinə son qoyan yaddaqalan bədii nümunə oldu. Azərbaycan oxucuları Anarın "Bayram həsrətində" hekayəsi ilə oxucuların həsrətlə gözlədikləri sadə dildə yazılmış gerçək bir həyat hekayəsi ilə tanış ola bildilər. "Keçən ilin son gecəsi" hekayəsi də, obrazlı şəkildə desək, sosialist realizmi ədəbiyyatının özünün sonuncu gecəsini yaşamaqda olduğunu nəzərə çarpdırdı.
Məlum olduğu kimi, "Keçən ilin son gecəsi" hekayəsinin adı və motivi Anarın yaradıcılığında xüsusi yer tutur. Bu hekayə ideoloji ədəbiyyat dövrünün son gecəsi və yeni ədəbiyyat mərhələsinin başlanğıcı idi. Hekayədə tənqid olunan meşşanlıq, ələbaxımlıq zahirən sovet ədəbiyyatında da satira mövzusu kimi gündəmdə müəyyən yer tuturdu. Lakin fərq onda idi ki, sovet ədəbiyyatında deklorativ xarakter daşıyan bu mövzunu Anar real həyat hadisələri və insanların mənəvi dünyasındakı ziddiyyətlərin fonunda təsvir etməklə ədəbiyyatın şüarçılıq yolu ilə deyil, gerçəkliyə sədaqətlə xidmət etmək üsulu ilə inkişaf etdirilməsinin nümunəsini göstərmişdir. Bu yolla ədəbiyyat həm də birtərəfli qaydada siyasi mövqeyə malik sosial təbəqənin həyatını təsvir etməkdən xilas olub, cəmiyyətin ayrı-ayrı sahələrində təmsil edilən sadə insanların gündəlik təbii həyatı və məişətinin, mənəvi aləminin təqdim olunmasına doğru böyük bir dönüş etmişdir. Bu mənada "Bayram həsrətində" hekayəsi ədəbiyyatda özünün real dünyasını görmək istəyən oxucunun həsrətinə son qoyduğu kimi, "Keçən ilin son gecəsi" hekayəsi də əslində, yeni ədəbiyyatın ilk başlanğıcı funksiyasını yerinə yetirmişdir. Yazıçı bu mövzuya zaman-zaman fərqli janrlarda yenidən qayıtmaqla sosializm cəmiyyətində və sovet ədəbiyyatında keçmişlə yeniləşmə arasındakı uçurumu diqqət mərkəzinə çəkmiş, bu zəruri prosesin yaşanmasına olan ehtiyacın reallıqlarını nəzərə çarpdırmışdır. Anarın "Keçən ilin son gecəsi" silsiləsi sonrakı proseslərdə də və bu gün də cəmiyyətdəki mənəvi aşınma və təkamül proseslərini əks etdirməklə, oxucunu və tamaşaçını düşünməyə və irəli baxmağa vadar edən əsər kimi özünəməxsus aktuallığa malikdir. Uzun illər ərzində Azərbaycan televiziyasının köhnə ilin yola salınması və yeni ilin qarşılanması ərəfəsində Anarın "Keçən ilin son gecəsi" tamaşasını göstərməsi təsadüfi olmayıb, altmış il əvvəl yazılmış bu əsərdə bütün dövrlər üçün gərəkli və ibrətamiz olan mətləblərin canlandırıldığını diqtə edir.
Keçən altmış il ərzində Xalq yazıçısı Anar Azərbaycan hekayəsinin mükəmməl örnəklərini yaratmışdır. Heç tərəddüd etmədən bu hekayələrdən bir çoxunu və əslində, onların mütləq əksəriyyətini ümumiyyətlə Azərbaycan və dünya hekayəçiliyinin mükəmməl örnəkləri kimi qiymətləndirmək olar. Anarın "Yaxşı padşahın nağılı" hekayəsi (1970) keçmiş sovet cəmiyyətinin alleqoriyası kimi meydana çıxmış ciddi tənqidi realist əsərdir. Böyük cəsarətlə və uzaqgörənliklə yaradılmış bu hekayədə sovet cəmiyyətinin mənəvi-siyasi çöküşü və iflasının reallıqları məharətlə əks etdirilmişdir.
Türk ədəbiyyatı vəqfinin "Yaxşı padşahın nağılı" hekayəsini 2018-ci ildə İstanbulda türk, rus, özbək, qazax, türkmən, qırğız, tatar, başqırd, qaqauz dillərində ayrıca kitab kimi nəşr edib geniş dairədə yayması, heç şübhəsiz, bu hekayədə qaldırılan problemlərin aktuallığı və müasirliyinə verilmiş yüksək qiymətin ifadəsidir. Həqiqətən də "Yaxşı padşahın nağılı" bir hekayədə ciddi bir roman mövzusunu əks etdirən mükəmməl bədii əsərdir.
Anarın XX əsrin altmış-yetmişinci illərində çap olunmuş digər hekayələri də dərin ictimai məzmununa və özünəməxsus sənətkarlıq xüsusiyyətlərinə görə böyük ənənələri olan Azərbaycan hekayəçiliyinin qızıl fonduna vəsiqə almış kamil sənət örnəkləridir. "Mən, sən, o və telefon" hekayəsi cəmiyyətdəki tənhalaşma və eyniləşmə proseslərinin zahirən adi görünən düşündürücü hadisələr vasitəsilə təqdim olunmasının təkrarsız-bənzərsiz nümunəsidir. "Asılqanda işləyən qadın" hekayəsi də adında göründüyü kimi, mənalı həyat sadə adamların hekayəti kimi yaradılmışdır. Bu hekayələrlə Anar sonralar yazdığı bir pyesin adında ifadə olunduğu kimi, "şəhərin yay günləri"nin qızmar ictimai-mənəvi mühitinin obrazını canlandırmışdır. Məşhur "Gürcü familiyası" hekayəsi yeni dövr Azərbaycan hekayəsinin soyadı kimi ümumiləşdirilməyə layiq olan yaddaqalan, təsirli nəsr əsəridir. Anarın "Molla Nəsrəddin - 66" satirik hekayələr silsiləsi ilə başlanan tənqidi realist hekayəçiliyin orijinal təzahürləri olan kiçik janrın böyük örnəkləri Azərbaycan hekayəsinin tarixində yeni hadisədir.
"Molla Nəsrəddin - 66" hekayələr silsiləsi ilə Anar təsvir etdiyi cəmiyyət hadisələrinin dərk olunmuş satirik-yumoristik təzahürlərini diqqət mərkəzinə çəkmişdir. Anarın təqdim etdiyi Cuvar Cəfər obrazı XX əsrin altmışıncı illərinin fərqli bir Novruzəlisidir. Anar "Molla Nəsrəddin - 66" satirik hekayələr silsiləsi ilə böyük Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin hekayəçilik ənənələrinin yeni tarixi şəraitdə təzədən dirçəldilməsini və daha da müasirləşdirilməsini ədəbi prosesin gündəminə gətirmişdir. Cəlil Məmmədquluzadənin "Molla Nəsrəddin"indən Anarın "Molla Nəsrəddin - 66"sına keçid Azərbaycan ədəbiyyatının özünəqayıdışının və yeni çalarlarla inkişaf etdirilməsinin mümkünlüyünün isbatı idi. Anarın "Zarafatsız" adlandırdığı hekayədə təsvir edilən ciddi hadisələri o zaman zarafatyana şəkildə də demək risk tələb edirdi. Anar isə sadə və dönməz bir ədəbi təmkinlə "Gülməşəkər kəndinin sabahı"ndakı xalqdan uzaq planları - filanları, "Biz tənqid edəndən sonra" hekayəsi ilə açılan yalanları cəmiyyətə çatdırmaqda davam etdirmişdir. Anarın hekayə kimi təqdim etdiyi "Bildiriş", "Elanlar", "Düzəliş", "Bizim müsahibə", "Biz tənqid edəndən sonra" əslində, həm də yeni tarixi mərhələnin satirik ədəbiyyatının janrları olaraq nəzərə çarpdırılmışdır. Beləliklə, Anar Azərbaycan ədəbiyyatını ideya-məzmunca olduğu kimi, sənətkarlıq baxımından da yeniləşdirilməsinə nail olmuşdur.
"Molla Nəsrəddin - 86" satirik hekayələr silsiləsi təkcə Anarın yaradıcılığında deyil, geniş mənada Azərbaycan cəmiyyəti və ədəbiyyatının həyatında mühüm bir hadisə kimi qarşılanmışdır. Belə ki, "Molla Nəsrəddin - 66"da mövcud cəmiyyətin "təmiri" məsələlərini qələmə alan yazıçı "Molla Nəsrəddin - 86" ilə siyasi sistemin öz oxu ətrafından çıxarılması məsələlərini yüksək vətəndaşlıq mövqeyindən təsvir etmişdir. "Molla Nəsrəddin - 86"dakı aşağıdakı sözlər dövlət müstəqilliyi ərəfəsində cəmiyyətin dəyişdirilməsinə xidmət edən yüksək vətəndaşlıq ruhunda əsərlərin yazılması zamanının gəlib çatdığını ədəbi-siyasi mühitin gündəminə gətirir. "Salam, Molla Nəsrəddin balam. Bu dəm - əsrin qurtara-qurtaranda papağımızı qabağımıza qoyub fikirləşəndə, götür-qoy edəndə, ... Görürük ki, sənsiz işimiz aşmayacaq. Çünki gülmüşük də, sevinmişik də, fərəhlənmişik də... Amma bəzən nəyə güldüyümüzü əməlli-başlı başa düşməmişik. ...Hələ baxaq, gözləyək, görək axırı necə olur? Nə deyirəm, babam, baxaq, görək, amma gözləməyək. Bu yolda iş gərəkdir, qurmalını qurmalıyıq, vurmalını vurmalıyıq, gülməliyə gülməliyik. Qolumuzu çırmalayıb işi dəyişməsək, doğrudan da, heç nə dəyişməyəcək - köhnə hamam, köhnə tas...".
Bu fonda mövcud quruluşdan "çətin keçmişimizdən" gülə-gülə ayrılmağın zəruriliyini vacib sayan Anarın sovet sisteminin çökməsini "qəmli məsxərə" adlandırması məsələyə mollanəsrəddinçi baxışın əməli ifadəsidir. Müstəqil dövlətçiliyin başlanğıc illərində yazılmış "Muhakkak görüşürüz" ("Mütləq görüşərik"), "İlin fəsilləri, yaxud qovluğun içindəkilər" (1993) hekayələri hadisələri qrotesk səviyyəsində kəskin tənqidi şəkildə meydana qoyan və mühiti silkələyən bədii əsərlər kimi meydana çıxmışdır. Bu əsərlər Azərbaycanda dövlət müstəqilliyi idealları uğrunda mübarizənin ədəbi hadisələridir. Anarın "Cənab Jirinovski Bakıda" (2000), "Kim Dali və yaxud yaşasın söz azadlığı" (2001), "Nə yemisən turşulu aş" (2003) hekayələri isə ölkəmizdə dövlət müstəqilliyinin qorunub saxlanılmasına, daha da möhkəmləndirilməsinə mane olan bütün hallara qarşı dönməz yazıçı mövqeyini əks etdirən diqqətəlayiq əsərlərdir. Anar həm milli-azadlıq düşüncəsini, həm də dövlət müstəqilliyinin möhkəmləndirilməsi qayğılarını sadə, yaddaqalan, düşündürücü, cəlbedici, hadisələrin təbii əks-sədası kimi təqdim edir. Daha doğrusu, həmin ictimai-mənəvi qənaətləri Anarın hekayələrindən oxucunun özü çıxarmalı olur.
Əlbəttə, Anarın yaradıcılığında ilk ən böyük hadisə "Ağ liman" povesti olmuşdur. "Ağ liman" povesti - ədəbiyyatda adi əhvalatlara və sadə insanlara doğru dönüşün manifesti idi. "Ağ liman" - Azərbaycan ədəbiyyatının və Anarın Təhminə və Zaur seriyasının start nöqtəsidir. "Ağ liman" - Məmməd Nəsirin hekayəsi, Nemətin povesti, Təhminə ilə Zaurun romanıdır. "Ağ liman" - cavan bir yazıçı kimi Anarın ilk böyük həcmə malik uğurlu debütü idi. Əslində, "Ağ liman" Azərbaycan ədəbiyyatının mövcud epoxada yan aldığı yeni və fərqli bir "liman" idi. Nəhayət, "Ağ liman" - Anarın fərqli bir yazıçı kimi özünütəsdiqinin möhürüdür. Qarşıda isə həm Anarı, həm də Azərbaycan ədəbiyyatını neçə-neçə "ağ limanlar və qırmızı gəmilər" gözləyirdi.
Anarın "Beşmərtəbəli evin altıncı mərtəbəsi" romanı ilə Azərbaycan ədəbiyyatı öz inkişaf yolunda yeni bir "mərtəbə" qazanmış oldu. Doğrudur, "Beşmərtəbəli evin altıncı mərtəbəsi" əslində, "Ağ liman"ın üzərində ucaldılmış bir mərtəbədir. Anar bu çoxmərtəbəli mühitə Spartak, Zivər xanım, rejissor Muxtar, restoran müdiri Nadir və başqaları kimi yeni obrazları da daxil etməklə, dairəni xeyli dərəcədə genişləndirmişdir. Bakıda Beşmərtəbə adı ilə tanınan və adi bir bina bu romanda darıxan, tənha, mənəvi çırpıntılar içərisində yaşayan insanların gündəlik qayğılarının, narahatlıqlarının geniş planda hekayəti, lakin yazıçının estetik idealının romanıdır. Təhminə və Zaur yalnız Azərbaycan altmışıncılarının deyil, bütövlükdə Azərbaycan ədəbiyyatının "kiçik adamlar" seriyasından olan silsiləsinin bənzərsiz sıra nəfərləridir. Azərbaycan ədəbiyyatı Mirzə Cəlilin Novruzəlisindən başlayaraq, Mir Cəlalın Baharını yaşayaraq, İlyas Əfəndiyevin Səriyyəsindən keçərək Təhminə və Zaura gəlib çatmışdır. Təhminə və Zaur Azərbaycan ədəbiyyatında ideoloji mühitin qəhrəmanları ilə ümummilli ideyaların daşıyıcıları arasında olan boşluğu aydınlaşdıran və dolduran, özünəqədərki "ənənəni" yıxıb dağıdan, sonrakı ədəbi mərhələ üçün zəmin hazırlayan obrazlardır. Fikrimcə, Azərbaycan ədəbiyyatı məhz Təhminə və Zaur mərhələsindən keçərək, yeni tarixi dövrə qədəm qoymuşdur. Bu roman həm də Anarın timsalında Azərbaycan altmışıncılarının ədəbiyyatdakı missiyasının bünövrə və təməl dövrünü yekunlaşdıran bədii əsər kimi də mühüm əhəmiyyət kəsb edir. Burası da eyni dərəcədə əhəmiyyətlidir ki, "Beşmərtəbəli evin altıncı mərtəbəsi" romanı Azərbaycan ədəbiyyatının qarşısında yeni çoxmərtəbəli gedişatın daha geniş üfüqlərini açmışdır. "Beşmərtəbəli evin altıncı mərtəbəsi"ndən sonra ədəbiyyatın nəinki geriyə qayıtmaq, irəliyə getməkdən başqa çıxış yolu qalmamışdır. "Beşmərtəbəli evin altıncı mərtəbəsi" modern Azərbaycan romanının obrazıdır.
Xalq yazıçısı Anarın yaradıcılığındakı hər bədii əsərin öz həyat fəlsəfəsi və ədəbi-elmi dəyəri vardır. Vahid bir məcrada bir-birini tamamlayan bu əsərlərdən hər biri həyatın fərqli bir səhifəsi, cəmiyyətin dərinliklərinə doğru proseslərin açılmamış qatlarıdır. Anar janrından asılı olmayaraq, bütün əsərlərində özünü təkrar etmədən insan mənəviyyatının və cəmiyyətin mənəvi həyatının görünən və görünməyən qatlarına gur işıq salmaqla şəxsiyyətin özünüdərkinin, mühitin sağlamlaşdırılmasının növbəti dərslərini təqdim edir. Dərin həyatı müşahidələri özünəməxsus bənzərsiz bir sənətkarlıqla əks etdirən Anar sözün əsl mənasında cəmiyyətin barometri olan əsərləri və obrazları meydana qoymuşdur. Onun əsərlərindən hər biri yaşadığımız cəmiyyətin ayrı-ayrı mərhələlərinin mahiyyətinin daha dərindən dərk olunmasına və inkişaf mərhələləri arasındakı keçid proseslərinin tənzimlənməsinə şərait yaradır. Bu əsərləri mütaliə edən hər yeni nəsil üçün Anarın deyiləcək sözü və bələdçilik edə biləcək işıqforu vardır. Bu mənada Anarın yaradıcılığı cəmiyyətin bütün rəng çalarlarını, təzadlarını və uğurlarını canlandıran mənalı həyat kitabıdır.
"Dantenin yubileyi" - şəxsiyyətin mənəvi iflasının timsalında cəmiyyətin çöküntüsünün povestidir. Feyzulla Kəbirlinskinin aqibəti onun təmsil etdiyi ziyalı mühitinin və həmin mühiti formalaşdırmış cəmiyyətin faciəsidir. Əsərdə Feyzulla Kəbirlinskinin metroya minməkdə tərəddüd etməsinin təsvir edilməsi onun "yeni əsrin ibtidasında"kı bitmiş-tükənmiş imkanlarının bədii ifadəsidir. Oxucu bu əsəri diqqətlə oxuyarkən aydın surətdə görür ki, Feyzulla Kəbirlinskinin qatarı artıq çoxdan keçib getmişdir...
"Şəhərin yay günləri" - sadə adamların dramı, ziyalı mühitinin faciəvi səhnələridir.
"Macal" povesti - şəxsiyyətin daxili narahatlığının, ikili düşüncənin yaratdığı təzadların ədəbiyyatıdır.
"Ağ qoç, qara qoç" romanı dünya hadisələrinin fonunda Azərbaycan cəmiyyətinin keçid dövründəki nicat yolu axtarışlarının ibrətamiz romanıdır.
"Otel otağı" - yeni epoxanın doğurduğu təzadlı səhifələrin hekayətləridir.
"Kərəm kimi" böyük bədii söz ustadı Nazim Hikmətin sənət qüdrətini və şəxsiyyətinin əzəmətini açmağın və ədəbiyyata yalnız Anar kimi əsl yazıçı - vətəndaş olmağın nümunəsidir. "Kərəm kimi" sənədli romanı Anar kimi, Anar səviyyəsində düşünə və yaza bilməyin rəsmiləşdirilməsidir. "Kərəm kimi" romanı bədii qavrayışla idrakın qoşa qanad kimi bir yaradıcı şəxsiyyətdə təzahürünün təntənəsidir.
"Sizsiz" sənədli romanı Azərbaycan ədəbiyyatının birinci "Kərəm kimi"sidir. Bu, Xalq şairləri Rəsul Rzanın və Nigar Rəfibəylinin "Kərəm kimi"sidir. "Əbədi Mirzə Cəlil", "Anlamaq dərdi", "Sübhün şəfəqi", "Üzeyir ömrü", "Cavid əbədiyyəti" silsiləsindən hər biri Anarın mənalı və qiymətli "Sizsiz"lər serialıdır.
"Göz muncuğu" romanı - dövlət müstəqilliyini qoruyub möhkəmləndirmək niyyətinin ədəbiyyat dərsidir. "Göz muncuğu" romanı Anarın Azərbaycan sevdasının nəzər duasıdır.
"Yaşamaq haqqı" - Anarın Böyük Azərbaycan epopeyasıdır. Məşhur "Dədə Qorqud" filmi XX əsrin möhtəşəm Azərbaycançılıq abidəsidir. "Dədə Qorqud dünyası" - Azərbaycan qorqudşünaslığının mükəmməl ədəbi-elmi traktatıdır.
"Sizi deyib gəlmişəm" - Xalq yazıçı Anarın böyük demokrat yazıçı Mirzə Cəlil Məmmədquluzadədən qəbul etdiyi estafeti yeniləşdirərək müasir səviyyədə davam etdirməsinin və sonrakı nəsillərə çatdırmasının xitabıdır. Bu, həm də Anarın da Azərbaycan cəmiyyətinin hər mərhələsində ondan təzə əsərlər gözləyən oxucusuna növbəti müraciətidir.
Xalq yazıçısı Anar XX əsrin altmışıncı illərindən başlanan yaradıcılıq yolunu cəmiyyətin və ədəbiyyatın inkişafına xidmət göstərən ədəbi hərəkata çevirmək vəzifəsini icra etməklə davam edən, həmişə müasir səslənən əsərlərin müəllifi olan görkəmli mütəfəkkir yazıçıdır. Xalq yazıçısı Elçinin doğru olaraq yazdığı kimi, "Anar öz doğma xalqının tarixi və taleyi kontekstində yaradıcılığı yüksək qiymətə malik olan görkəmli ədibdir. Anar milli ədəbiyyatın, milli mədəniyyətin maraqları ilə yaşayan və həmin maraqları ən yüksək tribunalardan müdafiə etməyə qadir bir intellektual kimi həmin milli ədəbiyyata, mədəniyyətə nəinki səriştəli qiymət verməyi bacaran, eyni zamanda, həmin mənəvi dəyərlərlə fəxr edən görkəmli ədəbiyyat, mədəniyyət xadimidir". Anarın və bütövlükdə "altmışıncıların" başladıqları ədəbi hərəkat Azərbaycanın sovet əsarətindən xilas olub, müstəqil dövlət qurmaq və onu daha da inkişaf etdirmək yollarındakı çətinliklərinin, xalqımızın inam və ümidlərinin gerçəkləşdirilməsinin real gedişatının əks-sədasıdır. Anarın və altmışıncıların yaşadığı yaradıcılıq taleyi xalqın və ölkənin ayrı-ayrı inkişaf mərhələlərinin, təkamül proseslərinin güzgüsüdür.
"Bayram həsrətində" və "Keçən ilin son gecəsi"ndən başlanan sənət yolu artıq yeni əsrin və yeni ədəbi nəslin böyük ədəbiyyatının yaradılmasına və inkişaf etdirilməsinədək şərəfli olan bir məsafəni qət etmiş milli ədəbiyyatın geniş magistrallara çıxarılmasına gur işıq salmışdır.
Xalq yazıçısı Anarın simasında Azərbaycan altmışıncılarının yaratdıqları altmış illik ədəbiyyat xalqımızın əbədi mirasına çevrilmiş əsl ədəbiyyatın canlı nümunəsidir. Anarın və altmışıncıların çoxcəhətli və zəngin yaradıcılığı bu ədəbi nəslin ədəbiyyatı ideoloji buxovlardan xilas etmək və ədəbiyyatda əbədi yaşamaq haqqının bədii möhürü və gerçək azərbaycançı ədəbiyyatın qəti özünütəsdiqidir.
Altmış ildən sonra Xalq yazıçısı Anar bu gün müstəqillik dövrü Azərbaycan ədəbiyyatının sükanı başında möhkəm dayanaraq Zəfər bayramının işığında xalqımızı daha geniş üfüqlərə doğru yollarda bələdçilik edə biləcək əsərlər yazmaq əzmi ilə müqəddəs sənət andına uğurla və məsuliyyətlə xidmət edir.
İsa HƏBİBBƏYLİ
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!