NARGİS
Elon Musk qeyd edib: "40 il əvvəl Pong oyunu var idi; iki xətt və bir nöqtədən ibarət oyun. 40 il sonra indi isə milyonlarla insanın eyni anda oynadığı fotoaparat reallığımda 3D oyunlar yaradılır. Belə getsə gələcəkdə reallıqla oyunları ayırd edə bilməyəcik. Bu məntiqi davam etdirsək yaşadığımız dünya simulyasiyadan başqa bir şey deyil, bizim reallıqda yaşamaq şansımız milyardda birdir".
Kamal Abdullanın əsərlərində qurduğu postmodern 3D labrint gerçəyin müxtəlif variantlarda simulyasiyaları ilə doludur. Xüsusilə “Unutmağa kimsə yox” romanında Bəhram kişinin mağaradakı ruh ilə yaşadığı hadisələr zinciri buna nümunədir. Kamal Abdulla labrinti iç-içə keçmiş 3D labrintlərdən ibarətdir. Ədib zehnimizdə yaratdığı simulyasiyalarla oxucunu çaşdırır. Onu fərqli fəzalarda var edib, yox edir. Gerçəklə qurğu ayırd edilmir.
Əsərin ana süjetini F.Q. adlı gənc tədqiqatçının oxuna bilməyən sirli Çiçəkli yazını oxumaq üçün kəndə gəlməsi təşkil edir. Bir növü ruhuma tanış olan tədqiqatçı obrazı əsəri ilk oxumağa başladığım anlardan ürəyimdə özünə yer etdi. F.Q. mənə tanış mühitdən gəlirdi. Elə işlədiyim qurumdan.
Bilindiyi kimi, “Unutmağa kimsə yox...” romanının əsas qəhrəmanı F.Q. kəndə gələndə bu mühitlə fiziki olaraq əlaqəli təsvir olunmasa da, sonralar Bəhram dayının çoban papağına bənzəyən evininin qarşısında oturub xəyal dünyasında cövlan edəndə mənəvi cəhətdən artıq bu dünyayla bütünləşdiyini görürük.
Kamal Abdulla üslubuna xas olan zamanın çoxfunksiyalılığını bu romanda açıq-aydın görürük. Əsər gah keçmişi, gah modern dövrü özündə ehtiva edən ssenarilərin film kadrı kimi reallaşdığı səhnələrlə zəngindir. Buradaki obrazlar sadəcə real zamanda deyil, ruhsal olaraq da bu zaman-məkan dəyişimini hiss edə bilirlər. Bu məqamlar oxucunu əsərin mərkəzinə çəkə bilir. Obrazların hisləri oxucuya tanış gəlməyə başlayır. Oxucu bir anda obrazlaşır. Derrida‟nın differans (devingenlik, sahə, boşluq) anlayışıyla yazardan qalan boşluq oxucu ilə doldurulur. Romanda sadə detalların təsvirinə geniş yer ayrılıb. Müəllifi uzunçuluqla günahlandıranların əksinə, qeyd etmək yerinə düşər ki, postmodern əsərlər gündəlik həyatın sıravi detallarını əhəmiyyətli hesab edirlər. Rosenaunun da, dediyi kimi: “Yataq otağında baş verib bitənlər də, döyüş sahələrində və hökumət saraylarında olanlar qədər əhəmiyyət qazanar” .
Nümunə olaraq “qara ağac” obrazını göstərə bilərik. Bəhram kişinin qəlbinin ən dərinliklərində duyduğu mağaranın ruhu, çiçəkli yazıya toxunanların nəsibinin ölüm olması faktı Kamal Abdulla üslubuna xas magik məzmunu özündə ehtiva edir. Xalqın nümayəndələrinin sehirli olaraq qəbul etdiyi yer ilə bağlı baş verən hadisələr zinciri romandakı magik realizm ünsürlərini özündə ehtiva edir. Bütün bu hadisələr rasional dünyada baş verir. Romanda reallıq və fövqəl reallıq iç-içədir.
Əski inam sistemi ilə sıx bağlı olan, qədim mifoloji təfəkkür sistemində qarağacı kəsənin xeyir tapmayacağı göstərilir.“Azərbaycan türklərinin müqəddəs saydığı bəzi ağaclara isə həm də şəfavericilik, övliyalıq və s. kimi sifətlər aid olunur. (Sakral statuslu bu ağaclar (dağdağan, qarağac, nar, palıd, əncir, çinar)dir”.
Romandakı Qaraağacdan, Vəng dağına qədər təsvir olunan hər şey dərin mənanı ehtiva edir.
“Bu da Çiçəkli yazı. Bu da həyatın əsl mənası” -F.Q.nin Vəng dağındakı yazılı daşları təsviri son dərəcə maraqlıdır.
Romanda Günortac adlı şəhərin təsviri isə diqqətimi Naxçıvana çəkdi. Günortac məsələsinə Kamal Abdulla yaradıcılığında tez-tez rast gəlirik: “"Dansökülən"ə lüğətlərdə rast gəlmək olmur. Dansökülən - Günortac - Qürub assimmetriyası insanın ilkin keçmişindən ayrılma yollarını, insanın öz inkişafının müəyyən mərhələlərini, tarixi məqamları inikas etdirir. Bu inkişaf yolunda insanlara "insanlıq dərsi" keçilir, şəxsiyyətdə insani keyfiyyətlər yaranır.
Günortacda baş verən hadisələr romanda parellel dünyaların təsviri ilə bağlı ən uğurlu hissədir. Orada bu günün çiçəkli yazısının başlanğıcına dair gerçəklər gizlənir.
Unutmağa kimsə yox…” romanında Kamal Abdulla belə maraqlı yanaşmalarla çıxış edir. Molla Güləlinin diliylə verdiyi “Zevsin şıltaqlığı. Peley ilə Fetidanın toy mərasiminə dəvət. Heranın təkidi və Poseydonun onun tərəfini tutması”. hissəsi buna ən gözəl nümunədir. Postmodern mətinlərin intertektuallığa müraciəti daha qəti və çoxdur.
Ulrich Broich, klassik ədəbiyyat məhsullarında da indiki vaxtda intertekstuallıq qaydasından sıxlıqla faydalanan Laurence Sterne qədər faydalanmış olanların varlığına diqqət çəkir.
Dekonstruksiyaçıların fikrincə, əgər mətn öz ötəsində bir şeyə göndərmə edirsə, bu göndərmənin əvvəli sonu başqa bir mətnə göndərmə olacağının qənaətindədirlər. Eynilə göstəricilərin başqa göstəricilərə göndərmə olacağı kimi mətnlər də başqa mətnlərə göndərmələr edir. Dekonstruksiyaçılar, müəyyən bir kəsişmə nöqtəsini işarələyən, dayanmadan genişləyən belə bir şəbəkəni intertekstuallıq adlandırırlar. Dekonstruksiya 1967-ci ildə Derridanın üç mətninin nəşri ilə fəlsəfi ədəbiyyata daxil edilmişdir
Bu kəsişmələr F.Q –nin Stiks çayı il bağlı Patriarxla danışığı zamanı ortaya çıxır. Və romana yunan mifologiyasının ən məşhur hekayəsi daxil olur. Kentavr Xironun Stiks çayının qaranlıq sularına içdiyi andla şaxələnir. Qaf dağına ordan Qafqaz sıra dağlarına aşır. Hətta F.Q nə vaxtsa Patriarxın da Stiks çayının sahilində olduğunu düşünür.
“F.Q. Patriarxın sözlərini bir daha xatırladı: “ Bu yazının qanadlarında Stiks çayına qədər getmək olar”. Bu sözlərin əsl mənası heyrət içində qalmış və matı-qutu qurumuş F.Q.-yə hələ indi əyan oldu. “Patriarx Stiks çayının sahilində olub, hökmən olub”.
Fizikadakı parelel dünyalar qavramı kimi, romanda parelel dünyalar mövcuddur. Bu parelel dünyalar əsərdəki obrazların özünəməxsus olaraq yaradılır. Mətn içində mətn yazılır. ”İngiliscədə "multiverse" yəni çoxlu kainat olaraq da qəbul edilən paralel kainat, bir-birindən fərqli və müşahidə edilə bilər kainatların fərziyyə olaraq cəmi mənasını verir.
Yəni teleskoplar vasitəçiliyi ilə müşahidə etdiyimiz bildiyimiz kainat 93 milyard işıq ili genişliyindədir. Lakin, paralel kainat fərziyyəsinə görə; müşahidə etdiyimiz kainat çoxlu kainatın çox kiçik bir qisimi vəziyyətində qalır.
Çoxlu kainat sonlu və sonsuz var ola biləcək bütün kainatların fərziyyə olaraq bir bütünüdür. Eyni zamanda var olan hər şeyi (bütün məkan, zaman, maddə və enerji ilə birlikdə fizika qanunları və fiziki dəyişmələri) içində əhatə edər”.
Romanda: “Özünü yorma deyirəm. Parlel dünyalara həqiqətən inanırsansa...
-İnanıram.-F.Q. bu dəfə yavaş səslə Patriarxa az qala yavarırmış kimi: “neçə dəfə deyərlər?!” pıçıldadı”
-İnanırsan. Mən də, bax onu deyirəm, inanırsan. Çox gözəl o zaman Molla Güləli danışan rəvayətin bir başqa dünyada baş verdiyinə də inanmalısan. Afrodita, Gözəl Yelena-burda.Bu dünyada!Hera və hakimiyyət isə o biri, parelel dünyaların hansındasa... Yaxud əksinə...”.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!