Ədəbiyyat tarixinin nəzəri problemləri
Bu istiqamətdə Akademik İsa Həbibbəylinin "Azərbaycan ədəbiyyatının dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri" monoqrafiyası ədəbiyyatşünaslığımızın uğuru sayıla bilər. Bu konsepsiya təkcə ədəbi yox, həm də milli-strateji xarakter daşıyır.
Azərbaycan ədəbiyyatının dövrləşdirilməsi uzun illər marksizm-leninizm nəzəriyyəsi, xüsusən də Plexanovun görüşləri əsasında aparılmışdır. Bu prinsip ədəbiyyata yanaşmada yalnız sinfilik prinsipini önə çəkməsinə görə deyil, həm də Şərq, eləcə də türk xalqlarının mədəniyyətinin gerilikçi feodalizm məhsulu kimi dəyərləndirilməsinə yol açdığına görə zərərlidir. Akademik İsa Həbibbəylinin müəllifi olduğu yeni konsepsiya sovet ideologiyasının Azərbaycan, geniş mənada türk xalqları ədəbiyyatına qüsurlu baxışında əsaslı dönüş yaradır.
İsa müəllimin yeni dövrləşdirmə konsepsiyasına qədər qədim dövr, orta əsrlər ədəbiyyatlarının zamanı, tərkibi və mədəni-coğrafi məkanı bu qədər geniş və zəngin parametrlərdə müəyyənləşdirilməmiş, XVII-XVIII əsrdə yaşanan dəyişmələr, ictimai-real motivlərin güclənməsi ümumi bir proses kimi diqqət cəlb etməmişdi. Bundan əlavə, sovet və postsovet, müstəqillik dövrü ədəbiyyatlarının dinamika və tipologiyası da belə geniş aspektdə qavranılmamışdı.
Dövrləşdirmə konsepsiyası Azərbaycanda ədəbi cərəyanların təzahürü, inkişaf qanunauyğunluqları, Qərb-Şərq ənənələrinin sintezi, müasir ədəbiyyatın təhlil parametrlərinə aydınlıq gətirən nəzəri model kimi də qiymətlidir.
Nəzəriyyə tarixi: mənbələrin yenidən dəyərləndirilməsi
Ədəbiyyat nəzəriyyəsinin ən az tədqiq olunan sahəsi nəzəriyyənin tarixidir. 2019-cu ili Azərbaycanda ədəbiyyat nəzəriyyəsinin inkişafınd müstəsna xidmətləri olan Məmməd Cəfər müəllimin yubeley tədbirləri AMEA-da və AMEA alimlərinin yaxından iştirakı ilə universitetlərdə yüksək səviyyədə keçirildi, elmi-nəzəri məruzələr dinlənildi.
"Akademik Məmməd Cəfər Cəfərov: ədəbiyyat nəzəriyyəçisi" monoqrafiyasında nəzəriyyə tarixi profilli mövzular içərisində akademik İsa Həbibbəylinin "Böyük ədəbiyyatşünaslığın ünvanı" məqaləsində Məmməd Cəfər müəllimin nəzəriyyə tarixində tutduğu yer və onun nəzəriyyəçi obrazı haqda dolğun elmi təsəvvür formalaşdırılır.
"Poetika.izm" jurnalının 2019-cu il 2-ci nömrəsi də akademik Məmməd Cəfər Cəfərovun 110 illiyinə həsr edilib. Monoqrafiyada olduğu kimi jurnalda da baş məqalənin müəllifi akademik İsa Həbibbəylidir. "Akademik Məmməd Cəfər Cəfərov - ədəbiyyat nəzəriyyəçisi" adlanan həmin məqalədə akademikin nəzəri görüşlərinin əhatə dairəsi və əsasını qoyduğu elmi istiqamətlər ümumiləşdirilərək təqdim edilir, onun ədəbiyyat nəzəriyyəsinin Azərbaycanda bir elm sahəsi kimi formalaşmasındakı xidmətlərinə faktlarla aydınlıq gətirilir.
Ədəbi növ və janr problemləri
Bu problem ətrafında Asif Hacılı, Qorxmaz Quliyev, Tahirə Məmməd, Pərvanə İsayevanın araşdırmaları fərqlənir.
Professor Asif Hacılı təkrar nəşr olunan "Bayatı poetikası" kitabında türk folklorunun qədim janrına - bayatıya etnik ruhumuzu yaşadan poetik fenomen kimi yanaşır, müasir təhlil metodları ilə onun poetika və semantikasına diqqət yönəldir.
Qorxmaz Quliyev və Gilə Hüseynlinin birgə müəllifliyi ilə yazılan "Müasir Qərb dramaturgiyası" dərs vəsaitində filoloq və teatrşünaslara həm Qərb dramaturgiyası haqda elmi məlumat verilir, həm də dramatik növün imkanları, metod və texnologiyası, poetikası haqda ayrı-ayrı şəxslərin yaradıcılığı əsasında təsəvvür formalaşdırır.
Janr, forma problemləri "Poetika.izm" jurnalının daimi xüsusi bölməsidir. 2019-cu ilin birinci nömrəsində Elmira Məmmədova-Kekeçin vücudnamə janrının struktur komponentlərini intertekstual kontekstdə araşdırması, Gülbəniz Babayevanın "Molla Nəsrəddin" jurnalının janr strategiyasında klassik şeir şəkillərinin roluna aydınlıq gətirməsi, Təhminə Bədəlovanın "Xosrov və Şirin" əsərində dramatik ünsürləri müəyyənləşdirməsi, Mehri Quliyevanın nəsrdə tragikomik situasiya və obrazlar problemini araşdırması həm müəlliflərin, həm də jurnalın janr probleminə yeni elmi mövqedən yanaşmasını sərgiləyir.
İkinci nömrədə janr probleminə həsr olunmuş məqalələr akademik Məmməd Cəfər Cəfərovun janra aid tədqiqatlrını xarakterizə etməklə həm poetikaya, həm də nəzəriyyə tarixinə aid tədqiqatlardır. Pərvanə Bəkirqızının "Məmməd Cəfər Cəfərovun bədii yaradıcılığı yeni interpretasiyada" məqaləsində də daha çox poetika elementləri üzərində dayanılır.
T.Məmmədin Naxçıvan Dövlət Universitetində Cəlil Məmmədquluzadənin 150 illik yubleyinə həsr olunmuş konfransda "Cəlil Məmmədquluzadənin "Ölülər" əsərinin psixoanalitik və struktur-semiotik dəyərləndirilməsi" mövzusunda etdiyi məruzədə əsərin janr təyinatı yeni prinsiplərlə müəyyənləşdirilir.
Tədqiqat metodları
Tədqiqat metodları və onların tətbiqi imkanları ilə əldə edilən yeniliklər istiqamətində Kamal Abdulla, Rəhilə Qeybullayeva, Cavanşir Yusifli, Asif Hacılı, Pərvanə İsayeva, Maral Yaqubova fərqlənmişlər.
Akademik Kamal Abdullanın nəzəri esselərdən ibarət "Mənim Füzulim" kitabı poststurkturalizmin milli mexanizmini təqdim etməsi ilə mühüm yenilik kimi dəyərləndirilə bilər. Akademik "Düma ilə Coys arasında..." kitabına daxil etdiyi "Birun və Əndərun" essesində formalaşdırdığı həmin mexanizmi yeni kitabında daha da inkişaf etdirmişdir.
Cavanşir Yusiflinin "Mətn, işarə, məna" kitabı fərqli təhlil texnologiyaları ilə mətnin təhlilinin və sirlərinin açılması mövqeyini sərgiləyir.
Asif Hacılının Saratovda çap olunan "Ədəbiyyatşünaslığın tarix və metodologiyası" tədris-metodik vəsaiti ədəbiyyatşünaslığın dinamik inkişafı ilə metodoloji prinsiplərin əlaqədə izahı olunması, təhlil metodlarının tətbiqi imkanlarına gətirdiyi aydınlıqla mühüm nəzəri əhəmiyyət kəsb edir.
Poetika elementlərinin təhlili
"Poetika.İzm" jurnalının 1-ci nömrəsində Nailə Muradəliyeva, Fəridə Vəliyeva, Günay Qarayeva, Ülviyyə Rəhimova, Elmira Babayevanın çap olunan məqalələr qeyd olunan problemin aktuallığı ilə maraqlıdır.
Ədəbi cərəyanlar
Ədəbiyyat İnstitutunda Ədəbi cərəyanlar sektorunun fəaliyyəti, eləcə də Ədəbiyyat nəzəriyyəsi və Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbələrində yerinə yetirilən tədqiqatlarda ədəbi cərəyan problemi diqqət mərkəzində saxlanılmışdır.
Ədəbi cərəyanlar sahəsində ədəbiyyatşünaslığımızın nailiyyətlərindən biri də professor Qorxmaz Quliyevin "Ədəbi cərəyanlar və istiqamətlər" dərs vəsaitidir.
Maral Yaqubovanın 2018-ci ilin ədəbi yekunlarına həsr olunmuş elmi sessiyadakı məruzəsində metamodrnizmin prinsipləri və Azərbaycan ədəbiyyatında mövcudluğu haqda irəli sürdüyü müddəalar yeni anlayışların və təhlil mexanizminin ədəbiyyatımıza gətirilməsi ilə ciddi maraq doğurdu.
Ədəbiyyat fəlsəfi-strateji problemlər kontekstində, mətnlərin multidsiplinar və interdisiplinar tədqiqi mexanizmi
Ədəbi mətnlərin təhlilində son illər ayrı-ayrı elm sahələri ilə əlaqələr, ədəbiyatın fəlsəfi-sosioloji mahiyyəti və funksiyası istiqamətində araşdırmalar da artmaqdadır. Folklor İnstutunun "Folklor və dövlətçilik" mövzusunda keçirdiyi konfranslar problemin tədqiqinə çoxsaylı tədqiqatçıları cəlb etmiş və milli dövlətçilik ənənələrinin qorunmasının strategiyasına elmi töhfələr vermişdir. AMEA Rəyasət Heyətinin qərarı ilə təsdiq olunmuş "İdeya-estetik tərbiyədə ədəbiyyat və incəsənətin rolu: milli kimlik və mənəvi zənginlik" elmi tədqiqat proqramı çərçivəsində yerinə yetirilən layihə də həmin istiqamətdədir. Layihənin 2018-ci ildə yerinə yetirilən hissəsi 2019-cu ildə kollektiv monoqrafiya kimi çap olunmuşdur. Monoqrafiyada akademik Muxtar Kazımoğlu, AMEA-nın müxbir üzvü Kamran Əliyev, professor Tahirə Məmməd, filologiya elmləri doktorları Mahirə Quliyeva, Əfzələddin Əsgər, filologiya üzrə fəlsəfə doktorları Elçin Abbasov və Gülnar Osmanova ədəbiyyatın strateji rolu ilə bağlı tədqiqatlarla çıxış etmişlər.
Ədəbi mətnlərin multidisiplinar və interdisiplinar metodlarla öyrənilməsi ənənəsi son illər nəzəri tədqiqatlarda artmaqdadır. Bu üsulun inkişafında AMEA-da akademik İsa Həbibbəylinin təşəbbüsü ilə keçirilən "Fizika və lirika" ənənəvi konfranslarının böyük rolu var.
2019-cu ildə AMEA-nın Yüksək Texnologiyalar Parkında keçirilən növbəi "Fizika və lirika" konfransında Akademik İsa Həbibbəylinin "Fizika və lirika" konfranslarının tarixi, təşkili və əhəmiyyəti, Hamlet İsaxanlının "Riyaziyyat və lirika", Nüvə Tədqiqatları İnstitutunun Mədəniyyət Evinin direktor müavini Lyubov Oreloviçin "Fizika və lirika canlı muzeyi: Dubna", professor Tahirə Məmmədin "Ədəbiyyatda texnologiyanın bədii-estetik ifadəsi" mövzusunda dinlənilən məruzələri bu yanaşmanın əyani təzahürüdür.
Ədəbiyyata interdsipnar yanaşmanın faydalı nəticələri 2018-ci ildə Bakı-Şamaxı-Dubnada keçirilən beynəlxalq konfransın 2019-cu ildə çap olunan materiallarında da görünməkdədir. İsa Həbibbəyli, Daniya Zaquddilina, Vadim Polonski, Tehran Mustafayev, Hamlet İsaxanlı, K.Minullin, İmran Əkbərov, Tahirə Məmməd, Jalə Əliyeva, Naim Kərimov, Abuzər Bağırov və başqalarının məruzələri ədəbiyyatın təhlilinə müxtəlif elmi metodların tətbiqi istiqamətində yeni prinsiplərin hazırlanması sahəsində atılan əhəmiyyətli addımlar sayıla bilər.
"Poetika.İzm" jurnalının 2019-cu il birinci sayında Fəridə Əzizovanın, Maral Yaqubovanın çap olunan məqalələrində də elmlərarası əlaqə, multidisipnar və interdsiplinar araşdırmanın nəzəri prinsipləri əsas götürülmüşdür.
Qərb nəzəriyyələrindən tərcümələr
Qorxmaz Quliyev Mişel Fukonun 1969-cu ildə çap olunub və müəllifinə böyük şöhrət qazandıran "Sözlər və nəsnələr" kitabını tərcümə etmişdir.
Britan-Amerikan teatrşünası, dramaturq, müğənni, tərcüməçi kimi də tanınmış Erik Rassel Bentlinin "Dramın həyatı" əsəri isə F.Cəlilovanın tərcüməsində işıq üzü görmüşdür.
Kitab ənənəvi poetika - dramın əsas komponentləri və janrlarından bəhs etsə də, müəllifin yanaşmaları, mətnlərdən doğan müşahidə və müddəaları ilə nəzəriyəni zənginləşdirir və elmi qaynaq kimi əhəmiyyətlidir.
Təqdim etdiyimiz tezislərdən də göründüyü kimi, 2019-cu il Ədəbiyyat nəzəriyyəsi sahəsində məhsuldar il kimi qiymətləndirilə bilər.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!