Azər TURAN
Qələbə paradından sonra Nihal Atsızı düşündüm. Təbii ki, onun da ruhu şaddır. "Azərbaycan Türkiyəni quran türklərin ilk yığınaq bölgəsidir. Anadolu, İraq və Suriya buradan irəliləməklə fəth edilib. XIII yüzildə Xorasandan Akdənizə qədər uzanmış Böyük Türkiyəni idarə edən İlhanlıların mərkəzi bölgəsi Azərbaycandır. Yəni, bir baxıma Türkiyə bu gün qədim paytaxtını qeyb etmiş bir dövlət kimidir. Qüzeyi rus, güneyi əcəm əlində qalmış olan Azərbaycan bu gün də türkdür. Batı türklərinin bir bölümüdür. Qırğınla, kültürlə və hiyləylə yox edilmək istənməsinə rəğmən, böyük bir diriliklə dirənməkdə və güclənməkdədir... Böyük keçmişi və mədəniyyəti olan böyük millətlər necə olsa zincirlərini qırarlar. O gün umulmaz dərəcədə yaxın da ola bilər. İstək və inanc hər çətinliyi devirir. İnanalım və bəkləyəlim".
Nihal Atsızın inandığı və gözlədiyi gün bu gündür. Azərbaycan Ermənistanın və dünya erməniliyinin üzərində çaldığı tarixi qələbəsinin zəfər paradını keçirir. Paradda Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çiyin-çiyinə dayanıb. Bayraqlarımız da yanaşıdır. Azərbaycan əsgəri ilə Türkiyə mehmetciyi eyni sırada addımlayır...
Ərdoğanın həyatından fırtına kimi gəlib keçmiş "Əsgər duası" adlı bir şeir var. Ərdoğan o şeiri 1997-ci ildə Ziya Gökalpa istinadən söyləmişdi.
...Yolumuz qəza, sonu şəhadət,
Dinimiz istər sidq ilə hizmət,
Anamız vətən, babamız millət,
Vətəni məmur eylə, Yarəbbi!
Milləti məsrur eylə, Yarəbbi!
Sancağım tevhid, bayrağım hilal,
Birisi yaşıl, ötəkisi al,
İslama acı, düşməndən öc al,
İslamı abad eylə, Yarəbbi!
Düşməni bərbad eylə, Yarəbbi!
Komandan, zabit, babalarımız.
Çavuş, onbaşı, ağalarımız.
Sıra ve sayğı, yasalarımız.
Orduyu düzgün eylə, Yarəbbi!
Sancağı üstün eylə, Yarəbbi!
Cəng meydanında necə qoç igid,
Din və yurd üçün oldular şəhid,
Ocağı tütsün, sönməsin ümid,
Şəhidi məhzun etmə, Yarəbbi!
Soyunu zəbun etmə, Yarəbbi!
Həmin Ziya Gökalpdır. Bu şeiri yazdığı 1912-cü ildə o, həm də "Qızıl Alma" poemasını yaratmışdı. Gökalpa görə, Bakı türk dünyasının İstiqlal Beşiyi idi və Qızıl Alma da Bakıdaydı... Nihal Atsız isə "Qızıl Alma nədir" sualına belə cavab verib: "Türklər ülkülərinə Qızıl Alma deyirlər".
1912-ci ildə Türk ülküsünün, yəni türkçülük ideologiyasının beşiyi Bakıdaymış...
Zəfər paradı bitdi və mən Nihal Atsızı xatırladım.
Türk duyğusu hər türkçüyə ən dadlı kımızdır,
Türk ülküsü candan da əziz bayrağımızdır.
Bayraq ki, onun kölgəsi Bozqurdları toplar,
Bayraq ki, bütün qeyb edilən yurdları toplar...
O bayraq, yəni, türk ülküsü Qarabağda qeyb etdiyimiz bütün yurdları bir yerə topladı.
Azərbaycan və Türkiyənin ülkü və imanla aşıb-daşdığı bu günlərdə Nihal Atsızın ruhu şad olsun deyə, onu anmağın ayrı savabı var. Şübhəsiz ki, Qarabağ zəfəri türk milli şüurunun zəfəridir. Türk ülküçülərinin ana kitabını isə o yazıb. Türk ülküsü, yəni türk idealı deyilən anlayışı prinsip halına gətirən Atatürkdən sonra Nihal Atsız olub. Atsıza görə, "milli ülkü milli üstünlük inancıdır, böyümək istəyidir... türk böyüklüyü və türk qüdrəti istəyi və inancıdır... Türkçülük türklüyün hər yöndən bütün millətlərdən irəli və üstün olması ülküsüdür".
Bir zamanlar "səadətin altı guşəli qəsri"ni qurmaq üçün Seyid Cəmaləddin Əfqani də belə bir təlim irəli sürmüşdü. "İnsan özünün ərzi bir mələk, yəni yer üzünün mələyi olaraq yaradıldığına inanmalı, öz millətini başqa millətlərdən daha üstün bilməlidir". Nihal Atsız da türk millətini bütün millətlərdən üstün bilirdi... Buna görə, hətta ona irqçi deyiblər. İrqçi deyildi, amma irqinin şərəflə dolub-daşan mənəvi kaşanəsində ömür sürən abidə şəxsiyyətlərimizdən biri idi... Belə bir Nihal Atsız tapındığı milli qəhrəman kultunu və qəhrəmanlıq fəlsəfəsini də 1931-ci ildə 26 yaşında yazdığı "Qəhrəmanlıq" şeiri ilə yaratdı: "Qəhrəmanlıq nə yalnız bir yüksəliş deməkdir, / Nə də ulduzlar kimi parlayıb sönməməkdir... Bunun üçün ölümə bir atılış gərəkdir. / Atıldıqdan sonra da bir daha dönməməkdir."
Yaxud yenə də 26 yaşında yazdığı bu məşhur şeir:
Gərilir zorlu bir yay
Oxu fırlatmaq üçün;
Gecə göydə doğar Ay
Yüksəlib batmaq üçün.
Məcnun inlər, qanını
Leylaya qatmaq üçün.
Cilvə yapar sevgili
Könül qanatmaq üçün.
Şair nədən qəm çəkər? -
Şeir yaratmaq üçün.
Dağda neçin bağrılır? -
Fələyə çatmaq üçün.
Açılır dadlı güllər
Arılar dadmaq üçün
Köksə çiçək taxılır
Solunca atmaq üçün.
Tanrı qızlar yaratmış
Ərlərə satmaq üçün.
Böyüyürük beşikdə
Məzarda yatmaq üçün
Və ................
Qəhrəmanlar can verir
Yurdu yaşatmaq üçün.
Tarixi ədəbiyyatlaşdırdığı (əslində, romantikləşdirdiyi) qədər də ədəbiyyatı tarixləşdirən (və romantikləşdirən) Nihal Atsızın zəkası türk varlığının və kimliyinin ən dərin qatlarına işıq salır, nüfuz edirdi. Tutaq ki, Sakalar çağınının da ötəsinə adlayıb milad öncəsi XII-VII yüzilliklərdə Şu dövlətinin tarixini araşdırırdı. Mete barəsində elmi fikri ədəbi dövriyyəyə buraxırdı, bu təmayülü sistemləşdirir, onu türk düşüncəsinin ciddi tarixi faktına çevirirdi. Gürşadın fikir həyatımıza gəlişini də o təmin etdi. Hunlar dövrünün ədəbiyyatını tədqiq etdi. "Göy Türklər zamanında ədəbiyyat" adlı yazı yazdı.
Təkcə dil arxitekturasına, üslub və təhkiyəsinə görə deyil, türk milli ruhunu ehya qılan, elmi fikirdə milliyyət duyğusunun təkanlarını yaradan "Bozqurdların ölümü" romanı həm mifdir, həm də gerçəkdir. Həm tarixdir, həm də ədəbiyyatdır. Tarixə bir də bu yoldan daxil olmaq var...
"Gür Şad ölmüş, fəqət, atdan düşməmişdi. Ölmüş, fəqət, yenilməmişdi... Bir əliylə tuğu yüksəldirkən, ötəki əliylə duman alanına bir işarət yaparaq "Qalxın" deyə hayqırdı. Qırx şəhid birdən qalxdılar. Gür Şad əliylə irəlidə bir yeri göstərdi. "Oraya" deyə gurladı. Göstərdiyi yer Tanrı Dağı idi. Zirvəsində ataların ruhları dolaşırdı. Qırx bir şəhidin ruhu bir fırtına kimi, bir musiqi kimi, bir işıq kimi axaraq Tanrı dağına doğru yürüməyə başladı... Bu qırx bir şəhidin çevrəsini bir anda yüzminlərcə başqa şəhidlər sardı".
Ömrü sarsıntılar, ədəbi və siyasi qovğalar içində keçib-getmiş Nihal Atsıza görə, türklüyün qutsal dəyərlərini, (Atsız onlara milli müqəddəsatlar deyir və ay-ulduzlu bayrağı da həmin sırada görürdü) təhqir edənlərlə yanaşı, bu dəyərləri təhqir edənləri bağışlayanlar da eyni dərəcədə suç ortağıdırlar.
Zəfər paradından sonra Nihal Atsız barədə yazmaq xoşdur. Çünki Atsız da savaş adamıdır. Demişdi ki, savaş hissindən məhrum olan "millətlərdə əxlaqi bir pozulmanın başladığı gözdən qaçmamaqdadır. Məsələn, İsveçdə kültür və rifah son dərəcəyə vardığı halda, İsveç xalqının əxlaqındakı, gündən-günə çoxalan cırlaşma düşündürücü bir durum almaqdadır. Bəzi bayramlarda isveçli gənclərin kütləvi şəkildə yapdığı rəzalətlər, məmləkətdə homoseksual dərnəklərin qanunla tanınması... kimi əcaibliklər, bu millətin bir iç sıxıntısı, bir mənəvi çabalama içərisində olduğunu göstərir. İsveç iki yüz ildən bəri savaşmamışdır...".
Haqlı deyildimi? Haqlıydı!
Türklərin savaş ruhunu uyuşduran düşüncəyə qarşı, kim tərəfindən təlqin olunur olunsun, fərq etməz, Atsızın qəzəb fırtınası səngimək bilməyib. Nəinki Yunus Əmrənin humanizminə, heç Mövlanaya da dözməyib. Atsıza görə, Mövlananın tək məziyyəti böyük şair olmasındaydı. Atsız Yunusun ən böyük fəzilətini onun saf türkcəsində, Mövlananın ən böyük qəbahətini isə farscaya heyranlığında görürdü. Mövlanaya "həzrəti-pir", - deyə xitab edənlərə, "kəramət sahibi tans etməz, ortaya düşüb fırlanmaz" - deyə etiraz edirdi... Mövlananın Şəms Təbrizi ilə xəlvətə çəkilməsinin nədənləri barədə isə düşünmək belə istəmirdi.
Yunus Əmrənin saf türkcəsinə təzim edən Atsız, buna rəğmən, Avropada Yunusun şairliyinə deyil, daha çox humanizminə dəyər verilməsinə, Türkiyədə də Yunus Əmrə şeirlərindəki humanizmin önə çıxarılmasına dözmürdü. Yunusun: "Döyənə əlsiz gərək, / Söyənə dilsiz gərək..." misraları Nihal Atsızı incidirdi. Çünki məfkurəvi baxımdan bunu qəbul edə bilmirdi. Döyməklə və söyməklə başa keçmiş dünyanın qarşısında döyənə əlsiz, söyənə dilsiz olacaq bir türk milləti Nihal Atsız üçün milli fəlakət örnəyi idi.
Bu gün zəfər paradından keçən əsgər, Qarabağı "Dəmir yumruq" adlandırılan əməliyyatla xilas etdi...
Zəfər paradından sonra Türkiyə və Azərbaycan prezidentləri Şəhidlər məscidində namaz da qıldılar. Bu da tarixə yazılacaq bir ilkdir. Adını "türkçü" qoyub, islam dinindən elə ermənilər və fransızlar qədər xoflananlar, bilmirəm, bu görüntülərə necə baxdı. Mən isə XX yüzilin ən böyük türkçüsünün - Nihal Atsızın İslam dininə həssasiyətini xatırladım: "XX yüzildə müsbət elmin və Batı mədəniyyətinin işığı altında, mədəni millətlərin və toplumların dinə bütün varlıqlarıyla sarılmış olduqlarını görüyoruz. Çünki Tanrı inancı fərd olaraq da, millət olaraq da vaz keçilməz mənəvi və əxlaqi böyük bir dayanaqdır. Bu səbəblə bugünkü Türk dünyasının dayandığı iki əsaslı təməldən birisini təşkil edən İslam dininin, milli varlığımızın ayrılmaz bir parçası olduğuna inanıyoruz".
Yılmaz Öztuna yazır ki, Nihal Atsız olduqca təvazökar, utanğac, adamlardan qaçan, tərbiyəli, səmimi, incə bir insan idi. Nihal Atsız isə təvazösünün səbəbini belə şərh edirdi: "Türk təvazökar olmağa borcludur. Özünü gözə soxmaq, etdiyinin əvəzini gözləmək və təqdir olunmaq üçündür. Halbuki, təqdir gözləmək bir xudbinlikdir. Türkçü millətinə bir xidmət göstərərkən bunu bəyənilmək üçün deyil, vəzifə bildiyi üçün edir və göstərdiyi ən böyük xidmətin belə adı-sanı bilinmədən ölüb məzarsız yatan şəhidlərin hizməti yanında çox kiçik qalacağına inanır... Türkçülük yüksəlmək üçün deyil, yüksəltmək üçündür...".
27 yaşlı Nihal Atsız Göy Türklərlə Oğuzların mənşəyini araşdırmaq üçün hələ 1932-ci ildə Orxon-Yenisey yazıları ilə "Dədə Qorqud" mətnlərinin müqayisəli təhlilini təklif edirdi. Kül Tigin abidəsindəki "Körür közim körmazlaf, bilir bilgim bilimaz-tağ boldı" epitafiyasını "Kitabi-Dədə Qorqud"da "Dəli Domrulun hekayəsi"ndəki sözlərlə qiyaslandırırdı: "Manüm körür közlərim körməz oldı... Tutar manüm əllərim tutmaz" oldu". Nihal Atsıza görə bu bənzəyiş, sadəcə, oğuz bənzəyişi deyil, daha əski dövrün Uyğur və Xaqaniyyə ləhcələri ilə söylənmiş mətnlərində də eyni frazalar yer alırdısa bu, "eyni təbirlərin Türklər arasında nə qədər uzun müddət yaşadığını, yəni qövmi-milli ənənələrin qüvvətini göstərirdi".
Ziya Gökalpın ardıyca türk dastanlarını o yazıya aldı. Dastanların yazıya alınmasını türkçülüyün mühüm vəzifələrindən biri hesab edən Nihal Atsız romanlarını da dastan poetikası üzərində qururdu. Bir uyğur dastanının çağdaş türkcə ilə romanlaşması Nihal Atsızın alimliyiylə eyni vüsətdə olan yazarlığının tərzidir və təsdiqidir. "Atsız bir dil və tarix bilgini idi. Həm dilçi, həm tarixçi olanlar nadirdir və belələri tarixdə çox başarılı olurlar". (Yılmaz Öztuna).
Bu uyğur masalının motivlərini incələyərkən elə mətnin magik cazibəsində (və romanın içindəcə) Nihal Atsız gəlib keçmiş tarixin estetik, dini, poetik və politik... mərhələlərini gözdən keçirirdi. Masalın ehtiva etdiyi şamanizm ünsürləri onun X əsrdən öncələrdə baş verdiyinə dəlalət edir. Masal qəhrəmanının yüzbaşı olması isə Hunlar dövrünün əks-sədasıdır. Masalda buddizmin əlamətləri də var və s.
1944-cü ilin 19 may törənində İsmət İnönü Türkiyədə türkçülük, turançılıq dalğasını qabardan insanları "şüursuz və vicdansız fəsadçılar" adlandırır, onları ittiham edirdi. Doğrudur, bu hadisələr artıq tarixin malıdır, bəlkə də heç xatırlamağa ehtiyac yoxdur. Ancaq bu sətirləri yazdıqca düşünürəm, nə yaxşı ki, Nihal Atsız Baş nazir Şükrü Saracoğluna "Orkun" dərgisində o məktubları yazıbmış. Türkçülük hərəkatına Atatürkdən sonra yeni vüsət qazandıran həmin məktubların ardından Türkiyədə turançı-irqçi blok "ifşa" edilmiş (eynən Stalin metodu ilə və həm də Stalinə xoş gəlmək üçün), türk düşüncəsinin Zəki Vəlidi Toğan, Nihal Atsız, Orxan Şaiq Gökyay... kimi işıqlı simaları işgəncələrə məruz qalmışdı. Və İnönü dövrünün ən unudulmaz hadisəsi də bu ərəfədə baş vermişdi. Türkçülük əks həmləyə keçərək Türkiyəni silkələmiş, Türkiyə yenidən Atatürk dönəmindəki türk ruhuna sahib çıxmışdı. Məncə, bu, Nihal Atsızın və onun fikir dostlarının Türkiyə tarixində və türk milləti qarşısında ən böyük xidmətləridir.
Nihal Atsızın ruhu 45 ildir ki, Tanrı dağında - Türk böyükləri ilə bir yedədir. Bunu 45 il əvvəl 1975-ci ilin dekabrında Niyazi Yıldırım Gəncosmanoğlu söyləmişdi:
Burada uğurlarkən onu minlərcə Boz Qurd,
Orada qarşılayan minlərcə Alp-Ərən var.
O gün Tanrı Dağında dan ağardığı çağda
Dedilər Oğuz xanın otağına girən var.
Və Tanrı-Kut Metenin hüzurunda Atsızı
Kürşadla, Kültəkinlə diz vurarkən görən var.
Törədir, qonan köçər, doğan gün batar, əlbət
Tanrı zaval verməsin: dövlət, din və Quran var.
Dayanılmaz olsa da, Atsızlığın acısı,
Ulu Tanrıya şükür, yenə soy var, Turan var.
10 dekabr, 2020
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!