Orxan Arasın Əsəd bəy - Qurban Səid gerçəklikləri - Bədirxan Əhmədli

Bədirxan Əhmədov - Ədəbi tənqidin “Zəngili sindromu”

Otuz ildən çoxdur ki, Azərbaycan mühacirət ədəbiyyatının görkəmli nümayəndəsi Məhəmməd Əsəd bəyin həyatı, yaradıcılığı dünya və Azərbaycan ədəbiyyatşünaslığında araşdırılır. Professor Gerhard Höpp, professor Fuhrmann, tədqiqatçı Tom Reiss, akademik İsa Həbibbəyli, professorlar Çərkəz Qurbanov, Həsən Quliyev, Aslan Məmmədli, tədqiqatçılar Nuridə Atəşi, Betti Bleyer, Rəşad Məcid, bu sətirlərin müəllifi və b. onlarca araşdırmaçı onun yaradıcılığını müxtəlif kontekstlərdən təhlil etmiş, bəzi məsələlərə aydınlıq gətirmişlər. Lakin M.Əsəd bəy həyatının və yaradıcılığının bir çox problemləri hələ tam olaraq araşdırılmamışdır. Mən də müxtəlif vaxtlarda bu yazıçını mühacirət ədəbiyyatının görkəmli nümayəndəsi olaraq ədəbiyyat tarixinə daxil etmiş, "Əli və Nino" romanının ona məxsus olmasını faktlarla müəyyənləşdirməyə çalışmışam (Bax: Bədirxan Əhmədli. XX əsr Azərbaycan ədəbiyyatı, 3 cilddə, II c., Bakı, Apostrof, 2010). Ancaq həmişə hesab eləmişəm ki, M.Əsəd bəyin yaradıcılığının ən yaxşı tədqiqatçısı alman və türk dillərini bilən və bu istiqamətdə fundamental araşdırma apara bilən ədəbiyyatşünaslar ola bilər. Məsələn, professor G.Höpp hər şeydən əvvəl alman ədəbiyyatşünası idi, T.Reiss isə ancaq ingilis dilini bilirdi, araşdırmalarında jurnalistikaya üstünlük verir və tədqiqatlarından da görünür ki, hər vəchlə M.Əsəd bəyi yəhudi kimi qələmə verməyə çalışır. B.Bleyer də alman və Azərbaycan dillərini bilmədiyi halda, var gücü ilə yazıçının məhsuldar yaradıcılığına qərəzli yanaşır, "Əli və Nino" romanının onun olmaması barədə 101 ehtimal gətirir. Halbuki, bircə fakt kifayət idi; bu cür faktlar isə kifayət qədərdir və Əsəd bəyin müəlliflik hüququnu qoruyur. Ən əsası bu tədqiqatçılar M.Əsəd bəy yaradıcılığına Azərbaycan ədəbiyyatının faktı kimi baxmamışlar. Bu cəhətdən M.Əsəd bəy irsi hər zaman olduğu kimi, indi də özünün gələcək  tədqiqatçısını gözləyir. Belə bir tədqiqatçı - Almaniyada yaşayan Orxan Arasla yeddi il əvvəl tanışlığımda çox sevinmişdim. O, alman və türk dillərini mükəmməl bilir, Azərbaycan aşiqidir, iğdırlı olub azərbaycansevər olmamaq mümkün deyil, 80-ci illərin sonlarından Azərbaycanda Qarabağ ətrafında baş verən hadisələri Avropada "Azərbaycan davamız", "Qarabağın göz yaşları" kitabları ilə anlatmışdır. Bu gün də Azərbaycan mətbuatında çeşidli məqalələri dərc olunur; 44 günlük müharibə dönəmində necə məqalələr yazdı, Avropaya etirazını bildirdi, qardaşlarına ümidlər verdi. Ən əsası Orxan Arasla Əsəd bəy arasında bir ruh yaxınlığı var. O da Əsəd bəy kimi gəncliyində Almaniyaya mühacirətə getmiş, orada yüzlərlə məqalələr yazmış, kitablar nəşr etdirmişdir. Onun da yaradıcılığında bədii gerçəkliklə, həyat həqiqəti qovuşuq şəkildə verilir. O da Əsəd bəy kimi romantikdir və yazılarını detalların, ənənələrin inandırıcı təsviri ilə başlayır, qəribə üslubi manevrlərlə oxucunu özünə çəkir. Yazılarında cazibədarlıq, üslubunda özünəməxsusluq var. Orxan Arasın bu gün Almaniyada olduğu kimi, Türkiyə və Azərbaycanda da kitabları nəşr olunur, oxunur və sevilir. Görünür, bu yaxınlıqlar onu Azərbaycana gətirmiş, M.Əsəd bəyin yaradıcılığını özünə Naxçıvan Dövlət Universitetinin doktorantı kimi tədqiqat mövzusu götürmüşdü. O zaman mən onun opponenti idim və ortaya yaxşı bir tədqiqat əsərinin qoyulduğunu görürdüm. Ancaq gözləntilərim bununla bitmirdi, M.Əsəd bəyin son dərəcə zəngin yaradıcılığı ədəbiyyatımızın faktı olması üçün hələ çox araşdırmalar aparılmalı idi. Əmin idim ki, Orxan Aras M.Əsəd bəyin yaradıcılığı, həyatı, Qurban Səid imzası ilə bağlı ortaya yeni faktlar çıxaracaq, yeni araşdırmaları ilə elmi dövriyyəni daha da zənginləşdirəcək. Elə də oldu; onun bu araşdırmaları Türkiyədə "Orientalistmi?" adı ilə nəşr edildi. Bu günlərdə isə "Əsəd bəy-Qurban Səid: gizlinlər və gerçəkliklər" (Bakı, Elm və təhsil, 2020) monoqrafiyası (elmi məsləhətçi və ön söz müəllifi akademik İsa Həbibbəyli, redaktoru professor Bədirxan Əhmədli, çevirəni Nəriman Əbdülrəhmanlı) işıq üzü gördü.

Deməliyik ki, O.Arasın araşdırmaları bir neçə cəhətdən diqqətəlayiqdir; birincisi, hələ indiyədək M.Əsəd bəyin həyatı və fəaliyyətinin özü tam olaraq Azərbaycan mühacirətşünaslığının faktı hesab edilməmişdir; ikincisi, M.Əsəd bəyin "Qurban Səid" təxəllüsü ədəbi şəxsiyyət olaraq ayrıca elmi tədqiqat obyekti olmamışdır; üçüncüsü, M.Əsəd bəyin alman mətbuatında dərc edilən məqalələri digər əsərləri ilə müqayisəli şəkildə işlənilməmişdir. Bu kimi faktorları daha da artırmaq olardı; ancaq elə bunlar da tədqiqatçının monoqrafiyasının konseptuallığını və əhəmiyyətliliyini ortaya qoyur.

Orxan Aras problemi bir neçə istiqamətdə araşdırır; Əsəd bəyin həyatı və taleyi, Əsəd bəy-Qurban Səid, Əsəd bəyin romanları, bioqrafik əsərləri, eləcə də digər əsərləri. Bu yanaşma Əsəd bəyin həyat və yaradıcılığına köklü yanaşmanı şərtləndirir. Şübhəsiz, əsədbəyşünaslıqda (və ya qurbansəidşünaslıqda) ən çətin problem M.Əsəd bəyin tərcümeyi-halının yazılmasıdır. Çünki bu problemlə bağlı dünya ədəbiyyatşünaslığında çox araşdırmalar aparılsa da, subyektivizmə daha çox meyil edilmişdir. Məlumdur ki, Əsəd bəyin həyatı indiyədək ziddiyyətli şəkildə araşdırılmışdır. Xüsusilə, Əsəd bəyin bir çox əlyazmalarını ələ keçirən Tom Reiss, nə onu dərc edir, nə də obyektiv mövqe sərgiləyir. Araşdırdığı məsələlər isə jurnalist tədqiqatlarından o yana getmir. Bu araşdırmalarda onun milliyyəti və şəxsiyyəti ilə bağlı son dərəcə qərəzli, ziddiyyətli fikirlər irəli sürülmüşdür ki, burada da əsas məqsəd onun başqa xalqlara mənsub olduğunu göstərməkdir. Onun bu mövqeyi ədəbiyyatşünaslığımızda haqlı olaraq tənqid olunmağa başlayıb. Tarix elmləri doktoru Eynulla Mədətlinin bu günlərdə nəşr edilən "Qurban Səid kimdir?-Tom Reissin "The orientalist" əsərinə baxış ("Ədəbiyyat qəzeti", 4 dekabr, 2020) məqaləsində müəllifin yanlışlıqlarına münasibət bildirilir.  Bu mənada, O.Arasın araşdırması Əsəd bəyin həyatı və taleyi ilə bağlı yeni faktları ortaya çıxarır. Tədqiqatçı belə bir missiyanı öz üzərinə götürməklə, əslində, böyük bir risk altına girmişdir. Nədən ki, M.Əsəd bəy 12 irihəcmli kitabın və 2 romanın, 1 dərc edilməmiş romanın, onlarca məqalənin müəllifi olmasına rəğmən, tədqiqatçıların onun haqqında araşdırmalarının əksəriyyəti yazıçının tərcümeyi-halı və ədəbi şəxsiyyətinin ziddiyyətli problemlərinə həsr edilmişdir. Özü də bu araşdırmalar çox zaman nəticəsiz bitmiş, bir-birini təkzib etsələr də yeni faktlar ortaya çıxarmamışdır. O.Aras yazıçının öz əsərlərindən, arxiv sənədləri və haqqında yazılanlardan yeni tərcümeyi-halını ortaya çıxarmağa nail olmuşdur. Tədqiqatçı Əsəd bəyin valideynləri, Azərbaycandan getmələri, milliyyəti, ailə dramı, vəfatı və s. ilə bağlı son dərəcə detallı, faktlarla dolu zəngin sənədlər toplusu vasitəsilə yeni nəticələrə gəlir. Professor G.Höpp, dayəsi Alise Şultenin yazdıqlarına istinadən Əsəd bəyin həyatı və taleyinə aydınlıqlar gətirir. T.Reissin ciddi-cəhdlə Əsəd bəyi bir yəhudi olaraq qələmə verməsi, bu zaman ana xətti götürməsi və ata tərəfini nəzərə almamasının arxasında müəyyən məqsədlərin dayandığına işarə edir.   Tədqiqatçı Əsəd bəyin həyatı və taleyini onun bioqrafik əsərlərindən topladığı faktlarla təsdiq etməyə çalışır. Orxan Arasın digər tədqiqatçılardan üstün cəhəti ondadır ki, o, bütün bunlar haqqında əvvəlcədən nəzərdə tutulmuş bir sxem üzrə hərəkət etmir (məsələn, M.Əsəd bəyi azərbaycanlı, yaxud yəhudi etmək, "Qurban Səid" imzasını ona aid etmək və s.), əksinə, faktların köməyi, təhlili və təkzibedilməz arqumentlərlə bu nəticəyə gəlir. M.Əsəd bəyin tədqiqatçılarının çoxu ona görə uğur qazana bilmirlər ki, onlar əvvəlcədən müəyyənləşdirdikləri nəticəyə uyğun olaraq tədqiqat aparır və əldə etdikləri "fakt"ları (bunlar daha çox ehtimallardır) zorla nəticəyə uyğunlaşdırmağa çalışırlar. Məsələn, Betti Bleyer var gücü ilə qarşısına belə məqsəd qoyduğundan heç bir elmi nəticə əldə edə bilməmişdir.

Bu cəhətdən O.Aras "Əsəd bəy-Qurban Səid" yarımfəslində Avropada və Azərbaycanda ən çox mübahisə doğuran "Qurban Səid" ədəbi təxəllüsünün kimə məxsus olması ilə bağlı apardığı araşdırmalar informativ yükü, sanballılığı, faktların zənginliyi və problemə yanaşması ilə fərqlənir. Bu ədəbi təxəllüsün əsasən Y.V.Çəmənzəminli və M.Əsəd bəyin arasında getməsi böyük araşdırmalarla müşayiət olunan müzakirəyə çevrilmişdir. "Qurban Səid" təxəllüsü ilə bağlı çoxlu sayda araşdırmalar aparılsa da, konkret nəticəyə gəlmək mümkün olmamışdı. O.Aras isə yalnız mövcud fikirlərdən çıxış etmir, həm də bu ədəbi təxəllüsün kimə məxsus olması ilə bağlı konkret nəticəyə gəlir. Almaniya, Amerika, Türkiyə və Azərbaycanda "Qurban Səid" təxəllüsü ilə bağlı tədqiqatları ümumiləşdirərək belə bir nəticəyə gəlir ki, bütün bu tədqiqatlar təxəllüsün kimə aid olmasını üzə çıxarmır. Bu araşdırmaların əksəriyyəti müəyyən oxşarlıqlar və üslublardan irəli gələn faktlardır, ancaq konkret olaraq "Qurban Səid" təxəllüsünün kimə aid olması haqqında faktlara rast gəlinmir. "Əli və Nino" romanındakı bir çox cümlələrin və fikirlərin yazıçının müxtəlif əsərlərində müxtəlif zamanlarda işlənilməsi və dərc olunması kimi çoxlu faktların təsdiqi ilə kifayətlənməmiş, həm də bu əsərin dərc edilməsi prosesində yaxından iştirak edən iki nəfərdən biri Frau Ehrenfelsin (digəri M.Əsəd bəyin özüdür!) alman Əhməd Şmideyə yazdığı məktuba əsaslanmasıdır. Maraqlıdır ki, əgər yazıçının öz əsərləri ilə səsləşən fikirlər, cümlələr "Əli və Nino" romanından sonra çap olunsaydı, bəlkə də bunu o qədər də tutarlı fakt hesab etmək olmazdı. Əhəmiyyətlisi burasındadır ki, bu fikirlər romanda dərc edilməzdən əvvəl yazıçının müxtəlif əsərlərində işlənilmişdir. Bu isə o deməkdir ki, yazıçı romanı yazarkən öz əsərlərindən müəyyən parçalar da əlavə etmişdir ki, bu da yazıçı laboratoriyasında tamamilə mümkün olan bir hadisədir. Tədqiqatçının bu fikri təkzibolunmazdır: "Əli və Nino" romanında təsvir edilən "Tehran yolu və Rza xanın Tehrana girişi, əmisi Nəsrullah xan tərəfindən qarşılanması, yollar, insanlar, dilənçilər, dərvişlər, dualar-hamısı eynilə "Əli və Nino"da, Əli ilə Ninonun Tehrana gedişlərində gördükləri kimidir". Bu cür faktların monoqrafiyada çox olması tədqiqatçının öz arqumentlərini sübut etmək üçün yeni imkanlar yaradır.

Ona görə ki, Qurban Səid ədəbi şəxsiyyəti yazıçının məhz bədii yaradıcılığında - "Əli və Nino", "İstanbullu qız" və hələ dərc edilməmiş əlyazma şəklində olan "Eşqdən anlamayan adam" romanlarında öz əksini tapmışdır. Hələ dərc edilməmiş "Eşqdən anlamayan adam" romanının əlyazmasının "Qurban Səid" imzası ilə yazılması da yazıçının ədəbi şəxsiyyətinə aydınlıq gətirmiş olur. Eyni zamanda tədqiqatçı "Əli və Nino" romanında tərcümə məsələlərinə də nəzər yetirir və bir neçə fakt əsasında opponentlərinin "roman Azərbaycan dilində yazılmışdır" kimi əsassız fikrini təkzib edir. Deməliyik ki, romanın hansı dildə yazılmasını sübut etmək həm də onun müəllifini araşdırmağa kömək etmiş olur. Çünki romanın alman dilində yazılması onun Y.V.Çəmənzəminli tərəfindən yazılmasını tamamilə istisna edir. Tədqiqatçının bu istiqamətdəki fikirləri tədqiqatın "Əsəd bəyin bioqrafik əsərləri" yarımfəslində davam etdirilir. M.Əsəd bəyin "Stalin", "Məhəmməd", "Rza şah", "İkinci Nikolay" və s. bioqrafik əsərlərini araşdırmaya cəlb edərək mövzu, problematika, təsvir üsulları baxımından bədii yaradıcılığı ilə paralellər aparır.

Monoqrafiyanın "Əsəd bəy və alman mətbuatı", "Əsəd bəyin məktubları" adlı bölümlərdə yeni elmi-faktoloji təhlillərlə qarşılaşırıq. O.Aras Əsəd bəyin alman mətbuatındakı ilk məqalələrinin dilini, üslubunu araşdıraraq onu bir plagiatçı kimi qələmə vermək istəyənlərə "Əli və Nino" ilə səsləşən nağılvari üslub, cəzbedicilik, dil, üst-üstə düşən məqamların oxşarlığı və eyniliyi ilə cavab vermiş olur.  Bu məqalələrin qısa və yığcam olmasına rəğmən, alman oxucularında necə böyük rəğbət görməsinin nədənləri ortaya çıxarılır. Yazıçının alman mətbuatı, eləcə də "Ədəbiyyat dünyası" qəzetindəki məqalələri təhlilə cəlb edilir. Deməliyəm ki, bu araşdırmalar tamamilə yenidir; yazıçı bu tədqiqatlarında M.Əsəd bəyin bir publisist kimi görünən və görünməyən tərəflərini üzə çıxarır. Məlumdur ki, M.Əsəd bəyin bu məqalələrinin bir çoxu bioqrafik xarakter daşıdığından yazıçının ədəbi portretini, tərcümeyi-halını tamamlamaq və bütövləşdirmək üçün zəngin material verir. Yazıçının onlarca məqaləsini alman dilindən tərcümə edərək tədqiqata cəlb etməsi onun nə qədər xalqını, vətənini sevməsini göstərir. Bütün bunlar həm də yazıçının milli mənsubiyyətinə şübhə yaradanlar üçün ən tutarlı cavab kimi diqqəti cəlb edir. M.Əsəd bəyin məqalələrində və bəzi əsərlərində (bədii və publisistik) bugünkü oxucunun qəbul etmədiyi, yaxud milli mövqeyə zidd gedən cümlə və fikirlər də yer almışdır. Bununla bağlı tədqiqatçının belə bir fikri yerinə düşür və razılıq doğurur ki, "Əsəd bəy, şübhəsiz, məqalələri qələmə almadan əvvəl hansı bir oxucu kütləsinə xitab etdiyini bilir və oxucularının maraqlandığı və ya xəyallarını qurduğu əfsanəvi dünyanı ustalıqla yaratmağı bacarır". Bu cür üslubla "Əli və Nino" romanında da qarşılaşırıq.  Yaxud Əsəd bəyin həm də bir türkçü olması ilə bağlı tədqiqatçının fikirləri yerindədir. Tədqiqatçı bu fikrə Əsəd bəyin Almaniyada çıxan "Ədəbiyyat dünyası" qəzetindəki məqalələrinə istinadən gəlir. Belə ki, onun bu qəzetdə Türkiyə və türklərlə bağlı bir neçə yazısı nəşr edilmişdi. Mustafa Kamal Atatürkün Almaniyada nəşr edilmiş irihəcmli ömürlüyü və Ziya Göyalp haqqında məqalələri vardır. "Yeni türk ədəbiyyatı" başlığı altında Əbdülhaq Hamid, Suat Dərviş və b. ilə bağlı məqalələri də onun türk dünyasına bağlılığını təsdiq edir. O.Aras yazır: "Əsəd bəy onun şah əsəri olan "Əli və Nino" romanında da Türkiyə və türkləri ölkəsi üçün ümid hesab etmiş, romanın qəhrəmanı Əli xanın dilindən Türkiyəyə necə bağlı olduğunu romanın müxtəlif fəsillərində böyük coşqunluqla təsvir etmişdir. Bəzi araşdırmaçılar onun Türkiyə türkcəsini yaxşı bilmədiyini iddia etmişdir ki, bu çox səhv fikirdir". Tədqiqatçı bu fikrində 1932-ci ildə məşhur türk jurnalisti Nadir Nadinin bir yazısına əsaslanır. Nadir Nadi "Vyana Mədəniyyət Birliyi"ndə Əsəd bəy adlı azərbaycanlı bir "irqdaşımızın "Bugünkü Rusiyanın ruhu" mövzusunda çıxış etdiyini" bildirir və onun tanınmış bir yazar və qəzetçi olduğunu, bir neçə mühüm kitab nəşr etdiyini, eləcə də bu dəyərli elm adamı ilə görüşdüyünü, səhvsiz türkcə danışdığını irəli sürürdü.

Ümumiyyətlə, monoqrafiyada müəllif faktlarla yazıçının həyatı, tərcümeyi halı və yaradıcılığı ilə bağlı aparılan tədqiqatlarda bilərəkdən, məqsədli, ya məqsədsiz edilən təhriflərin xeyli ziddiyyətli fikirlərə yol açdığını ortaya çıxarır. "Məqalələri ilə əsərləri arasındakı oxşarlıqlar", "Məqalələrinin üslubu", "Əsəd bəy və "Ədəbiyyat dünyası" qəzeti" və s. bölümləri özünün zəngin faktoloji yeniliyi ilə yadda qalır. Azərbaycan Cümhuriyyətinin qurulmasının 10-cu ildönümü ilə bağlı məqaləsi alman oxucularında müəyyən təəssürat yaratmaqla yanaşı, yazıçının özünün də bu ölkəyə sevgisini və bağlılığını göstərən ən böyük faktordur. Hətta bu məqalədə cümhuriyyətin süqutunun geosiyasi səbəbləri də dəqiqliklə ifadə edilmişdi: "Rusiya Azərbaycandan yalnız nefti üçün deyil, strateji və geopolitik əməllərini gerçəkləşdirmək və eyni zamanda Hindistan və Mesopotamiyaya çatmaq üçün körpü kimi istifadə etmək istəyirdi. Rusiyanın bolşevik inqilabından sonra da bununla bağlı siyasətini dəyişmədiyini görəcəyik". Tədqiqatın ən maraqlı problemlərindən biri Əsəd bəyin məqalələri ilə əsərlərindəki arasındakı oxşarlıqların müqayisəli təhlilidir. O.Aras bu təhlilləri ilə Əsəd bəyin şəxsiyyətinə və yazıçılığa yönəlik təhrifləri aradan qaldırmağa səy göstərir və çox yaxşı nəticələr əldə edir. Tədqiqatçı bu məqalələrdə onun yazıçılığının ilkin təzahürlərini görür və sonrakı əsərləri ilə səsləşən, yaxud təkrarlanan fikirlərə əsaslanaraq "Əli və Nino" romanının kimə məxsusluğu haqqında da doğru qənaətlər əldə edir. Bu məqalələr həm də onu Avropa oxucusuna tanıtmış, artıq publisistik və bədii romanlar müəllifi kimi məşhurlaşdırmışdır. O.Aras bu qənaətində tamamilə haqlıdır: "Əsəd bəyin romanlarında olduğu kimi, məqalələrində də folklor ünsürləri ("Şərqdə eşq və evlilik", "Şərq ənənələri", "Lenin mifi") olduqca artıqdır". Bu fikrin gerçəkliyini "Əli və Nino" romanındakı rəqslər, inaclar, söyləmələr, xalq rəvayətləri, dini ayinlər və s. bağlı səhifələr də təsdiq edir. "Əli və Nino" romanı həm də yazıçının Avropaya təqdimində Qafqaz ənənələrini təsvir etməkdir. Əsəd bəy həm pubnlisistikasında, həm də bədii yaradıcılığında daim Avropa auditoriyasına üz tutur və maraqlı, cazibədar hadisələri təsvir etməyə çalışırdı.

Orxan Arasın "Əsəd bəy - Qurban Səid: gizlinlər və gerçəkliklər" monoqrafiyasında yazıçının iyirmiyə qədər məqaləsini dərc etməsi onun publisistikası ilə tanış olmağa imkan yaradır. Bütün bunlar əsədbəyşünaslığın yeni bir mərhələyə daxil olduğundan xəbər verir. Əsəd bəyin həyatı və yaradıcılığı ilə bağlı araşdırmalar getdikcə daha konkret bir məzmun alır. Əgər iyirmi il əvvəl onun şəxsiyyəti və əsərləri barədə dumanlı, qeyri-obyektiv mühakimələr yürüdülür, yazıçılığına kölgə salan fikirlər səsləndirilirdisə, Orxan Arasın bu araşdırmaları sayəsində Azərbaycana bağlı, vətənini sevən, ondan heyranlıqla bəhs edən, onun coğrafiyasından, məişətindən, folklorundan yeri gəldikcə Avropa xalqlarını məlumatlandıran görkəmli bir mühacir yazıçı olduğu görünür. Ən əsası O.Aras Əsəd bəyi Azərbaycan yazıçısı hesab edir, ona sahib çıxır, dünya şöhrətini haqlı olaraq Azərbaycana gətirmək, başqaları ilə bölüşməmək yolunu tutur. Orxan Arasın bu monoqrafiyası Azərbaycan ədəbiyyatşünaslığının prioritet məsələlərindən biri - mühacirət ədəbiyyatının şəxsiyyətləri, mərhələ və problemlərinin araşdırılması yolunda son dərəcə uğurlu addımdır.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!