Almaniyanın Berlin şəhərində yaşayan, əslən Güney Azərbaycandan olan milli fəal və alim qardaşım mənim elektron ünvanıma Türk dili haqqında bir məktub göndərərək rəyimi soruşmuşdu. Mövzunun əhəmiyyətini nəzərə alıb ona yazdığım cavabı oxuculara təqdim edirəm. Lakin mənim cavabımdan sonra alim dostumun məqaləsinin hansısa bir mətbuat orqanında çap edilib-edilmədiyini bilmədiyimdən burda onun adını açıqlamıram.
Dəyərli bəy!
Mənə yazdığınız məktubu və "Devrimçi" cumhuriyyət türkcəsi..." adlı məqalənizi diqqətlə oxudum. Araşdırdığınız məsələ barədə, etimad göstərib, mənim fikrimi soruşmaq, təcrübəmi bölüşmək istədiyinizə görə sizə təşəkkürümü bildirirəm. Bu, çox önəmli və təbii ki, geniş müzakirəyə meydan açan bir mövzudur.
Öncədən onu deyim ki, Azərbaycan türkcəsinin türk dilləri ailəsində özəl yeri, imkanları barədə yazdıqlarınızla, eyni zamanda, dil ənənələrinin qorunmasının vacibliyi barədə fikirlərinizlə tam şərikəm.
Azərbaycan türkcəsi, doğrudan da, türk dilləri ailəsində həm tarixi-coğrafi, həm də zənginlik baxımından unikal bir mövqe tutur. Yeniləşmə meyillərinin tədrici xarakteri ədəbi dilimizin qədim köklərindən, folklorumuzun və klassik ədəbiyyatımızın dilindən tam qoparmasına imkan verməmişdir. Ədəbi dilimiz xalq dili əsasında formalaşıb və hər kəs tərəfindən anlaşılır. Lakin bu, Azərbaycan türkcəsini, deyək ki, özbək, qazax və ya Türkiyə türkcəsinə qarşı qoymaq və onlardan daha zəngin olması iddiasını irəli sürmək haqqı vermir. Çünki məsələn, özbək dili də təxminən Azərbaycan türkcəsinə bənzər bir yol keçib, böyük ədəbiyyat yaradıb, kökünə bağlıdır və kifayət qədər zəngindir. Bu dillər arasında seçim etmək çətindir və qısqanclıqla qarşılanır. Lakin bütün hallarda, türk xalqı və türk dövlətləri arasında bir ünsiyyət dilinə ehtiyac vardır. Bunun adına siz, "ortaq yazılı dil" deyirsiniz, amma mən"ünsiyyət dili" deyirəm. Çünki hər xalqın öz yazılı dili var və heç bir xalq öz yazılı dilindən imtina etməz. Əgər ortaq ünsiyyət dilimiz olmasa biz rus dilindən asılı olaraq qalacaq və heç vaxt özümüzü tam müstəqil hiss edə bilməyəcəyik.
Siz yazırsınız : "Ziyalılar arasında dönə-dönə belə bir fikir ortaya atılır ki, əgər Türkiyə türkcəsini Azərbaycanın və digər Türk millətlərin ortaq "yazı dili" kimi qəbul edərsək dünyada "Türk millət"in bu əsas problemi həll ola bilər. Elə ki, bir sıra qələm vuranlar, Azərbaycan dilini, qatı şəkildə "Türkiyələşdirmək" istəyinə əməldə start vurmuşlar. (Yəqin ki, vermişlər olmalıdır - S.R.) Bunların türkcəyə bu nostaljik vurğunluq və bəzən də düşkünlüyü icazə vermir ki, bu dostlarımız Türkiyə türkcəsinin zəifliyini, eyiblərini, əskikliklərini, görməyə və bu haqda danışmağa, hansısa bir neçə məqalə belə yazmamışlar və inanıram ki, böyük hissəsi bu haqda bir məqalə belə oxumamışlar. Buna baxmayaraq, cümhuriyyət türkcəsi, bizim min illik yazılı dilimizə alternativ kimi ortaya atılır".
Dəyərli qardaşım!
Türkiyə türkcəsi ilə Azərbaycan türkcəsinin kökünün bir olduğunu və əslində, eyni tarixi yol keçdiyini siz də bilirsiniz. Məqalənizdən bəlli olur ki, bu məsələ haqqında yetərincə məlumatlısız. Tarixi şərait, dövlətlərin fərqli siyasi, ictimai, mədəni mühitləri son yüzillərdə bu dillərin özəlliklə lüğət fondunda, yəni bizim dilçilər demiş, söz dağarcığında müəyyən fərqlər yaratsa da, Anadolu türkü ilə Azərbaycan türkü bir araya gələndə rahat danışır, bir-birlərini sərbəst anlayırlar. Yəni Türkiyədə və Azərbaycanda yaşayan türklərin danışıq dili indi də, xırda ayrılıqlar nəzərə alınmasa, eynidir. Lakin Türkiyənin rəsmi yazı dili sizin dediyiniz kimi, İstanbul ağzının təsiri ilə biçimləndiyinə görə danışıq dilindən müəyyən qədər uzaqlaşmışdır. Bunu da başa düşmək çətin deyildir. Bu, təkcə türkcənin sorunu - problemi deyil, dünyanın bir çox dilində danışıq dili ilə ədəbi dil arasında buna bənzər və ya daha artıq fərdlər mövcuddur.
Yazırsınız: "Demək, ölkənin ən qıraq bölgəsindən, ən nə- xalis İstanbul ləhcəsini əsas götürüb, yarım savadlı dil "mühəndis"lərinin əliylə eybəcər bir "Labor" dil yarada bilmişlər".
Məncə, ədəbi dilin yaranması bu qədər də bəsit bir olay deyildir. Əvvəla, İstanbul bütövlükdə türk dünyasının qərb bölgəsi sayılsa da yüzillərlə üç qitəyə yayılmış Osmanlı kimi nəhəng bir imperatorluğun paytaxtı olmuşdur. Avropa böyük şəhərləri ona qibtə və qorxuyla baxırdılar. Onu dünyanın başkəndi sayırdılar; "kim İstanbula sahib olsa, dünyanın sahibi də o olacaq" fikri təsadüfən yaranmayıb. İstanbul ləhcəsi yaxşıdır, pisdir, bunu müzakirə etmək olar. Lakin bu ləhcənin Osmanlı dövlətinin ədəbi dilinin biçimlənməsində əsas pol oynaması və dildə yenilənmənin də burdan başlanması təbii bir hadisədi. Bunu əlifba reformu ilə eyniləşdirmək olmaz.
Osmanlı türkcəsinin yaranma məntiqində türk, ərəb, fars dilli xalqların bir yerdə yaşadığı Osmanlı imperatorluğunda hamı tərəfindən anlaşılan vahid ədəbi dil ideyası dayanıb. Osmanlı türkcəsi böyük bir dövlətin və xilafətin ədəbi dili, yazı dili idi.
Türk-Turan birliyi ideyasını irəli sürən böyüklərimiz, o cümlədən Əli bəy Hüseynzadə bu dilin bütün türk dünyasının ortaq yazı dili olmasını istəyirdi və buna görə "Füyuzat" dərgisini Osmanlıcaya yaxın bir dildə buraxırdı. Ərəb əlifbası bizim dilimizə yararlılığı baxımından bütün qüsurlarına baxmayaraq bu işi asanlaşdırırdı.
Göründüyü kimi, türklər arasında ortaq dil yaratmaq məsələsini ziyalılar yeni ortaya atmayıblar. Böyüklərimiz də düşünüblər bu barədə.
Köhnə SSRİ-dən beş müstəqil türk dövlətinin qopması ilə bu ideya yenidən gündəmə gəldi. Məqsəd də, sizin dediyiniz kimi, "ortaq yazı dili" yox, "ortaq ünsiyyət" dilidir; yəni bir araya gələndə ingilis və ya rus dilinin ümidinə qalmasınlar.
Şəxsən mən də bu fikirdəyəm ki, indiki halda belə bir ünsiyyət dili Türkiyə türkcəsi ola bilər.
Birinci ona görə ki, Türkiyə böyükdür və dilinin təsir dairəsi də genişdir. Türkiyənin iqtisadi və texnoloji imkanları onu önə çıxarmışdır. Bu gün bütün türk dünyası Türkiyə TV-lərinə baxır və gənc nəsil Türkiyə türkcəsini təbii şəkildə öyrənir və başa düşür.
Mən sizin dediyinizdən daha irəli getmişdim, demişdim ki, bu işi sürətləndirmək, elmi əsas üzərində qurmaq üçün bütün türk dövlətlərinin məktəblərində Türkiyə türkcəsi bir neçə il tədris oluna bilər. İngilis, fransız, ərəb, ispan dilləri kimi. Belə olsa bir neçə il sonra yeni nəsil bir-birini tam maneəsiz anlaya, rahat ünsiyyət qura bilər. Bundan sonra istər-istəməz bu ünsiyyət dilinə danışıq əsnasında başqa türk dillərindən də sözlər keçəcək, təbii yaxınlaşma gedəcəkdir. Bu, heç bir dövlətin yazı dilini ortadan qaldırıb, onu Türkiyə türkcəsi ilə əvəz etmək deyildir və heç bir türk dövləti də bunu qəbul etməz.
"Türkiyə türkcəsinin bünövrəsi əyri qoyulmuşdur" hökmünü verəndə də, məncə, siz ifrata varırsınız. Dilin bünövrəsi çox dərindədir, uzun tarixi yol keçərək formalaşmışdır. Onu hər hansı dil reformu ilə əymək mümkün deyildir. Dilin hətta "gövdəsini" də asanlıqla dəyişmək olmaz. Reformçular dilin bünövrəsini və "gövdəsini" yox, yalnız "yarpaq"larının bir hissəsini dəyişdirdilər. Yarpağın birinin qopub yerinə başqasının bitməsi dili sarsıda və köklü-köməcli şəkildə yadlaşdıra bilməz.
Türkiyə türkcəsiylə Azərbaycan türkcəsinin bünövrəsi, bizim sözlə desək, özülü eynidir. Bu dillərin təməl daşları Şumer dilindən başlayaraq müxtəlif qədim dillərə səpələnmiş sözlərimizdir, atalar sözləri və bayatılardır, nağıllar və oğuznamələrdir, Dədə Qorqud boylarıdır, Tunyuquq və Orxon yazılarıdır. Kaşkarlı Mahmudun "Divani lüğət-il türk"ü, Yasəvinin "Divanı hikməti"dir, Yunus Əmrə, Qaracaoğlan, Qazi Bürhanəddin, Nəsimi, Xətai, Füzuli yaradıcılığıdır. Bütün bunlar Türkiyə türkləri ilə bizim ortaq bədii sərvətimizdir. Buna görə də Türkiyə türkcəsinin təməli əyridirsə, deməli, Azərbaycan türkcəsinin də təməli əyridir. Halbuki, həm Türkiyədə, həm Azərbaycanda türk dilinin çox möhkəm və hər cür islahat zəlzələsinə davam gətirə bilən bünövrəsi vardır. Dillərimizin az qala riyazi dəqiqlik səviyyəsində olan möhkəm qrammatikası da bunu təsdiq edir.
Sizi başa düşürəm. 1928-ci ildə Türkiyədə Böyük Mustafa Kamal Atatürkün başçılığı ilə keçirilən əlifba islahatını, Türkiyə türkcəsindən bir sıra ərəb, fars sözlərinin atılmasını, bu sözlərin yerinə yeni sözlərin gətirilməsini dilə ağır zərbə hesab edənlər çoxdur. Lakin Türkiyədə "Dil reformu" dili kökündən dəyişmədi, onu canına darışmış ərəb, fars kəlmələrindən, ərəb qrammatikası qəliblərindən, növbənöv "zınqırovlu-mınqırovlu" ibarələrdən təmizlədi; onların yerinə türk dillərindən alınan və bəziləri arxaik, köhnəlmiş görünsə də özümüzün olan sözlər gətirdi, qədim sözlərə yeni can verdi. Hətta az saylı karaimlərdən də sözlər alındı. Düzdür, bəzi səslər əlifbada öz işarələrini tapmadılar, lakin bu, dünya təcrübəsində, hətta bir çox inkişaf eləmiş xalqların dilində müşahidə olunan durumdur və o dillərin yaşamasına maneə olmur. Xalq bir müddət bu "reform"un əziyyətini çəkdi. Lakin bu çətinlik artıq uzaqda qalmışdır.
Dilin sağlam olması üçün davamlı profilaktika, kənar basqılardan qorunmaq işi aparılmalıdır. Həm elmi baxımdan, həm ədəbi-bədii dəyərlərin, söz xəzinəsinin qorunması baxımından dil üzərində süni əməliyyatlara ehtiyac olmasa da dilin təmizlənməsi və zənginləşməsi də vacibdir.
Dil islahatı latın qrafikasına keçiddən başlanmışdı. Ərəb hərflərinin türk dillərinə vurduğu ziyan haqqında çox yazılıb. Türkiyədə tənzimat dövründən başlayaraq təxminən yüz il bu mübahisələr ara verməmişdir. Azərbaycanın böyük mütəfəkkiri, dramaturqu Mirzə Fətəli Axundzadə ərəb əlifbasını dəyişdirilməyin türk dilləri üçün zəruri olduğunu göstərmiş və bu niyyətini həyata keçirmək üçün İstanbula gedib Bab- i Alidə görüşlər keçirmişdi. Sonralar Türkiyədə də, Azərbaycanda da türk dilləri ilə ərəb əlifbasının ziddiyyətləri barədə çox yazılmışdır. Ümumi fikir bu olmuşdur ki, ərəb əlifbası türkcənin səslərini göstərmək üçün yetərsizdir, türkcə kəlmələrin düz yazılışına imkan vermir, türkcə kəlmələri ərəb qəliblərinə uyğunlaşdırdığına görə türkcənin törədicilik, söz yaratmaq qabiliyyətini yüzillər boyu yox etmişdir.
Əlifba inqilabı təkcə səsləri dəyişmədi. Həm də türk dilinə ərəb və fars dillərinin qrammatikasının təsirini aradan qaldırdı.
Ərəb əlifbasının türk sözlərini və türk qrammatikasını nə cür təsir altında saxladığını biz bu gün Güney Azərbaycan türkcəsində görə bilərik. Bütün bu məsələlər barədə Türkiyədə və bütün türk dünyasında çoxlu araşdırmalar mövcuddur. Özəlliklə Türkiyə alimlərindən Hasan Erenin, Zeyneb Qorxmazın, Nəciməddin Haciəminoğlunun, Mərtol Tulumun, Həmzə Zülfüqarın araşdırmalarını misal göstərə bilərəm.
Əlbəttə,ərəb əlifbasına keçid asan olmamışdır. Türkiyədə 1926-cı ildən başlanaraq dil reformu əleyhinə çox yazılar yazılmışdır. Türkiyədə ərəb əlifbasından imtinanın qəti əleyhdarı olan, buna qarşı mübarizə aparan məşhur ədəbiyyatşünas alim Fuat Köprülü əlifba islahatının on illiyində fikrini dəyişərək yazırdı:
"Türk hərflərinin qəbul etdiyimiz böyük günün 10-cu il dönümü! Türklərin kültür tarixində bu qədər əzəmətli, bu qədər parlaq dönüm nöqtəsi daha varmıdır? Bilmirik. Yalnız bunu etiraf etmək məcburiyyətindəyik ki, Atatürkün millətinə hədiyyə etdiyi müəzzəm inqilablar arasında əlifba inqilabının çox dərin və çox geniş mənası vardır. Geriyə doğru sürətli bir baxış bizə bunu daha yaxşı anlada bilir... Türk dilinin quruluşuna heç uymayan, türk səslərini heç ifadə edə bilməyən bu əskik və ibtidai əlifba doqquz yüz il dilimizə hökmranlıq etdi".
Bir sıra Avropa türkoloqları da latın əsaslı türk əlifbasını ən əskiksiz bir əlifba adlandırmışlar.
Bu gün Azərbaycan ədəbi dili ilə Türkiyə türkcəsi arasında xeyli fərq yaransa da, mürəkkəb cümlə quruluşu, sintaksis, terminologiya və fel yaradıcılığında Azərbaycan türkcəsinin imkanları daha geniş görünsə də, bu dilləri üz-üzə qoyub birini güclü, birini zəif saymaq doğru deyildir. Çünki bizim dilimizin də kifayət qədər "zəifliyi, eyib və əskikliyi" vardır və bunları aradan qaldırmağın ən uğurlu yollarından biri Türkiyə türkcəsi ilə yaxınlaşmaqdır. Bundan sonrakı dönəmdə dillərimizin zənginləşməsi üçün ortaq mənbələr tapılmalı, terminologiya yaradıcılığında razılaşdırma sistemi qurulmalıdır.
Türkiyə türkcəsindən fərqli olaraq biz dilimizdə köklü yeniləşmə aparmamışıq. Dil öz keçmişindən qopmayıb. Nəticə etibarilə ədəbi dilimiz özəlliklə qanunların və elmin dili, protokol dili, yenə ərəb və fars sözləri ilə doludur. Yabançı sözlərdən ibarət cümləni yenə təkbaşına, fellərin qatarı dartıb aparır. Yüzlərlə söz var ki, çox asanlıqla öz halal, ana südü kimi təmiz sözlərimizlə əvəz edilə bilər. Bunun nəyi pisdir? Lakin yenə deyirəm, burada ifrata varmaq olmaz.
Siz də bir sıra başqa müəlliflər kimi dilimizin "türkcələşməsindən" şikayətlənirsiz. Mən şəxsən özü türkcə olan bir dilin türkcələşməsinin nə demək olduğunu başa düşə bilmirəm. Türkiyə ilə əlaqələrimizin sıxlaşması, kəlmə alış-verişini də sürətləndirilir. Türkcədən bizim dilimizə, bizim dilimizdən Türkiyə türkcəsinə sözlər keçir. Onların bəzilərini mən yuxarıda qaraltmışam. Lakin başa düşmürəm ki, məsələn, əhval-ruhiyyə sözünün ovqat, əhəmiyyər sözünün önəm, müvəffəqiyyət sözünün uğur, istiqamət sözünün yön, problem sözünün sorun, Şəxsiyyət vəsiqəsi sözünün kimlik, aeroport sözünün hava meydanı və ya hava alanı kəlmələri ilə əvəzləməklə biz dilimizi saflaşdırırıq, yoxsa "türkcə ilə zibilləyirik"? Bu cür düşünənlər niyə Avropa dillərindən, ruscadan dilimizə aludəçiliklə, həvəslə gətirilən sözlərə qısqanmırlar, amma Türkiyə türkcəsindən, əslində, özümüzə məxsus olan qədim kəlmələrin alınmasına vay-şivən qoparırlar. Məncə, bu təkcə dil söhbəti deyil. Bu, ümumiyyətlə, Türkiyə ilə Azərbaycanın yaxınlaşmasını istəməyən qüvvələrin oyunbazlığıdır. (Qarabağın azadlığı uğrunda aparılan savaş bu yaxınlaşmaya mane olanların bizə milli xəyanətkarlıq səviyyəsində ziyan vurduqlarını göstərdi). Mənim düşüncəmə görə, bir dilin iki qolu arasında nə qədər ardıcıl bir söz alış-verişi olsa onlar daha da yaxınlaşar, qarşılı şəkildə zənginləşər və öz tarixi ənənələrini bərpa edərlər. Türkiyə türkcəsi bu gün dünyanın ən gözəl səslənən dillərindən biridir. Çevikdir, enerjilidir, ərəbin və farsın bəzi təsirlərindən xilas olmuş bir dildir. Siz mütəxəssis olduğunuza görə mənim nə demək istədiyimi yaxşı başa düşürsünüz. Məsələn, biz bəzi sual fellərini dilimizin ən primitiv bir formasında saxlamışıq; sual yaratmaq üçün səsləri türk dillərinin təbiətinə uyğun olmayan şəkildə uzadırıq: gedirsəəən?, gəlirsəəən?, bura baxacaqsaaan? və sair. Amma Türkiyədə Azərbaycan türkcəsinin də qərb şivələrində mövcud olan və dilə çeviklik gətirən forma qorunmuşdur: gelirmisən?, gedirmisən?, bakarmısın? və sair. Türkiyə əlifbasında "ə" işarəsi yoxdur. Halbuki, onlar bu səsdən bizdən az istifadə etmirlər. Bir-iki xırda istisna nəzərə alınmasa bu hərfin olub-olmamağı heç nəyi dəyişmir. Azərbaycan türkcəsində bir "K" səsi var. Türkiyə türkcəsində bu səsdən imtina edilib. Biz isə daim "Kı" və "Ka" səsləri arasında çaşıb qalırıq.
Dil millətin xarakteridir, onun ruhunun güzgüsüdür. Ərəb və fars təsirləri Azərbaycan türkcəsini tənbəlləşdirir. Məncə, bunun qarşısı alınmalıdır.
Müraciət şəklinin müəyyən edilməməsi. Soyad sonluqlarının milliləşdirilməməsi, Avropa dillərindən maneəsiz termin axını, körpələrimizə hələ də daha çox ərəb adları verməyimiz və s. məsələlər bizi ciddi şəkildə düşündürməlidir.
Sizə cansağlığı və uğurlar arzusu ilə...
22 avqust, 2020
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!