Müxtəlif elmlərin insanlar arasında ünsiyyət vasitəsi olan dilə marağı, hər şeydən əvvəl, tətbiqi əhəmiyyət daşıyan ehtiyacdan - hər bir elmin özünəməxsus dil- ifadə üslubunu yaradaraq təkmilləşdirmək istəyindən irəli gəlir. İstər ictimai, istər təbiət, istərsə də texniki elmlərin bütün mümkün diferensial keyfiyyətlərində müvafiq "dil"ləri formalaşmışdır ki, bu özünü daha qabarıq şəkildə terminologiyada göstərsə də, elmi təfəkkürün ifadəsində dil materialına ehtiyac yalnız bu sahə ilə məhdudlaşmayıb, ümumən mətn quruculuğu texnologiyalarının notmativ tələblərinə bu və ya digər dərəcədə riayət etməkdən başlamış stilistik maneralardan istifadə eləməyə qədər dərinlərə gedə bilər.
Əlbəttə, ayrı- ayrı elmlərin dil- üslubunda ortaq cəhətlərin mövcudluğu heç də təsadüfi deyil. Xüsusilə o baxımdan ki, məsələn, ictimai, yaxud təbiət, yaxud da texniki elmlər hüdudunda həm leksikonun (terminologiyanın), həm də sintaksisin tipoloji yaxınlığı gözə dəyir. Bunun bir səbəbi həmin elmlərin məhz eyni bir dilin verdiyi ifadə imkanları sferasında fəaliyyət göstərməsidirsə, ikincisi, görünür, zəruri diferensiasiyadan sonra elmlər arasında eyni dərəcədə mühüm inteqrasiya meyllərinin güclənməsi, multidissiplinar sahələrin sürətlə artaraq ənənəvi (klassik) elmlər arasında birbaşa təmaslara geniş meydan açmasıdır.
Lakin güman etmək olmaz ki, dil haqqında bilavasitə elm olan dilçilik (linqvistika) dışında müxtəlif elmlərin dilə marağı yalnız öz "dil"lərini formalaşdırmaq zərurəti ilə bitir, yaxud bitməlidir. Əslində, dil elə bir mürəkkəb fenomendir ki, ictimai,təbiət və texniki elmləri özünə cəlb etməklə hər cəhətdən eklektik bir intellektual aura yaradır. Bununla belə öz- özlüyündə gərək heç bir mübahisə doğurmasın ki, ictimai elmlərdən, məsələn, ədəbiyyatşünaslığın, tarixşünaslığın, psixologiyanın, idrak nəzəriyyəsinin; təbiət elmlərindən coğrafiyanın, biologiyanın, tibbin; texniki elmlərdən fizikanın, riyaziyyatın, informasiya nəzəriyyəsinin və s. dilə nüfuzu, təbiri caizsə, dilçilik əməliyyatı deyil. Və şübhəsiz ki, dilçilik həmin elmlərin dil barədəki mülahizələrinin məsuliyyətini öz üzərinə almaqdan, prinsip etibarilə, uzaqdır. Lakin dil fenomenini bilavasitə izah etmək missiyasına yiyələnmiş bir elm olaraq dilçiliyin bu cür təfərrüatlara öz peşəkar mövqeyindən münasibət bildirməsinə həmişə ehtiyac vardır. Deyək ki, hər hansı erudisiyalı şəxs bu və ya digər dil üçün yeni bir əlifba tərtib edə bilər, ancaq həmin əlifbanın müvafiq dilin fonoloji quruluşunu nə dərəcədə dəqiq əks etdirib- etdirmədiyinə məhz dilçi münsifliyi zəmanət verir.
Dil haqqındakı müasir elmin banisi Ferdinand de Sössür məşhur mühazirələrində deyirdi ki, dillə "az və ya çox dərəcədə hamı məşğul olur; lakin nitq fəaliyyəti məsələlərinə bu cür kütləvi maraq paradoksal nəticələrə gətirib çıxarır: elə bir sahə yoxdur ki, bu qədərə cəfəng ideya, xurafat, xam xəyal və fiksiya törətmiş olsun. Bütün bu yanlışlıqlar müəyyən psixoloji maraq doğurur və dilçiliyin ən mühüm vəzifəsi də onları üzə çıxarmaq və imkan dairəsində tamamilə aradan qaldırmaqdan ibarətdir".
Bu, o deməkdir ki, hamının, xüsusilə dilə - nitq fəaliyyətinə hakim olaraq müxtəlif səviyyələrdə cəmiyyətə hökm edən dil intellektuallarının hesabına yaranmış "müqəddəs" mətnlər, əslində, dil deyil. Və elm dilin mahiyyətini öyrənmək üçün özündə indiyə qədər adət etmədiyi yeni metodoloji imkanlar aşkarlamalıdır.
Dahi dilçi- mütəfəkkir sözügedən mühazirələrində öyrədirdi ki, "başqa elmlər əvvəlcədən müəyyən edilmiş obyektə əsaslanır ki, onu müxtəlif görmə bucaqlarından müşahidə etmək olar; dilçilikdə belə şey yoxdur... Dilçilikdə obyekt heç də baxışı, nəzər nöqtəsini müəyyən etmir, əksinə, burada, demək olar ki, baxış, nəzər nöqtəsi obyektin özünü yaradır".
Ferdinand de Sössür belə bir doğru qənaətə gəlmişdi ki, dilçilikdə "lap əvvəldən dil zəminində durmaq, onu nitq fəaliyyətinin bütün digər təzahürləri üçün əsas (norma) hesab etmək lazım gəlir". "Dil nədir?" sualına isə yüz ildən artıqdır ki davam edən müxtəlif mübahisələrin sınağına uğurla sinə gərmiş belə bir mükəmməl cavab vermişdir:
"...Dil nitq fəaliyyətinin yalnız müəyyən hissəsi, lakin həqiqətən də, ən əsas hissəsidir. Kollektiv tərəfindən qəbul edilmiş zəruri şərtiliklərin məcmusu olan dil elə bir sosial məhsuldur ki, hər bir dil daşıyıcısında mövcud olmaqla, nitq fəaliyyətinin reallaşmasını, funksiyadaşıma qabiliyyətini təmin edir".
Beləliklə, müxtəliftərəfliliyi, rəngarəngliyi ilə seçilən, "ayrı- ayrı sahələrə yayılaraq, eyni zamanda fiziki, fizioloji və psixoloji olmaqla, həm fərdi, həm də sosial sferaya aid" nitq fəaliyyəti yalnız dilçiliyin deyil, ən müxtəlif elmlərin, hətta deyək ki, məsələn, tərəfdarları ilə əleyhdarlarının qızğın mübahisə mövzusuna çevrilmiş psixoanalizin də tədqiqat obyekti ola bilər. Və hər hansı halda qeyri- təbii görünmür ki, Ziqmund Freyd psixoanalizə girişdən mülahizələrində dil faktlarına nəinki böyük önəm verir, eləcə də dilin mənşəyini öz məşhur nəzəriyyəsinin prinsipləri ilə izah etməyin kifayət qədər uğurlu nümunəsini təqdim edir.
Dili şərti (sərbəst) işarələr sistemi kimi araşdıran dilçilikdən fərqli olaraq əlaqədar elmlər dilin əsasında dayandığı nitq fəaliyyəti ilə məşğuldur. Bu isə o deməkdir ki, obyekt nə qədərə ümumi, yaxud ortaq olsa da, nəzər nöqtələri hələ ki heç bir halda üst- üstə düşmür.
Ferdinand de Sössürün kəşfindən sonra dilçilik öz predmetini başqa elmlərin müdaxilə edə bilməyəcəyi bir prinsipiallıqla müdafiə etməyə çalışmış, onun hüdudlarını, metodoloji imkanlarını müəyyənləşdirmişdir. Odur ki dillə maraqlanan digər elmlərlə dilçilik arasında xüsusilə XX əsrin ortalarından başlayaraq qərarlaşan münasibətlər, bir tərəfdən, dilçiliyin mövqeyini daha da möhkəmləndirmişdirsə, ikinci tərəfdən, digər elmlərin dilə marağının miqyasını da genişləndirmişdir. Eyni zamanda məsələnin üçüncü tərəfi də vardır ki, bu, müxtəlif elmlərin dilçiliklə əməkdaşlığından irəli gələn multidissiplinar tədqiqat sahələrinin geniş vüsət almasıdır.
Dilçiliyin bir elm kimi mövqeyini daha da möhkəmləndirməsində, başqa sözlə, müxtəlif elmlər sırasında təkzibolunmaz missiya ilə müstəqil çıxış etmə imkanlarına yiyələnməsində əsas amil, heç şübhəsiz, onun min illərlə davam etmiş predmet axtarışlarının yekunlaşmasıdırsa, ikincisi predmetə münasibət maraqlarının şaxələnməsindən irəli gələn strukturca təkmilləşmə prosesinin başlamasıdır. Dil, hər şeydən əvvəl, özünün fonoloji, qrammatik və leksik strukturu ilə təzahür etdiyindən dilçilik üç mühüm bölməyə - yarımmüstəqil elm sahələrinə ayrılmışdır: fonologiya, leksikologiya və qrammatika. Hər hansı dilin "fəqərə sütunu"nu təşkil edən səs, söz və qrammatik əlaqə mexanizmlərini öyrənən bu dilçilik elmləri bir- birindən o dərəcədə ayrılmışdır ki, görünür, hazırda onların yalnız biri üzrə həqiqi mütəxəssis olmaq mümkündür. İstər fonologiya, istər leksikologiya, istərsə də qrammatika bu gün həm üfiqi , həm də şaquli istiqamətlərdə çoxlu sayda törəmə sahələrə bölündüyündən onların maraqları bəzən nəinki mənsub olduqları fonologiya, leksikologiya, yaxud qrammatikanın, hətta ümumən dilçiliyin hüdudlarını aşaraq, əgər belə demək mümkünsə, elmi təfəkkür coğrafiyasının o qədər də münbit olmayan yeni ərazilərini məskunlaşdırmağa qədər yayılır.
XX əsrin ortalarından başlayaraq müxtəlif elmlərin dilə marağının miqyasca genişlənməsi əvvəlki dövrlərdəki ciddi metodoloji əhəmiyyət kəsb etməyən kəmiyyət hadisəsindən fərqli olaraq artıq özünü keyfiyyət münasibəti kimi göstərir. Dilçilik "əsl obyekt"inin - əslində, predmetinin nədən ibarət olduğunu dəqiqləşdirəndən sonra öz hüdudlarına çəkilmiş, dillə maraqlanan digər elmlər üçünsə, bir növ, "qanuni" fəaliyyət imkanları yaranmışdı. Xüsusilə o baxımdan ki, artıq qeyd olunduğu kimi, dilçiliyin dışında istər ictimai, istər təbiət, istərsə də texniki elmlər, əlbəttə, öz maraqları daxilində dili həm ictimai, həm təbii- bioloji, həm də təbii- fiziki hadisə - fenomen olaraq öyrənməkdə ona görə tamamilə haqlı görünür ki, hər nə qədər dilə bütövlükdə sahib çıxmaq iddiası ilə təşəkkül tapsa da, dilçilik ona sırınmış həmin maraq dairələrinə bu cür iddialardan artıq əl çəkmişdi.
Fəlsəfənin dil hadisələrini izah etmək cəhdlərinin tarixi çox qədim dövrlərə gedib çıxır. Və bu günə qədər dilin mənşəyi, dil və təfəkkür kimi fundamental problemlərin həlli bilavasitə dilçiliyin deyil, məhz fəlsəfənin vəzifəsi olaraq qalır. Lakin heç cür güman etmək mümkün deyil ki, dilin semiotik (işarəvi) təbiətinin kəşfi, eləcə də törədici dilçilik axtarışları həmin problemlərin həllinə əhəmiyyətli təsir göstərməsin.
Əlbəttə, fəlsəfə hər cür, o cümlədən də elmi təfəkkürün fövqündə dayandığına görə onun müxtəlif elmlərdən nəyi isə "əxz etməsi" elmlərarası əlaqə anlamına gəlmir. Burada söhbət yalnız ondan getməlidir ki, müxtəlif elmlər öz predmetinin verdiyi imkanlar daxilində hansı idrak nailiyyətini fəlsəfənin münsifliyinə təqdim edə bilər. Elmi təfəkkürün fövqündə dayanmaq fəlsəfəyə "kənar"dan gətirilmiş bir şey deyil, insanın (və cəmiyyətin) ümumən müdrikliyə ehtiyacının elə bir daxili təzahürüdür ki, onun yerinə bütün təhtəlşüur simvolikaları ilə yalnız din iddia edə bilər.
Fəlsəfə ilə konkurensiyaya girmiş yeganə elm riyaziyyatdır ki, özünün ən böyük kəşflərində (məsələn, nisbilik nəzəriyyəsi) belə "kəmiyyətdən keyfiyyətə keçə bilmədiyi"nə görə onun alnına daim fəlsəfə qarşısında hesabat vermək taleyi yazılmışdır.
Görünür, fəlsəfə Aristotellə yalnız başlamır, həm də davam (və inkişaf) edir...
Dil haqqında əsas elm olan dilçilik dilə maraq göstərən bütün elmlərlə əməkdaşlıq etməyin kifayət qədər səciyyəvi nümunələrini göstərmişdir ki, bunun ən səmimi təzahürü bu cür əməkdaşlığın digər elmlər deyil, məhz dilçilik tərəfindən himayə edilməsidir... Ən bəsit nümunə dilin səs sisteminin tədqiqi sayıla bilər: məsələ burasındadır ki, dilçilər həm sosial, həm fizioloji, həm də akustik fonetika ilə məşğul olurlar; halbuki dilçiliyin predmeti yalnız sosial fonetika, başqa sözlə, fonologiyadır.
Dil tarixinin araşdırılması dilçiliyin səlahiyyətində olmasına rəğmən, normal elmi- metodoloji baxış, heç şübhəsiz, tələb edir ki, dilin strukturunda baş verən dəyişmələr diaxron dilçilik, yerdə qalan sosial, coğrafi, estetik və s. səciyyəli təbəddülatlar isə müvafiq elmlərin aparıcılığı ilə öyrənilsin. Halbuki yalnız bu sahədə yox, ümumiyyətlə dillə maraqlanan bütün elmlər sahəsində başlamış əməkdaşlığın hər cür kordinasiyadan uzaq elə bir eklektikası meydana çıxmaqdadır ki, həmin əməkdaşlıq bütövlükdə dil haqqındakı elmi təsəvvürləri təhdid etməkdədir. Etnolinqvistikanın ardınca psixolinqvistika, onun ardınca sosiolinqvistika və s. ümid verən layihə gücünə çatmamış süqut etməkdədir. Və təəssüf doğuran odur ki, bu cür multidissiplinar (elmlərarası) sahələr arxalarınca yalnız universitet tələbələrini bıqdıracaq bir "təəssürat" qoyaraq aradan çıxır. Elə ona görə də artıq yarım əsrdən çoxdur ki akademik dairələrdə, heç də səbəbsiz olmayaraq, dilçiliyin tənəzzülündən danışırlar.
Ümumiyyətlə, nəinki dillə maraqlanan müxtəlif elmlər, hətta onun mahiyyətini şərh etmək kimi tarixi bir vəzifənin öhdəsindən gəlmiş dilçilik belə dilin hər bir "şıltaqlığ"ını heyranlıqla müşahidə eləməyə məhkum olaraq qalmaqda davam edir. Dil isə öz ürəyini yalnız onun təhtəlşüur diqtəsi ilə danışanlara (və yazanlara) açır. Onu nə müxtəlif maraqların miqyası cəlb edir, nə də dilçiliyin missiyası...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!