Ötən ilin publisistika mənzərəsində Azərbaycanın tarixi, əhalisi, onların milli kimliyi, mədəniyyəti, dili, ədəbiyyatı, adət-ənənələri, azadlıq və istiqlaliyyət uğrunda mübarizəsi haqqında elmi-publisist araşdırmaları yenə də fəal görünür. Bu baxımdan, keçən il çapdan çıxmış bir sıra müxtəlif janrlı məqalə topluları (məsələn, Vidadi Babanlının "Yaddaş saxlancları", Akif Əlinin "Yaradan", Gülnar Səmanın "Sözümüz sözdür", Rövşən Ağayevin "Hadisələrin, tədbirlərin fraqmentləri" və s.) qələmin əsas vəzifəsini vətənə, millətə, dövlətçiliyə xidmətdə görmək amalını təcəssüm etdirir. Həmçinin, gənc yazar Türkan Turanın keçən il işıq üzü görmüş "O" esselər kitabında insan hiss və duyğularının özünəməxsus bədii-publisist ifadəsini görürük. Əli Rza Xələflinin "Vətən istinadı - Azərbaycançılıq", Kamil Hüseynoğlunun "Novruz bayramı: tarix və ənənələr", İsa Həbibbəylinin "Azərbaycançılıq konsepsiyası" ("Ədəbiyyat qəzeti", 13 iyul), Tehran Əlişanoğlunun "Heydər Əliyev və mədəni mühit - ulu öndər" ("Ədəbiyyat qəzeti", iyul sayları), Teymur Əhmədovun "Mustafa Kamal Atatürk və Nəriman Nərimanov", Ağasən Bədəlzadə ilə Məhərrəm Hüseynovun "Adımız, soyadımız və mənəvi həyatımız", Məhərrəm Şəmkirlinin "Tariximizi ləkələyənlər", Qorxmaz Abdullanın "Telekanallarda dilimizin qəsdinə durublar" və s. kimi çoxsaylı yazılar geniş ictimai məzmun, aktuallıq və polemika keyfiyyətləri ilə səciyyəvidir. Akademik İsa Həbibbəylinin "Azərbaycançılıq konsepsiyası" adlı yazısı Azərbaycançılığın milli ədəbiyyat tariximizdə, mədəniyyətimizdə təşəkkülü, formalaşması və müstəqillik illərində inkişaf istiqamətləri ilə bağlı dərin araşdırmalar nəticəsində əsaslandırılmış qənaətlərnin yığcam toplusu, konsepsiyasıdır.
Şair, publisist Əli Rza Xələfli problemə bir başqa səpgidən - milli ədəbiyyatımızdakı Azərbaycançılıq ideya xəttinin xalqı mənəvi birliyə səsləmək, bütün zümrələrin Vətən naminə yekdilliyinə xidmət etmək missiyasından və bunun öyrənilməsinin əvəzsiz əhəmiyyətindən çıxış edir. Bu məqsədlə öz düşüncələrini tənqidçi-ədəbiyyatşünas Təyyar Salamoğlunun "İsmayıl Şıxlının bədii nəsri", "Qarlı aşırım"dan keçən yollar", "M.Ə.Sabirin milli intibah idealı" kimi dəyərli tədqiqat əsərləri üzərində kökləyir.
Sədrəddin Daşkörpülünün "Erməni kəşfiyyatçısının Azərbaycandan çırpışdırdıqları" ("Kredo" qəzeti, 11 yanvar) yazısını, Babullanın "Ədəbiyyat qəzeti"ndə dərc etdirdiyi "Erməni qəsdləri: soyqırımları, deportasiyalar, repressiyalar və təxribatlar" silsiləsini (19,20 yanvar, 13 aprel), Şöhrət Namazovanın "Laçın düşməndə qalmayacaq" ("525-ci qəzet", 17 may), İmdat Avşarın "Zəngəzurda mənim ürəyimin məzarı qaldı" ("Ədəbiyyat qəzeti", 24 avqust), habelə "525-ci qəzet"in Nevvtimes.az saytından dərc etdiyi "Erməni siyasi şüurunun cahilliyi" (1 may) adlı məqalələrini xarakterik nümunələr kimi xatırlatmaq mümkündür. Professor Qulu Məhərrəmli "Qordi düyünümüz" adlı yazısında "Qordi düyünü"nə çevrilmiş Qarabağ problemimizin həllinin gecikməsinə görə bilavasitə siyasi-ictimai publisistikamızı, onun bu sahədəki axtarış səylərinin zəifliyini, "dərdlərimizi, faciələrimizi dünyaya necə çatdıraq?" sualına cavab tapa bilməməkdə qınayır, məntiqli təklif və mühakimələri ilə publisistika yaradıcılığımızın həm ideya-məzmun, həm də forma axtarışları baxımından yenilənməsi zərurətini əsaslandırır.
Təcavüzdən qurtulmaq və bu taleyüklü işdə ədəbiyyatın rolu məsələsi gənc yazarlarımızı da ciddi şəkildə düşündürməkdədir. Bu baxımdan, Emin Pirinin "Ruhun qayıdışı" adlı publisist qeydləri problemə münasibətdə orijinallığı ilə seçilir. Elə Şərif Ağayarın "Komandir" əsəri, digər gənc yazarların Aprel hadisələri barədə hekayə, şeirləri kifayət qədər uğurludu.
Publisistikamız, həmçinin, 1920-1930-cu illər repressiyalarının mahiyyətini araşdırmaqda israrlıdır... Elçinin keçən əsrin əvvəllərinin məşhur neft milyonçuları Musa Nağıyev və Şəmsi Əsədullayevin nəvəsi Ümm-ül Banunun - mühacir həyatında fransı z yazıçısı kimi tanınmış Baninin taleyindən bəhs edən "Taleyin yazısı" adlı oçerki ("Ədəbiyyat qəzeti", 28 sentyabr), fil.e.d., professor Cəlal Qasımovun istedadlı aktyor Kazım Ziyanın həyat və fəaliyyətindən bəhs edən "Kazımzadə Kazım Ziya, yaxud məhbəsdə oynanılmış rol" ("Ədəbiyyat qəzeti", 12 oktyabr), ədəbiyyatşünas-alim Xalid Səid Xocayevə həsr etdiyi yazıları ("Kredo" qəzeti, 2 noyabr və 11 dekabr), və s. kimi məqalələri xatırlamaq olar. Yaxud Azər Turanın "Ərtoğrul Cavid - ölümə tərk edilən" (Ədəbiyyat qəzeti", 18 may) məqaləsi Hüseyn Cavidin oğlu Ərtoğrulun faciəvi həyatından və onu faciəyə sürükləyən ictimai-siyasi mühitdən bəhs edir. Məqalədə istedadlı bir Azərbaycan gəncinin intellektual səviyyəsi, yaradıcılığa marağı (yazıçılığı, bəstəkarlığı, rəssamlığı və s.), nakam arzuları haqqında bir-birindən maraqlı, yeni faktlar, məlumatlar verilir və məqalənin səmimi, ehtiraslı bir dildə yazılışı müəllifin həm də Hüseyn Cavid ocağına və sənətinə dərin sevgi-hörmətinin ifadəsi kimi dəyərləndirilməlidir. Təbii ki, bu və ya bu kimi yazılar içərisində istedadlı yazıçımız Elçinin qələmindən çıxmış "Taleyin yazısı" məqaləsi bədii oçerk janrının tələblərinə daha uyğundur və yazıçı-publisist dilinin incəlik və gözəllikləri ilə süslənmiş bu oçerk xalqımızın başına gətirilmiş müsibətləri bir insanın taleyi haqqındakı ağrılı hekayətində rəvan, oxunaqlı şəkildə təcəssüm etdirə bilmişdir.
Xalq yazıçısı Anar "Odlar yurdunun küləklər şəhəri" adlı məqaləsində ("Ədəbiyyat qəzeti", 13 iyul) Bakının keçmiş, bugünkü və sabahkı həyatı ilə bağlı məsələlərə toxunsa da, əsasən xəyallarının, arzularının, urbanistik fantaziyalarının Bakısından söhbət açır, başqa sözlə, yüzillər boyu tikilib-qurulmuş və bu gün də qurulmaqda davam edən paytaxt şəhərimizin sabahkı quruculuğu ilə bağlı istək və arzularını bildirir. Anar paytaxt şəhərimizdə ədəbiyyat və sənət xadimlərinin heykəllərinin ucaldılması problemindən bəhs edərkən şəhər quruculuğunun həm də tarixi yaddaşımızı canlandırmaq vasitəsi olduğunu vurğulayır.
Seyran Səxavətin "Horadiz möcüzəsi" adlı Füzuliyə səfər təəssüratı ("525-ci qəzet", 17 may) son cəkkiz ildə rayonun sosial-iqtisadi həyatının heyrətamiz inkişafının, Şakir Əlifoğlunun "Lələ təpəsi - Cəbrayıla açılan qapı" ("Kredo", 25 aprel) məqaləsi Aprel döyüşləri zamanı bir parça torpağımızın azad edilməsinin və burada aparılan quruculuq işlərinin xalq içərisində yaratdığı xoş əhval-ruhiyyə üzərində köklənmişdir.
Qeyd etməliyik ki, sosial-mənəvi proseslərə həssas və cəsarətli münasibət nöqteyi-nəzərindən Qulu Məhərrəmli, Musa Yaqub, Niyazi Mehdi, Nəriman Qasımoğlu, Məmməd Oruc, Firuz Mustafa, Kamran Nəzirli və s. kimi imzalar maraqla izlənilir. Niyazi Mehdinin "Ədəbiyyat qəzeti"ndə dərc etdirdiyi "Mən" olmağın tarixçəsi" silsiləsində onu böyüdən, tərbiyə edən sosial-ictimai mühitin dəyərləri diqqət mərkəzinə çəkilir. Təsvir və təhkiyələrdəki dəqiqlik, canlılıq yazının emosional təsir gücünü artırır. Şahanə Müşfiqin Türkiyədə yaşayan tərcüməçi-jurnalist, həmyerlimiz Vüsalə Babayeva ilə söhbətində ("525-ci qəzet", 6 sentyabr) müasir dövrdə mənəvi münasibətlərdə ünsiyyət qıtlığı, insanlarda bir-birinə qarşı inamsızlığın artması problemi diqqətə çəkilir, Əyyub Qiyasın "Keçmişdən gələcəyə gedən metro qatarı, yaxud dəyər məsələsi" ("Ədəbiyyat qəzeti", 14 sentyabr) adlı yazısında isə ədəbiyyatın insan tərbiyəsindəki rolundan və müasir dövrümüzdə bu sahədə yaranmış ciddi problemlərdən bəhs olunur...
Biz bu il də Anar, Elçin, İsa Həbibbəyli, Nizami Cəfərov, Vilayət Quliyev, Rəfael Hüseynov, Vaqif Yusifli, Rüstəm Kamal, Təyyar Salamoğlu, Kamal Abdulla, Azər Turan, Cavanşir Yusifli, Əli Rza Xələfli, Sabir Rüstəmxanlı, Kamran Əliyev, Nizaməddin Şəmsizadə, Məti Osmanoğlu, Əsəd Cahangir, Elnarə Akimova, İlqar Fəhmi, Abid Tahirli, Vüqar Əhməd, Baba Babayev, Bədirxan Əhmədli, Gülşən Əliyeva-Kəngərli, Gülxani Pənah, Salidə Şərifova, Qəzənfər Paşayev, Nəzirməmməd Zöhrablı, Mizami Tağısoy, İslam Qəribli, Yaşar Qasımbəyli, Rahid Ulusel, Maral Yaqubova, Gülbəniz Babayeva və s. kimi neçə-neçə tanınmış müəllifin imzası ilə qarşılaşmış, maraqlı yazılarını oxuya bilmişik. Həmçinin, Anar "Aydınlarımız" adlı yeni layihə çərçivəsində dəyərli milli ziyalılarımız haqqında portret oçerklərini təqdim etmiş, Kamal Abdulla "Əvvəl-axır yazılanlar" ədəbi esselər, Vaqif Yusifli "Köhnə kişilər" və "Unudulmazlar", Rüstəm Kamal həyat və sənət ilişkilərindəki gizlinləri özünəməxsus araşdırmalar, Nizaməddin Şəmsizadə "Fəhmin fəthi", Günel Eyvazlı Azərbaycan qadınları silsilələrini davam etdirmiş, Şəmistan Nəzərli hərb tariximizin görkəmli nümayəndələri ilə yanaşı ədəbiyyat tariximizin unudulmaz simalarının həyat və fəaliyyətinin öyrənilməmiş səhifələrini açıqlamış, Əlisəfdər Hüseynov sənətkarlarımız və sənət əsərlərimiz haqqındakı silsiləsini davam etdirmişdir. Xalq yazıçısı Elçinin "Məsuliyyəti nə üçün janrın boynuna atırıq?" adlı polemik yazısı ("Ədəbiyyat qəzeti", 2-8 mart) tənqidimiz və ədəbi prosesimiz ətrafında diskussiya açmağa səbəb olmuşdur. Habelə, bir sıra istedadlı qələm sahibləri (Qulu Ağsəs, Əli Rza Xələfli, Murad Köhnəqala, Səlim Babullaoğlu, Sərvaz Hüseynoğlu, Kənan Hacı, Əhsən Rəhmanlı, Alpay Azər, Təranə Vahid, Şahanə Müşfiq, Nadir Bədəlov, Samirə Əşrəf, Qan Tural, Günay Səma, Orxan Aras, Mətanət Vahid, İradə Aytel, Oğuz Ayvar, Nizami Hüseynov, Türkan Turan və b.) ədəbi-mədəni mühitimizin əlamətdar hadisələrini diqqətdə saxlamış, ədəbiyyat, teatr və film yaradıcılığı ilə bağlı bu və ya digər məsələyə publisist münasibətlərini bildirmişlər. Anarın böyük Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadəyə həsr etdiyi "Ucundadır dilimin həqiqətin böyüyü" ("Ədəbiyyat qəzeti", 21 sentyabr) və "Molla Nəsrəddin" ədəbi məktəbinə mənsub görkəmli sənətkar Qantəmirə həsr etdiyi "Unudulmuş yazıçı" adlı ədəbi qeydləri ("Ədəbiyyat qəzeti", 7 dekabr), Azər Turanın böyük Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadənin qızı Feyzavər Alpsarla söhbəti ("Üsküdar gözləri dolmuş", "Ədəbiyyat qəzeti", 28 dekabr), Mənzər Niyarlının "Seyid Hüseyn yadigarı - Qumral Sadıqzadə ("Ədəbiyyat qəzeti", 16 fevral) " araşdırması müasir publisistikamızın ən uğurlu nümunələrindəndir. O cümlədən, elm, sənət və ədəbiyyat adamları haqqında portret oçerkləri sırasında Yunus Oğuzun akademik Nizami Cəfərov haqqında yazdığı "Səssiz yeriyən adam" ("Ədəbiyyat qəzeti", 16 fevral), Azər Turanın "Fərman Kərimzadə - böyük sözdən və böyük ağrıdan yıxılan adam" ("Ədəbiyyat qəzeti", 16 mart), ədəbiyyatşünas-alim Mikayıl Rəfili haqqında yazdığı "Şeirim sərbəst, fikrim fəzalar qədər dibsiz" ("Ədəbiyyat qəzeti", 6 aprel), professor Şirməmməd Hüseynov haqqında yazdığı "Nura qovuşan" ("Ədəbiyyat qəzeti", 3 avqust), Əli Rza Xələflinin "Anar - meyar" ("Kredo", 14 mart), Anarın "Yanmayan bina, sönməyən ocaq" ("Ədəbiyyat qəzeti", 23 noyabr), Tehran Əlişanoğlunun akademik Nizami Cəfərovun 60 yaşı münasibətilə qələmə aldığı "Akademik olmağın sanbalı və ya yubiley qutlaması" ("525-ci qəzet", 14 sentyabr), Elçin İbrahimovun "Cəlil Məmmədquluzadə və milli dil məsələsi" ("Ədəbiyyat qəzeti", 16 mart) və s. kimi yazılarda toxunulan mətləblər və həmin mətləblərə həssas münasibət obrazların, obrazların məharətlə cızılan portret cizgiləri isə toxunulan mətləblərin daxili mahiyyətinə işıq salır. Anarın "Yanmayan bina, sönməyən ocaq" məqaləsi yazıçı publisistikasının ən maraqlı nümunələrindəndir.
Fərid Hüseynin istedadlı şairimiz Musa Yaqubun həyat və yaradıcılığından bəhs edən "Siqaret qutusundakı tale yazısı" ("Ulduz", 2019, № 2-3) adlı oçerki də maraqla oxunur.
"Ədəbiyyat qəzeti"nin müzakirə saatı" layihəsi üzrə aktual mövzularda aparılan söhbətlər müəyyən problemin müzakirəsi, müxtəlif fikir və mülahizələrin bölüşdürülməsi, polemikaya meydan açmaq nöqteyi-nəzərindən maraq doğurmaya bilmir. Habelə, qəzetin müasir dövrümüz üçün aktuallığını nəzərə alıb keçmiş yazılara qayıtmaq, onları yenidən dərc etmək təcrübəsi təqdirəlayiqdir. Məsələn, "Ədəbiyyat qəzeti"nin 16 fevral tarixli sayındakı "Cahana sığmayan şairin qərib məzarı" adlı yazı vaxtilə "Ədəbiyyat və incəsənət" qəzetinin 1968-ci il 28 dekabr tarixli sayından, 17 avqust tarixli sayındakı "Fikrət Qoca" məqaləsi 70-ci illərdə Fikrət Qocanın "Ulduzlu düşüncələr" kitabı haqqında yazılmış məqalədən götürülmüşdür. Eləcə də, Abid Tahirlinin bir vaxtlar professor Şirməmməd Hüseynovdan aldığı və "Odlar yurdu" qəzetinin 1991-ci ildə çapdan çıxmış 21-ci nömrəsində dərc etdirdiyi "Biz hara gedirik" adlı müsahibə "Ədəbiyyat qəzeti"nin ötən ilki 14 dekabr tarixli sayında təkrar dərc olunmuşdur. Bu yazılar yalnız qəhrəmanlar haqqında deyil, həm də yeni dövrün ən aktual problemləri barədə təəssürat yaratmaq keyfiyyəti ilə əlamətdardır.
Elçin MEHRƏLİYEV
filologiya elmləri doktoru
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!