"Qışa bir taya şeir yığmışam..." Qulu Ağsəsin şeirləri haqqında

Şairin yurd-yuvası işğal olunanda, taleyinə didərginlik, yurd həsrəti çəkmək yazılanda o, daha həssas, sözə qarşı diqqətli olur və bu ağrını, acını uğurla poetikləşdirə  bilir.

Qulu Ağsəs tələbələrə nə vəd etdi? - Pedaqoji Universitetdə GÖRÜŞ - FOTOLAR  | KONKRET

Qarabağın gözəlliklərini yana-yana, ağrı ilə poetik dillə bildirmək Qulu Ağsəsin əsir yurdu haqda şeirlərinin əsas qayəsini təşkil edir. Yurd-yuvası işğal olunan, el-obasından, doğulduğu torpaqlardan didərgin düşən Qulu Ağsəsin "Şuşa" şeiri onun yaşadıqlarını poetik ovqatla oxuculara çatdırır:

 

Özün dağ başına qoyan şəhərin

ayağın xan kəndi yuyurdu

kürəyinin təri

cıdırda soyuyurdu.

Girməzdi

dumanına gün işığı,

havasına çay qaşığı.

Qayaları sərxoş idi,

adamları tay-tuş idi,

küçələri tay-keş idi.

Qəbirüstü yazıları

nəğmə kimi oxunurdu,

kolda-kosda tələf olan

qurd-quşu gül qoxuyurdu.

 

Qəbirüstü yazıları nəğmə kimi oxunan şəhərin kol-kosda tələf olan qurd-quşunun gül qoxuması Q.Ağsəsin doğulduğu torpağa, yurda sevgisinin təzahürüdür. Şəhərin göz yaşını da ağrı ilə təsvir etmək Qulu Ağsəsin Qarabağ nisgilini poeziyaya maraqla çevirə bilmək bacarığından xəbər verir: 

 

Kim idi qalxan o boyda dağı? -

yağışdan sallanıb enirdi qonağı.

...Dağın dizləri əsdi bir may səhəri

gözünün yaşı

ayağının suyuna qarışdı şəhərin...

 

Qulu Ağsəs bu şeirdə may ayının 8-də işğal olunmuş Şuşanın gözünün yaşının ayağının suyuna qarışmasını bildirir.

Doğulub, boya-başa çatdığı yurdu erməni qəsbkarları tərəfindən işğal olunan Qulu Ağsəsin şeirlərindəki Qarabağ dərdi onu yaşayan şairin ağrı-acısını, kədərini, dərdini mükəmməl ifadə edir.

İşğal olunmuş yurdu haqda yazdığı şeirlərdə onu retrospektiv duyğular bir an da tərk etmir. Bu, əlbəttə, vətən sevgisindən, onsuz yaşamağın çətinliyindən, ağrısından irəli gəlir...

Yurdu işğal olunan, taleyinə didərginlik yazılan Qulu Ağsəsin şeirlərini hiss və həyəcansız oxumaq mümkün deyil. Doğulduğu torpaq düşmən tapdağında qalan bir şairin öz hiss və emosiyalarını bu cür poetikləşdirə bilmək bacarığı onun vətən həsrətinin şəklini peşəkar rəssan kimi çəkir.

 

"Səhər - körpəsidi

doğan Günəşin"

 

Şeir sevgi, gözəl hisslər qədər dərdlə, ağrı-acı ilə də assosiasiya olunaraq poetik ovqatın uğurlu ifadəsinə çevrilir...

Taleyinə yurd həsrəti, vətən dərdi yazılmış Qulu Ağsəsin başqa mövzularda yazdığı bəzi şeirlərdə də şair ürəyinin ağrısı, çəkdiyi həsrət hiss olunur:

 

Görsən ki, qaranlıq çökür aləmə,

Görsən ki, axşamdı...

fikir eləmə.

Bir uçuq yuxudu gecənin boyu

Nə qədər imkan var

rahatlan, uyu...

Qəflətən bir çağa salar hay-həşir

Səhər - körpəsidi doğan Günəşin.

Onu ovutmağa tələsər hamı.

 

İnsan ağrı, acılarla üzləşəndə nə düşünür, nə fikirləşir? Üşümürmü, titrəmirmi? Q.Ağsəs də belə məqamlarda, yəni üşüyəndə neyləmək lazım olduğunu şair təxəyyülü ilə oxucusuna çatdırır: 

           

Təzədən qaramat basar dünyanı,

Hanı doğan Günəş?

körpəsi hanı?

...Görsən hər tərəfdən əlin üzülür,

Görsən üşüyürsən...

yandır özünü...

 

"Yorğun ağac..."

525-ci Qəzet - Qulu Ağsəsin şeiri

Zaman-zaman müharibələr, xəstəliklər insanların həyatına öz mənfi təsirini göstərib, onlara bu gözəl həyatdan doya-doya zövq almağa imkan verməyib. Əsrlər, qərinələr, illər dəyişib. Amma fələyin bu amansız hökmü dəyişməyib. Yenə bəşəriyyət belə bir çətinliklə üz-üzə qaldı. Pandemiya bəlası insanların başının üstünü kəsdirdi. Həmişə bədii əsərlərdə - nəsrdə, poeziyada insanların üzləşdikləri bütün əzablar, çətinliklər kimi belə halların da yer alması yenə özünü göstərdi. Yazıçılar, şairlər heç vaxt insanların dərdini, qəmini, başına gələn bəlaları unutmadıqları kimi bu dəfə də onları unutmadılar. Qulu Ağsəsin bu gün insanların üzləşdiyi koronavirus pandemiyası haqda yazdığı şeirdə bəşəriyyətin bugünkü bəlası poetik ovqatla ifadə olunur: 

- Əgər doğrudan sevirsənsə,

şərtim budur:

çəkilək bir hücrəyə,

amma məndən uzaq dur...

Sabun köpüyü partlatsın

qoxusu sarımsağın,

Kefli əllərin doqquz yazsın

on barmağı...

Çölə çıxma!

Telefona baxma!

Darıxma!

 

O, dünyanın üz-üzə qaldığı bu çətinliklərin öz qanunlarını - sarımsaq yeməyi, maskasız gəzməməyi, evdən çölə çıxmamağı, kütləvi tədbirlərin olmamasını poetik tərzdə oxucuya çatdırır. Bu hadisələri poeziyaya bir az yumorla bildirməsinə baxmayaraq, onun fikirləri həqiqəti ehtiva edir:

 

...Başqa şərtlərin də olsaydı, kaş:

Maskasız olmazsa,

maska da olmasın,

Yas olmazsa,

ölüm də olmasın,

Toy olmazsa,

sevgi də ...olsun! -

sözləri çıxsaydı dodağından...

 

O, bütün qadağaları qəbul edir və sevginin də olmasını istəyir. Əgər sevgi olmazsa... Şair təbiəti bu cür şərtlərlə razılaşmır və sevginin olmasını istəyir. Sublimasiya ona sevginin gözəlliyini, əbədi olduğunu deyir:

 

Asacam özümü! -

şərt cümləsinin budağından...

 

Qulu Ağsəsin şeirlərində insanın əzab-əziyyəti, zülmə tabe olması, çəkdiyi zəhmətin isə çox vaxt boşa getməsi faktları da önəmli yerlərdən birini tutur. İnsanın bihudə əziyyətini, onun bəzən layiq olduğu qiyməti almamasını, hədər yerə əziyyət çəkməsini şair şeirlərində poetik ovqatla oxucuya diktə edir:

 

Bu dünyada heç kəsə demədim...

O dünyada soruşsalar:

sən kimsən? -

gözümü yumub, ağzımı açacam!

Deyəcəm ki:

altındakı skamyada

bir yol özü oturmayan

yorğun ağacam...

 

Bu cür "yorğun ağaclar" həyatda azmı olur? Başqalarına əziyyət çəkən, sonra çəkdiyi zəhməti hədər gedənlər  Q.Ağsəsin dediyi "yorğun ağaclar"dır...

Şeir yazmaq ruhun gördüyü işdir. Ruh, Allahın insana bəxş etdiyi istedadın gördüyü bu işlə təskinlik tapır, dincəlir, yorğunluğunu çıxarır. Məmməd Araz necə demişdi?

 

Gərəksiz tərif də yuxuya bənzər,

Uyudar qələmi iş üstündə də.

İstedad elə bir toxuma bənzər,

Göyərər bir quru daş üstündə də.

 

Qulu Ağsəs şeir yazmağını əlvan bədii çalarlarla təsvir edir:

 

Yorulub oturdum

varağın bir küncündə,

ürəyim it kimi ulayır

it kimi...

at gücündə.

Qışa bir taya şeir yığmışam

sözü misraya vura-vura.

Günəş - müqəvva görünsəydi

gecəni quş kimi qorxuzub uçura...

 

Şairin sevgilisinə əziyyət verməməsi üçün bu cür dəyərləndirməsi onun nəzərində sevginin necə bir hiss olmasından bəhs edir. Əlbəttə, şairlər üçün sevgi ən gözəl, bəşəri hissdir. Q.Ağsəs də həmin bəşəri hiss haqqında yazdığı şeirlərdə bunu sübut edir:  

 

Düşünürəm:

Yaşamaq!

- dünyanın ən zor işi!

Yaşamaq!

- irəli qovaraq keçmişi!

Fəqət...

istəyirəm əcəl gələndə

qarşımda heç nə dayanmasın.

Məni elə çağırsın ki,

sevgilim yuxudan oyanmasın...

 

"Yarpaq salma

külək poçtuna..."

 

Q.Ağsəs lirik qəhrəmanına verdiyi suallara cavab almaq üçün "Xəbərin varmı?", - deyə soruşur. Cavab isə "Bilmirəm" olur. Bu suallar maraqlı təşbehlərdən ibarət poetik nümunələrdir:

 

Dan yeri - gecənin göydə od tutan

bağrıdı.

Xəbərin varmı?

- Bilmirəm.

Bir də yarpaq salma külək poçtuna

bağlıdı.

Xəbərin varmı? -

Bilmirəm.

 

"Dan yerinin gecənin göydə od tutan bağrı" olması, "külək poçtuna məktub salınması" şair təxəyyülünün poetik məhsuludur. Şeir insanların ən çox düşündüyü, fikrini etdiyi ölüm mövzusu ilə davam edir. Ölüm haqda çox şeirlər yazılıb və yazılmaqdadır. Q.Ağsəsin də bu haqda düşüncələri maraqlıdır: 

 

Ürəyin - içəri qapındı sənin,

Aç görək, nəyin var qabında sənin?!

Ömür-gün bölünüb... qalıqda səni

saxladı.

Xəbərin varmı? -

Bilmirəm.

 

Hərəmiz borcludu bir can ölümə,

Ölsək də, tapmarıq əncam ölümə.

Tanrı qırmır bizi... Ancaq ölümə

yoxladır.

Xəbərin varmı? -

Bilmirəm...

 

Qulu Ağsəs insan həyatının labüd sonluğu olan ölüm haqda yazdığı şeirdə Taras Şevçenkodan fərqli vəsiyyət edir. T.Şevçenko  "Vəsiyyət" şeirində deyirdi:

 

Mən öləndə məni basdırarsınız

Yüksək bir təpədə, bir dağ başında.

Elə bir yerdə ki, görünsün yalnız

O gözəl Ukrayna. Onun daşında,

Onun tarlasında, geniş çölündə,

Mən öləndən sonra, görüm nələr var?

 

Qulu Ağsəs isə motivasiya edərək ölümdən qorxmadığını poetik ovqatla bildirir: 

 

İşdi-qəzadı

səndən əvvəl ölsəm,

məni son mənzilə aparırlar görsən,

vəsiyyətimə əməl elə:

Arxamca su at,

uğur dilə.

Saçını yolma,

köksünü ötürmə.

 

 

"Əvəzini vermədən

aldığım son nəfəs..."

 

O, lirik qəhrəmanına getdiyi yeri də deyir. O yer bütün dünyaya gələnlərin son yeri olsa da, Allahın yanı - cənnət və pis adamların yeri - cəhənnəm amillərinin fərqi bu şeirdə əks olunaraq Q.Ağsəsin yerinin hara olacağını bildirir:

 

Allahın yanına gedirəm

ürəyinə ayrı şey gətirmə,        

Borclunun qapısın döyərlər:

Yeganə borclu qaldığım

əvəzini vermədən aldığım

son nəfəsdən özgə

kimsəni qapıma yaxın qoyma.

Bir də

ta uşaq deyilsən

burnunun suyunu

gözündən axıdan

bu faniyə uyma...

 

Qulu Ağsəsin şeirlərində onun şair ruhunu, yazdığı mövzuların rəngarəngliyini duymamaq mümkün deyil. Fərqli mövzulara fərqli yanaşma onun poetik mövqeyidir. Bu şeirlərdə oxucular da öz yaşadıqlarını, arzularını, istəklərini görə, duya bilirlər...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!