2010-cu ilin yay ayları idi, qardaşım Baratın təşəbbüsü ilə dostlarla Şəki, Qax və Zaqatalaya səfər etdik. Səfərimiz Şəki şəhərində Karvansara önündə görüşdüyümüz şair Vaqif Aslanla tanışlıqdan başladı. Bu ərəfədə baş vermiş selin Şəkinin Karvansara məhəlləsindəki qəmbərliyin üzərinə çəkilən süni asfaltı yuyub aparması təbiətin növbəti ədalətli hökmü kimi görünmüşdü bizə. Şairlə söhbətimiz zamanı Şəkinin memarlıq ənənəsinin, yolların təbii quruluşunun saxlanılmasının vacibliyini şəhərə gələn qonaqların diqqətinə də çatdırırdıq.
İlk istəyimiz Mirzə Fətəli Axundovun Şəkinin Gəncəli məhəlləsində yerləşən muzeyini ziyarət etmək oldu. Təəssüf ki, qapıda yekə bir qıfıl asılmışdı.
Növbəti maraqlı görüşümüz əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun oğlu Cavanşirin həyət evində baş tutdu. Həm də Fransa-Azərbaycan dostluq əlaqələrinin qorunub saxlanılması üçün o, öz vəsaiti ilə atasının ev şəraitində təşkil etdiyi kiçik muzeyini bizə təqdim elədi. Mişel Əhmədin qəhrəmanlıq şücaətinə həsr olunmuş kitab, məqalə və tarixi sənədləri bizə göstərə-göstərə o, eyni zamanda atasının fəxri vətəndaşı olduğu Fransadakı dostlarından da söhbət açırdı. Muzeydə Mişel Əhmədin hərbi geyimləri, bileti, orden və medalları ilə yanaşı, guşənin bəzəyi olan Fransa-Azərbaycan bayraqları bu iki xalqın dostluq rəmzi olaraq saxlanılması diqqətimizi çəkdi. Söhbət əsasında Fransanın müqavimət hərəkatının azərbaycanlı əfsanəsi Mişel Əhməd haqqında öz oğlundan eşitdiklərimiz qürurverici idi.
Ertəsi gün Oxud kəndinə səfər etdik. Relyefi dik quruluşa malik kəndin döngəsindən bizə tərəf gələn, əynində gödəkçə olan sarışın oğlan, sanki Əhmədiyyənin şəkillərdən tanıdığımız uşaqlığı idi. Sükan arxasında olan dostumuz Rauf Zeyni maşını saxladı, uşaqla ayaqüstü olsa da ünsiyyət qurmağımıza imkan yaratdı. Uşağın cizgiləri, sanki gələcək qəhrəman obrazını tərənnüm edirdi. Mişel Əhmədin məzarını ziyarət etmək üçün qəbiristanlığın yolunu soruşub hərəkət etdik.
Qəbiristanlığa çatar-çatmaz uzaqdan Mişel Əhmədin ayaqüstə ucaldılmış abidəsini görəndə qəlbimizi qürur qarşışıq kədər hissi bürüdü. Oxud kəndinin bu qəhrəman oğlunun abidəsinin yanında onun oğlu, Qarabağ uğrunda döyüşlərdə şəhid olmuş, Azərbaycanın Milli Qəhrəmanı Mikayıl Cəbrayılovun da məzarı da vardı.
Əfsuslar olsun ki, bu ğünlərdə Azərbaycan xalqının ərazi bütövlüyü uğrunda apardığı Vətən müharibəsində gedən döyüşlərdə Ermənistana təəssübkeşlik edən Fransa hökumətinin birtərəfli mövqeyi açı bir təəssüf doğurur.
Məqaləni qələmə alanda, 1994-cü ildə Almaniyanın Düsseldorf şəhərində qonaq evində təsadüfən rastlaşdığım Qılınc Avarın simasını xatırladım. Qılınc Avar da İkinci Dünya müharibəsindən sonra sovetlərə qayıtmayan türk vətəndaşlığını qəbul edən, əslən Şəkidən olan istiqanlı adam idi. Tanışlıqdan bir neçə il sonra onun vəfatı xəbərini eşidib çox məyus oldum. Qılınc Avarın Mişel Əhmədə oxşarlığı da yəqin, Şəkinin iqlimi ilə bağlıydı.
Bu arada atamın dostu, alman kəşfiyyatçılarına qarşı şücaət göstərərək adı dillər əzbəri olmuş Damada Mahmudovun Muxax kəndində qonağı olduq. Gəlişimizdən çox sevinən Damada dayı bizi Zaqatalada qız nəvəsinin toyuna dəvət etdi.
İkinci Dünya müharibəsinin ağrı və acılarını yaşamış yuxarıda sadaladığım hər üç şəxs Mişel Əhməd, Damada Mahmudov və Qılınc Avarın taleləri müxtəlif olsa da, amalları hər zaman Vətənlə bağlı olmuş, ürəkləri Vətən sevgisi ilə döyünmüşdü. Biz isə, sanki səfərimizin ən həyəcanlı anlarını yaşayaraq həyatımızın mənzərəsinə tarixi anları əlavə etdik.
Düşünürəm ki, Mişel Əhmədin silahdaşı olmuş Şarl de Qolun xatirələrini, qəhrəman partizanın şücaətlərini, Fransanın Rodez şəhərindəki hadisələri göstərən dəyərli Ramiz Abutalıbovun, Yakup Öztürkün kitabları, Şain Sinarianın əsaslı tədqiqatı gənclərə əsl örnək olacaq nümunələrdir və igid partizanın obrazı xatirələrdə yaşayacaq.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!